Тясяввцф нурунун ики чыраьы



Yüklə 1,78 Mb.
səhifə1/11
tarix22.11.2017
ölçüsü1,78 Mb.
#11618
  1   2   3   4   5   6   7   8   9   10   11


Fəlsəfi incilər kitabxanası




Təsəvvüf nurunun iki çırağı:

Mənsur həllac



Sərrac Tusi

1

Bakı - 2007



Az

E 46

Kitab İsa NƏCƏFOV və Vidadi MƏMMƏDOVUN təşəbbüsü

və yardımı əsasında tərcümə və çap olunmuşdur.



Ərəb dilindən tərcümə edən,

ön sözün giriş məqalələrin müəllifi: KönÜl BÜNYADZADƏ

fəlsəfə elmləri namizədi


Elmi məsləhətçi: Zümrüd QULUZADƏ

fəlsəfə elmləri doktoru
Redaktor: Zakir QASIMOV

fəlsəfə elmləri namizədi

Seriyanın tərtibat

və illüstrasiyalarının


rəssamı: Fikrət ƏLƏKBƏROV

Təsəvvüf nurunun iki çırağı: Mənsur Həllac və Sərrac Tusi.

Bakı, «Adiloğlu» nəşriyyatı - 2007, 216 səh. (5 şək.)
Təqdim olunan kitabda X əsrin iki görkəmli sufi mütə­fəkkirinin – Mənsur Həllacın «Kitab ət-Təvasin» əsərinin və Sərrac Tusinin «əl-Lümə‘» traktatından hissələrin tərcüməsi verilmişdir.

Eyni zaman kəsiyində yaşasalar da, təsəvvüfün ayrı-ayrı qollarına və dövr­lərinə mənsub olan iki şeyxin yaradıcılığına müraciət etməklə biz həm tə­sə­vvüfün zahiri fərqliliklərə baxmayaraq, vahid prinsiplərə əsaslanan sistemli bir təfəkkür forması olduğunu əyani şəkildə göstərməyə, həm də şərh xarakterli və hər kəs üçün nəzərdə tutulan «əl-Lümə‘» vasitəsilə rəmzi dillə yazılmış və yal­­nız seçilmişlər üçün aydın olan «Təvasin»ə bir açıqlama gətirməyə çalışmışıq.

Ərəb dilindən ilk dəfə Azərbaycan dilinə tərcümə edilən hər iki əsər təsəvvüfün mahiyyəti və fəlsəfəsi ilə tanış olmaq istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

4322110018



E qrif­li nəşr

121-2007 © İsa Nə­cə­fov, 2007

© Vi­dadi Məm­mə­dov, 2007

© «Adi­loğ­lu» nəş­riy­yatı, 2007




Mündəricat


Adların indeksi Error: Reference source not found198



Terminlərin indeksi Error: Reference source not found


Ö N S Ö Z

Son dövrlər təsəvvüfün həm nəzəriyyəsi, həm də praktikası aktual mövzulardan birinə çevrilmişdir. Maraqlıdır ki, təsəvvüf barədə fikir söyləyən, mühakimə yürüdənlər arasında ixtisaslı tədqiqatçılarla yanaşı, təsəvvüf haqqında səthi məlumatı olan şəxslər də az deyil. Əlbəttə, İnsanın mənəvi aləmini zənginləşdirən, ona imanın, İnsan adının ucalığını anladan bu dünyagörüşün ictimai-sosial sıxıntılardan bir çıxış yolu göstər­di­yi­ni, bir könül rahatlığı verdiyini nəzərə alsaq, bu gün də təsəvvüfə təşəkkül tapdığı dövrlərdə olduğu kimi, marağın artma­sı­nı yaxşı hal tək qiymətləndirmək olar. Lakin yenə tarixə nəzər salsaq, görərik ki, təsəvvüf məhz onu dərk etməyən, yaxud onu öz şəxsi mənafeyi üçün istifadə edən şəxslər tərəfindən təhrif edilmiş, əsl mahiyyətindən uzaqlaşdırılmışdır. Nəticədə təsəvvüf haqqında zid­diyyətli fikirlər yaranmış, onun məqsəd və mahiyyəti arxa plan­da qalmış, onu ya bidətçi bir təlim, ya da ortodoksal din çərçi­vəsindən kənara çıxmayan bir dünyagörüşü kimi təqdim etmişlər.

Deyilənləri nəzərə alaraq, problem haqqında dolğun və düzgün məlumat əldə etmək üçün, zənnimizcə, təsəvvüf ilk növbədə onun görkəmli nümayəndələrinin öz əsərləri əsasında öyrənilməlidir.

Təqdim olunan kitabda təsəvvüfün iki böyük şəxsiyyətinə müraciət edilir: Mənsur Həllac və Sərrac Tusiyə. Əslində, bizim tərəfimizdən hər iki mütəfəkkir haqqında müəyyən tədqiqat aparılıb oxucunun hökmünə verilmişdir (1; 6). Lakin hazırkı kitabda təsəvvüf bir növ iki bir-birinə zidd hesab edilən qolun nümayəndələrinin dünyagörüşü əsasında təqdim edilir.

Əvvəla, məlum olduğu kimi, təsəvvüfün hələ erkən illərində sahv (ayıq) və səkr (sərxoş) hallarına uyğun olaraq sufiləri təmkinlilər və sərxoşlar adı altında iki qola ayırmışlar. Sonralar bu bölgü daha da kəskinləşdirilərək mötədil və ifrat sufizm kimi xarakterizə edilmişdir ki, bu da müəyyən mənada təsəvvüfün ma­hiy­yətinin təhrifinə səbəb olmuşdur. Əslində, eyni prinsiplər­dən çı­xış edən və onları heç bir halda pozmayan hər iki qolun nü­ma­yən­dələri yalnız həyat tərzlərində, davranış qaydalarında fərqlən­miş­lər. Belə ki, təmkinlilər adından da göründüyü kimi, daha çox təmkinli olmağın, öz hiss və duyğularını gizli saxlamağın tərəf­da­rı, şəthiyyat söyləməyin isə əleyhinə olmuşlar. Belə sufi mütə­fək­kir­lərə nümunə kimi Haris Mühasibini (857),1 Səri Səqatini (870), Sə­hl Tüstərini (896), Cüneyd Bağdadini (910)2 və onların bəzi davamçılarını göstərmək olar.

Sərxoş sufilər isə öz çılğınlıqları, şəthiyyatları, dinləyicilərinə fərq qoymadan ilahi sirri açıb danışmaqları, həddən artıq həssaslıqları, yaşadıqları halın təsiri altına düşmələri ilə seçilmişlər. Məsələn, mənbələrin verdiyi məlumata görə, Əbu Hüseyn Nuri (907) bir beytdən təsirlənərək çöllərə qaçmış və biçilmiş qamışlıqda huşunu itirənə qədər dolaşmış, sonra da bıçaq kimi iti qamışların ayaqlarını yaralamasından baş verən qanaxmadan öz dünyasını dəyişmişdir. Başqa bir sufi Əbu Bəkr Şibli (946) isə camaat arasında dəli-divanə adını qazanmışdır.

Sufilərin həyatından olan hadisələrdən belə məlum olur ki, sərxoşların əsas «nöqsanı» onların ilahi sirri qoruya bilmə­mə­ləri olmuşdur. Məsələn, deyilənə görə, Əbu Hüseyn Nuri Cü­neyd Bağdadini məclisin yuxarı başında oturaraq öz şə­yir­d­­lərinə dərs keçən görüb deyir: «Sən xalqdan gerçəyi gizlət­din, onlar səni şərəfli bir mövqedə oturtdular. Mən isə onlara ger­çə­yi söylədim, məni daşladılar» [8, s. 59]. Başqa bir rəva­yə­tə görə, Cüneyd Bağdadi bir məktubunda öz yüksək vəcd ha­lını təsvir edən Şibliyə belə cavab yazır: «Biz bir kəlməni alır, onu ölçüb-biçirik, onu gizlinlərdə danışırıq. İndi sən du­rub pərdəni qaldırırsan. Halbuki səninlə böyüklər arasında min təbəqə vardır. Bunların ilki də sənin vəsf etdiyindir» [8, s. 59].1

Bununla belə, bir daha mütləq təkrar edək ki, sərxoşlar və ayıqlar arasındakı fərq zahirdə olub, əsas prinsiplərə aid olmamışdır, hansı halda olurlarsa olsunlar, sərxoşlar heç vaxt şəriətin qanunlarından (namaz-oruclarından) aralan­mamış­lar. Mənbələrin bildirdiyinə görə, yeddi gün evində ac-susuz, yuxusuz heyrət halında qalan Nurinin xəbərini Cüneyd Bağdadiyə verəndə sonuncu ilk növbədə onun öz ibadətlərini edib-etməməsini soruşmuşdur. Fərz namazlarını qıldığını bilib: «Ona şeytanın yaxın durmasına yol verməyən Allaha şükürlər olsun. Gedək onu (Nurini) ziyarət edək, ya biz ondan xeyir görərik, ya o, bizdən», – demişdir [8, s. 70].

Deyilənlərlə yanaşı, onu da əlavə edək ki, təmkin əhli olanlar sərxoşları daim tənqid etsələr də, onları ilahi sirri qoruya bilməyən, ona dözmək iqtidarında olmayan zəif və aciz hesab etsələr də və bu hallarına görə onlara ciddi etirazlar etsələr də, onların sahib olduqları hal və həqiqətə, imana dair heç bir irad bildirməmişlər. Məsələn, Cüneyd Bağdadi Əbu Bəkr Şibli haqqında deyir: «Şibli daima sərxoşdur. Əgər ayılarsa, insanların faydalana biləcəyi bir imam olardı» [8, s. 47]. Əbu Yəzid Bistaminin (875) isə şəthiyyatlarına böyük bir şərh yazaraq onları Bistaminin halı ilə izah etmiş, özünün barəsində isə «Əbu Yəzidin bizim aramızda yeri Cəbrailin başqa mələklər arasında yeri kimidir» [8, s. 32], – deyə bildirmişdir. Məlumat üçün onu da bildirək ki, Haris Mühasibi, Cüneyd Bağdadi, Əbu Bəkr Şibli, Əbu Hüseyn Nuri də eyni – Bağdad sufi məktəbinin üzvləri olmuş, yaxından dostluq etmiş və ya aralarında mürşid-mürid münasibətləri olmuşdur. Məsələn, Cüneyd Bağdadi və Əbu Hüseyn Nuri yaxın dost olmuşlar və Cüneyd vəfat edərkən Nurinin yanında dəfn olunmasını vəsiyyət etmişdir [8, s. 45].

Bu kitabda təqdim olunan Mənsur Həllac sərxoşların məşhur nümayəndəsidir, Sərrac Tusi isə Cüneyd Bağdadinin davamçılarından, yəni təmkin əhlindəndir. Başqa sözlə desək, biz hər iki qolun bariz təmsilçisinin dünyagörüşünü təqdim etməklə onların nə dərəcədə bir-birini tamamladıqlarını, fər­qin yalnız ifadə tərzində olub, prinsipial məsələlərdə isə eyni mövqedən çıxış etdiklərini əyani şəkildə göstərməyə çalışmışıq.

Təqdim olunan kitabın xüsusiyyətlərindən biri də budur ki, hər iki mütəfəkkir eyni əsrdə yaşalar da (Mənsur Həllac X əsrin əvvəllərində – 922-ci ildə, Sərrac Tusi isə sonunda – 988-ci ildə vəfat etmişdir), onların yaradıcılığı təsəvvüf tarixinin müxtəlif mərhələlərinə aiddir. Bu barədə qısa bir məlumat verək.

Hər şeydən əvvəl qeyd edək ki, biz bir çox tədqiqat əsərlərində təsəvvüf tarixinin təqdim olunan dövrləşmə prinsipi ilə qismən razı deyilik. Məsələn, ilk sufilərdə daha çox zahidliyin ön planda olması faktına əsaslanan bəzi tədqiqatçılar bu dövrü zühd dönəmi adlandırırlar. Təsəvvüfün zühddən daha geniş bir anlam olduğunu nəzərə alıb, biz nisbətən fərqli mövqedən çıxış edərək başqa bir dövrləşmə irəli sürürük.

Təsəvvüf tarixinin ilk dövründə mərifət, eşq, hal və məqam kimi bəzi prinsip və kateqoriyalar artıq ayrı-ayrı sufi mütəfəkkirlər tərəfindən irəli sürülməkdə idi. Məsələn, bizə məlum olduğuna görə, Rabiə əl-Ədəviyyə (792) ilk dəfə ilahi eşq, Zu‘n-Nun Misri (859) – hallar və məqamlar, mərifət, Əbu Səid Xərraz (IX) – fəna və bəqa hallarını təsəvvüf fəlsəfəsinə daxil etmişdir. Yəni bir növ təsəvvüfün nəzəri təməli qurulmaqda idi.

Bu dövrdə yazılmış əsərlər ya şəxsi təcrübənin ifadəsi, ya da şeyxin öz müridlərinə nəsihəti şək­lində olur, bəzən müəy­yən bir məsələ sufilərin məktublarında açıqlanırdı. Qısa desək, sufilər qarşılarına bu mənəvi təcrübə yolunun sistemli şərhini, nəzəriyyəsini təqdim etmək məqsədi qoymurdular. Deyilənləri nəzərə alaraq, biz ilk dövrü – VIII-X əsrləri təsəvvüfün nəzəri sisteminin əsaslarının təşəkkülü dövrü adlandırırıq.

Sufi mütəfəkkirlərin özlərinin də qeyd etdikləri kimi, tə­səvvüf yalnız xüsusi təfəkkür və iman sahiblərinə məxsus bir dünyagörüşüdür. Onlar yazdıqlarını, söylədiklərini, hiss et­diklərini geniş kütlədən gizli saxlamağa çalışırdılar. Çünki, Cüneyd Bağdadinin özünün bir məktubunda bildirdiyi kimi, on­ların sözləri əhalini çaşqınlığa salıb yanlış yola apara bilər­di. Buna görə də sufilər yalnız onlara məxsus, onların agah ol­duq­­ları sirləri aləmə car çəkən həmkarlarını xoş qarşılamırdılar.

Onu da bildirək ki, yarandığı ilk dövrlərdən təsəvvüfü olduğu kimi anlamayan, təsadüfi eşitdikləri, oxuduqları gizli mənalı söz və ifadələri öz bilik səviyyələrinə uyğun şərh edib onları öz bildikləri kimi təqdim edən şəxslər – yalançı sufilər təsəvvüf, hətta islamın özü üçün böyük təhlükə yaratmış olurdular. Bu baxımdan, təsəvvüfün həqiqətinin açıq­lanması zərurəti yaranmışdı.

Yeri gəlmişkən qeyd edək ki, bu təhlükə bu gün də mövcuddur və onun həlli zərurəti ciddi diqqət tələb edir.

İlk dəfə Bağdad sufi məktəbi bu işə başlayıb ayrı-ayrı sufilərin əsər­lərini şərh etməklə məşğul oldu. X əsrdə Sərrac Tusi sufi mütəfəkkirlərin sufi prinsipləri izah edən fikir və mülahizələrini gə­ləcək nəsillərə çatdırmaq üçün toplayıb ümumi bir traktatda işıqlandırmaqla həm də təsəvvüf tarixində yeni bir ənənənin başlanğıcını qoymuş oldu.

Ondan sonra bu ənənə Əbu Bəkr Kəlabazi (990), Əbu Talib Məkki (996), Əbu Əbdürrəhman Süləmi (1021), Əbu Nüeym İs­fə­hani (1038), Əbu‘l-Qasim Qüşeyri (1072), Əbu Həsən Əli Hücviri (1077) və digərləri tərəfindən da­vam etdirildi. Yəni onlar təsəvvüfün həm təcrübi, həm də nəzəri tərəflərini, vacib prinsiplərini şərh edərək bu yolu an­la­maq, keçmək istəyənlərə bir «məlumat kitabı» təqdim edirdilər.

Onu da bildirək ki, öz əsərlərində təsəvvüfün nəinki bir bidət cərəyan olmadığını, əksinə, onun bir növ islamın ma­hiy­yəti, özək xətti olduğunu sübut etməyə çalışan sufi mü­tə­fək­kirlər arasında bu işi daha yüksək səviyyədə və sistemli şə­kildə Əbu Hamid Qəzali (1111) bacarmışdır. Fəa­liy­yəti təd­qiqatçılar tərəfindən islamla təsəvvüf arasında «barış­dı­rı­cı»lıq və ya təsəvvüfü «islamlaşdırmaq» missiyası ki­mi qiy­mətləndirilən mütəfəkkirin əsas xidməti, zənnimizcə, yal­nız təsəvvüfün həqiqətlərini olduğu kimi çatdırmaq olmuşdur.

Təsəvvüf tarixinin təqribən X əsrin sonu XII əsrin əvvəllərini əhatə edən bu dövr təsəvvüfün yayılması ilə səciyyələndirilə bilər.

XII-XIII əsrlər həm Şərqdə, həm də Qərbdə bir çox fəlsəfi dünyagörüşlərin sistemləşdiyi bir dövrdür. Təsəvvüfün də bir fəlsəfi sistem kimi formalaşması bu dövrə aiddir. Cüneyd Bağdadinin, Mənsur Həllacın və digər sufi mütəfəkkirlərin baxışlarında irəli sürülən prinsip və kateqoriyalar əvvəlcə Eynəlqüzat Miyanəcinin (1131), daha sonra isə Mühyiddin İbn Ərəbinin (1240) görüşlərində «vəhdət əl-vücud» nəzəriyyəsi səviyyəsində əsaslandırıldı.

Daha çox irrasional təfəkkürə istinad edən vəhdət əl-vücud bir nəzəriyyə olaraq təsəvvüf tarixində yeni bir mər­hə­lə­nin başlanğıcını qoydu: dünya fəlsəfəsində daha çox təc­rübə forması, bir həyat tərzi kimi tanınan təsəvvüf vahid bir fəlsəfi sistem, mükəmməl bir nəzəriyyə kimi təqdim edildi.

XII əsrdə eyni zamanda təsəvvüf tarixinin növbəti və ən böyük mərhələsinin başlanğıcı qo­yulmuşdur. Gös­tə­ri­lən dövrdə müxtəlif şəhərlərdə fəaliyyət göstərən su­fi məktəbləri daha da inkişaf edərək bir təlim səviyyəsinə qədər yüksəldi. Əgər əvvəllər məktəblər daha çox onların mövc­ud olduğu məkanla əlaqəli olurdusa (Bağdad, Xorasan, Misir və s. sufi məktəbləri), get-gedə şey­xin şəxsiyyəti, nüfuzu mərkəzi nöqtəyə çevrilir (cüneydiyyə, qadiriyyə, həllaciyyə, rifailik və s.), hər mək­təbin ədəb qaydalarında, müəyyən prin­sip­­lərində özünəməxsusluqlar yaranmağa başlayırdı. Mə­lum olduğu kimi, təsəvvüf yolu üç mərhələdən ibarətdir: şəriət, təriqət və həqiqət. Sufilərin cə­miy­yət­dən ayrılaraq xüsusi qayda-qanunların, əxlaq normalarının hökm sürdüyü tikililərdə – xanəgah, təkkə, zaviyələrdə ya­şa­ma­ları haqlı olaraq onlara təriqətlər (yollar) adını qazandırdı və təsəvvüf müstəqil təriqətlərə bölünməyə başladı.

Onu da qeyd etməliyik ki, təsəvvüfün ilk dövrlərində də müxtəlif təriqətlər mövcud olmuşdur. Lakin məhz təsəvvüf tarixinin üçüncü dövründə təriqət özünəməxsus prinsipləri, ədəb-əxlaq qaydaları, inkişaf və fəaliyyət istiqamətləri bəlli olan bir cəmiyyət, institut halına gəldiyinə görə o, təriqət­ləşmə və ya təsəvvüfün parçalanma dövrü adlanmışdır.

Göründüyü kimi, təqribən eyni zaman kəsiyində yaşa­salar da, Mənsur Həllacın kitabı birinci dövrə aid əsər kimi daha çox rəmzi dillə yazılmış və yalnız bu əqidə sahibləri, yəni sufilər üçün nəzərdə tutulmuşdur. Sərrac Tusinin kitabı isə daha çox şərh xarakterli və geniş oxucu kütləsi üçündür. Bu baxımdan, biz Sərrac Tusinin «əl-Lümə‘»si ilə Mənsur Həllacın «Təvasin»inə bir növ açıqlama verməyə çalışmışıq.

Nəhayət, son olaraq qeyd edək ki, təsəvvüfün iki ayrı-ayrı qollarına mənsub olan, iki müxtəlif dövründə fərqli məqsədlərlə yaşayıb-yaratmış iki sufi mütəfəkkirin əsərlərinin tərcüməsini oxucuların hökmünə verməklə biz təsəvvüfün islam zəminində və vahid prinsiplər üzərində var olan saf təfəkkür forması olduğunu göstərməyə cəhd etmişik.

Bir neçə kəlmə də tərcümənin texniki tərəfləri barədə.

Kitabdakı Qurani-Kərimin ayələri bizim tərəfimizdən tərcümə edilmişdir. Lakin bunun nə dərəcədə məsuliyyətli bir iş olduğunu nəzərə alaraq və mümkün yanlışlıqların qarşısını almaq məqsədi ilə ayələr Quranın Azərbaycan, Türk və Rus dillərinə [4; 17; 34] edilmiş izahlı tərcümələri ilə müqayisə olunmuşdur.

Ərəb dilinin zənginliyini və sufi şeyxlərinin kəlamlarının mürəkkəbliyini, o cümlədən çoxmənalılığını nəzərə alaraq əminik ki, təqdim etdiyimiz tərcümədə mübahisəli məqamlar çoxdur. Biz ərəbcə mətnin hərfi mənasını və əsərlərin öz yazılma üslubunu mümkün qədər saxlamağa çalışmaqla bərabər, onların Azərbaycan türkcəsində də kifayət qədər anlaşıqlı olmasına cəhd göstərmişik. Mətni daha anlaşıqlı etmək məqsədi ilə tez-tez kvadrat mötərizədən [ ] istifadə etməli olmuşuq. Adi mötərizədə ( ) isə mətnin müəyyən qaranlıq məsələlərinə öz şərhlərimizi yerləşdirmişik.

Nəhayət, ümid etmək istərdik ki, təsəvvüf fəlsəfəsinə aid digər ilk mənbələr də bütünlükdə və ya onların əhəmiyyətli hissələri dilimizə tərcümə edilib oxuculara təqdim olunacaqdır.




Ənə‘l-Həqq
cazibəsi

Mənsur Həllacın şəxsiyyəti və dünyagörüşü haqqında «Mənsur Həllacın sirli dünyası» (Bakı, 2006) adlı kitabımızda geniş məlumat verdiyimizə görə burada yalnız «Kitab ət-Təvasin» əsəri ilə bağlı bəzi izahlarla kifayətlənəcəyik.

Mənbələr Mənsur Həllacın müxtəlif məzmunlu çoxsaylı kitablarının olması haqqında məlumat versə də, əlimizdə onun özünə məxsus yalnız «Təvasin»i və şeirlər divanı vardır. Bununla belə, orta əsrlərin, demək olar ki, əksər sufi traktatları əsasında təsəvvüfün tarixi və fəlsəfəsi üzərində tədqiqat aparan bir mütəxəssis kimi belə bir fikir irəli sürə bilərik ki, bu kitab nəinki Mənsur Həllacın öz dünyagörüşünü, hətta təsəvvüf fəlsəfəsinin özünün də, rəmzi dillə olsa belə, əsas ideya xəttini dolğunluğu ilə çatdıran bir əsərdir. Dediklərimizə qısa şəkildə açıqlama verək.

Əvvəla, Mənsur Həllac bütün əsəri boyu öz fikirlərini Qurani-Kərimdən gətirdiyi ayələrlə əsaslandırır və ya onun düşüncələri bir növ ayələrə verilmiş təfsir xarakteri daşıyır. Təsadüfi deyil ki, mütəfəkkir: «Quranda hər şeyin elmi var…», – deyə bildirir (9, s. 95). Yuxarıda da xatırlatdığımız kimi, təsəvvüf tarixinin müxtəlif dövrlərində ayrı-ayrı sufi mütəfəkkirlər təsəvvüf və islamın əlaqəsi haqqında dəyərli əsərlər yazmış və bu əlaqənin üzvi xarakter daşımasını dəlil- sübutlarla göstərməyə çalışmışlar. Mənsur Həllac kimi ziddiyyətli, tarixdə əksər bidət təriqətlərdə adı hallanan bir şəxsiyyətin düşüncələrində də bu əlaqənin mövcudluğu danılmaz bir fakt kimi görünməkdədir.

İkinci nəzəri cəlb edən məsələ Mənsur Həllacın Məhəmməd peyğəmbərin (s) şəxsiyyətinə özünəməxsus tərzdə müraciət etməsidir. Mütəfəkkirin rəmzi dillə çatdırmaq istədiyi bir neçə məna vardır ki, müxtəlif dövrlərdə onlar nəinki yanlış yozulmuş, hətta Həllacın küfrünə belə fərman verdirmişsə də, təsəvvüfün mahiyyətini ehtiva edən bir həqiqətdir.

Mənsur Həllac Məhəmməd peyğəmbəri (s) ilk növbədə islam dininin peyğəmbəri olaraq mədh edir ki, bu da islam mütəfəkkirləri və ədibləri arasında ənənə xarakterli bir addım olmuşdur. Bundan başqa, mütəfəkkir onu (s) həm də kamillik mücəssəməsi kimi təfsir edir.

Ümumiyyətlə, təsəvvüf fəlsəfəsində maraq doğuran məsə­lə­lər­­dən biri də Məhəmməd nuru və ya Məhəmməd həqiqəti məf­hu­mudur ki, «Təvasin»də müəyyən dərəcədə öz əksini tapmışdır.

Həllaca görə, Məhəmməd peyğəmbərin (s) özü (bir peyğəmbər olaraq) ilə yanaşı, düşüncələri, baxışları da aydınladan nurdur. Bunu onun (s) Allah rəsulu və peyğəm­bəri olması və vəhy sahibi olaraq universal xarakterli hikmət çatdırması ilə izah etmək olar. Bu nuru «qeybin nuru» və «sirləri və gizlinləri açan» adlandırmaqla Həllac Mə­həm­məd peyğəmbərin (s) həm də ezo­te­rik biliyə sahib olmasına işarə edir. Həllac Məhəmməd (s) nu­runu «nurdan bir nur», «əzəli» adlandırmaqla onun bila­va­sitə ilahi nurdan qay­naqlandığını və hər bir yaradılandan əvvəl olmasını bildirir. Təbii ki, burada onun (s) ilahi kəlamın vasitəçisi olması da unudulmur, yəni Müqəddəs Kitab və onun nazil ol­duğu şəxs – Peyğəmbər (s) Allahı tanıdan nurun daşıyıcısı – çıraqdır.

Allahın zatı vahid və bölünməzdir. Ən müxtəlif və zidd sifətlərə malik olmasına baxmayaraq, bu sifətlər vahid zata aiddir və bu, zatın bölünə biləcəyi və ziddiyyətli olması demək deyil. Çoxluq və zidlik yalnız adlardadır və təsəvvüf fəlsəfəsinə görə, bu, yaradılış iyerarxiyasında Vahid Zatdan sonra gələn ikinci aləm – vəhdaniyyət və ya Məhəmməd nurunun xüsusiyyətləridir. Bütün sifətlərin bərabər mövcud olduğu bu aləmə çatanın halı təsəvvüfdə «ayn əl-cəm» adlanır. Bu, bütün zidlərin vahid bir zat ətrafında birləşdiyinin şahidi olmaqdır (Yaradılış iyerarxiyasının mərtəbələri haqqında geniş bax: 2, s. 149-155).

Nəhayət, onu da qeyd edək ki, bir sıra sufi mütəfəkkirlərin (Eyn əl-Qüzat Miyanəcinin, Mühyiddin ibn Ərəbinin, Əbu Hamid Qəzalinin) də məsələyə dair fikirlərindən çıxış edərək bildirmək olar ki, Məhəmməd nuru deyərkən, zənnimizcə, onlar yalnız müəyyən bir şəxsi deyil, özündə insanlığın bütün ucalığını və kamilliyini ehtiva edən, mövcudatın var olmasının səbəbkarı olan kamil insanı nəzərdə tutmuşlar.

Həllac öz əsərində Məhəmməd peyğəmbərin (s) şəxsiyyə­ti­ni, imanını, kamilləşmə prosesini göstərməklə yanaşı, «əşyalar öz zid­ləri ilə tanınırlar. Zərif ağ ipək qara işlərdən (toxunuşdan) ya­ranır», – deyib Məhəmməd peyğəmbəri (s) İblislə müqayisə edir.

Məlum olduğu kimi, tarix boyu Həllac haqqında ədalətsiz fikirlərin yaranmasına imkan verən faktlardan biri də onun məhz İblis haqqında düşüncələridir ki, birmənalı qarşılanmamışdır. Məsələyə müəyyən dərəcədə «Mənsur Həllacın sirli dünyası»nın girişində açıqlama versək də, bəzi şeyləri qısa şəkildə əlavə edək.

Mənsur Həllacda İblisə qarşı iki hiss duymaq mümkündür: rəğbət qarışıq bir təəssüf, eyni zamanda halına acıma. İblis Allaha əzəldən xidmət edən, Ona tam səmimiyyəti və təslimiyyəti ilə səcdə edən bir yaradılmışdır. Həllac onun bu xüsusiyyətini dönə-dönə, rəğbətlə, yüksək vurğunluqla təsvir edir. O, İblisin dili ilə deyir: «Haqqa and olsun ki, mən tədbirimdə yanılmadım, [Allahın] yazısını rədd etmədim, təsvirin dəyişməsi məni aldatmadı, mənim bu yazılara rəğmən öz alın yazım var. Mənə öz odunda əbədiyyən əzab versə də, başqasına səcdə etmərəm, bir şəxsə və cəsədə alçalmaram, mən [Ona] zidd birini tanımıram. Mənim iddiam sadiqlərin iddiasıdır. Məndə olan sadiqlərin sevgisindəndir». O, öz imanında israrlı və əmindir və bunun üçün Allahdan, yalnız Ondan gələn hər şeyə razıdır: «Əs­lində, mən sevənəm. Sevən isə rəzildir. Doğrudan da, Sən mə­nə «rəzil» deyirsən, ey mətinli qüvvə sahibi, mənim başıma gələnləri mən aydın kitabda (Quranda) oxuyuram. Mən ona [insana] necə alçala bilərəm. Sən məni oddan yaratdın, onu palçıqdan. Bunlar iki uyğun gəlməyən ziddiyyətlərdir. Mən Sənin xidmətində daha əzəldənəm və daha böyük fəzilətdə, daha böyük elmdə və daha kamil anddayam».

Həllac özünü məhz bu notlarda, yəni sadiqlikdə, yalnız Ona xidmət etməsində, hər anının yalnız Onunla olmaq istəyində İblisə bənzədir. Lakin bu rəğbətdə dərin bir təəssüf də var: belə bir məhəbbət sahibi kordur, rəzildir: «Onun işi qarışdı, zənni pisləşdi, Mən ondan xeyirliyəm, – dedi və pərdə arxasında qaldı», çünki «o (İblis), qürur dənizinə düşdü və kor oldu». İblisin məhəbbəti onu həqiqətə çatdırmaq əvəzinə, daha da uzaqlaşdırdı: «Mənim istəyimi qadağandan, rədd etməkdən, ziyandan, faydalardan qurtardı, məni ayırdı, meydana çıxartdı, məni çaşdırdı, qovdu ki, seçilmişlərə qarışmayım; qısqanclığıma görə məni başqalarından ayırdı, heyrətimə görə məni dəyişdirdi, uzaqlaşdırıldığıma görə məni çaşdırdı, xidmətimə görə məni uzaqlaşdırdı, söhbətimə görə məni yasaq etdi, mədhimə görə məni utandırdı». Göründüyü kimi, deyilənlər müəyyən mənada Həllacın özünü də təsvir edir, daha dəqiq desək, onun iddiasındakı israrını: «Öl­dü­rülsəm də, [çarmıxa çəkil­səm də], əlim, ayağım kəsilsə də, iddiamdan dönməyəcəm».

Bunlarla yanaşı, Həllac həm də İblisin halına acıyır, çünki o, öz korluğu səbəbindən yolun yarısında qaldı, onu bitirə bilmədi: «İblis üçün mahiyyət dəyişdiyinə görə yoldan gözünü çəkdi». Allahı əzəldən tanıyan, Ona daha əvvəldən xidmət edən bir yaradılmış kimi, İblisin də həqiqətə yaxın olmaq imkanı çox idi, lakin öz iddiası nəticəsində «mahiyyətdən (əvvəlcə var olduğu Həqiqət aləmindən) düşdü, Əhmədə (s) isə mahiyyətin mahiyyətindən kəşflər açıldı». Bu o deməkdir ki, İblis həqiqəti görə-görə ona göz yumdu və ondan uzaqlaşdırıldı: «Ey qardaşım! Onu «Əzazil» adlandırdılar, çünki o, uzaqlaşdırıldı və «təcrid edilmiş» oldu. O, əvvəlindən sonuna dönmədi, çünki sonundan çıxmadı». Məhz burada Həllacın həm İblis, həm də İnsan haqqında düşüncələri açıqlanır: insanın ilahi mahiyyətə uzanan bir yolu var, ona Allahdan kəşflər açılır, o, Allahdan başqa heç bir varlığın bilmədiyi elmlərə sahibdir və bu keyfiyyətlər onu Allahdan sonra səcdə obyekti olmağa layiq edir. «İblisə gəlincə, o dəvət etdi, lakin öz halına geri dönmədi. Əhməd (s) çağırdı və öz gücünə geri döndərildi».

Göründüyü kimi, Həllacın məqsədi İblisə haqq qazandırmaq yox, insanın imkanlarını, üstünlüklərini göstərmək olmuşdur.

Mütəfəkkir öz əsərində Məhəmməd peyğəmbərin (s) əsil-nə­səbini mədh etməklə yanaşı, onun (s) düşüncəsinin, təfəkkür tər­zinin də seçilmiş və ilahi həqiqəti dərk edəcək səviyyədə ol­du­ğu­nu göstərir. Maraqlıdır ki, Həllac bir neçə dəfə «savadsız» kimi təs­vir etdiyi bir adamın (s) sonda Haqqa «iki yay məsafəsinə» qə­dər çatmasından, onun (s) bu yoldakı iradəsindən, eyni zamanda Allah qarşısındakı təslimiyyətindən danışır. Ümumiyyətlə, burada o, bir-birinə zidd kəlmələrlə Peyğəmbərin (s) maddi və ilahi dünyalar arasında bir vasitəçi olmasını, rasional və irrasional biliklərə, metodlara sahib olmasını çox incə şəkildə çatdırır. Bununla Həllac peyğəmbərliyin mahiyyətini açmaqla yanaşı, həm də adi bir insanın maddiyyatdan başlayıb vəhdət aləmində bitən idrak prosesinin bütöv bir təsvirini də vermiş olur.

Həllacın düşüncələrində əhəmiyyətli bir ana xüsusilə diqqət ye­tirilməlidir. Məhəmməd peyğəmbərin (s) və onun (s) si­ma­sın­da Kamil İnsanın çatdığı sonuncu zirvə, Qurani- Kərimin də təs­diq­lədiyi kimi, «iki yay məsafəsi»dir (Quran 53/9): «Həqiqət el­mi­nin çöllərinə çatanda könlü ona söylədi, o da xəbər verdi. Hə­qi­qə­tin haqqına çatanda istəyini tərk etdi və comərdə (Allaha) təslim oldu».

İdrak prosesinin gedişində Həllac onun hər mərhələsində həm rasional, həm də irrasional mərhələlərin vacibliyini vurğulayır: «Bədənində bir tükün necə qara və ya ağ olduğunu bil­mə­yən əşyaları yaradanı necə tanıyar?» və ya «Varlıqda zərrədən kiçiyi yoxdur. Sən onu dərk etmirsən. Zərrəni [onun nə olduğunu] tanımayan ondan daha dəqiq olanı tam həqiqəti ilə necə tanıya bilər?» Mütəfəkkirin fikrinə görə, irrasional bilik – əsl həqiqət rasional biliyin səviyyəsindən asılıdır, çünki «Konkreti və müfəssəli, əvvəli və sonu, də­yi­şiklikləri və səbəbləri, həqiqətləri və yolları tanımayan şəxsə əzəli olanın [Allahın] mə‘rifətin­dən pay düşməz». Lakin idrak prosesinin daha mürəkkəbi onun irrasional mərhələsidir, çünki «Məchulun içindəki mə‘rifət gizlidir, mə‘rifətin içindəki məchul da gizlidir».

Həllac bu qabiliyyətə sahib olmağın yolunu da göstərir. Hər şeydən əvvəl o, məqsəddən yayınmamağı, yalnız onu görməyi israr edir. Məsələn, o, İblisin dili ilə Musa peyğəmbəri bu yolda göstərdiyi zəiflikdə ittiham edir: «Mə­nə vahid məbud iddiası (tək Allaha səcdə istəyi) mane oldu, ona səcdə etsəydim, sənin kimi olardım. Sənə bir dəfə nida gəldi «dağa bax» (Quran 7/143), sən də baxdın. Mənə min dəfə nida gəldi ki, səcdə et, mənamdakı iddiama görə et­mə­dim». Ondan fərqli olaraq, Sizin yoldaşınız1 (yolunu) azma­dı (Quran 53/2), naqis olmadı, yorulmadı, gözü «harada» ilə bəhanə gətirmədi, «nə vaxt» ilə yorulmadı, var oldu».

Həllac hər şeyə məhz maddiyyatdan uzaqlaşaraq könül gözü ilə baxmağı, yəni irrasional aspektdən dərk etməyi məsləhət görür: «Sözləri diqqətlə nəzərdən keçirt, zənlərdən uzaq ol, ayaqlarını insanlıqdan və xəlq­dən uca­ya qaldır. Onu nizam və uyğunluqla ayırd et, coşqun eşqlə özündən keç, gör ki, dağ­lar və qa­yalıqlar – fəhm dağlarının və əminlik qayalıqlarının – arasında uçursan ki, gör­dü­yünü görəsən». Bununla belə, mütəfəkkir dönə-dönə və israrla bildirir ki, dərk olunan Allahın zatı, həqiqəti deyil: «Məxluqların idrakı həqiqətlə bağlı deyil, həqiqət kainatla bağlı deyil, düşüncələr – əlaqələrdir, məxluqların əlaqələri həqiqətlərə çatdırmır. Həqiqət elminin idrakı çətindir. Bəs həqiqətin həqiqəti necə? Haqq həqiqətin arxasındadır. Həqiqət Haqqın altındadır». Yəni Allahın həqiqəti Onu təsvir edən hər bir sözün, ifadənin fövqündədir və onlardan hər biri yaradılmışın düşüncə səviyyəsinə uyğun olaraq Allahı tanıdan bir vasitədir.

Allah zatı isə bunun fövqündədir, çünki: «Kim desə ki, «Onu həqiqətlə tanıdım», öz varlığını Tanınanın varlığından daha böyük etmiş olur, ona görə ki, kim bir şeyi həqiqətlə öyrənərsə, tanıyandan sonra tanıdığından daha güclü olur», bu isə mümkün deyil, çünki «hekayət hekayət danışanla qaldı, mə‘rifət – seçilmişlərlə, zəhmət – şəxslərlə, nitq – vəsvəsə əhli ilə, fikir – ümid qırıqlığına uğrayanlarla, qəflət – uzaq qalanlarla. Haqq Haqdır, xəlq xəlqdir, vəssalam».

İnsanın dərk etməyə çalışdığı isə öz mahiyyətidir: «Arif öz irfanı ilədir, çünki o, öz irfanıdır, irfanı da odur. Mə‘rifət isə bunun arxasındadır, Məruf (tanınan, Allah – K.B.) isə bunun arxasındadır».

Nəhayət, Mənsur Həllacın «Təvasin»də toxunduğu məsələlərdən biri də təsəvvüf fəlsəfəsinin təməl prinsipi olan vəhdət əl-vücuddur. Termin özü olduğu kimi işlənməsə də1, onun əsas müddəası olan tövhid tam dolğunluğu ilə əsərdə öz əksini tapmışdır. Bu problemə bizim əvvəlki araşdırmamızda toxunduğumuz üçün burada onu yalnız xatırlatmaqla kifayətlənirik (6).

Beləliklə, dünyanın bir sıra dillərinə tam və hissələr şəklində tərcümə edilən «Təvasin»i ilk dəfə azərbaycandilli oxuculara təqdim etməkdə məqsədimiz yalnız Mənsur Həllacın dünyagörüşünün, hətta təsəvvüf fəlsəfəsinin bəzi qaranlıq və ziddiyyət dolu səhifələrinin də deyil, ümumiyyətlə, İnsanın həqiqətə gedən yolunun bəzi məqamlarına işıq salmaq olmuşdur.



Mənsur Həllac

Kitab ət-təvasin




ﺍﻟﺣﻼﺝ ﺍﺑﻭ ﺍﻟﻣﻌﻳﺙ ﺍﻟﺣﺳﻳﻥ ﻣﻧﺼﻭﺭ
ﻜﺗﺎﺏ ﺍﻟﻁﻭﺍﺳﻳﻥ

(ərəbcə mətnin tərcüməsi)
I (a)
Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə