The world of culture



Yüklə 99,17 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü99,17 Kb.
#1842
növüXülasə


 

 

77



MƏDƏNİYYƏT DÜNYASI 

Elmi-nəzəri məcmuə 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, 

XXII buraxılış, Bakı, 2011 

 

МИР КУЛЬТУРЫ

 

Научно-теоретический сборник 

Азербайджанский Государственный Университет Культуры и Искусств, 

ХХII выпуск, Баку, 2011 

 

THE WORLD OF CULTURE 

Scientific-theoretical bulletin 

Azerbaijan State University of Culture and Art, ХХII edition, Baku, 2011 

 

UOT 



141 

 

Afaq Məmmədova 

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq 

İnstitutunun

 böyük elmi işçisi 

AZ1073, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr.,25 

E-mail: 

mamedov.afaq@yandex.ru

 

 

 

ROMANTİZMİN FƏLSƏFİ TARİXİ QAYNAQLARI

  

 

Xülasə: Romantizm mənəvi mədəni həyatın universal fenomeni olub ictimai və 

fəlsəfi  fikir  tarixinin  inkişafında  Maarifçilikdən  sonra  zəruri  və  qanunauyğun  mərhələ 

kimi  yaranmışdır.  Romantizmin  fəlsəfəsinin  ideya-nəzəri  əsasları  klassik  yunan,  və 

postklassik fəlsəfəyə istinadən formalaşmışdır. Sokratın özündərki kamilliyə cəhd kimi 

dəyərləndirməsi,  ironiyayanın  qnoseoloji  rolu  haqqında  mülahizələri,  Platonun 

yaradıcılıq  prosesini  ideallaşdırması  və  ideyalar  aləmi,  Neoplatonizmin  ilahi  yaradıcı 

ruhun  təbiətdə  təzahürü haqqında  fikirləri,  Orta əsrlərin  teosentrizmi,  Spinozanın  pan-

teizmi, Russo və Herderin xalq ruhu ideyası, Kantın aqnostsizmi, Hegelin tarix fəlsəfəsi 

romantizm  fəlsəfəsinin  ideya  mənbələrini  təşkil  etmişdir.  Romantiklər  özlərindən 

əvvəlki  irsdən  qaynaqlanaraq  fəlsəfi  problematikaya  qeyri-ənənəvi  yanaşma  üsulunu 

tətbiq  etmiş,  mifologiya,  mistika  və  panteizmın  dirçəldilməsinə  nail  olmuş,  təfəkkür 

prosesində ezoterik, irrasional və qeyri elmi biliklərin roluna yüksək dəyər vermişdilər. 



Açar  sözlər:  Romantizm,  romantizm  fəlsəfəsi,  dünyanın  irrasional  mənim-

sənilməsi. 

 

XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  dünya  mədəniyyətində  təşəkkül  tapan 



romantizm  cərəyanının  fəlsəfi  əsasları  Almaniyada  Yena  məktəbində  formalaşmışdır. 

1798-1800-ci  illərdə  F.və  A.  Şlegellər,  L.Tik,  Novalis,  Şellinq,  Şleyermaher  və  başqa 

romantiklər Ateney jurnalında əməkdaşlıq etdikləri zaman Yena məktəbində qızğın fəl-

səfi  mübahisə  və  diskussiyalar  təşkil  edirdilər.  Klassik  və  ənənəvi  fəlsəfi  problemlərə 

yeni baxış və münasibət bir çox filosof və alimlərin diqqətini cəlb edir, marağına səbəb 

olurdu. 


Qeyd  etmək  lazımdır  ki,  hər  hansı  fəlsəfi  cərəyan,  istiqamət  və  ya  məktəbin 

formalaşması  bir  qayda  olaraq  əvvəlki  ənənələrə,  keçmiş  tarixi,  fəlsəfi  irsə  əsaslanır. 

Əlbəttə, həm dövrün zərurətə çevrildiyi və qarşıya qoyduğu problemlərin həlli, həm də 

yeni  yanaşmaların,  paradiqmaların  təşəkkülü həqiqətlərin  axtarışında təkamül tarixi  və 

prosesi genetik başlanğıcla əlaqələndikdə daha məqsədyönlü və əsaslı olur. Bu mənada 

belə  bir  ümumi  fikir  mövcuddur  ki,  romantizm  fəlsəfəsi  üçün  zəruri  müddəalar  antik 




 

 

78



dövrdə,  ilk  növbədə  insanı  “öz-özünü  dərk  etməyə”  çağıran  Sokratın  baxışlarında 

nəzərə çarpır. Hegelin qeyd etdiyi kimi: “Ruhun əsas dönüş məntəqəsi, onun öz-özünə 

müraciəti onun özündə fəlsəfi formada təcəssümünü tapmışdır” [2, 33], “ilk dəfə olaraq 

Sokratın  simasında  sonsuz  subyektivlik  və  özünüdərkin  azadlığı  yaranır”.  Sokrat  üçün 

özünüdərkin  təhlili,  ilk  öncə,  insanın  əxlaqi  ideala  çatmaq  cəhdi  ilə  bağlıdır.  Əxlaqi, 

xüsusilə,  xeyirxah  insan  bu  antik  mütəfəkkirin  fikrincə,  “bilən”,  “düşünən”,  müdrik 

insandır. Məhz belə bir ideyanın reallaşdırılması məqsədilə, ona müraciət etmək zərurəti 

romantiklər üçün önəmli olmuşdur.  

Romantizmin  fəlsəfəsinin  formalaşması  baxımından  digər  bir  mühüm  ideya 

kimi  səciyyələnən  ikidünyalılıq  ideyası  isə  antik  dövrdə  Platon  tərəfindən  işlənib 

hazırlanmışdı. Platon qəlbin dialektikasını təhlil edərək bildirirdi ki, qəlb ali dünyadan 

nüfuz edir və cismani ölümdən sonra, elə oraya da qayıdır. Xüsusi tale yalnız filosofun 

qəlbində  hazırlanmışdır:  yalnız  onun  ağlı  “qanadlanır”,  çünki  o,  qəlbin  dünyaya 

“köçürülməsindən” əvvəl, yaşadığı hissə qavranılmaz dünyasını “xatırlaya” bilir. Hisslə 

qavranılmayan  dünya  Platonda  əbədi  və  xalis  ideyalar  dünyası,  həqiqi  varlıq  dünyası, 

ilahi,  səma  dünyası  hesab  olunur.  Hissən  qavranılan  yer  dünyası  aşağı,  ötüb  keçən 

mövcudluq  dünyasıdır.  Bu  dünyalar  bir-birindən  ayrııqda  mövcud  olur  və  heç  vaxt 

birləşmirlər. Onların arasında dəfedilməz bir uçurum vardır. Platona görə, filosof yalnız 

ideyaların ali dünyasını seyr edir və belə müşahidə, seyretmə xalis intellektual xarakterə 

kəsb edir. Belə müşahidə filosofun fikrincə, yaradıcılıqdan yüksədə durur. Yaradıcılığı 

isə o, aşağı, empirik dünyaya aid edir. Romantizmdə isə seyretmə və yaradıclıq bir-biri 

ilə  sıx  bağlıdır,  biri  digərini  qarşılıqlı  surətdə  tamamlayır,  bəzən  isə  eyniləşdirilir. 

Yunan  dilində  şair  hərfi  mənada  “yaradıcı”  (demiurgos)  mənasını  bildirir.  Platon 

yaradıcılığın ümumi tərifini  də  verir:  “Yaradıcılıq geniş  anlayışdır.  Yoxluqdan  varlığa 

keçidi əlaqələndirən hər şey yaradıcılıqdır, nəticə etibarı ilə bütün incəsənət əsərlərinin 

yaradılmasını və peşələri yaradıclıq, bütün yaradanları isə yaradıcılar adlandırmaq olar”. 

[9,133] 

Platona  görə  insanın  vəzifəsi  İlkin  vahidə  qovuşmaqdan  ibarətdir.  Onunla 

birləşmə  vəcd  halında  mümkündür.  Ekstaz  ideyaları,  təbiətin  ilahi  gözəlliyi,  habelə 

mistik motivlər, platonizm və neoplatonizm ideyaları fəlsəfi romantizmdə özünəməxsus 

şəkildə əks olunmuşdur.  

Neoplatonizmdə  Platon  ideyalarının mənimsənilməsi,  yaradıcılığın mahiyyəti-

nin dərk edilməsi çərçivəsində İlkin vahidin şərhinə müraciətlə həyata keçirilir. İlkin va-

hid heç nədən asılı deyil və hər şeyin ilkin səbəbidir. Onun emanasiyası, təbiətə enməsi 

hər  şeyi  ilahi  nurla  işıqlandıraraq  və  təbiətin  sözlə  təsvir  edilə  bilməyən  gözəlliyini 

yaradaraq  varlığın  bütün  səviyyələrinə  nüfuz  edir.  Bütün  kainat,  bizim  onu  müşahidə 

etdiyimiz  kimi,  digər,  ali  başlanğıcdan,  Vahiddən  yaranmışdır,  o,  hər  şeyin  baş-

lanğıcıdır. Həmin başlanğıc, bu ən ali ruh özündə ən ali, ilkin gözəlliyi əks etdirir, o, bü-

tün  tamlığına  görə,  həcmi  etibarilə  gözəldir.  Əgər  dünyada  hər  şey  gözəl  təşkil  olun-

muşdursa, bu, ruhla bağlıdır, ruh necədirsə təbiət də elədir. İncəsənət əsəri kimi, təbiət 

nümunələri də hansısa müdrikliyi  yaradır. Onun mənbəyi  bütün tamlığı ilə gözəl olan, 

hisslə qavranılmaz dünyadır”. [4,198]  

Qeyd  edək  ki,  Romantizm  fəlsəfəsi  üçün  dini  mistika  xüsusi  əhəmiyyət  kəsb 

edirdi.  Bununla  yanaşı,  romantizm  fəlsəfəsi  üçün  səciyyəvi  olan  dini-mistik  meyl,  bu 

cərəyanının bütün nümayəndələrinə xas deyildir. Habelə, romantizm fəlsəfəsində mistik 

və panteizm cəhətləri çox vaxt ateist mahiyyət kəsb edirdi. 

Romantizm  fəlsəfəsinə  daha  çox  uyğun  gələn mistik  ənənə  (M.Ekxart,  Y.Be-

me, B.Paskal, A. Silezius və başqalarının simasında) təzahür etdi və fəaliyyət göstərdi. 

