Tarix və onun problemləri, №4 2014 90 ramin sadiqov tarix üzrə fəlsəfə doktoru



Yüklə 86,96 Kb.
Pdf görüntüsü
tarix14.03.2018
ölçüsü86,96 Kb.
#31380


Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

90 


RAMIN SADIQOV 

tarix üzrə fəlsəfə doktoru 

Şəki Regional Elmi Mərkəzinin elmi katibi 

E-mail: saki552003@yahoo.com  

 

BOLŞEVİK TƏHLÜKƏSİ QARŞISINDA 

AZƏRBAYCAN HÖKÜMƏTİ DAXİLİNDƏKİ MÜBAHİSƏLƏR 

 

Açar sözlər: Bolşevizm, Azərbaycan höküməti, hökümət daxili mübahisələr, Qızıl ordu işğalı. 



Ключевые слова: Большевизм, Азербайджанское Правительство, Внутри 

правительственное разногласие, Захват Азербайджана Красной Армий. 



Key WordsBolshevism, Azerbaijan government, disputes within the government, Red Army 

occupations 

 

Giriş  

20-ci əsrin əvvəllərində gərgin daxili və xarici siyasi atmosfer içərisində Türk-İslam 

dünyasının ilk parlamentli cumhuriyyəti kimi tarix səhnəsinə çıxmış Azərbaycan, 23 aylıq qısa 

ömrünə  baxmayaraq  özünü  həm  ölkə  daxilində  həm  də  beynəlxalq  aləmdə  qəbul  etdirə 

bilmişdi.  Paytaxtı  bugün  olduğu  kimi  20-ci  əsrin  əvvəllərində  də  dünyanın  neft 

mərkəzlərindən  biri  olmuş  Cumhuriyyət,  şübhəsiz  ki,  hegomon  dövlətlərin  diqqətindən 

kənarda  qala  bilməzdi.  Dünyanın  təbii  sərvətlərinin  mənimsənilməsi  uğrunda  başlanmış 

birinci dünya müharibəsində iştirak edən dövlətlərdən Almaniya, İngiltərə, Osmanlı və Sovet 

Rusiyası  arasında  Bakı  nefti  uğrunda  kəskin  rəqabət  gedirdi.  Fəqət  bu  rəqabət  və  xarici 

təzyiqlərə  rəğmən,  cumhuriyyət  höküməti  ölkə  daxilində  bir  sıra  mühüm  icraatları  həyata 

keçirə bilmişdi.  

Hökumət daxili mübahisələrin başlanması. 

Osmanlı  və  Almaniyanın  məğlub  dövlətlər  sırasında  I.  Dünya  müharibəsi  sona 

çatdıqdan  sonra  Qafqazdan  uzaqlaşdırılmaları  Bakı  nefti  uğrunda  mübarizənin  İngiltərə  və 

Sovet Rusiyası arasında davam edəcəyini göstərmişdi. Həqiqətən də 30 Oktyabr 1918-ci ildə 

Mudros  müqaviləsinin  şərtlərinə  görə  Osmanlı  ordusu  Qafqazdan  çıxdıqdan  sonra  Bakı, 

İngilislərin maraq dairəsinə girmişdi. 17 Noyabr 1918-ci ildə İngilis ordusuyla Bakıya gələn 

İngilis  generalı  Thomson,  Azərbaycan  hökümətini  tanımayaraq  onu  “Osmanlı  intriqaları 

nəticəsində  yaranmış  bir  qurum”  adlandırmışdı.  Fəqət  həmin  ilin  28  Dekabrında  İngilis 

generalı,  verdiyi  bir  açıqlama  ilə  Azərbaycan  hökümətini,  ölkə  ərazisindəki  tək  qanuni 

hökümət  kimi  tanıdığını  bildirmişdi.  İngilis  ordularının  23  Avqust  1919-cu  ildə 

Azərbaycandan  çıxmasından  sonra,  Sovet  Rusiyası  Bakıya  və  ümumiyyətlə  Azərbaycana 

sahib olmaq yolunda tək başına qaldı.  

Bu  arada  1919-cu  ilin  Dekabrında  Müsavat  Partiyasının  təklifi  ilə  parlamentin  sağ 

qanadı  İttihad  partiyasının  beşinci  hökümət  kabinəsinə  daxil  olması  iqtidarla  müxalifət 

arasında  bir  sıra  yeni  mübahisələrin  yaranmasına  səbəb  oldu.  İttihad  Partiyasının  təklifi  və 

israrı  ilə  M.  Hacınskinin  daxili  işlər  naziri  təyin  olunması,  ölkədə  qayda  qanun  yaratmaq 

məqsədi  üçün  düşünülmüşdü.  Fəqət  İttihadçıların  Hacınski  üzərindən  siyasət  apararaq 

gələcəkdə  güc  qazanıb  seçki  yolu  ilə  iqtidarı  ələ  keçirmək  istədikləri  də  anlaşılırdı. 

Hacınskinin daxili işlər naziri təyin olunmasından sonra, Dövlət Nəzarəti Nazirlikləri ilə birgə 

fəaliyyəti nəticəsində şiddətli tənqidə məruz qalan Ticarət və Sənaye Naziri Y. Əliyev istefa 

verməyə  məcbur  olmuşdu.  Qeyd  etmək  lazımdı  ki,  Hacınskinin  Daxili  işlər  naziri  təyin 



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

91 

olunmasından  sonra,  parlamentdə  səsləndirilən  dövlətin  pul  məsrəflərinin  Müsavat  partiyası 

mənafeyinə  xərclənməsi  iddiaları,  siyasi  partiyalar  və  fraksiyalar  arasında  kəskin 

mübahisələrin yaranmasına gətirib çıxarmışdı.  

M.Hacınskinin,  korrupsiyaya  qurşanmış  rüşvətxor  məmurlara  qarşı  mübarizəsi 

dövlətçiliyin  sağlam  istiqamətə  yönəlməsinə  xidmət  edirdi.  [1,  81]  Məmur  özbaşınalığına 

qarşı  barışmaz  mövqeyinə  görə  onu  ittihadçılar  və  kommunistlərlə  eyni  çizgidə  görən 

Müsavatçılar,  hətta  onu  Bolşevizmə  meyl  etməkdə  günahlandırırdılar.  Bütün  bunlara  məhəl 

qoymayan Hacınski, İttihad partiyasının rəhbəri Q. Qarabəyovun rəsmi məlumatlarına əsasən 

gömrüklə  bağlı  özbaşınalıqlarda  günahlandırdığı  Fətəli  Xan  Xoyskinin  qohumu,  Qazaxın 

general-qubernatoru    Aslan  Xoyskini  işdən  azad  etməsi  adətən  parlamentdə  çaşqınlığa  səbəb 

oldu.   


Azərbaycan Cumhuriyyəti hökümətini zəiflədən mübahisələr.  

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin ilk günlərinə sıxıntılı və təhlükəli bir siyasi 

şəraitdə başlamışdı. Ölkə parlamenti və höküməti son dərəcə mürəkkəb beynəlxalq və daxili 

şəraitdə fəaliyyət göstərirdi. Hökümətin yeritdiyi xarici və daxili siyasətin nəticələrindən asılı 

olmayaraq  o  zamankı  beynəlxalq  vəziyyətdə  Azərbaycan  Cumhuriyyətinin  müstəqil  dövlət 

halında  yaşaması  xeyli  çətin  idi.  Bakı  neftinə  yiyələnməyə  çalışan  Sovet  Rusiyası, 

Azərbaycana  müdaxilə  etmək  üçün  bir  bəhanə  axtarırdı.  Zatən  çox  keçmədən  belə  bir 

bəhanəni də tapdı ki, bu da Azərbaycana qarşı Denikin məsələsindən istifadə etmək idi.  

2  Yanvar  1920-ci  ildə  Rusiyadakı  Sovet  höküməti  xarici  işlər  komissarı  Qriqori 

Çiçerin,  Azərbaycan  hökümətinə  bir  nota  göndərərək,  “Denikinə  qarşı  bərabər  mübarizə 

etməyi” və bir an əvvəl Sovet Rusiya ilə müzakirələrə başlamağı təklif etmişdi. Əslində ittifaq 

xarakterli bu notanın, daha çok təbliğat məqsədli olduğu açıqca görülürdü. [2, 34], [3, 97] 

Azərbaycan  Dövlət  Təhlükəsizlik  komitəsi  bu  notanı  müzakirə  etdikdən  sonra  Sovet 

Rusiyasına  veriləcək  cavabı  hazırladı.  Bu  cavabda,  Azərbaycanın  müstəqil  bir  dövlət  kimi 

Rusiya ilə əlaqələr qurmağa hazır olduğu diqqətə çatdırılırdı. Fəqət hökümət bununla yanaşı, 

“Rusiyanın Azərbaycanı bir dövlət kimi rəsmən tanıması”nı şərt kimi irəli sürmüşdü. 

Fəqət bu cavab Rusiyanı məmnun etmədi. Ardınca 23 Yanvarda Çiçerinin göndərdiyi 

ikinci nota daha sərt bir üslübda idi. Rusiya açıqca Azərbaycan hökümətini, əks inqilabçılara 

qarşı birlikdə mübarizə etməməkdə suçlayırdı. Bu notaya 1 Fevralda  cavab verən Azərbaycan 

xarici işlər naziri Fətəli xan Xoyski, Denikinlə Sovet Rusiyası arasındakı ixtilafların Rusiyanın 

daxili məsələsi olduğunu və Azərbaycan hökümətinin başqa xalqların daxili işlərinə qarışmaq 

niyyətində olmadığını açıqlamışdı. [4, 110] 

Fəqət  Çiçerin  20  Fevralda  göndərdiyi  sayca  üçüncü  notada  Azərbaycanı  müstəqil  bir 

dövlət kimi tanımayacaqlarını  vurğulayaraq,  Azərbaycanın son cavabının, Sovet təkliflərinin 

rəddi  mənasına  gəldiyini  ifadə  etmişdi.  [5,  234]  Bu  arada  Lenin,  17  Mart  1920-ci  ildə  İ. 

Şmilqa  və  G.  Orconikidzeyə  göndərdiyi  məktubda  Sovet  Rusiyasının  Azərbaycana  qarşı 

münasibətini açıqca ortaya qoymuşdu. Belə ki, Lenin məktubunda “Bakını ələ keçirmək bizə 

görə çox  mühümdür. Bütün fəaliyyətlərinizi  bu işə yönəldin.  Ayrıca sağlam bir siyasət təqib 

edin. Bölgələrdə Sovet iqtidarını təsis etmə işini dəqiq öyrənin.” demişdi. [6, 74] 

Xarici  işlər nazirləri arasındakı  bu nota  məktubları davam etdiyi sırada  Azərbaycanın 

şimal sərhədlərində mühüm hadisələr baş verməkdə idi. Belə ki, çar tərəfdarlarına qarşı bütün 

Rusiya  ərazilərində  davam  edən  mübarizələrdə  Bolşeviklər  qalibiyyət  əldə  etməyə  yaxın 

idilər.  Bu  arada  Dağıstan  ərazisindəki  Denikin  qüvvətlərini  məğlub  edən  Bolşevik  idarəsi 

Azərbaycan sərhəddinə hərbi qüvvələr cəmləyirdilər.  




Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

92 


Azərbaycan  istiqlaliyyəti  üçün  belə  təhlükəli  bir  vəziyyət  yarandığı  anda  Azərbaycan 

höküməti daxilində Sovet Rusiyasına münasibətdə fikir ayrılıqları meydana çıxmışdı. Xüsusilə 

xarici işlər naziri Xoyski ilə daxili işlər naziri Hacınski arasında kəskin bir mübarizə yənə də 

davam  edirdi.  Sovet  Rusiyasına  qarşı  münasibət  məsələsində  Xoyski  daha  sərt  siyasətin 

aparılmasını, güclü bir rejim təsis olunaraq işğalçı qüvvətlərə müqavimət göstərilməsini təklif 

edir və  Hacınskinin daxili işlər nazirliyi vəzifəsindən uzaqlaşdırılmasını tələb edirdi. Halbuki 

Hacınski,  Ruslarla  danışıq  aparılmasını,  Bolşevik  mərkəzinə  böyük  güzəştlər  verilərək 

Azərbaycanın müstəqilliyinin tanınmasını təklif edirdi.  

Həqiqətən  də  ölkənin  şimal  sərhədləri  XI.  Qızıl  ordu  təhlükəsi  altında  ikən,  hökümət 

daxilindəki bu münaqişələr ciddi nəticələrə səbəb oldu. Belə ki, Hacınski daxili işlər nazirliyi 

vəzifəsindən uzaqlaşdırıldı və onun yerinə Bakıdakı Kommunist Partiyasına qarşı sərt siyasət 

aparan  Ş.  Rüstəmbəyov  təyin  olundu.  Hacınski  isə  sadəcə  ticarət  naziri  kimi  vəzifəsini  icra 

etməyə davam etdi.  

Mart  ayı  sonlarında  parlamentin  sosialist  millətvəkilləri,  kommunistlərin  həbsini 

protest  etmək  məqsədilə  N.  Yusifbəyov  kabinəsindən  çəkildiklərini  açıqladılar.  Bunun 

ardından Qarabağdakı erməni daşnaq üsyanından siyasi məqsədlərindən ötrü istifadə etməyə 

çalışan  ölkə  daxilindəki  Rus  tərəfdarı  qruplar,  hökümətin  ölkədə  nizam  intizam  qura 

bilmədiyini  iddia  edərək  hökümətin  istefasını  istədilər.  Ölkə  xaricindən  Bolşevik  təhlükəsi, 

ölkə daxilindən isə cəmiyyət və hökümət içindəki narazılıqlarla üzləşən N. Yusifbəyli kabinəsi 

daha çox tab gətitə bilmədi və 1 Apreldə istefa verməyə məcbur oldu.  

Yusifbəylinin  istefasından  sonra  yeni  höküməti  qurma  vəzifəsi  M.  Hacinskiyə 

tapşırıldı. Hacınski dərhal Bolşeviklərlə görüşməyə və müzakirələrə başladı. Onlara quracağı 

hökümətdə nazirlik təklif etdi, hətta özünün də Bolşevik partiyasına üzv ola biləcəyini bildirdi. 

Fəqət bu təklif Bolşevik partiyası tərəfindən dərhal rədd olundu.  

Bu  dönəmdə  ölkədəki  gərginliyi  artıran  bir  digər  səbəb  isə  Bakıda  yerləşən  Türk 

kommunistlərinin  “Qızıl  ordu  dəstələri  Anadoluya,  Mustafa  Kamalın  imperiyalistlərə  qarşı 

apardığı  müharibələrə  kömək  etmək  istəməkdə  ikən,  Azərbaycan  höküməti  isə  bu  hərbi 

birləşmələrin ölkədən keçməsinə icazə verməməktədir” kimi sözlərlə Milli hökümət əleyhinə 

apardıqları Bolşevik düşüncəli çıxış və təbliğatlar idi. [8, 239] 

Şübhəsiz bu dönəmdə Türkiyənin imperiyalist dövlətlərə qarşı apardığı mübarizə və bu 

mübarizənin çətinliyi, silah sürsat və maddi-texniki çatışmazlıqlar, onun  Bolşevik Rusiya ilə 

əlaqə  qurmasına  səbəb  olmuşdu.  Əslində  Ankara  höküməti  bir  tərəfdən  Bolşeviklərlə 

yaxınlaşmağa  çalışarkən,  bir  tərəfdən  də  Azərbaycan  höküməti  ilə  əlaqə  saxlamağa  diqqət 

yetirirdi.  Lakin  Azərbaycan  höküməti  daxilindəki  siyasi  istiqrarsızlıq  və  cəmiyyətdəki  bu 

siyasi  qarışıqlıqdan  doğan  çaşqınlıq,  Ankara  hökümətinin  Bolşeviklərlə  sürətlə  anlaşmasının 

zərurətini ortaya çıxartmışdı.  

Bu  sırada  Müsavat  partiyasının  daxilində  də  anlaşmazlıqlar  baş  verirdi.  Partiyanın 

daxilindəki sol düşüncəlilər, uzun müddətdən bəri idi ki, hökümətin daxili və xarici siyasətini 

şiddətlə  tənqid  edirdilər.  Üstəlik  Bolşeviklərlə  danışıqlar  aparılmasını  istəyən  sol 

düşüncəlilərə,  parlamentdəki  bitərəflər  qrupunun  rəhbəri  Behbud  Xan  Cavanşir  də  böyük 

dəstək verirdi. [7, 414] 

M.  Hacınskinin  yeni  hökümət  kabinəsi  qurmağı  gecikdirməsi  Azərbaycandakı  siyasi 

vəziyyəti  daha  da  çətinləşdirirdi.  Bu  dönəmdə  parlamentdəki  müxtəlif  siyasi  partiyalar 

arasında  şiddətli  mübahisələr  yaşanır,  bəzi  partiyalar  dönəmin  şərtlərini  də  unudaraq  xalqın 

birliyinə xələl gətirən siyasət aparırdılar. Xüsusən İttihad partiyasının Müsavat rəhbərliyindəki 

höküməti  hakimiyyətdən  uzaqlaşdırmaq  üçün  Bolşeviklərlə  hərbi  ittifaqa  hazır  olduğunu 




Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

93 

açıqlaması Hacınskini çıxılmaz vəziyyətə salmışdı. [9, 263-264] Bu səbəblə hökümət qurma 

işi xeyli ləngiyirdi. Bu isə zatən gərgin olan vəziyyəti daha da gərginləşdirirdi.  

Bu  çətin  vəziyyətdə  Məmməd  Həsən  Hacınskinin  22  Apreldə  höküməti  qura 

bilmədiyini açıqlaması, bundan faydalanmaq istəyən erməniləri hərəkətə keçirdi. Mart-Aprel 

aylarında üsyan daha da şiddətlənərək Gəncə və Qazaxa sıçradı. Azərbaycan ordu rəhbərliyi 

bütün ordunun üsyançılara qarşı hazır vəziyyətə gətirilməsini əmr etdi. Buradan da anlaşıldığı 

kimi  ölkənin  şimal  sərhədlərinin  təhlükə  altında  olduğu  bir  vaxtda  Azərbaycan  höküməti 

Bakını qorumaqdan məhrum qaldı.  

Bu  arada  Azərbaycan  kommunistləri  adından  Əliheydər  Qarayev,  30  Martda 

Dağıstanda Sovet qoşunlarının komandanı B. Şeboldayevə aşağıdakı məzmunda bir teleqram 

göndərmişdi. “Ən yaxın günlərdə Bakıda çevrilişə hazırlaşırıq. Hərəkat başlanandan əvvəl öz 

yürüşümüzün  məqsədləri  haqqında  Azərbaycan  fəhlələrinə  və  kəndlilərinə  müraciətnamə 

buracaxağıq.” [7, 421] 

Göründüyü  kimi  Bakı  Bolşeviklərinin  əsas  düşüncəsi  Azərbaycanda  siyasi  qarışıqlıq 

çıxartmaq,  hökümətin  fəaliyyətinə  maneçilik  törətmək  və  nəticə  olaraq  da  iqtidarı  ələ 

keçirmək idi. Bu düşüncəni həyata keçirmək üçün Bakı bolşevikləri 8 Apreldə Qafqaz Bürosu 

adlı bir qurum təsis etdilər. Büronun əsl məqsədi Azərbaycandan başlamaq üzrə bütün cənubi 

Qafqazı Sovetləşdirmək idi. Aprel sonlarına doğru Azərbaycan Kommunist Partiyasından bir 

qrup  nümayəndə  Dağıtsana  gedərək  Qafqaz  Bürosu  rəhbərlərindən  olan  Orconikidze  ilə 

görüşdülər  və  Rus  ordusunu  Azərbaycana  dəvət  etdilər.  Dağıstandakı  müzakirələr  sırasında 

əldə  edilən  razılığa  əsasən  Bakıda  Bolşevik  komitəsinin  rəhbərliyi  altında  böyük  bir  üsyan 

başladılmasına və Qızıl ordu dəstələrinin 24 saat içində Bakıya girməsinə şərait yaradılmasına 

dair qərar qəbul edildi.   

27  Aprel  səhər  tezdən  silahlı  kommunistlər  Bakının  həm  içərisində  həm  də  ətrafında 

mühüm  obyektləri  öz  nəzarətləri  altına  aldılar.  Belə  ki,  dəmir  yol  vağzalı,  poçt  və  teleqraf 

binaları,  raiostansiya,  polis  məntəqələri,  iri  neft  mədənləri,  sənaye  müəssisələri,  hərbi  və 

ticarət  limanları  ələ  keçirildi.  Bu  arada  fürsətdən  istifadə  edən  bəzi  qruplar  Bakı,  şimal 

sərhəddi və  Gəncə arasındakı telefon xəttini kəsərək hökümətin əyalətlərlə əlaqə qurmasının 

qarşısını aldılar.  

Eyni  gün  içində  Azərbaycan  Kommunist  Partiyası,  parlamentə  bir  xəbərdarlıq 

göndərərək  iqtidarın  Kommunistlərə  təslim  edilməsi  üçün  12  saatlıq  bir  müddət  verdiyini 

açıqladı. Parlament bu xəbərdarlığı müzakirə etmək üçün 27 Aprel axşamı toplandı.  

İlcas  başlayanda  söz  alan  M.  E.  Rəsulzadə,  “Çıxartdığımız  tarixi  qərarı  millətdən 

bixəbər  çıxartmayaq.  Ölkə  parlamentinin  qapısını  açıq  qoyaq  ki,  hər  kəs  nə  cür  təhlükəli 

vəziyyətdə  olduğumuzu,  nə  cür  qərar  qəbul  edəcəyimizi  bilsin”  [10,  736]  deyərək  bütün 

Azərbaycan xalqının xəbərdar olması üçün müzakirələrin açıq keçirilməsini təklif etdi. Onun 

bu təklifi səsə qoyuldu və iclasın açıq keçirilməsi qərarlaşdırıldı.  

Daha  sonra  söz  alan  hökümət  nümayəndəsi  Məmməd  Həsən  Hacınski  XI  Qızıl 

Ordunun  Azərbaycanın  müstəqilliyinə  zərər  verməyəcəyini  və  sadəcə  iqtidarın  əl 

dəyişdirəcəyini  söyləyərək,  Bolşeviklərin  heç  kimsəyə  və  heç  bir  partiya  mənsubuna 

toxunmayacağına dair vədlər verdi. Ayrıca dövlətin müdafiə gücündən məhrum olduğunu da 

ifadə edərək, “Etiraf etməliyik ki, bugün sərhəd xəttimizdə düşmənlə vuruşmaq üçün kifayət 

qədər hərbi gücümüz yoxdur. Hökümətin laqeydliyi nəticəsində Qarabağ dağlarından, Yalama 

stansiyasına  qədər  olan  bölgə  boş  qalmışdır.  Bəylər,  bu  Qızıl  Ordu  dəstəsi  Türkiyəni  zalım 

imperialistlərdən  qurtarmaq  üçün  Azərbaycandan  keçib  Anadoluya  gedəcəkdir.  Zatən 

Türkiyənin imperialist zülmündən qurtulmasını hamımız istəmirik mi?” deyə çıxış etdi. [11, 3] 



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

94 


Daha sonra çıxış edən sosialist Aslan bəy Səfikürdski də, Hacınskinin fikirlərinə oxşar 

fikirlər  səsləndirdi.  “Biz  indi  nə  etməliyik?  Təbii  ki,  razı  olmalıyıq.  Biz  Azərbaycan 

kommunistlərinin təklifini rədd etməyib, qəbul etməli və hakimiyyəti bununla birlikdə millətin 

ixtiyarını  onlara  verməliyik.  Hökümət  ixtiyarı  gərək  Azərbaycan  kommunistlərinə  versin, 

istiqlaliyyətin  müdafiəsi  və  bütün  məsuliyyət  onların  firqəsinin  öhdəsinə  verilsin.  Hərgah 

onlar  istiqlaliyyəti  müdafiə  edə  bilməsələr  onda  camaat  özü  onu  müdafiə  edər  və  özü 

istədiyinə nail olar” deyərək, hakimiyyətin kommunistlərə verilməsini tövsiyyə etdi. 

Bu  arada  parlamentin  son  iclasında  əsas  diqqət  çəkən  nöqtələrdən  də  biri  bu  idi  ki, 

millətvəkillərinin  bir  çox  hissəsi  “qardaş  qanı  tökülməsindən”  qorxurdular  və  bu  səbəblə  də 

yeni  Bolşevik  hökümətinə  hakimiyyətin  təsliminə  razılaşdıqlarını  bildirirdilər.  Son  iclasda 

fikrini  bildirən  Müsavat  partiyasından  M.  Mahmudov  da  çıxışında  “Danışığın  səbəbi,  qan 

tökülmə  bəlasının  qabağının  alınmasıdır.  Şimaldan  gələn  bu  qüvvəni  dəf  etməyə  təəssüf  ki, 

cavan  Azərbaycanın  qüvvəsi  olmadığına  görə  Parlament  öz  işini  dayandırıb,  hüquqlarını 

məsuliyyəti  öz  üzərinə  götürən  firqəyə  verir”  deyərək  Azərbaycanın  müstəqilliyinə  zərər 

gəlməyəcəyinə inandığını ifadə etmişdi. [10, 740] 

İclasda  Məmməd  Emin  Rəsulzadə  də  Hacınskinin  nitqinə  oxşar  çıxış  edərək,  “Bizim 

partiyamız  təslim  olmağın  əleyhinədir.  Fəqət  digər  partiyaların  tələbini  diqqətə  alaraq  və 

millətimiz  arasında  daxili  müharibə  salmamaq  üçün,  bugünkü  Kommunist  Partiyasının 

müstəqilliyimizə  zərər  verməyəcəyi  vədinə  də  inanaraq  bütün  iqtidarın  onlara  verilməsinə 

razılıq bildirirəm. Bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə 

müdafiə  etsinlər.  Yox  əgər  bunlara  əməl  olunmazsa  ixtiyarımızı  geri  alaraq  haqqımızı 

özümüzdə saxlayacağıq.” demişdi. [11, 3] 

Bu arada Azərbaycan  ordusunun Bolşevik xəbərdarlığına  münasibəti, tarixçiliyimizdə 

mübahisəli məsələlərdən biridir. Belə ki, rəsmi tarixçiliyimizdə Səməd bəy Mehmandarovun 

XI  Qızıl  Orduya  qarşı  sərt  tədbirlər  görməyə  çalışdığına  dair  məlumatlar  vardır.  Hətta  27 

Aprel  1920-ci  ildə  Qızıl  Ordunun  Azərbaycan  sərhədlərini  pozması  xəbəri  alınanda  hərbi 

Nazir  Səməd  bəy  Mehmandarov  Birinci  Piyada  Diviziyasının  komandiri,  general-mayor 

Cavad bəy Şıxlinskiyə teleqram göndərib şimal sərhəddinin müdafiəsinə hərbi qüvvə ayırması 

barədə əmr verdi. “Bolşeviklər Yalama stansiyasına hücum etdilər. Dayanmadan irəliləyirlər. 

Xudatı ələ keçiriblər. Çıxılmaz vəziyyətdəyik. Günü bu gün Qızılburuna Qazaxdan bir tabor 

və  Gəncədən  bir  tabor  göndərməyinizi  əmr  edirəm.  Hər  bir  taborda  ən  azı  500  süngü  və 

pulemyot olmalıdır. Yük qatarı artıq göndərmişik. Həmin hissələrin gəlməsi vaxtını teleqramla 

bildirin. Biz taborları sabaha gözləyirik”. [12, 57] 

Lakin  bir  sıra  mənbələrdə  bu  məlumatlardan  xeyli  fərqli  məlumatlar  yazılmışdır. 

Xüsusən  Azərbaycanın  20-ci  əsrin  əvvəllərinə  dair  dəyərli  tədqiqatlar  aparmış  tanınmış  elm 

adamı  Taduesz  Swietochowski,  o  dönəmdə  Azərbaycan  hərbisinin  Qızıl  Orduya  qarşı 

döyüşmək istəmədiyini iddia etməkdədir. Swietochowski ayrıca Azərbaycanın hərbi naziri S. 

Mehmandarovun silahlı müqavimətin mümkün olmayacağını və zabitlərə, yeni hökümətə tabe 

olmağı əmr etdiyini söyləməkdədir.  

“Həqiqətən  də  o  dönəmdə  Azərbaycanın  hərbi  sistemi  siyasi  vəziyyəti  qədər  çox 

mürəkkəb idi. Belə ki, bəzi generallar gizli surətdə Bolşeviklərlə təmasa keçmiş, daha əvvəl 

çar  ordusunda  xidmət  etmiş  bəzi  zabitlərin  isə  XI.  Qızıl  Ordu  ilə  döyüşmək  niyyətində 

olmadıqları anlaşılmışdı.” [5, 235] 

Bolşevik xəbərdarlığı ilə toplanmış parlamentdə 27 Aprel günü çox gərgin müzakirələr 

baş verdi. İclasın yekununa qədər millətvəkillərinin bir qismi xəbərdarlığın rəddi, bir qismi isə 

qəbulu  yönündə  fikir  bildirdilər.  Hökümətdə  üstünlüyə  sahib  olan  Müsavat  partiyasının 




Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

95 

üzvləri də çıxışlarında, qardaş qırğınına  yol verilməməsi və Azərbaycan müstəqilliyinə xələl 

gətirilməməsi naminə iqtidardan çəkilə biləcəklərini ifadə etdilər.    

Beləliklə  uzun  müzakirələr  sonrasında  Parlament  bəzi  şərtlər  irəli  sürərək  iqtidarın 

Bolşeviklərə verilməsini qəbul etdi. Bu şərtlər belə idi.  

1.Rus ordusu Bakıya girmədən birbaşa Türkiyəyə gedəcək. 

2.Sovet idarəsi altında Azərbaycanın tam müstəqilliyi qorunub saxlanılacaq. 

3.Azərbaycan ordusu ləğv olunmayacaq. 

4.Azərbaycandakı siyasi partiyalar sərbəst şəkildə fəaliyyət göstərəcək.  

5.Azərbaycan  dövlət  adamları,  partiya  nümayəndələri  və  parlament  üzvləri  təqib 

olunmayacaq. 

6.Azərbaycanda hakimiyyət, sərbəst seçimlər sonrasında iqtidara gələcək fəhlə, kəndli 

və əsgər vəkilləri Soveti tərəfindən təyin olunacaq. 

7.Yeni  hökümət  Azərbaycanın  müstəqilliyinə  xələl  gətirən  bütün  xarici  təcavüzlərə 

qarşı sərt, qəti addımlar atacaq və tam gücü ilə mübarizə edəcəkdir. [9, 264]  

Beləliklə  xəbərdarlığın  vaxtının  dolmasına  bir  saat  qalmış  Azərbaycan  höküməti 

iqtidardan  vaz  keçdiyini  açıqladı.  Bu  sırada  XI.  Qızıl  Ordu  dəstələri  Azərbaycan  sərhəddini 

keçmiş, Bakıya doğru irəliləyirdilər. [13, 153] Azərbaycan ordusu Bolşevik qüvvətə qarşı heç 

bir  müqavimət  göstərə  bulməmişdi.  Qızıl  Ordunun  gəldiyini  duyan  və  Bolşeviklərə  qarşı 

müxalif  cəbhədə  dayanan  millətvəkilləri  və  hökümət  nümayəndələrinin  bir  qismi  qatarla 

Tbilisiyə,  bir  qismi  isə  gəmilərlə  İrana  getməyə  başlamışdılar.  Lakin  onların  bir  çoxu 

təqiblərdən qurtula bilməmiş, ya öldürülmüş, ya da həbs olunmuşdular.  

28  Aprel  sabahı  Azərbaycan  Kommunist  Partiyası  mərkəzi  komitəsi  Leninə  teleqraf 

göndərərək Azərbaycanda Müsavat partiyasının iqtidardan uzaqlaşdırıldığını və hakimiyyətin 

fəhlə,  kəndli və  əsgər  Sovetlərinin əlinə  keçdiyini xəbər  verdi. Eyni gün içində  tamamı  yeri 

üzvlərdən  ibarət,  çoxusu  da  keçmiş  Hümmətçilərdən  ibarət  Azərbaycan  Sovet  Sosialist 

Respublikası  mərkəz  komitəsi  quruldu,  rəhbərliyə  və  xarici  işlər  komissarlığına  Nəriman 

Nərimanov gətirildi. Fəqət işin qəribə yanı o idi ki, Nəriman Nərimanov və mərkəzi komitəyə 

seçilən diğər üzvlər o sırada Bakıda deyil, Dağıstanda idilər. [3, 109] 

Nəticə 

1920-ci  ilin  əvvəllərinə  doğru  öz  daxilindəki  vətəndaş  müharibəsini  lehinə  çevirməyi 

bacaran  Sovet  Rusiyası,  Bakı  neftinə  yiyələnmək  üçün  müstəqil  Azərbaycana  təzyiqlərini 

artırmağa  başlamışdı.  Çiçerinin,  Azərbaycan  hökümətinə  göndərdiyi  “Denikinə  qarşı  ortaq 

hərəkət planı” hər nə qədər Azərbaycan höküməti tərəfindən rədd olunsa da, hökümət daxili 

mübahisələrin şiddətlənməsinə səbəb olmuşdu.  

Şübhəsiz ki, bu mübahisələr daha iki ili tam dolmamış gənc ölkənin müstəqilliyini sual 

altına qoyurdu. Aprel ayında ölkə hökümətsiz qalmışdı. Hər başdan bir səs çıxır, bir tərəfdən 

də Bakı küçələrində Bolşeviklərin güclü təbliğatları davam edirdi. Bu arada Türkiyəyə Sovet 

yardımını  çatdırmaq  üçün  vasitəçiliklə  məşğul  olan  Bakıdakı  Türk  nümayəndələri  də  İngilis 

tərəfdarı kimi adlandırdıqları Müsavat hökümətini xalqın gözündən salmağa çalışırdılar.  

XI Qızıl Ordu işğalından qısa müddət əvvəl hökümət içində daxili işlər naziri Məmməd 

Həsən  Hacınski  ilə  xarici  işlər  naziri  Fətəli  xan  Xoyski  arasındakı  münaqişə,  birincinin 

Bolşeviklərə daha çox güzəştə getmə tələbi ilə çıxış etməsi, ikincinin isə sərt tədbirlərlə bütün 

xalqı  işğalçılara  qarşı  mübarizəyə  səsləməsi  hökümətdə  vahid  bir  fikrin  ortaya  çıxmasına 

mane olurdu.  

 

 



Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

96 


ƏDƏBİYYAT 

 

1.Aydın Dadaşov, Məhəmməd Həsən Hacınski, Bakı 2004. 

2.Hacı Hacıyev, İstiqlalın Əzablı Yolu, Bakı, Nicat Yayınları 1996. 

3.Audrey L. Altstadt, The Azerbaijani Turks: Power and Identity under Russian Rule

Standford, Hoover İnstitution Press 1992. 

4.Teyub Nasirov, Борба за власт в Азердбайджане (1917-1920), Баку, Издательство 

Азербайджан 1993. 

5.Taduesz Swietochowski, Müslüman Cemaatten Ulusal Kimliğe Rus Azerbaycan’ı (1905-



1920), İstanbul, Bağlam Yayınları 1988. 

6.Vahid Çıraqzadə, İstiqlal Yollarında, Bakı 1992. 

7.Azərbaycan tarixi, cild 5, Bakı, Elm 2008. 

8.Nəsib Nəsibzadə, Azərbaycan Demokratik Respublikası, Bakı 1990. 

9.İqrar Əliyev, Azərbaycan Tarixi, Bakı 1993. 

10. Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin stenoqrafik hesabatları, 2. cild, Bakı 1998. 

11.Ziya Bünyadov, “Azərbaycan Parlamentinin Son Saatları”, Elm, 11 Mayıs 1991. 

12. Azərbaycan Xalq Cumhuriyyəti Ensklopediyası, cild 1, Bakı 2004. 

13. История Азербайджана, Баку, 1979.  

 

РАМИН САДЫХОВ 



кандидат исторических наук 

 

ДИСКУССИИ ВНУТРИ АЗЕРБАЙДЖАНСКОГО ПРАВИТЕЛЬТВА 

ПЕРЕД БОЛЬШЕВИСТКОЙ ОПАСНОСТИ 

 

Две  великие  революцие  произшедшие  в  начале  20  века  в  России  стали 



причиной  возникновение  в  сознание  Азербайджанской  интеллигенции  развития 

различных мыслей от культурной автономии до полной независимости. В результате по 

идее  независимости  возникла  единомыслие.  И  таким  образом  20  Мая  1918  года  в 

Турко-Исламском  мире  возникла  первое  парламентское  республика.  Государство 

который за короткое время проводил в жизнь ряд очен важных мероприятий, 11 Января 

1920  года  на  мирный  Парижский  конференсий  был  признан  де-факто.  Однако 

Советская  Россия  игнорируя  это  признание  с  того  же  месяца  начал  увеличиват 

политическое  давление  на  Азербайджан,  что  в  свою  очередь  стали  причиный 

возникновений  жарких  дискуссий  и  споров  внутри  правительство  Азербайджана.  В 

данной  стате  рассматриваются  ход  этих  дискуссий  с  приближением  большевитской 

опасности северним границам Азербайджан.  

 

RAMIN SADIXOV 



 

DISPUTES WITHIN THE AZERBAIJANI GOVERNMENT IN THE FACE 

OF BOLSHEVIK THREAT 

 

Two great revolutions taken place in Russia at the beginning of the 20

th

 century, gave 



way  to  different  thoughts  in  the  minds  of  Azerbaijani  intelligentsia,  from  cultural  autonomy 

till  full  independence.  As  a  result,  agreement  was  reached  over  the  thought  of  independence 




Müasir dövr 

Tarix və onun problemləri, № 4 2014 

 

97 

and thus on May 28? 1918 the first parliamentary Republic was established in Turkish-Islamic 

world.  The  Republic,  which  had  implemented  some  important  policies  during  a  short  time 

within  the  country,  had  been  recognized  de-facto  by  Paris  Peace  conference,  on  January  11, 

1919.  But  Soviet  Russia,  ignoring  this  recognition,  started  to  increase  political  pressures 

against Azerbaijan, beginning January of 1920. After some time, these pressures caused acute 

disputes  within  the  Azerbaijani  government.  In  this  article,  disputes  within  the  government 

while  Bolshevik  threat  was  approaching  from  Azerbaijans  northern  borders,  have  been 

studied. 

 

 



 

Rəyçilər: t.ü.f.d. K.Məmmədov, t.e.d. A.Məmmədov 

 

BDU-nun  Tarix  fakültəsinin  Arxeologiya  və  Etnoqrafiya  kafedrasının  17  noyabr  

2014-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №3). 

 

Yüklə 86,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə