X siNİFDƏ Kİmyanin yeni TƏLİm texnologiyalari iLƏ TƏDRİSİNƏ dair metodik töVSİYƏLƏr akif Əliyev



Yüklə 59,78 Kb.
tarix10.12.2017
ölçüsü59,78 Kb.
#14854

Kimya məktəbdə




X SİNİFDƏ KİMYANIN YENİ TƏLİM TEXNOLOGİYALARI İLƏ TƏDRİSİNƏ DAİR METODİK TÖVSİYƏLƏR
Akif Əliyev

TPİ-nin Ümumi orta və tam orta təhsilin kurikulumu şöbəsinin müdiri, pedaqogika üzrə f.d.
Ümumtəhsil məktəblərində geniş yayılmış və şəxsiyyətin hərtərəfli inkişaf etdirilməsində imkanları məhdud olan ənənəvi (izahlı-illüstrativ) təlim texnologiyaları hazırda, təhsildə effektli olmayan, hətta zərərli nəticələr verən texnologiyalar kimi qiymətləndirilir. Ənənəvi təlim texnologiyalarında təlim əsasən müəllimin fəaliyyəti ilə bağlıdır və şagird fəaliyyətində faktları, hadisələri ətraflı təhlil etmədən yadda saxlamağa üstünlük verilir. Bu da əksər şagirdlərin təlim nəticələrinin aşağı səviyyədə olmasına gətirib çıxarır. Vəziyyətdən çıxış yolu fikrimizcə, təlim praktikasında müstəqilliyə daha çox yer verən yeni inkişafetdirici pedaqoji texnologiyalara, o cümlədən fəal/interaktiv təlimə üstünlük verilməsindədir. Yeni pedaqoji texnologiyaların əlamətləri aşağıdakılardır:

  1. Pedaqoji prosesdə təlim problemini müəllimin rəhbərliyi ilə şagirdlər özləri araşdırır və həll edirlər, müəllim isə onlara istiqamət verir və şagirdlərin işləməsi üçün lazım olan şəraiti yaradır.

  2. Təlim prosesi əvvəlcədən dəqiqliklə planlaşdırır (layihələşdirilir).

  3. Təlim prosesində şagirdlərin təlim-idrak fəaliyyətinin tam tsikli (qavrama, anlama, yaddasaxlama, tətbiqetmə, ümumiləşdirmə və nəticəçıxarma, refleksiya–öz fəaliyyətini təhliletmə və qiymətləndirmə) diqqət mərkəzində saxlanır.

  4. Təlim prosesində şagirdlərin şəxsi keyfiyyətləri, qabiliyyətləri inkişaf etdirilir.

  5. Şagirdlərin müstəqil fəaliyyət göstərməsi üçün tədris materialı optimal şəkildə tərtib olunur (didaktik hissələrə – modullara bölünür, hər bir hissənin mənimsənilməsi üçün fəaliyyət üsulları göstərilir və s.)

  6. Şagirdlərin təlim fəaliyyəti bütövlükdə istiqamətləndirilir (fəaliyyətin əsas prinsipləri, üsulları, motivasiyası, nəzarət və əldə olunan nəticələrin qiymətləndirilməsi məsələləri izah edilir).

  7. Təlim-idrak fəaliyyəti üçün tam şəraitinin yaradılmasına imkan verən dərslər tsiklindən (mövzunu modul şəkildə öyrənmək üçün ardıcıl aparılan bir neçə dərs), frontal, kollektiv, qrup və fərdi təlim fəaliyyətinin müxtəlif kombinasiyalarından istifadə edilir.

  8. Təlim prosesinin gedişində bilik və bacarıqların, fəaliyyət üsullarının mənimsənilmə səviyyəsini müəyyənləşdirmək üçün qiymətləndirmənin üç növü – ilkin (diaqnostik), cari və ya aralıq (formativ) və yekun (summativ) qiymətləndirmə tətbiq olunur.

  9. Tədris vahidinin (bölmə, fəsil) ümumi sinif tərəfindən mənimsəmə səviyyəsinin yoxlanılmasında əsasən yazılı testləşdirmə üsullarından istifadə edilir.

  10. Tədris materialı əsasən dərs prosesində mənimsənilir. Ev tapşırıqları isə ehtiyac olduqda, dərs materialını möhkəmləndirmək üçün verilir.

Yeni pedaqoji texnologiyaların tətbiqində daha çox evristik müsahibə, müzakirə, diskussiya, problemli-dialoji şərhetmə və tədqiqatçılıq metodlarından istifadəyə üstünlük verilir. Qeyd olunmalıdır ki, məktəbdə tələb edilən təlim şəraiti olmadıqda (sinifdə şagirdlərin sayı 20-dən çox olduqda, tədris materialını müstəqil və ya yarımmüstəqil öyrənmək üçün kifayət qədər resurslar olmadıqda) və tədris materialını şagirdlərin müstəqil qavraması çətin olduqda ənənəvi təlim metodlarından (izahlı-illüstrativ, reproduktiv və s.) da istifadə etmək məqbul sayılır.

Təqdim olunan məqalədə dərs mövzularının təlimi yaxın gələcəkdə tətbiq olunacaq yeni kimya kurikulumunun tələblərinə uyğun strategiya ilə verilir. Dərs mövzuları isə hazırda qüvvədə olan kimya proqramının tədris vahidləri (bölmələri) və dərsliklər əsasında tərtib olunmuşdur. Tədris materiallarının öyrənilməsində daha çox fəal və interaktiv təlim üsullarından istifadə edilir. Öyrənilmiş tədris vahidlərinin mənimsənilmə səviyyəsi yekun olaraq yazılı test yoxlamaları ilə müəyyənləşdirilir.

Əlbəttə, təqdim olunan tədris materiallarının öyrənilməsi metodikası bir nümunə olaraq verilir. Bu nümunələrdən istifadə edən hər bir müəllim öz təlim şəraitini, şagirdlərinin inkişaf səviyyəsini nəzərə alaraq onların tətbiqi posesində müəyyən, məqsədəuyğun dəyişikliklər və əlavələr edib təlim prosesini daha maraqlı qura bilər.

2012/2013-cü dərs ilində də aparılan tematik planlaşdırmada ümumi və qeyri-üzvi kimyanı təkrarı üçün 4 saat vaxt ayrıla bilər. Təkrarın aparılma metotikası ayrıca məqalə mövzusudur. Təqdim olunan bu məqalədə birinci tədris vahidinin iki dərs mövzusunun fəal təlim üsulları ilə gedişi təsvir olunur.



I tədris vahidi. Karbon yarımqrupu elementləri (18 saat)

Tədris vahidinin öyrənilməsində qarşıya üç əsas məqsəd qoyulur:

- dövri sistemdə mövqeyinə və atomunun quruluşuna görə elementlərin xassələrinin müəyyənləşdirilməsi barədə şagirdlərin bacarıqlarını inkişaf etdirmək;

- yarımqrupun daha çox praktik əhəmiyyəti olan elementləri karbon və silisium, onların birləşmələri barədə ən mühüm bilik və bacarıqlar əldə etmək;

- şagirdləri üzvi kimyanı öyrənməyə hazırlamaq.

Tədris vahidinin öyrənilməsi aşağıdakı ardıcıllıqla planlaşdırılır (burada və sonrakı tədris vahidlərində hər bir dərs mövzusuna 1 saat vaxt ayrılır):



  1. Karbon yarımqrupu elementlərinin ümumi xarakteristikası..

  2. Karbonun allotropiyası. Ağac kömürünün alınması və tətbiqi.

  3. Karbonun mühüm kimyəvi xassələri.

  4. Karbon-monoksid. Molekulun quruluşu və alınması.

  5. Karbon-monoksidin mühüm kimyəvi xassələri.

  6. Karbon-dioksid. Molekulun quruluşu və alınması. Karbon-dioksidin mühüm kimyəvi xassələri.

  7. Praktik məşğələ: Karbon-dioksidin alinması toplanması və xassələrinin yoxlanması.

  8. Karbonat turşusu, onun mühüm xassələri.

  9. Karbonat turşusunun mühüm duzları.

11.Karbonat və hidrokarbonatların təbiətdə bir-birinə çevrilməsi. Təbiətdə karbonun dövranı.

12. Silisium və onun xassələri.

13. Silisium-dioksid. Karbon yarımqrupu elementləri və onların birləşmələrinə aid yoxlama yazı işi.

14. Metasilikat turşusu və onun duzları.

15-16. Silikat sənayesi.

17-18.Tədris vahidinə daxil olan mövzuları təkrarı və test üsulu ilə yoxlama yazı işi.


1-ci dərs: Karbon yarımqrupu elementlərinin ümumi xarakteristikası.
Dərsin məqsədi: Karbon yarımqrupu elementlərinin (C, Si, Ge, Sn, Pb) metallıq və qeyri-metallıq xassələrinin dəyişməsi qanunauyğunluqlarını müəyyənləşdirmək;

- C və Si elementləri atomlarının quruluşunu, valentlik elektronlarını müqayisə etmək;

- C və Si elementlərinin hidrogenli və oksigenli birləşmələrində valentliyi və oksidləşmə dərəcələrini təyin etmək;

Təlim üsulları: tapşırıqlar üzrə müstəqil iş, müzakirə, tədqiqatçılıq.

Resurs: dərslik, kimyəvi elementlərin dövri sistem cədvəli,

Dərsin gedişi.

Karbon yarıqrupu elementlərinin hansı oxşar və fərqli xüsusiyyətləri vardır?- sualı ilə motivasiya yaradılır. Şagirdlərin cavabları dnlənilir sonra, 4-5 nəfərlik qruplar təşkil edilərək aşağıdakı tapşırıqlar ətrafında tədqiqat aparılır:



  1. Dövri sistem cədvəlindən istifadə etməklə karbon yarımqrupu elementlərinin kimyəvi işarələrini, sıra nömrəsini və nisbi atom kütləsini yazın. Sırada hansı istiqamətlərdə onların qeyri-metallıq və metallıq xassələrinin gücləndiyini müəyyənləşdirin. Bu dəyişmə qanunauyğunluqlarını atomların elektron quruluşuna görə izah edin.

  2. Karbon yarımqrupunun ümumi elektron formulunu, karbon və silisium atomlarının stasionar (adi) halda və həyacanlanmış halda elektron formullarını yazın.

  3. Karbon və silisium elementləri birləşmələrində hansı valentliyə və oksidləşmə dərəcəsinə malik olur? Onların hidrogenli birləşmələrinin və baş oksidlərinin formullarını yazın.

Tapşırıqlar bir-birindən aralı oturan qruplara verilir

Tapşırıqlara cavab hazırlamaq üçün vaxt (12-14 dəq.) verilir. Vaxt bitdikdən sonra hər qrupdan bir nəfər cavabları lövhə yanında təqdim və izah edir. Ümumi müzakirə başlayır. Sual verilərsə, təqdimatçı və ya həmin qrupdan başqa şagird onu cavablandırır. Müzakirə 18-20 dəqiqəyə başa çatdırılır. Müzakirə prosesində hər bir sual və tapşırığa verilən cavab ümumiləşdirilir və dəqiqləşdirilir.

Yekunda qrupların fəaliyyəti aşağıdakı cədvələ əsasən qiymətləndirilir:

Cədvəl 1.




Meyar

Qrupun nömrəsi

və ya adı


Cavabların doğruluğu və tamlığı

Qrupda əməkdaşlığın səviyyəsi

Qrupun ümumi fəallığı

Təqdimatın səviyyəsi

Əlavə sualları cavablandırma




































Qiymətləndirmə «əla», «yaxşı» və «orta» sözləri ilə qeyd oluna bilər. Müəllim dərsi yekunlaşdırır: dərsin gedişində fəal olan və olmayan qrupları və şagirdləri qeyd edir, şagirdlərə sinif jurnalında qiymət yazır. (yeni fənn kurikulumu tətbiq edilənədək sinif jurnalında şagirdlərə cari qiymətlər yazmaq olar).



2-ci dərs. Karbonun allotropiyası. Ağac kömürünün alınması və tətbiqi.

Məqsəd:

Karbonun allotropik şəkildəyişmələrinin kristall qəfəsinin quruluşu və fiziki xassələrini öyrənmək; karbonun təbiətdə yayılması və onun koks, his, ağac kömürü şəklində alınması üsulları barədə biliklərə yiyələnmək; ağac kömürü və ondan alınan aktivləşdirilmiş kömürün fiziki xassələri (adsorbsiya, desorbsiya) barədə məlumat toplamaq; karbonun əmələ gətirdiyi bəsit maddələrin (almaz, qrafit, his, kömür) tətbiq sahələri ilə tanış olmaq.



Təlim üsulları: tədqiqatçılıq, evristik müsahibə, müzakirə.

Resurs: dərslik, karbon yarımqrupu elementləri atomlarının quruluşuna və əmələ gətirdiyi bəsit maddələrin kristall qəfəslərinin quruluşuna və hibrid orbitalların yaranmasına aid plakatlar, karbonun əmələ gətirdiyi bəsit maddələrin fiziki xassələrini göstərən cədvəl, onların tətbiq sahələrinə aid sxem, ağac kömürü, qrafit və almaz nümunələri.

Dərsin gedişi.

Motivasiya:Karbona təbiətdə hansı bəsit maddələr şəklində rast gəlinir? Karbon elementi allotropik modifikasiyalar əmələ gətirirmi? Onlar hansılardır?- sualları ilə öyrəniləcək problem müəyyənləşdirilir sonra, qruplarda verilmiş tapşırıqlara cavab axtarmaqla şagirdlər onun həllinə yönəldilir.

Sinifdəki şagird qruplarına aşağıdakı suallara cavab hazırlamaq tapşırılır və 8-10 dəqiqə vaxt verilir:

1.Karbon elementlərinin əmələ gətirdiyi bəsit maddələrin adını yazın. Allotropiya nədir? Karbon atomları biri-birilə rabitə əmələ gətirərkən hansı elektron buludlarından istifadə edilir? Hibrid elektron buludlarının (orbitalların) yaranma sxemini çəkin.

2.Almaz və qrafitin kristal qəfəsində atomların biri-birilə əmələ gətirdiyi rabitələrdə nə kimi fərq görürsüz? Almaz və qrafitin fiziki xassələrini müqayisə edin.

3.Karbon səbəst halda və birləşmə halında hansı təbii maddələr şəklində tapılır? Karbonu (koks, his şəklində) təbii qazın əsas tərkibini təşkil edən metan (CH4) qazından hansı reaksiya ilə alırlar?

4.Oduncaqdan ağac kömürü necə alınır? Aktivləşdirilmiş kömür nədir və onu hansı üsulla alırlar?

5.Adsorbsiya və desorbsiya prosesi nədir? Almaz, qrafit və karbinin fiziki xassələrini təsvir edin.

Şagirdlər cavablarını sözlə, lövhədə formul yazmaq, reaksiya tənliyi və sxemlər tərtib etməklə təqdim edə bilər. Müəllim öncədən elan edir ki, cavab verən şagirdləri qrupdan mən seçəcəyəm, buna görə də qrupun hər bir üzvü cavab verməyə hazır olmalıdır.

Qrup nümayəndələrinin cavabları müzakirə edilib ümumiləşdirilir.

Dərsin sonunda əvvəlcədən hazırlanmış cədvəldə meyarlara görə şagirdlərin fəaliyyəti qiymətləndirilir.

Cədvəl 2.


Meyar

Şagir-


din adı, soyadı

Qrup tapşırığının cavablandırıl-ması və təqdimatı

Biliklərin aktuallaşdırıl-masında iştirakın səviyyəsi

Karbonun bəsit maddələrinin tətbiqinə aid çıxışda iştirakı

Ümumi fəallıq

Yekun

1. …

















2. …

















3. …
















Qiymətləndirmə beş ballı şkala ilə aparılır.




İstifadə edilmiş ədəbiyyat:


1. Abbasov V.M., Məhərrəmov A.M., Abbasov M.M., Əliyev A.H. və b. Kimya (ümumtəhsil məktəblərinin X sinfi üçün dərslik). IV nəşri. Bakı, “Təhsil”, 2009, 148 səh.

2. Əliyev A.H. X-XI siniflərdə kimyanın tədrisi (Yeni pedaqji texnologiyaların tətbiqi). Bakı: Mütərcim, 2011. 268 səh.

3. Əliyev A.H. Yeni pedaqoji texnologiyalar və kimyanın tədrisində onlardan istifadəninmetodikası (monoqrafiya). Bakı, ”Mütərcim”, 2009, 249 səh.

4. Veysova Z. Fəal/interaktiv təlim (müəllimlər üçün vəsait). Bakı,YUNİSEF, 2006,150 səh.






Рекомeндации по изучению химии в Х классе с применением новых технологий обучения

А.Г. Алиев
АННОТАЦИЯ
В статье обосновывается важность применения новых технологий обучения при изучении химии в общеобразовательной школе, раскрывается сущность содержания новых технологий обучения, указываются основные различия их от традиционного обучения, описывается ход двух уроков первой учебной единицы (раздела) в учебнике Х класса по интерактивными методами и оценивание результатов обучения по основным критериям.

Recommendation on learning chemistry at the X grade with application the new texnology of education

A.H. Aliev
SUMMARY
In the article substantiates importance of application the new technology of education during learning chemistry in the middle school reveals the essence of meaning the nev technology of education, points out the main differencethem from traditional. Also describes the motion of two lessons from the first educational units the text-book of X grade with interactive methods, assessment the results of education with using the new criterion.

Açar sözlər: yeni təlim texnologiyaları, interaktiv metodlar, kriteriya, ənənəvi təlim.

Ключевые слова: новые технологии обучения, интерактивные методы, критерии, традиционное обучение.

Key words: the new technologi of educations, interactive methods, criterion, traditional education.





Yüklə 59,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə