Uot 01: 004. Fətəliyev T. X



Yüklə 76,33 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü76,33 Kb.
#8610


İnformasiya cəmiyyəti problemləri, 2017, №1, 35–40 

 

       www.jpis.az                                                                      35 



UOT 001:004.7 

Fətəliyev T.X

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

depart3@iit.ab.az 

E-ELM VƏ E-TƏHSİLİN FORMALAŞMASINDA

 

E-KİTABXANALARIN  

ROLU HAQQINDA 

Məqalədə  e-elm  və  e-təhsilin  formalaşmasında  əsas  informasiya  vasitəsi  kimi

 

e-kitabxanaların 



roluna  baxılmışdır.  Web  2.0-in  e-kitabxanaların,  e-elmin  və  e-təhsilin  inkişafına  təsiri 

araşdırılmışdır.  Elm  və  təhsil  kitabxanaları  şəbəkələrinin  inteqrasiyasının  verdiyi  imkanlar 

göstərilmişdir. 

Açar  sözlər:  e-kitabxana,  e-elm,  e-təhsil,  Web  2.0,  Science  2.0,  Education  2.0,  Library  2.0,  e-

kitabxana  şəbəkələri. 

Giriş 

Azərbaycan  Respublikasında  iqtisadiyyatın  inkişafı,  biliklərə  əsaslanan  informasiya 

cəmiyyətinin  formalaşması,  innovativ  texnologiyaların  tətbiqi  elm və  təhsil sahələrində inkişafı 

sürətləndirmişdir. Bu baxımdan müvafiq sahələrin fəaliyyətlərinin səmərəliliyinin yüksəldilməsi, 

əlaqələndirilməsi  və  istiqamətləndirilməsi,  ümumdünya  elektron  informasiya  məkanına 

inteqrasiyasının daha da sürətləndirilməsi üçün müasir tələblərə uyğun təkmilləşdirilməsi aktual 

məsələ kimi qarşıda durur. İnformasiya cəmiyyəti üzrə Ümumdünya Sammitində (World Summit 

on  the  Information  Society  -  WSIS)  İC  quruculuğunda  informasiya-kommunikasiya 

texnologiyalarından  (İKT)  istifadə  əsas  məqsəd  və  inkişafın  hərəkətverici  qüvvəsi  kimi  qəbul 

edilmişdir. Ölkəmizdə ötən illər ərzində İKT-nin müxtəlif fəaliyyət sahələrində, o cümlədən elm 

və  təhsildə  tətbiqi  və  inkişaf  etdirilməsi  sosial-iqtisadi  yüksəlişin,  davamlı  inkişafın 

sürətləndirilməsində, şəffaflıq və hesabatlılığın artırılmasında gündəlik həyatın ayrılmaz hissəsinə 

çevrilmişdir.  Bu  məsələ  WSIS-in  Fəaliyyət  Planının  C7  fəaliyyət  istiqamətinə  uyğun  olaraq 

respublikamızda e-elm və e-təhsilin uğurla həyata keçirilməsini sürətləndirmişdir. Belə ki, müasir 

dövrdə  həmin  qurumlarda  İKT-nin  inkişaf  səviyyəsi  və  problemləri  informasiyalaşdırma  ilə 

yanaşı,  onların  hər  birinin  strukturlarının  istifadəsi  üçün

 

vahid  informasiya  fəzasının 



formalaşdırılması,  informasiya  resursları  və  infrastrukturlarının  inkişaf  etdirilməsi  siyasətinə 

keçməyi  zəruri  etmişdir.  Beləliklə,  reallaşdırılan  hər  iki  layihənin  məqsədi  informasiya-

kommunikasiya infrastrukturuna malik, yüksəksürətli İnternet şəbəkəsi vasitəsi ilə elmi, texniki, 

təhsil  üzrə  informasiya  və  hesablama  resurslarına  çıxışı  olan  elmi  və  təhsil  qurumları 

kollektivlərinin, həmçinin elmi araşdırmalarla və təhsil prosesi ilə məşğul olan ayrı-ayrı fərdlərin 

virtual məkanda birgə fəaliyyətini təmin etməkdir [1]. Layihələr üzrə müxtəlif istiqamətlərdə işlər 

görülür.  Onlardan  biri  də  yeni  innovativ  texnologiyalar  əsasında  informasiya  təminatlarının 

yaradılmasıdır  ki,  bu  da  müasir  dövr  üçün  ən  zəruri  və  aktual  məsələlərdən  hesab  olunur.  

E-kitabxanalar məhz həmin informasiya təminatlarının əsas və ayrılmaz tərkib hissəsini təşkil edir.  

Məlumdur  ki,  elektron  informasiya  resurslarından  istifadə  etmədən  informasiya 

cəmiyyətinin  formalaşması  mümkün  deyildir.  Müasir  informasiya  texnologiyalarının  böyük 

miqyasda kağız formasında toplanmış məlumatların rəqəmsallaşdırılması və bununla da, yeni növ 

informasiya  resurslarının  yaradılması  imkanları  e-kitabxanaların  layihələndirilməsinə  şərait 

yaratmışdır. E-kitabxana müxtəlif təyinatlı informasiyanın yaradılmasının, saxlanmasının təşkili 

və  yayılmasının  yeni  keyfiyyətdə  təqdim  edilməsi  imkanlarına  malikdir.

 

E-kitabxanaya,  eyni 



zamanda,  müxtəlif  tipli  elektron  sənədlərin  (mətn,  qrafik,  audio,  video  və  s.)  saxlanmasını  və 

şəbəkə vasitəsi ilə səmərəli istifadə olunmasını təmin edən informasiya sistemi kimi baxıla bilər. 

O, qeyri-məhdud sayda oxucuya məkan və zamandan asılı olmadan keyfiyyətli və daha dolğun 

informasiya xidməti göstərən açıq onlayn sistemdir. Bu gün e-kitabxanaların ən yeni kompüter və 

şəbəkə  avadanlıqları,  qeyri-ənənəvi  məlumat  daşıyıcıları,  yüksək  effektli  avtomatlaşdırılmış 



İnformasiya cəmiyyəti problemləri, 2017, №1, 35–40 

 

36                                                                  www.jpis.az 



texnologiyalar  ilə  təchiz  edilməsi  onları  informasiya  sənayesinin  ən  güclü  və  vacib  sahələrinə 

çevirmişdir [2,3]. 

Beləliklə, qloballaşma və inteqrasiya prosesləri ilə xarakterizə olunan

 

müasir dövrdə elm və 



təhsildə fəaliyyətin inkişafı, kompleks təhlili, idarə olunması və proqnozlaşdırılması mükəmməl 

informasiya təminatı əsasında reallaşdırıla bilər. İnformasiya təminatının əsas tərkib hissəsi kimi 

e-kitabxanalar  bu  məsələlərin  həllində  mühüm  əhəmiyyət  daşıyır.

 

Qeyd  olunanlar  araşdırılan 



məsələnin aktullağını bir daha təsdiq edir. 

E-kitabxanalar elm və təhsil sistemlərinin əsas informasiya təminatı kimi 

İnsanın  yaradıcı,  sosial  və  intellektual  fəaliyyətinin  əsas  nəticələrindən  biri  informasiya 

resurslarının  yaradılması  və  toplanmasıdır.  İnformasiyanın  toplanması  texnologiyasının  inkişaf 

səviyyəsi və toplanmış informasiyanın effektli istifadəsi, bütün tarix boyu istehsal gücünün inkişaf 

səviyyəsinə  əhəmiyyətli  dərəcədə  təsir  etmişdir.  Bu  baxımdan,  kitabxanalar  xalqın  yaratdığı 

qiymətli  tarixi-mədəni,  ədəbi-bədii  və  elmi-fəlsəfi  irsin  toplanıb-saxlanmasında,  bəşər 

mədəniyyətinin qazandığı nailiyyətlərin nəsildən-nəslə çatdırılmasında və cəmiyyətin intellektual-

mənəvi potensialının qorunmasında və artırılmasında əvəzsiz rol oynayır. 

Hazırki  dövr  informasiya  axınlarının  həcminin  artması,  informasiya  texnologiyalarının 

mürəkkəbləşməsi  və  imkanlarının  genişlənməsi  ilə  müşayiət  olunur.  Bu  baxımdan,  İnternet 

texnologiyası müstəsna rola malikdir. İnternet şəbəkəsində kitablar, dövri və mütəmadi çap olunan 

nəşrlər,  məqalələr,  məlumat  bazaları  haqqında  biblioqrafik  informasiyanı  özündə  saxlayan  çox 

böyük  həcmdə  elektron  resurslar  cəmləşmiş,  nəhəng  informasiya  fəzası  formalaşmışdır.  Belə 

nəhəng  informasiya  fəzasının  formalaşmasında  e-kitabxanaların  və  informasiya  xidməti 

sistemlərinin  mühüm  yeri  vardır.  E-kitabxanaların  yaradılmasında  əsas  məqsəd  oxuculara 

göstərilən  xidmətlərin  təkmilləşdirilməsi,  operativliyin  və  səmərəliliyin  artırılması,  kitabxana 

fondunu  təşkil  edən  mədəni  və  elmi  irsin  saxlanılmasının  yeni  üsullarının  tətbiqi,  nadir  fiziki 

nüsxələrin qorunması,  yeni  mənbələrin  cəlb olunması  ilə kitabxana  fondunun  genişləndirilməsi, 

elmi-tədqiqat fəaliyyətini yeni keyfiyyətli informasiya ilə təmin etməkdir. Dünyada e-kitabxana və 

müvafiq  informasiya  infrastrukturunun  yaradılması  işləri  sürətlə  baş  verir.  Bu  istiqamətdə  işlər 

Böyük Britaniyada keçən əsrin 80-cı illərində, ABŞ-da isə 90-cı illərdə başlanmışdır. İlkin olaraq 

bu layihələrin  kiçik işçi  qruplar  tərəfindən  həyata  keçirilməsinə  baxmayaraq, bir  neçə  il  ərzində 

onlar  milli  proqramlar  və  beynəlxalq  layihələr  statusunu  əldə  etmişlər.  Misal  olaraq,  Böyük 

Britaniyanın  “eLib”  [4],  ABŞ-ın  “NDLP”  [5]  proqramlarını,  Almaniyanın  “Global-Info”  [6]  və 

Yaponiyanın  [7]  e-kitabxana  layihələrini  göstərmək  olar.  Qeyd  etmək  lazımdır  ki,  bu  layihələr 

əhəmiyyətli dövlət maliyyə dəstəyinə malikdirlər. Rusiyada 1995-ci ildən [8], Belarusda 1996-cı 

ildən [9] dövlət dəstəyi ilə bu istiqamətdə ardıcıl işlər aparılır. Şimal qonşumuzun “Elmi elektron 

kitabxana” layihəsi uğurla fəaliyyət göstərir [10]. Müəlliflərin, elmi jurnalların və elmi təşkilatların 

fəaliyyətlərinin  biblioqrafik  və  elmmetrik  təhlillər  əsasında  qiymətləndirilməsi  üçün  onun 

bazasında “Rusiya Milli İstinad İndeksi” analitik-informasiya sistemi yaradılmışdır [8]. Bu sistem 

elmi fəaliyyətin qiymətləndirilməsi, ölkədə elmin inkişafına dəstək verən imkanlara malikdir. 

Azərbaycanda 

kitabxanaların  maddi-texniki  bazalarının  inkişaf  etdirilməsi  və 

fəaliyyətlərinin  təkmilləşdirilməsinə  daim  dövlət  qayğısı  göstərilir.  1996-cı  ildə  Azərbaycan 

hökuməti  “Azərbaycan  Respublikasında  kitabxana  işinin  vəziyyəti  və  onu  yaxşılaşdırmaq 

tədbirləri haqqında” qərar qəbul etmişdir [11]. 1999-cu ildə “Kitabxana işi haqqında” Azərbaycan 

Respublikasının  Qanunu  qüvvəyə  minmişdir  [12].  Azərbaycan  Respublikası  Prezidentinin  

2007-ci il 20 aprel tarixli “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” 

Sərəncamı  bu  məsələlərin  həllində  dönüş  yaratmışdır  [12].  Həmin  sərəncamın  nəticəsi  olaraq 

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) istifadəyə verilməsini buna misal göstərmək olar. 

Dünya təcrübəsi əsasında AMEA MEK-in maddi-texniki bazasının, İKT infrastrukturunun müasir 

səviyyədə  qurulması,  e-kitabxana  sisteminin  yaradılması  və  fəaliyyətinin  dünya  standartları 

səviyyəsinə  qaldırılmasına  nail  olmaq  üçün  aşağıdakı  məsələlərin  həlli  nəzərdə  tutulmuş  və 



İnformasiya cəmiyyəti problemləri, 2017, №1, 35–40 

 

       www.jpis.az                                                                      37 



hazırda həyata keçirilir: 

 



kitabxana fondunu təşkil edən çap əsərlərinin rəqəmsal formaya çevrilməsi

 



kənar mənbələrdən elektron elmi resursların alınması; 

 



elektron nəşrlərin kataloqlaşdırılması; 

 



informasiyanin saxlanılması işinin təşkili; 

 



informasiya axtarışının və əldə edilməsi işinin təşkili; 

 



informasiya təhlükəsizliyi məsələləri və s. 

AMEA MEK-in e-kitabxanasının yaradılmasında əsas məqsəd beynəlxalq təcrübənin nəzərə 

alınması və müasir texnologiyaların tətbiqi ilə kitabxana işinin təşkilini səmərələşdirmək, oxucu-

kitabxana münasibətlərini sadələşdirmək, son texnologiya və avadanlıqların tətbiqi ilə AMEA-nın 

elmi  müəssisə  və  təşkilatlarının,  ölkənin  digər  qurumlarının  kitabxanaları  və  dünya  kitabxana 

sistemləri  ilə  inteqrasiya  edə  biləcək  vahid  mərkəzləşdirilmiş  kitabxana  sistemini  yaratmaq  və 

nəticə  etibarilə  tam  müasir  və  dünya  standartlarına  cavab  verən  intellektual  mühiti 

formalaşdırmaqdır. 

Onu  da  xüsusi  ilə  qeyd  etmək  lazımdır  ki,  ölkəmizdə  informasiya  cəmiyyətinin  inkişafı 

şəraitində  milli  kontentin  genişləndirilməsinə,  ölkəmizin  milli-mədəni  irsinin  qorunub 

saxlanılmasına və inkişafına, əhalinin ondan müasir texnologiyalar vasitəsilə istifadəsinə və bilik 

səviyyəsinin  artırılmasına  böyük  diqqət  yetirilir  [13].  Kitabxana,  arxiv  və  muzeylərdə  İKT-nin 

tətbiqinin,  elektron  kitabxana  şəbəkəsinin  genişləndirilməsi  bu  sahədə  əsas  fəaliyyət 

istiqamətlərindəndir. 



Web 2.0-ın təsir dairəsi 

Dünyada İKT-nin, xüsusilə, İnternet və veb texnologiyalarının inkişafı, davam etməkdə olan 

rəqəmsallaşma fenomeni müxtəlif, o cümlədən Elm 2.0 (Science 2.0), Açıq elm (Open sciense), 

Təhsil 2.0 (Education 2.0), Kitabxana 2.0 (Library 2.0) və s. kimi yeni anlayışlar yaratmışdır. Onlar 

İKT-nin,  məhz  Web  2.0  texnologiyasının  tətbiqi  ilə  elmi  mübadilə  və  əməkdaşlıq  prinsiplərinə 

əsaslanan fəaliyyət növləri ilə xarakterizə olunur. İdeya, məlumat və ya elmi nəticələri bölüşmək 

üçün  viki,  bloq  və  video-jurnal  kimi  əməkdaşlıq  texnologiyalarından  istifadə  burada  mühüm 

əhəmiyyət kəsb edir. Bu anlayışların əhatə dairəsinin ümumi cəhəti daha çox “açıqlığa” (yəni açıq 

əlyetənliyə), daha qısa nəşr dövrlərinə (məsələn, elmi viki səhifələr vasitəsilə), sürətli əks əlaqəyə 

(məsələn,  sosial  şəbəkələrdən  istifadə  etməklə)  və  ya  iştirakın  və  əməkdaşlığın  daha  yüksək 

dərəcəsinə  (məsələn,  virtual  tədqiqat  mühitlərinə)  nail  olmaqdır.  Qeyd  olunan  terminlər  hər  bir 

tədqiqat strukturunun diqqət mərkəzində olanları əks etdirir.  

Açıq  elm  mümkün  dərəcədə  açıq  tədqiqatlar  istiqamətində  fəaliyyəti  tənzimləyir  və  bu 

mühitdə birgə iş, tədqiqatların nəticələrinin “açıq” istifadəsi və hər kəs tərəfindən ixtiyari məqsədlə 

paylaşılması  sərbəst  fəaliyyət  kimi  başa  düşülür  [14].  Bu  konsepsiya  açıq  proqram  təminatı, 

əlyetərli nəşrlər və ya açıq tədqiqat proseslərini birləşdirərək tədqiqat layihələrinin bütün fazalarının 

ictimaiyyət  üçün  açıq  olmasını  təmin  edir.  Elm  2.0  və  Təhsil  2.0  isə,  xüsusən,  sosial  medianın 

tədqiqat,  təhsil  və  nəşr  proseslərinə  təsirini  genişləndirir.  Elm  2.0  və  Təhsil  2.0-ın  təyinatı  yeni 

İnternet texnologiyalarının, o cümlədən sosial medianın tədqiqatının və təhsilin bütün fazalarında 

tətbiqinin yeni üsullarının tədqiqi ilə bağlıdır. Elm 2.0, öz növbəsində, Açıq elmə imkan yaradır, 

özü isə açıq olmaya da bilər. Məsələn, bir tədqiqat qrupu hər hansı bir nəşr üzərində sosial media 

şəbəkəsi mühitində birgə işləyə, yekun nəşri isə lisenziyalı jurnalda çap etdirə bilər. Əksinə, Açıq 

elm heç bir Elm 2.0 alətini istifadə etmədən meydana gələ bilər. Bununla belə, açıq (sosial) veb-

bazalı elmi kommunikasiya və Elm 2.0-ın meydana gəlməsi ilə biz paradoksal vəziyyətlə üzləşirik: 

bir  tərəfdən,  artıq  tədqiqat  üçün  çox sayda  əlyetərli  (və  adətən, pulsuz) olan informasiya  vardır, 

digər  tərəfdən  isə,  tədqiqatçılar  informasiyanın  həddindən  artıq  yüklənməsindən  və  keyfiyyətə 

nəzarəti  təmin  edən  filtrlərin  azlığından  şikayət  edirlər.  Bu  problem  Təhsil  2.0  üçün  də 

xarakterikdir. Buna baxmayaraq, yaranmış bu informasiya bolluğunun idarə edilməsi isə ayrıca bir 

problem kimi paralel olaraq həll edilir.  



İnformasiya cəmiyyəti problemləri, 2017, №1, 35–40 

 

38                                                                  www.jpis.az 



Kitabxana 2.0 konsepsiyası Web 2.0 vasitəsilə əsas diqqət istifadəçilərin iştirakına və onlar 

arasında əməkdaşlığa yönəldilmiş kitabxana xidmətlərinin yeni yanaşmasıdır [15]. Onun vasitəsi 

ilə  kitabxana  xidmətləri  yenidən  qiymətləndirilir  və  istifadəçilərin  dəyişən  tələblərinə  vaxtında 

uyğunlaşdırılması  üçün  yenilənir.  Aktiv  və  səriştəli  istifadəçi  onun  mühüm  tərkib  hissəsidir. 

Kitabxanadan oxucuya və əks istiqamətdə dövr edən informasiya və ideyalar sayəsində kitabxana 

xidmətləri  daimi,  sürətli  və  dinamik  inkişaf  etmək  və  təkmilləşmək  imkanı  əldə  edir.  Xidmətin 

virtuallığından asılı olmayaraq, istifadəçi həm iştirakçı, həm yaradıcı, həm də məsləhətçiyə çevrilir. 

Elmi kitabxanaların (Kitabxana 2.0) gələcək rolu iki əsas aspektdən ibarətdir: 1) elmi kontentlərin 

yayılması üçün xidmət və mübadilənin, həmçinin tədqiqatçıların diqqətini cəlb etməklə uyğun elmi 

nəticələrin  əldə  olunmasının  yeni  üsullarının  tətbiqi;  2)  artan  informasiya  yükünün  emalının 

öhdəsindən  gəlmək,  kitabxana  daxilində  və  kitabxanalararası  müxtəlif  kontent  mənbələrinin 

inteqrasiya  olunması  və  tədqiqat  məhsullarının  keyfiyyətinin  qiymətləndirilməsi  bacarığının 

dəstəklənməsi. 

Hal-hazırda kitabxanalar və rəqəmsal informasiya infrastrukturları alimləri milli səviyyədə 

subyektyönümlü informasiya ilə təmin edir. Gələcək kitabxanalarda (Kitabxana 2.0) isə Elm 2.0-ın 

alətləri ilə tədqiqatçılar arasında onlayn istifadə edilə bilən informasiyanın ani təchizatına imkan 

yaranacaqdır.  Elmi  kitabxanalar  vacib  informasiya  texnologiyaları  infrastrukturunu  yaradacaq, 

İnternetdə  olan  mövcud  informasiya  qovşaqları,  o  cümlədən  vikilər,  bloqlar,  virtual  tədqiqat 

mühitləri  və  ya  sosial  şəbəkələrdəki  profillər  vasitəsi  ilə  yeni  keyfiyyətli  xidmətlər  təqdim 

edəcəklər. Bunların da hamısı paylanmış informasiya təminatına olan mühüm dəstəyi təmin etmək 

üçün  zəruridir.  Belə  alətlərə  ScholarLib-i  misal  gətirmək  olar  [16].  ScholarLib-in  məqsədi 

akademik  informasiyanın  elmi  kitabxanaların  portalları  tərəfindən  sosial  şəbəkə  saytları  və  s. 

vasitəsilə əlyetərli olmasını təmin etməkdir. Kitabxanalar artıq təkcə informasiya provayderi kimi 

fəaliyyət göstərmirlər. Onlar həmçinin tədqiqatçılara Elm 2.0-da olduğu kimi, nəşr proseslərində 

dəstəklənən və bütün tədqiqat məhsulları üçün davamlı mühitlər təklif edə bilən əlavə xidmətlər 

göstərirlər.  Eyni  zamanda,  ədəbiyyat  axtarışı  üçün  yeni  paradiqmalara  imkan  yaradan  Elm  2.0 

texnologiyalarının mənimsənilməsi və tətbiqi kitabxanaların inkişafında mühüm rol oynayacaqdır. 

E-kitabxanaların e-elm və e-təhsilin inteqrasiyasında rolu 

Elmi  tədqiqatların  müasir  nəzəri  və  metodoloji  üstünlükləri  onların  tətbiqi  imkanları  və 

təhsillə əlaqəsi ilə müəyyənləşdirilir. İnformasiya cəmiyyətində də mükəmməl bir sistemin tərkib 

hissələri  kimi  elmin,  təhsilin  və  istehsalatın  inteqrasiyasının  mərkəzində  bilik  dayanır. 

Azərbaycanın bu sahədə aparıcı ölkəyə çevrilməsi prosesinin mərhələli şəkildə həyata keçirilməsi 

və  ilk növbədə, mövcud  elmi,  metodoloji,  tədris və istehsal  bazası  əsasında inteqrasiyanın  əldə 

olunması planlaşdırılır. Elm və təhsilin inteqrasiyası problemi, prinsipcə, yeni deyildir və onun 

həlli  yolları  dünyada  həmişə  diqqət  mərkəzində  olub.  Çoxməqsədli  inteqrasiyanın  əsas 

istiqamətlərindən biri də alimlərin tədrisdə, müəllim və tələbələrin isə elmi tədqiqatlarda iştirakını 

gücləndirməyə xidmət edir. Bunun da nəticəsində 1) tədqiqatların səmərəliliyinin artmasına; 2) 

təhsilin  və  elmi-texniki  kadr  hazırlığının  keyfiyyətinin  yaxşılaşdırılmasına,  büdcə  vəsaitlərinin 

səmərəli  istifadə  edilməsinə;  3)  tədqiqat  və  layihələndirmə  sahəsinə  gənclərin  axınının 

gücləndirilməsinə  və  s.  nail  olunur.  Ənənəvi  kitabxanaların,    e-kitabxanaların,  e-kitabxana 

şəbəkələri və onların inteqrasiyası nəticəsində yaradılan daha irihəcmli informasiya təminatının 

bu  prosesdə  rolu  mühüm  əhəmiyyət  kəsb  edir.  E-elm  və  e-təhsilin  hər  biri,  öz  növbəsində,  bu 

məsələlərin  həllini  reallaşdırır,  digər  tərəfdən  isə,  həmin  proses  onların  inteqrasiyasını  daha  da 

sürətləndirir.  Şəkil  1-də  ölkə  və  beynəlxalq  elm  və  təhsil  kitabxanalar  şəbəkələrinin  qarşılıqlı 

inteqrasiyasının struktur sxemi verilmişdir. Şəkildən göründüyü kimi, e-elmin AzScienceNet və 

e-təhsilin  isə  AzEdunet  şəbəkə  platformaları  bu  inteqrasiya  prosesinin  formalaşmasının  əsas 

bazalarıdır.

  



İnformasiya cəmiyyəti problemləri, 2017, №1, 35–40 

 

       www.jpis.az                                                                      39 



 

 

 



 

 

 



 

Şəkil 1. E-kitabxana şəbəkələrinin inteqrasiyası sxemi 

Elm  və  təhsil  qurumlarının  kitabxanalar  şəbəkələrinin  inteqrasiyası  elm  və  təhsil 

informasiyalarının  sürətlə  artmasına,  onlardan  asan  istifadəyə,  operativ  yayılmasına  və 

Azərbaycan  elm  və  təhsil  sistemlərinin  beynəlxalq  mühitdə  daha  sürətlə  tanınmasına  imkan 

yaradır.


 

Eyni zamanda,  bu  inteqrasiya nəticəsində onların  informasiya  təminatının yaxşılaşması 

hesabına idarəetmə qərarlarının qəbulunda səmərəli nəticələr əldə oluna bilər. Həmçinin burada 

toplanmış böyük həcmli elmi verilənlərə bibliometriya, elmmetriya və vebometriyanın tətbiqi ilə 

elmi  fəaliyyətin  milli,  regional  və  institut  (həmçinin  ayrı-ayrı  tədqiqatçılar)  səviyyələrində 

qiymətləndirilməsi məsələləri asan həllini tapa bilər. 



Nəticə 

Müasir  dövrdə  e-kitabxanaların  yaradılması  məsələsi  informasiya  cəmiyyətinin 

formalaşmasında  mühüm  yer  tutur.  Elm  və  təhsil  sistemlərinin  e-kitabxanalarının,  kitabxana 

şəbəkələrinin yaradılması və onların bir-biri və beynəlxalq şəbəkələrlə inteqrasiyası ölkədə e-elm 

və  e-təhsilin  inkişafını  və  inteqrasiyasını  sürətləndirəcəkdir.  Nəticədə  kitabxana  xidmətinin 

keyfiyyətinin  və  operativliyinin  təmin  edilməsi  ilə  ölkənin  elm  və  təhsil  qurumlarında  aparılan 

elmi-tədqiqat və tədris işlərinin, kadr hazırlığının səmərəliliyinin yüksəldilməsinə, elm və təhsilin 

müasir  dünya  standartları  səviyyəsində  inkişafına,  dünya  elm  və  təhsil  məkanına  sürətlə 

inteqrasiyasına nail olunacaqdır.  

Bu iş Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə 

yardımı ilə yerinə yetirilmişdir – Qrant № EİF-2014-9(24)-KETPL-14/02/1 



İnformasiya cəmiyyəti problemləri, 2017, №1, 35–40 

 

40                                                                  www.jpis.az 



Ədəbiyyat 

1.

 



Əliquliyev R. M., Ələkbərov R. Q., Fətəliyev T. X. Elektron elm: cari vəziyyəti, problemləri 

və perspektivləri // İnformasiya Texnologiyaları Problemləri, 2015, №2, s. 4-15.  

2.

 

Армс В. Электронные библиотеки (перевод с англ.). М.: ПИК ВИНИТИ, 2001, 274 с. 



3.

 

Багрова И.Ю. Электронная библиотека (по материалам англоязычной печати 2000 – 2004 



гг.) // Библиотековедение, 2005, № 4, c.50–57. 

4.

 



Breaks  M.  The  UK  Electronic  Libraries  Programme  //  Proceedings  of  the  IATUL 

Conferences, p. 4, http://docs.lib .purdue edu/iatul/1998/papers/4 

5.

 

National Digital Library Program, http://memory.loc.gov-/ammem/dli2/html/lcndlp.html 



6.

 

http://www.dlib.org/dlib/april99/04rusch-feja.html 



7.

 

Matsumura



 

T. The digital library in Japan, 

http://www.ukoln.ac.uk/-services/papers/bl/blri078/content/repor~17.htm#39 

8.

 



http://www.elibrary.ru 

9.

 



Григянец

 

Р.Б., Лаужель Г.О., Степанцова



 

Е.В. Корпоративные системы и технологии 

автоматизации библиотек в Беларуси // Информатика, 2013, №2(238), c. 123–131. 

10.


 

http://www.library.by 

11.

 

http://www.cabmin.gov.az 



12.

 

http://www.president.az 



13.

 

“Azərbaycan  Respublikasında  informasiya  cəmiyyətinin  inkişafına  dair  2014-2020-ci  illər 



üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamı, 02.04.2014-cü il, http://www.president.az  

14.

 

Open Definition, http://www.opendefinition.org 



15.

 

Miller



 

P.  Web  2.0:  Building  the  New  Library  //  Ariadne  45,  October  2005, 

http://www.ariadne.ac.uk/issue45/miller

 

16.



 

ScholarLib, https://www.scholar.lib.vt.edu 

 

УДК 001:004.7 

Фаталиев Tахмасиб X

Институт Информационных Технологий НАНА, Баку, Азербайджан 

depart3@iit.ab.az 

О роли э-библиотек в формировании э-науки и э-образования 

В статье рассмотрена роль э-библиотек как составной части информационного обеспечения 

в  формировании  э-науки  и  э-образования.  Исследовано  влияние  Web  2.0  на  развитие  э-

библиотек, э-науки и э-образования. Показаны возможности интеграции сетей библиотек 

науки и образования. 

Ключевые слова: э-библиотека, э-наука, э-образование, Web 2.0, наука 2.0, образование 2.0, 

библиотека 2.0, сети э-библиотек. 

 

Tahmasib Kh.Fataliyev

 

Institute of Information Technology of ANAS, Baku, Azerbaijan  

depart3@iit.ab.az 

About a role e-libraries in the formation of e-science and e-education 

This article reviews the role of e-libraries as the main information tool in formation of e-science 

and  e-education.  The  impact  of  Web  2.0  on  the  development  of  e-libraries,  e-science  and  e-

education is investigated. The opportunities provided by integration of scientific and educational 



library networks are shown. 

Keywords:  e-library,  e-science,  e-education,  Web  2.0,  Science  2.0,  Education  2.0,  Library  2.0,  

e-library networks. 

  

Yüklə 76,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə