VeriLƏNLƏr bazasi



Yüklə 127,88 Kb.
tarix08.10.2017
ölçüsü127,88 Kb.
#3680
növüMühazirə


VERİLƏNLƏR BAZASI. VERİLƏNLƏR BAZASININ STRUKTURU.

VERİLƏNLƏR BAZASI İDARƏ SİSTEMLƏRİ. VERİLƏNLƏR BAZASININ YARADILMASI

(Mühazirə 8)



  1. Verilənlər bazasının məqsədi və tərifi

  2. Verilənlər bazasının strukturu

  3. Relyasiya strukturlu verilənlər bazasının əsas cəhətləri

  4. Verilənlər bazası idarə sistemləri, onların məqsədi və təsnifatı

  5. Verilənlər bazasının yaradılma mərhələləri


1. Verilənlər bazasının məqsədi və tərifi. İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət növlərindən biridir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün verilənlər bazasından (VB) geniş istifadə olunur.

Verilən - bazaya daxil ediləcək informasiya vahididir, elementidir.

İnformasiya müəyyən predmet və ya gerçəklik haqqında olan tam fikirdir, məlumatdır.

Məsələn: Hər bir müəssisənin kadrlar şöbəsində onun əməkdaşları haqqında (kadr uçotu vərəqəsində) informasiya saxlanılır. Bu informasiyanın verilənləri - elementləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, milliyyət, hansı ali təhsil müəssisəsini neçənci ildə bitirməsi, hansı dilləri bilməsi, hansı elmi əsərlərin müəllifidir və s.

VB-nin yaradılması məqsədindən asılı olaraq eyni bir obyekt və ya gerçəklik haqqında olan informasiyanın elementləri, yəni verilənlər müxtəlif ola bilərlər.

Məsələn: Hər bir dövlətdə onun vətəndaşları haqqında saxlanılan informasiyanın verilənləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd, harada qeydiyyatda olması, gözünün rəngi, boyun uzunluğu, qan qrupu və s.

Göründüyü kimi eyni bir şəxs haqqında kadrlar şöbəsində saxlanılan informasiyanın verilənləri ilə dövlətin vətəndaşı kimi saxlanılan informasiyanın verilənlərində müxtəliflik var.

VB kompüterdə xüsusi formatlı fayllarda saxlanılan informasiyadır.

“Faylın formatı” termini kompüter faylında saxlanılan verilənlərin strukturunu təsvir etmək üçün istifadə olunur.

Tərif. VB- informasiyanın saxlanılması, ilkin emalı və axtarışını təmin edən xüsusi formatlı fayldır.

2. Verilənlər bazasının strukturu. Verilənlərin strukturu, onların kompüterdə saxlanılması üsuludur və o, elə seçilməlidir ki, verilənlərdən səmərəli istifadəni təmin etsin.

Faylın VB olması üçün onda olan informasiya struktura malik olmalıdır və elə formatlaşdırılmalıdır ki, sahələr bir-birindən asanlıqla fərqlənsinlər.

Verilənlər bazası struktura görə üç cür ola bilər:

- iyerarxik;



- səbəkə;

- relyasion.

2.1. İyerarxik VB-da verilənlər arasındakı tabeçilik münasibətlərindən asılı olaraq budaqlanma olur. Odur ki, bu struktura bəzən budaqlanan struktur da deyirlər (şəkil 1).

2.2. VB-nın şəbəkə modelində verilənlərə müraciət ona gələn yollar vasitəsi ilə həyata keçirilir və bir verilənə bir neçə yol ilə gəlmək olar. Bu zaman hər bir verilən faktiki olaraq bir neçə verilən ilə bağlı olur və onlar arası əlaqələr iyerarxik olmaya da bilər (şəkil 2).

2.3. Bu gün əksər VB cədvəl şəkillidirlər, yəni relyasion strukturludurlar. Belə strukturlu VB-də verilən sətir və sütunların kəsişməsi ilə müəyyən olunur. VB-da sütunlar sahələr, sətirlər isə yazı adlanır (cədvəl 1).




Şəkil 1. VB-nin iyerarxik strukturu. Şəkil 2. VB-nin şəbəkə strukturu.
3. Relyasiya strukturlu verilənlər bazasının əsas cəhətləri. Relyasiya strukturlu VB-də sahələr VB-nin strukturunu yaradırlar, yazılar isə VB-də olan informasiyanı ifadə edirlər.

3.1. Sahələrin xüsusiyyətləri

3.1.1. Hər bir sahənin ən birinci xüsusiyyəti onun uzunluğudur. Sahənin uzunluğu orada yerləşdiriləcək verilənin simvollar və ya işarələr sayı ilə müəyyən olunur.

3.1.2. Hər bir sahənin unikal xüsusiyyəti onun adıdır. Bir VB iki eyniadlı sahəyə malik ola bilməz.

3.1.3. Hər bir sahənin imza xüsusiyyəti var. İmza elə bir göstəricidir ki, VB-də həmin sütunun başlığıında əks olunur. Onu sahənin adı ilə qarışdırmaq olmaz, amma imza verilmədikdə həmin sahənin başlığıında onun adı yazılır. Müxtəlif sahələrə bəzən eyni imza vermək olar. Bu kompüterin işinə mane olmayacaqdır. Belə ki, bu sahələr əvvəlki kimi müxtəlif adlarla saxlanılacaqdır.



3.2. Sahələrin tipləri. Sahələr orada saxlanılan verilənin tipindən asılı olaraq müxtəlif xüsusiyyətli olurlar.

3.2.1. Mətn sahələr - mətn tipli verilənlərin saxlanılması üçün istifadə olunur. Mətn sahənin bir məhdudiyyəti var - onun ölçüsü 256-dan çox ola bilməz, yəni orada saxlanılan verilən 256 simvoldan artıq ola bilməz.

3.2.2. Ədədi sahələr – rəqəmlə ifadə olunan verilənlərinin daxil edilməsinə xidmət edir. Ədədi sahələr müxtəlif olurlar: tam ədədlərin daxil edilməsi üçün sahələr və onluq ədədlərin daxil edilməsi üçün sahələr. Sonuncu halda sahənin uzunluğundan başqa həm də onluq hissənin, yəni vergüldən sonrakı rəqəmlər sayı da verilməlidir.

3.2.3. Tarix/vaxt tipli sahələrdən tarix və vaxtın daxil edilməsi üçün istifadə olunur.

3.2.4. Xüsusi tip sahələr – pul sahəsi. Adından məlumdur ki, bu sahədə pulun məbləği saxlanılır. Pulun məbləğini ədədi sahədə də saxlamaq olar, lakin pul sahəsində onlarla işləmək daha münasibdir. Bu halda kompüter ədədi onun pul vahidləri ilə birlikdə əks etdirə bilir: manat və qəpiyi, funt və pensi, dollar və senti ayırd edə bilir, bir sözlə onlarla incə rəftar edə bilir.

3.2.5. Müasir VB-də təkcə ədəd və hərfləri deyil, həm də şəkil və musiqi kliplərini, videoyazıları da saxlamaq olur. Belə obyektlər üçün nəzərdə tutulan sahə OLE obyekt sahəsi adlanır.

3.2.6. Əgər sahəyə böyük mətn yerləşdirmək lazımdırsa, bu halda MEMO sahəsindən istifadə olunur. Bu sahənin əsas cəhəti odur ki, real olaraq bu verilənlər sahədə deyil, başqa yerdə saxlanılır, sahədə isə həmin mətnin yerləşdiyi yerə göstərici qoyulur.

3.2.7. Ən maraqlı sahə sayğac sahəsidir. İlk növbədə o adi ədədi sahə kimi görünə bilər, ancaq o avtomatik artmaq xüsusiyyətinə malikdir. Bu sahə sadəcə sayğac rolunu oynayır. Oraya VB-dəki yazıların sayı avtomatik olaraq yazılır.



3.3. Sadə VB. Sadə VB-ni xüsusi proqram vasitələrindən istifadə etmədən də yaratmaq olar.

3.4. Əlaqəli cədvəllər. Əslində sadə VB baza yox, sadəcə cədvəldir. Əgər informasiya belə sadə strukturda saxlanılsaydı, onunla işləmək üçün xüsusi verilənlər bazasının idarə sistemləri (VBİS) lazım olmazdı. Belə ki, praktikada daha mürəkkəb strukturlu informasiyaları saxlamaq lazım gəlir ki, onlar da çoxlu sayda cədvəllərdən ibarət olurlar.

VB-nın yaradılması onun cədvəllərinin yaradılmasından başlayır. Struktur elə olmalıdır ki, baza ilə işləyərkən imkan daxilində az verilən daxil edilsin. Əgər hər hansı veriləni bir neçə dəfə daxil etmək lazım gəlirsə, bazanı əlaqəli cədvəllərdən təşkil edirlər. Hər bir cədvəlin strukturunu ayrı-ayrı işləyirlər.



Unikal və açar sahələr. Cədvəllər arası əlaqəni yaratmaq və bu cədvəldəki yazıya görə o birində olan uyğun yazını tapmaq üçün cədvəldə unikal sahəyə baxmaq lazımdır. Unikal sahə elə sahədir ki, onda olan məzmun təkrarlanmır.

Unikal sahədə yazılar təkrarlandıqda kompüterin xəbərdarlıq bildirməsi üçün açar sahə anlayışı istifadə olunur. Cədvəlin strukturu yaradılarkən bir sahəni (və ya bir neçə sahələr kombinasiyasını) açar qeyd etmək lazımdır. Açar sahələr ilə kompüter xüsusi işləyir, daha doğrusu, sonuncu onun unikallığını yoxlayır və bu sahələr üzrə seçməni yerinə yetirir.


Əməkdaşlar haqqında məlumat cədvəli Cədvəl 1.

kod


Soyadı

adı

Atanın adı

Doğulduğu tarix

Ailə vəziyyəti

Xaricdə olması

001

Ağayeva

Gülnar

Fikrət

01.02.71

ailəli

olub

002

Bayramov

Nicat

Həmid

05.04.75

ailəli

olub

003

Məmmədov

Anar

Hüseyn

20.12.78

subay

olmayıb



…..





….




Əməkdaşların ailə vəziyyəti haqqında cədvəl Cədvəl 2



Əməkdaşın kodu

Soyadı

adı

Atanın adı

Doğulduğu tarix

Qohumluq əlaqəsi

Məşğuliyyəti

001

Ağayev

Nadir

Camal

03.04.66

həyat yoldaşı

mühəndis

001

Ağayev

Nicat

Nadir

05.04.95

oğlu

şagird

001

Ağayev

Lalə

Nadir

20.12.97

qızı

şagird

002



Bayramova



Vüsalə



Yusif



15.06.79



həyat yoldaşı

müəllimə


Əməkdaşın xaricdə olması barədə cədvəl Cədvəl 3.


Əməkdaşın kodu

Ölkələr

tarix

Məqsəd

Hesabat

001

Almaniya

03.04.90

Səyahət

-

001

Fransa

05.04.95

ezamiyyət

+

001

Türkiyə

20.12.97

ezamiyyət

+

002



Türkiyə



15.06.99



səyahət

-

Əgər cədvəl yaradılarkən proqramçı (VB-nin administratoru) açar sahə verməyibsə, VBİS cədvəldə ilkin açar sahəsinin verilməsi barədə xəbərdarlıq edir. Cədvəldə ilkin açar qismində tez-tez sayğac tipli sahələr istifadə olunur. Bu sahədə iki eynimənalı yazı ola bilməz. Belə ki, bu sahənin mahiyyəti avtomatik mənimsədilir.

Yuxarıdakı cədvəllərdə “Əməkdaşlar” verilənlər bazasının nümunəsində “Əməkdaşlar haqqında məlumat cədvəli” (cədvəl 1) ilə onda olan informasiyanı tamamlayan cədvəl 2 və cədvəl 3 arasında əlaqə göstərilmişdir.

4. Verilənlər bazası idarə sistemləri (VBİS), onların məqsədi və təsnifatı. VB-nı yaradarkən hər hansı bir proqramlaşdırma dilinin mənimsənilməsi və ya mütəxəssislərin cəlb olunması VB-nın inkişafında bir qədər ləngimələrə səbəb olurdu. Lakin VBİS-in meydana gəlməsi ilə bu çətinliklər aradan qalxdı.

4.1. VBİS VB-nin faylları ilə işləmək üçün nəzərdə tutulmuş xüsusi proqram vasitələridir.

VBİS xüsusi obyektlərə malikdir və bu obyektlərin köməyi ilə VB-nın yaradılması və istifadəsi ilə bağlı bütün işləri idarə edir.

VBİS-in işi ilə Microsoft Access-in nümunəsində tanış olaq. VBİS Access-in obyektləri bunlardır:



1. Cədvəl - VB-nin əsas və ən vacib obyektidir, belə ki, verilənlər məhz bu cədvəllərdə saxlanılırlar.

2. Sorğu – VB-nin emalı üçün nəzərdə tutulmuş xüsusi strukturlardır. Sorğuların köməyi ilə verilənlər nizamlanır, seçilir, dəyişdirilir, daha doğrusu emal olunurlar.

3. Forma – bazaya yeni verilənlərin daxil edilməsinə və ya onlara baxış keçirməyə imkan verən obyektdir.

4. Hesabat – formanın «əksidir». Hesabatın köməyilə verilənlər münasib şəkildə printerə və ya ekrana çıxarılır.

5. Makroslar – makrokomandalardır. Baza ilə işləyərkən tez-tez istifadə olunan hər hansı əməliyyatlar ardıcıllığını, bir neçə komandaları bir makrosda qruplaşdırırlar və onu klavişin bir düyməsinə mənimsədirlər.

6. Modullar – bu Visual Basic dilində yaradılmış proqram proseduralarıdır.

4.2. VBİS-in təsnifatı. VBİS VB- nın üç modelinə uyğun olaraq iyerarxik, şəbəkə və relyasion ola bilərlər. Birinci ikisinin çatışmayan cəhəti ondan ibarətdir ki, onlar yazıları birləşdirən daxili fiziki göstəriciyə əsasən qurulurlar. Relyasion strukturlu VB yeganə bir məntiqi göstəriciyə əsasən qurulur. Relyasion VB adətən münasibətlər və daxil olan atributlar sayı ilə müəyyən olunur.

Bu gün ən geniş yayılmış VBİS verilənlərin relyasion modelinə əsaslanırlar. Bu, digərləri ilə müqayisədə onların daha sadə anlaşılması və yüksək göstəricilərə malik olması ilə əlaqədardır.

VB relyasion idərə sistemləri (VBRİS) idarə etdikləri VB-nin tutumu və istifadəçilər sayına görə aşağıdakı kimi təsnifata malikdirlər:

1. Yüksək səviyyəli RVBİS. Bu RVBİS-lər yüzlərlə və minlərlə giqabayt (Gb) tutumlu nəhəng VB-nı idarə etməyə və onlardan eyni zamanda minlərlə istifadəçinin istifadəsinə imkan verir. Belə sistemlərdən nəhəng korporasiyalarda istifadə olunur. Bu sistemin nümayəndələri: ORACLE7, ADABAS 5.3.2., SQL SERVER11.

2. Orta səviyyəli RVBİS. Bu RVBİS-lər bir neçə yüz Gb tutumlu VB-ni idarə etməyə və ondan eyni zamanda yüzlərlə istifadəçinin istifadəsinə imkan verir. Bu sistemlərdən çox böyük olmayan korporasiyalarda və böyük firmalarda istifadə olunur. Nümayəndələri: IntelBase 3.3, Informix-OnLine7.0, Microsoft SQL Server 6.0.

3. Aşağı səviyyəli RVBİS. Bu RVBİS-lər 1 Gb tutumlu VB-nin idarə olunmasına və 100-ə qədər istifadəçinin eyni zamanda istifadəsinə imkan verir. Bunlar çox da böyük olmayan müəssisələrdə istifadə olunurlar. Nümayəndələri: NetWare SQL 3/0, Gupta SQL-Base Server.

4. Stolüstü VBİS. Bu sistemlər bir istifadəçi üçün nəzərdə tutulmuşlar, stolüstü VB-nin yaradılması və ya kliyent kimi VB-nın serverinə qoşulmaq üçün istifadə olunurlar.

VBİS-in arxitekturası istifadəçilərin müxtəlif tələblərini, onların sorğularının yerinə yetirilməsini, həmçinin fayllardakı verilənlərin təqdimatı və onlara müraciətlə bağlı daxili tələbləri təmin edir. Bu gün ümumi qəbul olunmuş yanaşma verilənlərin üç səviyyəli təsvirini təmin edir:

- xarici model səviyyəsində (istifadəçilərin müxtəlif sorğularına uyğun);

- məntiqi səviyyədə (predmet sahəsindəki administratorun və VB administratorunun verilənlərə inteqral baxışlarına uyğun);


- daxili səviyyədə (sistem proqramçılarının verilənlərə baxışına uyğun).
5. Verilənlər bazasının yaradılması. Təşkilati nöqteyi-nəzərdən ixtiyari VB-nin yaradılması iki müxtəlif mərhələdən ibarətdir:

- layihələndirmə mərhələsi;

- istismar vəə ya istifadəçi mərhələsi.
5.1. Layihələndirmə mərhələsində baza yaradıcıları, yəni proqramçılar və ya baza administratorları orada yerləşdiriləcək informasiyanın tərkibini öyrənir, onu cədvəllərə ayırır, bu cədvəllərin strukturunu, cədvəllər arası əlaqəni, bazaya ola biləcək sorğuları, formaları, hesabatları və s. müəyyənləşdirir, onda yeni obyektlər (məsələn, cədvəl, sorğu, forma və s.) yaradır, onun strukturunu verirlər. Onlar bazanın strukturunu işləyir və bazaya daxil olmağa tam hüquqları var. Bir bazanın bir neçə yaradıcısı ola bilər.
5.2. İstifadəçi mərhələsində - baza formaların köməyi ilə informasiya ilə doldurulur (VB-nin sifarişçisi tərəfindən), sorğular vasitəsilə verilənlərin emalı və lazım olan nəticənin hesabatlar şəklində alınması icra olunur. Bir bazanın minlərlə istifadəçisi ola bilər.
Ədəbiyyat

1. T.Tиори, ДЖ.Фрай.Проектирование структур баз данных, кн.1. М.: Мир, 1985. -288 с.

2. T.Tиори, ДЖ.Фрай.Проектирование структур баз данных, кн.2. М.: Мир, 1985. -320 с.

BİLİKLƏR BAZASI. EKSPERT SİSTEMLƏR

Mühazirə 8 (İİ hissə)


  1. Ekspert sistemlər: məqsədi və tərifi

  2. Ekspert sistemlərin fərqləndirici cəhətləri

  3. Ekspert sistemlərin blokları

  4. Biliklər bazası və biliklər bazasının təsvir modelləri

  5. Ekspert sistemlərin təsnifatı

  6. Ekspert sistemlərin yaradılma mərhələləri


1. Ekspert sistemlərin məqsədi və tərifi. 70-ci illərin sonunda süni intellekt (Sİ) sahəsində çalışan mütəxəssislər başa düşdülər ki, proqramı intellektuallaşdırmaqdan ötrü onu predmet sahəsi haqqında yüksək keyfiyyətli xüsusi biliklərlə təmin etmək lazımdır.

Bu faktın başa düşülməsi xüsusi proqram sistemlərinin inkişafına səbəb oldu və bunların da hər biri müəyyən məhdud predmet sahəsində ekspert kimi istifadə olunmağa başladılar. Bu proqramlar ekspert sistemlər adlandırıldı.

Ekspert sistemlərin qurulması texnologiyası bilik mühəndisliyi adlanır. Bu prosesi təşkil edən mütəxəssislər bilik mühəndisləri adlanırlar və onlar konkret predmet sahəsinin bir və ya bir neçə ekspertilə qarşılıqlı əlaqə olurlar. Bilik mühəndisi ekspertlərdən məsələnin həlli üçün lazım olan proseduranı, strategiyanı, emprik qaydaları əldə edir və bu bilik əsasında ekspert sistem (ES) yaradırlar (şəkil 3.).

Sorğular, problemlər







Evristik qaydalar

Ekspert sistem







Həll üsulları


Şəkil 3. Ekspert sistemin yaradılmasında ekspertlərdən biliyin alınması.
Tərif. Ekspert sistemlər konkret predmet sahəsində mütəxəssis biliklərini özündə əks etdirən və az kvalifikasiyalı istifadəçilərə qərara gəlməkdə məsləhətçi olan mürəkkəb kompleks proqramlardır.

Belə sistemlər konkret predmet sahəsində az təcrübəli mütəxəssislərə qərar qəbul etməkdə dəstək olurlar. Odur ki, belə sistemlərə bəzən qərarların qəbul olunmasını dəstəkləyən sistemlər də deyirlər.



2. Ekspert sistemlərin fərqləndirici cəhətləri.

2.1. Aşağıdakı cədvəldə ekspert sistemlərin adi proqramlardan fərqliliyi göstərilmişdir (cədvəl 4).

Cədvəl 4.


Xüsusiyyətlər

Ekspert sistemdə proqramlaşdırma

Ənənəvi proqramlaşdırma

Emal növü

Simvollarla

Ədədi

Metod

Evristik axtarış

Dəqiq alqoritm

Həll addımlarının verilməsi

Qeyri-aydın


Aydın

Axtarılan həll

Qaneedici

Optimal

Bilik

Qeyri-dəqiq

Dəqiq

2.2. Bütün ES-lər biliklərə əsaslanan sistemlərdir (BƏS) və Sİ proqramıdırlar. Lakin Sİ və BƏS daha geniş anlayışlardır və buraya ES-dən başqa həm də teoremlərin isbatı, müxtəlif intellektual kompüter oyunları və s. daxildir.

BƏS konkret predmet sahəsinə aid bilikləri cəmləşdirən, məntiqi çıxarışı təmin edən və həll edən intellektual proqramlardır. BƏS-in 90%-dən çoxu ekspert sistemlərdir (BƏS-ə həm də intellektual kompüter oyunları auddir). ES-in ən vacib və digər BƏS-lərdən fərqləndirici cəhəti məhz ekspert biliklərinə əsaslanan bilik bazasına malik olmasıdır (şəkil 4).


Şəkil 4. ES-in Sİ və BƏS-də “yeri”

2.3. ES-in əsasını ekspert bilikləri təşkil edir. Bəs ekspert kimdir?

- Ekspert müəyyən predmet sahəsində mükəmməl biliyə, böyük təcrübəyə malik yüksək kvalifikasiyalı mütəxəssisdir.

Sual oluna bilər ki, əgər ekspert varsa ES-in yaradılması nə üçün lazımdır?

Aşağıdakı cədvəllərdə ES-in ekspertdən keyfiyyətcə üstünlükləri və çatışmamazlıqları müqayisəli şəkildə verilmişdir (cədvəl 5 və cədvəl 6).
ES-in ekspertdən keyfiyyətcə üstünlükləri. Cədvəl 5


Ekspert biliyi

ES-in biliyi

Dəyişilə bilən (müvəqqəti)

Daimi

Çətin sənədləşən

Asan sənədləşən

Çətin ötürülən

Asan ötürülən

Bahalı

Xərclərə dözümlü

ES-in çatışmamazlıqları cədvəl 6.



Ekspert

ES

Yaradıcı

Proqramlaşdırılmış

Şəraitə uyğunlaşan

Düzəlişə ehtiyacı var

Hisslərlə (hiss orqanları ilə) qəbul olunmaya əsaslanır

Simvollarla girişdən istifadə edir

Əhatə dairəsinin genişliyi

Dar istiqamətli, məhdud istiqamətlidir

Hamı üçün əlçatan olan biliklərdən istifadə edir

İxtisaslaşmış biliklərdən istifadə edir



3. ES-in blokları. Şəkil 5-də ES-in ümumiləşdirilmiş funksional sxemi göstərilmişdir. Göründüyü kimi ES-lər bir-birilə əlaqəli çoxlu bloklardan ibarətdir.

3.1. Bilik bazası (BB) problemin həllini əks etdirən faktlar və qaydalardan ibarətdir. Sonuncular biliklərin təsvir modelinə uyğun olaraq təşkil olunurlar .


Şəkil 3. ES-in ümumiləşdirilmlş funksional sxemi
3.2. Verilənlər bazası bloku həll olunan problemin cari andakı vəziyyətinə uyğun verilənlərdən, yəni həll prosesində lazim olan giriş və aralıq verilənlərindən ibarətdir.

3.3. Nəticə şıxarma mexanizmi verilənlər bazasındakı giriş verilərindən və BB-dəki biliklərdən istifadə edərək elə qaydanı seçir ki, bunun əsasında problemin giriş verilənlərinə uyğun həlli tapılır.

3.4. İzah mexanizmi sistemdə həllin tapılması ardıcıllığını, sistemdən necə istifadə olunması qaydasını izah edir.

3.5. Aralıq mexanizm istifadəçi ilə sistem arasında münasibəti təşkil edir.



4. Biliklər bazası. Biliklərin təsvir modeli.

4.1. Bilik - predmet sahəsinin qanunauyğunluqları (prinsipləri, əlaqələri, qanunları) olub, praktiki fəaliyyət və professional təcrübə nəticəsində əldə olunur, həmin sahədə mütəxəssislərə məsələ qoymağa və həll etməyə imkan verir.

Aşağıdakı dörd xüsusiyyət bilikləri səciyyələndirən əsas cəhətlərdir:

1. Daxili interpretasiya.

2. Strukturlaşma.

3. Bağlılıq.

4. Aktivlik.

Bilikləri üç böyük qrupa bölmək mümkündür.

1. Faktlar (faktiki biliklər);

2. Qaydalar (qərar qəbul olunması üçün biliklər);

3. Metabiliklər (bilik haqqında bilik).

Sİ mütəxəssisləri üçün bilik anlayışı proqramın özünü intellektual aparması üçün lazım olan informasiya mahiyyəti daşıyır.

4.2. ES-in nüvəsini biliklər bazası təşkil edir. BB ES-in yaradılması prosesində toplanan ekspert biliklərdən təşkil olunur. Biliyin yığılması və təşkili ES-in ən vacib cəhətlərindən biridir. Əldə olunmuş biliklər müəyyən qaydalar formasında ifadə olunmaqla biliklər bazasını əmələ gətirirlər. Bu biliklərin qaydalar şəklində formalaşmasında biliklərin təsvir modelindən istifadə olunur.

4.3. Biliklərin təsvir modeli ekspertlərdən alınmış biliklərin müəyyən qaydalar formasında təqdim olunmasına xidmət edir.

ES-də biliklərin təsvir modellərinin təsnifatı belədir:

- produksion model;

- semantik şəbəkə modeli;

- freym model;

- formal məntiq modeli;

- relyasion model;

- problem yönümlü modellər.



4.3.1. Produksion model qaydalara əsaslanan modeldir, bilikləri " Əgər ( şərt), onda (nəticə)" tipində təsvir etməyə imkan verir.

Şərt elə bir cümlədir ki, onun əsasında BB-də axtarış gedir, "nəticə" isə axtarışın müvəffəqiyyətli gedişində alınan vəziyyətdir.



4.3.2. Semantik şəbəkə istiqamətlənmiş qrafdır, onun təpələri anlayışları, xətlər isə anlayışlar arasındakı münasibətləri ifadə edir. Anlayış hər hansı abstrakt və ya konkret obyektləri, münasibət isə bu obyektlər arası əlaqələri ifadə edir.

Semantik şəbəkədə olan münasibətlər:

- "hissə- tam" tipli əlaqələr (sinif-qrup, element- çoxluq);

- funksional əlaqə ("baş verir", "təsir edir" və s.);

- kəmiyyət xarakterli əlaqə (çox, az, bərabər və s.) ;

- məkan xarakterli əlaqə (uzaq, yaxın, altında, üstündə, içində və s.);

- atribut əlaqələr (cəhətlərə malikdir, mahiyyəti var və s.);

- məntiqi əlaqələr (və, və ya, yox);

- linqvistik əlaqələr və i.a.

Semantik şəbəkə tipli BB-da həllin axtarışı bazaya verilmiş hər hansı altşəbəkəyə uyğun sorğunu əks etdirən şəbəkə fraqmentinin axtarışı məsələsinə gətirilir.

Bu model amerikan psixoloqu Kuillian tərəfindən təklif olunub.

4.3.3. Freym model Marvin Minskinin adı ilə bağlıdır. Freym hər hansı qavranışın abstrakt obrazıdır. BB-də saxlanılan freym obrazı ilə cari verilənlər əsasında faktiki vəziyyəti təsvir edən freym ekzemplərı fərqləndirmək lazımdır.

Freymin ənənəvi strukturu:

(Freymin adı:

( 1-ci slotun adı: 1-ci slotun mahiyyəti)

( 2-ci slotun adı: 2-ci slotun mahiyyəti)

( N-ci slotun adı: N-ci slotun mahiyyəti).

Növbəti mərhələdə hər bir slot özü freym olur və budaqlanır, odur ki, bu modelə bəzən ağacşəkilli model də deyirlər.

Məsələn, otağa bir freym kimi baxsaq, onun slotları aşağıdakılar olar: qapı, pəncərə, döşəmə, tavan, divar. Növbəti mərhələdə hər bir slota freym kimi baxıla bilər. Yəni qapıya freym kimi baxılarsa, onun slotları: taxta, dəmir, şüşə olacaq və s.



4.3.4. Biliklərin təsvirinin məntiqi modeli produksion modeldəki şərt əlaqələrinin məntiqi ifadəsinə əsaslanır, daha doğrusu, şərt daxili atributlar bir-biri ilə məntiqi toplama, məntiqi vurma və s. əlaqə ilə bağlanırlar.

4.3.5. Biliklərin relyasion model təsviri hər bir obyektin onu səciyyələndirən müəyyən cəhətlər, göstəricilər, xüsusiyyətlər, bir sözlə, kriteriyalara münasibətinə əsasan qurulur.

Bəzən bu münasibəti dəqiq ifadə etmək mümkün olmur və təbii dilimizin linqvistik ifadələrindən (çox, az, bir qədər, zəif və s.) istifadə etməli oluruq və bu da bilklərin təsviri üçün qeyri-səlis relyasion modelin istifadəsini zəruriləşdirir. Bu halda obyektin cəhətləri nə dərəcədə ödəməsi [0,1] intervalında təyin edilmiş mənsubiyyət funksiyası ilə ifadə olunur. Bu cəhərlərin, xüsusiyyətlərin obyektə uyğunluğunu əks etdirən mənsubiyyət funksiyası relyasion matrisdə təsvir edilir. Matrisin elementləri fk(x) Î[0,1], x obyektinin k kriteriyasını nə dərəcədə ödəməsini, ona nə dərəcədə uyğun gəlməsini ifadə edir.


5. ES-in təsnifatı

5.1. Yaradılma məqsədindən asılı olaraq ES aşağıdakı kimi klassifikasiya oluna bilərlər.

Cədvəl 7.



Tip

Problemin təsviri

Problemin müəyyənləşdirilməsi




1. İdentifikasiya ES

müşahidə olunan verilənlərlə bağlı vəziyyətin təyini

surətlərin, dilin, radarlardan alınan siqnalların tanınması




2. Diaqnostik ES

Müşahidə olunan sistemdə ola biləcək xətalar əsasında nəticələrin çıxarılması

Xəstəliklərin diaqnozu, texniki nasazlıqların müəyyən olunması




3. İdarəetmə ES

Cari vəziyyətlərin ardıcıl şərhi, təhlili və idarəedici qərarın verilməsi

dəmiryol, quru, hava, dəniz nəqliyyatlarının idarə edilməsi




4.Layihələndirmə ES

Verilmiş sənədlərə uyğun mürəkkəb konfiqurasiyaların yaradılması

Verilmiş məhdudiyyətlər daxilində predmetin prototipinin yaranması




5. Proqnoz ES

Verilmiş vəziyyətə görə ehtimal olunan nəticələrin çıxarılması

Havanın, hücum hərəkətinin təyin olunması, demaqrafik, ticarət ehtimalları




6. Planlaşdırma ES

Obyekti müəyyən vəziyyətə gətirən situasuyalar ardıcıllığı

Eksperimentlərin planlaşdırılması, robotun hərəkətinin, obyekti müəyyən vəziyyətə gətirən situasiyalar ardıcıllığının öyrənilməsi




7. Моnitorinq ES

Əvvəldən ortaya şıxmış kritik vəziyyətlərin ardıcıl izlənməsi

Əməliyyatdan sonra xəstənin halının izlənməsi, vəziyyətin əsas parametrlərinin izlənməsi




8. Təhsilləndirmə ES

Ekspertlərin təhsil alanlara məsləhətləri, tələbələrin biliklərinin yoxlanılması

Öyrədici sistemlər





5.2. İşlənmə səviyyəsinə görə ES belə klassifikasiya oluna bilərlər.

: cədvəl 8.



İşlənmə səviyyəsi

Xüsusiyyətlər

Təsviri prototip (2-3 ay,

50-100 qayda)



Sistem problemin bir hissəsini həll edir və ES-in yaradılmasının məqsədəuyğunluğunu göstərir

Tədqiqat prototipi (1-2 il,

200-500 qayda)



Sistem qane edici dərəcədə problemin həllini əks etdirir, lakin tam eksperiment olmadığından hələ tam etibarlı hesab edilmir

İşləyən prototip (2-3 il,

500-1000 qayda)



Sistem problemin həllini lazımınca əks etdirir, lakin nəticənin alınması zaman baxımından həqiqi deyil

Sənaye sistemi (2-4 il,

1000-1500 qayda)



Sistem yüksək etibarlıq göstərir və sifarişçiyə verilir

Ticarət sistemi

ES təkcə sifarişçi təşkilata (şirkətə) deyil, başqa istifadəçilərə də satıla bilir.

5.3. Biliklərin paylanma xarakterinə görə mərkəzləşmiş və paylanmış BB əsasında yaradılan ES mövcuddur.



5.4. Giriş icazəsinin olmasına görə ES fərdi və kollektiv ola bilərlər.

6. ES-in yaradılması mərhələləri aşağıdakı ardıcıllıqla yerinə yetirilir.


Şəkil 6. ES-in yaradılması mərhələləri

Mərhələlər. Mərhələlərin mahiyyəti

1. İdentifikasiya Problemin xarakterinın öyrənilməsi.

2. Konseptualizasiya Əsas anlayışların və onlar arası əlaqələrin müəyyən olunması.

3. Formalizasiya Biliklərin təsviri modelinin seçilməsi, qaydaların hazırlanması

4. Reallaşma Kompüter proqramının işlənilməsi, nəticələrin təmini.

5. Eksperiment Alınan nəticələrin adekvatlığının yoxlanılması.


1, 2 və 3-cü mərhələlər bilik mühəndisi, 4-cü mərhələ isə proqramşı tərəfindən icra olunur. Eksperiment mərhələsində ilk öncə proqramın düzgün işləməsi yoxlanılır və sonra eksperimentlər o vaxta qədər keçirilir ki, alınan nəticənin reallığa adekvatlığı ekspertləri qane etsin.

İlk zamanlar bir ES-in yaranmasına 20-30 il tələb olunurdu. İndi isə bu sistemlərin yaradılmasını tezləşdirən üsullar, instrumental vəsitələr mövcuddur. Bu məqsədlə istifadə olunan instrumental vəsitələr bunlardır:

1) Simvolik proqramlaşdırma dilləri: LİSP, İNTERLİSP, SMALLTALK;

2) Bilik mühəndisliyi dilləri: OPS-5; LOOPS, proloq, KEŞ;



3) ES layihəsini avtomatlaşdırmağa imkan verən sistemlər: KEE, ART, TETRESTAS, AGE, TİMM.

Ədəbiyyat

1. Поспелов Г.С. Искусственный интеллект –основа новой информационной технологии. М.: Наука, 1988. -278 с.

2. Поспелов Д.А. Левитин К.Е. Будущее искусственного интеллекта. М.: Наука, 1991. -217 с.

3. А.В.Андрейчиков, О.Н.Андрейчикова. Интеллектуальные инфомационные системы. М.:Финансы и статистка, 2004. -424 с.




Yüklə 127,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə