TəRTİBÇİLƏRDƏN



Yüklə 0,72 Mb.
səhifə1/11
tarix25.06.2018
ölçüsü0,72 Mb.
#51553
növüYazı
  1   2   3   4   5   6   7   8   9   10   11


Azərbaycanın elm və mədəniyyət adamları –

Filologiya üzrə elmlər doktoru,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

FƏRMAN YUNİS OĞLU XƏLİLOV

ÖMÜR YOLU

Naxçıvan - 2013

Tərtib edən: Sənan İbrahimov



filologiya üzrə elmlər doktoru,

professor

Elmi redaktoru: Şamil Vəliyev



filologiya üzrə elmlər doktoru,

professor

Filologiya üzrə elmlər doktoru Fərman Xəlilo­vun anadan olmasının 60, elmi-pedaqoji fəaliy­yə­tinin 40 illiyinə həsr olunan bu kitaba onun yaradıcılığı haqqında yazılan məqalələr, əsər­lərinin biblioqrafiyası, bəzi tanınmış şəxs­lərə yazdığı məktublar və onlardan aldığı cavab­lar, vaxtilə mətbuatda çap olunan üç yazısı (bir məqalə, bir müsahibə və bir təəssürat), həmçinin həyat və fəaliyyətinin müxtəlif anla­rını əks etdi­rən fotoşəkillər daxil edilmişdir.

Fərman Xəlilov, Ömür yolu. Naxçıvan-2013, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi. 280 s.



4700000000

053-2013


 “Əcəmi” 2013.



MÜNDƏRİCAT
TƏRTİBÇİDƏN ................................................. 5

Fərman Xəlilov – 60. Azərbaycan Yazıçılar Birliyinin təbriki ................................................. 7

Fərman Yunis oğlu Xəlilovun həyat və fəaliyyətinin əsas tarixləri ................................. 11

DƏYƏRLƏNDİRMƏ ....................................... 24

İsa Həbibbəyli. Çətinliklərin işiqlı nöqtələri ..... 29

Əbülfəz Əsgərov. Elmin çətin yollarında ......... 37

Kamran Əliyev. Dəyərli dissertasiya ................ 42

Möhsün Nağısoylu. Naxçıvanın yaxın və uzaq keçmişi tarixi sənədlərdə ................................... 50

Teymur Kərimli. Tanınmış möcüzşünas ........... 56

Adil Bağırov. Müəllim-alim ............................. 61

Alxan Bayramoğlu. Qiymətli tədqiqat əsəri ..... 67

Bilgehan A. Gökdağ. Mirze Eli Mocuz

hakkında üç eser ............................................... 78

Məmmədəli Niqabi. Dostum Fərman

Xəlilovun doktorluq tezi haqqında ................... 85

BİBLİOQRAFİYA

Kitabları ............................................................ 89

Dövri mətbuat, kitab, jurnal və məcmuələrdə dərc olunmuş məqalələri

Azərbaycan dilində ........................................... 90

Rus dilində ...................................................... 102

Türkiyədə ........................................................ 103

İranda .............................................................. 104

Kanadada ........................................................ 104

TƏRTİBLƏRİ ................................................ 104

RƏSMİ OPPONENTLİK ETDİYİ DİSSERTASİYALAR .................................... 105

HAQQINDA BƏHS EDƏN MƏNBƏLƏR ... 106

AVTOQRAFLARDA XOŞ ARZULAR, XATİRƏLƏR ................................................. 124

MƏKTUBLAR

F.Xəlilova yazılan məktublar .......................... 128

F.Xəlilovun yazdığı məktublar ....................... 157

BİR MƏQALƏ, BİR MÜSAHİBƏ və

BİR TƏƏSSÜRAT

M.Ə.Möcüzün “tərcümeyi-hal”ının mətni ilə

bağlı təhriflər və həqiqətlər.............................. 201

Dilimiz varlığımızdır (Jurnalist C.Nəbiyevanın F.Xəlilovla müsahibəsi)................................... 212

Təbriz görüşləri ............................................... 218

KÖMƏKÇİ GÖSTƏRİCİLƏR

F.Xəlilovun kitab və məqalələrinin

sərlövhələrinin əlifba göstəricisi ..................... 241

F.Xəlilov haqqında bəhs edən müəlliflər və mənbələr ......................................................... 246

FOTOŞƏKİLLƏR .......................................... 249

TƏRTİBÇİDƏN
Bu kitab filologiya üzrə elmlər doktoru Fərman Yunis oğlu Xəlilovun anadan olmasının 60 illi­yinə həsr olunub.

F.Xəlilovun həyat və fəaliyyəti haqqında bütöv təsəvvür yaratmaq üçün kitabın tərtibində əsas diqqət bir neçə istiqamətə yönəldilmişdir. Əvvəl­cə F.Xəlilovun həyat və fəaliyyətinin əsas tarix­ləri və tanınmış mütəxəssislərin onun haqqında söylədiyi fikir və mülahizələr, sonra isə əsərlə­rinin biblioqrafiyası verilmişdir.

“Biblioqrafiya” bölməsində F.Xəlilovun Azər­baycan, Türkiyə, İran, Qazaxıstan, Kanada və Ru­siyada çap olunan kitab və məqalələri, tərtibçiliyi, opponentliyi haqqındakı məlumatlar, həmçinin haqqında bəhs edən mənbələr xronoloji qaydada öz əksini tapmışdır.

Kitabın “Dəyərləndirmə” və “Avtoqraflarda xoş arzular, xatirələr” adlandırdığımız bölmələrində F.Xəlilov haqqında məqalələr və ona hədiyyə edi­lən kitablara yazılmış avtoqrafların mətnləri təq­dim olunur.

İctimai əhəmiyyətini nəzərə alaraq kitabın “Mək­tublar” bölməsinə F.Xəlilovun bir sıra tanınmış şəxslərə yazdığı və onlardan aldığı bəzi məktub­ları da daxil etmişik. F.Xəlilovun bir məqalə, bir müsahibə və bir təəssüratını təqdim etməkdə isə məqsədimiz onun qələmindən çıxan müxtəlif məzmunlu və istiqamətli yazılarla oxu­cuları tanış etməkdir.

“Biblioqrafiya” bölməsindən istifadəni asanlaşdır­maq məqsədi ilə kitabın sonundakı “Köməkçi göstəricilər”də F.Xəlilovun kitab və məqalələri­nin, eyni zamanda onun haqqında yazan müəllif­lərin və mənbələrin əlifba göstəricisi verilmişdir.

F.Xəlilovun həyat və fəaliyyətinin bəzi anlarını hifz edib saxlayan və onunla bağlı olan bəzi fotoşəkilləri də kitaba əlavə etməyi məqsədəuy­ğun hesab etdik.

Ümid edirik ki, F.Xəlilovun 60 illik həyat yolu­nu və 40 illik elmi-pedaqoji fəaliyyətini əks etdi­rən bu kitab Azərbaycan ədəbiyyatşünaslığı və həmin sahədə çalışan mütəxəssislərin xidmətləri ilə maraqlanan oxucular üçün faydalı ola bilər.



FƏRMAN XƏLİLOV – 60
Hörmətli Fərman müəllim!

Sizi 60 yaşınızın tamam olması münasibətilə təbrik edirik!

Siz elmi yaradıcılığa hələ tələbə ikən başlamı­sınız. XIX əsrin sonu, XX əsrin əvvəllərində Neh­rəmdə yaşayıb-yaradan “Nadim” təxəllüslü şairə həsr olunan ilk məqaləniz 1971-ci ildə “Şərq qapısı” qəzetində dərc edilmişdir. Sonralar “H.Ca­vidin həyatının İstanbul dövrü”, “Naxçıvanda ilk teatr tamaşaları”, “Məşrutə dövrü ədəbiyyatı”, “Dilimiz varlığımızdır”, “Təbriz görüşləri”, “Unu­dulmaz sənətkar Ə.Qəmküsar”, “Qocaman rəs­sam Şamil Qazıyev”, “Azərbaycan dili” dərs­liklərindəki tərif və qaydalar haqqında” və başqa elmi, publisistik məqalələriniz, bir çox monoq­rafiya və kitablar haqqında rəyləriniz respublika­mızın müxtəlif qəzet və jurnallarında çap olun­muşdur. Siz ilk dəfə olaraq Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan şöbəsinin 41 protokolunu və bu Cəmiyyətin fəaliyyəti, onun yaradıcılarının xidmətləri ilə bağlı bir çox arxiv sənədləri və dövri mətbuat materiallarını aşkara çıxararaq 2005-ci ildə “Naxçıvanı öyrənən elmi cəmiyyət” adlı kitabınız vasitəsilə oxuculara təq­dim etmisiniz. Sizin elmi yaradıcılığınızın əsas istiqamətini isə Cənubi Azərbaycan ədəbiyyatı problemləri, xüsusilə XX əsr Azərbaycan satirik poeziyasının görkəmli nümayəndəsi Mirzə Əli Möcüzün mühiti, həyatı, yaradıcılıq yolu, müasir­ləri, ədəbi irsinin nəşri və tədqiqi məsələləri ol­muşdur. Dörd cildlik “Cənubi Azərbaycan ədə­biyyatı antologiyası”nın ikinci cildinin tərtibçilə­rindən biri də sizsiniz. Keçən əsrin 90-cı illərində Təbriz, Ərdəbil, Urmiya və Qaşqay şairlərinin şeirlərini mətbuatda dərc etdirməklə siz adları Şimali Azərbaycanda bəlli olmayan Azərbaycan dilində yazan şairlər haqqında da oxucularda müəyyən təsəvvür yaratmağa səy göstərmisiniz.

Siz AMEA N.Gəncəvi adına Ədəbiyyat İnsti­tutu Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin ilk dissertantı kimi 1982-ci ildə akademik Mirzə İbrahimovun rəhbərliyi ilə “Mirzə Əli Möcüzün yaradıcılıq yolu” mövzusunda namizədlik disser­tasiyası müdafiə etmisiniz. Sonralar bu istiqamət­də araşdırmalarınızı davam etdirərək “M.Ə.Mö­cüz. Biblioqrafiya”, “Mirzə Əli Möcüzün əlyaz­maları” və ”Cənubi Azərbaycan şairi Mirzə Əli Möcüz” kitablarını çap etdirmisiniz. Sizin M.Ə. Möcüzə həsr olunan məqalələrinizin bir qismi Türkiyə, İran, Rusiya, Qazaxıstan və Kanada mət­buatında da dərc olunmuşdur. “Mirzə Əli Möcüz: mühiti, müasirləri və ədəbi irsi” mövzusunda mü­dafiə etdiyiniz doktorluq dissertasiyası isə M.Ə.Möcüzə aid çoxillik araşdırmalarınızın uğur­lu nəticəsidir.

Hörmətli Fərman müəllim! Siz 1973-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Azərbay­can dili və ədəbiyyatı fakültəsini bitirdikdən son­ra Culfa rayonunun Milax kənd orta məktəbində müəllim kimi əmək fəaliyyətinə başlamış, 1975-1996-cı illərdə Naxçıvan şəhər H.Cavid adına 5 nömrəli orta məktəbdə, eyni zamanda Naxçıvan Türk Liseyində (1992-2004) milli dil və ədəbiy­yatımızın tədrisi ilə məşğul olmusunuz. 1992-2004-cü illərdə Naxçıvan Muxtar Respublikasın­da test üsulu ilə sınaq imtahanlarının təşkili və keçirilməsində fəal iştirak etmisiniz. Siz 1988-1989-cu illərdə ərəb əlifbasını öyrətmək məqsədi ilə işlədiyiniz 5 nömrəli orta məktəbdə şagirdlə­riniz, həmçinin muzey və kitabxana işçiləri üçün pulsuz kurslar təşkil etməklə də faydalı bir təşəb­büsü həyata keçirmisiniz. Sizin təşəbbüsünüz və fəal iştirakınızla Naxçıvan MR Dövlət Arxivində yerli ədəbiyyat, incəsənət və maarif xadimlərin­dən bir çoxunun şəxsi fondu yaradılmışdır. Hə­min arxivdə özünüzün şəxsi fondunuzda isə Azər­baycan, Türkiyə və İranda ayrı-ayrı şəxslərdən, həmçinin müxtəlif arxiv və kitabxanalardan əldə etdiyiniz nadir sənədlər, fotoşəkillər, məktublar, əlyazmalar, xüsusilə M.Ə.Möcüzün həyatı və fəaliyyəti ilə bağlı olan zəngin tədqiqat mate­rialları mühafizə olunmaqdadır.

Hörmətli Fərman müəllim, anadan olmağınızın 60 illiyi münasibətilə sizi bir daha təbrik edir, sizə uzun ömür, cansağlığı və elmi yaradıcılığı­nızda uğurlar arzulayırıq.


Azərbaycan Yazıçılar Birliyi

FƏRMAN YUNİS OĞLU XƏLİLOVUN HƏYAT VƏ FƏALİYYƏTİNİN ƏSAS TARİXLƏRİ
1952-ci il - 31 martda Naxçıvan şəhərində müəllim ailəsində anadan olmuşdur.

1956-1958 - Naxçıvan şəhərindəki 1 nömrəli uşaq bağçasına getmişdir.

1959-cu il - 01 sentyabr Naxçıvan şəhər Ü.Ha­cıbəyov adına 1 nömrəli orta məktəbin birinci sin­finə daxil olmuşdur.

1960-1962 - Azərbaycan Radiosunda uşaqlar üçün nəzərdə tutulan Azərbaycan Respublikasının xalq artisti Hüseynağa Sadıqovun apardığı “Xo­ruz baba” verilişinə göndərdiyi məktubların bəzi­sindən istifadə olunmuşdur.

1963-1966 - Naxçıvan şəhər Pionerlər evində rəssam Həmid Qasımovun rəhbərliyi ilə fəaliyyət göstərən rəsm dərnəyinin üzvü olmuşdur.

- Bakıda çıxan “Göyərçin” jurnalında dərc olunmuş “Ayının qış yuxusu” adlı hekayəyə ver­diyi bədii tərtibat əsasında Naxçıvan televiziyası ilə veriliş hazırlanmış və həmin verilişdə çəkdiyi rəsmlər haqqında çıxış etmişdir (1966).

1967-1969 - Naxçıvan şəhər Uşaq və Gənclər idman məktəbində gimnastika üzrə məşqlər keç­miş, həmin idman növü üzrə Naxçıvan yığma komandasının tərkibində Azərbaycan məktəblilə­rinin çempionatlarında iştirak etmişdir.

- Ü.Hacıbəyov adına 1 nömrəli orta məktəbdə keçirilən ədəbi-bədii gecələrdə müxtəlif şairlərin şeirlərini bədii qiraət etmişdir.



- Naxçıvan şəhər 9 nömrəli orta məktəbin X sinfinə dəyişilmişdir (yanvar 1969).

- “Mədənə ekskursiya” adlı ilk məqaləsi “Şərq qapısı” qəzetində (29.III.1969) dərc olunmuşdur.

- Naxçıvan şəhər 9 nömrəli orta məktəbi bi­tirmiş, Azərbaycan Pedaqoji İnstitutu Naxçıvan filialının Azərbaycan dili və ədəbiyyat fakül­təsinin birinci kursuna qəbul olunmuşdur (1969).

1970-1973 - Azərbaycan Pedaqoji İnstitutu Naxçıvan filialının Tələbə Elmi Cəmiyyətinin üzvü kimi cəmiyyətin keçirdiyi konfranslarda Naxçıvan teatrı və maarif tarixi ilə bağlı məruzələr etmişdir.

- Kiçik təmsillər yazmış, Azərbaycan Yazıçı­lar İttifaqı Naxçıvan şöbəsinin nəzdində yaradı­lan “Arazın səsi” ədəbi birliyinin fəal üzvlərindən olmuşdur (1970).

- “Nadim” (27.VII.1971), “Maarif fədaisi” (9.X. 1971) adlı elmi-publisist xarakterli məqalələri “Şərq qapısı” qəzetində dərc olunmuşdur.

- M.S.Ordubadi adına Naxçıvan Respublika kitabxanasında S.Vurğunun anadan olmasının 65 illiyi münasibəti ilə keçirilən tədbirdə (mart 1971) “Səməd Vurğunun əsərlərinin dili” mövzusunda məruzə etmişdir.

- Azərbaycan Respublikasının xalq artisti İsa Musayevin anadan olmasının 60 illiyi münasibəti ilə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram teatrında keçirilən təntənəli yubi­ley gecəsində (27 noyabr 1972) çıxış etmiş, İ.Mu­sayevin həyatı və səhnə fəaliyyətinə aid tərtib etdiyi albomu aktyora təqdim etmişdir.

- “Qocaman rəssam”, “Yubiley gecəsi” adlı mə­qalələri “Şərq qapısı” (5.I.1973) və “Ədəbiyyat və incəsənət” (2.VI.1973) qəzetlərində dərc olunmuşdur.

- “Ədəbiyyat və incəsənət” qəzetinin ştat­dankənar müxbiri kimi Naxçıvanda ədəbiyyat və incəsənət sahəsində keçirilən tədbirlər haqqında qə­zetin redaksiyasına xəbərlər göndərmişdir (1973).

- Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimovla Naxçıvan oxucularının görüşündə (8 mart 1973) yazıçının yaradıcılığı haqqında çıxış etmişdir.

- Təyinat üzrə Culfa rayonun Milax kənd orta məktəbində pedaqoji fəaliyyətə başlamış, həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat fənlərini tədris etmişdir (sentyabr, oktyabr 1973).

1974-cü il - Hərbi xidmətdə olmuşdur.

1975-ci il - Naxçıvan şəhərindəki H.Cavid adına 5 nömrəli orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin edilmişdir.

- Naxçıvanda yaşayan Heydər Təhməzbəyov, Dilbər Sultanova, Nazlı Tahirova, İsa Musayev, İbrahim Həmzəyev, Nəsir Sadıqzadə, Mirhəsən Mirişli, Əkbər Qardaşbəyov, Usta Qənbər (neh­rəmli), Bakıda yaşayan Rza Təhmasib, Əli Xəli­lov, Nağı Nağıyev, Kərim Kərimov, Əyyub Hü­seynov, Rüxsarə Ağayeva, Əliheydər Həsənzadə kimi müxtəlif peşə sahələrində çalışan ziyalıların Naxçıvanın maarif və mədəniyyət tarixi, ədəbi mü­hiti, aktyorları, şair və yazıçıları və başqa məsələ­lərlə bağlı məlumat və xatirələrini qeydə almışdır.

- Naxçıvan şəhərinin tarixi abidələri və qədim tikililərin ümumi görünüşünü fotolentə köçür­müşdür.

- Azərbaycanın tanınmış ədəbiyyatşünasları akademik Feyzulla Qasımzadə, Mir Cəlal, Əkrəm Cəfər, Məmməd Məmmədov, Xeyrulla Məmmə­dov, Kamran Məmmədov, tədqiqatçı Qulam Məmmədli, Teymur Əhmədov və Əbülfəz Hüsey­ni ilə tanış olmuş, namizədlik dissertasiyası üçün maraqlandığı “XIX əsrin sonu, XX əsrin əvvəllə­rində Naxçıvan ədəbi mühiti”, “Naxçıvan teatrı­nın tarixi”, “Əliqulu Qəmküsar və mətbuat”, “Mirzə Əli Möcüzün sənətkarlığı” “Sabir ədəbi məktəbi”, “Əbdürrəhim bəy Haqverdiyev və “Molla Nəsrəddin” jurnalı” mövzuları ilə bağlı onlardan elmi məsləhətlər almışdır.

- Naxçıvanda göstərilən ilk teatr tamaşası haqqında “İlk tamaşanın tarixi” adlı məqaləsi “Ədəbiyyat və incəsənət” qəzetində (23.VIII.1975) dərc edilmişdir.

- Azərbaycan Pedaqoji İnstitutu filologiya fakültəsinin Elmi Sovetinin qərarı ilə (19 noyabr 1975) həmin institutun Azərbaycan ədəbiyyatı ta­rixi kafedrasının dissertantı kimi “Mirzə Əli Mö­cüzün sənətkarlığı” adlı namizədlik dissertasiya­sının mövzusu təsdiq olunmuşdur.

1976-cı il - Azərbaycan Respublikasının müx­təlif arxiv və kitabxanalarında M.Ə.Möcüzlə bağ­lı mənbələri araşdırmaqla məşğul olmuşdur.

- Azərbaycanın tanınmış ədəbiyyatşünasları akademiklər Mirzə İbrahimov, Məmməd Cəfər Cəfərov, professorlar Əziz Mirəhmədov, Kamal Talıbzadənin tövsiyə və məsləhətlərini nəzərə alaraq tədqiqatlarını M.Ə.Möcüzün yaradıcılıq yolunun öyrənilməsi istiqamətinə yönəltmişdir.

1977-ci il - Azərbaycan Pedaqoji İnstitutun­dakı dissertantlığından imtina edərək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun İxtisas­laşdırılmış Şurasının təsdiq etdiyi (20 iyun 1977) “Mirzə Əli Möcüzün yaradıcılıq yolu” mövzusun­da namizədlik dissertasiyası üzərində işləməyə başlamışdır (akademik Mirzə İbrahimovun rəh­bərliyi ilə) .

1978-ci il - Pedaqoji fəaliyyət və namizədlik dissertasiyası üzərində işləməklə yanaşı Azərbay­can EA Nizami adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin çapa hazırladı­ğı “Cənubi Azərbaycan ədəbiyyatı antologiyası” üçün materiallar toplamaqla məşğul olmuşdur.

1979-cu il - Bakıda bir aylıq ixtisasartırma kursunda professorlar Əkrəm Cəfər, Fərhad Fər­hadov, Əziz Əfəndizadə, Bəşir Əhmədov və baş­qa mütəxəssislərin mühazirələrini dinləmişdir.

- Akademik Məmməd Cəfər Cəfərovun ana­dan olmasının 70 illiyi münasibəti ilə Naxçıvanda keçirilən yubiley tədbirlərində fəal iştirak etmiş və bu yubiley tədbirlərinə həsr olunan foto-albom tərtib edərək yubilyara təqdim etmişdir.

1980-cı il - “Mirzə Əli Möcüzün avtoqrafla­rı”adlı məqaləsi “Azərbaycan EA-nın Xəbərlə­ri”ndə (ədəbiyyat, dil, incəsənət seriyası, 1980. -№2) dərc olunmuşdur. Məqalədə Azərbaycan mətnşünaslığında ilk dəfə olaraq M.Ə.Möcüzün əlyazmaları üzərində apardığı araşdırmaların nəti­cələri əks etdirilmişdir.

1982-ci il - Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutu İxtisaslaşdırılmış Şurasında “Mirzə Əli Möcüzün yaradıcılıq yolu” mövzusun­da namizədlik dissertasiyası müdafiə etmişdir.

1983-cü il - Tərtibçilərindən biri olduğu “Cənu­bi Azərbaycan ədəbiyyatı antologiyası”nın ikinci cildi Bakıda “Elm” nəşriyyatı tərəfindən çap olunmuşdur.

1984-1985 - Qabaqcıl iş təcrübəsi əvvəlcə iş­lədiyi Naxçıvan şəhərindəki 5 nömrəli orta mək­təbdə (noyabr 1984), sonra isə Naxçıvan Muxtar Respublikasının bütün orta məktəblərində (aprel 1985) yayılmışdır.

- Azərbaycan Respublikası maarif nazirinin əmri ilə metodist-müəllim adına layiq görülmüş­dür (noyabr 1985).

- Azərbaycan Respublikası Maarif Nazirliyi, Ali Orta İxtisas Təhsil Nazirliyi və Azərbaycan Respublikası EA-nın birgə hazırladığı “Məktəb islahatının həyata keçirilməsi şəraitində Azərbay­can dili təliminin vəziyyəti və onun daha da tək­milləşdirilməsi yolları” mövzusunda Bakıda keçi­rilən elmi-praktik konfransda “V-VIII siniflər üçün Azərbaycan dili dərsliklərindəki tərif və qaydalar” mövzusunda məruzə etmişdir (noyabr 1985).

1986-cı il - Azərbaycan Respublikası EA Niza­mi adına Ədəbiyyat İnstitutu və Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun C.Məmmədquluzadənin anadan olmasının 120, “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 80 illiyi münasibəti ilə keçirdiyi elmi konfransda “C.Məmmədquluzadənin aktyorluq fəaliyyətini təs­diq edən bir sənəd” mövzusunda məruzə etmişdir.

- “Naxçıvan teatrına aid məqalə, xatirə və sənədlər toplusu” üzərində çapa hazırlıq işlərini başa çatdırmışdır.

1987-ci il - Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunda M.Ə.Sabirin anadan olmasının 125 illiyinə həsr olunmuş “Mirzə Ələk­bər Sabir və “Molla Nəsrəddin” ədəbi məktəbi” mövzusunda keçirilən elmi konfransda “XX əsr Azərbaycan şeirində Sabir ənənələri” mövzusun­da məruzə etmişdir.

1988-1989 - Ərəb əlifbasını öyrətmək məqsə­di ilə işlədiyi H.Cavid adına 5 nömrəli orta mək­təbdə şagirdlər, həmçinin muzey və kitabxana işçiləri üçün pulsuz kurslar təşkil etmişdir.

1990-cı il - Naxçıvan televiziyası ilə Cənubi Azərbaycan tamaşaçıları üçün də nəzərdə tutul­muş “Ayrılıq” və “Axtarış” verilişlərinə İrandan göndərilən məktubların bəzisini ərəb əlifbasından müasir Azərbaycan əlifbasına çevirmiş, bir qismi­ni fars dilindən Azərbaycan dilinə tərcümə etmiş, eyni zamanda adı çəkilən verilişlərin fəal iştirak­çılarından biri olmuşdur.

- İran İslam Respublikasına səfər etmiş, 11 günlük səfər müddətində Cənubi Azərbaycanın Təbriz, Mərənd, Ələmdar, Gərgər, Sofyan, Dizəc­xəlil və Şəbüstər kimi şəhər, qəsəbə və kəndlə­rində olmuşdur.

- Cənubi azərbaycanlı möcüzşünaslardan Y.Şeyda, M.Niqabi və M.T.Zehtabi ilə tanış ol­muş, həm onlardan, həm də Şəbüstərdə M.Ə.Mö­cüzü tanıyanlardan və onun pərəstişkarlarından şair haqqında xeyli tədqiqat materialları topla­mışdır.

- Təbrizdə Y.Şeyda H.Fəzlullahi (Ulduz), Aşıq Əli, Əlirza Miyanalı və başqa yaradıcı zi­yalılarla Şimali və Cənubi Azərbaycandakı ədəbi proses və müasir anadilli mətbuat haqqında fikir mübadiləsi aparmışdır.

- İran İslam Respublikasına səfərinin təəssü­ratlarını əks etdirən “Təbriz görüşləri” adlı iri­həcmli məqaləsi “Şərq qapısı” qəzetində (30.X. 1990) dərc olunmuş və bu məqalədə Cənubi Azərbaycandakı bəzi mətbuat orqanları, şair, yazıçı və ədəbiyyatşünaslar haqqında şimali azərbaycanlı oxucular üçün bir çox yeni məlumatlar verilmişdir.

1991-ci il - Cənubi Azərbaycan möcüzşünası M.Niqabinin M.Ə.Möcüzə həsr olunmuş qeyri-mətbu kitabının müqəddiməsini, Təbriz, Ərdəbil, Urmiya və Qaşqay şairlərinin bəzi şeirlərini Şimali Azərbaycan oxucularına təqdim etmişdir.

1992-ci il - Azərbaycan dili və ədəbiyyat fən­lərini tədris etmək üçün Naxçıvan şəhərində yeni fəaliyyətə başlayan Türk liseyinə dəvət olunmuş­dur.

1993-2004 - Naxçıvan Muxtar Respublika­sında test üsulu ilə sınaq imtahanlarının təşkili və keçirilməsində fəal iştirak etmişdir.

- Naxçıvan Türk liseyinin müəllimləri ilə bir­likdə pedaqoji təcrübə mübadiləsi aparmaq məq­sədi ilə Türkiyə Respublikasında səfərdə olmuş­dur (1995).

- Naxçıvan Türk liseyinin Hazırlıq Kursların­da Azərbaycan dili və ədəbiyyat fənlərini tədris etmiş, çap olunan sınaq kitabçalarının tərtibçilə­rindən biri olmuşdur (1996-1997).

- Naxçıvanda qonağı olan Cənubi Azərbay­canın tanınmış möcüzşünası Məmmədəli Niqabi­ni muxtar respublikanın bir sıra muzey, arxiv, ki­tabxana, təhsil müəssisələri və bəzi yaradıcı ziya­lıları ilə tanış etmiş və Naxçıvan televiziyası ilə M.Ə.Möcüzə həsr olunan xüsusi bir verilişdə M.Niqabinin şairlə bağlı araşdırmalarının nəticə­ləri haqqında məlumat verməsinə şərait yaradıl­mışdır (2002).

- Şəbüstərdə Şeyx Mahmud Şəbüstərinin mə­zarını ziyarət etmiş və orada “Xatirə kitabı”na yazmışdır: “Dostum ağayi-Niqabi ilə birlikdə bö­yük alim və mütəfəkkir Şeyx Mahmud Şəbüstə­rinin məzarını ziyarət etdik. “Gülşəni-raz”, “Səa­dətnamə” kimi əsərlərin müəllifi Şeyx Mahmud Şəbüstərinin fəlsəfi fikirləri bu gün də bizim üçün qiymətlidir. Şeyx Mahmud Şəbüstərinin türbəsini göz bəbəyi kimi qoruyan və onu təbliğ edən şəbüstərli dostlarımıza eşq olsun. 2.VIII.2002”.

- Təbriz Mərkəzi Kitabxanası və Tərbiyət kitabxanasında Azərbqycan ədəbiyyatı, xüsusilə M.Ə.Möcüzlə bağlı mənbələrlə tanış olmuş, Azər­baycanda çap olunan klassiklərin kitablarından bir qismini Təbriz Mərkəzi Kitabxanasına hədiyyə etmişdir (2003).

- Pedaqoji fəaliyyət sahəsində müvafiq xidmət illərinə görə təqaüdə çıxmış, elmı yaradıcılığını isə davam etdirmişdir (2004).

- Türkiyə Respublikası Ərzurum Universite­tinin kitabxanasında XX əsr Azərbaycan ədəbiy­yatına aid tükdilli mənbələri araşdırmaqla məşğul olmuş, ədəbiyyatşünaslığa aid bəzi monoqrafiyaları həmin kitabxanaya hədiyyə etmişdir (2004).

2005-ci il - Naxçıvanı Tədqiq və Tətəbbö Cə­miyyətinin fəaliyyətinə həsr olunan “Naxçıvanı öyrənən elmi cəmiyyət” adlı kitabı Bakıda “Nur­lan” nəşriyyatı tərəfindən çap olunmuşdur.

2006-2007 - Uzun illər üzərində işlədiyi M.Ə. Möcüzün “Biblioqrafiya”sının çapa hazırlıq işlə­rini başa çatdırmış və “Biblioqrafiya” Bakıda “Nurlan” nəşriyyatında çap olunmuşdur (2007).

- Cənubi Azərbaycanın məşhur alimlərindən Əziz Dövlətəbadi və Əbdülhüseyn Nahidi Azərlə tanış olmuş, söhbət zamanı onların ədəbiyyatşünas­lıq sahəsindəki araşdırmalarının istiqamətləri haq­qında ətraflı məlumat almış, Şimali Azərbaycan ədəbiyyatşünaslarının son illərdəki elmi araşdırma­ları barəsində isə onları məlumatlandırmışdır.

2008-ci il - AMEA Naxçıvan Bölməsi Rəya­sət heyətinin qərarı ilə İncəsənət, Dil və Ədəbiy­yat İnstitutu Ədəbiyyatşünaslıq şöbəsinin dokto­rantı qəbul olunmuş və “Mirzə Əli Möcüz: mühi­ti, müasirləri və ədəbi irsi” mövzusunda doktor­luq dissertasiyası üzərində işləməyə başlamışdır.

- Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur.

- “Mirzə Əli Mocüzün əlyazmaları” adlı kitabı Bakıda “Nurlan” nəşriyyatında çap olunmuşdur.

2009-2010 - M.Ə.Möcüzə həsr olunan 20-dək məqaləsi Azərbaycan, Türkiyə, İran, Rusiya və Kanada mətbuatında dərc edilmişdir.

- İranda (Xoy) çap olunan “Əndişeyi-fərhən­gi” məcəlləsində elmi yaradıcılığı və Cənubi Azərbaycan ədəbiyyatına aid araşdırmaları haqqın­da iranlı oxuculara məlumat verilmişdir (2010).

- “Cənubi Azərbaycan şairi Mirzə Əli Möcüz” monoqrafiyası Bakıda “Elm və təhsil” nəşriyya­tında çap olunmuşdur (2010).

- Türkiyə Respublikası Ordu Universitetində Güney Qafqaz xalqları dil, tarix, mədəniyyət əlaqə­ləri beynəlxalq elmi konfransında (25-28 noyabr 2010) “Türk ədəbiyyatının Mirzə Əli Möcüzün yaradıcılığına təsiri” mövzusunda məruzə etmişdir.

- İyirmi ildən artıq bir müddətdə Naxçıvan MR Dövlət Arxivində yerli ədəbiyyat, incəsənət və maarif xadimlərinin bir çoxunun şəxsi fond­larının yaradılması sahəsindəki fəaliyyətini geniş­ləndirərək Azərbaycan, Türkiyə və İranda ayrı-ayrı şəxslərdən, həmçinin müxtəlif arxiv və kitab­xanalardan əldə etdiyi nadir sənədləri, fotoşəkil­ləri, məktubları, əlyazmaları, xüsusilə M.Ə.Mö­cüzün həyat və fəaliyyəti ilə bağlı zəngin tədqiqat materiallarını 1986-cı ildə həmin arxivdə yaradı­lan 701 nömrəli şəxsi fonduna daxil etmişdir.

2011-ci il - “M.Ə.Möcüz. Biblioqrafiya”, “Mir­zə Əli Mocüzün əlyazmaları” və “Cənubi Azər­baycan şairi Mirzə Əli Möcüz” kitabları haqqında Türkiyə ədəbiyyatşünası dosent-doktor Bilgehan A.Gökdağın “Mirzə Əli Möcüz haqqında üç əsər” adlı məqaləsi Ankarada çıxan “Karadeniz araş­tırmaları” dərgisində dərc olunmudur.

- Naxçıvan Dövlət Universiteti nəzdində fəa­liyyət göstərən Dissertasiya Şurasında ”Mirzə Əli Möcüz: mühiti, müasirləri və ədəbi irsi” mövzu­sunda doktorluq dissertasiyası müdafiə etmişdir.


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə