Ümumi hissə I böLMƏ Ümumi müddəalar



Yüklə 269,09 Kb.
səhifə1/26
tarix31.08.2018
ölçüsü269,09 Kb.
#65525
  1   2   3   4   5   6   7   8   9   ...   26

AZƏRBAYCAN RESPUBLİKASININ İNZİBATİ XƏTALAR MƏCƏLLƏSİ

 

(Bu Məcəllə Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanunu ilə təsdiq edilmişdir)



 

M Ü N D Ə R İ C A T

 

Ümumi hissə

 

I BÖLMƏ

Ümumi müddəalar

 

FƏSİL 1  Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri



FƏSİL 2  İnzibati xəta və inzibati məsuliyyət

FƏSİL 3  Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar

FƏSİL 4  İnzibati tənbeh

FƏSİL 5  İnzibati tənbeh tətbiq etmə

FƏSİL 6  İnzibati məsuliyyətdən azad etmə

 

II BÖLMƏ



İnzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər)

 

FƏSİL 7  Əsas qaydalar



FƏSİL 8  İnzibati xətalar haqqında işlərin aidiyyəti

FƏSİL 9  Səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) tərəfindən baxılmış inzibati xətalar haqqında işlər barədə elektron informasiya sistemləri və ehtiyatları

 

III BÖLMƏ

İnzibati xətalar haqqında işlər üzrə icraat

 

FƏSİL 10  Ümumi müddəalar



FƏSİL 11  İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları, onların hüquqları və vəzifələri

FƏSİL 12  İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi

FƏSİL 13  İnzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqi

 

IV BÖLMƏ



İnzibati xəta haqqında iş üzrə icraatın mərhələləri

 

FƏSİL 14  İnzibati xəta haqqında iş üzrə icraata başlama



FƏSİL 15  İnzibati xəta haqqında işlərə baxılması

FƏSİL 16  Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə baxılmanın xüsusiyyətləri

FƏSİL 17  İnzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma

 

V BÖLMƏ



İnzibati xəta haqqında iş üzrə qərarın icrası

 

FƏSİL 18  Ümumi müddəalar



FƏSİL 19  İnzibati tənbehin ayrı-ayrı növlərinin icrası qaydası

 

Xüsusi hissə

 

VI BÖLMƏ

İnzibati xətalar

 

FƏSİL 20  Sağlamlıq əleyhinə olan inzibati xətalar



FƏSİL 21  Siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətalar

FƏSİL 22  Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar inzibati xətalar

FƏSİL 23  Əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 24  Mülkiyyət əleyhinə olan inzibati xətalar

FƏSİL 25  Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 26  Sənaye, elektrik və istilik enerjisindən istifadə qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 27  Damazlıq, baytarlıq-sanitariya qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 28  Hava, dəniz, çay, avtomobil, dəmir yolu nəqliyyatında və metropolitendə olan qaydalar əleyhinə inzibati xətalar

FƏSİL 29  Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 30  Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 31  Rabitə qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 32  İnformasiyadan istifadə edilməsi, onun yayılması və mühafizəsi qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 33  Yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 34  İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 35  Ticarət qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 36  Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 37  Gömrük qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 38  İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar

FƏSİL 39  İdarəçilik qaydaları əleyhinə olan inzibati xətalar

FƏSİL 40  Hərbi uçot, hərbi qeydiyyat və səfərbərlik qaydaları əleyhinə olan inzibati xətalar

 

 

 



 





Ümumi hissə

 

I BÖLMƏ



 

Ümumi müddəalar

 

FƏSİL 1



 

Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi, onun vəzifələri və prinsipləri

 

Maddə 1. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi

 

1.1. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi bu Məcəllədən ibarətdir.



1.2. Bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır.

1.3. İnzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir.

 

Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri

 

Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.



 

Maddə 3. İnzibati məsuliyyətin əsasları

 

Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.



 

Maddə 4. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin prinsipləri

 

Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.



 

Maddə 5. İnsan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi prinsipi

 

5.1. İnsan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar.



5.2. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir.

5.3. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir.

 

Maddə 6. Qanunçuluq prinsipi

 

6.1. İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.



6.2. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir.

6.3. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir.

 

Maddə 7. Qanun qarşısında bərabərlik prinsipi

 

7.1. İnzibati xəta törətmiş şəxslər irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər hallardan asılı olmayaraq qanun qarşısında bərabərdirlər. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati məsuliyyətdən azad oluna bilməz.



7.2. Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun arvadının (ərinin) inzibati məsuliyyətlə bağlı toxunulmazlığı “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənir.

7.3. Hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər.

 

Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi

 

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.



8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

 

Maddə 9. Ədalətlilik prinsipi

 

9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır.



9.2. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Davam edən inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur.

 

Maddə 10. İnzibati xətaların qarşısının alınması prinsipi

 

Dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına ciddi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. 



 

Maddə 11. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin qüvvəsi

 

11.1. Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.



11.2. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir.

11.3. İnzibati xətalara görə məsuliyyət müəyyən edən və ya məsuliyyəti gücləndirən normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur.

 

FƏSİL 2



 

İnzibati xəta və inzibati məsuliyyət

 

Maddə 12. İnzibati xəta anlayışı

 

12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.



12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın.

 

Maddə 13. İnzibati xətanın qəsdən törədilməsi

 

İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur.



 

Maddə 14. İnzibati xətanın ehtiyatsızlıqdan törədilməsi

 

İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur.



 

Maddə 15. Anlaqsızlıq

 

Hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) törədən zaman şəxs anlaqsız vəziyyətdə olduqda, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya başqa psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmadıqda o, inzibati məsuliyyətə cəlb edilmir.



 

Maddə 16. Fiziki şəxslərin inzibati məsuliyyəti

 

16.1. İnzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.



16.2. İnzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh nəzərdə tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla, ilk dəfə inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər.

16.3. İntizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar. Göstərilən şəxslərə inzibati həbs, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına isə həmçinin ictimai işlər tətbiq edilə bilməz.

16.4. İnzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanınaverə bilərlər.

16.5. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar.

16.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən Azərbaycan Respublikasında toxunulmazlıq hüququndan istifadə edən əcnəbilərin Azərbaycan Respublikasının ərazisində törətdikləri inzibati xətalara görə məsuliyyət məsələsi beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilir.

Qeyd:

1. Bu Məcəllənin 16.3-cü maddəsində “hərbi qulluqçular” dedikdə, müvafiq icra hakimiyyəti orqanının zabit heyəti, gizirləri, miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçuları, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları başa düşülür.

2. Bu Məcəllədə “əcnəbi” dedikdə, Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs başa düşülür.

3. Bu Məcəllədə “vətəndaşlığı olmayan şəxs” dedikdə, heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxs başa düşülür.

 

Maddə 17. Vəzifəli şəxslərin inzibati məsuliyyəti

 

Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.



Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdətəşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 

 

Maddə 18. Hüquqi şəxslərin inzibati məsuliyyəti

 

18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar.



18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir:

18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;

18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;

18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;

18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi.

18.3. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir.

18.4. Bu Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxs barəsində bu Məcəllənin 53.0.8-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə mane olmur.

18.5. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir.

18.6. Səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər.

18.7. Bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsaslar olmadıqda, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) inzibati xəta haqqında iş üzrə qərar qəbul edir.

18.8. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda, inzibati məsuliyyətə hüquqi şəxsin hüquqi varisi cəlb olunur. Məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunduğu vaxtdan tam icra olunana və ya ləğv edilənədək hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi qadağandır.

 

FƏSİL 3



 

Əməlin inzibati xəta olmasını aradan qaldıran hallar

 

Maddə 19. Son zərurət

 

19.1. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, son zərurət vəziyyətində, yəni şəxsin özünün və ya başqa şəxsin həyatını, sağlamlığını və ya hüquqlarını, dövlətin və ya cəmiyyətin mənafeyini qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət, əgər həmin vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün deyildirsə və bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə, bu, inzibati xəta hesab olunmur.



19.2. Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə, habelə həmin təhlükənin aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son zərurət həddini aşma sayılır. Son zərurət həddini bu qaydada aşma yalnız qəsdən zərər vurulduqda inzibati məsuliyyətə səbəb olur.

 

Maddə 20. Zəruri müdafiə

 

20.1. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun olsa da, zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatına, sağlamlığına və ya hüquqlarına, dövlətin və ya cəmiyyətin mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, inzibati xəta hesab olunmur.



20.2. Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.

 

FƏSİL 4



 

İnzibati tənbeh

 

Maddə 21. İnzibati tənbehin məqsədləri

 

İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.



 

Maddə 22. İnzibati tənbeh növləri

 

22.1. İnzibati tənbeh növləri aşağıdakılardır:



22.1.1. xəbərdarlıq;

22.1.2. inzibati cərimə;

22.1.3. inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi;

22.1.4. fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması;

22.1.5. ictimai işlər;

22.1.6. Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma;

22.1.7. inzibati həbs.

22.2. Hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1-22.1.3-cü maddələrində nəzərdə tutulan inzibati tənbeh növləri tətbiq edilir.

 

Maddə 23. Əsas və əlavə inzibati tənbehlər

 

23.1. Xəbərdarlıq, inzibati cərimə, ictimai işlər və ya inzibati həbs yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir.



23.2. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi, fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma həm əsas, həm də əlavə inzibati tənbeh növləri kimi tətbiq edilə bilər.

23.3. Bir inzibati xətaya görə əsas tənbeh, yaxud əsas və əlavə tənbeh tətbiq edilə bilər.

 

Maddə 24. Xəbərdarlıq

 

24.1. Xəbərdarlıq inzibati tənbeh növü olmaqla, hüquqazidd əməlin yolverilməzliyi barədə şəxslərə edilən rəsmi xəbərdaredici tədbirdir. Xəbərdarlıq yazılı formada edilir.



24.2. Xəbərdarlıq bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulduqda o halda tətbiq olunur ki, həmin maddədə nəzərdə tutulmuş xətaya görə şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunur və xəta nəticəsində vurulmuş zərərin əvəzi tam ödənilir.

 

Maddə 25. İnzibati cərimə

 

25.1. İnzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir.



25.2. İnzibati cərimə manatla və ya aşağıdakı digər meyarlarla ifadə oluna bilər:

25.2.1. inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri;

25.2.2. inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı;

25.2.3. inzibati xətanın başa çatdığı və ya onun qarşısının alındığı vaxt ödənilməli olan, lakin ödənilməmiş ödənişlərin, vergilərin məbləği.

25.3. İnzibati xətalara görə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən tətbiq edilən inzibati cərimələr həmin nümayəndəlik və konsulluqların yerləşdiyi xarici ölkənin valyutası ilə tutulur.

25.4. Manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz.

25.5. İnzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz.

25.6. İnzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı ilə ölçülən cərimənin məbləği həmin ziyanın (əldə edilmiş gəlirin) on mislindən artıq ola bilməz.

25.7. Bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir.

25.8. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir.

 


Yüklə 269,09 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə