Vilayət bağçası yeddİncİ cİld



Yüklə 0,79 Mb.
səhifə1/21
tarix04.11.2017
ölçüsü0,79 Mb.
#8435
  1   2   3   4   5   6   7   8   9   ...   21


Vİlayət bağçası
yeddİncİ cİld
İslam İnqilabının Böyük Rəhbəri Ayətullah Xameneinin

tələbə və müəllimlərə tövsiyələri

Çevirən: İbrahim Mirzə


Pedaqoji fəaliyyətlərin dəyəri1

Bismillahir-Rəhmanir-Rəhim.


Müəllim Günü və Müəllim Həftəsi hər il mənim üçün mənalı və məsuliyyətli gün və həftələrdən sayılır.

Bu il iş belə gətirdi ki, biz müəllimlərlə bu görüşdə Şirazda olduq, Şirazda və Fars vilayətində müəllimlik edən siz əziz qardaş və bacılarla görüşmək səadəti bizə nəsib oldu. Bu, xoş təsadüfdür və demək lazımdır ki, sizin vilayətiniz və şəhəriniz bir çox sahələrdə digərləri üçün müəllim rolunu ifa etmişdir. Fiqhdə, fəlsəfədə, ədəbiyyatda, şeirdə, incəsənətdə və digər fənlərdə Şiraz alimlərindən, Şiraz müəllimlərindən öyrənməyən görkəmli alim azdır.


Müəllimin dəyəri və ictimai kimliyi

Müəllim Günü sizin gününüz və bir mənada bütün İran xalqının günüdür. Çünki müəllimin şəxsi kimliyindən əlavə, öyrənilə bilən bütün insanlara məxsus bir müəllimlik kimliyi də var. Müəllimin ictimai kimliyi var; dəyəri də onun ictimai müəllimlik kimliyinə görədir. Biz etiraf etməliyik ki, bu məsələ üzərində az işləmiş və əməldə müəllim üçün maddi cəhətdən - yəni dərsin pula çevrilmə qabiliyyətindən başqa bir dəyər tanımayan mədəniyyətə və şəraitə təslim olmuşuq. Maddi sivilizasiyanın mədəniyyəti budur: dəyərləndirmə meyarı hər bir şeyin pula çevrilmə qabiliyyətindən ibarətdir. Müəllim də o mədəniyyətdə birbaşa, yaxud dolayısı ilə pul düzəldə bildiyi qədər möhtərəmdir. Biz - İran xalqının elm və mədəniyyət xadimləri bu yanlış ənənəyə təslim olduq; halbuki İslam məntiqində məsələ bunun fövqündə durur.


Təlim və tərbiyə məsələsi

Təlim və tərbiyə məsələsi qarşı tərəfə və bir insana həyat və dirilik bəxş etmək məsələsidir. İslam bu gözlə baxır. Siz çalışın quru görünən torpağın bir hissəsini qazın, oradan bir bulaq çıxsın; çox dəyərsiz nəzərə çarpan bir toxumu yararlı bir torpaqda əkin, suvarın, ondan yaşıl ağac bitsin. Məsələ belədir; istər pula çevrilməyə qabiliyyətli olsun, istər olmasın. İslam təlim-tərbiyəyə və müəllimə bu gözlə baxır. Mən indi və keçmişdə müəllimlərin maddi tələblərini görməzdən gəlmək istəmirəm. Xeyr, söhbət bundan getmir, gözləntilər, tələblər var, əksəriyyəti də düzgündür. Buna məsuliyyət daşıyan şəxslər də var və deməliyik ki, bu işlərlə məşğul olsunlar.


Müəllimin həqiqi məqamı və hörməti

Çıxışını dinlədiyiniz yeni möhtərəm nazir də mənim gördüyüm və bildiyim qədər, fəal və işgüzar kadrdır. Ümidvarıq bu sahələrdə işlər görülsün. Mənim sözüm bundan genişdir. Bu sözün ünvanı yalnız siz müəllimlər yox, bütün İran xalqıdır.

Bizim fikrimizcə, indiki dövrdə müəllimin dəyəri layiqincə tanınmır. Keçmişdə tanınırdı. Keçmişdə - Qərb mədəniyyəti ölkəmizdə bu qədər genişlənməzdən öncə, yəni İslamdan sonrakı 1100-1200 il ərzində, ölkəmizdə müxtəlif zamanlara uyğun elm, təhsil və tədris süfrəsinin açıldığı zaman müəllimin uca mənəvi dəyəri vardı. İslam təlim-tərbiyəsində üsul elə idi ki, bir öyrənci öz müəllimi qarşısında ayağını uzatmazdı. Bizlər də belə idik, tədris etdyimiz zaman tələbələrimiz də bizimlə belə rəftar edirdilər.

Müəllimin tələbə yanında həqiqətən, hörməti vardı. Bu hələ də bizim elm hövzələrimizdə qalır, çünki hövzələr elm və mədəniyyət sahəsində Qərb üsullarından az təsirlənmişlər. O üsullar hələ də elm hövzələrində var, müəllim tələbənin gözündə hörmətli, uca və dəyərlidir; tələbənin qəlbində onun qorxudan yox, ucalıqdan qaynaqlanan heybəti var. Lakin bu tələbə dərsdə irad da bildirir. Bizim hövzə dərslərimizdə tələbənin ustada irad bildirdiyi qədər universitet siniflərində irad bildirilmir. İcazə almaları da lazım deyil; məsələn, demirlər ki, müəllim, icazə verirsiniz? Xeyr! Müəllim danışır, o tərəfdən bir tələbə irad bildirməyə başlayır. Müəllim də onun iradını dinləyir. Bəzən sərtlik də edir; yəni elmi bir məsələ barədə müəllimi ilə cəsarətlə danışır. Lakin həmin tələbə müəllim qarşısında təvazökardır, ona təzim edir, əlini öpür, qarşısında ayağını uzatmır və ona “sən” demir. Biz 1200-1300 il ölkəmizdə müəllim-tələbə əlaqəsini belə davam etdirmişik. Nəhayət, Qərb mədəniyyəti və Qərb dəyərləndirməsi ölkəmizə daxil olur. Siz görün bu müddətdə nə qədər müəllim şagird tərəfindən döyülmüşdür! Nə qədər müəllim sinifdə şagird tərəfindən məsxərə olunmuş, nə qədər ağır söz eşitmişdir! Az qiymət verdiyinə görə nə qədər müəllim şagird tərəfindən öldürülmüşdür! Belə də olub. Ölkəmizin bəlli keçmişinə və tarixinə görə bizdə belə problem az olmuşdur. Bəzi yerlərdə - Qərb mədəniyyətinin mərkəzlərində isə çox güclü, rüsvayçı və kobud şəkildə olmuşdur.


Müəllimə hörmət cəmiyyətin vəzifəsi kimi

Mən çalışıram ki, müəllimin dəyərləndirilməsi İslama uyğun olsun. Bizim cəmiyyətimizin müəllimə hörmət etməyə, onu uca tutmağa ehtiyacı var. Əgər şagirdin valideyni müəllimə sözün həqiqi mənasında hörmət göstərsə, o şagird də sinifdə və sinifdən sonra müəllimə qarşı eyni hissə malik olar. Bizə bu lazımdır. Bu sizin üçün bütün maddi imtiyazlardan üstündür. Bizim Böyük İmamımız həkim – hikmət sahibi idi. İmam Quranda işlənən mənada bir həkim idi. Həkim - digərlərinin gözlərindən uzaq və gizli qalan həqiqətləri görən şəxsdir. Onun sözlərinin sadə görünməsi mümkündür, lakin nə qədər yarsanız, görərsiniz ki, daha çox qatları və dərinlikləri var. İmam belə idi. Siz Quranda "hikmət" sözünün işləndiyi yerlərə baxın: “Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir”2. Görürsünüz ki, adi tövsiyələr, bizim həmişə bir-birimizə dediyimiz sözlərdir, lakin diqqət etdikdə çox dərin olduğunu görürsünüz. Fərz edin, ata-anaya hörmət hikmətlərdən biridir. Ata-anaya hörmətin təsir və faydalarının sonu yoxdur. İnsan bu məsələdə nə qədər dərinliyə varsa, hələ də daha dərin olduğunu görər. Hikmət budur. İmam bir həkim idi. Burada dedilər ki, müəllimlik peyğəmbərlərin sənətidir. Bu, çox böyük sözdür.


Peyğəmbərin müəllim kimi göndərilməsi

Quranın bir neçə yerində təkrar olunmuş “Onları (mənəvi cəhətdən) təmizləyər, onlara kitabı və hikməti öyrədər” kimi ayələrdən əlavə, əziz Peyğəmbərdən təlim işini ona aid edən bir hədis nəql olunmuşdur. O hədis budur: “Allah məni özünü və digərlərini çətinliyə salan yox, asanlaşdıran müəllim göndərmişdir”. Mən öz təlimlərimlə şagirdlərimə həyatı asanlaşdırıram, işlərini asan edirəm. Bu asanlaşdırma səhlənkarlıqdan başqa bir şeydir. Yəni mən nə özümü həyatın ağır dolanbaclarında əziyyətə salıram, nə də xalqı. Mən öz təlimlərimlə xalqı doğru, düzgün və hamar yola hidayət edirəm. Asanlaşdırma budur. İnsan bəzən bir məqsədə çatmaq istəyir, amma yolu tanımır. Daş, torpaq, çör-çöp, nəfəs kəsən hündürlüklər; daim çıx yuxarı, düş aşağı, sonu da ya çata, ya çatmaya. Bu, çətinləşdirmədir. Bəzən də bələd bir adam ona yoldaşlıq edir, deyir ki, cənab, buradan get; yol həm hamardır, həm yaxındır, həm də səni məhz istədiyin yerə çatdıracaq. “Asanlaşdıran müəllim” budur. Müəllimlik belə bir peşədir. Bizim əsas sözümüz budur. Mən həm xalqa, həm də müəllim olan sizə demək istəyirəm ki, müəllimin hörmətini və qədrini bilin, onu uca tutun. Əlbəttə, daha çox xalqa demək istəyirəm, çünki çox vaxt müəllim öz qədrini bilir; həqiqətən, elmi olan və onu kiməsə öyrədən ayıq müəllim nə iş gördüyünü dərk edir. Bağlı bir qıfıl və bir açar var. Müəllim bu açarı şagirdə verir və deyir ki, bu açarı bu qıfla belə sal. Bunun adı təlimdir. Bu, başqa heç bir şəkildə həll edilməsi mümkün olmayan bir tənlikdir. Müəllim həll yolunu göstərir. Hər bir sahədə müəllimin işi budur. Odur ki, müəllimlər müxtəlif fərqlərlə nə iş gördüklərini bilirlər. Lakin mənim sözüm daha çox xalqadır. Mən bizim cəmiyyətimizdə təlim və tərbiyə məqamının İslamın təyin etdiyi şəkildə olmasını istəyirəm. Belə bir hədis nəql olunmuşdur: “Kim mənə bir hərf öyrətsə, məni özünə qul etmişdir”. Mən bilmirəm ki, bu hədisin sənədi var, ya yox, varsa necə və nə qədər düzgündür. Lakin söz düz sözdür. Yəni insan bir şəxsdən öyrənməklə əslində, bir mərhələni arxada qoyur və o mərhələyə görə özünü həmin bələdçinin xidmətçisi bilməyə və etməyə dəyər. Əsas söz budur.


Müəllim və öyrəncinin uca tutulması

Burada dəyər cəhəti olan başqa bir məqam da var. Mən buna da toxunmaq istəyirəm. Burada müraciət siz müəllimlərədir. İslama görə, müəllimə hörmət olunduğu kimi, öyrənciyə də hörmət olunmalıdır. Şagirdi aşağılamaq olmaz. Bunun çox dərin tərbiyəvi cəhəti var. Burada da belə bir hədis nəql olunur: “Öyrəndiyiniz və öyrətdiyiniz şəxsə qarşı təvazökarlıq edin və zalım alimlərdən olmayın”. Zalım iki cürdür: siyasi və elmi zalım. Elmi zalım olmayın, alim zalımlardan olmayın. Mən ölkə universitetlərinin birində illər öncə - bəlkə də 40-45 il öncə belə bir müəllim görmüşdüm. Şagirdləri ilə elə danışır, elə dərs deyir və elə davranırdı ki, atanın rəftarına yox, fironun rəftarına bənzəyirdi. Müəllimin bəzən sərt olması mümkündür, lakin sərtlik təhqirdən, aşağılamaqdan fərqli bir şeydir. Şagirdə hörmət etmək lazımdır. Yəqin ki, sizin hər birinizin hörmət etdiyiniz şagirdlər barədə çoxlu təcrübələriniz var; bu iş yaxşı nəticə vermiş, onun tərbiyəsini asanlaşdırmışdır. Söymək, təhqir etmək və hətta vurmaq yaxşı deyil. “Ədəbləndirmək üçün vurmaq” sözü qədimdən məşhur olan sözlərdəndir. Sonralar məlum oldu ki, xeyr, vurmaq yaxşı deyilmiş. Mənim fikrim də budur. Şagirdi mum kimi əldə fırladıb formaya salmaq lazımdır, lakin mülayimliklə. Müəllimin hünəri budur. Bu da müəllimə dəyər barədə başqa bir məsələdir.


Böyük yenilik, yoxsa mədəni dəyişmə?

Mən ötən il Tehranda müəllimlərlə görüşəndə təlim və tərbiyə sahəsində böyük yenilik məsələsini irəli sürdüm. Böyük yenilik nə deməkdir? Dəfələrlə demişəm ki, biz qərblilərdən, qeyri-qərblilərdən və əcnəbilərdən öyrənməyə xəcalət çəkmirik, bundan imtina etmirik. Biz bir idarə üsulunu, tədris üsulunu, elmi və ixtiranı digər ölkələrdən öyrənməyə utanmırıq, səhlənkarlıq da etmirik, dalınca düşüb şagirdlik də edirik. Lakin bu şagirdliyin yanında iki məqam var; təəssüf ki, ölkəmizin mədəni dəyişiklik dövrü olan Pəhləvi dövründə bu iki məqama riayət etmədilər, gözlərini bağlayıb qucaqlarını açdılar; kim gəldi və nə verdisə, bunlar da aldılar. Bu iki məqamdan biri odur ki, biz aldığımızı dəyərləndirək, görək işimizə yarayır, yoxsa yox. Əgər işimizə tam yarayırsa, tam qəbul edək. Əgər tam yaramırsa və zərərlidirsə, hamısını rədd edək. Əgər bu iki vəziyyətin ortasındadırsa, yarayan qədərini qəbul və qalanını rədd edək. Bu, birinci məqam.


Düşüncənin seçilməsi, yoxsa zorla sırınması?

Mən misal çəkib dedim ki, bir meyvəni, xörəyi və yaxud dərmanı görüb tanıyan, öz əli və öz meyli ilə ağzına qoyub udmaq istəyən şəxslə əl-ayağı bağlanıb ampulla bədəninə bir şey vurulan şəxs arasında fərq vardır. Birincisi düzgündür, ikincisi isə yox. Bizə ampul kimi vurmamalıdırlar, özümüz seçməliyik. Bu, yaddan çıxdı. Özündən gedib huşsuz halda bir tərəfə düşən, bədəninə bir şey vurulan, yaxud boğazına bir şey tökülən insanlar kimi olmayaq. Biz mədəni dəyişiklik dövründə gözlədik ki, boğazımıza bir şey töksünlər.

İkinci məqam budur ki, bu müəllim-şagird məsələsi sonsuzluğa qədər sürməməlidir. Bəli, biz bilmədiyimizi bilən şəxsə şagirdlik etməyə hazırıq. Lakin insan həmişə şagird qalmamalıdır. Biz özümüz müəllim olmalıyıq. Bu iki məqama diqqət yetirilmədi.

Öyrəndiyimiz şeylərdən biri təlim-tərbiyə məsələsidir. Onların yaxşı təlim-tərbiyə üsulları vardı və biz də onlardan öyrəndik. İbtidai məktəblərin qədim məktəbxanalardan yaxşı olması, ibtidai və orta məktəb bölgüləri yaxşı idi. Biz bunları rədd etmirik, bunlar faydalıdır, lakin nə qədəri, necə və hansı istiqamətdə olanı? Biz daha buna diqqət yetirmirik və hamısını götürürük. Onlar dedilər ki, 6 sinif belə olsun, 6 sinif elə olsun. Biz də onu gətirdik. Sonra üsullarını dəyişdirdilər: 5 sinif, 3 sinif və sair. Biz də bunu öyrəndik və gətirdik. Axı belə olmaz! Onların müxtəlif fənlərdə dərs vəsaitləri vardı. Dedilər ki, bunları öyrədin. Biz də beləcə bu təlimlər yığnağını öyrəndik. Orta təhsilin idarə tərzi həm forma, həm məzmun baxımından tam təqlidçi bir tərzdir. Bu, düzgün deyil. Biz baxmalıyıq ki, bizə nə lazımdır, mövcud üsulun harasında nöqsan var. Bu üsulun bəzi eyibləri var. Onlardan biri düşünmək yerinə əzbərləmək amilidir. Bizim məktəblərimiz əzbərçilik üzərində qurulub. Uşaqlar daim əzbərləyirlər.


Düşüncə əsasını qorumaq

Mötərizə arasında deyim ki, əzbərləmə yaddaşı pis bir şey deyil. Uşaqların əzbərləməsinin, kitab oxumasının və çox oxumasının heç bir eybi yoxdur. Bu, yaxşı haldır, çünki əzbərlədiyi qalır. Düzdür, bəzilərini başa düşməyə bilərlər. Bizim təhsil aldığımız ibtidai məktəbin proqramları geniş yayılmış məktəb proqramlarından fərqli idi. Orada bizə Sədinin Gülüstan kitabından dərs keçirdilər. Gülüstanın bəzi şeirləri o zamandan mənim yadımda qalıb. Biz o vaxt Gülüstanı oxuyanda mənasını anlamırdıq, sonralar zaman ötdükcə yavaş-yavaş anladıq. Bu, yaxşıdır. İnsanın bəzi şeyləri tam anlamaması mümkündür, lakin əzbərlədikləri zehnin fəallığına zəmin yaradır. Əzbərləmələr yaxşıdır, ancaq əzbərçiliyə əsaslanmaq pisdir. Yəni fəaliyyətin əsası əzbərləməkdən deyil, əzbərləməklə yanaşı olsa da, düşünməkdən ibarət olmalıdır. Bu, böyük eyibdir. Bunu düzəltmək lazımdır.

Biz bu gün bunu düzəltməliyik. Mədəni dəyişiklik, mərhum Ali-Əhmədin sözü ilə desək, qərbpərəstlik dövrü, Qərb sivilizasiyasının gözəllikləri qarşısında heyranlıq dövrü ötdü. O parıltılı, şəffaf və sıx zinətlərlə bəzənmiş simanın iç üzü bu gün bizə və insanların çoxuna aşkarlanmış, çirkinlikləri, faydasızlıqları və pislikləri üzə çıxmışdır. Biz bu gün 50 il öncə bilmədiyimiz çoxlu məsələləri bilirik. İran xalqı bu gün bu həqiqətlərin çoxu ilə tanışdır.
Müəllim yetişdirmək

Digər məsələ məktəb müəllimi yetişdirməkdir. Bu, çox əhəmiyyətlidir. Burada da düşünürəm ki, - əlbəttə, bu gün xoşbəxtlikdən, Təlim və tərbiyə nazirliyinin müəllim yetişdirmək sahəsində yaxşı imkanları var. Bu imkanlardan və universitetlərin imkanlarından maksimum istifadə etmək lazımdır. Qapını bağlamayın və bütün imkanlardan yararlanın.

Bəzən universitet diplomu olmayan bir şəxs bir fəndə və bir işdə ekspert ola bilər. Bizdə Məşhəddə heç bir universitet təhsili və hətta bəzilərinin universitetdən aşağı təhsili də olmayan bəzi ədəbiyyat və şeir adamları vardı, ustad idilər: nasir xosrovşünas, məsud səd salmanşünas, sədişünas, hafizşünas, saibşünas. Universitetdə ədəbiyyat fənni üzrə təhsil almış çoxlu müəllimlərdən güclü idilər. Bu vəziyyət eynilə digər sahələrdə də ola bilər. Bunlardan imtina etmək olmaz.
Alimlik, elmlilik və məlumat

Mən qarşılıqlı olaraq digər tərəfdən demək istəyirəm ki, orta məktəblər bütün səviyyələrdə dərs oxumuş və bacarıqlı insanlar təhvil vermək üçün məsuliyyət daşıyır. Orta məktəblərin zəruri olaraq universitetə hazırlıq olduğunu düşünmək səhvdir. Bəziləri özlərinin dünya və axirətlərini universitetə girməkdə görürlər. Eşitmisiniz ki, qəbul imtahanlarından kəsilmiş bəzi gənclər başlarına bəla gətirir, yaxud depressiyaya düşür və ya ata-anaları tərəfindən başıqapazlı edilirlər. Xeyr, cənab, universitet elm və tədqiqatın inkişaf etdiyi mərkəzdir. Siz bilirsiniz ki, mən elmi inkişafın təbliğatçısıyam, bunun üzərində təkid edirəm. Lakin bunun mənası o deyil ki, biz yaxşı satıcı istəmirik, yaxşı sürücü istəmirik, yaxşı tacir istəmirik, yaxşı usta istəmirik. Ölkənin bütün səviyyələrində kişi və qadınların mütləq universitetə girməsi lazım deyil. Lakin onlar orta təhsilə ehtiyaclıdırlar. Deməli, orta məktəblər yalnız universitetə hazırlıq və onun üçün yarımçıq yem düzəldən olmamalıdır. Xeyr, universitet də çox yaxşıdır, lazımdır, ancaq orta təhsilin əhatəsi universitetdən çox genişdir. Siz orta təhsil mərkəzlərində elə insanlar yetişdirməyə çalışmalısınız ki, bunlar lazım olan həddə elm və məlumata malik olsunlar; harada çalışsalar, elmin bu qədərini bilsinlər. Bəzilərində istedad, həvəs var, universitetə girirlər, bəzilərində isə xeyr, ya həvəs, ya da istedad yoxdur və getmirlər.


Ədalətə riayət etmək

Əlbəttə, bu, ədalətə riayət etmək məsələsindən ayrıdır. Orada biz elə etməliyik ki, ədalət qorunsun. Yəni əgər kiminsə həvəsi və istedadı var, lakin maddi imkanı yoxdursa, getməsi üçün ona kömək etməliyik. Bu, ədalətdir; yəni hamıya imkan yaratmaq lazımdır. Mən bir dəfə təhsilini davam etdirməyən bir gəncə adət üzrə dedim ki, nə üçün təhsilini davam etdirmədin, ticarətlə məşğul oldun. Elə-belə cavab verdi. Mən bir qədər israr etdim. Onun sənəti həm də yaxşı sənət idi. O, Məşhəd ləhcəsi ilə dedi: “Bu iş qanımdadır”. Qanındadır, varlığındadır, de ki, çox gözəl. Kiminsə qanında satıcılıq peşəsi varsa, qoyun gedib o işi görsun. Mütləq universitetə girmək nəyə lazımdır?! Mən də mütləq universitetə girməsinə təkid etməməli idim. Doğrusu budur.


Tərbiyəvi fəaliyyətlər məsələsi

Digər məsələ qeyd etdiyimiz kimi tərbiyəvi fəaliyyətlər məsələsidir. İnqilabdan sonra bu ölkədə əsası qoyulan ən yaxşı ənənələrdən biri - Allahın rəhmətinə getmiş Şəhid Bahünər bu işin əsasını qoydu - tərbiyəvi işlər üzrə müavinlikdir. Bəzi bəhanələrlə bunu ləğv etdilər. İndi bu məsələyə bədgümanlıqla yanaşmaq istəmirik, amma hər halda, yaxşı fikir deyildi. Belə ki, tərbiyə işi siniflərdə müxtəlif müəllimlər vasitəsilə baş tutmalıdır və ayrılmamalıdır. Tərbiyəvi işlərə məxsus bu mərkəzi ləğv etdilər. Bəli, mənim də fikrim budur ki, fizika, riyaziyyat, həndəsə, ədəbiyyat, ictimaiyyat, yaxud hər hansı bir fənnin müəllimi olan sizlər həm də din və əxlaq müəllimi ola bilərsiniz. Bəzən bir riyaziyyat müəllimi riyazi bir cədvəli həll etdiyi zaman elə bir söz deyir ki, şagirdlərin qəlbində əbədilik həkk olur. Bütün müəllimlər bunu özlərinə vəzifə bilsinlər. Mən burada iştirak edən siz əzizlərə və hər hansı bir fənni tədris edən bütün müəllimlərə deyirəm ki, bu məsələni yaddan çıxarmayın; tərbiyə də sizin işlərinizdəndir. Çox yaxşı olar ki, müəllimlik nüfuzu, müəllimin şagirdə psixoloji təsiri ilə bu imkandan istifadə edin və şagirdin qəlbində aydın və işıqlı bir yer açın. Bəzən riyaziyyat müəllimi, ədəbiyyat müəllimi, birinci və ya ikinci sinif müəllimi kimi Allah, Peyğəmbər, qiyamət, mənəviyyat, Allaha doğru getmək və Allaha məhəbbət barədə dediyiniz bir söz uşağın, yeniyetmənin şəxsiyyətini gözəl formalaşdıra və digər formalarda yüz saat danışmaqdan çox təsirli ola bilər. Bu öz yerində. Lakin bu o demək deyil ki, məktəblərdə tərbiyə şöbəsi olmamalıdır. Bilirik ki, tərbiyəsiz təlimin faydası olmur. Tərbiyəsiz təlim cəmiyyətlərin başına bu gün yüz il, yüz əlli il, yaxud daha artıq vaxt ötdükdən sonra Qərb cəmiyyətlərinin hiss etdiyi bəlanı gətirəcək. Bunun təsiri on ildən, iyirmi ildən sonra görünmür, bir də gözünüzü açıb görürsünüz ki, bir nəsil əldən çıxmışdır və düzəltmək mümkün deyil. Məndə bu barədə çoxlu məlumat və tükürpədici statistikalar var. İndi deməyə imkan yoxdur, hərdən bəzi yerlərdə demişəm. Açıq və qətiyyətli etiraflar var. Tərbiyəsiz elm belədir. Bir cəmiyyətdə elm inkişaf etdikdə və tərbiyə olmadıqda atom bombası öz yerində, müxtəlif siyasi çirkinliklər öz yerində, müxtəlif yalanlar öz yerində, kartel və trestlərin iqtisadi maraqları öz yerində, ancaq əsas məsələ insan nəslinin tələf olmasıdır. Buna görə tərbiyə işlər çox mühümdür, özü də yaxşı, güclü və işgüzar müavinlik və idarəçilik formasında, yalnız zahiri formada yox.


İbtidai təhsil şəhadətnaməsinin icbari olması

Bir məsələ də savadlanma məsələsidir. Biz bu savadsızlıq bəlasını nəhayət, ölkədən uzaqlaşdırmalıyıq. Əvvəla görünür ki, ölkənin bəzi bölgələrində icbari təhsil yaşında olan uşaqlar məktəbə getmirlər. Bu, çox təhlükəli bir şeydir, çox pis haldır. Elə etmək lazımdır ki, ibtidai təhsil hamı üçün icbari olsun, ən azı, ibtidai təhsil şəhadətnaməsi almaq icbari sayılsın; pasport kimi, sürücülük vəsiqəsi kimi hamı buna malik olsun. Bu, çox mühüm məqamdır, lakin ona diqqət yetirilmir. Bu diqqətsizliklər də ölkənin bəzi yerlərində sui-istifadələrə bais olur. Uşaqlar məktəblərə gəlib bu mərhələni keçirməlidirlər, sonra nə iş görsələr, özləri bilərlər. Bu mərhələ isə icbari olmalıdır.

Təlim və tərbiyə mərkəzləri və Savadlandırma hərəkatının idarələri oturub bir hədd müəyyənləşdirməlidirlər. Misal üçün, 50, 55, yaxud 60 yaşdan aşağı insanlar üçün bir müddət müəyyən edib desinlər ki, filan müddətə, məsələn, beş ilə qədər bütün ölkədə bu insanlar mütləq savadlanmalıdırlar. Bu yaşlardan yuxarı olanlar da ümumi şəkildə buraxılmasınlar, sadəcə olaraq, onlarla az işlənsin. Lakin 50, yaxud 55 yaşdan aşağı olan bütün kişi və qadınlar mütləq savadlansınlar ki, daha ölkədə belə savadsız insan olmasın.
İmam və inqilabla beyəti qorumaq

Biz nəzərdə tutduqlarımızı dedik. Düşünürük ki, ölkəmizin indiki nəslinin - bəziləri inqilabı, müqəddəs müdafiə dövrünü görmüş, yəni o dövrün vəziyyətini müəyyən həddə hiss etmiş bu nəslin tükənməz bacarıqları var. Bu nəsil çox işlər görə bilər. Hələ bizim işlərimizin arxasında imamın isti nəfəsi var. Hələ bizim aramızda güclü iradə, möhkəm əzmkarlıq, ölkə və cəmiyyət məsələlərinə ilahi və hikmətli baxış yaşayır; bir mənada imam yaşayır. İmamla və inqilabla etdiyimiz beyəti qorumalıyıq. İmamla, inqilabla və İslam Respublikası ilə beyəti sındıranlar özlərinə zərər vururlar: “Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri yalnız onun özünə dəyər). Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər!” Biz bu beyəti qorumalı, saxlamalıyıq və indiki nəslin bu beyəti sayəsində - xoşbəxtlikdən, bizim ölkəmiz gənclə və gənclik ruhiyyəsi ilə doludur - çox böyük işlər görə bilərik.


Nüvə enerjisi məsələsi və xalqların tərifi

Böyük işlərin bir nümunəsi nüvə enerjisi məsələsidir. Görürsünüz ki, İran xalqı dünyanın diqqətini özünə cəlb etmişdir. Düzdür, siyasətçi və təbliğatçılar söyürlər, amma bilin ki, xalqlar tərifləyirlər. Həmin siyasətçilərin özləri də ürəklərində İranı alqışlayırlar. İstər Atom Enerjisi Təşkilatında, istər bəzi siyasi təşkilatlarda aparılan müxtəlif müzakirələrin stenoqramını bizə gətirirlər. Görürük ki, İran xalqını müntəzəmliyə, elmə həvəsinə, elmi və milli qürurunu qorumaqda israrlı olduğuna görə tərifləyir və təəccüblənirlər. Bizdə olan məlumatlar bunu təsdiq edir. Bu, bir nümunədir.

Əgər iyirmi il öncə bu ölkədə kimsə desəydi ki, bir gün iranlı gənclər özləri kimdənsə öyrənmədən, pərakəndə təlimlərlə və özlərinin zehni fəaliyyətləri və yaradıcılıqları ilə sentrifuq düzəldib uranı zənginləşdirə və urandan elektrik enerjisi istehsal edə biləcəklər, min nəfərdən biri də inanmazdı. Bunu inkar edən birinci şəxslər mütəxəssislər və ali təhsillilər olardı. Deyərdilər ki, olmaz, məgər belə bir şey mümkündür, məgər asandır?! İran xalqı sübut etdi ki, bacarır. Bütün sahələrdə belədir. Bu bir nümunə aşkara çıxmış, dünyada gül kimi açmışdır. Bu xalqın bütün sahələrdə belə istedadı, həvəsi, cəsarəti var.

İlahi! Öz yardımını və uğrunu bu xalqa nazil et!

İlahi! Bizim rəftar, niyyət, əməl və hərəkətimizi dövrün imamını razı salanlardan et!

İlahi! İran xalqının fəallığını günbəgün artır!

Allahın salamı və rəhməti olsun sizə!



Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə