Vasif nəBİyev



Yüklə 380,67 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü380,67 Kb.
#54320


                                                                                 Yeni dövr                                                                              93 

Tarix və onun problemləri, № 1 2013 

 

 

VASİF NƏBİYEV 

BDU-nun magistrı 

E-mail: vasifnebiyev@hotmail.com 

 

HİCAZ ÜSYANI 

 

Açar sözlər: Birinci dünya müharibəsi, Böyük Britaniya, Osmanlı imperiyası, Hicaz üsyanı, 



Şərif Hüseyn ibn Əli, Sayks-Piko sazişi 

Ключевые слова: Первая мировая война, Великобритания, Османская империя, 

Хиджазкое восстания, Шариф Хусейн ибн Али, Соглашение Сайкса-Пико 

Key words: The First World War, Great Britain, The Ottoman Empire, Hijaz revolt, Sharif 

Hussein ibn Ali, Sykes-Picot agreement 

 

Birinci dünya müharibəsi illərində Böyük Britaniya Ərəb Şərqində mövqeyini möhkəm-



ləndirmək üçün geniş imkanlar əldə etmişdi. 

Başlıca  olaraq  bu  imkanlar  vasitəsi  ilə  Böyük  Britaniya  Cəbəllütariq  boğazı-Suveyş 

kanalı-Hind  okeanı  istiqamətində  yerləşən  “Əsas  müstəmləkə  yolu”  və  onun  əsas  məntəqəsi 

olan  Hindistanın  təhlükəsizliyini  təmin  etmək  niyyətində  idi  (1,  99).  Bu  siyasətin  həyata 

keçirilməsi üçün XX əsrin əvvələrində Məkkə şərifi Hüseyn ibn Əli (1855-1931) ilə sıx dip-

lomatik əlaqələr yaratmağa çalışırdı. Buna səbəb isə: 1) Şərifin Osmanlıdan ayrılaraq müstəqil 

Ərəb krallığı yaratmaq istəyi; 2) Məhəmməd peyğəmbərin soyuna mənsub olmaqla müsəlman 

dünyasında xüsusi hörmətə sahib olması idi (2, 144). 

Tərəflər  arasında  ilk  görüş  1912-ci  ilin  sonunda  Qahirədə  şərifin  oğlu  Abdullah  ilə 

Böyük  Britaniyanın  Misirdəki  baş  konsulu  lord  Kitçener  arasında  baş  tutmuşdu.  Britaniya 

şərifin  üsyan  əhval-ruhiyyəsini  əvvəlcədən  hiss  etsədə  Osmanlı  dövləti  ilə  münasibətləri 

korlamaq  istəmirdi.  Ona  görəki:  1)  Şərifin  ərəblər  üzərindəki  təsirinin  və  nüfuzunun  nə 

dərəcədə  olduğununu;  2)  Müstəmləkə  idarəsi  altındakı  müsəlmanların  və  ümumilikdə  islam 

dünyasının bu addımı hansı formada qarşılayacağını bilmirdi (3, 51). 

Birinci  dünya  müharibəsi  ərəfəsində  1914-cü  ilin  fevralın  5-də  Abdullah  ikinci  dəfə 

Qahirədə  lord  Kitçenerlə  görüşür.  O,  Osmanlı  imperiyası  ilə  hər  hansı  bir  qarşıdurma  yaşa-

nacağı  təqdirdə  şərifə  dəstək  verilməsini  istədikdə  Böyük  Britaniya  Osmanlı  imperiyası  ilə 

olan normal münasibətləri pozmaq istəməməsini bəhanə edərək bundan boyun qaçırır. 

Lakin,  birinci  dünya  müharibəsinin  başlanması  Böyük  Britaniyanı  daha  qətiyyətli  ad-

dımlar  atmağa  sövq  etmişdi.  Çünki,  Osmanlı  1914-cü  ilin  oktyabrın  30-dan  etibarən  Üçlər 

İttifaqı  sırasında  müharibəyə  qoşulmaqla  Brtitaniyanın  Hindistana  olan  dəniz  yolu  və  bu 

regionda sahib olduğu neft ərazilərini müdafiə etməsini sual altında qoyurdu. Məhz bu səbəb-

dən  Britaniya  Abdullahın  vasitəsi  ilə  Məkkə  şərifinə  məktub  göndərərək  onu  xarici  basqın-

lardan qoruyacağını və zəruri maddi yardımın göstəriləcəyini bildirdi (4, 60). 

Lakin şərif Hüseyn ilk öncə Osmanlı ilə razılığa gəlmək istəyirdi. O, 1915-ci ilin mar-

tında  Ənvər  paşaya  teleqram  göndərərək:  1)  siyasi  məhbuslara  ümumi  aministiyanın  elan 

olunması; 2) Suriyaya müstəqil daxili idarə etmə hüququnun verilməsini; 3) Məkkə əmirliyi-

nin onun övladları üçün mülk edilməsini və orada mövcud durumun saxlanılması; 4) Hicaza 

onun  idarəsi  altında  muxtariyyat  hüququnun  verilməsi  kimi  tələblər  irəli  sürdü.  Lakin  rədd 

cavabı aldı (5, 110). 




94

                                                                                   Yeni dövr 

Tarix və onun problemləri, № 1 2013

 

 



Bundan  sonra  Məkkə  şərifi  Suriyada  başlayan  ərəb  milliyətçi  hərəkatla  əməkdaşlıq  et-

mək  və  Osmanlının  hərbi-siyasi  vəziyyətini  öyrənmək  üçün  oğullarından  Feysəli  İstanbula 

göndərdi. Feysəl İstanbuldan qayıdarkən 1915-ci ilin mayında Dəməşqdə “əl-Fəthət” və “əl-

Əhd” kimi cəmiyyətlərin üzvləri ilə gizli görüşlər təşkil etdi. Görüşlərin nəticəsi olaraq tərəf-

lər  arasında  1915-ci  ilin  mayın  23-də  15  il  müddətinə  nəzərdə  tutulan  “Dəməşq  Protakolu” 

adlanan  sənəd  imzalandı.  Protokola  əsasən:  1)  “Aşağıdakı  sərhədlər  daxilində  ərəblərin  tam 

müstəqilliyi  tanınmalı  idi:  Şimalda:  37-ci  paraleldə  Mersin-Adana  xəttindən  Bireceik-Urfa-

Mardin-Midyat-Cəzirət-İbn-Ömər-Əmədiyə xətti ilə şərqə; Şərqdə:İran sərhəddi boyunca Fars 

körfəzinə;  Cənubda:Cari  statusu  saxlanılmaq  şərti  ilə  Ədən  şəhəri  xaric  Hind  okeanı  boyu 

sahil  əraziləri;  Qərbdə:Qırmızı  dəniz  və  Aralıq  dənizi  vasitəsi  ilə  Mersin  keçidinə  qədər;  2) 

Xarici dövlətlərə verilən bütün kapitulyasiya hüquqlarının ləğvi; 3) Gələcəkdə ərəb dövləti ilə 

Böyük  Britaniya  arasında  müdafiə  ittifaqı  haqqında  müqavilənin  bağlanması;  4)  Böyük 

Britaniyaya iqtisadi imtiyazların verilməsi” məsələlərini özündə əks etdirirdi (6, 41-42). 

Lakin 1915-ci ilin ortalarında Böyük Suriyanın qubernatoru, “İttihad və Tərəqqi” hökü-

mətinin triumvirlərindən biri olan Camal paşanın dövlətə qarşı xəyanətdə ittiham olunanlara 

yönəlik  fövqaladə  tədbirləri  xüsusilə,  onlardan  22-sinin  Beyrut  və  Dəməşq  meydanlarında 

edam etdirilməsi ərəb milliyətçi hərəkatını kifayət qədər zəiflətdi (7, 154). 

Suriyada baş verən proseslər və Ərəbistan yarımadasının Britaniya hərbi donanması tərə-

findən  mühasirədə  saxlanması  nəticəsində  meydana  gələn  sosial-iqtisadi  problemlər  Hüseyni 

ingilislərlə danışığa getməyə vadar edirdi. 

Böyük  Britaniya  da  1915-ci  boyu  Çanaqqala  döyüşlərində  məğlub  olduqdan  sonra 

Yaxın və Orta Şərqə yönəlik siyasətini yenidən nəzərdən keçirməklə ərəb qəbilə başçıları ilə 

xüsusilə, şərif Hüseynlə diplomatik əlaqələri canlandırmağa üstünlük verdi. 

Şərif Hüseyn oğlu Abdullahın vasitəsi ilə “Dəməşq Protokolu” əsasında razılaşma əldə 

etmək  və  Osmanlı  dövlətinə  qarşı  baş  verəcək  üsyana  hər  baxımdan  yardım  edilməsi  üçün 

Böyük  Britaniyanın  Qahirədəki  ali  komissarı  ser  A.H.Mak-Maqona  məktub  göndərməklə 

danışıqların ikinci mərhələsi başlanır (8, 188). 

İngilis-Hicaz  danışıqları  1916-cı  ilin  martında  bitir.  Danışıqlar  əsasında  aşağıdakı 

nəticələr  əldə  olundu:  1)  Böyük  Britaniya  Ədən  (1-ci  məktub),  Mersin  və  Adana  (5  və  6-cı 

məktublarda), həm də Dəməşq, Hums, Hama və Hələb xəttindən qərbdə qalan Suriya əraziləri 

(4-cü məktubda) istisna olmala təklif olunmuş sərhədlər çərçivəsində ərəblərin müstəqilliyini 

(Ərəbistanın) tanımaq  və  müdafiə  etmək barəsində  öhdəlik götürür. Bağdad(6 və  8-ci  mək-

tublarda), Beyrut və Hələb vilayətlərinə (6 və 7-ci məktublarda) danışıqlar əsnasında bəslənən 

münasibətlərə  gəldikdə  isə  bu  məsələ  qeyri-müəyyən  bir  dövrə  qədər  saxlanıldı;  2)  Böyük 

Britaniya Müqəddəs  yerlərin xarici təcavüzdən  müdafiə  olunmasını, həm  də  ərəblərin “türk 

və  alman  hökmranlığından”  azad  olunmasını  özündə  ehtiva  etməyən  heç  bir  sülh  müqavilə-

sini  imzalamaması  barəsində  öhdəlik  götürürdü  (6-cı  məktubda);  3)  Məkkə  şərifi,  öz  növ-

bəsində  bütün  ərəblərin  adından  Böyük  Britaniyanın  digər  ərəb  rəhbərləri  ilə  imzaladığı 

müqavilələrə hörmətlə yanaşacağı barəsində öhdəlik götürürdü. Danışıqlar zamanı Bəsrə şə-

hərinin idarə olunma forması (4-cü məktubda) və xəlifəlik statusu (1,2 və 3-cü məktublarda) 

həll olunmamış qaldı (9, 53). 

Beləliklə,  Britaniya  danışıqlar  nəticəsində  baş  verəcək  Hicaz  üsyanını  silah-sursat  və 

maliyyə  yardımları ilə  təmin etməklə ağır bir  yükün latına  girmişdi.  Lakin üsyan  nəticəsində 

Britaniyanın əldə etdiyi hərbi-siyasi üstünlük özünə həm olduqca “ucuz başa gəlmiş” və həm 

də üsyan üçün ayrılan yardımların fövqündə olmuşdu. 



                                                                                 Yeni dövr                                                                              95 

Tarix və onun problemləri, № 1 2013 

 

Ümumilikdə isə Britaniyanın şərif Hüseynə etdiyi ümumi maliyyə yardımları 2.730.000 



funtsterlinq təşkil etmişdi. 

Böyük Britaniya ilə danışıqlar yekunlaşdıqdan sonra şərif Hüseyn artıq tərəddüd etmək-

dən əl çəkərək 1916-cı ilin iyunun 5-də Məkkədə Osmanlı dövlətinə qarşı üsyan qaldırdı. İki 

gündən  sonra  isə  Hicazın  müstəqilliyini,  özünün  isə  Hicaz  kralı  olduğunu  elan  etdi.  Məkkə 

şərifi dini və siyasi mahiyyət daşıyan bu üsyanı hüquqi cəhətdən əsaslandırmaqla verdiyi iki 

bəyannamədə, “İttihat və Tərəqqi” partiyasının dövlət işlərini pis idarə etməsi; Osmanlı səltə-

nəti  ilə  bütün  müsəlmanlar  arasında  yeganə  əlaqə  olan  Allahın  kitabı  və  Rəsulullahın  sünnə-

sini  pozmağa  cürət  etmələrini;  Rəsulullahın  həyatını  İçtihad  qəzetində  ağza  alınmayacaq  bir 

dərəcədə təhqir etmələrini və mirasda bərabərlik kimi Quran ayələrini təhrif etməkdən çəkin-

məmələrini; bunlara əlavə olaraq Ramazanda əsgərlərin oruc tutmalarını qadağan edərək İsla-

miyyətin  beş  əsasından  birini  ləğv  etməyə  cəhd  etmələrini;  xəlifənin  bütün  hüquqlarına  qəsb 

etmələrini;  tanınmış  ərəb  ziyalılarını  edam  etdirmələrini  və  müqəddəs  yerlərə  hörmətsizlik 

etmələrini qeyd etməklə ərəb qəbilələrindən dəstək almağa çalışmışdır (10, 147-148). 

Üsyan  nəticəsində  Hicazda  ərəb  parizan  dəstələrinə  ilk  təslim  olan  şəhər  1916-cı  ilin 

iyunun 16-da Ciddə oldu. Uzun döyüşlərdən sonra üsyançılar iyulun 4-də Məkkəni də tutdular. 

Bunun  ardınca  avqustun  15-də  Qırmızı  dəniz  sahilində  yerləşən  Anis  limanı  tutulur.  Həmin 

ilin sentabrın 22-də də gecəyarı Taif qarnizonu təslim olur (11, 68). 

Beləliklə bütün cənubi Hicaz Mədinə şəhəri istisna olmaqla üsyançıların əlinə keçir. Mə-

dinədə  Fəxrəddin  paşanın  başçılığı  ilə  türklər  təxminən  14  minlik  qoşunla  şəhəri  ərəb  bas-

qınlarından müdafiə etməyi başardı. Bundan əlavə şəhəri mühasirədən azad etmək üçün yeni 

hərbi  hissələrin  köməyə  göndərilməsi  zərurəti  mərkəzə  dəfələrlə  bildirilsədə,  müsbət  cavab 

alınmamışdı. Osmanlı Ali Baş Komandanlığı Hicaz dəmiryolu və onun stansiyalarının qorun-

masını daha əhəmiyyətli hesab edirdi (12). 

Hərbi əməliyyatların davam etdiyi bir müddətdə Məkkə şərifi ərəb dövlətinin yaradılması 

istiqamətində  də  müəyyən  işlər  görürdü.  Belə  ki,  1916-cı  ilin  noyabrın  2-də  Məkkədə  ça-

ğrılmış  məclisdə  Ərəb  dövlətinin  yaradılması  və  Hüseynin  onun  kralı  olması  elan  olundu. 

Lakin,  bu  addım  heç  də  Antantanı  xüsusilə,  Britaniyanı  təmin  etmirdi.  Böyük  Britaniya  və 

Fransa  höküməti  Hüseynin  yeni  titulunu  qəbul  etməyəcəklərini  bildirdilər.  Ancaq  sonda 

kompromis əldə olundu. Hüseyn yalnız Hicaz kralı kimi tanındı. 

Artıq  1917-ci  ilin  əvvələrindən  etibarən  cəbhədə  təşəbbüsü  tamamilə  ələ  almaq  üçün 

Qahirədə Britaniya əks-kəşfiyyat idarəsinin nəznində fəaliyyət göstərən Ərəb məsələləri üzrə 

büronun üzvü kapitan T.E.Lourens yeni təlimata əsasən əmir Feysəlin başçılıq etdiyi ərəb par-

tizan dəstəsini şimala doğru cəlb etməklə ingilis ordusuna qoşulmasını təmin etməli idi. Pro-

seslər  elə  bu  ardıcıllıqla  davam  etməsi  ərəb  partizan  hissələri  tərəfindən  1917-ci  ilin  yazında 

strateji cəhətdən əhəmiyyətli Yanbu və Vayx limanlarının zəbt edilməsi ilə nəticələndi. Ardın-

ca isə iyunun 5-də Osmanlının Qırmızı dənizdə sonuncu limanı Əqəbə tutulur (13, 339-340). 

Əqəbə limanı tutulduqdan sonra birləşmiş ingilis-ərəb ordusu 1917-ci ilin oktyabrın 31-

də osmanlı ordusunun təşkil etdiyi Qəzza-Beerşeba müdafiə xəttini yara bilir. Bunun nəticəsi 

olaraq  həmin  ilin  noyabrın  7-də  Qəzza,  16-də  Yaffa,  dekabrın  9-da  isə  Qüds  işğal  olunur. 

Əmir Feysəlin partizan dəstəsi isə Əqəbə limanından Hicaz dəmiryolunun şimal stansiyalarına 

hücumlarını intensivləşdirir. 

Böyük Britaniyanın Fələstini ələ keçirməsi ilə bağaldığı iki sazişə əməl etməli idi. Bun-

lardan  birincisi,  1915-ci  ilin  yanvarında  Şərif  Hüseynlə  bağladığı  saziş;  ikincisi  isə  1916-cı 

ildə  Fələstində  beynəlxalq  nəzarətin  təşkil  olunması  haqqında  Rusiya  ilə  bağladığı  sazişi  idi. 

Lakin  bütün  bunlara  baxmayaraq  İngiltərə  bu  müqavilələrlə  öz  üzərinə  düşən  öhdəliklərdən 



96

                                                                                   Yeni dövr 

Tarix və onun problemləri, № 1 2013

 

 



yan keçmək üçün sionizm hərəkatından istifadə etməyə qərara aldı. 1917-ci ilin noyabrın 2-də 

Böyük Britaniya höküməti Fələstinə dair xüsusi bəyannamə verdi. Bu sənəd xarici işlər naziri 

lord  Balfurun  yəhudi  bankiri  Rotşildin  adına  yazdığı  məktub  əsasında  dərc  olundu.  Bəyan-

namədə  Fələstində  yəhudi  xalqı  üçün  milli  ocaq  qurulmasının  təqdirə  layiq  hesab  olunması 

nəzərdə tutulurdu (14, 345-346). 

Hüseyn buna qarşı öz etirazını bildirdi və Osmanlı imperiyası ilə sülh imzalayacağını bil-

dirərək dərhal bir açıqlama tələb etdi. Britaniya höküməti Qahirədəki hərbi-kəşfiyyat idarəsi-

nin  ərəb  məslələri  üzrə  bürosunun  üzvü,  Oksford  universitetinin  Aşmola  muzeyinin  hamisi, 

ingilis arxeoloqu D.D.Hoqartı Ciddəyə göndərməklə bu bəyannamə ətrafında baş verən nara-

zılığı Hüseynlə danışıqlar yolu ilə qaydaya salmağa cəhd göstrədi. Cəhd uğurlu oldu. Danışıq-

ların  nəticəsi  kimi,  Hüseyn  bəhs  olunan  ərazidə  “hər  bir  xalqın  milli-mənəvi  dəyərlərinin 

qorunması” adı altında yəhudilərin bəhs olunan ərazilərə köçürülməsi məsələsi ilə razılaşdı. 

Lakin Hüseynlə münasibətlər yenicə yoluna qoyulmuşdu ki, ingilislərin daha bir xəyanəti 

ortaya  çıxdı.  Gözlənilmədən  1918-ci  ilin  fevralın  22-də  Antanta  tərəfindən  Yaxın  və  Orta 

Şərqin  nüfuz  dairələrinə  bölünməsi  məsələsini  özündə  etiva  edən  gizli  Sayks-Piko  sazişi 

Moskva radiosunun canlı efirində səsləndi. Hüseyn  yenə də, bu məsələ ilə bağlı Britaniyaya 

müraciət etdi. Sonuncu isə Hüseynin inamından və sədaqətindən istifadə edərək bunun “bol-

şevik uydurması” olduğunu bildirdi (15). 

1918-ci  ildə  artıq  Fələstinin  böyük  bir  hissəsi  zəbt  olunmuşdu.  Əmir  Feysəlin  başçılıq 

etdiyi  partizan  dəsətləri  artıq  həmin  ilin  ortalarında  Hicaz  dəmiryolunun  böyük  bir  hissəsini 

sıradan  çıxarmışdı.  Onun  hərbi  əməliyyatları  Suriyaya  keçirib  milli  hərəkata  dəstək  vermək 

cəhdinin qarşısı isə Böyük Britaniya tərəfindən alındı. Göründüyü kimi Britaniya bu regionda 

öz hegemonluğunu qurmaq üçün Osmanlıya qarşı ərəb üsyanını alovlandırmaqla bahəm, onun 

genişlənərək böyük qüvvəyə çevrilməsinin qarşısını hər vəclə almağa çalışırdı.  

Bunun ardınca ingilis ordusunun sağ cınahını təşkil edən Feysəlin partizan dəstəsi həmin 

ilin  sentyabrın  25-də  Əmmanı,  30-da  isə  Dəməşqi  ələ  keçirir.  Oktyabrın  8-də  ingilis  ordusu 

başda general Allenbi olmaqla Fransa donanmasının köməkliyi ilə Beyrutu ələ keçirir. Ardın-

ca oktyabrın 18-də Tripoli və Hums, 26-da isə Hələb işğal olunur. 

Müharibənin  davam  etdirilməsinin  mənasız  olduğunu  anlayan  Osmanlı  hakimiyyəti 

1918-ci ilin oktyabrın 30-da Mudrosda ingilis kreyseri “Aqamemnon”un göyərtəsində Antanta 

ilə təslim olma haqqında müqaviləyə imza atır (16, 218-219).  

Birinci  dünya  müharibəsi  bitdikdən  sonra  Millətlər  Cəmiyyətinin  Ali  Şurası  tərəfindən 

1919-cu  il  yanvarın  30-da  Osmanlı  imperiyasının  keçmiş  ərəb  mülkləri  üzərində  mandatlıq 

sisteminin tətbiq edilməsini özündə ehtiva edən nizamnamə təsdiq edilərək Versal sülh müqa-

viləsinin preambula hissəsinə əlavə edildi. Hicaz höküməti də  müttəfiqlərin cərgəsində konf-

ransa dəvət olunmuş və ona bu  müqaviləni imzalamaq təklifi edilmişdir. Lakin  Hicaz  müttə-

fiqlərlə  aparılan  danışıqlarda  və  bağlanılan  müqavilədə  mandatlıq  sistemi  məsələsinin  qeyd 

edilməməsini  əsas  gətirərək  onu  imzalamaqdan  imtina  etdi.  Hüseynin  bütün  etirazlarına 

baxmayaraq bu nizamnamə əsasında bəhs olunan mandatlıq sistemi 1920-ci ilin aprelin 18-26-

da Antanta dövlətlərinin Ali Şurasının San Remoda keçirilən konfransında öz təsdiqini tapır 

(17, 163-164). 

Beləliklə,  qeyd  olunan  məsələləri  yükunlaşdırsaq  belə  bir  nəticəyə  gəlmiş  olarıq  ki, 

Hicaz  üsyanı ümumərəb milli  mənafeyinin bərqərar  olunması baxımından bəslənən ümidləri 

doğrultmadı. Ərəblər tam olaraq öz ərazilərində müstəqilliklərini qazana bilmədilər. Hicazda 

üsyanın qalxmasına və inkişaf dinamikasına yaxından köməklik göstərən Böyük Britaniya öz 

mənafeyinə  uyğun  şərif  Hüseynə  tam  olaraq  müəffəqiyyət  qazanmağa  mane  oldu.  Bu  sonda 




                                                                                 Yeni dövr                                                                              97 

Tarix və onun problemləri, № 1 2013 

 

onun  özünə  məlum  oldusada  artıq  çox  gec  idi.  Lakin,  üsyan  növbəti  mərhələdə  mandatlıq 



sisteminə qarşı baş verəcək ərəb milliyətçi hərəkatlarına öz müsbət təsirini göstərmişdi. 

 

ƏDƏBİYYAT 

 

1.

 



Armaoğlu F. 20.yüzyıl siyasi tarihi (1914-1980). Ankara: Tisa matbaası, 1984, 851s. 

2.

 



Hülagü M. İngilizlerin Hicaz isyanına maddi yardımları // Belleten dergisi, 1995, cilt 59, 

sayı 225, s.429-445 

3.

 

Doğru D. I dünya harbi sırasında Şerif Hüseynin siyasi faaliyetleri // Sosial Bilimler 



Dergisi, 2001, cilt 2, sayı 2, s.51-57 

4.

 



Саид А. Восстания арабов в XX веке. Москва: Прогресс, 1964, 346 с. 

5.

 



Лазарев М.С. Крушение турецкого господства на Арабском Востоке(1914-1918). 

Москва: Наука, 1960, 244 с. 

6.

 

Шевелев Д.Л. Переписка Мак-Магона-Хусейна 1915-1916 гг. и вопрос о Палес-



тине: документы и материалы. Москва: Росспен,2008, 216 с. 

7.

 



Clevelend W.L, Bunton M. A History of the modern Middle East. Boulder: Westview 

Press, 2009, 609 p. 

8.

 

 Soy B. Arap milliyetçiliği: ortaya çıkışdan 1918`e kadar // Bilig dergisi, 2004, № 30, 



s.173-201  

9.

 



 Шевелев Д.Л. Переписка Мак-Магона-Хусейна 1915-1916 гг. и вопрос о 

Палестине: документы и материалы. Москва: Росспен,2008, 216 с. 

10.

 

 Hülagü M. İngilizlerin Hicaz isyanına maddi yardımları // Belleten dergisi, 1995, cilt 59, 



sayı 225, s.429-445 

11.


 

 Саид А. Восстания арабов в XX веке. Москва: Прогресс, 1964, 346 с. 

12.

 

 Medine kahramanı:Fahrettin paşa / (http: // www.oguzkoroglu.com) 



13.

 

 Луцкий В.Б. Новое история арабских стран.Москва:Наука,1966,355 с.  



14.

 

 Луцкий В.Б. Новое история арабских стран.Москва:Наука,1966,355 с.  



15.

 

 The Great Arab Revolt / (http://www.kinghussein.gov.jo/his_arabrevolt.html)  



16.

 

Лазарев М.С. Крушение турецкого господства на Арабском Востоке(1914-1918). 



Москва: Наука, 1960, 244 с. 

17.


 

Clevelend W.L, Bunton M. A History of the modern Middle East. Boulder: Westview 

Press, 2009, 609 p. 

 

ВАСИФ НАБИЕВ 



магистр БГУ 

 

ХИДЖАЗКОЕ ВОССТАНИЯ 



 

Крах Османской империи породил у арабов иллюзии относительно того, что Вели-

кобритания выполнит свои обещания, данные Шарифу Хусейну. В ожидании этого Ху-

сейн ибн Али объявил себя королѐм, претендуя на объединение под своей властью всех 

бывших арабских провинций Османской империи. Однако ему не удалось этого сделать 

даже в пределах Аравии, не говоря  уж о прочих регионах, которые Великобритания и 

Франция предназначли разделить между собой в соответствии с соглашением Сайкса-

Пико. 


 


98

                                                                                   Yeni dövr 

Tarix və onun problemləri, № 1 2013

 

 



 

VASIF NABIYEV 

Master of BSU 

 

HIJAZ REVOLT 

 

The  collapse  of  the  Ottoman  Empire  has  created  the  illusion  of  the  Arabs  that  the  UK 

will meet its promises to Sharif Hussein. In the meantime, Hussein ibn Ali proclaimed himself 

king, claiming the union under his rule all former Arab provinces of the Ottoman Empire. But 

he  was  unable  to  do  so  even  within  Arabia,  not  to  mention  other  regions  that  Britain  and 

France intended to divide among themselves in accordance with the Sykes-Picot agreeme. 



 

 

Rəyçilər: t.ü.f.d. A.Bağırova, t.e.d.A.Ə.Məmmədov 

Bakı  Dövlət  Universiteti,  Asiya  və  Afrika  ölkələri  tarixi  kafedrasının  07.12.2012-ci  il 

tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (№02). 

Yüklə 380,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə