United Nations cedaw/C/aze/CO/5



Yüklə 195,5 Kb.
tarix26.08.2018
ölçüsü195,5 Kb.
#64415






United Nations

CEDAW/C/AZE/CO/5



Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Konvensiya


Distr.: General

6 mart 2015-ci il


Əsli: İngilis

İLKİN REDAKTƏ

OLUNMAMIŞ VERSİYASI
Qadınlara qarşı ayrı-seçkiliyin ləğv

edilməsi üzrə Komitə

Azərbaycanın beşinci dövri hesabatı üzrə yekun müşahidələr *

1. Komitə 18 fevral 2015-ci il tarixində (bax CEDAW/C/SR.1279 və 1280) çağırdığı 1279-cu və 1280-ci iclasında Azərbaycanın beşinci dövri hesabatını (CEDAW/C/AZE/CO/5) nəzərdən keçirmişdir. Komitəni maraqlandıran məsələlərin və sualların siyahısı CEDAW/C/AZE/Q/5, Azərbaycanın cavabları isə CEDAW/C/AZE/Q/5/Add.1 sənədində əks olunublar.



A. Giriş sözü

2. Komitə Dövlət tərəfindən beşinci dövri hesabatın təqdim olunmasını yüksək qiymətləndirir. O, həmçinin sessiyadan əvvəl keçirilən iclas üçün işçi qrupu tərəfindən qaldırılmış məsələlər siyahısına və suallara Dövlət tərəfinin yazılı cavab verməsini yüksək qiymətləndirir. Komitə nümayəndə heyəti ilə konstruktiv dialoqu, müzakirələr zamanı Komitə tərəfindən şifahi qaldırılan suallara cavabların təmin edilməsini və daha ətraflı izahatların verilməsini alqışlayır.

3. Komitə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın rəhbərlik etdiyi və 6 Nazir müavini (Daxili İşlər, Səhiyyə, Əmək və Sosial Müdafiə, İqtisadiyyat və Sənaye, Gənclər və İdman, Təhsil və Dövlət Statistika Komitəsinin sədr müavinindən) ibarət yüksək səviyyəli Dövlət nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirir; eyni zamanda, Ədliyyə, Xarici İşlər və Maliyyə nazirlikləri, eləcə də Azərbaycanın Cenevrədə Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndələri də qatılmışdırlar.

B. Müsbət məqamlar

4. Komitə 2009-cu ildə Dövlət tərəfinin təqdim etdyi dördüncü dövri hesabatın (CEDAW/C/AZE/CO/4) müzakirəsindən sonra qanunvericiliyin islahatları sahəsində əldə olunan tərəqqini, xüsusilə, aşağıda sadalanan qanunların qəbulunu alqışlayır:

(a) 2011-ci ildə Ailə Məcəlləsinə edilən dəyişikliklər, xüsusilə minimal nigah yaşının qadın və kişilər üçün 18 yaşa çatdırılması;

(b) 2011-ci ildə insan alverini, habelə istəkdən kənar və erkən nigahlarla əlaqədar hallara görə cinayət təqibini nəzərdə tutan müddəaların (m. 176-1);

(c) 2010-cu ildə Məişət Zorakılığının qarşısının alınması haqqında Qanun

5. Komitə qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması prosesinin sürətləndirilməsi və aşağıdakı qəbul olunan sənədlər vasitəsilə gender bərabərliyinin təşviqi məqsədi ilə institusional və siyasi çərçivənin təkmilləşdirilməsi istiqamətində Dövlət tərəfinin səylərini alqışlayır:

(a) İnsan alveri qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Dövlət Proqramı, 2014-cü il;

(b) Müasir kontrasepsiya vasitələri əlçatanlığını mümkün edən Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üzrə Strateji Planı, 2014-cü il;

(c) 2012-ci ildə qəbul olunan və gender bərabərliyini müxtəlif istiqamətlər üzrə məqsədə çevirən "Azərbaycan: Gələcəyə Baxış 2020", İnkişaf strategiyası;

(d) İnsan alverinə qarşı mübarizə haqqında üçüncü Milli Fəaliyyət Planı (2014-2018).

6. Komitə əvvəlki hesabatın nəzərdən keçirdildiyi vaxtdan sonrakı dövr ərzində Dövlətin aşağıdakı beynəlxalq və regional sənədləri ratifikasiya etməsini və ya onlara qoşulmasını alqışlayır:

(a) Beynəlxalq Əmək Təşkilatının kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında 156 nömrəli (1981) Konvensiyası; və

(b) BƏT-ın Analığın Mühafizəsi Haqqında 183, 2000 nömrəli Konvensiyasının Yenidən Baxılmış versiyası, 2011-ci il.

C. Prinsipal narahatlıq doğuran sahələr və tövisyyələr

Milli Məclis

7. Komitə Konvensiya tələblərinin (2010-cu ildə, millət vəkilləri ilə əlaqədar Komitənin qırx beşinci iclasında qəbul edilən bəyanata baxın) tam icrasının təmin olunması istiqamətində qanunverici hakimiyyətinin mühüm rolunu vurğulayır. O, Milli Məclisi öz mandatına uyğun olaraq Konvensiya üzrə növbəti hesabat dövrünə gədər mövcud yekun müşahidələrin icrası ilə bağlı zəruri tədbirlər həyata keçirməyə dəvət edir.



Konvensiyanın və Fakültativ Protokolun Təşviqi

8. Komitə Azərbaycan tərəfinin Məsələlər siyahısına verdiyi cavabda göstərilən, Gəncə Appelyasiya Məhkəməsinin Əhmədov və Məmmədov işləri üzrə verdiyi 2 qətnamədə Konvensiyaya istinad edilməsini qeyd edir. Eyni zamanda, o, Konvensiya müddəalarının təşviqi işinin olmamasından və birbaşa tətbiqi ilə əlaqədar çatışmamazlıqların və milli məhkəmələrdə cinsi və gender əsaslı ayrı-seçkilik halları ilə əlaqədar bir neçə işin olmasından narahat olduğunu bildirir.

9. Komitə Dövlət tərəfinə aşağıdakıları tövsiyə edir:

(a) Qadınlar arasında onların Konvensiyada və onun Fakültativ Protokolunda təsbit olunmuş hüquqları barədə məlumatlılığı artırılmaq;

(b) Cinsi və gender əsaslı ayrı-seçkilik halları ilə əlaqədar müvafiq məhkəmə və kvazi-məhkəmə orqanlarına mürəciət etməkdə qadınları ruhlandırmaq;

(c) Konvensiyaya uyğun olaraq onun müddəalarının milli qanunvericilikdə şərhini mümkün etmək üçün Konvensiyanın müddəalarına birbaşa istinad etmək/və yaxud onlara presendent kimi əsaslanmaq üçün Konvensiya, onun Fakültativ Protokolu, Komitənin Ümumi Tövsiyələri və fərdi şikayət və müraciətlər üzrə hakimlər, prokurorlar və vəkillər üçün hüquqi təhsil və potensialın gücləndirilməsi proqramlarını daha da genişləndirmək.

Sülh prosesində qadınların iştirakı

10. Komitə sülhməramlı təşəbbüslərdə daha çox qadının cəlb olunması işində Dövlət tərəfinin səylərini yüksək qiymətləndirir və bunun üçün Cənubi Qafqaz Qadınlarının Regional Konqresinin yaradılmasını alqışlayır. Komitə Təhlükəsizlik Şurasının 1325 (2000) saylı qətnaməsinin həyata keçirilməsi üçün milli fəaliyyət planının hazırlanmasının əhəmiyyətini Dövlət tərəfindən iştirak edən nümayəndə heyəti tərəfindən tanınmasını alqışlayır. Komitə Milli Fəaliyyət Planının qəbul edilməsi üçün heç bir zaman çərçivəsinin təyin olunmamasından təəssüf edir.

11. Komitə qadın təşkilatlarının nümayəndələri ilə əməkdaşlıq şəraitinində Təhlükəsizlik Şurasının 1325 (2000) saylı qətnaməsinin həyata keçirilməsi üçün Milli fəaliyyət planının yaradılması və qəbul edilməsi üçün aydın vaxt çərçivəsinin təyin olunmasına çağırır, və:

(a) TŞ-nın 1820 (2008), 1888 (2009), 1889 (2009) və 2122 (2013) saylı qətnamələrində, eləcə də münaqişələrin qarşısının alınması, münaqişə zamanı və münaqişədən sonrakı vəziyyətlərdə qadınlarla əlaqədar 30 (2013) saylı Baş Tövsiyədə əks olunan Təhlükəsizlik Şurasının qadınlar, sülh və təhlükəsizlik üzrə gündəliyinin bütün aspektlərini nəzərə almaq;

(b) Fərdi olaraq və ya beynəlxalq təşkilatların üzvləri kimi, münaqişələrin həlli prosesləri üzrə üçüncü dövlətlər tərəfindən irəli sürülən təşəbbüslər də daxil olmaqla, qadınların bütün sülh danışıqları səylərində danışıqları aparan və vasitəçi kimi iştirakını təmin etmək; və

(c) Münaqişənin həlli və münaqişədən sonrakı siyasi proseslərdə onların effektiv iştirakını təmin etmək məqsədi ilə qadınlara liderlik təlimləri keçmək.

Məcburi köçkün qadın və qızlar

12. Komitə əksəriyyəti qadın və qızlar olan məcburi köçkünlərin dəstəklənməsi məqsədilə son illər həyata keçirilən dövlət proqramlarını qeyd edir. Onların yaşayış şəraiti və yüksək işsizlik nisbəti, eləcə də gəlir əldə etmək imkanlarının azlığı narahatlıq doğurur. Məcburi köçkün qadın və qızların məişət zorakılığı, erkən və məcburi nigah, əmək istismarı və insan alveri, yoxsulluq, eləcə də təhsil, səhiyyə, siyasi və ictimai həyatda iştirak etmək imkanı üzrə ayrı-seçkiliklərlə üzləşməkdə daha yüksək riskli təbəgə olması da narahat edən amildir. Onların ehtiyaclarına yönəlmiş siyasət və proqramların planlaşdırılması və icrası prosesində məcburi köçkün qadınların töhfəsi və məsləhətləşmələrdə məhdud iştirakı da narahat edicidir.

13. Komitə Dövlət tərəfinə aşağıdakıları tövsiyə edir:

(a) Məcburi köçkün qadın və qızların təhlükəsizliyini təmin etmək və xüsusilə zorakılıq hallarında onların qorunması üçün tədbirlər görmək. Məcburi köçkün qadın və qızlara qarşı zorakılığın qarşısının alınmasına daha çox diqqət yönəltmək və günahkarları təqib etmək;

(b) Məcburi köçkün qadınların ehtiyaclarını ödəmək üçün kifayət qədər resurslar ayırmaq, əlaxsus özləri və uşaqları üçün adekvat gəlir mənbələri və təhsil imkanlarına çıxışı təmin etmək; və

(c) Məcburi köçkün qadın və qızların adekvat səhiyyə xidmətləri, təhsil imkanlarına çıxışının, eləcə də hərəkət azadlığının təmin olunmasını reallaşdırmaq.

Qadınların inkişafı üzrə milli mexanizm

14. Komitə ölkənin siyasi rəhbərliyinin dəstəyinə baxmayaraq, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin qadınların inkişafına yönəlmiş səylərinin qeyri-müəyyən və pərakəndə mandatla məhdudlaşdırılmasını, eləcə də siyasətlərin formalaşdırılması üzrə bütün proseslərdə gender bərabərliyi yanaşmasının hökumətin bütün səviyyələrində tətbiginin səmərəli təmin olunması üçün Dövlət Komitəsinə səlahiyyətlərin verilməməsini narahatlıqla qeyd edir. Komitə müvafiq dövlət müəssisələrində gender məsələləri üzrə əlaqələndirici şəxslərin qərar qəbuletmə səviyyəsində olmamasından, habelə onların heç də bütün bölgələrdə təyin olunmamasından, və qanunvericilik proseslərində, siyasi proqram və layihələrdə gender məsələlərini səmərəli təşviq etmək iqtidarında olmamaqlarından da narahatdır. Komitə həmçinin gender bərabərliyini təşviq etmək, eləcə də de-yure ilə de-fakto bərabərlik arasında boşluqları aradan qaldırmaq üçün heç bir milli fəaliyyət planının olmamasından da narahatdır.

15. Komitə Dövlət tərəfinə aşağıdakıları tövsiyə edir:

(a) Qadınların rolunun artırılması və Konvensiyanın tam həyata keçirilməsi sahəsində səlahiyyətli milli mexanizm kimi effektiv fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini tam hüquqlu nazirliyə çevirmək vasitəsilə onun potensialını gücləndirmək; dövlət orqanlarında fəaliyyət göstərən gender məsələləri üzrə əlaqələndirici şəxslər üçün dəqiq vəzifə tapşırıqları tərtib edib, onların müvafiq sayda insan, maliyyə və texniki resurslarla təmin etmək;

(b) Digər məsələlərlə yanaşı, möcvud yekun tövsiyələri nəzərə almaqla, gender bərabərliyi və qadınların inkişafı üzrə Milli Fəaliyyət Planını qəbul etmək; və

(c) Bütün rayon və qurumlarda fəaliyyət göstərən gender məsələləri üzrə əlaqələndirici şəxslər üçün dəqiq vəzifə tapşırıqları tərtib edib, onların qərar qəbuletmə səviyyəsində təmsil olunmasını təmin etmək.

Qeyri-hökumət təşkilatları və qadın hüquq müdafiəçiləri

16. Komitə 2014-ci ildə qanunvericiliyə qəbul edilən bir sıra dəyişikliklərin ölkədə mövcud olan müstəqil QHT-lərin faəliyyət qabiliyyətinə potensial olaraq təsir etməsini narahatlıqla qeyd edir. Maliyyələşmənin tənzimlənməsi və şəffaflığın əhəmiyyətini nəzərə alaraq, Komitə qəbul edilən bəzi dəyişikliklərin qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının, xüsusilə qadın təşkilatlarının fəaliyyətinə mənfi təsir edə və onların əməliyyatlarını həddindən artıq məhdudlaşdıra biləcəyi fikrindədir. Komitə həmçinin həbs və saxlanma halları da daxil olmaqla, qadın jurnalist və hüquq müdafiəçilərinin işinə qarşı tətbiq edilən məhdudiyyətlər barədə məlumatlardan narahatdır.

17. Komitə Dövlət tərəfini aşağıdakıları həyata keçirməyə çağırır:

(a) Qanunvericiliyə edilən dəyişiklikləri nəzərdən keçirib və onların qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının, xüsusilə qadın təşkilatlarının fəaliyyətinə mənfi təsir göstərməməsini, habelə qadın təşkilatlarının sərbəst təsis olunması və sərbəst şəkildə fəaliyyət göstərib, vəsaitləri səfərbər etməsi üçün əlverişli mühiti təmin etmək;

(b) Qadın jurnalist və hüquq müdafiəçilərinin hüquqlarına tam hörmət edilməsini təmin etmək.

Müvəqqəti xüsusi tədbirlər

18. Komitə Gender bərabərliyinin təminatları haqqında Qanunun 3.2.6-ci maddəsinin tələblərinə baxmayaraq, de-fakto bərabərliyi sürətləndirmək və qadınların siyasi və ictimai həyatda aşağı təmsilçiyi problemini, eləcə də kənd, əlilliyi olan, məcburi köçkün, qaçqın və ahıl, müxtəlif ayrı-seçkilik formalarına məruz qalan əlverişsiz və təcrid olunmuş (marqinallaşmış) qadınların üzləşdiyi vəziyyəti həll etmək üçün dövlət tərəfinin müvəqqəti xüsusi tədbirlərdən az istifadə etməsindən narahatdır.

19. Konvensiyanın 4 (1) maddəsinə uyğun və mövzuyla əlaqədar Komitənin 25, 2004 saylı Ümumi Tövsiyəsinə müvafiq olaraq, Komitə Dövlət tərəfinə qadın və kişilərin həqiqi bərabərliyi üzrə nailiyyətləri sürətləndirmək üçün müvafiq strategiyanın tərkib hissəsi qismində müvəqqəti xüsusi tədbirləri, o cümlədən kvotaları qəbul etməyi tövsiyə edir. O, həmçinin Dövlət tərəfinə əlverişsiz şəraitdə yaşayan və təcrid olunmuş qadın qruplarına, o cümlədən kənd, əlil, məcburi köçkün, qaçqın və ahıl qadınlara münasibətdə müvəqqəti xüsusi tədbirləri qəbul etməyə, habelə bu tədbirlərin təsirini ölçməyə və gender-üzrə statistika da daxil olmaqla, onun nəticələrini ictimaiyyətlə paylaşmağı tövsiyə edir.



Stereotiplər və zərərli təcrübələr

20. Komitə əvvəlki yekun tövsiyələrində (CEDAW/C/AZE/CO/4, bənd 20) bu məsələnin əks olunmasına baxmayaraq, ailədə və cəmiyyətdə qadınların və kişilərin rolu və vəzifələri ilə bağlı patriarxal münasibətlərin və stereotiplərin hələ də köklü şəkildə qalmasını narahatlıqla qeyd edir. Oğlan övlada verilən üstünlük yeni doğulan uşaqlar arasında cins-əsaslı seçimlə nəticələnir və beləliklə 116 oğlan uşağına yalnız 100 qız uşağı dünyaya gəlir. Komitə qeyd edir ki, stereotiplər Azərbaycan cəmiyyətində kişilərin dominant mövqeyini əks etdirən təhsil materialları və mediada qadınların təsvir olunma tərzi ilə dərinləşir, qadınların sosial vəziyyətini kiçildir, onların ictimai həyatda bərabər iştirakını məhdudlaşdırır və ödənişli vəzifələrdə aşağı səviyyədə təmsil olunması ilə nəticələnir.

21. Komitə Dövlət tərəfini aşağıdakıları həyata keçirməyə çağırır:

(a) Ləngimələrə yol açmadan oğlanlara üstünlüyün verilməsi fenomeninin qarşısının alınmasına yönəlmiş çox-sektorlu Fəaliyyət Planını qəbul etmək;

(b) Qadın və kişilər, o cümlədən vəzifəli şəxslərin təhsilinin sürətləndirməsi səylərini artırmaqla, oğlanlara üstünlüyün verilməsinə vüsət verən stereotiplərlə qəti şəkildə mübarizə aparmaq və cəmiyyətin bütün sahələrində yayılan cins-əsaslı mövcud stereotiplərin aradan qaldırılması məqsədi ilə bu hallar haqqında məlumatlılığı artırmaq.

(c) Qadınların sosial, iqtisadi və siyasi həyatda fəal iştirakının üstünlüklərini (müsbət tərəflərini) göstərməklə, gender üzrə stereotiplərin aradan qaldırılmasının əhəmyyəti barədə radio, televiziya və çap mediası vasitəsilə məlumatlılığı artırmaq;

(d) Onların təsirini qiymətləndirmək məqsədilə gender stereotiplərin aradan qaldırılması üzrə tədbirlərin mütəmadi monitorinqini və nəzərdən keçirilməsini təşkil etmək.

Qadınlara qarşı zorakılıq

22. Komitə Məişət Zorakılığının Qarşısının alınması üzrə Milli Fəaliyyət Planı və Məişət Zorakılığının Qarşısının alınması üzrə Milli Strategiyanın Nazirlər Kabineti tərəfindən baxılması ilə bağlı və qadınlara qarşı zorakılıq üzrə onlayn məlumat bazasının yaradılması barədə Dövləti təmsil edən nümayəndə heyəti tərəfindən təmin edilən məlumatı alqışlayır. Eyni zamanda, Komitə aşağıdakı qeyd olunan hallardan narahat olaraq qalır:

(a) Kiçik sayda halların qeydə alınması və uzunmüddətli və qısamüddətli mühafizə orderlərinin istifadəsi rəqəmlərinə istinadən, məişət zorakılığının qarşısının alınması haqqında Qanunun həyata keçirilməsində mövcud olan çatışmamazlıqlar;

(b) Məişət zorakılığı halları ilə əlaqədar sistematik məlumatın toplanmama;

(c) Əsasən QHT-lər tərəfindən idarə olunan məişət zorakılığı qurbanları üçün yardım və təyinat mərkəzlərinin sayının məhdud olması;

(d) Əmək və Əhalinin Sosial Təminatı Nazirliyinin nəznində yaradılan məişət zorakılığı qurbanı olan qadınlar üçün yalnız 3 dövlət təminatlı sığınacağın olması;

(e) Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşının alınması haqqında Avropa Şurası Konvensiyasının ratifikasiyanda müşahidə olunan ləngimələr.

23. Qadınlara qarşı zorakılıq üzrə özünün 19 (1992) saylı Ümumi Tövsiyəsini xatırladaraq, Komitə Dövlət tərəfini aşağıdakıları həyata keçirməyə çağırır:



(a) Ləngimələrə yol vermədən Məişət Zorakılığının Qarşısının alınması üzrə Milli Fəaliyyət Planını və Məişət Zorakılığının Qarşısının alınması üzrə Milli Strategiyanı qəbul etmək və onların həyata keçirilməsi üçün müvafiq vəsait ayırmaq;

(b) Yaş, şəhər və kənd ərasiləri, habelə qünahkar ilə qurban arasında əlaqələri göstərən bölgünü gözləmək şərti ilə qadınlara qarşı zorakılığın bütün formaları barədə təfsilatlı məlumatların toplanması sistemini yaratmaq;

(c) Ölkə daxilində zorakılıq qurbanları üçün dövlət tərəfindən maliyyələşən dəstək və istinad mərkəzlərinin yaratmaq və bu baxımdan müvafiq qeyri-hökumət təşkilatları ilə əməkdaşlığı gücləndirilmək;

(d) Xüsusilə regionlarda olmaqla, zorakılıq qurbanı olan qadınlar üçün dövlət tərəfindən maliyyələşdirilən sığınacaqların sayının artırmaq, və qurbanlar üçün 24/7 rejimdə çalışan qaynar xətti yaratmaq; və

(e) Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşının alınması haqqında Avropa Şurası Konvensiyasının ratifikasiya üzrə müddətlər təyin etmək.

İnsan alveri və fahişəliyin istismarı

24. Komitə insan alverinin qurbanı olan qadın və qızların səmərəli müdafiəsini təmin edən qanunvericiliyi, siyasi tədbirləri və proqramları yüksək dəyərləndirir. Eyni zamanda, Komitə aşağıdakı hallar ilə əlaqədar narahatlığını bildirir:

(a) Dövlət tərəfi cinsi istismar və məcburi əmək məqsədləri üçün insan alveri qurbanı olan qadın və qızların mənşəyi, transit və təyinat ölkəsi olaraq qalır;

(b) İnsan alveri ilə mübarizə üçün milli təyinat mexanizminin siyasi çərçivəsinin tətbigi zəif olaraq qalır;

(c) Cinayət Məcəlləsində uşaqların, o cümlədən qızların pornoqrafiyaya cəlb olunmasını qadağan edən xüsusi müddəalar çatışmır, və milli qanunvericiliyə əsasən hüquqi şəxslər bu cür cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilə bilməzlər;

(d) Dövlətin sosial reabilitasiya və cəmiyyətə reinteqrasiya tədbirləri yalnız insan alveri qurbanları ilə məhdudlaşır, lakin pornoqrafiya üçün istismar olunan qadın və qızların, satış və fahişəlik qurbanı olan qızların ehtiyaclarını adekvat nəzərə almır;

(e) Küçə uşaqları, əlaxsus insan alverinə yüksək dərəcədə həssas olan qızlar barədə heç bir rəsmi statistika mövcud deyil; və

(f) Ölkədə fahişəliyin səbəblərini tədqiq edən heç bir araşdırma mövcud deyil.

25. Komitə Dövlət tərəfinə aşağıdakıları tövsiyə edir:

(a) Qadın və qızların fahişəliyə satılma və yaxud orqan alveri və qul əməyinə məruz qalma hallarını aşkarlamaq, onlara reaksiya vermək və qarşısını almaq üçün yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə yerli komissiyaları müvafiq insan, maliyyə və texniki resurslarla təmin etmək; Uşaqların, xüsusilə qızların, müdafiə siyasətinin əsas aspektlərini həyata keçirmək üçün uşaqların milli müdafiə sistemini gücləndirmək və ya onu yenidən təşkil etmək;

(b) İnsan alveri ilə mübarizə aparmaq üçün milli təyinat mexanizminin siyasi çərçivəsinin tam icrasını təmin etmək;

(c) Uşaqların, xüsusilə qızların, iştirakı ilə pornoqrafiyanı cinayət əməli etmək, və belə hallar üçün hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq müddəaları dəyişmək;



(d) Dövlətin sosial reabilitasiya və cəmiyyətə reinteqrasiya tədbirləri çərçivəsində satış, fahişəlik və pornoqrafiya cinayətlərinin qurbanı olan uşaqların, xüsusilə qızların, ehtiyaclarını nəzərə almasını təmin etmək;

(e) Cinslər üzrə bölünmüş sistematik məlumat toplanmasını təmin etmək üçün küçə uşaqları, xüsusilə qızların, vəziyyətinə dair məlumatların toplanmasını təkmilləşdirmək; və

(f) Qadınları fahişəliyə sövq edən amilləri tədqiq etmək və fahişəliyi tərk etmək istəyən qadın və qızlar üçün reabilitasiya/cəmiyyətə reinteqrasiya proqramları və mərkəzlərinin sayını artırmaq.

Siyasi və ictimai həyatda iştirak

26. Komitə 2014-ci ildə bələdiyyə səviyyəsində vəzifə tutan qadınların sayının 35% artması və ölkə prezidentinin xüsusi sərəncamı əsasında regionlarda icra hakimiyyəti başçısının müavini vəzifəsinə qadınların təyin edilməsi haqqında Dövləti təmsil edən nümayəndə heyətinin təqdim etdiyi məlumatı alqışlayır. Eyni zamanda, Komitə qadınların hökumət, milli və yerli qanunvericilik orqanlarında, dövlət qulluğunda, xüsusilə ali və qərar qəbul etmə vəzifələrində aşağı səviyyədə təmsil olunmasından narahatlığını izhar edir.

27. Komitə Dövlət tərəfində xüsusilə ali və qərar qəbul etmə səviyyəsində, siyasi və ictimai həyatda və dövlət qulluğunda qadınların tam və bərabər iştirakını təmin etməyi tövsiyyə edir. Xüsusilə, siyasi partiyaların seçki siyahılarında qadın namizədlər üçün məcburi kvotanı və ya seçkili vəzifələrdə qadınların ən azı 30% təşkil etməsini mümkün edən alternativ bir sistemi tətbiq etməyi tövsiyə edir; Belə təyinatlar üçün gender bərabərliyi sistemi və yüksək vəzifələrdə qadınların cəlb olunması və sürətləndirilməsi üzrə Konvensiyanın 4-cü maddəsinin 1-ci bəndinə və Komitənin 25 (2004) saylı Ümumi Tövsiyələrin tələblərinə uyğun olaraq, digər müvəqqəti xüsusi tədbirlər qəbul etmək də tövsiyə olunur.

Təhsil

28. Komitə qadınlar və kişilər arasında yüksək savadlılıq səviyyəsini, həmçinin orta təhsilə qızların cəlb olunması üzrə rəsmi qeydiyyat göstəricilərini alqışlayır. Bununla belə, Komitə aşağıda qeyd olunan hallardan narahatdır:

(a) Kənd yerlərində və qaçqın/məcburi köçkün qəsəbələrində qızlar arasında orta məktəbdə davamiyyət göstəricilərin aşağı olması, eləcə də qismən erkən nigah səbəbindən qızların orta məktəbi tərk etməsi üzrə real göstəriciləri;

(b) Bakalavr təhsil pilləsinə qəbul zamanı kişilərə nisbətən qadınların aşağı sayda olması;

(c) Təhsil sahəsinin seçilməsində stereotip yanaşmadan istifadə edilməsi nəticəsində onların ənənəvi qadın peşəsi hesab olunduğu səhiyyə və xidmət sənayesində yüksək konsentrasiyası;

(d) Təhsil materiallarında gender stereotiplərin hələ mövcud olması; və

(e) Qadın hüquqları və gender bərabərliyi kimi mövzuların məktəbdəki tədris və müəllimlər üçün peşəkar təlim materiallarında məcburi fənn kimi olmaması.

29. Komitə Dövlət tərəfinə aşağıdakıları tövsiyə edir:

(a) Qızlar arasında məktəbi tərk etmə göstəricisini azaltmaq üçün bütün zəruri tədbirləri görmək, o cümlədən erkən nigahların qarşısının almaq;

(b) Məsələn təqaüd təmin etməklə, ali təhsil pilləsində qadınların və qızların iştirakını artırmaq məqsədilə, maddə 4 və müvəqqəti xüsusi tədbirlər üzrə Komitənin 25, 2000 saylı Baş Tövsiyəsinə uyğun olaraq, müvəqqəti xüsusi tədbirlər də daxil olmaqla, zəruri tədbirlər görmək.

(c) Karyeranın inkişafı ilə əlaqədar müvafiq təlimat vasitələri ilə təhsildə və karyera seçimində qızları və gənc qadınları qeyri-ənənəvi sahələrə üstünlük verməkdə təşviq etmək;

(d) Prioritet bir məsələ olaraq, dərslikləri və digər tədris materiallarını nəzərdən keçirmək və hər hansı bir gender stereotiplərinə əsaslanan ayrı-seçkilik nümunələrini aradan qaldırmaq; və

(e) Məktəblərin tədris proqramına və təhsilin bütün pillələrində müəllimlər üçün hazırlanan peşəkar təlim kurslarına qadın hüquqları və gender bərabərliyi üzrə məlumatları məcburi mövzu olaraq daxil etmək.

Məşğulluq

30. Komitə qadınlar arasında aşağı işsizlik dərəcələri üzrə rəsmi statistik məlumatları qeyd edir. Bununla belə, qadınların aşağı ödənişli və qeyri-rəsmi işlərdə cəmlənməsilə nəticələnən əmək bazarının davam edən üfüqi və şaquli bölgüsü, qadınlara münasibətdə ciddi maaş fərqi, uşaq müəssisələrinin olmaması və kişilərə nisbətdə qadınlar üçün aşağı pensiya dərəcələrin mövcudluğu Komitəni narahat edir.

31. Komitə Dövlət tərəfinə aşağıdakıları tövsiyə edir:

(a) Qadınların formal məşğulluqda iştirakını artırmaq və peşə bölgüsündə qadınlar və kişilər arasında, o cümlədən üfüqi və şaquli struktur bərabərsizliyin aradan qaldırmasına yönəlmiş səylərini gücləndirmək üçün tədbirlər görmək;

(b) Genderdən asılı məvacib fərqini azaltmaq və aradan qaldırmaq məqsədilə eyni dəyərli işə görə bərabər əmək haqqı prinsipinin həyata keçirilməsi üçün tədbirlər görmək, bütün sektorlarda kişi və qadınların əmək haqqlarını müntəzəm olaraq nəzərdən keçirmək;

(c) Uşaq müəssisələrinin sayını artırmaq ilə bərabər, icbari atalıq məzuniyyətini təqdim etməklə, qadın və kişilər üçün peşəkar və şəxsi həyat arasında tarazlığı asanlaşdırmaq;

(d) Kareyrada hamiləlik, yarım-ştat məşğulluq kimi hallar səbəbindən yaranan fasilələrin və məvaciblərdə genderdən asılı olan fərqlərin qadın pensiyalarına və digər sosial təminat imtiyazlarına mənfi təsirini aradan qaldırmaq.

Sağlamlıq

32. Komitə bütün vətəndaşlar üçün əlverişli səhiyyə xidmətlərinə çıxışı təmin etmək imkanlarının yaxşılaşdırılması üçün Dövlət tərəfinin səylərini qeyd edir. Bununla belə, o, səhiyyə sahəsində dövlət xərclərinin qeyri-adekvat həcmdə olmasından, özlərinin sağlamlıq vəziyyəti ilə bağlı qərarların qəbul edilməsində qadınların məhdud səlahiyyətlərə malik olmasından, ana ölümü göstəriciləri üzrə rəsmi mənbələrlə müvafiq beynəlxalq hesablamalar arasındakı fərqdən; uşaq ölümü, əlaxsus 2011-ci ildə dərc olunan Azərbaycanda Demoqrafiya və Sağlamlıq Sorğusunda beş yaşa gədər oğlan və qızlar arasında ölüm göstəricilərində aşkarlanan fərqdən; qadınlar arasında anemiyanın yüksək səviyyədə yayılmasından; cinsdən asılı və məcburi abortların yüksək sayda olması da daxil olmaqla, abortların ailə planlaması prosesində əsas aləti kimi istifadə edilməsindən; müasir kontraseptiv üsullardan çox aşağı səviyyədə istifadə olunmasından; xüsusilə də kənd yerlərində zəif səhiyyə infrastrukturu və xidmət təminatçılarının qeyri-qənaətbəxş bacarıqlarından narahat olmaqda qalır. Komitə, həmçinin cinsi və reproduktiv sağlamlıq haqqında qanunun olmamasından narahatdır.

33. Komitə, özünün qadınlar və sağlamlıq üzrə 24 (1999) saylı Ümumi Tövsiyəsinə uyğun olaraq, qadınların yüksək keyfiyyətli səhiyyəyə çıxışının yaxşılaşdırılmasına, habelə aşağıda göstərilən tədbirləri həyata keçirməyə çağırır:

(a) Digər işlərlə bərabər, bu fenomenin yayılma dərəcəsi, onun tərifi və ölçü parametrləri barədə dəqiq məlumatların təmin edilməsi vasitəsilə, ana ölümü hallarının azaldılmasına yönəlmiş səyləri sürətləndirmək;

(b) Ana və neonatal ölüm hallarının sayını azaltmaq üçün antenatal, doğüş və yeni doğulmuşlara qayğı xidmətlərinin keyfiyyətini təmin etmək;

(c) Digər işlərlə bərabər, məktəblərdə yaşa uyğun cinsi təhsil vasitəsilə ailə planlaşdırılması və reproduktiv sağlamlıq üzrə tədrisi təşviq etmək;

(d) Səhiyyə Nazirliyinin Əsas Dərman Siyahısına müasir kontraseptivlərin daxil edilməsi vasitəsilə əhali arasında müasir kontraseptivlərdən istifadəni təşviq etmək;

(e) Təxirə salmadan Əhalinin Reproduktiv Sağlamlığı və Ailə Planlaşdırması haqqında qanununu qəbul etmək;

(f) Qadınlar və uşaqlar arasında mikroelement çatışmamazlığını aradan qaldırmaq üçün Yeməklərin (Qida) Vitaminləşdirilməsi haqqında Qanunu qəbul etmək;

(g) Xüsusilə kənd yerlərində olmaqla, AUÖP (anadan uşağa ötürülmənin qarşısının alınması) proqram və xidmətlərin geniş əhatəsini təmin etmək; və

(h) İİV ilə bağlı ictimai qınağın aradan qaldırılmasını təmin etmək üçün maarifləndirmə kampaniyaları aparılmaq.

Qadınların iqtisadi imkanlarının genişləndirilməsi

34. Komitə qadınların iqtisadi imkanlarının genişləndirilməsi sahəsində ayrı-seçkiliyə və ənənəvi stereotiplərə əsasən qadınların rolunun əlavə gəlir mənbəyi olması, müvafiq bacarıqların çatışmamazlığı və qadınları banklara müraciət etməkdən çəkindirən institusional maneələrin mövcudluğu səbəbindən, qadınların kredit almaqda çoxlu sayda çətinliklərlə üzləşməsindən narahatdır.

35. Komitə kredit, torpaq və digər resurslara, mikro iqtisadi və idarəçilik təlimlərinə çıxışı təmin etməklə, qadınlar, xüsusilə kənd qadınları arasında, onların iqtisadi baxımdan səlahiyyətləndirilməsi və sahibkarlıq bacarıqlarının artırılması prosesini təşviq etmək və dəstəkləmək üçün səyləri artırmağı, və bu təşəbbüslərin qadınlara göstərdiyi təsiri monitorinq etməyi Dövlət tərəfinə tövsiyə edir.

Kənd qadınları

36. Komitə kənd qadınlarının icma səviyyəsində qərarların qəbul edilməsi proseslərində, o cümlədən onların torpaq, əlaqədar resurslar, eləcə də sosial və səhiyyə xidmətlərə, iqtisadi imkanlara, yeni texnologiyalara, siyasi və ictimai həyatda iştirak üçün məhdud imkanlara malik olmasından narahatdır. Komitə, həmçinin kənd yerlərində uşaq müəssisələrinin, habelə məişət zorakılığı qurbanları üçün sığınacaq və onlara təmin ediləcək digər xidmətlərin olmamasından da narahatdır.

37. Komitə kənd qadınlarının icma səviyyəsində qərarların qəbul edilməsi proseslərində, o cümlədən torpaq, əlaqədar resurslar, eləcə də sosial, səhiyyə və digər əsas xidmətlərə, iqtisadi imkanlara, yeni texnologiyalara adekvat çıxışının olmasını və həmçinin onlara siyasi və ictimai həyatda bərabər iştirak imkanını təmin etməyi Dövlətə tövsiyə edir. O, həmçinin kənd yerlərində uşaq müəssisələrinin, habelə məişət zorakılığı qurbanları üçün sığınacaqların mövcudluğunu təmin etməyi tövsiyə edir.

Ailə münasibətləri və erkən nigahlar

38. Komitə qanunla qadın və kişilər üçün minimal nigah yaşının eyni, yəni 18 yaş səviyyəsində müəyyən edilməsini alqışlayır. Lakin, Komitə erkən nigahların sayının artmasından, rəsmi statistikada onların əks olunmamasından və belə halların araşdırılıb, cinayət təqibi predmetinə çevrilməməsindən narahatdır. Komitə həmçinin qadın və uşaqlara heç bir hüquqi müdafiə təmin etməyən və qeydiyyatsız dini nigahların ("Kəbin") sayının artmasından da narahatdır. O, həmçinin boşanma zamanı bərabər bölünəcək mülkiyyət qismində pensiya hüquqlarının qeyri-maddi əmlak kimi nəzərə almayan hazırki ailəyə məxsus əmlak rejimindən də narahatdır.

39. Komitə Dövlət tərəfini aşağıdakıları həyata keçirməyə çağırır:

(a) Qızların məktəb təhsilindən ayrılmalarının monitorinqi, eləcə də (31 saylı ÜT-ə uyğun olaraq) hüquq-mühafizə orqanları tərəfindən sistemli araşdırma, təqib və cinayət törətmiş bütün şəxslərin cəzalandırılması vasitəsilə erkən və yeniyetmə yaşına çatmamış insanlar arasında nigahların qarşını almaq;

(b) Əvvəlcədən rəsmi qeydiyyat olmadan dini nigahların ("Kəbin") həyata keçirilməsinə qarşı qadağanı tətbiq, habelə [29 saylı ÜT-ə uyğun olaraq] qeydə alınmamış nigahlarda qızların və qadınların, eləcə də onların uşaqlarının hüquqlarını müdafiə etmək üçün bütün lazımi tədbirlər görmək.

(c) Pensiya və sığorta kimi qeyri-maddi əmlakın birgə mülkiyyətinin bir hissəsi kimi tanınmasına və boşanma zamanı bərabər bölünməsinə imkan yaradan lazımi qanunvericilik tədbirlərini həyata keçirmək.

Pekin Bəyannaməsi və Fəaliyyət Platforması

40. Komitə Dövlət tərəfini Konvensiyanın müddəalarının həyata keçirilməsi səyləri çərçivəsində Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını istifadə etməyə çağırır.



Minilliyin İnkişaf Məqsədləri və 2015-ci ildən sonra inkişaf çərçivəsi

41. Komitə Konvensiyanın müddəalarına uyğun olaraq, Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq və 2015-ci ildən sonra inkişaf çərçivəsinə daxil etmək üzrə bütün səylərə gender məsələlərini inteqrasiya etməyə çağırır.

Məlumatın yayılması

42. Komitə Konvensiyanın müddəalarını sistematik və davamlı şəkildə həyata keçirmək sahəsində Dövlət tərəfinin öhdəliyini xatırladır. O, hazırki və növbəti dövri hesabatın təqdim olunacaqğı müddət ərzində bu sənəddə əks olunan yekun müşahidələr və tövsiyələrin icrasına xüsusi diqqət yönəltməyə çağırır. Sözü gedən müşahidələr və tövsiyələrin bütöv şəkildə həyata keçirilməsini təmin etmək üçün Komitə Dövlətin rəsmi dilində (lərində) ölkədəki bütün səviyyələrdə olan (milli, regional, yerli) müvafiq dövlət qurumlarına, xüsusilə Hökumətə, nazirliklərə, Parlamentə və məhkəmə orqanlarına yekun müşahidələrin vaxtında çatdırılmasını xahiş edir. Komitə həmçinin Dövlət tərəfini işəgötürənlər birlikləri, həmkarlar ittifaqları, insan hüquqları və qadın təşkilatları, universitetlər və elmi-tədqiqat institutları və mətbuat kimi aidiyyatı olan bütün maraqlı tərəflər ilə əməkdaşlığa çağırır. Bununla bərabər, o, yekun müşahidələrin hayata keçirilməsini təmin etmək məqsədilə onların yerli icmalar səviyyəsində yayılmasını da tövsiyə edir. Bundan başqa, Komitə Dövlət tərəfindən bütün maraqlı tərəflərə CEDAW Konvensiyasını, onun Fakültativ Protokolunu və səlahiyyətlərini, habelə Komitənin Ümumi Tövsiyələrini yaymaqda davam etməyi xahiş edir.



Texniki Yardım

43. Komitə Konvensiyanın həyata keçirilməsini Dövlətin inkişaf səyləri ilə əlaqələndirməyi, və bu baxımdan regional və ya beynəlxalq texniki yardımdan faydalanmağı tövsiyə edir.

Digər müqavilələrin və insan hüquqları alətlərinin ratifikasiyası

44. Komitə doqquz əsas beynəlxalq insan hüquqları alətlərinə1 dövlətin riayət etməsinin qadınlara həyatın bütün aspektlərində öz insan hüquqları və fundamental azadlıqlarından istifadə imkanlarını artıracağını qeyd edir. Məhz bu səbəbdən, Komitə Dövlət tərəfini hələ də qoşulmadığı Bütün Şəxslərin Məcburi Yoxaçıxmalardan Müdafiəsinə dair Beynəlxalq Konvensiyanı, habelə Uşaq Hüquqları haqqında Konvensiyanın Fakultativ Protokolunu kommunikasiya proseduru əsasında ratifikasiya etmək ehtimalını nəzərdən keçirməyə çağırır.



Komitə buna görə də rabitə hələ bir partiya deyil olan Məcburi Yoxaçıxmalardan bütün şəxslərin müdafiəsi, eləcə də Beynəlxalq Konvensiyanı ratifikasiya hesab Dövləti çağırır qaydası.

Yekun müşahidələrin irəli gələn addımlar

45. Komitə yuxarıda qeyd olunan 15 (a) və (b) və 23 bəndlərdə əks olunan tövsiyələrin həyata keçirilməsi üçün atılan addımlar barədə iki il ərzində yazılı məlumatın verilməsini Dövlət tərəfindən xahiş edir.



Növbəti hesabatın hazırlanması

46. Komitə Dövlət tərəfini 2019-cu ilin mart ayında altıncı dövri hesabatı təqdim etməyə dəvət edir.



47. Komitə Dövlət tərəfini “Beynəlxalq İnsan Hüquqlarına dair müqavilələr üzrə Genişləndirilmiş əsas sənəd və səciyyəvi-müqavilə hesabatı və uyğun təlimatlara əsaslanan hesabatlar barədə ümumi qaydalara” riayət etməyi xahiş edir (HRI/MC/2006/3 və Corr.1).




* * Komitə tərəfindən altmışıncı sessiya zamanı qəbul olunub (16 fevral – 6 mart 2015-ci il).

1  İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt; Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt; İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya; Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya; İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya; Uşaq hüquqları haqqında Konvensiya; Bütün Əməkçi Miqrantların və Onların Ailə Üzvlərinin Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Konvensiya; Bütün şəxslərin zorakı itkin düşmələrdən müdafiəsi üzrə Beynəlxalq Konvensiya; və Əlilliyi olan Şəxslərin Hüquqları haqqında Konvensiya.





Yüklə 195,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə