Soyad: İbrahimli



Yüklə 2,55 Mb.
tarix30.10.2018
ölçüsü2,55 Mb.
#76662

Sərbəst iş N1

Ad: Mətin Bayram

Soyad: İbrahimli

Fakültə: BİM

Qrup: 1005

Fənn: Azərbaycan dili və nitq mədəniyyəti

Müəllim: Mətanət Əmrahova

Sərbəst işin adı: Azərbaycan ədəbi dili haqqında

ümumi məlumat

Dil cəmiyyətin varlığı, onun təşəkkülü və inkişafı üçün çox zəruri olan bir vasitədir. Cəmiyyətdə dilin başlıca rolu onun əsas ünsiyyət vasitəsi olmasıdır.

Azərbaycan Respublikasının doqquz milyonluq əhalisinin (2010) gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.Azərbaycan dili İran İslam Respublikasında yaşayan 20 milyonluq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birlərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 30 milyondan çox adam yaşayır.

Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır.Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir.Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.Müstəqil Azərbaycanın 1995-də ümumxalq referendimunda qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutur.

Ümumxalq dilinin cilalanmış, müəyyən normalara salınmış qoluna ədəbi dil deyilir. Ədəbi dil ictimai müəssisə və idarələrdə, nəşriyyat və mətbuatda, kino və teatrlarda, radio və televizorda, maarif və mədəniyyət ocaqlarında və s. istifadə olunan dildir.

Hər bir ədəbi dil həm şifahi, həm də yazılı formalara, eyni zamanda zəngin üslubi rəngarəngliyə malik olur. Ədəbi dilin hamı üçün aydın və ümumi olması onun əsas əlamətlərini təşkil edir.

Ədəbi dil mədəni və tarixi hadisədir. Bu dil cəmiyyətin mədəni tələbatı əsasında və müəyyən zərurət nəticəsində şifahi yolla yaranır. Azərbaycan ədəbi dili ümumxalq dili əsasında şifahi formada təşəkkül tapmağa başlamışdır. Ədəbi dilimiz formalaşmağa başladığı dövrdən ümumxalq dilinin mövcud vasitə və materiallarına əsaslanmış, onların müəyyən hissəsini seçib qəbul etmişdir. Bu zaman ümumxalq dilinin ancaq bir sahəsi deyil, onun bütün quruluşu, yəni səs sistemi, lüğət tərkibi və qrammatik quruluşu nəzərə alınmış və seçmə əməliyyatı aparılmışdır. Bu seçmə əməliyyatı, təxminən, aşağıdakı formalarda olmuşdur:

1) ümumxalq dilinin səs sistemindəki fonemlərdən, eləcə də fonetik qayda və hadisələrdən daha ümumi və səciyyəvi olanları götürülmüşdür; 2) ümumxalq dilinin lüğət tərkibindən hamı üçün ümumi olan, aydın mənalı, mədəni səciyyəli, sözlər seçilib qəbul edilmişdir;

3) qrammatik quruluşdan isə müxtəlif variantlı şəkilçilər və digər qrammatik qanunlar üzərində seçmə əməliyyatı aparılmışdır.

Bütün bunlarla bərabər, ədəbi dilin formalaşmasında ümumxalq dili dialektlərinin də xüsusi rolu olmuşdur. Belə ki, bu və ya digər ədəbi dil ümumxalq dilinin müəyyən dialekti əsasında yaranıb inkişaf edir.

Lakin bu dil müxtəlif dövrlərdə əsasını təşkil etdiyi dialekt çərçivəsindən kənara çıxır və ümumxalq dilinin başqa vasitələrindən də istifadə edir. Məhz Azərbaycan ədəbi dili də belə bir tarixi proses keçmiş və buna görə ədəbi dilimiz hazırkı heç bir dialektin eyni deyildir. İndiki ədəbi dilimiz bütün dialektlərin yaxşı cəhətlərini özündə əks etdirərək onların hamısından fərqlənir.

Müasir Azərbaycan ədəbi dili özünəməxsus daxili qaydalara və ədəbi normalara malikdir. Normativlik ədəbi dildə başlıca şərtdir. Ümumi normalar olmadan ədəbi dil də ola bilməz. Ədəbi normalar fikrin aydın, dəqiq ifadə olunmasına, hamı tərəfindən eyni formada anlaşılmasına, düzgün və vahid nitq yaratmağa kömək edir.

Ədəbi dilin normaları dilin bütün sahələrinə aid olur; məsələn: 1) fonetik normalar; 2) orfoepik normalar; 3) orfoqrafik normalar; 4) qrammatik normalar; 5) üslubi normalar; 6) semantik normalar; 7) leksik normalar.

Müasir leksik normalara əsasən çətin ərəb və fars sözləri dilimizdə işlənmir.Yuxarıda qeyd olunan normalardan hər birinin özünəməxsus çoxlu qaydaları vardır.Ədəbi dilin normaları daimi deyildir. Bunlar dilin inkişafı ilə bağlı olaraq zaman keçdikcə təkmilləşir, dəyişir və zənginləşir. Müasir dövrün tələblərini ödəyə bilməyən normalar sıradan çıxır. Yeni tələblər əsasında yaranan zəruri normalar isə dilə daxil olur. Hər bir yeni ədəbi norma xalqın ruhuna uyğun yaradılır. Bu prinsipə müvafiq düzəlməmiş normalar dildə yaşaya bilmir və tez sıradan çıxır.

Azərbaycan ədəbi dilində, qədim dövrlərdən başlayaraq, zəngin üslubi sistem yaranmışdir. Ədəbi dilimizin ayrı-ayrı inkişaf mərhələlərində müxtəlif üslublar olmuşdur. Zaman keçdikcə bu üslublar daha da artmış, zənginləşmiş və təkmilləşmişdir. Hazırda Azərbaycan ədəbi dilinin aşağıdakı üslubları vardır. Bədii üslub, elmi üslub, ictimai-publisistik üslub, rəsmi üslub. Bu üslubların həm ümumi, həm də hər birinin özünəməxsus fərqli xarakterik cəhətləri vardır.

Müasir Azərbaycan ədəbi dilinin hazırkı yüksək inkişaf səviyyəsi uzun əsrlərin məhsuludur. Ədəbi dilimiz tarix boyu mürəkkəb inkişaf prosesi keçirmişdir. Azərbaycan ədəbi dilinin inkişafı aşağıdakı dövrlərə bölünür:

1)ədəbi dilin formalaşması və tədrici inkişaf dövrü (XIX əsrə kimi);

2)ədəbi dilin sabitləşməsi dövrü (XIX əsrdən 1920-ci ilə qədər);

3)ədəbi dilin geniş inkişaf yolu keçməsi dövrü (sovet dövrü).



Ədəbi dilimizin bu inkişaf mərhələlərində yazıçıların, alimlərin, ictimai xadimlərin, müəllimlərin, milli mətbuatın və mətbuat işçilərinin xüsusi rolu olmuşdur. Bunlardan, xüsusən yazıçılar ədəbi dilimizin formalaşmasında, onun sonrakı dövrlərdəki inkişafı üçün ümumxalq dilindən söz və formalar, yaxud yeni söz və ifadələr yaratmaqda daha böyük rol oynamışlar.
―Azərbaycan dili çox mükəmməl dildir, çox zəngin dildir, çox inkişaf etmiş dildir, böyük söz ehtiyatına malik dildir.

(H.Ə. Əliyev)
Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə