Tağının boynu bir anda zürafəninki kimi uzandı, metronun tunelində gəzən adamların başı üstdən səsgələnə baxdı



Yüklə 14,4 Kb.
tarix08.01.2018
ölçüsü14,4 Kb.
#19951

KEFİN NECƏDİR
- Privet!

Tağının boynu bir anda zürafəninki kimi uzandı, metronun tunelində gəzən adamların başı üstdən səsgələnə baxdı.

Habili görüncə qaşlarını alnına qaldırdı:

- Oho, əleyküm privet!

Əl tutdular. Habil qara, üçkünc bığlarının altdan çoxmənalı tərzdə qımışaraq aşağıdan – yuxarı onu süzdü:

- Yaxşı rastıma çıxmısan, hərif! Düz iki aydır səni axtarıram.

- Xeyir ola?

- Səndən bir şey soruşacam. Ancaq... xahiş eləyirəm, düzünü deyəsən.

Tağı fikrə getdi: “Bu nə eşidib mənim barəmdə? Yoxsa müdirimizdən yuxarılara yazdığım böhtan dolu məktublardan xəbərdardır... Özü də xahiş eləyir düzünü deyim. Qəribədir!..”

Tağıdan səs-səmir çıxmadığını görən Habil bir siqaret yandırıb yenidən dilləndi:

- Əgər çətindirsə sənin üçün, sualıma cavab verməyə də bilərsən. Bu işdə məcburiyyət yoxdur. Ixtiyar sahibisən, mən səni döyməyəcəm, söyməyəcəm.

Tağı lap xoflandı: “Sən ölməyəsən əcəb yerdə axşamladıq! Yaman sözlü adama oxşayır. Barəmdə nəsə ciddi bir şey eşidib!”

O, son vaxtlarındakı bütün bəd əməllərini özlüyündə götür-qoy elədi.

Yanvarda həyətlərindəki qonşu təzə “Jiquli” maşın almışdı. O gecə Tağının gözünə yuxu getmədi. Ürəyindən qara qanlar axdı. Neyləyəydi? Acığını necə çıxaydı?! Əvvəlcə maşının böyrünü möhkəmcə cızmağı qət elədi. Neçə gün cibində mismar gəzdirdi. Lakin, əlinə girəvə düşmədi. Axırı hirsini başqa yolla soyutdu. Bir axşam ara xəlvət olanda fürsət tapıb kölgə kimi ehmalca həyətə endi. Maşın alan qonşunun balkonuna qalxan iri, qol-budaqlı meynəni kökündən baltaladı...

Səhər, dünənki yaşıl yarpaqları solub saralmış görəndə ürəyi bir az sakitləşdi...

Habil siqaret sümürüb altdan-yuxarı Tağının sifətinə üfürdü.

- Bura bax, istəyirsən heç soruşmayım. Elə- belə xadahafizləşib ayrılaq.

Nə “hə”, nə “yox” deməyə Tağının dili gəlmirdi. Onu tər basmışdı. Tez-tez əziyyətlə udqunurdu.

Yadındadır, o, martda da ayrı fəsad qarışdırmışdı. Onunla bir blokda qapı-qonşu yaşayan professor mənzilini təmir elətdirirdi. Ustalar evinə xarici kafellər, döşəmə parketi, qiymətli divar kağızları daşıyıb gətirirdilər. Tağının pulu professorunkundan qat-qat çox idi. Istəsəydi, maşın da alardı, otaqlarını da təmir elətdirərdi.

Ancaq qorxurdu. Birdən yoxladılar... Soruşdular ki, sən bu qədər var dövləti hardan, necə qazanmısan? Onsuz da gecələr səksəkəli yatırdı. Pulu vardı, çoxlu, amma elə bil özününkü deyildi. Qol-qanad açmağa cəsarət etmirdi. Ətrafdakılar isə heç nədən çəkinmirdilər. Indi də professorun təmiri Tağının rahatlığını pozmuşdu.

Ustalar, ağ rənglə dolu iri çəlləyi və bir torba qumu onun qapısının lap böyründə qoymuşdular. Tağı evində dönə-dönə çörək yediyi, sağlığına təntənə ilə badələr qaldırdığı qoşusunda mütləq intiqam almalı idi. Bir gecə hamı yatandan sonra torbadakı qumu götürüb çəlləyə boşaltdı...

Səhərisi professor, arvadı, ustalar hay-küy qaldırdıqca o qapının açar yerindən baxıb feyziyab olmuşdu...

Habil hələ də siqaretini sümürə-sümürə gözləyirdi.

- Mən yoruldum ki, səni gözləməkdən. O, hövsələsi tükənmiş halda gileyləndi - Nə qədər fikirləşmək olar? Təkrar edirəm: səndən cəmisi ikicə kəlmə söz soruşacağam. Bu şərtlə düzünü deyəsən.

Tağının boğazı qəhərlənmişdi. Yadına biri digərindən betər təzə-təzə işləkləri düşürdü. Hamısı ilan –qurbağa timsalında beynində qurdalanırdı.

Həhayət, keçən ay bacanağı onu bağlarına qonaq çağırmışdı. Həyətdə çox səliqə ilə hörülmüş bir quyuları vardı. Dişdonduran suyu şərbət kimi şirin idi. Tağı buna da dözə bilmədi. Çünki öz bağındakı quyunun suyu içməli deyildi, şordu. O gün axşamacan bacanağı ilə kabab yeyə-yeyə Tağı baş sındırdı. Axırda onun da çarəsini tapdı. Aynabənddəki əlüzyuyanın yanında tasın içində qoyulmuş iki qəlib paltar sabununu götürərək xəlvəti quyuya buraxdı... Axı Habil bunların hansı ilə maraqlanırdı? Ürəyinə dolan şübhə, vahimə Tağının belini əyib bütün vücüdunu titrədirdi. Bir də... görəsən bu Habil indi harada işləyirdi? Əvvəllər deyib-gülən, zarafatcıl bir oğlandı. Bəs bu gün niyə istintaqa başlamışdı?

- Soruşum? – deyə Habilin sualdan çox nidanı xatırladan bu sözü “inkir- minkir” çəkici kimi onun kəlləsinə taqqıldadı. Tağı iki dəfə özünü toplayıb dillənmək istədi, səsi çıxmadı. Üçüncü kərə zorla, dili-dodağı əsə - əsə, qorxaq halda astadan zarıdı:

- Nə soru...şacaq...san?

Habil siqaretini böyürdəki qutuya atıb, ucadan, şadlıqla xəbər aldı:

- Onu soruşacağam ki, kefin necədir?



Tağı səkinin qırağına çökdü. Zürafə boynu qatlandı. Yaylığını çıxarıb tərini sildi...



Yüklə 14,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə