Təsadüfən oldu



Yüklə 10,11 Kb.
tarix22.11.2017
ölçüsü10,11 Kb.
#11654

9 may, Berlin: 71 il sonra Qələbə günü söhbəti... - REPORTAJ

Təsadüfən oldu. Almaniyada yalnız bir-iki şəhərdə, “APA Holding”in Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsi ilə birgə reallaşdırdığı “Sərhəddənkənar azərbaycanlılar…” adlı layihə çərçivəsində diaspor nümayəndələri ilə görüşlər nəzərdə tutulsa da, Berlinə getmək planım yox idi.


Təsadüf nəticəsində Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazovla görüş planının ortaya çıxması, üstəlik Berlində yaşayan dostum Fərid Tağıyevin israrla Berlinə dəvət etməsi bu böyük şəhərlə yenidən və geniş tanışlığa səbəb oldu. Bu təsadüfün ən maraqlı, bəlkə də yazıya çevrilməsinin əsas səbəbi isə həmin gün mayın 9-u, alman faizmi üzərində qələbənin ildönümü olması idi. Bir az da obrazlı desək, faşizmi dünyaya doğan şəhərə faşizmin boğularaq məhv edildiyi gün gəlmiş oldum. Və gördüklərim həqiqətən məni təəccübləndirdi...
Ən əsası, bu gün Avropa İttifaqının beyin ölkələrindən olan, özünü SSRİ-nin varisi elan etmiş Rusiya ilə “soyuq müharibə” şəraitində olan Almaniyanın paytaxt Berlinin mərkəzi prospektlərindən birində hələ də turistləri təxminən 50 metr hündürlüyündə sovet əsgəri heykəli “qarşılayır”. Prospektdən heykələ uzanan yolda sovet tanklarının heykəlləri, yol boyu düzülən çələnglər, heykəlin ətrafında olan abadlıq, qələbənin ildönümü günü ora axışan insanlar.... Bütün bunlara baxanda adama elə gəlir ki, SSRİ dağılmayıb və hələ də “ADR” Almaniyasıdır...
Daha bir maraqlı əhvalat isə Reyxstaqın qarşısında oldu. Həmin gün orda təxminən 50-60 nəfərdən ibarət aksiya ilə rastlaşdım. Rusiya, keçmiş SSRİ bayraqlarını dalğalandıran aksiyaçılar Reyxstaqın qarşısında Almaniya hökumətini faşizmin varisi elan edir, kansler Angela Merkeli diktator adlandırır və onlardan xilas olmağa çağırırdılar. Aksiya, bizim təbirimizcə desək, insidentsiz başa çatdı...
Berlindəki almanlar çox qəribə təəssürat bağışladı. Bilmirəm, bu 9 may gününün təəssüratı idi, yoxsa həmişə belədir. İstənilən alman ilə faşizm, ümumiyyətlə, ikinci dünya müharibəsi ətrafında söhbət etdikcə ziddiyyətli təəssürat yaranır. Hər kəs, alman millətçisi belə, Hitleri, onun nasist hərəkatını pisləyir. Amma söhbət Almaniyanın müharibədə məğlubiyyətindən, özü də qarşı tərəfin məhz ruslar və ingilislər də olmasından söz düşəndə gah istehza, gah nifrət, gah da “yersiz söhbətdir, keçək başqa mövzuya” kimi reaksiyalar ilə qarşılaşırsan.
Mən almanlarda 70 il sonra da ruslara qarşı inamsızlıq və böyük bir ehtiyatlılıq hissinin hakim olduğunu gördüm.
Berlindən çıxanda məşhur Brandenburq darvazasının yanından keçirdim. Məni müşayiət edən dostumun yaxını olan bir alman iş adamı da bizimləydi. O, mənə bu darvazanın tarixini, sovet qoşunlarının Berlinə girən zaman buranın tutulması, necə zəbt olunması və hətta ora bayraq taxan əsgərlərə komandirlik edən zabitin adını dərin bir nifrətlə çəkdi. Rus adı dedi. Özü də qısa formada - Volodya (Vladimir). Öz aləmində kiçiltmək istəyirdi. Ona bu qədər əziyyət çəkməsinə ehtiyac olmadığını məsləhət gördüm: “Çünki bu darvazanı zəbt edən sizin dediyiniz hansısa rus olmayıb. O, mənim həmyerlim, azərbaycanlı, məşhur 223-cü diviziyanın komandiri olmuş general-mayor Heybət Heybətovdur. Çox təəssüf ki, ruslar onun adını dəyişərək Vladimir Zuvanov ediblər və hazırda qəbri də bu adla Bakıdadır. Siz faşizmdən xilas olmanız üçün təşəkkür etməli olduğunuz ünvanı tam seçməlisiz, necə ki, ölkəniz həmişə hər kəsə dəqiq ünvan göstərməyə cəhd edir...”
O sözümü yarıda kəsdi:
- Haqlısınız. Biz Sovet İttifaqı dağılandan sonra tam anladıq ki, o dövlət tək ruslardan ibarət deyil. SSRİ xalqlarının, xüsusilə də son illər siz azərbaycanlıların Almaniyada fəallığını gördükcə və sair, anlayıram ki SSRİ faşizmi hansı güclə məhv edib...
Mübariz Aslanov
Berlin, Almaniya.
mubariz1982@mail.ru
Yüklə 10,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə