В настоящее время о необходимости создания электронного правительства говорят как на федеральном, так и на региональном уровне



Yüklə 23,13 Kb.
tarix04.11.2017
ölçüsü23,13 Kb.
#8584

Hökumətin virtual dublyoru
Bir vaxtlar, çox az adam inanardı ki, nə vaxtsa evdə oturub çay içə-içə dövlət orqanlarına getmədən, məmur təsiri olmadan, bürokratik əngəllərlə qarşılaşmadan müvafiq qurumlarla əlaqə saxlamaq, onlardan zəruri informasiyalar almaq, qeydiyyata düşmək, sənəd verib və ya arayış almaq mümkün olacaq. Ancaq zaman keçdi, insanlara fantastik görünən belə ideyaların həyata keçirilməsi virtual məkanda informasiya və kommunikasiya texnologiyaları vasitəsilə mümkün oldu.
Elektron hökumət nədir?
Elektron hökuməti, sadə şəkildə, ənənəvi hökumətin virtual aləmdə təmsilçisi və yaxud dublyoru kimi dəyərləndirmək olar. Yəni, dövlət orqanları malik olduqları informasiya resurslarını vətəndaşlar üçün açıq olan qlobal internet şəbəkəsinə çıxarmaqla öz vəzifə və funksiyalarını virtual məkandan həyata keçirirlər. Bu zaman proseslər avtomatlaşdırıldığı üçün heç bir məmur təsiri olmadan hökumətlə vətəndaş və biznes arasında maneəsiz, şəffaf, eyni zamanda operativ qarşılıqlı əlaqə mühiti yaranır. Nağıllardakı kimi zaman, məkan anlayışı demək olar ki, öz mənasını itirir. Coğrafi mövqeyindən, günün hansı vaxtı olmasından asılı olmayaraq vətəndaş bir andaca istənilən dövlət orqanın informasiya resurslarına daxil olmaq imkanı əldə edir.

Qeyd edək ki, haqqında danışdığımız “Elektron hökumət” sistemi Azərbaycanda hələ on il bundan əvvəl ümummilli lideri Heydər Əliyev tərəfindən təsdiq edilmiş İKT üzrə Milli Strategiyada ən uğurlu model kimi müəyyənləşdirilmişdir. Dövlət idarəçiliyinin modern forması olan bu modelin Azərbaycanda formalaşdırılmasını, eləcə də İKT-nin inkişafını təmin etmək məqsədilə dövlət başçısı cənab İlham Əliyev tərəfindən çoxsaylı qərarlar, o cümlədən dövlət proqramları qəbul edilmiş, İKT sahəsində əldə etdiyimiz uğurlara görə isə 2013-cü il “İKT ili” elan olunmuşdur.

Ölkə Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanı isə e-hökumət quruculuğuna və e-xidmətlərin inkişaf etdirilməsi prosesinə daha güclü təkan vermiş və son iki ildə görülən sistemli işlərin bəhrəsi artıq göz qabağındadır. Hökumət-vətəndaş və hökumət-biznes münasibətlərinin lazımi səviyyədə həyata keçirilməsi üçün əvvəllər xeyli vaxt aparan, insanlara əsəb və gərginlik gətirən, eyni zamanda məmur təsiri ucbatından bürokratizmə və korrupsiyaya şərait yaratmağa meylli olan bir sıra dövlət xidmətlərinin virtual məkanda elektron formaları yaradılaraq heç bir məmur təsiri olmadan vətəndaşlara təqdim olunur. Hazırda sahibkarlıq fəaliyyəti onlayn qeydiyyata alınır, ölkəyə gətirilən və aparılan mallar elektron şəkildə bəyan edilir, statistik hesabatların təqdim olunması, məşğulluq orqanları vasitəsilə iş axtarışı, vergilərin, kommunal və digər xərclərin ödənilməsi, eləcə də müxtəlif fəaliyyət növlərinə lisenziyaların, icazələrin verilməsi, pensiya və ünvanlı sosial yardımların təyinatı, abituriyentlərin sınaq və qəbul imtahanları üçün sənəd verməsi, ixtisas seçməsi və s. elektron formada həyata keçirilir. Vətəndaşları maraqlandıran digər xidmətlərin də elektronlaşdırılması üzrə sistemli işlər aparılır. Ən əhəmiyyətli işlərdən biri də dövlət orqanlarının bütün bu xidmətlərinin bir nöqtədən giriş üçün açıq olmasını təmin edən “elektron-hökumət” portalı və şlüzünün yaradılmasıdır.

Elektron hökumət” portalının əhəmiyyəti


E-hökumət formalaşdıqca dövlət informasiya ehtiyatlarının qarşılıqlı əlaqəsini və uzlaşmasını təmin edən bir sistemə ehtiyac duyulurdu. Bunu nəzərə alaraq dövlət başçısının tapşırığına əsasən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən “bir pəncərə” prinsipinə əsaslanan www.e-gov.az vahid “Elektron hökumət” portalı yaradılaraq vətəndaşların istifadəsinə verilmişdir. Portal dövlət orqanlarının göstərdikləri elektron xidmətləri daha rahat və mərkəzləşdirilmiş qaydada həyata keçirmək funksiyasını daşıyır və istifadəçilərin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq bir internet saytı üzərindən müxtəlif dövlət təşkilatlarının xidmətlərinə daxil olmaq imkanı verir.

Hazırda 39 dövlət orqanının informasiya sistemi “Elektron hökumət” portalına qoşulmuşdur, dövlət saytlarında olan 407 növ xidmətlərdən 146-sı portala inteqrasiya olunmuşdur, portalın özündə olan xidmətlərin sayı isə 240-a yaxındır. Artıq smartfon və planşet sahibləri üçün də "Elektron hökumət" portalının mini-versiyası istifadəyə verilib.



E-gov.az portalında e-hökumətin vacib elementlərindən biri olan, elektron əməliyyatlar zamanı vətəndaşın kimliyinin ayırd etməyə imkan verən elektron imza haqqında da ətraflı məlumat yerləşdirilib və onun tətbiqi, əldə olunması və istifadəsi qaydaları izah olunub. Xatırladaq ki, e-imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab olunur. Onun vasitəsilə məsafələr qət etmədən, başqa ölkəyə və ya şəhərə getmədən istənilən sənədə imza atmaq və ya elektron imzalı sənədi qəbul etmək olar.
Elektron hökumət” quruculuğu hansı problemlərlə üzləşir
Elektron hökumət dövlət idarəçiliyində keyfiyyətcə yeni mərhələdir. Lakin hər yeni keyfiyyətə keçid bir sıra problemlər və çətinliklərlə üzləşdiyi kimi e-hökumətin qurulması da problemsiz ötüşə bilməz. Mütəxəssislərin fikrincə, bəzən bu problemlər üzdə elə də qabarıq nəzərə çapmasa da, fəsadları məqsədə çatmaqda maneələr törədir. Məsələn, hiss olunur ki, bəzi dövlət qurumlarında dövriyyədə və arxivdə olan sənədlərin kağız üzərindən elektron şəklə salınması, onlara hüquqi statusun verilməsi, idarələr arası, mütəxəssislər və vətəndaşlar üçün nəzərdə tutulmuş sənədlərin müəyyənləşdirilməsi, onların istifadəyə verilmə qaydalarının dəqiqləşdirilməsi hələ də yubanır. Bunun əsas səbəbini isə ekspertlər həmin təşkilatlarda məmurların hələ də İKT ilə işləməyə sosial-psixoloji və professional cəhətdən hazır olmamasını göstərirlər. Məmurlarda İKT ilə işləmək bacarığı və ya həvəsi olmayanda, təbii ki, onlarda dövlət idarəetmə sisteminin informasiyalaşdırılmasına maraq da olmayacaqdır və elektronlaşdırılma işi süni maneələrlə rastlaşacaqdır. Ona görə də məmurlarda İKT-yə marağın oyadılması, onların İKT biliklərinin artırılması üçün təşkilatlarda treninq və təlimlərin təşkil olunması vacibdir. Eyni zamanda e-hökumətin dayanıqlı və effektli işləməsi üçün hər bir dövlət orqanı bu sistemin iş prinsipini yüksək səviyyədə bilən kadrları işə cəlb etsə məqsədəuyğun olar.

Məmurlarla bağla daha bir problem də var ki, uzun illərdən bəri onların yaratdığı bürokratik sistem elektron hökumət ideyasını qəbul etmək istəmir. Çünki, elektron hökumətin əsas hədəflərindən biri məhz bürokratiyanın, aradan qaldırılması, korrupsiyanın yox edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və açıq hökumət prinsiplərinin tətbiq olunmasıdır. Belə məram isə bürokratik qüvvələrə qətiyyən sərf etmir. Zaman isə əksini tələb edir. Dövlət məmurları öz fəaliyyətində öz maraqlarını deyil, vətəndaşların və biznesin maraqlarını nəzərə almalı, cəmiyyətin ehtiyac və problemlərinin həllinə yönəlmiş fəaliyyətə keçməlidirlər.



Elektron hökumət quruculuğunda digər problem informasiya bərabərsizliyi ilə bağlıdır. Erməni təcavüz nəticəsində ölkəmizin bir hissəsinin işğal altında olması e-hökumət şəbəkəsinin bütün respublika ərazisinə tam tətbiq etməyə imkan vermir. Bəzi bölgələrdə, rayonlarda, ucqar kəndlərdə internet şəbəkəsinin nisbətən zəif inkişaf etdirilməsi, orda yaşayan əhalinin qlobal şəbəkənin geniş imkanlarından tam yaralanmağa imkan vermir. Halbuki e-hökumətin əsas prinsiplərindən biri vətəndaşlara ölkənin hər nöqtəsindən internetə girişi təmin etməkdir. İnformasiya bərabərsizliyi problemi o qədər ciddidir ki, hətta BMT onu yoxsulluqla mübarizə kontekstində həll edir. Çünki, yoxsul adamın pulu yalnız yemək içməyinə güclə çatdığı üçün, onun istədiyi digər şeyləri, o cümlədən İKT vasitələri almağa və internetdən istifadə etməyə imkanı olmur. Ona görə də yoxsulluğun azaldılması elə rəqəmli bərabərsizliyin də aradan götürülməsinə səbəb ola bilər.

Əsas problemlərdən biri də e-hökumət sisteminin qurulmasında istifadə olunan müasir İKT vasitələrinin və proqram təminatlarının qiymətinin baha olması, həm də texniki inkişaf nəticəsində bu gün alınan avadanlığın sabah köhnəlmiş hesab edilməsidir. İnkişafla ayaqlaşmaq üçün İKT avadanlığı daim yeniləşdirilməlidir. Üstəlik İKT vasitələrinin quraşdırılmasına, şəbəkədə əlaqənin yaradılmasına, onların mühafizəsinə, etibarlığına, dayanıqlığının təmin edilməsinə xeyli maliyyə vəsaiti tələb olunur. Lakin e-hökumətin mahiyyətini, dövlət, vətəndaş, biznes münasibətlərində əldə olunacaq nailiyyətləri nəzərə alsaq, onun qurulmasına çəkilən xərclərin özünü tam doğrultacağına inam yaranır. Çünki, səlahiyyətli orqanlarla ünsiyyətdə, sənəd alıb vermədə və digər proseslərdə maneçilik olmayanda, şəffaflıq və rahatçılıq olanda, biznesin, vətəndaşın işinin keyfiyyəti, gəliri və onlara müvafiq olaraq dövlət büdcəsinə daxil olan vergilərin həcmi də artır. Bundan başqa dövlət orqanlarının adi qaydada vətəndaşlara göstərdikləri pullu xidmətlərin şəbəkəyə transformasiyası zamanı onların yenə də ödənişli olacağını nəzərə alsaq e-hökumətin iqtisadi cəhətdən səmərə gətirəcəyinə də şübhə yeri qalmır. Xüsusən ona görə ki, artıq belə beynəlxalq təcrübə var. Məsələn, Estoniyada "elektron hökumətə" qoyulan sərmayə cəmi 14 ay ərzində çıxardılır, Fransada isə e-hökumətin hesabına hər il 10 milyard Avrodan çox qənaət edilir. Ümumiyyətlə isə müşahidələr göstərir ki, e-hökumət infrastrukturunun inkişafına ciddi fikir verən ölkələrdə əhalinin əmək məhsuldarlığı, həyat və yaşayış səviyyəsi də yüksəlir, həm də xarici şirkət və biznesmenlərin həmin ölkələrə investisiya qoymaq və iş biliyi qurmaq baxımından maraqları artır.



Göründüyü kimi problemlər də var, perspektivlər də. Ancaq perspektivlər daha çoxdur və əlçatandır. İnanmaq olar ki, İKT sahəsində əldə etdiyimiz uğurların nəticələri, ölkəmizdə ən yeni 4G texnologiyasının tətbiq edilməsi, həmçinin çox böyük tarixi hadisə olan Azərbaycanın birinci telekommunikasiya peykinin orbitə çıxarılması e-hökumət infrastrukturunu texniki və intellektual cəhətdən daha da təkmilləşdirilməsinə imkan verəcək və hökumətin virtual dublyoru onu qlobal informasiya məkanında layiqli əvəz etməklə daim vətəndaşların xidmətində duracaq.
Vüqar Haqverdiyev
Yüklə 23,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə