“
Xalq qəzeti”.-2014.-2 fevral.-N 22.-S.7.
“Kitabi-Dədə Qorqud” abidəsi Azərbaycanın milli kimliyidir
Həyatımda baş verən xoşbəxt günlərdən biri idi. Dədə Qorqud parkının açılışına dəvət
olunmuşdum. Parkın ərazisinə gəldiyim zaman abidədən bir qədər kənarda ağ bir çadırın
qurulduğunu gördüm. İçəri dəvət olundum. Burada yaxından tanıdığım görkəmli elm, sənət,
mədəniyyət və ədəbiyyat adamları oturmuşdu.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, AMEA-nın vitse - prezidenti, Nizami adına Ədəbiyyat
İnstitutunun direkoru, akademik İsa Həbibbəyli, AMEA-nın elmi katibi, müxbir üzvü Kamal Abdulla,
AMEA-nın müxbir üzvü, Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, AMEA-nın müxbir üzvü
Teymur Kərimli, xalq artisti Arif Babayev, heykəltəraş Görüş Babayev onların arasında idi. Bir anlığa
xəyalımda “Kitabi - Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac xan boyını bəyan edər, xanım,
hey!”... boyundakı səhnə canlandı: “Bir gün Qam Ğan oğlı xan Bayındır yerindən turmışdı. Şami günligi
yer üzünə dikdirmişdi. Ala sayvanı gög yüzinə aşanmışdı. Bin yerdə ipəg xalicəsi döşənmişdi... Bir yerə
ağ otağ, bir yerə qızıl otağ, bir yerə qara otağ qurdurmuşdu”...
Dastandan məlumdur ki, Bayındır xan ağ çadıra oğlu olan, qızıl çadıra qızı olan, qara çadıra övladı
olmayan say-seçmə Oğuz bəylərini dəvət etmişdi. Bayındır xandan fərqli olaraq, burada bir çadır
qurulmuşdu, rəngi də ağ idi. Deməli, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev burada
fərqliliyi aradan qaldırmaq, ayrı-seçkilik salmadan oğuz elinin dərdini-odunu, sevincini- kədərini oğuz
övladlarının hamısı ilə bölüşmək istəyirdi. Lakin hamını buraya yığmaq mümkün olmadığından, çadırın
tuta biləcəyi qədər və Dədə Qorqudun söyləmələrini həyatlarında iş prinsipinə çevirən adamlar dəvət
olunmuşdu. Bu mədəni çadır-Dədə Qorqud çadırı rəmzi olaraq oğuz yurdlarının birləşdiyi məkanda –
Azərbaycanda qurulmuşdu. Bu məkanda dövlətimizin başçısı yüksək əxlaqı, mənəviyyatı və sadə təbiəti
ilə oğuz övladlarının arasında idi. Bu çadırda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
ruhu başımızın üzərində dayanmışdı. Bu gün ulu öndərin arzularından biri də reallığa çevrilirdi. Bu gün
tarixi bir gün idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çadıra daxil oldu. Əyləşənlər ayağa qalxıb dövlət
başçısına ehtiramlarını bildirdilər. Prezident tədbir iştirakçılarını salamladı və bu günün tarixi
əhəmiyyətindən danışdı. Xəyallar məni yenidən öz ağuşuna alıb min illər öncə baş verən hadisələrin
iştirakçısına çevirirdi. Yenə də Bayındır xan, yenə də Oğuz bəyləri. Yenə də qarşılaşdırma. Bayındır xan
üç çadır qurmaq ilə bir parçalanma yaratmışdı, o parçalanmanın ağrı-acısını hələ də hiss edirik. Cənab
Prezident bir çadır qurduraraq bizi milli birliyə çağırır, milli dəyərlərimizin önə çəkilməsini, milli
birliyimizin daha da yüksək mərhələsinə qədəm qoymağımızı istəyir.
Bu gün uzaq-uzaq əsrlərin arxasından Dədə Qorqud oğuz yurdlarının birləşdiyi məkan olan
Azərbaycana gəlmişdi.Bu məkan ulu öndər Heydər Əliyevin vətəni idi. Bu məkanda ulu öndər çox böyük
işlər görmüşdü, yüz illər də bundan sonra anılacaq, yada salınacaq və ulu öndəri xatırladacaq.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Kitabi-Dədə Qorqud” dastanının öyrənilməsi, təbliği və
dünyada tanıdılması sahəsində ulu öndərin danılmaz böyük rolu vardır. 1975-ci ildə ulu öndər Heydər
Əliyevin sərəncamı ilə Azərbaycanın tanınmış sənət adamlarının iştirak etdiyi “Dədə Qorqud” bədii filmi
çəkilmişdi. 2000-ci ildə yenə də ulu öndərin fərmanı ilə “Kitabi - Dədə Qorqud” dastanının 1300 illiyi
dünya türkoloqlarının və türkdilli ölkə başçılarının iştirakı ilə yüksək səviyyədə qeyd edilmişdi. Həmin
ildə də ümummilli lider Heydər Əliyevin imzaladığı fərmana əsasən Bakıda Dədə Qorqud heykəlinin
ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması qərara alınmışdı. Bu
gün o qərarın reallığa çevrildiyi bayram günü idi.
O gün Dədə Qorqudun qopuzunun səsinin min illəri aşaraq bizə ulaşdığı gün idi. Xalq şairi Məmməd
Arazın ömrünün son günlərində yazdığı, lakin çatdırıb çap etdirə bilmədiyi, tərəfimizdən redaktə edilərək
“Sözün Məmməd Araz zirvəsi” adlı kitabda oxuculara təqdim etdiyim “Dədəm Qorqud səsləməsi”
poemasından bəzi beytlər qulağımda əks-səda verirdi:
Özün köçdün, hayın qaldı dünyada,
Səsləmələr payın qaldı dünyada.
Dədəm Qorqud, harayını eşitdim,
Dədəm Qorqud çağrışına hay dedim.
Daş dilində, dağ dilində səsləmən,
Od dilində, qar dilində səsləmən...
Prezident İlham Əliyev nitqini bitirdikdən sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, AMEA-
nın elmi katibi Kamal Abdulla və heykəltəraş Görüş Babayev təbriklərə qoşuldular. Abidənin müəllifini
qəhər boğdu, danışa bilmədi, sevincindən göz yaşları yanağını islatdı. Bəli, insan çox sevinəndə, nədənsə
həmişə gözləri yaşarır. Bəlkə bu xəbəri həmin gün izləyən milyonlarla azərbaycanlının gözləri
yaşarmışdı. Bundan böyük iş ola bilməzdi, bundan sevincli xəbər ola bilməzdi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbir iştirakçılarını abidənin açılışına dəvət etdi.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda görülən abadlıq işləri haqqında cənab
İlham Əliyevə məlumat verirdi. “Kitabi - Dədə Qorqud” abidəsinə yaxınlaşdıq. Ölkə başçısı abidənin
üzərindəki örtüyün qırmızı lentini kəsdi, qarşımızda möhtəşəm bir abidə ucaldı. Bir tərəfdə Dədə Qorqud
öz qopuzu ilə söz söyləyir, boy boylayır, bir tərəfdə Bayındır xan Oğuz ellərini seyr edir, bir tərəfdə Oğuz
igidləri Salur Qazan, Bamsı Beyrək, Qaraca çoban dayanmışdı...
Abidə kompleks şəkildə dastanda baş verən hadisələri günümüzə daşıyaraq seyrçiləri bilgiləndirir.
Abidənin ən böyük dəyəri də dastanda baş verən hadisələr haqqında müfəssəl məlumat verməyindədir.
Abidə sanki kitab kimi səhifə-səhifə açılaraq Oğuz yurdlarından, bu yerlərdə məskən salmış, ad çıxarmış
igidlərdən xəbər verir, gəlimli-gedimli dünyada qalan yaxşılıqlar, unudulmaz gerçəkliklər haqqında
kodlaşmış bilikləri nəsillərə ötürür, bütün bəşəriyyətə öz kimliyi haqqında danışırdı. İnsanın kimliyi olan
kimi, kimliyi olan millətlər də var. “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının kimliyidir. Bu kimliyi
dünyaya tanıtmaq isə, heç şübhəsiz ki, ölkə rəhbərinin üzərinə düşən ən böyük vəzifələrdən biridir.
Məhz bu məsuliyyətli işə çox diqqət və ciddiyyətlə yanaşan Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin varisi və ləyaqətli davamçısı olaraq cənab İlham Əliyev 13 dekabr 2013-cü il tarixli
gündə Azərbaycanın milli kimliyini dünyaya bəyan etdi: - Bu, mənim millətimdir, bu, mənim xalqımdır,
mən Dədə Qorqudun nəvəsiyəm, - dedi.
Qəlbimizdə bir sevinc coşurdu. Bakı şəhəri günü-gündən gözəlləşir, abadlaşır. Şəhərimizə dünyanın
müxtəlif ölkələrindən gələn çoxsaylı qonaqların istirahət etmələri, dincəlmələri və Azərbaycanın qədim
tarixi, mədəniyyəti ilə tanış ola bilmələri üçün üz tutacaqları ünvanlardan biri də artıq Dədə Qorqud
parkıdır. Park həm tarixi, həm də müasir memarlıq elementlərinin birgə təmasından yaranan, göz
oxşayan, könülləri ovunduran böyük bir ərazini əhatə edir. Akademik İsa Həbibbəyli ziyalılar adından
abidənin önündə bu böyük nailiyyət münasibəti ilə Prezident İlham Əliyevi təbrik etdi, təşəkkürlərini
bildirdi. Natiq qeyd etdi ki, mənəvi dünyamızın əvəzsiz sərvəti olan, “Kitabi-Dədə Qorqud” dastanının
maddiləşərək respublikamızın paytaxtında möhtəşəm bir abidəyə çevrilməsi respublika rəhbərliyinin,
şəxsən Prezident İlham Əliyevin tarixi keçmişimizə, zəngin mənəvi irsimizə, adət-ənənələrimizə,
xalqımızın milli mənafeyinə böyük qayğısının bariz ifadəsidir. Eyni zamanda, bu möhtəşəm abidə Oğuz
yurdlarının dünyanın müxtəlif yerlərində yaşayan və işləyən bütün övladlarının mənəvi birliyinin
təcəssümüdür.
Oğuz yurdlarının mənəvi birliyinin təminatçısı, oğuz övladlarını öz rəhbərliyi ilə qardaşlıq
çərçivəsində birləşdirməyə nail olan, dünya azərbaycanlılarının hamısının Prezidenti İlham Əliyev
abidənin önündə şəkil çəkdirmək təşəbbüsü ilə tədbirin bütün iştirakçılarını ətrafına topladı. Şəkillər
çəkildi, bu anlar foto-kameraların yaddaşına qonaraq əbədiləşdi.
Ayrılarkən mən Prezidentin gözlərinə baxırdım. O gözlərdə gələcəyə bir inam görürdüm, o gözlərdə
Xalqına, Vətəninə bir sevgi görürdüm. O gözlərdə “Kitabi-Dədə Qorqud” abidəsi ilə pak və uca
mənəviyyatını dünyaya nümayiş etdirən rəhbərin Vətənimizə namərd qonşular tərəfindən vurulan
yaraların sağaldılması üçün inamlı addımlarla irəliləyən, qətiyyətli və sarsılmaz bir ümidə sahib olduğunu
görürdüm. Sanki Dədə Qorqud da min illərin arxasından yenə də qopuzunu dinləndirib igidini
alqışlayırdı:
Qarlı qara dağların yıxılmasın!
Kölgəlicə qaba ağacın kəsilməsin!
Qamın axan görklü suyun qurumasın!