Xəbər bülleteni №15



Yüklə 455,44 Kb.
səhifə1/5
tarix17.10.2017
ölçüsü455,44 Kb.
#5262
  1   2   3   4   5


Xəbər bülleteni № 15

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

Noyabr 2015
Argentinada yeni prezident

23.11.2015



mauricio macri of cambiemos wins argentine presidential run-off
Argentinada noyabrın 22-də keçirilmiş prezident seçkisinin – ikinci turun nəticəsi açıqlanıb. Transparency.az xəbər verir ki, sağ mərkəzçi müxalifətin namizədi, biznesmen Maurisio Makri 52%-ə yaxın səslə qalib gələrək dövlət başçısı seçilib. Onun hakim solçu partiyadan rəqibi, Buenos-Ayres vilayətinin qubernatoru Daniel Sioli 48%-dən bir qədər çox səs yığıb. Bununla da solçu qüvvələrin 12 illik hakimiyyətinə son qoyulub.

Seçkinin oktyabrın 25-də keçirilmiş birinci turunda Daniel Sioli 37,08, Maurisio Makri 34,12 faiz səs toplamışdı.

İtalyan əsilli Maurisio Makri 1959-cu ildə anadan olub. Argentina Katolik Universitetinin məzunudur. 1985-ci ildən bizneslə məşğul olub. Prezident seçkisinə Respublika Təklifi Partiyasının namizədi kimi qoşulan Maurisio Makri 2007-ci ildən paytaxt Buenos-Ayresin meri idi.

Azərbaycan Sığortaçılar Assosiasiyası 10 aylıq hesabat yayıb

23.11.2015

asa 001Bu ilin yanvar-oktyabr aylarında toplanmış sığorta haqlarının 26 faizi və yaxud 98,5 milyon manatı həyat sığortasının payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, 2014-cü ilin eyni dövrü ilə müqayisədə həyat sığortası bazarı 16 faiz böyüyüb.

Həyat sığortasındakı yığımların 58,6 faizi və yaxud 57,7 milyon manatı həyatın yaşam sığortasının, 28,4 faizi və yaxud 28 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 11,6 faizi və yaxud 11,4 milyon manatı həyatın ölüm halından sığortasının, 1,1 faizi və ya 1 milyon manatı əmək qabiliyyətinin sığortasının, 0,3 faizi və ya 362 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

10 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 35,6 milyon manat olub. Bu da ümumi ödənişlərin 25,4 faizini təşkil etməklə 2014-cü ilin eyni dövrünə nisbətən 39,5 faiz çoxdur.

Həyat sığortası üzrə ödənişlərin 89 faizi və yaxud 31,7 milyon manatı həyatın yaşam sığortasının, 5,5 faizi və yaxud 1,95 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, yenə 5,5 faizi və yaxud 1,95 milyon manatı həyatın ölüm halından sığortasının, cəmi 13,7 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 36,1 manat ödəniş həyata keçirilib. 2014-cü ilin yanvar-oktyabr aylarında bu rəqəm 30,1 manat olmuşdu.

Bank öhdəlikləri: hər 3 adamdan ən azı 1-i borcludur

23.11.2015

qubad beyİqtisadçı alim Qubad İbadoğlu Transparency.az-a açıqlamasında deyib ki, Azərbaycanda hər 3 adamdan ən azı 1-nin banklar qarşısında borc öhdəliyi var: “Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) üzrə 2015-ci ilin 9 ayının yekunlarına görə, oktyabrın 1-nə ölkədə borcalanların sayı 2 milyon 505 min 575, zaminlərin sayı isə 1 milyon 184 min 202 nəfər olub. Bu o deməkdir ki, ölkə əhalisinin 38,5 faizinin və ya 3,7 milyon nəfərinin 44 bank və 41 bank olmayan kredit təşkilatı qarşısında birbaşa və dolayı öhdəliyi var. Son 5 ayda birbaşa borcu olanların sayı 90 min nəfərdən çox, zaminlərin sayı isə 70 min nəfərə qədər artıb.

MKR-in digər açıqlamasına görə, ölkə üzrə bütövlükdə kredit məlumatlarının sayı 10,4 milyondan çox olub. Deməli, orta hesabla 1 borcalanın 4 bank qarşısında öhdəliyi formalaşıb. Bu isə belə izah oluna bilər ki, 1 banka borcunu ödəyə bilməyənlər digər banklardan da kredit götürməklə vəziyyətdən çıxmağa çalışır. Bu da bir çox bank və bank olmayan kredit təşkilatlarında borcalanlarla işin düzgün qurulmadığını göstərir.

Ölkədə hər 3 adamdan ən azı 1-nin banklar qarşısında bu və ya digər qaydada borc öhdəliyi formalaşıb. Əgər sizin banka borcunuz yoxdursa və cibinizdə hətta 1 manat pulunuz varsa, deməli, ölkə əhalisinin ən azı 38 faizindən varlısınız”.

Baş Prokurorluq bəzi KİV rəhbərlərinə xəbərdarlıq edib

23.11.2015

bash prokurorluqNoyabrın 23-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, araşdırmalarla müəyyən edilib ki, son dövrlər bəzi media orqanları “Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 və 11-ci maddələrinin tələblərini kobud surətdə pozaraq müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında, eləcə də Baş Prokurorluqda istintaq olunan cinayət işləri üzrə həqiqətə uyğun olmayan, böhtan xarakterli informasiyalar yayıb: “Göstərilənlərlə əlaqədar Müstəqil İnformasiya Agentliyi (Mia.az), “Cumhuriyyət”, “Qaynarinfo”, “Gündəminfo”, “Criminal.az”, “Strateq.az”, “İstiqlal.az”, Jurnalist Araşdırma Mərkəzi (JAM.az) və digər KİV rəhbərləri Baş Prokurorluğa dəvət edilib, onlardan reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilib”.

APA-nın yaydığı rəsmi məlumata əsasən, Baş Prokurorluğa dəvət olunan KİV rəhbərlərinə gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq olunub.

Banklar barədə 5 mif

23.11.2015



samir muallif yeni
        Samir Əliyev

Hər bir Azərbaycan vətəndaşı banklarla bu və ya digər formada təmasda olur, onların xidmətindən istifadə edir. Kimisi əmanət yerləşdirir, kimisi kredit götürür, kimisi də hesab açır. Nağdsız ödənişlərin artdığı və informasiya texnologiyaların inkişaf etdiyi bir dövrdə bank xidmətlərinə müraciətlər çoxalır. Ancaq bunlara baxmayaraq əhalidə banklar barədə miflər, yəni real olmayan fikirlər formalaşıb.

Mif 1. Bankların çoxlu pulu var. Banklar böyük məbləğdə pulları idarə etsə də, həmin pullar heç də onlara məxsus deyil. Fiziki və hüquqi şəxslər artıq pullarını hesab açaraq banklarda yerləşdirir. Banklar isə həmin vəsaitləri idarə edir.

Bankların kredit şəklində verdiyi pul da onların deyil. Kreditin az bir hissəsi bankın özünündür. Qalanları müştərilər kimi bankların da borc götürdüyü pullardır. Məsələn, bankın verdiyi kreditlərin əsas hissəsini əhalinin və müəssisələrin qoyduğu depozitlər təşkil edir. Bundan başqa xarici banklardan və Mərkəzi Bankdan müəyyən məbləğdə vəsait cəlb olunur. Ona görə də vətəndaş bank qarşısında öhdəliyi yerinə yetirə bilməyəndə bank da borc götürdüyü qurum, o cümlədən əhali qarşısında öhdəliyi yerinə yetirməkdə çətinlik çəkir.

Mif 2. Bank bağlananda kredit ödənmir. Yanlış olaraq belə fikir mövcuddur ki, bank bağlandıqda krediti qaytarmamaq olar. Adətən krediti qaytarmaqda çətinlik çəkən müştərilər belə arzularını gizlətmir. Reallıqda isə bankın bağlanması müştərini öhdəlikdən azad etmir. Çünki bank bağlandıqda Mərkəzi Bank xüsusi komissiya yaradır və həmin komissiya kreditlərin alınması ilə məşğul olur.

Mif 3. Banklar kreditlərdən 20-30% qazanır. Məlumdur ki, Azərbaycanda kredit faizləri yüksəkdir. Hətta bir neçə ay öncəyədək bank olmayan kredit təşkilatlarının bəzilərində kreditlərin illik faizləri 40%-ə çatırdı. İlk baxışdan həmin gəlirin bankların xalis qazancı olması fikri yaranır. Əslində bankların qazancı 4-5%-dən çox deyil. Əldə olunan gəlir kreditorlara və əməliyyat xərclərinə yönəldilir. Məsələn, həmin qazancın təxminən 13-15%-i depozitlərə gedir. Yerdə qalan 5-10%-i bankın əməliyyat xərcləri təşkil edir. Qazancın cüzi hissəsi banklara qalır.

Mif 4. Güclü bank əmanətə yüksək faiz verir. Bir qayda olaraq kiçik banklar əmanətə yüksək faiz təklif edir. Çünki kredit vermək üçün əmanətlər onların əsas pul mənbəyidir. Əmanət bazarında iri banklarla rəqabət apara bilmələri üçün yüksək faiz təklif edirlər. İri və güclü banklar isə müxtəlif mənbələrdə daha ucuz vəsait cəlb etdiklərindən əmanətlərə çox da önəm vermirlər. Buna görə də əmanətlərə görə aşağı faiz təklif edirlər.

Mif 5. Mərkəzi Bankda əmanət yerləşdirmək olar. Bank sektoruna inamsızlıq ona gətirir ki, insanlar ya pullarını geri çəkirlər, ya da daha etibarlı bank axtarırlar. Bəzən belə fikirlər dolaşır ki, əmanəti ölkənin ən etibarlı bankına — Mərkəzi Banka qoymaq lazımdır. Halbuki mərkəzi banklar əhalidən əmanət cəlb eləmir.

İpoteka statistikası

23.11.2015



ipotekaAzərbaycan İpoteka Fondunun (AİF) agent bankları indiyədək 17 min 781 ipoteka krediti verib. AZƏRTAC bildirir ki, İpoteka Fondunun verdiyi məbləğ 721 milyon 32 min 270 manatdan çoxdur.

AİF 2006-cı ilin martından ipoteka kreditləri verməyə başlayıb.

20-ci qanunsuz səfərdə nələr olub?

23.11.2015



serkisyanAzərbaycanın işğal olunmuş ərazisinə növbəti qanunsuz səfər edən Ermənistan prezidenti Serj Sərkisyan noyabrın 21-i Xankəndidə zabitlər üçün tikilmiş 174 mənzilli binanın, separatçı ordunun qərargahı üçün nəzərdə tutulmuş idman zalının, hərbi hissələrdən birinin yeməkxanasının açılış mərasimlərində iştirak edib. Həmin gün o, Ermənistan və Dağlıq Qarabağ ordularının ali zabit heyətinin müşavirəsinə qatılıb.

Serj Sərkisyanın səfəri çərçivəsində Ağdərənin Qanzasar kəndində qədim əlyazmalar korpusu da açılıb.

Noyabrın 20-də isə Serj Sərkisyan bəzi hərbi hissələrə baxış keçirib, obyektlərin açılışında iştirak edib, Cəbrayıl rayonu ərazisindəki poliqonda taktiki təlimləri izləyib.

Transparency.az bildirir ki, 2008-ci ildən prezident postunu tutan Serj Sərkisyan 20-ci dəfədir Dağlıq Qarabağa səfər edir. O, işğalçı müharibənin ən qanlı liderlərindən biridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçıları hərbi qüvvələrinin komandanı, 1993-cü ildən isə Ermənistanın müdafiə naziri olub.

Ermənistan Silahlı Qüvvələri 22 ildir Azərbaycanın bütün cənub-qərbini (Xankəndi, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayılı tam, Ağdərə, Xocavənd, Füzuli və Ağdamı qismən) işğal altında saxlayır.

Əvəz Həsənov Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə əlaqələndiricisi seçilib

23.11.2015

avaz hasanov
Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı çərçivəsində yaradılmış Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə əlaqələndiricisi seçilib.

Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramı Belarus, Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova və Ermənistanı əhatə edir.

Transparency.az-a danışan Əvəz Həsənov deyib ki, Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinin də üzvü olub: “Hər il Şərq tərəfdaşlığı ölkələrinin birində keçirilən forumun iclasında milli əlaqələndiricini Azərbaycan nümayəndə heyəti seçərək təsdiq üçün foruma təqdim edir”.

Forum noyabrın 19-dan 22-dək Kiyevdə keçirilib. Əvəz Həsənov bu vəzifədə 2014-cü ildə milli əlaqələndirici seçilmiş Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırovu əvəz edib.

Ekspert: “Manatın dəyərdən düşməsi qaçılmazdır”

23.11.2015



natig ceferli 1İqtisadçı ekspert Natiq Cəfərli idxal-ixrac əməliyyatlarının bu ilin 10 ayı üzrə durumunu şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert ölkədə tədiyyə balansının mənfi olduğu qənaətindədir: “Bəzi iqtisadçılar mətbuata manatın gələcək taleyi ilə bağlı açıqlamalar verib israrla deyirlər ki, bizim tədiyyə balansımız hələ də müsbət saldo ilə gerçəkləşir, ona görə də manat ucuzlaşmayacaq. Həmin ekspertlər bu ilin fevral ayında da eyni sözləri deyir, devalvasiyadan 2 gün öncə də eyni arqumentləri gətirirdilər.

Tədiyyə balansı ölkənin idxal-ixrac əməliyyatlarını göstərir, yəni satdığımızla aldığımızın nisbətini əks etdirir. Satdığımızın 94%-i neftdir, aldığımız isə hər şey – texnikadan, geyimdən, dərmandan, ərzaqdan tutmuş tikinti materiallarına qədər bir çox məhsul xaricdən gəlir. Bu il aylıq göstəricilərdə tədiyyə balansı 3 dəfə mənfi olub, yəni satdığımız aldığımızdan az çıxıb. Amma ilin ilk 10 ayı ərzində tədiyyə balansında 2,3 milyard dollarlıq müsbət saldo var deyə bəzi ekspertlər bunu əlində bayraq edib.

Əslində isə vəziyyət başqa cürdür. Birincisi, gömrükdə ölkəyə gətirilən məhsulların, malların, yumşaq desək, heç də hamısı rəsmiləşdirilmir. İkincisi, onlayn ticarət, mərc oyunları, otel nömrələrinin bron edilməsi, aviabilet satışları və xaricə sırf pul köçürmələrə görə ölkədən ildə 2 milyard dollara yaxın (hesabdan, ya da nağd şəkildə çıxan) vəsait çıxır. Tək onlayn mərc oyunlarına görə çıxan vəsaitin həcmi 50-60 milyon dollardır.

Nədənsə bu iki çox vacib amil nəzərə alınmadan elə “müsbət saldo” mahnısı oxunur. Əgər gömrükdə bütün mallar rəsmiləşsə, ölkədən çıxan bütün valyuta dəqiq hesaba alınsa, onda görünəcək ki, müsbət saldo yoxdur, əksinə, ciddi şəkildə mənfiyə gedən tədiyyə balansımız var. Ən yaxşı halda gömrükdən keçən malların yarısı rəsmiləşdirilir. Bunu nəzərə alsaq, 10 ayda ölkəyə rəsmi elan edilən 7,4 milyard dollarlıq deyil, təqribən 15 milyard dollarlıq mal və məhsul daxil olub. Deməli, 10 ayda mənfi saldomuz haradasa 5 milyard dollardır. Neftin qiymətini, Mərkəzi Bankın ehtiyatlarının ərimə sürətini, real ticarət dövriyyəsini nəzərə alsaq, manatın dəyərdən düşməsi qaçılmazdır”.

Bu il fevralın 21-dək 1 ABŞ dolları təxminən 78 qəpik olub. Mərkəzi Bankın 21 fevral 2015-ci il qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.

Avrasiya İqtisadi Komissiyası internetlə ticarət qaydalarını ağırlaşdırır

23.11.2015

Avrasiya İqtisadi Komissiyası internetlə ticarət qaydalarına dəyişiklik layihəsi hazırlayıb. Layihə şəxsi istifadə üçün rüsumsuz alınan malın dəyərini 1000 avrodan 150 avroya endirməyi nəzərdə tutur. Xəbəri noyabrın 23-də Vedomosti.ru saytı yayıb.

Məlumata görə, layihədə internet ticarəti ilə alınan malın çəkisini 10 kiloqramadək azaltmaq, bu zaman 25 avro vergi tətbiq etmək təklifi də yer alır.

Transparency.az bildirir ki, Avrasiya İqtisadi İttifaqına daxil olan Rusiyada təqvim ayı ərzində internetlə 31 kiloqramadək 1000 avroluq rüsumsuz bağlama almaq mümkündür.

Avrasiya İqtisadi Komissiyası Avrasiya İqtisadi İttifaqının icra orqanıdır. 2014-cü ildə yaradılmış Avrasiya İqtisadi İttifaqına Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan daxildir.

“Parlament-2015” yekun hesabat açıqlayıb

23.11.2015



koalisiyaParlament-2015” Seçki Monitorinq Koalisiyası noyabrın 1-də keçirilmiş parlament seçkisi ilə bağlı yekun hesabat açıqlayıb. Ölkənin 5 qeyri-hökumət təşkilatının (Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi, Qarabağ Araşdırmalar Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi, Tətbiqi Tədqiqatlar Fondu, Azərbaycan Tələbələr Birliyi) qurduğu koalisiya 118 seçki dairəsi üzrə 1361 məntəqədə seçki prosesinin monitorinqini aparıb.

Monitorinqi təmin etmək məqsədilə birinci mərhələdə 500 nəfər müşahidəçi hazırlanaraq 118 seçki dairəsinin ərazisinə ezam edilib: “Onların xüsusi təlimat əsasında apardıqları müşahidələrə dair məlumatlar monitorinq mərkəzində toplanaraq təhlil olunub. Paralel olaraq KİV və elektron informasiya resurslarında monitorinqin predmetinə daxil olan məsələlərə dair yer alan materiallar izlənib.

Monitorinq çərçivəsində təsadüfi seçmə üsulu ilə hər bir seçki dairəsi üzrə 200 nəfər olmaqla 23 600 nəfər respondent arasında sorğular keçirilib. Monitorinqə cəlb edilmiş ekspert və könüllülər əhali ilə fərdi söhbətlər (müsahibələr) aparıblar. Müsahibələr hər dairə üzrə 50 nəfər olmaqla 5900 nəfəri əhatə edib.

Monitorinqin ikinci mərhələsində 500 nəfər müşahidəçi 118 seçki dairəsinin ərazisinə ezam edilib. 90 dairənin hər birində 4, 28 dairədə isə 5 nəfər məntəqə seçki komissiyalarının işə başlaması, seçki qutularının açılması anından seçki qutularının bağlanması anına, səsvermə bitənə kimi, eyni zamanda səslərin sayılması prosesi də daxil olmaqla protokolların tərtib olunması, imzalanması, məntəqə seçki komissiyalarının üzvlərinə və məşvərətçi səs hüquqlu üzvlərə, habelə protokolları almaq hüququ olan şəxslərə (namizədlərin müşahidəçiləri və digərləri) verilənə qədər bütün proseslərdə müşahidə aparıblar”.

Rəydə qeyd olunur ki, parlament seçkisi ərəfəsində ölkənin bir sıra partiyaları əməkdaşlıq barədə razılığa gələrək “Azadlıq 2015” seçki bloku (Klassik Xalq Cəbhəsi, Xalq, Aydınlar, Vətəndaş və İnkişaf, Azadlıq, Böyük Azərbaycan partiyaları) yaradıblar. Müsavat, Yeni Azərbaycan, Demokrat, Ümid, Ədalət, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı, Vətəndaş Həmrəyliyi, Demokratik İslahatlar, Milli İstiqlal, Ana Vətən, Vəhdət, Sosial Rifah, Milli Demokrat, Demokratik Maarifçilik partiyaları isə seçkidə təkbaşına iştirak ediblər”.

Koalisiya hesab edir ki, 1 noyabr seçkisi tam demokratik və şəffaf şəraitdə, Azərbaycan Respublikasının qanunvericiliyinə, tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun şəkildə baş tutub.

1 noyabr parlament seçkisinin nəticələrinə görə, Milli Məclisə 12 partiyadan 83 deputat düşüb. Onların 71-i YAP-ı, 12-si digər 11 partiyanı təmsil edir. Parlamentin deputatlarından 41-i partiyasızdır.

Rafiq Tağı Mükafatı məzar başında verildi

23.11.2015

“Dalğa” Gənclər Hərəkatı noyabrın 23-də Rafiq Tağı Mükafatının təqdimetmə mərasimini keçirib. Mükafat Kulis.az-ın redaktoru, yazar Şərif Ağayara, “Azadlıq” radiosunun “Oxu zalı”nın redaktoru, yazıçı Nərmin Kamala və “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğluna verilib.

“Azadlıq” radiosu bildirir ki, Rafiq Tağının ölümünün 4-cü ildönümü günü yazarlar, media nümayəndələri, oxucular yazıçının Bakının “Qurd qapısı” qəbiristanlığındakı məzarını ziyarət ediblər.

Yazıçı-publisist Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb, noyabrın 23-də müalicə olunduğu xəstəxanada vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.

Rafiq Tağı Mükafatı hər il Azərbaycanda maarifçilik istiqamətində fəaliyyət göstərən, ölkədə Avropa və ümumbəşəri dəyərlərin yayılmasına xidmət edən üç nəfərə verilir.

rafiq tagi 1

rafiq tagi 2

Moldova: əksəriyyət prezidenti xalqın seçməsini istəyir

23.11.2015

moldova-mapMoldovalıların əksəri prezidentin ümumxalq səsverməsində seçilməsi üsulunun qaytarılmasını istəyir. Novator.az xəbər verir ki, ölkənin Sosioloqlar və Demoqraflar Assosiasiyasının apardığı araşdırmaların nəticəsi bunu deməyə əsas verir.

Noyabrın 23-də açıqlanan nəticələrə görə, prezidentin ümumxalq səsverməsində seçilməsini əhalinin 82,7 faizi dəstəkləyir.

Hazırda Moldovada prezidenti parlament seçir. 2015-ci ilin sentyabrından ölkənin paytaxtı Kişinyovda etiraz aksiyaları keçirilir. Etirazçıların əsas tələbi baş nazirin istefaya getməsi, növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi, korrupsiya faktlarının araşdırılmasıdır.

 

Kreditdə tərpəniş anonsları



23.11.2015

bekir-nerimanoglu21
      Bəkir Nərimanoğlu

Biznes mühitini qiymətləndirən beynəlxalq ekspertlər hesab edir ki, kreditə əlçatanlıq baxımından Azərbaycanın mövqeyi pisləşib. Dünya Bankı Qrupunun hazırladığı “Doing Business-2016” hesabatına görə, bu indikator üzrə Azərbaycan 4 pillə geriləyərək 189 ölkə arasında 109-cu olub. Belə zəif göstərici həm də kredit bürolarının yoxluğundan doğur.

Prezidentin 2014-cü il martın 3-də sahibkarlıqla bağlı imzaladığı fərmana əsasən, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər hazırlanmalıdır. Həmin fərmandan sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin açıqlamasında qeyd olunmuşdu ki, atılacaq əsas addım kredit bürolarının yaradılması olacaq. Nazir demişdi ki, “Özəl kredit büroları haqqında” qanun layihəsi hazırlanır, hüquqi və fiziki şəxslərin kredit tarixçəsini aparan özəl kredit büroları qurulacaq.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatda deyilir ki, kredit bürosu risklərin azalmasına və kreditlərin həcminin genişlənməsinə gətirib çıxaracaq. Hazırda kredit təşkilatları mümkün risklərdən tam sığortalanmır. Mərkəzi Bankın kredit reyestrinə yalnız bank və mikromaliyyə institutları müraciət edə bilir. Kreditlə mal satan mağazalar, lizinq şirkətləri və digər təşkilatlar bu imkandan məhrumdur.

Kredit bürosu kredit alan və ya almaq üçün müraciət edən müştərilər barədə banklardan məlumatlar toplayır və əldə edilən məlumatları emal edir, ümumiləşdirir və qruplaşdırır, müştərilər barədə kredit hesabatlarını (tarixçəsini) banklara satır. Kredit bürosunun iş prinsiplərini qarşılıqlı əlaqə-məlumat mübadiləsi, məlumatların etibarlılığı və həqiqiliyi, neytrallıq, məlumatların maksimum səviyyədə təhlükəsizliyi təşkil edir.

Büro hüquqi və fiziki şəxslərin keçmiş və cari kreditləri barədə bütün məlumatların saxlandığı bir təşkilatdır. O, potensial borc götürənlər barədə kredit təşkilatının məlumatlılığını artırır və kreditin qaytarılması barədə daha dəqiq proqnozlar verməyə imkan yaradır.

Bu qurumlar bir növ borc götürənlər üçün nizam-intizam mexanizmi rolunu oynayır və burada yaxşı kredit tarixçəsi nüfuzlu təminat deməkdir. Həmçinin kredit bürosu kredit təşkilatlarının müştərilərin üzərinə qoyduqları informasiya xərclərini azaltmağa kömək edir, müştərilərə göstərilən xidmətin keyfiyyətini artırır və bunun nəticəsində də kredit təşkilatları üçün yeni və pozitiv müştərilər cəlb edir.

Kredit bürosunun potensial xidmətlərinə müştərinin kredit tarixçəsi barədə məlumatın verilməsi, fırıldaqçılığın qarşısının alınması xidmətləri, mümkün fırıldaqçılıqla bağlı xəbərdarlıq, kredit üçün müraciət zamanı mümkün yanlış məlumatlar barədə xəbərdarlıq, borc götürənin kredit davranışının izlənməsi xidməti, əməkdaşlıq strukturunun izlənməsi, müştəri portfelinin nəzərdən keçirilməsi, müştəri portfelinə dair statistik məlumatların alınması, müştərinin ehtiyacları nəzərə alınmaqla büronun qiymətləndirməsi, zəmanətlər barədə məlumatın verilməsi, zəmanətlərin saxlancı daxildir.

Maliyyə sektorunun genişləndirilməsində kredit bürolarının rolu kreditlərə daha ekstensiv və qərəzsiz çıxış imkanı yaratmaqdır. Bundan başqa büro kredit təşkilatları ilə borc götürənlər arasında olan məlumat fərqlərini azaldır, kreditlərə çıxış imkanını artırır və etibarlı borc götürənlərə kreditlərin verilməsi ilə bağlı xərcləri aşağı salır.

Büronun təklif etdiyi xidmət sayəsində irihəcmli kreditlərin verilməsinin qarşısı alınır. Qurum müştərinin bütün kreditlərini qiymətləndirməkdə kredit təşkilatlarına yardım edir və müvafiq şəxsin kredit götürmə potensialını qiymətləndirir.

Kredit qiymətləndirilməsinin və avtomatlaşdırılmış kreditləşdirmənin tətbiq edilməsi pərakəndə və kiçik və orta sahibkarlara verilən kreditlər zamanı əməliyyat xərclərinin aşağı salınmasını, mənfəətin yüksəlməsini təmin edir.


Yüklə 455,44 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə