АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №2, səh. 187-191 (2015)
187
Ç
Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi
Avqustun 5-də
Azərbaycanda tibb elminin inkişafında
misilsiz xidmətlər göstərmiş görkəmli alim, ictimai
xadim, Azərbaycan Milli Elmlər Akademiyasının
təsisçilərindən biri, akademik Mustafa
bəy Ağabəy oğlu
Topçubaşovun anadan olmasının 120 ili tamam olur.
Heyrətamiz istedadı, böyük entuziazmı, tükənməz enerjisi,
yüksək intellekti, məntiqi təfəkkürü və iti zəkası hesabına
cərrahiyyə sahəsində bir sıra ixtira və kəşfləri, möhtəşəm
fəaliyyəti ilə Azərbaycana başucalığı gətirən, dərin insani
keyfiyyətləri, ürəyinin sevgisi və skalpelinin sehri ilə
apardığı yüz mindən artıq cərrahi əməliyyatlar nəticəsində
insanlara sağlamlıq bəxş edən dünya şöhrətli alimin
yubileyi ölkəmizdə geniş qeyd edilir. Virtuoz cərrah,
görkəmli dövlət və elm xadimi Mustafa bəyin əziz xatirəsi
dövlətimiz və xalqımız tərəfindən daima hörmətlə anılır.
1995-ci il oktyabr ayının 14-də Heydər Əli-
yevin 31 iyul 1995-ci il tarixli sərəncamı ilə Azər-
baycan Dövlət Opera və Balet Teatrında akademik
Mustafa bəy Topçubaşovun anadan olmasının 100
illik yubileyi qeyd olunarkən Ümummilli liderimiz
öz çıxışında demişdir: “Mustafa bəy Topçubaşo-
vun həyat yolu, yaradıcılığı, onun bizim üçün və
gələcək nəsillər üçün qoyduğu irs milli sərvətimiz
və milli iftixarımızdır”. Bu fikirlərdə akademik
M.Topçubaşov şəxsiyyətinə Azərbaycan dövlətinin
göstərdiyi böyük ehtiram oz möhtəşəm ifadəsini
tapmışdır.
Akademik M.Topçubaşov AMEA-nın ilk təsis-
çilərindən, onun ilk həqiqi üzvlərindən biri olmaqla,
şərəfli ömrünün 36 ildən artıq bir dövrünü Azər-
baycan Milli Elmlər Akademiyası kimi möhtəşəm
elm məbədinin inkişafına və bərqərar olmasına, 62
ildən çoxunu - cərrahlıq elminin tərəqqisinə, 51 ildən
çoxunu isə - Azərbaycan Tibb Universitetinin fakültə
cərrahlığı kafedrasının təşəkkül tapmasına, elmi-
pedaqoji işlərin, tibb elmi və tibb təhsili sistemlərinin,
bütövlükdə Azərbaycan səhiyyə sisteminin təkmilləş-
məsinə, gənc milli tibb kadrlarının hazırlanmasına,
onların təkmil mütəxəssis kimi yetişmələrinə həsr
edibdir. Səhiyyənin maddi-texniki bazasının möh-
kəmləndirilməsində, tibb təhsilinin tədrisində, müalicə
və profilaktika sahəsində mühüm islahatların həyata
keçirilməsində də görkəmli alim misilsiz xidmətlər
göstərmişdir.
Mustafa
bəy Ağabəy oğlu Topçubaşov 1895-ci il
avqust ayının 5-də İrəvan şəhəri yaxınlığında
Göykümbət kəndində dünyaya gəlib. İbtidai və
gimnaziya təhsilini İrəvanda başa vurub. Uşaqlıq
dostu, gələcəyin görkəmli dövlət və elm xadimi Əziz
Əliyevlə eyni ibtidai məktəbdə, eyni gimnaziyada
təhsil alıb. O vaxtlar İrəvan ibtidai məktəbi və
gimnaziyasının təşkilində azərbaycanlı müəllimlərin
böyük rolu olub.
1914-cü ildə İrəvan gimnaziyasını bitirən
M.Topçubaşov Kiyev Universitetinin tibb fakültə-
sinə daxil olub. 1919-cu ildə təhsilini müvəffəqiy-
yətlə başa vurduqdan sonra, universitetin kafedra-
larının birində fəaliyyətini davam etdirmək təklifi
edilməsinə baxmayaraq, Bakıya qayıdıb.
O vaxt Azərbaycanda Xalq Cümhuriyyəti ya-
radılmışdı. 1919-cu il sentyabrın 1-də yenicə müs-
təqillik əldə etmiş ölkəmizin paytaxtında Bakı Dövlət
Universitetinin (BDU) tibb fakültəsi təşkil edilmişdi.
Ölkənin səhiyyə xidmətində ciddi problemlərin
mövcudluğu, xüsusən də milli həkim kadrlarına
böyük ehtiyac olduğu bir vəziyyətdə M.Topçubaşo-
vun vətənə qayıtması, BDU-nun tibb fakültəsinin
cərrahiyyə kafedrasında çalışan professor A.Oşmanı
və universitetin rektoru, görkəmli cərrah-anatom
professor V.Razumovskini məmnun etmişdi. M.Top-
çubaşovun BDU-nun tibb fakültəsinin cərrahiyyə
kafedrasında ordinator kimi işə düzəlməsində bu
alimlərin böyük rolu olmuşdu. Mustafa bəy BDU-
nun tibb fakültəsində cərrahlıq fənnindən dərs deməyə
MUSTAFA BƏY TOPÇUBAŞOV – 120
188
cəlb edilən ilk milli kadrlardan olub. O, ordinator
işləməklə yanaşı, Azərbaycan Səhiyyə Komissar-
lığının Cərrahlıq Xəstəxanasının müdiri vəzifəsində
çalışıb. Tez-tez respublikanın ucqar rayonlarına ge-
dərək, yerlərdə cərrahi şöbələr təşkil edib, ambu-
latoriya və stasionaraqədərki cərrahi yardımın mexa-
nizmini qurub, əhaliyə yüksəkixtisaslı həkim yardımı
göstərib. M.Topçubaşov 1922-ci ildə Nəriman Nəri-
manovun təklifi ilə Naxçıvana göndərilib. O, Nax-
çıvanda xəstəxana, ambulatoriya, Ordubadda feldşer
məntəqələri təşkil edib. Akademik sonralar xatirə-
lərində o illəri belə təsvir edirdi: “İş vaxtımın baş-
lanğıcı və sonu yox idi. Gündüzün və gecənin nə
vaxtı olursa-olsun xəstə gətirirdilər, yaxud xəstə üs-
tə çağırırdılar. Mən həm terapevt, həm cərrah, həm
nevropatoloq, həm epidemioloq, həm vərəm həkimi,
həm yoluxucu xəstəliklər həkimi… işləyirdim. Hə-
kimsən, demək loğmansan, bütün dərdlərə əlac qıl-
malısan”.
Gənc həkim-cərrahın adı respublikada qısa
müddətdə məhşurlaşıb və xalq arasında “Topçubaşov
skalpeli” məfhumu yaranıb. 1923-1927-ci illərdə
professor A.Oşmanın təqdimatı ilə əsasən neftçilərə
xidmət edən və Bayılda yerləşən Paster adına xəstə-
xananın cərrahlıq şöbəsinin və eyni zamanda Azər-
baycan SSR Xalq Səhiyyə Komissarlığı Cərrahlıq
Xəstəxanasının müdiri təyin edilib.
Azərbaycanda sovet hakimiyyətinin ilk illərin-
də səpgili yatalaq, qarın yatalağı, malyariya, tra-
xoma kimi infeksion xəstəliklər əhali üçün ciddi
təhlükə törədirdi. Bununla əlaqədar olaraq, 1925-ci
ilin iyul ayında Azərbaycan hökuməti “Azərbaycan
SSR-də qızdırmaya qarşı mübarizə” haqqında qərar
qəbul etdi. Bundan sonra M.Topçubaşov elmi-
tədqiqat işlərini qızdırmanın profilaktikası işinə
yönəltdi.
M.Topçubaşov 1925-ci ildə Tiflisdə keçirilən
Zaqafqaziya Cərrahlarının I Qurultayında “Exino-
kokkun cərrahi müalicəsi” və “Qalxanabənzər vəzin
köçürülməsi” mövzularında çıxışlar edib və mövzu-
lara aid ilk elmi məqalələrini Qurultayın material-
larında çap etdirib.
1926-cı ildə Mərkəzi Komitə Azərbaycanda
“Həkimlərin nəzəri və təcrübi hazırlığını yaxşılaş-
dırmaq haqqında” adlı xüsusi qərar qəbul edib və
Azərbaycan Xalq Maarif Komissarlığı tibbi təcrübə
keçmək üçün Almaniyaya 20 nəfər həkim göndəril-
məsi qeyd edilib. Almaniyaya gedənlərin siyahısına
M.Topçubaşovun adı salınmayıb və buna əsas sə-
bəb komissarlığın kollegiya iclasında Mustafa bə-
yin namizədliyi irəli sürüləndə hamının yekdilliklə
dediyi fikir olub “Mustafa Topçubaşov artıq özü
öyrədir. Öyrənməyə ehtiyacı olanları göndərmək
lazımdır”. Almaniyaya göndərilən 20 nəfər həkim-
dən 8-i bu səfərdən imtina etdiyindən, M.Topçu-
başov ərizə yazaraq onun namizədliyinin irəli sürül-
məsini xahiş edib. Müvafiq orqanlarla məsləhət-
ləşdikdən sonra onun da adı siyahıya salınıb. Belə-
liklə, M.Topçubaşovla birlikdə gələcəkdə Azərbay-
can Elmlər Akademiyasının ilk prezidenti olmuş,
akademik Mirqasımov və digər həkimlər Almani-
yanın Berlin, Münhen, Leypsiq və digər şəhərlərində
təkmilləşmədə olublar. Mustafa bəy Almaniya təəs-
süratı haqqında yazırdı: “Professor Krause çox
hörmətli mütəxəssis idi. Həddən ziyadə tələbkar ol-
duğu üçün onunla işləmək çox çətin idi. Professorun
qohumlarından biri yol qəzasına düşmüşdü. Onu
ağır vəziyyətdə klinikaya gətirmişdilər. Təcili qan
köçürülməli idi. Həmin xəstəyə eyni qan qrupu
olduğu üçün mənim qanımın köçürülməsinə razılıq
verdim. Şahidlər deyirdilər ki, professor Krause bu
nəcibliyə heyran qalmışdı. Həmin əhvalatdan sonra
professor Krause ilə mənim aramda xoş ünsiyyət
yaranmışdı”.
M.Topçubaşov təkcə öz skalpelinin gücü, qüd-
rəti ilə deyil, lazım gəldikdə, həm də donor kimi
xeyirxahlığı ilə də insanları ölümün pəncəsindən
qurtarmağı bacarırdı və bunun bir nümunəsi vətən-
dən uzaqlarda – Almaniyada baş verdi. Bu əhva-
latdan sonra professor Krause azərbaycanlı həkim-
lərə müraciətlə demişdi: “Əgər Azərbaycanın indi
sizin kimi yüz oğlu varsa, yarım əsrdən sonra yüz
professoru olacaqdır. Mən bütün varlığımla buna
inanıram”.
Alman alimi professor Krauzenin inamı doğ-
ruldu. Azərbaycan həkimləri Bakıya qayıtdıqdan
sonra Almaniyada əldə etdikləri mükəmməl təcrübə
onların hər birinin gələcək fəaliyyət yollarında geniş
imkanlar açdı. M.Topçubaşov Almaniyadan qayıt-
dıqdan sonra şəhər xəstəxanalarından birində cərrahi
yardım göstərən ilk elmi-metodik mərkəz yaratdı.
O, 1930-cu ildə «Malyariya mənşəli spleno-
meqaliyanın klinikası, patogenezi və cərrahi müa-
licəsi» mövzusunda doktorluq dissertasiyası müdafiə
edib, tibb elmləri doktoru elmi dərəcəsi və professor
elmi adına layiq görülüb. Bundan sonra gənc alim
Azərbaycan Tibb İnstitutunun (ATİ) Fakültə cərrah-
lığı kafedrasının müdiri seçilərək, ömrünün sonuna
qədər (1981-ci il) həmin vəzifəni şərəflə yerinə ye-
tirib.
M.Topçubaşov uzun müddət cərrahi ağrısızlaş-
dırma problemi üzərində işləyib və nəhayət, istədi-
yinə nail olub. Bu sahədə apardığı elmi axtarışlar
1937-ci ildə ona cərrahlıq praktikasına yeni, nisbə-
tən təhlükəsiz keyləşdirmə metodunu – “Analge-
zin” adlanan inyeksion efir-yağ narkozunu daxil et-
məyə imkan verib. Bu metod sadəliyinə, hazırlan-
ma və tətbiq texnikasının asanlığına, inhalyasion
narkoz zamanı rast gəlinən bir sıra mənfi halların –
dərin narkoz yuxusu, qanda narkotik maddələrin
yüksək konsentrasiyada toplanması və s. halların
aradan qaldırılmasına imkan verdiyinə görə, cərrah-
lar tərəfindən gündəlik praktikaya geniş tətbiq edi-
lib. Təklif edilən efir-yağ qarışığı inyeksiyalarından
Əhliman Əmiraslanov
189
həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok,
tetanus, qıcolma halları zamanı müalicə və eləcə də
doğuş proseslərində ağrısızlaşdırma vasitəsi kimi
istifadə edilib.
1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlı-
ğının Elmi-Tibbi Şurasının Farmakologiya Komi-
təsinin iclasında efir-yağ qarışığının «Analgezin»
adı altında istehsal edilməsinə icazə verilib. Bu
metodun kəşfi və tətbiqi ilə əlaqədar olaraq 1963-cü
ildə SSRİ Tibb Elmləri Akademiyasının A.Viş-
nevski adına Elmi-Tədqiqat Cərrahlıq İnstitutunda
keçirdiyi konfransda M.Topçubaşov öz kəşfi barədə
təqdimat nitqi söyləyib və görkəmli Azərbaycan
aliminin çıxışı alqışlarla qarşılanıb. Elə həmin kon-
fransda dünya şöhrətli alim A.Vişnevski adına mü-
kafata və diploma layiq görülüb. Leninqradda
(Sankt-Peterburq) fəaliyyət göstərən akademik
P.Kupriyanov M.Topçubaşovun “Analgezin” haq-
qındakı kəşfindən danışarkən demişdir: “...Bakı
nefti müharibə illərində tanklarımıza, təyyarələri-
mizə nə vermişdisə, efir-yağ narkozu da hərbi -
səhra cərrahiyyəmizə onu vermişdir. Akademik
M.Topçubaşovun zəhmətini başqa heç cür müqayi-
sə etmək və qiymətləndirmək olmaz”.
Neyrofiziologiya sahəsində professor Q.Qəh-
rəmanovla əməkdaşlıq edən akademik M.Top-
çubaşov bu sahədə xeyli tədqiqat işləri aparmış,
yüksək nəticələrə nail olmuşdu. Professor Q.Qəh-
rəmanov belə əməkdaşlığa və akademikin kəşfinin
Nobel mükafatına təqdimi məsələsinə toxunaraq
yazırdı: “1977-ci ildə Beynəlxalq Nobel Mükafat-
ları Komitəsindən Bakıya çox sevindirici bir xəbər
gəldi. Bu xəbər məktub şəklində Mustafa Topçu-
başova və mənim ünvanıma göndərilmişdi. Komitə
təklif edirdi ki, bizə göndərdiyi anket suallarına ca-
vab yazaraq, nəşr edilmiş elmi işlərimizin siyahısı
ilə bərabər, dekabr ayından gec olmamaq şərtilə
poçt vasitəsilə Komitəyə göndərək. Biz, “Davamlı
analgeziya təbabətin və fiziologiyanın problemidir”
adlı yenicə çapdan çıxmış kitabımızı, elmi işləri-
mizin siyahısı ilə bərabər Komitəyə göndərdik...
Komitədən cavab aldıqdan az sonra “Bakinskiy
raboçiy” qəzetinin iki nömrəsində Nobelin əleyhinə
bir məqalə dərc olundu... Görünür, azərbaycanlı
alimlərin Nobel mükafatı laureatları sırasına düş-
mək ehtimalının gerçəkləşə biləcəyi ərəfədə, Nobe-
lin tənqid olunması təsadüfi deyildi. Bu məqalə
barədə Mustafa bəy mənə dedi ki, “Söhbət təkcə
bizdən getmir, ancaq çox istərdim ki, Nobel müka-
fatına layiq görülənlərin siyahısına azərbaycan-
lıların da adı düşəydi”. 1978-ci ildə tibbə və fizio-
logiyaya nəzərdə tutulmuş mükafat heç kəsə veril-
mədi”. Birmənalı şəkildə demək olar ki, akademik
M.Topçubaşov həqiqətən Nobel mükafatına layiq
idi və məncə, əlavə şərhə ehtiyac yoxdur, çünki
Azərbaycana qarşı ikili standartların tətbiqi o dövr-
də də gündəmdə olub.
Böyük Vətən müharibəsi illərində (1941-1945)
professor M.Topçubaşov Azərbaycan Xalq Səhiyyə
Komissarlığı Evakohospital İdarəsinin baş cərrahı
təyin edilib və bu işdə də özünü bacarıqlı təşkilatçı,
novator-cərrah kimi göstərib. Belə ki, o, SSRİ-də
ilk dəfə olaraq evakohospitalların ixtisaslaşdırılma
və növbələşdirilməsinin təşəbbüskarı və yaradıcısı
olub. Müharibə illərində bundan hərbi-səhra cər-
rahlığı işinin təşkilində müvəffəqiyyətlə istifadə
olunub. Evakohospitallarda apardığı çoxsaylı əmə-
liyyat və müşahidələr professora bir sıra səmərəli
təkliflər irəli sürmək imkanı da verib. Hərbi səhra
cərrahlığının ən aktual problemlərindən olan insan
bədəninə daxil olmuş metal yad cismin lokaliza-
siyası və onun xaric edilməsi problemi üzərində
çalışan alimin konstruksiyası əsasında hazırlanan
stereoskop aparatı portativliyinə və yad cismin
lokalizasiyasını dəqiq təyinetmə imkanına görə bö-
yük müvəffəqiyyətlə təcrübədə tətbiq edilib.
M.Topçubaşov periferik sinir zədələnmələrinin
cərrahi müalicəsində mum-parafin tubajı, ətraflarda
əmələ gələn və müalicəyə tabe olmayan ifliclər
zamanı tendomioplastika, kəllə sümüklərinin krani-
oplastikası və s. kimi böyük əhəmiyyət kəsb edən
orijinal təkliflərinə görə respublikadan kənarda da
böyük şöhrət qazanıb. Müharibədən sonra professor
M.Topçubaşov Azərbaycan SSR Səhiyyə Nazirliyi-
nin baş cərrahı vəzifəsində çalışaraq, respublikada
cərrahi xidmətin yenidən təşkilinə bilavasitə rəh-
bərlik edib.
1945-ci ildə respublikanın 15 nəfər görkəmli
elm xadimləri sırasında Azərbaycan SSR Elmlər
Akademiyasının ilk təsisçilərindən olan alim, həm
də, onun ilk həqiqi üzvlərindən biri seçilib. Onun
1947-1949-cu illərdə Azərbaycan Elmi-Tədqiqat
Kliniki və Eksperimental Təbabət İnstitutuna rəh-
bərlik etməsi, uzun illər Azərbaycan SSR Elmlər
Akademiyasının vitse-prezidenti vəzifəsini yerinə
yetirməsi onun təşkilatçılıq qabiliyyətinə göstərilən
etimadın parlaq təzahürlərindəndir.
Akademik M.Topçubaşov beynəlxalq miqyasda
əldə etdiyi yüksək səviyyəli nailiyyətlərinə, ixtira və
kəşflərinin dəyərinə, səhiyyə sahəsindəki xidmətlərinə
görə 1949-cu ildə SSRİ Tibb Elmləri Akademiyasının
müxbir üzvü, 1960-cı ildə isə həqiqi üzvü seçilib.
Alimin elmi-tədqiqat işlərinin əsas istiqamətini
malyariya mənşəli splenomeqaliyanın klinikası, pa-
togenezi, profilaktikası və cərrahi müalicəsi, öd
yolları xəstəliklərinin, xərçəng xəstəliyinin cərrahi
müalicə üsullarının işlənib hazırlanması və prak-
tikaya tətbiqi, qarın və döş boşluğu orqanlarının
cərrahi əməliyyat tələb edən xəstəliklərinin diaq-
nostikası, klinikası, profilaktikası və cərrahi müali-
cəsi, neyrocərrahiyyə və travmatologiya problem-
ləri, müasir tibbi texnologiyaların işlənib hazırlan-
ması, əldə olunan nəticələrin səhiyyə praktikasına
tətbiqi və s. təşkil edib.
MUSTAFA BƏY TOPÇUBAŞOV – 120
190
Akademik M.Topçubaşov 5 cildlik «Xüsusi
cərrahlıq» kitabının, 8 monoqrafiyanın, 300-dən
çox çap olunmuş elmi işin və elmi-kütləvi məqa-
lənin müəllifi olub. Onun rəhbərliyi və məsləhət-
çiliyi altında 42 (12 doktorluq və 30 namizədlik)
dissertasiya müdafiə edilməsi, alimin milli tibb
kadrları hazırlığı istiqamətində yerinə yetirdiyi
titanik işlərin parlaq təcəssümünü göstərir.
O, gərgin elmi və təcrübi fəaliyyəti ilə yanaşı,
geniş miqyaslı elmi-pedaqoji fəaliyyətlə məşğul
olub və yüksəkixtisaslı çoxminli həkim kadrlarının
hazırlanmasında böyük xidmətlər göstərib. Onun
layihəsi üzrə kafedrada operasiyon - auditoriya
təşkil edilib ki, bu da tələbələrə cərrahi müdaxilənin
bütün detallarını izləməyə imkan verib.
Mustafa bəy urologiyada, travmatologiyada,
neyrocərrahlıqda, abdominal və torakal cərrahlıqda
yüksək səviyyəli operasiyaların müəllifi kimi keç-
miş Sovetlər İttifaqı, eləcə də xarici ölkə cərrahları
arasında layiqli şöhrət qazanıb. Onun, xüsusilə,
Bolqarıstan alimləri ilə yaratdığı sıx əməkdaşlıq hər
iki tərəfdən məmnunluq hissi ilə qarşılanıb. Bunun
müqabilində Azərbaycan aliminin 1952-ci ildə
Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü
seçilməsi bu dostluğun, bu əməkdaşlığın, bu müna-
sibətin zirvə nöqtəsinə çevrilib. Alimin Bolqarıs-
tanda apardığı təmənnasız mürəkkəb cərrahi əmə-
liyyatlar ona bolqar xalqının hüsn-rəğbətini, səmimi
məhəbbətini qazandırmışdır.
Cərrahların Lissabonda keçirilən XI Beynəl-
xalq Konqresində akademik M.Topçubaşov 20
nəfər Sovet tibb alimi ilə birlikdə Beynəlxalq Cər-
rahlar Assosiasiyasının üzvü seçilmişdir ki, bu da
görkəmli alimin simasında dünya miqyasında Azər-
baycan cərrahlıq elminə verilən ən yüksək dəyər, ən
yüksək qiymətdir.
Görkəmli alim dünya miqyasında həm də gör-
kəmli dövlət xadimi və ictimai xadim kimi tanınıb.
Azərbaycan EA-nın və SSRİ TEA-nın həqiqi, Bol-
qarıstan EA-nın müxbir üzvü olan akademik M.Top-
çubaşov 30 ilə yaxın bir müddətdə Azərbaycan SSR
EA-nın vitse-prezidenti, Azərbaycan SSR Ali Sove-
tinin sədri olub, I-X çağırışlarda Respublika Ali
Sovetinə, həmçinin SSRİ Ali Sovetinə deputat seçil-
ib, Azərbaycan Respublikası Sülhü Müdafiə Komi-
təsinin sədri, Ümumittifaq Sülhü Müdafiə Komi-
təsinin üzvü, Sovet İttifaqının Asiya və Afrika Ölkə-
ləri Xalqları ilə Həmrəylik Komitəsinin üzvü, «Bö-
yük Tibb Ensiklopediyası»nın redaktorlarından biri
və Azərbaycan Sovet Ensiklopediyası (ASE) Baş
redaksiya heyətinin üzvü olub. Sülh işi uğrunda
xidmətlərinə görə M.Topçubaşov Ümumdünya Sülh
Şurasının gümüş medalı və Sovet Sülhü Müdafiə
Komitəsinin fəxri fərmanları ilə təltif olunub. Gör-
kəmli alim Vətən qarşısındakı xidmətlərinə görə 4
dəfə «Lenin» ordeninə, «Qırmızı Əmək Bayrağı»,
«Qızıl Ulduz», «Şərəf Nişanı» ordenlərinə, Bolqa-
rıstanın III dərəcəli “Kirill və Mefodi” ordeninə,
«Sosialist Əməyi Qəhrəmanı» Fəxri adına, SSRİ
Dövlət (Stalin) Mükafatı Laureatına, «Oraq və Çə-
kic» qızıl medalına, «Qafqazın müdafiəsinə görə»,
«Almaniya üzərində qələbə», “Fədakar Əməyə görə”
medallarına, “SSRİ Səhiyyə Əlaçısı”, “SSRİ-nin
Sanitar Müdafiəsi Əlaçısı” döş nişanlarına, Fəxri
Fərmanlara layiq görülüb. Bakı şəhərindəki küçələr-
dən və Xəzərdə üzən gəmilərdən biri, Səhiyyə
Nazirliyinin Elmi Cərrahiyyə Mərkəzi akademik
M.Topçubaşovun adını daşıyır. Elmi-Cərrahiyyə
Mərkəzinin həyətində alimin büstü qoyulub, ATU-
dakı iş otağında - “Xatirə Muzeyi” təşkil edilib.
Görkəmli alim akademik M.Topçubaşov 1981-
ci il noyabrın 20-də əbədiyyətə qovuşub.
M.Topçubaşov irsi, onun elmi əsərləri, kəşf və
ixtiraları bütün dövrlərdə olduğu kimi, bu illərdə də
müasirliyini, gələcək nəsillərə nümunə olma göstə-
riciliyini, bəşəriyyətə, o cümlədən vətənə və xalqa,
tibb elminə və səhiyyəyə lazımlığını bütün dolğun-
luğu ilə mühafizə edərək saxlayıb. 1995-ci ildə
M.Topçubaşovun ATİ-dəki iş otağında alimin “Xa-
tirə Muzeyi”nin təşkili, 2010-cu ildə ATU-nun yaran-
masının 80-illik yubileyi ərəfəsində alimin yazdığı 5
cildlik “Xüsusi cərrahlıq” kitabının nəfis tərtibatda
yenidən nəşr edilməsi, eləcə də müxtəlif illərdə alimin
yubileylərinə həsr edilmiş elmi konfransların keçiril-
məsi, onun barəsində mətbuatda ardıcıl yazılar dərc
edilməsi, haqqında kitablar yazılıb çap etdirilməsi bu
yaxınlığın, bu qayğının, M.Topçubaşov əbədiyaşarlı-
ğının bariz nümunələrindəndir.
Mustafa bəyin 100-illik yubiley tədbirində dahi
Heydər Əliyev bu zərurət meyarlarını təhlil edərək
Azərbaycan Milli Elmlər Akademiyasının 50 illik
yubileyini də gözlərimiz önündə geniş panoramla
canlandırdı və bu möhtəşəm elm məbədinin fəaliy-
yətini yüksək qiymətləndirərək dedi: “Bu il biz
Azərbaycan Elmlər Akademiyasının yaranmasının
50-illik yubileyini qeyd edirik. Bu, Azərbaycan
xalqının tarixində böyük bir səhifədir. Çoxəsrlik
tariximizdə elmimiz, alimlərimiz olubdur. Ancaq
Azərbaycan elmi heç vaxt bu qədər mütəşəkkil və
bu qədər qüvvətli, güclü, çoxsahəli olmayıbdır. 50
il ərzində Azərbaycan Elmlər Akademiyası bütün
elmi potensialı özündə cəmləyərək, xalqımızın
elm, yaradıcılıq sahəsində nəyə qadir olduğunu
dünyaya göstəribdir. Xalqımız istedadlı xalqdır,
ağıllı xalqdır. Xalqımızın istedadlı, ağıllı, elmli,
zəkalı olmağını biz Mustafa bəy Topçubaşov kimi
adamların şəxsiyyətində görürük, bunu dünya da
görür”.
Bu sətirləri oxuyarkən düşünürsən ki, ümum-
milli liderin AMEA-nın fəaliyyətinə və M.Topçu-
başov yaradıcılığına, onun şəxsiyyətinə verdiyi
qiymətdən dəyərli bir qiymət tapmaq mümkün
deyildir və bu böyük alimə, eləcə də AMEA-ya ən
yüksək qiyməti məhz, dahi Heydər Əliyev veribdir.
Əhliman Əmiraslanov
191
Onu da qeyd etmək lazımdır ki, bu il AMEA-
nın prezidenti akademik Akif Əlizadənin layihəsi
əsasında AMEA-nın ilk təsisçilərinin hər biri haq-
qında ayrıca kitab çap olunması nəzərdə tutulub və
bu kitablar artıq hazırlanaraq nəşriyyata təhvil verilib
ki, bu da 15 nəfər təsisçinin, o cümlədən akademik
M.Topçubaşovun xatirəsinə həsr olunmuş ən dəyərli
töhfələrdən, ən monumental abidələrdəndir.
Azərbaycan cərrahiyyə elminin əsasını qoyan,
onun nailiyyətlərini beynəlxalq aləmdə yorulmadan
nümayiş etdirən, mənəvi təmizlik, təvazökarlıq rəm-
zinə çevrilən, insani keyfiyyətlərinə görə zəmanəmi-
zin Hippokratı hesab edilən ictimai-siyasi xadim,
akademik xatirəsi qədirbilən xalqımızın qəlbində
həmişə yaşayacaqdır.
akademik Əhliman ƏMİRASLANOV,
AMEA Biologiya və Tibb Elmləri Bölməsinin
akademik-katibi
Dostları ilə paylaş: |