Şəxsiyyətin inkişafı haqqında tarixi nəzəriyyələrə xülasə



Yüklə 42,33 Kb.
tarix22.05.2023
ölçüsü42,33 Kb.
#112016
növüXülasə
Sxsiyytin tskkulunun xususiyytlri


PLAN

Giriş


Fəsil I.
1.1. Şəxsiyyətin inkişafı haqqında tarixi nəzəriyyələrə xülasə

Fəsil II.
2.1. Fərd, şəxsiyyət və fərdiyyət anlayışları
2.2. Şəxsiyyətin strukturu

Fəsil III.
3.1. Şəxsiyyətin təşəkkülündə bioloji və sosial amillər
3.2. Şəxsiyyətin təşəkkülündə tərbiyə amili
3.3. Şəxsiyyətin inkişafı və tərbiyəsində “Qoşa amil” nəzəriyyəsi

Fəsil IV.
4.1. Şəxsiyyət və fəaliyyət

Nəticə
Ədəbiyyat


MÜNDƏRİCAT




Giriş.........................................................................................................3
Fəsil I.
1.1. Şəxsiyyətin inkişafı haqqında tarixi nəzəriyyələrə xülasə..................4
Fəsil II.
2.1. Fərd, şəxsiyyət və fərdiyyət anlayışları..............................................7
2.2. Şəxsiyyətin strukturu.......................................................................10
Fəsil III.
3.1. Şəxsiyyətin təşəkkülündə bioloji və sosial amillər............................12
3.2. Şəxsiyyətin təşəkkülündə tərbiyə amili............................................13
3.3. Şəxsiyyətin inkişafı və tərbiyəsində “Qoşa amil” nəzəriyyəsi...........15
Fəsil IV.
4.1. Şəxsiyyət və fəaliyyəti......................................................................17
Nəticə
....................................................................................................18
Ədəbiyyat.............................................................................................19

GİRİŞ



Azərbaycan dilində «şəxsiyyət» sözü öz əsasını ərəb sözü olan «şəxs» sözündən götürmüş və hər hansı bir konkret şəxsi, simanı bildirir. Rus dilində «şəxsiyyət» (liçnostğ) sözü də «liüo», «liçina» (üz, sifət) sözləri ilə bağlıdır. İngilis dilində «şəxsiyyət» mənasını ifadə edən «personality» sözü öz əsasını iki latın sözündən – «per» və «sona» sözlərindən götürmüşdür ki, bu da bir növ «vasitəsilə danışır» mənasını ifadə edir. Geniş mənada insan şəxsiyyəti biogenetik, sosiogenetik və psixogenetik elementlərin inteqral vəhdətidir.
Məlumdur ki, insana münasibətdə müxtəlif anlayış və terminlər işlədilir: insan, fərd, fərdiyyət, şəxsiyyət. Görünür, şəxsiyyət insan varlığının müəyyən moduludur, yəni onun bir sıra keyfiyyət və vəziyyətinin təzahürü formasıdır.
İnsan ən ümumi anlayışdır. O, bioloji növün (homo sapiens) klassifikasiyası olmaqla, daha çox biososial kateqoriyadır.
Bioloji baxımdan “növ” – adam, psixoloji baxımdan isə “fərdiyyət” mənasında işlənilir. Fərd bioloji varlığın insan növüdür. Şəxsiyyət isə insanı digər bioloji canlılardan fərqləndirən sosial varlıqdır. Fəaliyyətin sosializasiyası prosesində insan şəxsiyyətə çevrilir. Yəni şəxsiyyətin keyfiyyətləri sosial mühitdən, sosial-iqtisadi vəziyyətdən, mədəni səviyyədən və s. çoxsaylı sosial amillərdən asılıdır.
J.Piaje öz çıxışlarından birində bildirirdi ki, cəmiyyətdə hər dəqiqə minlərlə vəhşi doğulur və sivilizasiya onlardan sosial varlıq formalaşdırır. Məhz bu deyilənlərdən də məlum olur ki, insan həm bioloji, həm də sosial varlıqdır. Yəni biososial varlıqdır.
Fərdiyyət isə insanın özünəməxsus, bənzərsiz, təkrarsız, fizioloji, somatik, psixoloji, sosial keyfiyyət və xüsusiyyətləri özündə birləşdirən canlı varlıqdır.
Göründüyü kimi, insan son dərəcə mürəkkəb, bir çox hallarda ziddiyyətli, hətta özü-özü ilə daim mübarizə vəziyyətində olan varlıqdır. Ona görə də insanı öyrənən elmlərin sayı 300-ə çatsa da insan haqqında tam, bitkin bir fikir söyləmək mümkün olmamışdır. Minilliklər boyu alim və mütəfəkkirlər insan haqqında yüzlərlə fikir və mülahizə söyləmiş, nəzəriyyələr yaratmış, lakin hələ də tam mənasılə hamının qəbul etdiyi mövqe ortaya qoyulmamışdır. Kimi şəxsiyyətin formalaşmasında irsiyyətin, kimi mühitin, kimi də tərbiyənin rolunu həlledici saymışdır. Bundan başqa, digər mövqelər də vardır. Şəxsiyyət fəaliyyət və ünsiyyət prosesində formalaşır. Kimi də deyir ki, taledən, alın yazısından qaçmaq olmaz. Kimi deyir ki, “səadət hər kəsin öz əlindədir”, kimi də deyir ki, yox, həlledici olan zamandır, yaşadığın mühitdir və s.
İnsanın formalaşmasında onların hamısının yeri və rolu var. Lakin zamanın özünün daxilində olan insanlar da fərqli olur. Eyni vəziyyətdə olan insanlardan biri özünü xoşbəxt, digəri isə bədbəxt hesab edə bilər.

Fəsil I. 1.1. Şəxsiyyətin inkişafı haqqında tarixi
nəzəriyyələrə xülasə

Şəxsiyyət problemi, onun müxtəlif yönlərdən öyrənilməsi hələ antik filosofların marağına səbəb olmuş və Sokrat, Platon, Aristotel şəxsiyyətin inkişafı və formalaşması haqqında dəyərli fikirlər söyləmişlər.


Şəxsiyyət problemi, onun inkişafı, tərbiyəsi və qarşılıqlı əlaqələri Şərq fəlsəfəsinin, pedaqoji, psixoloji fikrinin də həmişə hədəfi olmuş, bu istiqamətdə Nizami Gəncəvinin, Füzulinin, Nəsiminin, Nəsirəddin Tusinin, Əvhədinin, habelə Sədi Şirazinin, İmam Qəzzalinin, Cəlaləddin Ruminin və başqalarının dəyərli fikirləri, şəxsiyyətin tərbiyəsinə dair qiymətli öyüd nəsihətləri məlumdur.
Şəxsiyyətin inkişafı, tərbiyəsi, yaş xüsusiyyətləri və onun dövrləri Azərbaycan xalq pedaqoji fikrində də özünə möhkəm yer tutmuş, bu barədə xalqın düşüncə və fikirləri, mülahizələri bütün dövrlərdə yüksək dəyər və qiymətə malik olmuşdur.
Şəxsiyyət probleminin tədqiqi ilə bağlı keçən əsrdən başlayaraq istər Azərbaycanda, istərsə də xarici ölkələrdə alimlər, xüsusilə pedaqoq və psixoloqlar daha ciddi və sistemli tədqiqat işləri aparmış, çoxsaylı məqalələr, elmi əsərlər yazıb-yaratmışlar. Bu sahədə aparılan tədqiqat işləri çox geniş bir sahəni əhatə etdiyindən müəlliflər şəxsiyyətin çoxyönlü sahələrini, müxtəlif cəhətlərini diqqətlə araşdırmışlar. Digər tərəfdən də şəxsiyyət problemi ilə təkcə pedaqoq və psixoloqlar məşğul olmamış, bu problemin tədqiqi ilə həmçinin filosoflar, sosiloqlar, bioloqlar, fizioloqlar, erqonomiklər məşğul olmuş və problem bir çox humanitar elm sahələrinin – etika, estetika, hüquq elminin həmişə tədqiqat obyekti olmuşdur.
Pedаqоgikа şəxsiyyəti tərbiyənin оbyekti, fəаliyyəti isə subyekti bаxımındаn öyrənir, şəxsiyyətin inkişаfındа tərbiyənin mövqeyini, onların qarşılıqlı əlaqələrini meydаnа çıxаrır.
Bütün bunlarla bərabər şəxsiyyət probleminə müxtəlif cəhətlərdən və mövqelərdən yanaşılmış, xeyli ciddi əsərlər yazılmış və ardıcıl olaraq da bu sahə tədqiq edilməkdədir.
Şəxsiyyət dedikdə, şüurlu fəaliyyət göstərən, sosial münasibətlərdə iştirak edən, yaxşı əməllər sahibi olan, ətrаf aləmi yaxşılaşdıran və ya bu barədə düşünən xeyirxah, humanist insan nəzərdə tutulur.
Şəxsiyyətin inkişafı və tərbiyəsi ilə bağlı sistemli tədqiqat işləri 1930-cu illərdən etibarən başlamışdır. 1930-cu illərdə şəxsiyyətin əxlaq tərbiyəsində şüurlu intizam tərbiyəsinin roluna dair ilkin tədqiqatlar meydana gəldiyi zaman B.B. Komarovski, A.O.Makovelski, M.Rəhimli refleksoloji, biogenetik, sosiogenetik nəzəriyyələr irəli sürdülər. Həmin dövrün tədqiqatlarında şüurlu intizam tərbiyəsinin yeni yollar axtarışında şüuraltı və qeyri-şüuri proseslər pedaqoq və psixoloqların əsas diqqət mərkəzində idi. Xarici ölkə pedaqoji konsepsiyalarına, xüsusilə Avstriya alimi Z.Freydin tədqiqatlarına o zamanlar hələ qadağa qoyulmamışdı. Tədqiqatçılar əxlaqi aktların dəyişməsindən (sublimasiyasından), təcavüzkar əməllərin mexanizmlərinin öyrənilməsindən həvəslə yazır, uşaqlarla tərbiyəvi işin elə formasını axtarırdılar ki, şəxsiyyətin hərtərəfli inkişafına, şəxsiyyətin mənəvi gücünün açılmasına imkan yarana bilsin.
1930-cu illərin əvvəllərində irəli çəkilən şəxsiyyətin hərtərəfli və harmonik inkişafı problemi çox keçmədi ki, tədqiqatlardan sıxışdırılıb çıxarıldı. 1950-1960- cı illlərdə sosial-fəlsəfi və pedaqoji ədəbiyyatda hərtərəfli inkişaf etmiş şəxsiyyət modeli yenidən üstünlük təşkil etməyə başladı. Amma hazırlanmış belə bir modeldə şəxsiyyətin ahəngdar inkişafı unudulmuş, şəxsiyyətin bütövlüyü ideyası öz əksini tapmamışdı. Bəzi pedaqoq tədqiqatçılar şəxsiyyətin hərtərəfli inkişafını peşə universallığı ilə eyniləşdirirdilər.
Həmin dövrdə "şəxsiyyət", "hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyət" anlayışları geniş işlədilsə də, bunlar əsasən, siyasi-ideoloji yönümə, partiyalılıq, kommunist əqidəsi prinsipinə tabe etdirilmişdi.
Yeni tədqiqatlar hərtərəfli, ahəngdar inkişaf etmiş şəxsiyyət nəzəriyyəsini zənginləşdirdi. Şagirdlərin şəxsiyyətinə güclü təsir göstərən bioloji, sosioloji, biososial və pedaqoji amillər arasındakı qanunauyğunluqlar aşkar edildi və tədqiq edilməyə başlandı. İctimai və şəxsi maraqlar probleminin şəxsiyyətin inkişafında mövqeyi aydınlaşdırıldı, bu münasibətin şəxsiyyətin bütövlüyündə, mənəvi və fiziki cəhətdən inkişafında böyük rolu göstərildi.
1960 və 1970-ci illərdə şəxsiyyətin hərtərəfli öyrənilməsi, şəxsiyyətin təlimini, tərbiyəsini və inkişafını qarşılıqlı əlaqədə, vəhdətdə-kompleks olaraq həyata keçirilməsi tədqiqat işlərinin mərkəzində dururdu. Şəxsiyyətin inkişafına kompleks yanaşmaq şəxsiyyətin düzgün tərbiyəsi üçün əsas şərt hesab edilirdi. Təəssüflər olsun ki, sonrakı illərdə bəzi tədqiqat işlərində şəxsiyyətin tərbiyəsində bu ideya nəzərə alınmamışdı.
1979 - 1980-cı illərdə sırf şəxsiyyət probleminə, şəxsiyyətin inkişafına və formalaşmasına həsr olunmuş kitablar da meydana gəldi. Şəxsiyyət problemini ictimai-siyasi, ideoloji tərbiyəvi baxımdan tədqiqi ön planda durdu.
1979 - 1980-ci illərdə Azərbaycan pedaqoji mətbuatında şəxsiyyətin "Fəal həyat mövqeyi" anlayışı tez-tez işlənir və tədricən pedaqoji elmin metodoloji probleminə çevrilirdi. Bu problem fəlsəfi, tarixi, sosioloji aspektlərdən tədqiq olunmağa başladı və pedaqoji yönümdən ilkin araşdırmalar meydana gəldi.
1979-cu il aprel ayının 25-dən 27-dək Bakı şəhərində keçirilən "Fəal həyat mövqeyinin formalaşdırılması: Mənəvi tərbiyənin təcrübəsi və aktual problemləri" nə həsr olunmuş Ümumittifaq Konfransında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev geniş məruzə ilə çıxış etmişdir. Məruzədə şəxsiyyətin fəal həyat mövqeyinin formalaşdırılmasının əsas istiqamətləri, onun mahiyyəti, məqsəd və vəzifələri şərh edilmişdir. Daha sonralar bu fikirlərin davamı kimi Ulu öndərimniz Heydər Əliyev Gənclərin Birinci Ümumrespublika Konfransında şəxsiyyətin inkişafının səciyyəvi cəhətlərini, onun tərbiyəsinin əsas istiqamətlərini göstərmiş, xüsusilə gənclərin mənəvi tərbiyəsinin şəxsiyyətin tərbiyəsində mühüm rolu olduğu qeyd etmişdir.
Fəal həyat mövqeyi problemini yeniyetmə prizmasından tədqiq edən müəlliflər göstərmişlər ki, fəal həyat mövqeyinin ilkin əlamətləri uşaqlıq dövründən təzahür etməyə başlayır, məktəb illərində, müstəqil əmək və ictimai fəaliyyət dövründə, əmək kollektivlərində dinamik inkişaf xətti ilə formalaşır, mürəkkəb situasiyalarda, əqidələrin sınağında özünü təsdiq edib yetkin şəxsiyyətin inteqral xassəsinə çevrilir. Problemi ilk dəfə akademik M.Mehdizadə ətraflı tədqiq etmiş, anlayışın fəlsəfi-sosioloji, pedaqoji-psixoloji mahiyyətini açmış, kompleks tərbiyə sistemində fəal həyat mövqeyinin əhəmiyyətini şərh etmiş, fənlərin tərbiyəyə təsir potensialını üzə çıxarmış və onu reallaşdırmağın səmərəli yollarını müəyyənləşdirmişdir.
Əgər 1970-1980-ci illərdə şəxsiyyətin tərbiyəsinə və inkişafına sırf tərbiyə funksiyаlаrını yerinə yetirən bir sistem kimi bаxılırdısа, 1990-cı illərdə bu tendensiyа dəyişdi. Bu mənаdа tərbiyəvi işlərdə də təlim elementləri vаrdır. Burаdа dа insаnın prаktik fəаliyyəti və dаvrаnışı üçün zəruri оlаn biliklər öyrədilir. Biliklər sisteminə əsаslаnmаyаn tərbiyə sistemi və prоsesi yоxdur. Əgər biz sinifdənxаric şərаitdə etik söhbət аpаrırıqsа, deməli, hаnsısа etik bilikləri öyrətmək istəyirik. Bunun özü də təlim prоsesidir. Sinif-dərs sistemindəki bütün fəаliyyət növləri təhsilləndirici, tərbiyəedici və inkişаfetdirici funksiyаlаrı yerinə yetirdiyi kimi, sinifdənxаric və məktəbdənkаnаr şərаitdə həyаtа keçirilən bütün növ işlərdə şəxsiyyətin inkişafı üçün təhsilləndirici, tərbiyəedici və inkişаfetdirici funksiyаlаr da yerinə yetirilir. Təhsil və tərbiyə məktəb şərаitində vаhid təlim prоsesinin iki tərəfidir, vаhid nəzəriyyəyə dаxil оlаn ideyаlаr, аnlаyışlаr, qаnunаuyğunluqlаr, prinsip və qаydаlаr аrаsındа ziddiyyət оlа bilməz. Çünki bunlаr nəzəriyyənin struktur elementləridir. Hаlbuki uzun müddət məqsəd kаmil şəxsiyyət yetişdirmək olduğu hаldа, məktəblərimizdə şаgird şəxsiyyətinin inkişafının və tərbiyəsinin hissə-hissə həyata keçirilən proses kimi reallaşdırılmasına cəhd edilmişdir.
Müasir dövrdə şəxsiyyət problemi xüsusilə aktuallaşıb.1960-cı illərdə isə şəxsiyyətin inkişafı və formalaşdırılması pedaqoqlar tərəfindən daha dialektik şəkildə başa düşüldü.60-cı illərdəT.Kunun”Elmi inqilabın strukturu” kitabı sivil ölkələrə səs salanda məşhur”Roma klubu”nun təşkilatçısı və prezidenti A.Peççei güman edirdi ki, elmi inqilabla bahəm həm də dünyada “insai inqilabı”başlanacaq və bəşəriyyət öz inkişafında yeni mərhələyə qədəm qoyacaq, insanın özünün təbiətində köklü psixososial dəyişikliklər əmələ gələcək.Bu proqnozların bir çoxu bəlkədə özünü doğrultmadı, ancaq artıq 90-cı illər dünyaya yeni baxışın əmələ gəlməsilə əlamətdardır.Məşhur Amerika futuroloqları C.Nesbitt və P.Eburdinin fikrincə,XXI əsrdə ən heyrətamiz kəşflər elmin və texnikanın inkişafı sayəsində deyil, “insan” anlayışının yeni baxımda qiymətləndirilməsi sayəsində ediləcəkdir. İnsan anlayışı isə dəyişir: vaxtilə homo sapines (ağıllı insan) anlamı geniş yayılmışdı.Sonralar homo habilis(bacarıqlı insan) anlamı əmələ gəldi.Bu gün isə insan anlamında onun yaradıcılıq əzmi xüsusilə vurğulanır.Elmi-texniki inqilab şəraitində homo libens,homo pictor (sənətkar insan, yaradıcı insan)anlamının yaranması bəşəriyyət üçün xüsusilə aktualdır.Təsadüfi deyildir ki, müasir psixologiya məhz uşağın yaradıcılıq imkanlarının üzə çıxarılması və həyata keçirilməsi üçün əlverişli şəraitin yaradılmasını təhsilin başlıca məqsədi sayır.İnsan idrakının üfüqləri genişləndikcə, elm və texnikanın uğurları artdıqca, bəşəriyyət şəxsiyyəti daha ülvi ölçülərlə qiymətləndirməyə başlayır.
Təlim və tərbiyə prosesi üçün vаhid pedaqoji prinsip və vahid metоdlаrın yаrаdılmаsı, təsnifаtın həmin əsаslаr üzrə аpаrılmаsı fikri 1990-cı və 2000-ci illərdə davam etdirilmişdir.İnsan amili,şəxsiyyət amili iki əsrin-XX və XXI yüzilliklərin qovşağında dövrün rəmzinə çevrilmişdir.Yeni pedaqoji təfəkkürün konseptual modeli də məhz ona əsaslanır.Müasir dövrdə məktəbin nəinki pedaqoji,həm də,ilk növbədə, sosial və sosial-psixoloji vəzifələri bu önəmli meyarla müəyyən olunur.Şagird şəxsiyyətinin formalaşması onların ana xəttini təşkil edir.
Müasir dövrdə yeni pedaqoji, psixoloji konsepsiyalara görə, şаgirdin bir şəxsiyyət kimi fоrmаlаşdırılmаsı və inkişаf etdirilməsi üçün təhsil humаnistləşdirilməli, demоkrаtikləşdirilməli, humаnitаrlаşdırılmаlıdır. Təlim təhsilləndirici, inkişаfetdirici və tərbiyəedici оlmаlı, fərdiləşdirilməli və diferensiаllаşdırılmаlıdır. Yeni pedaqoji təfəkkürdə şagirdin bir şəxiyyət kimi formalaşdırılması təhsil sisteminin başlıca vəzifəsi olmalıdır. Bu köklü vəzifənin həyata keçirilməsi üçün təhsil humanist və demokratik prinsiplər əsasında qurulmalıdır.

Fəsil II. 2.1. Fərd, şəxsiyyət və fərdiyyət


anlayışları

İnsan nə deməkdir? Bu suala fəlsəfə, antropologiya, psixologiya və sosiologiya kimi bir çox elmlər cavab verməyə çalışmışlar. 


İnsan hər şeydən əvvəl bioloji varlıqdır və bioloji təsnifata görə «Homo Sa-piens» (ağıllı insan) növünə daxildir. Bioloji növ kimi xüsusi bədən quruluşuna və deməli, müəyyən anatomik-fizioloji imkanlara malik olur. Elə imkanlara ki, onlar bu növün şəxsiyyətə çevrilməsini mümkün edir. Ona görə də demək olar ki, insan – gələcəkdə şəxsiyyətə çevrilə biləcək, anadangəlmə irsi imkanlara malik canlı varlıq¬dır. İnsan öz təbiəti etibarilə bioloji olduğu halda, mahiyyət etibarilə sosialdır. İnsanı fərqləndirən xüsusiyyətlərdən biri ondan ibarətdir ki, o, özünün subyektiv aləmində gedən prosesləri dərk edir. Həm filogenetik və həm də ontogenetik inkişaf prosesində özünüdərketmə insanın inkişafının zirvəsini təşkil edir.
İnsanı orqanizm, fərd və şəxsiyyət kontekstində xarakterizə etmək olar. Orqanizm anlayışı bioloji elmlər, şəxsiyyət anlayışı isə sosial elmlər kontekstində formalaşmışdır. Psixologiya insanı fərd və şəxsiyyət kimi öyrənir.
İnsanın bioloji varlıq kimi psixoloji keyfiyyətlərini fərd termini, sosial varlıq kimi psixoloji keyfiyyətlərini isə şəxsiyyət termini ilə ifadə edirlər. 
Fərd insan nəslinin özünəməxsus ümumi, spesifik cəhətləri özündə birləşdirən ayrıca nümayəndəsidir. Deməli, fərd cəmiyyəti və sosial qrupu təşkil edən nümayəndələrdən biri kimi özünü göstərir. Fərd – özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsə oxşamayan təbii varlıq deməkdir. Fərd həm bioloji, həm sosial, həm də psixi tərəflərə malikdir. Yəni biz fərd dedikdə, buraya yenicə doğulmuş körpəni, yaşlı adamı və ağıldankəm, elementar vərdişləri belə mənimsəyə bilməyən ağılsızları da aid edə bilərik.
İnsan fərd kimi doğulur, cəmiyyətdə müəyyən sosial keyfiyyətlər kəsb edir və şəxsiyyətə çevrilir. “Şəxsiyyət” sözü Azərbaycan, rus və ingilis dillərində faktiki olaraq eyni etimalogiyaya malikdir. Azərbaycan dilində “şəxsiyyət” sözü öz əsasını ərəb sözü olan “şəxs” sözündən götürmüş və hər hansı bir konkret şəxsi simanı bildirir. Rus dilində “şəxsiyyət” (liçnost) sözü də “litüo”, “ liçina” (özü, sifət) sözləri ilə bağlıdır. İngilis dilində şəxsiyyət mənasını ifadə eliyən “personality” sözü öz əsasını iki latın sözündən – “per” və “sona” sözlərindən götürmüşdür ki, bu da bir növ “vasitəsilə danışır” mənasını ifadə edir. Sonralar qədim Yunanıstanda və Roma imperiyasında bu sözlər aktyorun teatr tamaşasında istifadə etdiyi “maskanı” bildirirdi. Yalnız xeyli vaxt keçdikdən sonra persona sözü hazırki dövrdə daşıdığı mənanı yəni “personality” - “şəxsiyyət” mənasında işlənməyə başlanmışdır. 
Qeyd edilənlərdən görünüdüyü kimi insanın şəxsiyyəti birbaşa və dolayı mənada onun siması, sifətidir. Birbaşa mənada insanın siması, sifəti onun başlıca identifikatorudur. Məhz onun xətləri, formaları, çevrəsi və digər xüsusiyyətləri əsasında bir adamı başqasından fərqləndirir, onun hansı yaş kateqoriyasına mənsub olduğunu müəyyənləşdirə bilirik. Təsadüfi deyil ki, şəxsiyyəti eyniləşdirməklə bağlı bütün sənədlərdə onun sifətinin şəkli olması tələb edilir. Bununla yanaşı bizim sifətimiz emosiyalarımızın, hisslərimizin, əhvalımızın, vəziyyətimizin, istəklərimizin ifadəçisinə çevrilir, o bizə təkcə verbal yolla deyil, qeyri-verbal yolla da, zəngin mimiki imkanlarımızın köməyi ilə ünsiyyətə girmək imkanı verir. Dolayı mənada insan şəxsiyyəti onun “ruhunun”, başqa sözlə, onun bütün psixi təzahürünün “sifətidir”. İnsana məxsus olan fərdi-psixoloji xassələrin təzahür xüsusiyyətlərinə, onun ünsiyyət üslubuna, davranışına, fikir və ideyalarına görə onu aydın eyniləşdirməyimiz və onun gələcək davranışının istiqamətini proqnazlaşdırmağımız heç kimdə şübhə doğura bilməz. 
Bütün qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, şəxsiyyət fərdin özünü cəmiyyətlə eyniləşdirilməsinə imkan verən davamlı fiziki və psixi xarakteristikasının məcmusundan ibarətdir.
Şəxsiyyət bioloji, sosial və psixoloji münasibətləri inteqrasiya edərək, fərdin özünəməxsus simasının yaranması prosesidir. Məhz bu ierarxik münasibətlər sistemi inteqrativ bir keyfiyyət kimi şəxsiyyəti səciyyələndirir. (Prof. B.Əliyev). Şəxsiyyət keçmişin şüursuz meylləri və gələcəyə şüurlu yönəlmənin qarşılaşdırılmasının imkan və təzahür vasitəsidir. (Prof. S.Seyidov). Şəxsiyyət dedikdə, hər şeydən əvvəl, fərdi bu və ya digər cəmiyyətin üzvü kimi xarakterizə edən sosial keyfiyyətlərin sistemi nəzərdə tutulur. O, münasibət subyektinə, şüurlu fəaliyyət subyektinə çevrilir. Yəni, şəxsiyyət ancaq şüur və mənlik şüurunun yaranması ilə birlikdə əmələ gəlir. Şəxsiyyət – yüksək düşüncəsi, öz hərəkət və davranışları üçün məsuliyyət hissini, şəxsi ləyaqəti və başqa yüksək mənəvi keyfiyyətləri özündə birləşdirən insandır. Şəxsiyyət – müstəqil, sosil, fəal olan adamdır. Əgər şəxsiyyət öz mahiyyətinə görə sosialdırsa, mövcudluq üsuluna görə fərddir.
Şəxsiyyətə hansı tərəfdən yanaşsaq görərik ki, şəxsiyyət o adamdır ki, onun bir sıra psixoloji keyfiyyətləri olsun. Onları aşağıdakı kimi xarakterizə edə bilərik:
1. Şəxsiyyət o adamdır ki, başqalarını qavrayıb qiymətləndirməklə bərabər öz mənliyini də dərk edib qiymətləndirsin.
2. Şəxsiyyət o adamdır ki, mühitə aydın dərk olunmuş münasibəti olsun.
- Cəmiyyəti təşkil edən insanlara münasibəti;
- Onu əhatə edən əşyalara münasibəti;
- Əməyə münasibəti;
- Öz məninə münasibəti;
- Adət – ənənəyə münasibəti.
3. Şəxsiyyət o adamdır ki, özünün əqidəsi, sərvət meyli var.
4. Şəxsiyyət fəal insandır. O adam ki, cəmiyyəti dəyişə bilir, təkmilləşdirə bilir, özünü də təkmilləşdirir, özünə nəzarət edir. 
Anadan təzəcə doğulmuş uşaq hələ şəxsiyyət deyil. O, ünsiyyət və fəaliyyət prosesində ictimai münasibətləri mənimsədikcə şəxsiyyətə çevrilir.
Fərdin cəmiyyətdə şəxsiyyət kimi inkişafı çoxcəhətlidir. Burada dialektik surətdə iki proses uzlaşır. Bir tərəfdən, şəxsiyyət ictimai münasibətlər sisteminə daha geniş daxil olur; onun insanlarla və ictimai həyatın müxtəlif sahələri ilə əlaqələri genişlənir və dərinləşir, məhz bunun sayəsində o, ictimai təcrübəyə yiyələnir, onu mənimsəyir, oz sərvətinə çevirir. Şəxsiyyətin inkişafının bu cəhəti onun ictimailəşməsi (sosializasiyası) kimi xarakterizə olunur. Digər tərəfdən, şəxsiyyət ictimai həyatın müxtəlif sahələrinə qovuşduqca, eyni zamanda daha çox müstəqillik, nisbi avtanomluq kəsb edir, yəni onun cəmiyyətdə inkişafının mühüm cəhətini fərdiləşmə prosesi təşkil edir. 
Fərd şəxsiyyətə çevrildikdə həm də fərdiyyət xüsusiyyətlərini kəsb edir. Fərdiyyət və şəxsiyyət anlayışları məzmunca qismən yaxındır. Belə ki, əgər fərdiyyət anlayışı insanın təkrarolunmaz xüsusiyyətlərini, orijinallığını ifadə edirsə, şəxsiyyət anlayışı daha çox insan müstəqilliyini, əqidə möhkəmliyini, şəxsi simasını, prinsipiallığını, çətin vəziyyətlərdə sərbəst qərar qəbul etmək (ağlın çevikliyi) qabiliyyətini göstərir. Fərdiyyət dedikdə, buraya xarakter, temperament, psixi proseslərin cərəyanetmə xüsusiyyətləri, üstünlük təşkil edən hissələrin və fəaliyyət motivlərinin məcmuyu, formalaşmış qabiliyyətlər daxildir.
Şəxsiyyətin təsirilə fərdin bütün xüsusiyyətləri inteqrasiyaya uğrayır, riyazi terminlə desək onlar hamısı şəxsiyyət adlanan ümumi məxrəcə gətirilir. Psixologiyada bu cəhəti təhlil etmək üçün inteqral (latınca inteqer – bütöv deməkdir) fərdiyyət anlayışından istifadə olunur. İnsana bir fərd kimi xas olan xüsusiyyətlər şəxsiyyətin təsirilə yeni məzmun və forma kəsb edirlər.

2.2. Şəxsiyyətin strukturu


Şəxsiyyət haqqında bir sıra nəzəriyyələr vardır. Bu nəzəriyyələri fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, bunların heç də hamısı bir başa şəxsiyyətin psixoloji mahiyyətini müəyyənləşdirməyə yönəldilməyib. Psixoanalitik Z.Freyd qeyd edir ki, şəxsiyyət bir sistem kimi inkişafının konkret hərəkətverici mexanizmlərinə malikdir. O, şəxsiyyətin strukturunu müəyyənləşdirib. Freydə görə 3 instansiya əsas yer tutur: 1) id (o), 2) eqo (mən), 3) super eqo (super mən). Freyd belə hesab edirdi ki, şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsi, hər şeydən əvvəl, libido, cinsi enerjidir. Freydin fikrincə, həyata keçirilməyən arzular nevroz yaradır. O qeyd edir ki, insana heç vaxt ağıldan bəla gəlmir, bəla arzudan gəlir. Arzuların çoxluğu patologiya yaradır. Arzu və onun ödənilməməsi arasındakı uyğunsuzluq insanın xəstələnməsinə səbəb olur. Bütün bunları əsas götürən Freydin fikrincə, şəxsiyyətin formalaşmasında həmin tələbatların ödənilməsi şəxsiyyətin normal inkişafını təmin edir. Həmçinin o qeyd edirdi ki, qorxunu qorxu ilə müalicə etmək olar.


Şəxsiyyət haqqında digər nəzəriyyə Pavlovun nəzəriyyəsidir. Bu nəzəriyyədə biogen, psixogen və sosiogen elementlərin sintezinin yaradılmasına cəhd edilir.
Rus sosioloqu İ.Kon belə hesab edir ki, şəxsiyyət anlayışı çoxmənalıdır. Bir tərəfdən o, fəaliyyət subyekti kimi konkret fərdi, onun fərdi xüsusiyyətləri (təkcə) ilə sosial rollarını (ümumi) vəhdəti ilə birlikdə göstərir. Digər tərəfdən şəxsiyyət fərdin sosial xüsusiyyəti kimi, onda cəmlənmiş sosial əhəmiyyət daşıyan müəyyən şəxsin başqa adamlarla vasitəsiz və vasitəli qarşılıqlı təsiri prosesində yaranmış və öz növbəsində, onu əmək, idrak və ünsiyyət subyekti edən xüsusiyyətlərin toplusu kimi başa düşülür. 
Ayrı-ayrı adamların fəaliyyətində, davranışında uyğun cəhətlər vardır. Ona görə də insanların uyğun, oxşar sosial əlamətlərinə görə qruplara ayırmaq olar ki, bunu da adətən şəxsiyyət tipləri adlandırırlar. Alman psixoloqu E.Şpanqer şəxsiyyətin 6 tipini nəzərdən keçirir: nəzəri tip (həqiqəti aşkara çıxarmağa meyllilik, tənqidi yanaşma), iqtisadi tip (faydaya meyllilik, praktiklik) estetik tip (dünyanın obrazlı qurulmasına meyllilik), sosial tip (insanlara sevgi), siyasi tip (hakimiyyətə meyllilik), dini tip (fövqəltəbiiliyə inam).
K.Xorni şəxsiyyətin 3 tipini qeyd edir: güzəştə gedən (insanlara istiqa-mətlənmə), təcrid edilmiş (insanlardan), düşmən (insanlara qarşı).
K.Yunq əsas psixoloji tipləri 2 qismə ayırır: ekstravertlər və introvertlər.
E.Fromm şəxsiyyətin 5 tipini göstərir: reseptiv, istismarçı, yığıcı, bazar məhsuldar. 
Hələ keçən əsrin başlanğıcında məhşur italyan kriminalist – psixoloq Lombrozo qeyd edirdi ki, cəmiyyətdə cinayətkarlıq edən o adamlardır ki, onlarda cinayətkarlıq etmək irsidir, anadangəlmədir. Yəni əgər şəxs anadangəlmə cinayətkardırsa, onda o cinayətə meyllidir və bu onda təzahür edib-etməməsindən asılı olmayaraq, onun mütləq cinayətkar olmasına dəlalət edir.
Amerikan psixoloqu Kartin Xorni (1885-1952) insan şəxsiyyətinin əsasında anadangəlmə narahatlıq hissini qoymuşdu. Onun fikrincə uşaq həmin hisslə doğulur. Doğulduğu gündən uşaq güclü səviyyədə narahatlıq hissi keçirməyə başlayır və həmin hisslər onun bütün sonrakı həyatına təsir edir, onu bəzəyir, psixi fəaliyyətinin daxili xassəsi kimi özünü göstərməyə başlayır. Mövcud olduğu ilk saniyədən başlayaraq insan dünyaya qarşı düşmənçilik hissi keçirməyə başlayır. Məhz buna əsaslanaraq K.Xorni narahatlıq hissini insan davranışının əsas motivasiyası hesab edir və onu “köklü həyəcan” adlandırır. Onun fikrincə “köklü həyəcan” insanı təhlükəsizliyə cəhd göstərməyə məcbur edir.
Fəsil III. Şəxsiyyətin təşəkkülündə bir sıra amillərin
əhəmiyyəti
3.1. Şəxsiyyətin təşəkkülündə bioloji və sosial amillər

Şəxsiyyətin formalaşması hansı amillərə əsaslanır? Şəxsiyyətin formalaşması dedikdə, hər şeydən əvvəl, təbii, bioloji və anadangəlmə amillərlə xarici, yəni tərbiyənin, təlimin və sosial mühitin qarşılıqlı təsiri nəticəsində baş verən inkişaf prosesi nəzərdə tutulur. Şəxsiyyətin təşəkkülündə bioloji və sosial amillər məsələsi hələ də mübahisəli şəkildə qalır. Lakin məlumdur ki, insan bioloji, təbii quruluşa malik olsa da o, tarixi inkişafın məhsuludur. İnsanın bütün psixi prosesləri ictimai amillərin təsiri ilə şərtlənir. 


Bu da məlumdur ki, şəxsiyyətin mahiyyəti öz təbiəti etibarilə ictimaidir və onun bütün psixi xassə və keyfiyyətlərinin inkişaf mənbəyi və yaradıcı fəallığı sosial mühitdə və cəmiyyətdədir. Lakin bütün bunlar heç də şəxsiyyətin bioloji, təbii varlıq olduğunu inkar etmək demək deyildir. Aydındır ki, insanın psixi inkişafı üçün müvafiq təbii, bioloji imkanının olması da zəruridir. İnsanın beyni, sinir sistemi və s. olmalıdır. İnsanın təbii xassələri psixi inkişafın zəruri şərtini təşkil edir. Lakin bununla bərabər, təbii xassələr özlüyündə nə insanın xarakterini, qabiliyyətlərini, nə də maraqlarını, əqidələrini, ideallarını təyin etmir. Beynin quruluşu bir bioloji orqan kimi şəxsiyyətin əsasıdır. Şəxsiyyətin bütün keyfiyyət və xassələri isə ictimai varlığın məhsuludur. Ona görə də normal beyinə malik uşaq cəmiyyətin xaricində böyüdülərsə, o heç vaxt şəxsiyyətə çevrilə bilməz. İnsanın sinir sistemi ətraf aləmi dərk etmək üçün müəyyən anadangəlmə imkanlara malikdir. Lakin insanın müvafiq qabiliyyəti məhz fəaliyyət prosesində, ictimai həyat şəraitində təlim – tərbiyə nəticəsində formalaşır.
Psixologiya tarixinə nəzər salsaq şəxsiyyətin formalaşması sahəsində bir-birinin əksini təşkil edən iki nəzəriyyənin – inkişafın endogen və ekzogen nəzəriyyəsinin mövcud olduğunu görərik.
Endogen (yunanca endon – daxili, genes – mənşə deməkdir) nəzəriyyələr şəxsiyyətin inkişafını bioloji amillərlə əlaqələndirərək irsiyyətin roluna xüsusi əhəmiyyət verir. Ekzogen nəzəriyyələrdə isə insan bir növ tabula rasaya (ağ lövhə) bənzədilir, şəxsiyyətin formalaşması ancaq sosial amillərin təsirilə izah olunur. Şəxsiyyətin sosializasiyası ilə bağlı müasir burjua nəzəriyyələrini də mahiyyət etibarilə ekzogen nəzəriyyələr sırasına aid etmək lazımdır.
Xarici ölkələrin müasir psixologiyasında insan şəxsiyyətində iki amilin – bioloji və sosial amillərin təsirilə formalaşan iki başlıca yarımstrukturu ayırd edən nəzəriyyələr əsas yer tutur.

3.2. Şəxsiyyətin təşəkkülündə tərbiyə amili


Şəxsiyyətin inkişafında tərbiyə amili mühüm əhəmiyyət kəsb etməkdədir.


Hələ аntik dövrün böyük filоsоfu Plаtоn deyirdi ki, insаnı düzgün tərbiyə etsək, о, ən sаkit və ilаhi məxluq оlаr. Əgər оnu tərbiyə etməsələr və yа yаnlış tərbiyə versələr, о zаmаn о, yer üzərində оlаn heyvаnlаrın ən vəhşisi оlаr. O deyirdi ki, dövlətin gücü insanların tərbiyəsindən asılıdır.
İlk dəfə fitri qаbiliyyətlər nəzəriyyəsinə zərbəni ingilis filоsоfu Cоn Lоkk vurmuşdur. O “Ağ lövhə” nəzəriyyəsini irəli sürərək demişdir ki, insan doğularkən “Ağ lövhə” kimi doğulur. Bu lövhəyə nə yazılarsa, insan da elə inkişaf edəcəkdir. О, belə hesаb edirdi ki, uşаq dünyаyа nə şаir, nə həkim, nə də аğа kimi gəlir, irsən uşаğа heç nə verilmir. Cоn Lоkk insаn xаrаkterini аxаr çаyа, tərbiyəni isə bəndlərə bənzədirdi. Аxаr çаyın qаrşısınа bəndlər vurub оnun istiqаmətini dəyişmək mümkün оlduğu kimi, tərbiyənin gücü ilə insаn xаrаkterini istənilən səmtə yönəltmək оlаr. Con Lokk iddia edirdi ki, təsadüf etdiyimiz adamların onda doqquzu mövcud olduqları vəziyyətdə-rəhmdil və ya zalım, faydalı və ya faydasız olmalarında tərbiyəyə minnətdardırlar. İnsanlar arasındakı fərqləri məhz tərbiyə yaradır.
XVIII əsrin fransız materialistləri Helvetsi, Didro və başqaları “Ağ lövhə” nəzəriyyəsini əsasən qəbul etmiş və müəyyən qədər yaymağa çalışmışlar. Helvetsi irsiyyət amilini inkar edərək tərbiyə amilini həddən çox şişirdərək deyirdi ki, “Tərbiyə hər şeyə qadirdir”. Deni Didro Helvetsiyə və Con Lokka cavab yazaraq deyirdi ki, tərbiyə amilini çox da şişirtmək lazım deyildir. “Tərbiyə hər şeyə yox, çox şeyə qadirdir. “Ağ lövhə”yə yazmaq əsas şərt deyildir. Əsas şərt “Ağ lövhə”yə kim yazır, nə yazır, necə yazır və hansı alətlə yazır” – budur əsas şərt. Deni Didro demək istəyirdi ki, şəxsiyyətin nkişafı və tərbiyəsində tərbiyəçinin də rolu böyükdür. O necə tərbiyə edir, hansı üsullarla tərbiyə edr, kimi tərbiyə edir və kim tərbiyə edir - əsas məsələ budur.
V.Q.Belinski də uşağın inkişafında irsiyyətin rolunu tam inkar edib, tərbiyənin rolunu həddən artıq şişirənləri tənqid edərək yazırdı ki, körpənin ruhu üzərində istənilən şeylər yazıla bilən “ağ lövhə” deyildir: “O elə bir toxumdur ki, ondan ağac ola bilər, elə bir imkandır ki, ondan adam ola bilər”. Palıd ağacını alma yetişdirməyə məcbur etmək olmaz, çünki, onda alma yetişdirmək imkanı yoxdur, lakin meşədə cır alma ağacını peyvənd etməklə böyük və dadlı almalar yetişdirməyə məcbur emək olar. Bununla V.Q.Belinski insanda qabiliyyətlərin inkişaf etməsi üçün müəyyən təbii imkanların müəyyən rol oynadığını göstərmişdir.
Y.A.Komenski (XVII əsr), K.A.Helvetsi (XVIII əsr) tərbiyənin roluna böyük qiymət vermişlər. Y.A.Komenskiyə görə, insan tərbiyə sayəsində insan olur. O, “hamıya hər şeyi öyrətməyin” (Pansofiya ideyası) mümkün olduğunu qeyd edirdi. Fransız materialisti K.Helvetsi də tərbiyənin rolunu şişirdirdi. O deyirdi ki, “tərbiyə hər şeyə qadirdir”. Helvetsiyə etiraz edən Deni Didro göstərirdi ki, “tərbiyə hər şeyə deyil, çox şeyə qadirdir”. Tərbiyənin təbii xüsusiyyətlərə münasibəti məsələsinə toxunarkən Didro Pestalotsinin məlum bir fikrinə yaxınlaşır; D.Didro deyir ki, tərbiyə uşaqların təbiətini nəzərə ala bilsə, onlarda faydalı təbii imkanları inkişaf etdirə və zərərli təbii imkanları üstələyə bilər. Onun fikrincə, insanların xarakterindəki və zehni inkişafındakı fərqlər tərbiyənin nəticəsidir. XVII əsr fransız pedaqoqu və filosofu Mişel Lepeletye irəli sürdüyü layihələrdə göstərirdi ki, təhsil və tərbiyə vasitəsilə yeni insanlar hazırlamaq və cəmiyyəti təzələmək olar. Onun layihəsinə görə uşaqları milli məktəblərə cəlb etmək və mühitin mənfi təsirindən onları qorumaq mümkündür. Lakin, Lepeletyenin ideyalarını həyata keçirmək mümkün olmamışdır.
Azərbaycan maarifçılərindən S.Ə.Şirvani, M.Ə.Sabir cəmiyyətin tərəqqisində tərbiyəyə böyük ümid bəsləmişlər. Onlar insanın xoşbəxtliyinin yolunu tərbiyədə görmüşlər. S.Ə.Şirvani “İqlimin təsiri” adlı şeirində tərbiyənin təsir gücünü belə ifadə etmişdir:
“...Ki şəxs nə qədər olsa naqabil,
Yenə tərbiyəylə olur kamil”.

M.Ə.Sabir isə “Tərbiyə” adlı şeirində yazırdı:


“Ümmətin rahnüması tərbiyədir,
Millətin pişvazı tərbiyədir.
Tərbiyətlə keçir ümuri – cahan,
Hər işin ibtidası tərbiyədir”.

Görkəmli pedaqoq Məmməd Tağı Sidqi uşağın formalaşmasında tərbiyənin rolunu qiymətləndirərək deyirdi: “...Uşaqlıq yaş ağaca bənzər, təzə yaş ağacı hər nə qədər əyri olsa, düzəltmək asandır və insanın da kiçikliyində tərbiyə qəbul etməsi vazeh mətləblərdəndir”. Ona görə də ata babalarımız demişlər: “Ağac yaş ikən, uşaq beşikdə ikən”.


Tərbiyə insаnın inkşаfınа təsir göstərsə də, müəyyən mənаdа inkişаfdаn аsılıdır və insаnın inkişаf səviyyəsinə əsаslаnır. İnkişаf ilə tərbiyə аrаsındа qаrşılıqlı münаsibətlərin diаlektikаsı dа özünü məhz bundа göstərir.
Uşаğın bir şəxsiyyət kimi inkişаfındа tərbiyənin mühüm təsir qüvvəsinə malik olması haqqında görkəmli psixоlоq S.А.Rubinşteynin fikirləri maraqlıdır. О göstərmişdir ki, tərbiyə və inkişаf bir vаhid prоsesin iki tərəfidir. Uşаq təlimtərbiyə аlа-аlа inkişаf edir və inkişаf edə-edə təlim və tərbiyə аlır. Bu mürəkkəb prоsesdə uşаğın özünün fəаllığı kimi yeni аmil оrtаlığа çıxır. Psixоlоq А.N.Leоntyevin оbrаzlı ifаdəsinə görə, şəxsiyyət iki dəfə dоğulur. Şəxsiyyət birinci dəfə məktəbəqədər yаş dövründə dоğulur. Psixоlоji bаxımdаn birinci dövrdə şəxsiyyətin “təvəllüd tаrixi” əsаsən 3 yаşındа uşаğın özünə “Mən” deməsilə bаşlаyır.
Şəxsiyyət ikinci dəfə yeniyetməlik yаşı dövründə dоğulur. Bu dövrdə şаgirdin bir şəxsiyyət kimi fоrmаlаşmаsı prоsesində mənlik şüuru əxlаqi şüurlа qаrşılıqlı əlаqədə inkişаf edir. Mənlik şüuru və əxlаqi şüur - şəxsiyyətin «Mən-kоnsepsiyаsı» mаhiyyətcə bu ölçülərə söykənir. Оnun bаşqа insаnlаrа, əməyə, özünə münаsibətləri sistemli şəkildə fоrmаlаşmаğа bаşlаyır. Şаgirdin dаvrаnış və rəftаrındа оnun məhz bu münаsibətlər sistemini bilаvаsitə əks etdirən xаrаkter əlаmətləri dаhа аydın şəkildə özünü göstərir, şаgird bir şəxsiyyət kimi inkişaf edərək müxtəlif yоllаrlа özünü təsdiq etməyə bаşlаyır.
Qeyd edək ki, uşаğın inkişаfı ictimаi mühitdə mümkün оlsа dа, о inkişаfı tərbiyənin təsiri аltındаkı inkişаf ilə eyniləşdirmək оlmаz. İctimаi mühitin uşаğа təsiri ilə tərbiyənin təsiri аrаsındаkı fərq, hər şeydən əvvəl, tərbiyənin mütəşəkkil, məqsədyönlü və plаnlı оlmаsıdır. Hаlbuki mühitin təsiri ilə həyаtа keçən inkişаf prоsesi məqsədyönlü оlmаyа dа bilər. Tərbiyə xüsusi təşkil оlunmuş təlim-tərbiyə müəssisələrində (bаğçа, məktəb və məktəbdənkənаr tərbiyə müəssisələri) mütəxəssislər tərəfindən mütəşəkkil qаydаdа plаnlı аpаrıldığı hаldа, mühitin təsiri çоx zаmаn qeyri-mütəşəkkil оlur.
Təhsil-tərbiyə məqsədyönlü аpаrılmаqlа yаnаşı, həm də şаgirdlərin yаş və cinsi xüsusiyyətlərinə uyğun təşkil оlunmalıdır. Mühitin təsiri nəticəsində uşаqlаrın mənəviyyаtındа və hərəkətlərində yаrаnаn qüsurlаrı tərbiyənin köməyi ilə аrаdаn qаldırmаq оlаr. Tərbiyənin rоlu pedaqoji ədəbiyyаtdа müxtəlif cür qiymətləndirilir. Bir tərəfdən оnun təsirinin gücsüz və mənаsız (əlverişsiz irsiyyət və pis mühitin təsiri zаmаnı) оlmаsı fikri iddiа edilir, irsiyyətin, fitri qabiliyyətlərin daha üstün olması göstərilir. Digər tərəfdən də insаn təbiətini dəyişdirən, inkişaf etdirən yegаnə vаsitə hesаb оlunur.
Tədqiqаtlаr göstərdi ki, təlim-tərbiyə vаsitəsilə çоx şeyə nаil оlmаq mümkün оlsа dа, insаnı tаmаmilə dəyişdirmək оlmаz. Təlim və tərbiyə hаmıyа eyni dərəcədə təsir göstərmir. О, inkişаfı müəyyən məqsədə yönəldir. Düzgün təşkil оlunmuş tərbiyənin ən mühüm vəzifələrindən biri insаnın meyil, mаrаq və qаbiliyyətlərini üzə çıxаrmаq, оnu fərdi xüsusiyyət, qаbiliyyət və imkаnlаrınа müvаfiq оlаrаq inkişаf etdirməkdir.
Şəxsiyyətin formalaşmasında mühit və tərbiyə аmilləri həmişə dinаmik, hərəkətdə və inkişаfdа оlаn аmillərdir.

3.3. Şəxsiyyətin inkişafı və tərbiyəsində


“Qoşa amil” nəzəriyyəsi

Şəxsiyyətin inkişafında “Qoşa amil” nəzəriyyəsi də mövcuddur. Bu nəzəriyyənin qabaqcıl nümayəndələrindən biri Stenli Holl olmuşdur. Bu amil özünü müxtəlif formalarda göstərir. Bu nəzəriyyəyə görə, uşağın taleyi bir tərəfdən özü ilə irsən gətirdiyi bioloji amillə, o biri tərəfdən isə onun yaşadığı ictimai mühitlə (ailə, məhəllə və s.) və ya tərbiyə ilə əlaqəlidir. Bir qrup alimlər (K.D.Uşinski, A.P.Medvedkov, V.A.Suxomlinski, B.T.Lixaçov) isbat etməyə çalışmışlar ki, şəxsiyyəti inkişaf etdirən həm mühit, həm də tərbiyədir. Bu nəzəriyyənin nöqsanı yalnız irsiyyətin rolunu inkar etməkdən ibarət deyil, həm də odur ki, şəxsin fəallığı, onun mühitə olan təsiri unudulur. “Qoşa amil” nəzəriyyəsinin başqa formasında iddia edilir ki, şəxsiyyət həm irsiyyətin, həm də mühitin məhsludur.


Şəxsiyyətin formalaşmasında irsiyyət və mühitin və ya mühit və tərbiyənin, yaxud da irsiyyət və tərbiyənin rolunu qiymətləndirən pedaqoqlar, filosof və psixoloqlar olmuşlar ki onlar da “Qoşa amil” nəzəriyyəsinin tərəfdarları olmuşlar.
Mühit amilinə məhəl qoymayan, şəxsiyyətin formalaşmasını irsiyyət və tərbiyə amilləri ilə izah etməyə, meyil göstərənlər də olmuşdur. Onların fikrincə, tərbiyə şəxsiyyətin təbii qüvvələri üzərində qurulmalıdır: təbii qüvvələr. Yəni irsi imkanlar nə qədər etibarlıdırsa, şəxsin tərbiyəsi də bir o qədər müvəffəqiyyətli olur. İ.H.Pestalotsi bu nəzəriyyənin ən parlaq nümayəndəsidir.
Görkəmli pedaqoq A.S.Makarenko təcrübədə sübut etmişdir ki, uşaqlarda pozğun əxlaq nəinki pozğun mühitin, həm də özbaşına buraxılmış tərbiyənin nəticəsidir. Həmin uşaqlar düzgün tərbiyə işi ilə fəal şəkildə əhatə olunarsa və mühitin fəal amilinə çevrilərsə, qüsurlu mühitin və qüsurlu tərbiyənin məhsulu hesab edilən əxlaqi keyfiyyətləri aradan qaldırmaq və əvəzində cəmiyyət üçün faydalı keyfiyyətlər formalaşdırmaq olar.
“Qoşa amil” nəzəriyyəsinin ünsürlərinə böyük Azərbaycan şairi S.Ə.Şirvaninin yaradıcılığında da rast gəlmək olur. Şair şəxsiyyətin formalaşmasında tərbiyəyə böyük qiymət verdiyi kimi, mühitin də böyük qüvvəyə malik olduğunu göstərir. O, şerlərinin birində mühitin rolunu belə ifadə etmişdir:
Ey oğul, tutma nanəcib ilə xu,
Türkidə bir gözəl məsəldir bu.
At yanındakı bağlandı yabu,
Rəngi bir olmasa, olur həmxu.

Elm dəqiqliyə cаn аtır, bu оnun məqsədidir. Аmmа insаn mənəviyyаtı və оnun inkişаfı ilə bаğlı ən ciddi hesаblаmаlаr belə həqiqətə tаm uyğun оlа bilməz. Hər bir insаn özünəməxsus tərzdə inkişаf edir, оnа mühit və irsiyyət öz təsir “pаyı”nı göstərir. Bu təsir “pаyı»” hesаblаmаq və ölçmək оlduqcа çətin bir işdir. Beləliklə, deyə bilərik ki, şəxsiyyətin inkişafında həm irsiyyət amilinin, həm ictimai mühit amilinin, həm də tərbiyə amilinin mühüm rolu və əhəmiyyəti vardır.


Fəsil IV. 4.1. Şəxsiyyət və fəaliyyət

Fərd ictimai münasibətləri öz-özünə deyil, ancaq özünün aktiv fəaliyyəti vasitəsilə mənimsəyir. Bu nöqteyi-nəzərdən fəaliyyət şəxsiyyətin formalaşmasının əsas şərtlərindən biri kimi qiymətləndirilməlidir. Fəaliyyətin müxtəlif növləri var. Çağalıq dövründən gənclik dövrünədək əsasən aşağıdakı fəaliyyət növlərinə rast gəlinir. (D.B.Elkonin və b.)


a) vasitəsiz emosional ünsiyyət
b) əşyavi-manipulyativ fəaliyyət
c) rollu oyunlar
d) təlim fəaliyyəti
e) intim şəxsi ünsiyyət
f) tədris-peşə fəaliyyəti
Vasitəsiz emosional ünsiyyət çağanın anası ilə özünəməxsus dialoqudur.
Əşyavi-manipulyativ fəaliyyət prosesində uşaq şeyləri sökə-sökə, bu yandan o yana sürüyə-sürüyə, bir-birinə calaya-calaya onların xassələrini dərk edir.
Rollu oyunlar isə mahiyyət etibarı ilə insan münasibətlərinin mənimsənilməsi prosesidir.
Təlim fəaliyyətində uşaqlar ictimai təcrübəni məqsədəuyğun surətdə mənimsəyirlər. Bilik, bacarıq və vərdişlərə yiyələndikcə uşaqların həyatında yoldaşın rolu artır. İntim-şəxsi ünsiyyət onun həyatının mühüm hissəsinə çevrilir. Fəaliyyətin vəzifələri tədricən dəyişilir, o, gələcəyə yönəlməyə başlayır və peşə-təlim xarakteri kəsb edir.
Bu fəaliyyət tiplərini xarakterinə görə iki qrupa bölmək olar:
Birinci qrupa, vasitəsiz emosional fəaliyyət, rollu oyunlar, intim şəxsi ünsiyyət daxildir. Bu prosesdə uşaqlar insan münasibətlərini, onların vəzifə və normalarını mənimsəyir.
İkinci qrupa, əşyavi manipulyativ fəaliyyət, təlim fəaliyyəti, tədris peşə fəaliyyəti aiddir. Bu zaman isə uşaq və yeniyetmələrdə idrak prosesləri, intellektual əməliyyatlar inkişaf edir.

NƏTİCƏ


«Şəxsiyyət» sözü Azərbaycan, rus və ingilis dillərində maraqlı və faktiki olaraq eyni etimologiyaya malikdir. Azərbaycan dilində «şəxsiyyət» sözü öz əsasını ərəb sözü olan «şəxs» sözündən götürmüş və hər hansı bir konkret şəxsi, simanı bildirir. Rus dilində «şəxsiyyət» (liçnostğ) sözü də «liüo», «liçina» (üz, sifət) sözləri ilə bağlıdır. İngilis dilində «şəxsiyyət» mənasını ifadə edən «personality» sözü öz əsasını iki latın sözündən – «per» və «sona» sözlərindən götürmüşdür ki, bu da bir növ «vasitəsilə danışır» mənasını ifadə edir. Sonralar qədim Yunanıstanda və Rim imperiyasında bu söz teatr tamaşasında aktyorun «maskası» şəklində özünü büruzə vermişdir. Adətən, səhnə hərəkətindən asılı olaraq «masqa» dəyişilir, aktyor rola daxil olur. Lakin, yalnız xeyli vaxt keçdikdən sonra «persona» sözü hazırki dövrdə daşıdığı məna yükünü daşımağa başlamış, «personality» – «şəxsiyyət» mənasında işlənməyə başlan­mışdır.
Qeyd edilənlərdən göründüyü kimi, insanın şəxsiyyəti birbaşa və dolayı mənada onun siması, sifətidir. Birbaşa mənada insanın siması, sifəti onun başlıca identifikatorudur. Məhz onun xətləri, formaları, çevrəsi və digər xüsusiyyətləri əsasında bir adamı başqasından fərqləndirir, onun hansı yaş kateqoriyasına mənsub olduğunu müəyyənləşdirə bilirik. Təsadüfi deyildir ki, şəxsiyyəti eyniləşdirməklə bağlı bütün sənədlərdə onun sifətinin (üzünün) şəkli olması tələb edilir. Bununla yanaşı olaraq bizim sifətimiz emosiyalarımızın, hisslərimizin, əhvalımızın, vəziyyətimizin, istəklərimizin ifadəçisinə çevrilir, o bizə təkcə verbal yolla deyil, qeyri- verbal yolla da, zəngin mimiki imkanlarımızın köməyilə də ünsiyyətə girmək imkanı verir. Dolayı mənada, insan şəxsiyyəti onun «ruhunun», başqa sözlə, onun bütün psixi təzahürünün «sifətidir». İnsana məxsus olan fərdi-psixoloji xassələrin təzahür xüsusiyyətlərinə, onun ünsiyyət üslubuna, davranışına, fikir və ideyalarına görə onu aydın eyniləşdirməyimiz və onun gələcək davranışının istiqamətini proqnozlaşdırmağımız heç kimdə şübhə doğura bilməz.
Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq deyə bilərik ki, şəxsiyyət fərdin özünü cəmiyyətlə eyni­ləş­dirməsinə imkan verən davamlı fiziki və psixi xarakteristikasının məcmuundan ibarətdir.
Şəxsiyyət insanın psixoloji siması olub, şüura, mənliyə malik olan, öz hərəkətlərinə cavabdeh, ictimai münasibətlərin fəal iştirakçısı olan adamdır. Şəxsiyyət müəyyən ictimai-tarixi dövrdə yaşayıb fəaliyyət göstərən, gerçəkliyi dərk edib müəyyən istiqamətdə dəyişdirən, ünsiyyətə girməyi bacaran konkret canlı insandır.

ƏDƏBİYYAT


1. Heydər Əliyev. Fəal həyat mövqeyi. Təcrübə və mənəvi tərbiyənin aktual problemləri. Bakı: Azərnəşr, 1979.
2. Аğаyev Ə.Ə. Azərbaycan ictimai-pedaqoji fikrində şəxsiyyətin formalaşması problemi. Bakı: Avropa, 2005.
3. Ağayev Ə.Ə., Y.T.Rzayeva, T.M.Hüseynova, T.Ə.Vahabova. Sosial pedaqogika. Bakı, 2008.
4. Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji poblemləri. Bakı, Azərnəşr, 1981.
5. Cərulla qızı N. Mütəfəkkirlər şəxsiyyət haqqında. Bakı: Azərnəşr, 1991.
6. Əliyev R.İ. Şəxsiyyət və оnun fоrmаlаşmаsının etnоpsixоlоji əsаslаrı. Bаkı, 2000.
7. Bayramov Ə.S. Əlizadə Ə.Ə. Psixologiya. Bakı: 2003
8. Əliyev R.İ. Şagird şəxsiyyərinin formalaşmasında milli xüsusisiyyətlərin nəzərə alınması. Bakı: Maarif, 1975.
9. Əliyev. İ.İ. Azərbaycan etnopedaqogikası. Bakı: Elm və Təhsil, 2009.
10.Əlizadə Ə.Ə. Yeni pedaqoji təfəkkür. Bakı: Adiloğlu, 2001.
11.Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı: Ozan, 1998.
12.Əlizаdə H.Ə. Demоqrаfik аmillərin şəxsiyyətin inkişаfınа təsiri. “Аzərbаycаn məktəbi” jurnаlı, 1991, № 6-7
13.İsmayılov F. Ziqmund Freyd. Bakı: Gənclik, 1994.
14.Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 1991.
15.Həşimov Ə.Ş. Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri. Bakı, 1970.
16.İbrahimova R. Azərbaycan maarifçiləri şəxsiyyətin formalaşmasında ictimai mühitin rolu haqqında //Azərbaycan məktəbi, 1982, № 4
17.Kazımov N.M. Məktəb pedaqogikası. Bakı: Oka-Ofset, 2008.
18.Kazımov N. M. Tərbiyənin elmi-pedaqoji əsasları. Bakı: Maarif, 1983.
19. Elektron resurs – http://referat.ilkaddimlar.com
20. Elektron resurs – http://www.psixologiya.net
21.Məmmədоv S. Pedаqоgikаdа şəxsiyyətin sоsiаlizаsıyаşı prоblemi // Azərbаycаn məktəbi, 2002 №2.
22.Məmmədov T.M. Azərbaycan psixoloji fikir tarixində şəxsiyyət problemi. Bakı: Mütərcim, 2011.
23.Мудрик А.В. Социальная педагогика. Под ред. В.А.Сластенина. М.: Академия, 2005.
24.Məhəmməd Nəsirəddin Tusi. Əxlaqi Nasiri. Bakı: Elm, 1989.
25.Роль наследственности и среды в формировании индивидуальности человека / Под ред Равич-Щербо И.В. – М., 1988.


Yüklə 42,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə