Şuşa
Şuşa – Azərbaycanda rayon. 1930-cu ildə təşkil edilmişdir. Kiçik Qafqazda
Qarabağ silsiləsi ərazisində yerləşir. Sahəsi 29,0 km², əhalisi 26,7 min nəfərdir (01.01.
2006). İnzibati mərkəzi Şuşa şəhəridir. 8 may 1992-ci ildə Şuşa Ermənistanın işğalçılıq
siyasətinin qurbanı olmuşdur. Şuşa rayonunun əhalisi hazırda qaçqındır və
Azərbaycanın müxtəlif reqionlarında yaşayırlar.
Şuşa şəhəri
Şuşa – Azərbaycanda, keçmiş DQMV ərazisində şəhər. Qədim dövrlərdən
mövcud olmuş şəhər XIII əsrdə monqollar tərəfindən dağıdılmışdır.
Şuşa şəhəri XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan
tərəfindən, Şuşa kəndinin yaxınlığında abadlaşdırılaraq yenidən salınmışdır. İlk
çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Onun
hakimiyyəti illərində, 1757-ci ilə qədər burada çoxlu abidələr tikilib. Onun oğlu
İbrahimxəlil xanın hakimiyyəti illərində şəhər böyüyüb, müdafiə bəndləri və qalalar
tikilib. Feodal ara müharibələri dövründə Şuşa bir neçə dəfə möhkəmlik sınağından
uğurla çıxaraq qalib gəlib. Rusiya müstəmləkə hakimiyyəti dövründə Şuşa bütün
Qarabağ regionunun inzibati və iqtisadi mərkəzi olmuş və inkişaf etmişdir. Əsrlər
boyu bu şəhər Azərbaycanın əsas siyasi və mədəni mərkəzlərindən biri idi və onun
tarixi Azərbaycan dövlətinin tarixinin ayrılmaz bir hissəsidir.
XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə
çevrilmişdir. Onun dövrəsində böyük və güclü sədd çəkilmiş, çoxsaylı sənətkar
məhəllələri yaranmışdır. Şuşalı tacirlər İran şəhərləri və Moskva ilə ticarət əlaqələri
saxlayır burada Pənahabad adlanan gümüş sikkə zərb edilirdi.
Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzü
xüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli
yol Daşaltı çayına aparır. "Xəzinə qala" mağarası da orada yerləşirdi.
Coğrafi mövqeyi
Səthi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağındadır (2725m). Ərazisinin
əksər hissəsi yayı quraqlıq keçən mülayim isti və qışı quraq keçən soyuq iqlim
tiplərinə aiddir. Orta temp-r yanvarda -4°C-dən -1°C-yədək, iyulda 16-19°C-dir. İllik
yağıntı 700-800mm-dir. Ərazisindən Qarqar çayı axır. Torpaqları qəhvəyi və qonur
dağ-meşə, çimli dağ-çəmən tiplidir. Yüksək dağlıq sahələr subalp və alp çəmənlikləri
ilə örtülüdür. Alçaq dağlıq və dağətəyi sahələrdə qırılmış meşələrin yerində çəmənlər
və kserofit kolluqlar var. Heyvanat aləminə ayı, canavar, tülkü, boz dovşan, cüyür,
kəklik, göyərçin və s. aidirlər.