Bu ənənənin tərəfdarları iddia edirdilər ki, Allah insana ezoterik idraki vasitələrlə aşkar 



 

 

79



olur, lakin sona qədər dərkolunmaz olaraq qalır. A.Silezskiyə görə, o, yalnız “şeylərdə 

mövcuddur” (və hər şeydən əvvəl, insanda), dünya ilə bilavasitə əlaqədədir, lakin onun 

əsas sirri olaraq qalır: “Nə qədər çox şeyi dərk edirsənsə, Allah haqqında bir o qədər az 

bilirsən”  [10,  223].  Digər  tərəfdən:  “Allah  məndədir,  mən  Allahdayam.  Allah  məni 

özündə  yaratdığı  kimi,  mən  də  özümdə  Allah  haqqında  fikri  yaradıram”.  Erkən  ro-

mantiklərin  fəlsəfi  baxışlarının  təkamülündə,  onların  bütövlükdə mistik  kimi qəbul  et-

dikləri Spinoza xüsusi rol oynamışdır. Romantiklər onun panteist fəlsəfəsində gizli ola-

nın  dərk  edilməsinin  yeni  sistemini,  dünyanın  mistik  vahidliyini  görürdülər  və  təbiəti 

canlı orqanizm kimi və “onun daxilində Allahın” dərk edilməsini başa düşməyə meylli 

idilər. Bu, romantiklərə Spinoza da öz mifoloji yaradıcılığını dərk etməyə və “mistisiz-

min istənilən fərdi növ müxtəlifliyi” üçün “ümumi əsası” və “istinad nöqtəsini” tapmağa 

imkan vermişdi (F. Şlegel). [6,192]  

Romantizm  fəlsəfəsinin  mühüm  ideya  mənbələrindən  olan  İntibah  dövrünün 

antropologiyasında  yaradıcı  (sənətkar,  alim,  rəssam)  hər  şeydən  əvvəl,  öz  işinin 

ustasıdır. Ancaq İntibah dövrünün mütəfəkkirləri üçün yaradıcılığın ən ali forması bədii 

yaradıcılıq,  xüsusilə  rəssamlıq  hesab  olunurdu.  Onların  fikrincə,  o,  yaradılışın  ilahi 

məqamına  digərlərindən  daha  yaxındır.  Təbiətin  ilahi  gözəlliyini  dərk  edən  və  idrakın 

nəticələrini  incəsənətdə  təcəssüm  etdirən  rəssam  həqiqi  usta-yaradıcıdır.  O,  Allaha 

bənzər yaradır və ideal olanı öz sənəti vasitəsilə reallaşdırmağa cəhd edir. Əgər əvvəlki 

dövrlərdə  yaradıcılıq  və  idrakı  şərhlər  fərqlənirdilərsə,  İntibah  fəlsəfəsində  onlar 

yaxınlaışırlar. Dərk etmə həm idrak aktı, həm də anlama vasitəsi kimi çıxış edir, çünki 

yalnız  dərk  edərək  gizli,  qeyri-aşkar,  təzahür  edilməyəni  görmək  və  onu  təcəssüm 

etdirmək mümkündür.  

Əgər  antik  fəlsəfədə  insanın  ali  dünya  ilə  ünsiyyəti  intellektual  idrak  vasitəsilə 

səviyyəsində  reallaşdırıldısa,  orta  əsrlərdə  bu,  mistik  təfəkkür  vasitəsilə  həyata 

keçirilirdi, İntibah dövründə isə idrak başlıca yaradıcı fəaliyyət sferasına çevrilir. Həmin 

fəaliyyətin  mistik  tərkib  hissəsi  heç  vaxt  fəlsəfənin  diqqətindən  kənara  çıxmamışdır. 

Lakin Qərbi Avropa fəlsəfi ənənəsinin sonrakı inkişafı dövründə rasional mövqe hakim 

düşüncə tərzinə çevrildi. Yeni dövrün fəlsəfi rasionalizmi elmi biliklərin coşqun inkişafı 

nəticəsində  formalaşmışdı.  Onun  tərəfdarları  tarixi  tərəqqi  prosesində  elmi  biliklərin 

daim  artması,  maariflənmə  və  tərbiyənin  təkmilləşdirilməsi  əsasında  ağlın  dəyişdirici 

gücünə inanırdılar.  

XVIII  əsrdə  Qərbi  Avropa  fəlsəfi  ənənələri  çərçivəsində  yaradıclıq  ideyalarının 

ilk dəfə olaraq İntibah dövründə işlənib hazırlanmış yeni nəzəri əsaslandırılmasına cəhd 

edildi.  XVIII  əsr  –  təbiətin  və  insan  mahiyyətinin  dərk  edilməsi,  onun  intellektual  və 

sosial  təhkimçilikdən  azad  edilməsi,  maarifləndirilməsi  və  insanın  həqiqi  azadlığının 

əldə  edilməsi  ilə  bağlı  yeni  ümidlər  dövrüdür.  Bu  dövrdə  insan  fəlsəfi  refleksiyanın 

həqiqi məna  mərkəzinə  çevrildi.  Məsələn,  Kantın  fikrincə, fəlsəfə  üçün insandan  yük-

səkdə duran “predmet” yoxdur. Həmin dövrdə sosial və mənəvi azadlıq ümidləri insan 

və  onun  ağlı  üzərində  üstünlük  təşkil  edirdi.  Ağıl  böyük  dəyişiklik  yaradan  qüvvə, 

sosial ədaləti möhkəmləndirmək və ictimai inkişafın qanunauyğunluqlarını dərk etmək 

qabiliyyətinə malik, ictimai tərəqqi və yenidən qurma “aləti” kimi nəzərdən keçirilirdi.  

Romantiklərin  dünyagörüşü  də  məhz  belə  bir  humanist  istiqamətdə  formalaş-

mışdı.  Romantizm  İntibah  dövrünün  bütün  humanist  ideyalarını  mənimsəmişdi.  Lakin 

Maarifçilər  tərəfindən  təklif  edilən  insan  probleminin  həddən  artıq  rasionalistcəsinə 

dərk edilməsi romantizm tərəfindən dəf edildi.  

Tədqiqatlarda  Russo  fəlsəfəsi  antirasionalizm  və  antimaarifçiliyin  başlanğıc 

mərhələsinin  məhsulu  kimi  dəyərləndirilmişdir.  Bu  mənada  Russonun  insan  təbiətinin 

emosional-hissi  tərəfinin  müəyyənləşdirici  rolunun  və  rasional  başlanğıcın  əhəmiyyə-



 

 

80



tinin  digər  maarifçilərlə  müqayisədə  açıq  şəkildə  kiçildilməsinə  istinad  etmək  olar. 

Lakin  Russonun təlimində  bu  məqamlar,  xüsusilə  onların Avropa  mənəvi mədəniyyəti 

ilə  qarşılıqlı  təsirdə  nə  qədər  əhəmiyyətli  olsalar  da  onu  maarifçi  fikrin  çərçivəsindən 

tamamilə  çıxarmaq  mənasızdır.  Russonun  prinsipial  maarifçilik  ideyaları  danılmazdır. 

Bu ideyalar ilk növbədə “İctimai müqavilə haqqında” tarktatda öz əksini tapır. Burada 

təhsil  və  adətlər  vasitəsilə  ictimai  əxlaqı  formalaşdırmaq  və  təmayüllərə  istiqamət 

vermək  məqsədi  ilə  dövlətin  maarifləndirilməsi,  müdrik  hökmdarların  və  qanun-

vericilərin  tərbiyələndirici  rolu  kimi  vacib  məsələlər  irəli  sürülmüşdür.  Qadamer  belə 

bir  fikirdə  haqlıdır  ki,  romantiklər  Russonun  arxasınca  maarifçilərə  xas  olan  “dəyər 

meyarını”ağıl  və  hiss  arasındakı  nisbət  üzrə,  mənfini  müsbətlə  əvəz  etməklə,  onların 

maarifşi  fikrindəki  mücərrəd  ziddiyyətliliklərinə  toxunmadan  hərəkət  etmişlər.  Onlar 

mifin maarifçi formada başa düşülməsinə də analoji münasibət bildirmişdilər, Bu bütöv-

lükdə  daha  universal  əhəmiyyətə  malikdir.  Rasionalist  maarifçi  fikrin  şəxsi  ziddiyyət-

liliyini  dərk  etməklə  romantiklər  eyni  yolla  bir  çox  başqa  fikirlərə  də  münasibət 

bildirmişdilər.  

Romantiklər Maarifçilik ideologiyasından fərqli olaraq bildirirdilər ki, ağıl “dün-

yanın  azad  yaradıcısıdır”  Maarifçillərin  əksəriyyəti  isə  ağlı  obyektiv  dünyaya 

münasibətdə  “ikinci  dərəcəli”,  yaradıcılıqdan  məhrum  olan  passiv  anlayış  kimi  şərh 

edirdilər.  Təfəkkürün  tərkibi  dünyanın  insan  tərəfindən  əks  etdirilməsi  baxımdan  şərh 

olunursa, ağıl fəal dəyişdirici qüvvə kimi çıxış edə bilməz, çünki o, təbiətin qanunlarına 

və obyektiv zərurətə əsaslanmalıdır. Romantiklər və fransız Maarifçiləri arasında eləcə 

də,  ilkin  dünyagörüşü  prinsipi  məsələsində  fikir  ayrılığı  nəzərə  çarpırdı.  Romantizm 

fəlsəfəsi ilk növbədə, alman klassik idealizmi bazasında təşəkkül tapmışdı. O, mədəni-

tarixi  dəyişikliklərin  başlıca  mexanizmi  olmaq  etibarilə,  mənəvi  yaradıcılıq  ideyasının 

inkişafının əsası kimi çıxış etmişdir.  

Russodan sonra romantiklərin bilavasitə sələfləri sırasında Kant özünəməxsus yer 

tutur.  Kant  bədii-estetik  problemlərdə  müasir  bədii  həyatdan  və  hələ  formalaşmamış 

gələcək romantik incəsənətdən və romantik estetikadan nə qədər uzaq olsa da “Estetik 

mühakimə qabiliyyətinin tənqidi” əsərində romantiklərin zəruri şərtləri kimi çıxış edən 

bir  sıra  dəyərli  fikirlər  irəli  sürmüşdü.  Ümumfəlsəfi  mövqelər  baxımdan  Kantın 

ideyalarının romantik  fəlsəfənin  irrasionalist  ölçülərdə işlənib  hazırlanması məsələsinə 

uyğunsuzluğu  təsiri  bağışlaya  bilər.  Kantın  idrakın  dünyanın  azad  yaradıcısı  olması 

haqqındakı ideyası romantizm tərəfindən tam şəkildə qəbul olunmuşdu. Romantiklər də 

belə  hesab  edirdilər  ki,  sənətkarlar  adi  təqlidçi  deyil,  dünyanın  azad  yaradıcısıdırlar. 

Romantiklərə  görə,  dünyanın  elmi  mənzərəsinin  yaradılması  yaradıcılıq  yox, 

“quraşdırmadır”.  Yaradıcılığın  quraşdırmadan  fərqi  ondadır  ki,  yaradıcılıqda  ruh  üzvi 

fəaliyyət  subyekti  kimi  çıxış  edir,  quraşdırma  prosesində  isə  dünya  mənzərələri 

hissələrlə  yaradılır.  Romantiklər  Kantın  noumenlərin  insan  zəkası  üçün  əlçatmaz 

olduğu,  elmi  və  estetik  şüur  vasitəsi  dərk  edilmədiyi  fikrini  qəbul  etmirdilər.  Onlar 

Kantın  aqnostisizminə  tənqidi  münasibət  bəsləsələr  maarifçi  rasionalizmin  tənqidininə 

haqq  qazandırırdılar.  Romantizm  fəlsəfəsinə  görə,  zəka  Universumun  sirlərinə  nüfuz 

etməkdə aciz qalsa belə, insan dünyanı dərk etməyin başqa vasitələrinə də malikdir.  

F.Şlegeldə  zövq  mühakiməsi  həqiqətlə  əlaqələndirilir,  incəsənət  isə  ruhun  ob-

yektiv-ümumi  olanın mahiyətini  ifadə  etmək imkanı  baxımından  şərh  olunur.  Roman-

tiklər  həmçinin,  Kant  üçün  səciyyəvi  olan  estetik  qabiliyyətin  idraki  funksiyasının 

məhdudlaşdırılmasını əlverişli hesab edir və ona dini-mistik xarakteri verirlər. Məsələn, 

Novalis  qeyd  edir  ki,  yalnız  poetika  vasitəsi  ilə  dahi  sonlu  və  sonsuz  olanın  daxili 

ümumiliyini,  insan  və  universumun  qarşılıqlı  münasibətinin  sirrini  açır.  Novalis  üçün 




 

 

81



sözsüz,  hissən  qavranılmayan  (Kantda  nəzəri  ağlın  obyekti  kimi  çıxış  edə  bilməyən) 

məhz bədii təcrübədə dərk olunur.  

Kant ideyalarından sonra fəlsəfi məsələlərin yeni həlli yollarının axtarışı filosof-

romantiklərin  Fixteyə  müraciət  etməsi  ilə  nəticələnir.  Fixtenin  fəlsəfəsi  romantiklərin 

Kantın  “özündəşeylər”  haqqındakı  fikirlərinə  yeni  şəkildə  baxışlarına  səbəb  olur. 

Fixtedə yaradıcı insan ruhunun gücü (Mən) hüdudsuzdur və bu mənada “Mən” Allahla, 

Mütləqlə eynidir. Mütləq Mən Fixtedə özündən kənarda heç bir obyektə malik deyil. O, 

ağlın  fəaliyyəti  vasitəsilə  obyekti,  “Qeyri-məni”  özündən  yaradır.  Bu  halda  dünya 

müəyyən statik deyil, dinamik, daima inkişaf edən, yaradan və  yaradılan bütöv  “Mən” 

kimi çıxış edir. Dünyanın vahidliyi “mütləq Mənin” yaradıcılığındadır. Fixte Kant kimi, 

üstünlüyü  təfəkkürə  verir,  yaradıcılığı  ağıl  ilə  əlaqələndirir.  Fixtenin  mövqeyinin 

Kantdan  fərqi  bundan ibarətdir ki,  Fixteyə  görə ağıl mütləq  xarakterə  malikdir,  o, heç 

bir  məhdudiyyət  və  ya  maneə  ilə  üzləşmır.  O,  qüdrətli  Mütləq  kimi  çıxış  edir.  Əgər 

Kantda  idrak  fenomenlər  dünyası  ilə  məhdudlaşırsa,  Fixtedə  o,  heç  bir  hüduda  malik 

deyil.  İdrak  təxəyyül  qabiliyyəti  əsasında,  subyektin  mütləq  yaradıcılığı  kimi 

mənalandırılır. [8, 155] Yaradıcılıq subyekti Fixtedə Allahla eynimənalıdır. Fixte üçün 

dünyanın dərkedilənliyi problemi mütləq, transsendental subyektin fəaliyyəti sayəsində 

həll edilmişdir. “Mən” dünyanı özünüdərk yolu ilə, tamamilə azad şəkildə, rəssam kimi 

heç  nədən  yaradır.  Fixtedə  subyektin  hüdudsuz  yaradıclıq  azadlığı  ideyası  xüsusilə, 

romantiklərə uyğun gəlir. Bu mənada Fixtenin idealizmi Kant ilə müqayisədə romantik 

dünyagörüşə  daha  yaxındır.  Novalis  və  F.Şlegel  üçün  Fixte  fəlsəfəsi  “varlığın  varlıq 

kimi  çıxış  etməsinə  imkan  verən”  ruhun  özfəaliyyət  yaradıcılığına  müəyyən  bir 

çağırışdır.  Fixtenin  ideyaları  “romantizmlə  elə  sıx  şəkildə  qovuşmuşdur  ki,  onlarsız 

romantizm sanki, özünün əhəmiyyətli hissəsini itirmiş olardı” [8, 155].  

Fixte yaradıcılığı romantizm fəlsəfəsi üçün başlıca ideya mənbələrindən biri kimi 

çıxış  etmişdir.  Fixtenin  təlimində  insan  dünya  və  onun  qanunlarının  yaradıcısı  və 

daşıyıcısı kimi səciyyələndirilir. O, öz mənəvi “Mənini” öyrənərək Mütləq haqqındakı 

biliklərə  yiyələnir.  Buna  müvafiq  olaraq  romantizm  fəlsəfəsində  yaradıcı  ruh  dünyanı 

yaradan  və  özündə  ali  sintezi  təcəssüm  etdirən  reallıq  statusu  əldə  edir.  Romantizm 

fəlsəfəsində  ruh  mütləq-yaradıcı  başlanğıc  kimi  ali  substansiya,  qanunverici  əsas, 

sonsuz vəhdət və tamlıq kimi çıxış edir.  

F.Şlegel Fixte fəlsəfəsini ardıcıl idealizm “xalis fəlsəfə”, “Mənin” özünüdərkinin 

nəticəsi kimi səciyyələndirir. Mütləq özünü dərketmə prosesində “Mən”in fəaliyyətinin 

yaradıcılıq  prinsipini  gerçəkləşdirir.  O,  yaradıcılıq  prosesində  öz-özünü  dərk  edir.  Bu 

mənada  Fixtedə  özünüdərk  yaradıcılıq  aktıdır,  çünki  “Mən”  öz-özünü  məhz  onda 

yaradır. Fixte bunu “intellektual dərketmə” və ya “intuisiya” adlanır. “Bu, aktın yerinə 

yetirilməsi zamanı filosofdan tələb olunan dərketmədir, bunun sayəsində filosofda Mən 

yaranır,  mən  onu  intellektual  intuisiya  adlandırıram.  O,  fəaliyyətdə  olanın  və  mənim 

hansı  fəaliyyəti  həyata  keçirdiyimin  bilavasitə  dərk  edilməsidir;  o,  mənim nəyisə  dərk 

etməyim və bu nəyisəni yaratmağımdır”. [7, c-1, 452]  

Romantizm  Fixte  fəlsəfəsini  “yaradıcı  ruhun  azadlıq”  konsepsiyası  kimi  qəbul 

etmişdir.  Bununla  yanaşı,  romantizm  fəlsəfəsində  Fixtenin  ifrat  subyektivizmi  və 

rasionalizmi qəbul edilməmişdir.  

Şellinqdə olduğu kimi, romantiklərdə təbiət, canlı inkişaf edən orqanizmdir, buna 

görə də bədii əsər, hər hansı “dünya poeması”, Dünya qəlbi kimi nəzərdən keçirilə bilər. 

O,  “ilkin,  daha  şüursuz  poeziya  ruhu  kimi  çıxış  edir”.  Bizim  tərəfimizdən  təbiət 

adlandırılan  şey  möcüzəli  örtük  [5,c-1,393]  altında  gizlənmiş  poemadır.  Vindelbandın 

fikrincə,  Şellinq  fəlsəfəsi  ən  başlanğıcdan  əsasən  elmi  sistem  kimi  yox,  “füsunkar 

gözəllk” poeması kimi düşünülmüşdür. [1, 55] 



 

 

82



Romantizm  fəlsəfəsində  təbiət  estetik  və  mistik  mahiyyətə  malikdir.  Şellinq ro-

mantik filosof kimi təbiəti ilahiləşdirir və onu bədiiləşdirirdi. Novalisin fikrincə, təbiət 

özü “xalis poeziyadır”. Təbiətdə hər şey müqəddəsdir, əhəmiyyətlidir və özündə vahid 

Allahı  gizlədir.  Dünyanın  bütün  cisimləri  müqəddəsdir  və  hər  bir  cismdə  biz  yenidən 

ilahi olanı tapırıq. Romantiklərin bu ideyaları onların obyektiv idealizmə keçidini ifadə 

edir  və  bu,  B.Spinoza  və  F.Hemsterqeysin  panteist  fəlsəfəsinin  təsiri  altında  həyata 

keçirilirdi. [9.116] 

Romantiklər  təbiəti  obyektiv  reallıq  kimi  qəbul  edərək,  onu  estetikləşdirmək  və 

mistikləşdirməklə  yaradıcılıq  subyektinə  də  başqa  nöqteyi  nəzərindən  yanaşırdılar. 

Yaradıcılıq subyekti (“Mən”) romantiklərdə Fixte təlimi ilə müqayisədə fərqli mahiyyət 

kəsb  edir.  O,  alim  və  ya  filosofdan  çox,  rəssam,  şair  və  dahidir.  Bu  fərqlər  Fixte 

rasionalizminin  qəbuledilməzliyi  ilə  şərtlənir.  Fixte  ruhun  mütləq  yaradıcı  gücünün 

olduğunu iddia edərək yaradıcılğı təfəkkürün zəkalı fəaliyyəti (“intellektual dərketmə”), 

dünyanın  bütün  rəngarəngliyini  özündən  kənarda  yaradan  “Mənin”  xalis  özünüdərki 

kimi  başa  düşürdü.  Romantiklər  Fixtenin  “mütləq  Məninin”  yerinə  rəssamın  bədii 

fərdiliyini qoyaraq, fəlsəfi refleksiyanı incəsənətlə, yaradıcılığı isə mədəniyyət yaradan 

fəaliyyətlə eyniləşdirərək subyektin məqsədyönlü estetikləşdirilməsinə cəhd edirdilər.  

“Mənin” universal prinsipi “transendental-bədii Məndir” və bu da “azad olur” və 

“bizim daxilimizdə sonsuz-azad fəaliyyətin mühərriki” kimi çıxış edir. Bu ideya ilk dəfə 

Kant  tərəfindən  irəli  sürülmüş,  daha  sonra  isə  Fixte  təlimində  “təxəyyülün  məhsuldar 

qabiliyyəti”  ideyası  ilə  əsaslandırılmışdır.  Romantizm  fəlsəfəsində  bu  fikirlər  “dahinin 

bədii  fantaziyasına”  müncər  olnumuşdur.  Yaradıcılıq  təfəkkürün  yox,  hislərin,  təəs-

süratların, həvəsin və fantaziyaların müəyyən etdiyi estetik (mistik) dərketmə vasitəsilə 

həyata keçirilir. Fixtenin “Elm təlimi”-ndəki “intellektual intuisiya” anlayışı romantizm-

də “Allahıın əşyalarda estetik dərk edilməsi” anlayışına, təbiətin (Universumun), onun 

elm üçün əlçatmaz olan dərin mahiyyətinin dərk edilməsinin ali forması kimi çıxış edən 

intuisiyaya çevrilir.  

F.Şlegelin  fikrincə,  ilk növbədə  estetika  bizi intellektual  intuisiyaya  aparır.  No-

valis intuisiyanı neoplatonizm ruhunda “ekstaz”, “daxili işıq” fenomeni, subyetin daxili 

affekt  vəziyyəti  kimi  başa  düşürdü.  Onun  daxilində  Spinozanın  “Allaha  qarşı  intel-

lektual  məhəbbəti”  transformasiya  olunur,  Novalis  bunu  “Allahdan  məst  olmuş”  insan 

adlandırır.  Romantiklərə  görə  bütün  varlıqlarda  Allahın  mövcud  olması  “mücərrəd 

spekulyasiya” kimi yox, hiss, estetik təcrübə kimi ifadə olunur. [10, 219-220] 

Romantizmdə  subyekt  və  onun  yaradıcılığının  məqsədyönlü  estetikləşdirilməsi 

ona gətirib çıxardı ki, mənəvi mədəniyyət çərçivəsində fəlsəfə və incəsənətin nisbətinə 

dair baxışlar prinsipial olaraq dəyişikliyə məruz qaldı. Erkən romantizmdə incəsnət dün-

yagörüşünə, fəlsəfə estetikaya, estetika isə ontologiyaya  çevrilir. Estetika romantizmdə 

ontoloji  status  əldə  edir,  incəsənətə  “geniş  kosmik  əsas”  [3,  383]  verən  “estetiklik 

prinsipi” isə romantiklərdə həqiqi  olanın,  yəni  ilahi,  sintetik  biliyin  prinsipi  kimi  çıxış 

edir.  Başqa  sözlə,  romantizmdə,  estetika  fəlsəfi  biliyin  ayrıca  bir  hissəsindən  (maarif-

çilərdə olduğu kimi) ayrıca dünyagörüşünə, fəlsəfi təfəkkürün məğzinə çevrilir.  

Beləliklə, romantizmin formalaşdığı dövrdə Qərbi Avropa fəlsəfəsindəki bir sıra 

konsepsiyalarda  insanda  estetik  başlanğıcın  mütləqləşdirilməsi  meyli  təşəkkül  tapdı. 

Romantik  fəlsəfə  sanki  bu  meylin  inkişafının  nəticəsi  kimi  çıxış  edirdi.  Romantizm 

fəlsəfəsində  estetika  metafizikaya  çevrildi.  Daha  sonralar  incəsənətin,  fəlsəfənin  və 

dinin vəhdəti haqqında müddəa işlənib hazırlandı.  

Alman klassik idealizmi romantizmin daha bir mühüm cəhətini-məhz insan yara-

dıcılığına, mədəniyyətə tarixi baxışı şərtləndirdi. Romantiklərin tarixiliyi onların estetiz-

mi ilə qırılmaz sıx bağlıdır. Bu kontekstdə romantik estetizmin fərqləndirici xüsusiyyəti 



 

 

83



ondan ibarətdir ki, o, incəsənət (ümumən mədəniyyət) tarix kimi nəzərdə tutulur və pro-

ses  kimi  nəzərdən  keçirilir.  F.Şlegelin  yazdığı  kimi:  “İncəsənət  bilikdə  gizlənir,  incə-

sənət haqqında elm isə onun tarixidir” [6,170]. F.Şellinq incəsənət haqqında elmi müəy-

yən bir “tarixi təşkiletmə” kimi şərh edir və bu, universumda incəsənətin özünün yerni 

müəyyən etməlidir. Bu yerin müəyyən edilməsi incəsənətin vahid definisiyasıdır.[5, 72] 

Yeni  dövr  Avropa  postklassik  fəlsəfəsinin  ilk  forması  olmuş  Romantizm  bir 

tendensiya  kimi  müxtəlif  fikir  cərəyanları  və  filosofların  dünyagörüşündə  inkişaf  et-

dirilirdi.  Fəlsəfi  problemlərin  klassik  əsaslarının  nəzərdən  keçirilməsi  demək  olar  ki, 

romantik  təfəkkürdə  əsaslandırılmış  üç  təməl  prinsipdə  daha  aydın  ifadə  olunmuşdu: 

irrasionalizm,  subyektlə  obyektin  fundamental  eyniyyəti  və  tarixilik.  Romantizm 

cərəyanının  fəlsəfi  mənbələrinin nəzərdən  keçirilməsi  belə  qənaətə  gəlməyə  əsas  verir 

ki,  romantiklərin  öz  yardıcılığında  başlıca  diqqət  yetirdikləri  ideyalar  -  insan  ruhunun 

yaradıcı  fəallığı,  estetiklik,  subyektin  estetikləşdirilməsi,  tarixilik  ideyalarıdır.  Roman-

tizm fəlsəfəsində panteist, estetik və mifoloji mahiyyət kəsb etmiş romantik mədəniyyət 

konsepsiyası formalaşmışdır. Lakin, bu konsepsiyanı bitkin sistem kimi deyil, çoxsaylı 

esselər,  fraqmentlər,  aforizmlər,  tarixi,  fəlsəfi  traktatlar  və  bədii  əsərlərin  hərtərəfli 

tədqiqi əsasında təşəkkül tapmış görüşlər sistemi kimi dəyərləndirmək olar.  

Göründüyü kimi, Romantizmin fəlsəfəsi yeni və özünəməxsus olması ilə yanaşı 

dərin köklərdən rişələnmişdi və klassik fəlsəfi ənənələrdən qaynaqlanmışdı.  

 

Ə



dəbiyyat: 

 

1.



 

Виндельбанд. В., Избранное. Дух и история, М., Юрист, 1995, 687 с. 

2.

 

Гегель Г.В.Ф Лекции по истории философии.Кн.3. СПб 1994.стр.536  



3.

 

Михайлов А.В. Эстетические идеи немецкого романтизма // Эстетика немецких романтиков. М., 



1986; 434с. 

4.

 



Плотин. Сочинения//Плотин в русских переводах// Киев, 1995, 243 с 

5.

 



Шеллинг Ф.В.Сочинения в 2 т., т-1., М., Мысль,1987,637 с.,II,1989, 636 с. 

6.

 



Шлегель Ф. Эстетика. Философия. Критика. Т.2. М., 1983, 271 с. 

7.

 



Фихте И.Г.Избр.соч.т-1., М., 1916, стр 480 

8.

 



Wheeler K. M. Kant and romanticism // Philosophy a. lit. Baltimore, 1989. Vol. 13, N 1. P. 425. 

9.

 



Philosophical romanticism, Routledge, 2006, 304 p. 

10.


 

Manfred Frank

. The philosophical foundations of early German romanticism, SUNY Press, 2004, 286 p. 

 

 

Афаг Мамедова

 

Историко

-философские источники романтизма 

Резюме

 

 

Как  универсальное  явление  духовно-культурной  жизни  романтизм  возник  в  качестве  необхо-

димого  и  закономерного  этапа  в  развитии  философской  мысли  после  Просвещения.  Идейно-

теоретические источники философии романтизма формировались на основе классической греческой и 

постклассической философии.  

Оценка Сократом самопознания как стремление к совершенствованию, его рассуждения о гно-

сеологической роли иронии, мир идей Платона и идеализация им творческого процесса, идеи неопла-

тоников о проявлении в природе божественного творческого духа, теоцентризм средневековья, панте-

изм Спинозы, идеи  Руссо и  Гердера о духе народа, агностицизм Канта, философия истории Гегеля  – 

все это составило идейный источник философии романтизма. Опираясь на предшествующее наследие, 

философы-романтики осуществили нетрадиционный подход к философской проблематике, возродили 

мифологию,  мистику  и  пантеизм,  высоко  ценили  в  творческом  процессе  роль  эзотерического,  ирра-

ционального и ненаучного знания.  

 

Ключевые  слова:

  романтизм,  философия  романтизма,  романтизм,  герменевтика,  иррацио-

нальноe освоения мира. 

 



 

 

84



Afaq Mammadova 

Historical and philosophical sources of Romanticism 

Summary 

 

As  a  universal  phenomenon  of  spiritual  and  cultural  life  romanticism  emerged  as  a  necessary  and 



natural stage in the development of philosophical thought since the Enlightenment. Ideological and theoretical 

sources  of the philosophy of romanticism  were  formed  on the  basis  of  classical Greek philosophy and  Post-

classic. Evaluation of Socrates as a desire for self-improvement, his arguments about the epistemological role 

of irony, the world of ideas of Plato and the idealization of the creative process, the ideas of the Neoplatonists 

of the manifestation in nature of the divine creative spirit theocentrism Middle Ages, the pantheism of Spino-

za,  Rousseau  and  Herder’s  ideas  about  the  spirit  of  the  people,  agnosticism  of  Kant,  Hegel’s  philosophy  of 

history - all this was the ideological source of the philosophy of romanticism. Building on previous heritage, 

philosophers romance  implemented an unconventional approach  to  philosophical issues, revived  mythology, 

mysticism and pantheism, highly prized in the creative process of the role of esoteric, irrational and unscien-

tific knowledge. 



Keywords: Romanticism, philosophical romanticism, irrational development of the world 

 

 

 

Məqalənin redaksiyaya daxil olma tarixi: 23.09.2011 

Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 29.09.2011 

Məqalənin çapa qəbul olunma tarixi: 19.10.2011 

Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: fəlsəfə doktoru, dosent Apdin 

Əlizadə 


ADMİU

-nun Elmi Şurasının 20 dekabr 2011-ci il, 4 saylı qərarı ilə çap olunur. 

 

 

 

Yüklə 99,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə