Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Metodika və biblioqrafiya şöbəsi



Yüklə 29,69 Kb.
tarix14.03.2018
ölçüsü29,69 Kb.
#31407

Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika və biblioqrafiya şöbəsi

Hər xalqın öz adət ənənəsi var

Metodik vəsait

Şəmkir -2016

Giriş


Azərbaycan qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik olan diyardır. Tarixi keçmişdə müxtəlif sivilizasiyaların: əhəməni-sasani, roma-bizans, skif-xəzər, türk-oğuz mədəniyyətlərinin kəsişməsində bərqərar olmuş bu diyar Qərblə Şərq, Şimalla Cənub arasında “Qızıl körpü” rolunu oynamış, müxtəlif tarixi dövrlərdə yaşayış üçün əlverişli təbii şəraiti ilə bir çox qəbilə, tayfa və xalqları öz ərazisinə cəlb etmişdir.

Azərbaycan etnosunun tarixini nəzərdən keçirsək görərik ki, əhalinin 90%-ni təşkil edən azərbaycanlılardan başqa, bu etnosun təşəkkülündə əsrlərdən bəri müxtəlif azsaylı xalqlar, etnik və milli qruplar iştirak etmişlər. Azərbaycan əhalisinin əsas hissəsi azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 adda millət və etnik qruplardan ibarətdir. Onların arasında Altay ailəsinin türk qoluna məxsus azərbaycanlılar, tatarlar, ahısqa türkləri, həmçinin hind-avropa (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər), qafqaz (udilər, ləzgilər, avarlar, saxurlar, buduqlular, ingiloylar, qrızlar, xınalıqlar), slavyan (ruslar, malakanlar, ukraynalılar) dil qruplarının təmsilçiləri vardır. Şəmkir ryonunda 16 millətin nümayəndəsi yaşayır.Onların sayı 1655 nəfərdir. üstünlüyü axıska türkləri təşkil edir. Azərbaycanda yaşayan almanları ruslar 1819-cu ildə Vyutenberq krallığından köçürmüşlər. İlk dəfə Yelizavetpolda (Gəncə), sonra onun yaxınlığındakı Yelenendorfda (Göygöl), Hacıkənddə, Şəmkirdə, Bakıda və s. ərazilərdə məskunlaşmışlar. Almanlar ölkəmizdə alman mədəniyyətini, təhsilini, həmçinin üzümçülüyü, şərabçılığı, tikinti-inşaat işlərini inkişaf etdirmişlər. Böyük Vətən müharibəsindən sonra almanların yüksək inkişafını görən Sovet imperiyası onları Sibirə və Qazaxıstana sürgün etmişdi

1992-ci ildə imzalanmış “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında” fərmana əsasən onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşları hesab edilir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra milli azlıq və etnik qrupların hərtərəfli inkişafı üçün dövlət tərəfindən zəmin yaradılmışdır. Ümummilli lider Heydər Əliyev həmişə ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşmış, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaratmışdır. Ulu öndər çıxışlarının birində demişdir: “Azərbaycanın varı, dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır”. Bu siyasət bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlətin milli azlıqlara münasibəti

Tarazlı milli siyasət kursu, milli azlıqların ən kiçik qayğılarından tutmuş ciddi sosial problemlərinə qədər bütün məsələlərinin həlli 1994-cü ildən sonra prezident Heydər Əliyevin iradəsi, cəsarəti ilə həyata keçirilirdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə milli azlıqlarn ədəbiyyat, mədəniyyət, dil, tarix, adət-ənənələrin və s. qorunub saxlanmasına, inkişaf etdirilməsinə qanuni zəmin yaradıldı. Bu məqsədlə onlara müntəzəm şəkildə maliyyə yardımları göstərildi. Milli azlıqların mədəni mərkəzləri kommunal xərclər, kirayə haqqı ödənilmədən yerlə təmin olundular. Onların əlifbaları, doğma dillərində dərslikləri hazırlandı, kitabların, qəzetlərin nəşri üçün dövlət büdcəsindən vəsait ayrıldı, respublika radiosunda, yerli özəl televiziyalarda və qəzetlərdə doğma dillərində veriliş və materiallar hazırlanmasına şərait yaradıldı, müxtəlif konfessiyaların hamısının sərbəst və azad fəaliyyət göstərməsinə tam hüquqi təminat verildi. 1994-cü ildən sonra milli azlıqların spesifik məsələlərinə ağır, iqtisadi çətinliklər içində yaşayan Azərbaycanda dövlət səviyyəsində kompleks və müntəzəm qayğı göstərmək ənənəyə çevrildi.

Prezident İlham Əliyev də Azərbaycanda heç vaxt dini zəmində, milli zəmində ayrı — seçkilik olmayacağını bəyan edir. O, bildirib ki, hər bir Azərbaycan vətəndaşı dinindən, dilindən milliyətindən aslı olmayaraq, eyni hüquqlara malikdir və bu siyasət gələcəkdə də davam edəcəkdir.

Bu gün Azərbaycan ərazisində kompakt halında yaşayan milli azlıq, azsaylı xalq və etnik azlıqlarla yanaşı, sayının azlığından və çoxluğundan asılı olmayaraq, həmçinin özbəklər, qazaxlar, litvalılar, latışlar, moldovanlar, estonlar, qırğızlar, taciklər, türkmənlər, abxazlar, aqullar, buryatlar, inquşlar, darginlər, kabardinlər, komilər, qumuqlar, marilər, noqaylar, rutullar, udmurtlar, çeçenlər, çuvaşlar, adıgeylər, çərkəzlər, qaqauzlar, Orta Asiya yəhudiləri, qaraçılar, ərəblər, aysorilər, əfqanlar, bolqarlar, macarlar, vyetnamlar, yunanlar, koreyalılar və kubalılar da yaşayır. Onların bir çoxu başqa millətlərdən olduqları kimi, digər səmavi dinlərin də daşıyıcısıdırlar.


Hazırda dövlətin özünü bu və digər milli azlıqlara qarşı münasibəti aşağıdakı prinsiplərlə ölçülür:
— dövlətin ərazi bütövlüyü və onun suverenliyi prinsiplərinə qeyri-şərtsiz əməl edilməsi;
— milli azlıqların hüquq və azadlıqlarının qorunması;
— milli azlıqların dillərinin, mədəniyyətlərinin, məişətinin qorunmasında dövlətin təminatı;
— ölkə Konstitusiyası, Milli Məclisin müvafiq qanunları və prezdentin fərmanları əsasında milli azlıqların hüqüqlarının qorunması;
Bura həmçinin aşağıdakı aspektləri də daxil etmək lazımdır:
— Azərbaycanın çoxmillətli ailəsində birgə həyat və fəaliyyətin inkişaf etdirilməsi; 
— tarixi dostluq və mehriban qonşuluq əlaqələrinin qorunması;
— ideoloji-hüquqi və mənəvi-psixoloci bazanı möhkəmləndirmək üçün vətənpərvərlik ideyalarının həyata keçirilməsi; 
— milli, irqi, etnik, dini mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarının əsl hüquqlarını təmin etmək;
— millətçilik, irqçilik, hallarına yol verməmək; 
ölkə prezidentinin 2001-ci il Sərəncamı ilə hazırlanan «Milli azlıqların hüquqlarının qorunması üzrə Azərbaycan hökumətinin hesabatı» Avropa Şurası tərəfindən müsbət qarşılanıb. Avropa Şurasının rəsmiləri Azərbaycanda milli azlıqların hüquqlarının qorunması sahəsində heç bir problemin olmamasını birmənalı şəkildə qeyd ediblər

Azsaylı xalqların adət-ənənələrinin qorunub saxlanmasında və təbliğində kitabxanaların rolu

Azərbaycanda azsaylı xalqların adət-ənənələrinin qorunub saxlanılmasında və onların təbliğində kitabxanaların rolu əvəzsizdir. Bu baxımdan kitabxanalar öz işlərini səmərəli qurmalı, kitabxanalarda keçirilən hər bir kütləvi tədbir müasir dövrün tələblərinə uyğun olmalı, oxucuları cəlb etməlidir.

Kitabxanalarda keçirilən kütləvi tədbirlər oxucularda müəyyən bir mövzu haqqında konkret təsəvvür yaradır, həmin mövzularda gedən müzakirələrin iştirakçısına çevirir, bununla bağlı mövcud ədəbiyyatla tanış edir. Kütləvi işin mərkəzində daim kitab durur. Odur ki, ilk növbədə kitabxanaya yeni kitablar daxil olarkən azsaylı xalqlar haqqında və ya onların dilində olan ədəbiyyatı ayrıca qeyd etmək, kataloq və kartotekasını yaratmaq, ədəbiyyatı müxtəlif mövzu üzrə (azsaylı xalqın tarixi, mədəniyyəti, adət və ənənəsi, dini, görkəmli şəxsiyyətləri, yaradıcı insanları və s.) yerləşdirmək məqsədəuyğyn olardı. Bu kitabxananın kataloq və kartotekasında axtarış vaxtı oxucuların işini xeyli asanlaşdırar. Ədəbiyyatın təbliği məqsədilə sərgilər, kitab təqdimatları, azsaylı xalqların görkəmli nümayəndələri ilə görüşlər, kitab həftələri, söhbətlər, ədəbi-bədii gecələr, konfranslar təşkil etmək, elektron məlumat bazaları, elektron kitabxana yaratmaq olar.

Kitabxanalarda azsaylı xalqların adət-ənənələri, mədəniyyəti, ictimai fəaliyyəti, görkəmli nümayəndələri haqqında oxucuları məlumatlandırmaq məqsədilə ilk növbədə sərgilərin təşkil edilməsi məqsədəuyğun olardı. Sərgiləri təşkil etmək üçün sərginin başlığı seçilməli və mövzuya uyğun olmalıdır. “Azsaylı xalqların ədəbiyyatı”, “Azsaylı xalqların görkəmli yazarları”, “Azsaylı xalqların mətbəxi” və s. Mövzu müəyyən edildikdən sonra sərgi üçün material seçilməli, kitablar, qəzet və jurnal məqalələri müəyyən edilməlidir. Sərgi üçün məlumatlar, izahlı mətnlər, maraqlı faktlar, mövzuya uyğun fotolar seçilməlidir.

Söhbət - Söhbətlər kütləvi-şifahi işin ən təsirli və geniş yayılmış metodudur. Bu tədbir öz çevikliyi və operativliyi ilə seçilir. Kiçik qrup ilə (qruplar üzrə) və ayrı-ayrı şəxslərlə (fərdi) keçirilir və onu hər bir şəraitdə, işdən asudə vaxtda da keçirməyə imkan verir. Söhbətlərdə, əsasən Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyəti, incəsənəti, folkloru, adət-ənənələri, dili, etiqadı və s. bu kimi mövzular müzakirə oluna bilər. Söhbətə hazırlıq metodikası onun məqsədinin müəyyən edilməsindən, mövzunun seçilməsindən, planın işlənməsindən, materialın seçilib öyrənilməsindən, əyani materialın toplanmasından ibarətdir. Söhbəti qəzet və ya jurnal məqaləsinin oxunuşundan, hər hansı bir sualın qoyuluşundan başlamaq olar. Mövzunun müzakirə- sinə daha çox dinləyici cəlb etmək üçün maraqlı suallar qoyulmalıdır. Mühazirə və söhbətlərin daha effektli olması üçün texniki vasitələrdən istifadə olunması məqsədəuyğundur. Bu zaman video lentlərindən, sənədli filmlərdən istifadə etmək olar.

Kitabxanalarda “Azərbaycanda yaşayan azsaylı xalqların adət-ənənələri”, “Talışların adət-ənənələri”, “Ləzgilərin folkloru” və s. mövzularda mövzu gecəsi keçirmək üçün kitabxanaçı ilk öncə mövzu ilə yaxından tanış olmalı, sənədli materiallar, maraqlı faktlar əsasında tədbirin ssenarisini tərtib etməlidir. Belə gecələri mövzuya uyğun olaraq hər bir azsaylı xalqın mədəniyyət mərkəzləri, cəmiyyətləri, icmaları və s. ilə birlikdə təşkil etmək daha maraqlı olar. Tədbir, adətən kiçik məruzə və mühazirə ilə başlayır və gecədə iştirak edən fəal oxucuların çıxışları ilə başa çatır. Tədbir keçirilən bina gecənin əsas mövzusunu əks etdirən xüsusi şüarlar, plakatlar, fotolarla bəzədilir. Bundan başqa gecələr üçün sərgilər, kitab vitrinləri mövzuya uyğun ədəbiyyatın siyahısı hazırlanır. Mövzu gecəsi mövzuya uyğun sənədli, elmi-kütləvi, bədii filmlərin göstərilməsi ilə və ya bədii özfəaliyyət kollektivlərinin konserti ilə başa çatır. Belə tədbirlərə azsaylı xalqların mədəniyyət mərkəzlərinin, ictimai birliklərinin, televiziya departamentlərinin nümayəndələrini, rəqs və musiqi kollektivlərini dəvət etmək olar.



Ədəbiyyat

Süleymanov, Ə. A. Babaların hikmət xəzinəsi [Mətn]: milli azlıqların folkloru /Ə. A. Süleymanov ; red. M. Qasımlı, Z. Əlizadə; AMEA, Şəki Regional Elmi Mərkəzi.- Bakı: Apostroff, 2011.- 254 s.

Azərbaycan Milli Ensiklopediyası [Mətn]: [25 cilddə]: Azərbaycan.- B.: Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- S. 106-107.

AzərTac. Azərbaycanda azsaylı xalqlar bütün proseslərdə bərabər hüquqlarla iştirak edirlər [Mətn] /AzərTac //Azərbaycan.- 2011.- 17 iyun.- S.

. Bünyadzadə, G. Xalqımızın bölünməz sərvəti [Mətn] : [Azərbaycanda yaşayan azsaylı xalqlar haq.] /G.Bünyadzadə //Paritet.- 2009.- 7-8 iyul.- S.10.

Elnur. Milli azlıqların mədəni irsi qorunur [Mətn] /Elnur //Həftə içi.- 2009.- 31 oktyabr.- S.5.

“Qloballaşma dövründə Azərbaycanda etnik mədəniyyət” mövzusunda “dəyirmi masa” keçirilmişdir [Mətn] //Azərbaycan.- 2011.- 17 iyun.- S.5.

Qüdrət,T. Mühacirət [Mətn]: (memuar oçerk) /T.Qüdrət //Təzadlar.- 2011.- 22-24 fevral.- S.12.

Mehparə. “Mədəniyyət bir körpü kimi bizi birləşdirir” [Mətn] “Tatarlarla azərbaycanlıları heç nə ayırmır, bizim ortaq dəyərlərimiz isə çoxdur” /Mehparə //Mədəniyyət.- 2012.- 27 aprel.- S. 15.

Məmmədov, T. Azərbaycan etnik mədəniyyəti [Mətn] : [Azərbaycan etnosunun tarixi haq.] /T.Məmmədov //Ədalət.- 2010.- 13 iyul.- S.4.

İnternetdə

www.anl.az

www.az.salamnews.org

www.az.wikipedia.org



www.baki-xeber.com

Tərtib etdi:Metodika və biblioqrafiya şöbəsinin müdiri M.Hüseynova
Yüklə 29,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə