“Səs”.-2011.-3 sentyabr.-N 160.-S.6.
Sosial-siyasi sabitlik iqtisadi inkişafın təminatçısı kimi
Məlum olduğu kimi, xalqların milli azadlıq hərəkatının, bipolyar sistemin fonunda dünyanın nəhəng
geosiyasi vahidlərindən biri olan SSRİ süquta uğradı və beynəlxalq hüququn yeni müstəqil subyektləri
meydana çıxdı. 70 ilə yaxın bir müddətdə SSRİ-nin imperialist idarəetmə sistemi altında əzilmiş xalqların
müstəqilliyə qovuşması milli azadlıq mübarizəsində tarixi qələbə, nailiyyət kimi dəyərləndirilsə də, hələ
bundan sonra bəhs edilən milli dövlətlərin qarşısında çox ciddi strateji vəzifələr dururdu. Keçid dövrü kimi
səciyyələndirilən tarixi mərhələdə yeni cəmiyyət və qeyri-formal milli dövlət quruculuğu vəzifəsini dövrün
tələblərinə, qanunauyğunluqlarına və reallıqlarına müvafiq surətdə yerinə yetirmək üçün uzunmüddətli
praqmatik siyasi strategiya hazırlanmalı və mərhələ-mərhələ həyata keçirilməli idi. Amma formal
müstəqillik əldə etmiş bir çox postsovet ölkəsində müstəqilliyin ilk illərində bu vəzifəyə nail olmaq mümkün
olmadı.
18 oktyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Ali Sovetinin cari sessiyasında qəbul edilmiş
“Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq formal müstəqillik
əldə etmiş Azərbaycan da müstəqilliyin ilk illərində kompleks problemlər və dərin kataklizmlərlə üzləşdi. Əvvəla
həmin dövrdə cərəyan edən proseslər və ortaya çıxan mənzərə onu göstərdi ki, Azərbaycan digər keçmiş SSRİ
respublikaları ilə müqayisədə öz müstəqilliyini olduqca gec elan etmişdi. Məsələn, Litva 11 mart 1990, Rusiya 12
iyul 1990, Gürcüstan 9 aprel 1991, Estoniya 20 avqust 1991, Qırğızıstan 31 avqust 1991, Özbəkistan 1 sentyabr
1991-ci il, nəhayət, Tacikistan 9 sentyabr 1991-ci ildə öz müstəqilliyini elan etdiyi halda, Azərbaycan buna yalnız
1991-ci il oktyabrın 18-də nail ola bildi. Təbii ki, bunun bir sıra obyektiv və subyektiv səciyyə daşıyan fundamental
səbəbləri var idi. Bu səbəblərin başında isə həmin vaxt Respublikaya “rəhbərlik” edən subyektlərin qətiyyətsizliyi,
Moskvanın kölgəsi altında, “kölə psixologiyası” ilə yaşamaq niyyətləri və bu rəhbərlərin xalqın ali mənafeyini
mərkəzin imperialist maraqlarına qurban vermələri dayanırdı. Yəni keçmiş SSRİ-yə daxil olan respublikalarda öz
müstəqillikləri uğrunda mübarizə aparan xalqlara həmin respublikaların rəhbərləri də bu və ya digər formada dəstək
verdikləri halda, o zamankı Azərbaycan rəhbərliyi öz funksiyasını normal qaydada yerinə yetirə bilməyən mərkəzin
təlimatlarını gözləyir və onun tapşırıqları əsasında hərəkət edirdi. Bu da nəticə etibarilə Azərbaycan xalqının
müstəqillik arzularının mərkəzin imperialist tapşırıqları əsasında boğulması ilə nəticələnirdi.
Bir sözlə, bütün mahiyyəti və mövcudluğu ilə Kremldən asılı olan o zamankı Azərbaycan rəhbərliyi müstəqillik
ideyalarını, prinsiplərini qəbul etmək, mənimsəmək iqtidarında deyildi. Sadəcə SSRİ-nin dağılması ərəfəsində
formalaşmış təbii situasiya, hətta, imperiyanın mərkəzində dayanan Rusiyanın belə öz dövlət müstəqilliyini elan
etməsi, həmçinin xalqın azadlıq istəyi kimi faktorlar Azərbaycanın da müstəqilliyinin əldə edilməsini şərtləndirdi.
Məhz, Azərbaycanın o zamankı iqtidarının müstəqillik ideyalarına etinasız olmasının nəticəsi idi ki, onlar ölkəmizin
müstəqilliyinin möhkəmlənməsi istiqamətində konkret olaraq heç bir addım atmadılar. Eyni zamanda sonrakı
hadisələr göstərdi ki, o zamankı rəhbərlik təbii situasiyanın fonunda əldə edilmiş müstəqilliyin qorunub
saxlanılması kimi strateji missiyanı da reallaşdırmaq iqtidarında deyildi.
Beləliklə, Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra daha kəskin problemlər və kataklizmlərlə
qarşı-qarşıya qaldı. O zamankı hakimiyyətin müstəqilliyə etinasız yanaşaraq və xalqımızın ali maraqlarını ayaqlar
altına ataraq Azərbaycanı Rusiyanın forpostuna çevirmək uğrunda xüsusi fəallıq nümayiş etdirməsi və Moskvadan
verilən tapşırıqlar əsasında hərəkət etməsi, bütün bunların fonunda isə yanlış strategiya seçməsi ilk növbədə
torpaqların itirilməsinə xüsusi şərait yaratdı. Bu şəraitdən istifadə edən təcavüzkar Ermənistan isə həmin dövrdə
strateji baxımdan ən əlverişli ərazilərimizi anneksiya etdi. Hələ bu, son deyildi. Xalqımızın bir sıra ictimai-siyasi
xadimlərinin terror aktlarına məruz qalmaları, dövlət strukturları arasında çəkişmələrə start verilməsi və bunların
daha kəskin xarakter alması Azərbaycanın bir dövlət kimi varlığını sual altına almışdı. Formal qaydada əldə edilən
müstəqilliyin itirilməsi təhlükəsi həyəcan təbillərini daha da artırmışdı. Mövcud vəziyyətdən çıxışı təmin edə
bilməyəcəyini anlayan o zamanki hakimiyyət çarəni istefa verməkdə gördü. Amma bu heç də ölkənin qurtulması
mənasına gəlmirdi.
Bundan sonra hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü Azərbaycanı sözün əsl mənasında xarici kəşfiyyat
orqanlarının mübarizə meydanına çevirdi. Ölkədə tam bir anarxiya yarandı və daxili çəkişmələr özünün pik
nöqtəsinə çatdı. Artıq “əlinə silah alan” hakimiyyəti ələ keçirməyə çalışırdı və bölücü meyillər olduqca
güclənmişdi. Ermənistanın təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində
Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər. Həmin ərəfədə güclü siyasi liderin nüfuzuna söykənən
mütəşəkkil siyasi subyektlər lazım idi ki, Azərbaycanı anarxiya meyilləri ilə müşayiət edilən xaotik durumdan xilas
etsin. Amma 1993-cü ilədək ölkəyə rəhbərlik edən şəxslər xarici qüvvələrin “piyada”sı kimi çıxış etməkdən başqa,
xalqımız, dövlətçiliyimiz üçün heç bir önəm kəsb edə bilmədilər.
Beləliklə, müstəqilliyin ilk illərində Azərbaycan çox ciddi problemlərlə üzləşdi və sistematik strategiyanın
həyata keçirilməməsi nəticəsində kataklizmlər iqtisadi, siyasi, sosial, hüquqi və digər sahələri iflic etdi.
Beləliklə, bütün bunların fonunda ölkədaxili xaos və destabilliklə müşayiət edilən dağıdıcı tendensiyalar daha da
sürətləndi. Artıq ölkədə vətəndaş qarşıdurması səviyyəsində təzahür edən kataklizm və konfrantasiyalar şiddətləndi,
eləcə də aqonist və antaqonist daxili qüvvələrin dağıdıcı mübarizəsi etnik bölücülük aktlarının yayılmasını
şərtləndirdi. Əlbəttə, mövcud institusional kataklizmlərin dərinləşməsi etnik bölücülüyü sürətləndirməklə bərabər,
üfüqi və şaquli münaqişələrin əhatə dairəsinin genişlənməsinə də təkan vermiş oldu. Bütün bunlar o zamankı
hakimiyyət daxilindəki qarşıdurmaların açıq müstəviyə keçməsi ilə davam etdi.
1993-cü ilin iyun ayının 4-də Gəncədə sabiq korpus komandiri və AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi
səlahiyyətli nümayəndəsi Sürət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərarın rəsmi şəkildə
qəbul edilməsindən sonra o zamanki müdafiə naziri Dadaş Rzayevin imzaladığı bu əmrə tabe olmayan Surət
Hüseynov tebeliyində olan hissələrin Bakıya doğru irəliləməsi ilə bağlı xüsusi göstəriş verdi. Bundan sonra
toqquşmalar və qarşıdurmaların kəskinlik səviyyəsi daha da artdı. Belə ki, 709-cu briqadanı tərk-silah etmək
məqsədilə Gəncəyə göndərilmiş Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərlik etdiyi silahlı birləşmələr
arasında baş vermiş toqquşma hakimiyyət daxilindəki ayrılmalar və isterikanı artırmaqla bərabər, xaos və böhranın
dərinləşməsinə səbəb oldu. Bütün bunlar isə ölkəni vətəndaş müharibəsinə sürükləyən dağıcıdıcı tendensiyaların
pik nöqtəsi idi.
Beləliklə yuxarıda sadalananlar belə bir nəticəyə gəlməyə imkan verir ki, AXC-Müsavat dövrünün hakimiyyət
boşluğundan və təcrübəsizliyindəm istifadə edən xarici qüvvələr özlərinin dağıdıcı niyyətlərini ölkəmizdə
reallaşdırmaq üçün müxtəlif metod və vasitələrə istinad edirdilər. Bu zaman onlar daha çox iki klassik üsul
üzərindən taktiki manevrlər edirdilər. Bunlardan biri taktiki manevrləri ayrı-ayrı ölkədaxili subyektlər üzərində
qurmaqla məqsədə nail olmaq, digəri isə açıq surətdə zor işlətməklə uzurpasiya vasitəsilə son hədəfə çatmaq idi.
İkinci variant üzərində durmaqla son məqsədə çatmaq real və perspektivli olmadığından bəhs edilən subyektlər
daha çox birinci üsul üzərindən hərəkət edirdilər. Bunun başlıca səbəblərindən biri həmin ərəfədə Azərbaycanın
ortamüddətli və uzunmüddətli perspektivdə məhz bu cür uzurpasiya siyasətinə qarşı duruş gətirmək üçün kifayət
qdər potensial ehtiyatlarının (kəmiyyət və keyfiyyət ünsürləri baxımından) olması idi. Təbii ki, ölkəmiz üzərindən
özlərinin milli və transmilli maraqlarını həyata keçirməyə çalışan aktorlar bu faktoru birmənalı şəkildə nəzərə
almışdılar. Məhz bu səbəbdən onlar birinci variant üzərindən hərəkət etməyə başladılar. Bunun üçünsə bəhs edilən
xarici qüvvələr Surət Hüseynovun timsalında özlərinə “etibarlı” tərəfdaş tapdılar və rus generalı Şerbakın vasitəsilə
öz planlarını reallaşdırmağa başladılar. Hadisələrin məhz bu cür inkişafının fonunda mövcud hakimiyyətin zəif
cəhətlərindən məharətlə istifadə edən xarici güclər başladıqları böyük oyunun davamlılığını təmin etmək üçün
S.Hüseynovun çox kiçik fiqur olduğunu nəzərə alaraq onu müəyyən vəzifə kürsüsünə əyləşdirmək üçün bir sıra
tədbirlər həyata keçirdilər və tezliklə buna nail oldular. Artıq cəmiyyətdə stereotiplər əsasında formalaşmış “xalq
qəhrəmanı” imici və vəzifə səlahiyyəti ona xarici güclərin transmilli maraqları əsasında “piyada” qismində hərəkət
etməyə imkan verirdi. Məhz həmin maraqların fonunda təşəkkül tapmış ssenariyə görə, Azərbaycan Ayaz
Mütəllibov, Əlikram Hümbətov, Surət Hüseynov və ermənilər arasında bölüşdürülür, sonra isə konfederasiya
əsasında yeni federativ respublika yaradılırdı. O zamanki iqtidar diplomatik resursları və strateji idarətetmə
potensialı ilə bunun qarşısını almaqda aciz idi. Məhz, buna görə də, Əbülfəz Elçibəy qurtuluşu Heydər Əliyevi
Bakıya dəvət etməkdə görürdü. Çünki belə bir mürəkkəb situasiyanın fonunda ölkədəki dağıdıcı qüvvələr və
meyilləri neytrallaşdıracaq, struktur islahatları ilə xaos və anarxiya vəziyyətini aradan qaldıracaq, münasibətləri
sürüşkən müstəvidə cərəyan edən qüvvələrarası ziddiyyyətləri həll edəcək və nəticə etibarilə tətbiq edəcəyi
strategiya ilə ümummilli maraqları əsas götürəcək lider siyasətçi tələb olunurdu. Məhz belə bir mürəkkəb
situasiyanın və strateji vəzifələrin fonunda Azərbaycanı kataklizmlərdən, eksses aktlarından (kəskin qarşıdurmalarla
səciyyələnən toqquşmalar və ictimai ahəngin ciddi surətdə pozulması) xalqımızın Ümummilli lideri Heydər Əliyev
öz zəngin dövlətçilik təcrübəsi və milli bağlılığı ilə qurtara bilərdi. Məhz bunun da qanunauyğun nəticəsi kimi, bu
cür mürəkkəb vəziyyətdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev iyun ayının 9-da Bakıya gəldi və
həyata keçirdiyi təxirəsalınmaz tədbirlərlə qısa zaman kəsiyində vətəndaş müharibəsi təhlükəsinin qarşısını aldı.
Əlbəttə, bir neçə xarici dövlətin dəstəklədiyi və kifayət qədər daxili qüvvənin müdafiə etdiyi bu planı pozmaq və
milli maraqlara və dəyərlərə müvafiq surətdə ictimai-siyasi sabitliyi təmin etmək çox çətin idi. Lakin Ümummilli
liderin sistematik surətdə həyata keçirdiyi milli siyasətin fonunda birinci mərhələ xalqımızın ali maraqları əsasında
başa çatdı.
Xalqımızın milli psixologiyasına dərindən bələd olan, ölkədaxili ictimai-siyasi proseslərin mahiyyətini rasional
surətdə dərk edən Ulu öndər Heydər Əliyev xalqın bir hissəsinin Surət Hüseynovu dəstəklədiyini, orduda onun
möhkəm dayaqlarının olduğunu və xarici himayədarların güclü mühafizə qrupu tərəfindən qorunduğunu bilirdi və
buna müvafiq siyasi manevrlər seçməklə xalqımızın ali mənafeyinə uyğun nəticələrə doğru irəliləməyə nail oldu.
Beləliklə, Azərbaycan xalqı bölücü aktlarla müşayiət edilən və xaos, kataklizm mənbəyi kimi çıxış edən
kontrovenzaların (ixtilaflarla müşayiət edilən və parçalanmalara səbəb olan dağıdıcı proseslər) böyük bir hisəsindən
qurtula bildi.
Bununla da, bölücülərlə yanaşı, onlara havadarlıq edənlər Azərbaycanda Ulu öndər Heydər Əliyevin yaratdığı
milli birliyə məğlub oldular. Xalqa müraciətində Azərbaycanın vahid və bölünməz olduğunu bir daha bəyan edən
Ulu öndər Heydər Əliyev Azərbaycanda hər bir vətəndaşın qanun qarşısında eyni huquqlara malik olduğunu
söylədi: “Bizim Azərbaycan vahid Azərbaycandır. Onun vətəndaşlarının hamısı eyni hüquqlara malikdir. İndiyədək
Azərbaycanda heç vaxt talış, azərbaycanlı, türk və sair söhbəti olmamışdır. Bu, süni surətdə ortaya atılmış şeydir.
Onları bir-birindən ayırmaq olmaz. Bu, əti dırnaqdan ayırmağa bərabərdir. Ayrı-ayrı avantüristlərdən savayı, buna
heç kəs yol verməz. Bizim birliyimizi heç kəs poza bilməz, bizi bir-birimizdən heç kəs ayıra bilməz”.
Bir sözlə, Ulu öndər Heydər Əliyevin zamanında atdığı praqmatik addımlar bir əsrdə ikinci dəfə müstəqillik əldə
etmiş Azərbaycanın öz mövcudluğunu qoruyub saxlamasını təmin etdi. İctimai-siyasi sabitliyin təmin edilməsi və
sistematik səciyyəli kompleks tədbirlərin görülməsi nəticə etibarilə yeni cəmiyyət və qeyri-formal milli dövlət
quruculuğu prosesinin başlanmasını mümkün edən substrat oldu.
Məhz bundan sonra mövcud problemlərin həll edilməsi istiqamətində sistematik strategiya ilə müşayiət olunan
ardıcıl staretji addımlar atıldı.
Həmin ərəfədə milli həmrəylik və bütövlüyə, ümummilli inkişaf və siyasi sabitliyə təhdid yaradan və mane olan
başlıca amillərdən biri də müxtəlif xarici subyektlərin göstərişi və daxili qüvvələrin iştirakı ilə həyata keçirilməyə
cəhd edilən dövlət çevrilişləri idi. Məhz bu cəhdlər xaricdən idarə edilən daxili antimilli qüvvələrin formal
müstəqilliyə malik olan milli dövlətimizin mövcudluğu və təhlükəsizliyinə qarşı etdiyi mənfur sui-qəsd idi. Xarici
güclərin milli və transmilli maraqları əsasında baş tutan çevriliş cəhdləri ilk zamanlarda ölkədə hökm sürən xaotik
durumu daha da kəskinləşdirən amil qismində çıxış etməklə yanaşı, ölkədaxili qüvvələrarası antaqonist
münasibətləri də olduqca şiddətləndirmişdi. Məhz bu cür dağıdıcı hallar ölkə daxilində bütün strukturların işini iflic
etməklə dərin institusional kataklizmləri daha da kəskinləşdirmişdi. Bütün bunlar 1991-ci ildən 1993-cü ilədək
davam edən hakimiyyət böhranı və boşluğunun, anarxiyanın doğurduğu faciəvi olaylar idi. Mövcud hakimiyyətin
siyasi irrasionallığı, qeyri-praqmatik fəaliyyət mexanizmi məlum çevriliş cəhdlərinin baş tutmasına real zəmin və
imkan yaradan başlıca faktorlardan idi. Beləliklə də, Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam
etdirən Prezident İlham Əliyevin rəhbərliyilə daha böyük nailiyyətlərin əldə olunması bir daha sübut edir ki,
Ümummilli liderimizin formalaşdırdığı sabit sosial-siyasi sistem hazırki sürətli inkişafımızın təməlini təşkil edir.
“Yeni Azərbaycan"ın Analitik Qrupu