Türkiyə Böyük Millət Məclisinin millət vəkillərindən ibarət nümayəndə heyəti
Bakı Ali Neft Məktəbində olmuşdur
Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan
Parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvarın başçılığı ilə Bakıda səfərdə
olan TBMM-nin millət vəkilləri Mustafa Kabakcı ,İdris Güllüce, Adnan Yilmaz, Tulay
Selamoğlu, Suay Alpay və Alpaslan Kavaklıoğlu Bakı Ali Neft Məktəbində olmuşdurlar.
Tədbirdə çıxış edən E.Qasımov bildirmişdir ki, Azərbaycan və Türkiyə qardaş və
dost dövlətlər olmaqla yanaşı eyni zamanda bütün sahələrdə ən yaxın müttəfiq
dövlətlərdir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət iki
dövlətdir” ifadəsini vurğulayan E.Qasımov qeyd etmişdir ki, hər iki dövlət ölkələrimizlə
bağlı məsələlərin həllində bərabər addım atır və hər hansı bir yaranmış maneənin aradan
qaldırılması üçün bir-birinə dəstək olur. Azərbaycanın və Türkiyənin keçdiyi tarixi və
inkişaf yolundan danışan E.Qasımov vurğulamışdır ki, bu gün dünyada aparılan ikili
siyasi yanaşma olmasına baxmayaraq, ölkələrimiz bütün sahələrdə sürətlə inkişaf edərək
yerləşdikləri coğrafi regionun aparıcı dövlətlərinə və dünya dövlətləri üçün əhəmiyyətli
müttəfiqə çevrilmişdirlər. Azərbaycanda müxtəlif sahələrdə həyata keçirilən uğurlu
layihələrdən və islahatlardan danışan rektor bildirmişdir ki, ölkə başçısı cənab İlham
Əliyevin ən önəm verdiyi sahələrdən biri də məhz təhsil sahəsidir. Azərbaycan prezidenti
cənab İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirməliyik” şüarı da məhz bu
sahəyə verilən önəmin göstəricisidir. Daha sonra, Bakı Ali Neft Məktəbi haqqında
qonaqlara ətraflı məlumat verən rektor bildirmişdir ki, ali məktəbin yaradılmasında əsas
məqsəd inkişaf edən ölkəmiz, eyni zamanda istər Azərbaycanda, istərsə də xaricdə
fəaliyyətini genişləndirən və artıq transmilli şirkətə çevrilən ARDNŞ üçün beynəlxalq
standartlara cavab verən, ingilis dilli kadrların hazırlanması olmuşdur.
Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun
rəhbəri Necdet Ünüvar Azərbaycan və Türkiyə dövlətlərinin birgə həyata keçirdikləri
siyasi–iqtisadi strategiyanın önəmi haqqında ətraflı məlumat verərək bildirmişdir ki, bu
strategiyadan ən önəmlisi bizi bağlayan qardaşlığımızdır. Bu gün iki qardaş dövlət
birləşərək dünya və region dövlətləri üçün bir çox önəmli layihələrə imza atmışdır. O,
qeyd etmişdir ki, Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum qaz kəməri, Bakı-Tibilisi-
Axalkalaki-Kars dəmir yolu xətti, TANAP və s. digər layihələr bunun bariz
nümunələrindəndir.
Mustafa Kamal Atatürkün “Kafkazların o biri tarafında bizim kardeşlərimiz
var.Ve bir gün gelecek biz mutlaka onlara kovuşacağız” qardaşlığı təcəssüm etdirən tarixi
nitqi ilə çıxışa başlayan TBMM-üzvü, millət vəkili Mustafa Kabakçı vurğulamışdır ki,
Azərbaycanın gücü Türkiyənin gücü, Türkiyənin gücü isə Azərbaycanın gücüdür.
M.Kabakçı tələbələrə xitab edərək bildirmişdir ki, bu şərəfli missiyanı qorumaq və daha
da gücləndirmək artıq sizlərin üzərinə düşür.
Tədbirdə çıxış edən digər millət vəkilləri Azərbaycan-Türkiyə arasındakı qardaşlıq
bağları, tarix boyu düşmənlərə qarşı birgə mübarizəsi və bugünkü uğurları haqqında
ətraflı məlumat vermişdirlər.