Xan kəHRİZİ



Yüklə 24,32 Kb.
tarix01.02.2018
ölçüsü24,32 Kb.
#22958

XAN KƏHRİZİ

Xan kəhrizi – Horadiz kəndində suyu bol olan kəhrizlərdən biridir. Xan kəhrizi Rzalılar məhəlləsinin, Qozlu çay kənarında yer səthinə çıxır. Xan kəhrizin toponimi “Xan”“kəhriz” sözlərindən ibarət olub, “Xana məxsus olan kəhriz” mənasındadır. Bundan başqa belə bir məna verir ki, “Xan kəhrizi”, “Baş kəhriz”, yəni: Horadiz kəndində ən yuxarı hissəsində olduğu üçün bu kəhrizə belə ad vermişlər. Onun mənbəyi Hüngütlü sıra təpəliklərin altından götürərək, qrunt sularını yer səthinə çıxarmaq üçün yeraltı şaquli quyularla və üfiqi lağımlarla Qozlu çay boyunca, peşəkar kankanlardan Həsən, Şirin, Ağalar Şirinovlar, Qəmbər İsmayılov, Kərim Kərimov, Cabbar Hacıyevin tərəfindən 1955-ci ildə ən son kəhriz kimi inşa edilib.

Xan kəhrizin suyu soyuq, şəffaf və yüngüldür. Bu kəhrizin suyu ətraf həyətyanı sahələrin və Qozlu çayın üstündən dəmir boru ilə keçərək Dullar məhəlləsinindəki həyətyanı bağları da suvarırdı.

İBƏ BULAĞI

İbə bulağı – Horadiz kəndindən şimal-qərbdə, Teşnək əkin sahəsinin Cəbrayıl rayonu ilə həmsərhəd olan yerdə üzə çıxan bulaqdır. Aşağı Aybasanlı kəndində bu qəbilədən olan İbə (İbrahim) adlanan və xalq arasında əziz sayılan müqəddəs ziyarətgah da qeydə alınmışdır. Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi ərazisində İbə bulağı, ocaq və ziyarətgah yəqin ki, xalq arasında tanınmış İbrahim kişinin adı ilə bağlıdır.



İMAM BULAĞI

İmam bulağı – Horadiz kəndində qeydə alınan hidronimlərdən biridir. İmam bulağı İmam Pirinin yaxınlığında 100 metr şimal- qərbdə yerləşir. Bulaq yeraltı suların yer üstünə təbii çıxışıdır. İmam bulağı hidroniminin tərkibindəki “İmam” sözü şiə məzhə­binin baş­çısı qəbul edilmiş Həzrət Əli və onun övladlarına verilən ad məna­sın­dadır.




İmam Pirindəki hovuz üstündə Teyyub Mikayıl oğlu

İmam sözünün “Camaata namaz qıldıran” anlamı da var. Bəzi ərəb dövlətlərində dövlət başçısına Imam da deyirlər. İmam bulağın suyu göz yaşı kimi dup-duru, soyuq və yüngüldür. Yerli adamlar bu suyu möcüzəli su adlandırırlar.

İmam bulağını 1989-cu ildə Əhməd Seyid Səyyad oğlu tərə­findən bulağın üstünə mərmər çəkdirərək onu abadlaşdırıb. Bulağın yanındakı hovuzu isə usta Tapdıq Hüseyn oğlu İmanov inşa edib.

İmam bulağın suyu həqiqətən möcüzəli sudur, ona görə də kənd adamları və bura ziyarətə gələnlər bu sudan içərək alqış edir, həm də qablara doldurub evlərinə aparırlar. Bu suyu içən şəxs, hər cür xəstəlikdən və xətadan hifz olur.

Belə rəvayət edirlər ki, bir nəfər səyyah uzaq yoldan gəlir, ac, susuz taqətdən düşən vaxtı bu bulağa çatır və doyunca su içərək burada uzanıb yuxuya gedir. Ayılanda görür ki, qarşısında yemək var və o doyunca yedikdən sonra, bu yeməyi verənə şükür edib yoluna davam edir. Elə məhz ona görə də İmam Pirinə ziyarətə gələnlər, gətirdikləri xörəkdən bir hissəsini bu bulağın başına qoyurlar ki, yol adamların və ziyarətə gələnlərin ehtiyacı varsa onu yesinlər. Bu, bizim kənddə adət halına çevrilmişdi.

KAZIMLILAR BULAQLARI

Kazımlılar bulaqları - bu məhəllədə hərənin öz bulağı həyətyanı bağçasından öz-özünə çıxirdı. Bu məhəllənin relyefi və şəraiti bam-başqa idi. Haranı qazırdinsa ordan mütləq su çıxmalıydı. Elə ona görə də burada yaşayanlar sudan korluq çəkməzdilər və həm də bağ-bağatların yaşıllığı göz oxşayırdı.

Bu məhəllədə çox geniş olmayan süni Həsən gölü var idi. Onun axan yerin tutardılar və göl bir günə dolduqdan sonra açıb suyu bu-raxardılar və həyətyanı bağlarını suvarardılar.

QOŞA KƏHRİZ

Qoşa kəhriz – XX- əsrin əvvəllərində, hətta 1950-ci illərə kimi Təpə kəhrizin və Muxtar kəhrizin suları, Qarağan təpənin qərb tərəfində yerin altındakı quyularda birləşib bir kəhriz kimi fəaliyyət göstərdiyindən belə adlandırırdılar.

Bu haqda Azərbaycanın xalq Yazıçısı Əli Vəliyevin “Budağın xatirələri” kitabında da “qoşa kəhriz”-i qeyd etimişdir.

1950-ci ildən bu kəhrizləri ayırdılar. Muxtar kəhrizin çıxışı Dəli çaya, Təpə kəhrizin çıxışı isə Abışlı bağın şərq hissəsində, Dəli çayın qəbiristanlığa ayrılan yolun yanında idi. Biz uşaqlıq illərində, gündüzlər kəhrizdə qız-gəlinlər olmayanda, yayın cırha-cırında ora gedib çimərək sərinləşərdik. Suyu o qədər soyuq olardı ki, biz həmişə uşaqlarla mübahisə edərdik, kim bir dəqiqə suyun içində qala bilər. Bu isə Təpə kəhrizin suyunda mümkün olmurdu.



QOZDİBİ KƏHRİZİ

Qozdibi kəhrizi – Təpə kəhrizlə Qozlu çay arasında, kolxoz bağının başlanğıcında və burada olan iri qoz ağaclarının yanında yer səthinə çıxdığına görə “Qozdibi kəhrizi” adı vermişlər. Bu kəhriz öz mənbəyini Qarağan təpənin aşağısından götürür.

Mənim şirin xatirələr kimi yaxşı yadımdadır, Novruz bayramı günündə, Aralıq yol Şahverənlilər, Güney məscid altı və Əmir­qulular məhəlləsinin cavan oğlan və qızları, çillə çıxarmaq üçün İmanov Şükürün evinə yığışıb səhərə kimi çalıb-oxuyaraq şənlənərdik. Səhər o başdan, dan yeri sökülməmiş biz gedərdik Namazalı kəhrizinə. Eşitmişdik ki, Namazalı kəhrizin üstündəki olan söyüd ağacları, Novruz bayramı günü yəni: köhnə il təzə ilə təhvil verilən gecəsi dan yeri sökülməmiş başlarını suya əyib kəhrizdən su içirlər. Deyərdilər kim onu görsəydi, bütün arzuları yerinə yetəcək. O qədər çalıb oynamışdıq ki, kəhrizin başında oturub söyüdün əyilib su içməyini izləyə-izləyə hamımız yuxuya getmişik. Bir də ayıldıq ki, gün çıxır. Pərişan halda hamımız heyifsilənərək getdik “Qozdibi kəhrizi”- nə və adətə görə üzüm tənəyinin altından üç dəfə o yana, bu yana keçərək, sonra kəhriz suyunun üstündən üç dəfə tullandıq və ağırlığımızı suya verdik ki, yüngülləşək. Daha sonra həmin hündür qoz ağaclarından ip asaraq yelləncək düzəldib yellənərdik və şənlənərdik. Yelləncəkdə yellənən qız və ya oğlanları nar ağacından düzəldilmiş çubuqla ayaqlarına vurardılar ki, “Nişanlının adını de”, deyib gülüşərdik. Yelləncəkdə olan utanaraq yavaşca adını deyər, yada ki, göz mimikası ilə işarə verərdi.

QOZLU ÇAY VƏ KÖRPÜSÜ

Qozlu çay – Füzuli rayonunda uzunluğu 28 km, hövzəsinin sahəsi 100 kv.km olan çaydır və Arazın sol qoludur. 1520 metr dəniz səviyyəsindən hündürlükdə, Qarabağ silsilə yamaclarının Ərgünəş dağından başlayaraq, Qarakollu, Pirəhmədli, Musabəyli kəndlərindən keçərək, Dördçinar və Hüngütlü kəndlərinin arası ilə gəlib, Horadiz kəndimizi iki hissəyə bölür və bizim torpaq sahələrindən keçərək Araz çayına tökülür. Qozlu çay yağış suları ilə qidalanır və yay aylarında quruyur. Axarlığı müvəqqəti olan Qozlu çaydan suvarmada az istifadə olunurdu.

Qozlu çay toponimi adı qoz bitkisi ilə bağlıdır. Çayın sahillərində çoxlu qoz ağacları olduğu üçün və payız aylarında bu çaydan qoz axdığına görə hidronim “Qozlu çay” adlanır.

T




Ramiz Abdinov və Maqsud İsmayılov
arixdən məlumdur ki, Qozlu çay sahilində Səfəvi – Osmanlı mühari­bələri zamanı çoxlu qanlı döyüşlər olmuşdu. Osmanlıların zəbt etdiyi Qarabağı geri qaytarmağa çalışan I-Sah Abbas (1587-1629), Hüseyn Xan Qacarı(Gəncə hakimləri Ziyadoğulları nəslindən idi) qoşunlarını Qarabağa 1604-cü ildə göndərmişdi. Araz ça­yını keçdikən sonra Hüseyn Xan Qa­ca­rın qoşunları Dərə ağzında, Qozlu çay sahilində düşərgə salmışdı. Gəncə Bəylərbəylisi Davud Paşanın 7 min nə­fərlik qoşunu isə Qonaqgörməz də­rə­­sindən qəflətən çıxaraq, Hüseyn Xan Qacarın qoşununu, Qozlu çayət­rafında məğlub edərək, Arazdan o taya çəkil­məyə məcbur etmiş­dir.

Qozlu çayda su gələrkən Horadiz kəndində o tay, bu taya keçmək üçün, kəndin mərkəzində yeganə əsaslı körpü tikilmişdir ki, texnika və adamlar bu körpüdən istifadə edərdilər. Leysan yağışları zamanı, kəndimizdəki çay ətrafı evləri və həyətyanı bağları sel basaraq həmişə ziyanlıq vurardı. Sonralar çayın içini dərinləşdirərək kənd camaatını bu bəladan nisbətən qurtarmaq mümkün olmuşdu.


QURDLU BULAQ

Qurdlu bulaq – Horadiz kəndinin başında, Dəyirman boynunun ətəyində, yeraltı suyun təbii yolla çıxışıdır. Adının tərkibində “qurd”“bulaq” sözlərindən, eləcədə “lu” şəkilçisindən ibarət­dir. Ağsaqqallarımız deyərdi ki, qabaqlar bu bulağın yaxınlığında evlər olmazdı, ancaq bulağın yanında bostan əkilərdi. Neçə dəfə görüblər ki, bu bulaqdan canavarlar gəlib su içərdilər. Ona görə bu bulağa “Qurdlu bulaq” deyirlər. Təbii bulağın aşağı hissəsində süni göl vardı. Bu gölə su yığılıb dolandan sonra, o su ilə həyətyanı bağları suvarardılar. Bu göldə biz məktəb yaşlı uşaqlar yay vaxtı çimərdik. Qurdlu bulaq ətrafında yaşayış evləri vardır.



MƏRCAN BULAĞI

Mərcan bulağı – Horadiz kəndindən şimal-qərbə, Dəli çayın üstündə, kənddən 1,5 km yuxarıda yerləşir.

Qeydə alınan bu hidronim “mərcan” sözündən və “bulaq” hidronimik apelyativindən ibarətdir. Bulaq yeraltı suların qaynayaraq yer səthinə çıxışıdır.

Bulağın “mərcan” adlanması yerli məlumata görə, suyunun qaynayıb çıxardığı sahədə mərcan kolcuqların çox olması ilə əlaqədərdır. Suyu sərin və yüngüldür.



MUXTAR KƏHRİZİ

Muxtar kəhrizi – Nəcəflilər məhəlləsindən, şaquli quyularla və üfiqi lağımlarla qazılıb, çıxışı əvvəllər Qarağan təpə ilə Dəli çay arasında 1950-ci ilə kimi Təpə kəhrizlə birləşərək “Qoşa kəhriz” adlanırdı. Sonralar Muxtar kəhrizin çıxışını ayıraraq Dəli çaya tərəf yönəldiblər. Muxtar kəhrizi Nəcəflilər məhəlləsində yaşamış kənd ağsaqqalı Muxtar kankanın və kənd kankanların köməyilə başa gəldiyi üçün bu kəhrizə “Muxtar kəhrizi” adı vermişlər.
Yüklə 24,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə