Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında



Yüklə 81,83 Kb.
tarix26.03.2018
ölçüsü81,83 Kb.
#33383
növüQaydalar

Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədlərinə ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

«Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti məsələləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 553 nömrəli qərarının 3-cü bəndinin icrası üçün Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. «Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondundan sosial sığorta ayırmaları hesabına müalicə-sağlamlaşdırma tədbirləri üçün ayrılan vəsaitlərin xərclənməsi və uçotu qaydaları», «Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat» və «Sosial sığorta ayırmaları hesabına əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləlik və doğuma, uşaq doğumuna, uşağa qulluq edilməsinə və dəfn üçün verilən müavinətlərin ödənilməsi qaydaları haqqında Əsasnamə» 1-3 nömrəli əlavələrə müvafiq olaraq təsdiq edilsin.

2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna tapşırılsın:

müalicə-sağlamlıq məqsədlərinə ayrılan vəsaitlərin mövcud qanunçuluqda nəzərdə tutulan müddətlərdə verilməsini təmin etsin və həmin vəsaitlərin məqsədəuyğun xərclənməsi üzərində nəzarəti gücləndirsin;

keçmiş sosial-sığorta fondu və kolxozların sosial-sığorta ayırmaları hesabına tikilən müalicə-sağlamlıq obyektlərini Azərbaycan Həmkarlar İttifaqı Şurası və Azərbaycan Respublikası Kolxozlar Şurasının iştirakı ilə inventarizasiya etsin və tikilməkdə olan obyektlərin tikintisinin başa çatdırılması üçün onları lazımi vəsaitlə təmin etsin.

 

Baş nazir R.HÜSEYNOV

 

İşlər müdiri F.MURADƏLİYEV

 

Bakı şəhəri 8 yanvar 1993-cü il



    № 9

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin


1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarına

1 №-li əlavə [1]

 

//çıxarılıb//

//çıxarılıb//

 

 



 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarına
2 nömrəli əlavə

 

Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında






TƏLİMAT

 

I. ƏSAS QAYDALAR [2]



 

1. Sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur.

Sığorta haqları ödəyən şəxslərə müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi haqqında digər şəhadətnamə və arayışın verilməsi bu təlimatda göstərilmiş xüsusi hallardan başqa qadağan olunur.

2. Sığorta haqları ödəyən şəxslərə xəstəlik vərəqələri, onları vermək hüququna malik olan müalicə idarələrinin həkimləri tərəfindən verilir.

3. Müalicə həkimi olmayan yerlərdə, habelə üzən gəmilərdə feldşerə, tibb məntəqəsinin müdirinə xəstəlik vərəqələri vermək hüququ verilə bilər və bu xəstəlik vərəqələrinə yuxarıdakı səhiyyə idarələri tərəfindən nəzarət olunmalıdır.

Həmin feldşerlərin siyahısı və onların xəstəlik vərəqələrini vermə müddətləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir.

 

II. Xəstəlik, məişət zədəsi və şikəstliyə görə məzuniyyətlər [3]



 

4. Xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan müalicə idarələrinin həkimləri tərəfindən verilir. Keçmiş tarixlə xəstəlik vərəqələrinin verilməsi qadağandır.

5. Vərəm, psixi və zöhrəvi xəstəliklər zamanı xəstəlik vərəqələri müvafiq xüsusi müalicə idarələrinin (şöbələrin, kabinələrin) həkimləri tərəfindən verilir. Həmin xəstəliklərə tutulmuş şəxslər ümumi müalicə idarələrinə müraciət etdikdə, həkim onlara 3 gün müddətinə xəstəlik vərəqəsi verib, xəstəni xüsusi müalicə idarələrinə (şöbə, kabinə) göndərməlidir.

Xüsusi müalicə idarələri (şöbələr, kabinələr) olmayan yerlərdə həmin xəstəliklər üzrə xəstəlik vərəqələri ümumi müalicə idarələrinin həkimləri tərəfindən verilir.

6. Xəstəlik, məişət zədəsi və şikəstlik üzrə məzuniyyətlə əmək qabiliyyəti bərpa olanadək və ya tibbi-sosial ekspert komissiyası tərəfindən əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu təyin edilən bütün müddət ərzində verilir.[4]

Sərxoşluq və ya sərxoşluq təsiri ilə əlaqədar, həmçinin spirtli içkilərdən hədsiz istifadə edilməsi nəticəsində (zədə, sərxoşluq psixozu, ağ qızdırma, xroniki sərxoşluq) xəstəliklərdə ambulatoriya və stasionar müalicəsində xəstəlik vərəqələri ümumi əsaslar üzrə verilir.

Uzun müddət xəstə olanlar əmək qabiliyyəti itirildiyi gündən başlayıb, xəstələnmə müddəti son 12 ay ərzində ümumiyyətlə, yaxud ardıcıl (eyni xəstəlik üzrə) 6 aydan çox olduqda, yoxlanmaq üçün tibbi sosial ekspert komissiyasına göndərilir. Vərəm xəstəliyi nəticəsində müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş sığorta edilmiş şəxslər əmək qabiliyyətini itirdiyi gündən başlayıb 10 aydan gec olmayaraq və ya son 12 ay ərzində vərəmlə təkrar xəstələndikləri zaman ümumiyyətlə 10 aydan gec olmayaraq tibbi-sosial ekspert komissiyasına yoxlanılmağa göndərilməlidirlər. Bu halda xəstələr HƏEK-na, tibbi-sosial ekspert komissiyası haqda olan qayda əsasında göndərilir. Tibbi-sosial ekspert komissiyasının rəyinə görə xəstəniəlil və ya sağlamlıq imkanları məhdudluğunun hesab etmək üçün əsas yoxdursa və onun əmək qabiliyyətinin itirilməsi davam edirsə, bu halda xəstəlik vərəqəsi bu təlimatla müəyyən edilmiş qaydada uzadılmalıdır.[5]

7. Həkimlər hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya şikəstlik üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək hüququna malikdirlər.

8. Əmək qabiliyyətinin itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin 6 gün və daha çox artırılması, müalicə həkimi tərəfindən yalnız baş həkimin və ya həmin müalicə idarəsində təşkil olunmuş həkim-məsləhət komissiyasının təsdiqindən sonra mümkündür.

Qeyd: İxtisaslar üzrə şöbələri olan müalicə idarələrində xəstəlik vərəqələrinin 6 gündən artıq uzadılması baş həkim tərəfindən şöbə müdirinə həvalə edilir.

9. Xəstəlik vərəqəsini 6 gündən çox artırmağa ixtiyar verilmiş şəxslərin hamısına xəstəni şəxsən müayinə etdikdən və tibbi müayinələrin nəticəsini öyrəndikdən sonra xəstəlik vərəqəsini artırmağa icazə verilə bilər. Xəstəlik uzun çəkdikdə bu müayinələr azı hər 10 gündən bir keçirilməlidir.

Həkim-məsləhət komissiyası (HMK) və ya müalicə idarəsində belə komissiyalar olmadıqda, müalicə həkimi, baş həkimin təsdiqindən sonra vərəm xəstəliyi və ya peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirmiş şəxsə 2 aydan artıq olmamaq şərti ilə xəstəlik vərəqəsi verib, onu müvəqqəti olaraq başqa işə keçirməyə icazə verə bilər. Bu cür keçirmə, xəstə öz adi iş yerində əmək qabiliyyətinə malik olmayıb, işə ziyan vurulmadığı, müalicənin gedişinə maneçilik törədilmədiyi halda təyin oluna bilər. Xəstəlik vərəqəsində təyin olunmuş keçirilmə haqda müalicə idarəsinin baş həkiminin imzası ilə qeydlər edilir. İşçinin (bu bənddə göstərilməmiş) sair xəstəliklərlə əlaqədar olaraq sağlamlıq cəhətcə başqa işə keçirmək lazım gəldikdə, xəstəlik vərəqəsi deyil, HMK-nın rəyi verilir.

10. Sığorta haqları ödəyən, əmək qabiliyyətli şəxslər üçün bütün laboratoriya tədqiqatları və müalicə üsulları (fizioterapiya, rentgenoterapiya və sairə) iş günündən kənar vaxtda, xəstəlik vərəqələri verilmədən keçirilməli, lazım olan hallarda həmin tədqiqatın və üsulların xüsusiyyətlərindən asılı olaraq onlar iş günü vaxtında keçirilə bilər.

11. Əmək qabiliyyətini itirmiş sığorta haqları ödəyən şəxs (xəstəliyin kəskinləşməsi və ya istehsalat zədələnmələri zamanı) səhiyyə məntəqəsinə müraciət etdikdə həkim 3 gün müddətinə xəstəlik vərəqəsi verir. Bu xəstəlik vərəqəsinin müddəti ümumi qayda ilə poliklinika, ambulatoriya və sairə həkimləri, eləcə də həkim-məsləhət komissiyası tərəfindən uzadılır. Səhiyyə məntəqəsində həkim olmadıqda, yalnız tibb bacısı və ya feldşer olduqda, onlar xəstəlik vərəqəsi vermir, ilk yardım göstərərək sığorta edilmiş əmək qabiliyyətini itirən şəxsi dərhal qəbul olunmaq üçün poliklinikaya və ya ambulatoriyaya göndərirlər.

Əmək qabiliyyəti bərpa olunmuş sığorta haqları ödəyən şəxsə xəstəlik vərəqəsi verilmir, göndəriş vərəqəsində onun gəlib-getdiyi vaxt haqqında qeydlər olunur.

12. Axşam və yaxud gecə vaxtı, poliklinikada və ya ambulatoriyada qəbul olmadıqda, səhiyyə məntəqəsinə müraciət edilərsə, məntəqədə yalnız tibb bacısı və ya feldşer növbə çəkdikdə onlar əmək qabiliyyətini itirmiş şəxsə ilk tibbi yardım göstərib, ertəsi günü poliklinika və ya ambulatoriyaya getməyi, lazım gəldiyi halda isə evə həkim çağırmağı təklif edirlər. Bu halda onlar öz imzası və möhürü ilə arayış verirlər. Arayışda işdən azad olma vaxtı, xəstələnmə və şikəstliyin xarakteri haqqında qısa məlumatlar göstərilir.

Poliklinikanın və ya ambulatoriyanın həkimi sığorta edilmiş şəxsin əmək qabiliyyətini itirməsini təsdiq edərək, ona arayışda göstərilmiş vaxtdan etibarən xəstəlik vərəqəsi verir. Həkim onun əmək qabiliyyəti olduğunu etiraf edərsə, bu zaman arayışda göstərildiyi vaxtdan başlayaraq yalnız həmin növbə qurtaranadək xəstəlik vərəqəsi verir.

13. Stasionarda (xəstəxanada, klinikada və i.a.) müalicə edilərkən xəstənin stasionarda qaldığı bütün vaxt üçün müalicə edən həkim, şöbə müdiri ilə birlikdə xəstəlik vərəqəsi verir.

Stasionardan vaxtında yazılmaq, habelə əlillik və ya sağlamlıq imkanları məhdudluğunun əlamətləri olan xəstələri vaxtında aşkar etmək və onun qovluğunu tibbi-sosial ekspert komissiyasına göndərmək məsuliyyəti baş həkimə tapşırılır.[6]

İşçi protez-ortopedik müəssisənin nəzdindəki stasionarda olduğu müddət ərzində, həmçinin stasionara gedib-qayıtdığı vaxt üçün ona xəstəlik vərəqəsi verilir. Xəstəlik vərəqəsi stasionarın həkimi tərəfindən protez-ortopedik müəssisənin tibb şöbəsinin baş həkimi ilə birlikdə verilir, protez-ortopedik müəssisədə tibb şöbəsi olmadıqda isə stasionarın həkimi tərəfindən verilir.

14. Stasionardan yazılarkən sığorta haqqı ödəyən əmək qabiliyyətini itirən şəxsin xəstəlik vərəqəsi, stasionarın müalicə həkimi tərəfindən şöbə müdiri ilə birlikdə, müalicə idarəsinə gələnədək və ya evə həkim çağıranadək, lakin birdəfəlik 10 gündən çox olmayan müddətədək uzadılır.

15. Bir həkimi olan müalicə idarələrində (kənd yerlərində, uzaq rayonlarda və i.a.) həmin həkimə bütün xəstələnmə dövrü üçün təkbaşına xəstəlik vərəqəsi vermək hüququ verilir. Həmin xəstələr 20 gündən bir həkim-məsləhət komissiyasına təqdim olunmalıdır. Onkoloji və vərəm xəstələrin xəstəlik vərəqələri həmin həkim tərəfindən xəstəxanaya gedənə qədər və ya axıra qədər təkbaşına uzadıla bilər.

16. Başqa şəhərdə (yerlərdə) xüsusi müalicə olunmaq üçün xəstəlik vərəqəsi həkim-məsləhət komissiyası tərəfindən (bu komissiya olmadıqda isə müalicə həkimi ilə birlikdə baş həkimlə) verilib, həmin vərəqə rayon (şəhər) səhiyyə idarəsi tərəfindən təsdiq olunmalıdır. Xəstəlik vərəqəsi olan şəxs müalicə həkiminin icazə qeydiyyatı olmadan başqa şəhərə gedirsə, bu hal rejimin pozulması kimi hesab olunur.

17. Sığorta haqqı ödəyən uzun müddət və tez-tez xəstələnən şəxslərə baş həkim ayrıca həkim təhkim etməli və bu barədə həmkarlar ittifaqları komitələrini xəbərdar etməlidir. Sığorta edilmiş şəxsə ayrıca həkim təhkim olunması barədə həmkarlar ittifaqları komitələri xəstəni yazılı surətdə xəbərdar etməlidir ki, başqa həkimlər tərəfindən ona verilmiş xəstəlik vərəqələri ödənilməyəcəkdir (müstəsna olaraq həmkarlar ittifaqları komitələrinin xüsusi qərarlarından başqa).

Sığorta haqqı ödəyən şəxsin bu və ya digər xəstəliyi ona təhkim olunmuş həkimə aid olmadıqda, məsləhət üçün müvafiq mütəxəssis cəlb olunmalıdır.

Bu halda xəstəlik vərəqəsi hər iki həkim tərəfindən birlikdə verilir və həmin xəstəlik vərəqəsinin 6 gündən artıq uzadılması ümumi qayda üzrə aparılır.

 

III. Hamiləlik və doğum zamanı məzuniyyətlər [7]



 

18. Hamiləlik və doğum zamanı xəstəlik vərəqəsi hamilə qadınlara mama-ginekoloq həkimi tərəfindən verilir. Mama-ginekoloq həkimi olmadıqda, xəstəlik vərəqələri ümumi qəbul aparan həkim tərəfindən verilir.

Hamiləlik və doğuma görə xəstəlik vərəqəsi birdəfəlik 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətinə verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda, xəstəlik vərəqəsi 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü) müddətinə verilir.

Kənd təsərrüfatı istehsalında çalışan qadınlara (həmin qadınların çalışdığı istehsalatlar, işlər, peşələr, vəzifələr və göstəricilər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahıya müvafiq olaraq müəyyənləşdirilir) hamiləliyə və doğuşa görə xəstəlik vərəqəsi normal doğuşda 140 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 70 təqvim günü), doğuş çətin olduqda 156 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 86 təqvim günü), iki və daha çox uşaq doğulduqda 180 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 110 təqvim günü) müddətinə verilir.

Belə xəstəlik vərəqəsi qadın məsləhətxanaları tərəfindən (qadın məsləhətxanaları olmadıqda ümumi müalicə-profilaktik idarələri) doğum baş vermiş müalicə idarəsində dəyişdirmə vərəqəsində qeyd əsasında verilir. Bu hallarda xəstəlik vərəqəsi müalicə idarəsinin baş həkimi və ya qadın məsləhətxanalarının müdirinin təsdiqi ilə müalicə həkimi tərəfindən verilir. Otuz həftəlik hamiləlik müddətinə qədər doğum baş verdikdə və diri uşaq doğulduqda, hamiləlik və doğuma görə xəstəlik vərəqəsi doğum baş vermiş müalicə-profilaktika idarəsi tərəfindən 140 təqvim günü, uşağın öldüyü doğum hallarında isə xəstəlik vərəqəsi 126 təqvim günü müddətinə verilir. Qadının hamiləliyi uşağa qulluq üçün haqqı ödənilən məzuniyyət dövründə baş verərsə, xəstəlik vərəqəsi bütün hamiləlik və doğum üzrə məzuniyyət dövrü üçün verilir.

Təzəcə doğulmuş uşağı birbaşa doğum evindən övladlığa götürən, yaxud övladlığa götürmədən uşaq böyüdərkən (ana öldükdə, stasionarda ruhi və digər xəstəliklərdən müalicə olunduqda və ananın uşağı böyütmək iqtidarında olmadığı sair hallarda) xəstəlik vərəqəsi doğum evinin baş həkimi tərəfindən övladlığa götürmə haqqında və övladlığa götürmədən uşaq böyütməsi haqqında sənədin təqdimindən sonra, doğum şəhadətnaməsində göstərilmiş uşağın anadan olan günündən etibarən 56 təqvim günü müddətinə verilir.

19. Səbəbindən asılı olmayaraq hamiləliyin süni yolla pozulması ilə əlaqədar əməliyyat zamanı xəstəlik vərəqələri ümumi qayda üzrə verilir.

 

IV. Ailənin xəstə üzvünə xidmət etmək üçün və karantin zamanı verilən məzuniyyətlər [8]



 

20. Ailənin xəstə üzvünə xidmət etmək üçün xəstəlik vərəqəsi, həmin xəstəni müalicə edən həkim tərəfindən verilir.

Karantin üzrə xəstəlik vərəqəsini həkim-epidemioloq, olmadıqda isə müalicə həkimi verir.

21. 14 yaşı tamam olmuş və ailənin böyük yaşlı xəstə üzvünə qulluq etmək üçün xəstəlik vərəqəsi, qulluq edilməməsi xəstənin həyatı və sağlamlığı üçün təhlükə törətdikdə, xəstəni xəstəxanaya qoymaq imkanı olmadıqda verilir.

Ailənin belə xəstə üzvünə qulluq etmək üçün verilən xəstəlik vərəqəsinin müddəti 7 gündən artıq olmamalıdır. Bu müddət yalnız müstəsna hallarda xəstəliyin ağırlığından və məişət şəraitindən asılı olaraq müalicə həkimi tərəfindən baş həkimlə birlikdə, ümumiyyətlə 10 təqvim günündən çox olmayaraq uzadıla bilər.

22. 14 yaşına çatmamış xəstə uşağa qulluq etmək üçün xəstəlik vərəqəsi uşağın anasına (atasına) və uşağa qulluq edən digər şəxsə verilir. Xəstəlik vərəqəsi bu cür xəstə uşağın istər ambulator, istərsə də stasionar müalicəsində, onun xidmətə ehtiyacı olan bütün dövr üçün verilir.

Xəstəlik vərəqəsi uşağın stasionar müalicəsində ona qulluq etmək üçün yanında qaldıqda aşağıdakı qaydada verilir;

//çıxarılıb//

//çıxarılıb//

İmmun çatışmamazlığı virusu ilə yoluxmuş və ya SPİD xəstəliyinə tutulmuş 16 yaşına çatmamış xəstə uşağın müalicəsində valideynlərindən birinə, yaxud digər qulluq edən şəxsə uşağın qulluğa ehtiyacı olan bütün dövr üçün.

23. Aşağıdakı hallarda xəstəlik vərəqəsi verilmir;

a) xroniki xəstələrə qulluq üçün;

b) həyati göstərişinə görə stasionar müalicəsi vacib olarsa, xəstə yaxud onun ailəsi bundan imtina etdikdə;

v) sağlam uşağa xidmət üçün (ana xəstələndiyi halda, körpələr evi, uşaq bağçası və həmin uşaq karantində saxlandıqda və s.)

 

V. Sanatoriya-kurort müalicəsi üçün məzuniyyətlər

 

24. Sanatoriya-kurort müalicəsi üçün məzuniyyət, sığorta edilmiş şəxsin növbəti və əlavə məzuniyyət günləri hesaba alınaraq, putyovkanın tam müddəti və sanatoriyaya gedib-qayıtmaq günləri üçün verilir. Növbəti və əlavə məzuniyyət, müalicə və sanatoriyaya gedib-gəlmək müddətindən az olduqda, çatışmayan müddət üçün xəstəlik vərəqəsi, sanatoriya-kurort müalicəsinə ehtiyac müalicə həkimi ilə birlikdə şöbə müdiri və ya baş həkim tərəfindən müəyyənləşdirildikdə verilir.



Yuxarıda göstərilən qaydada (kursovka) putyovka ilə ambulator kurort müalicəsində də xəstəlik vərəqəsi verilir.

Əgər işçinin üst-üstə 2 və daha çox il üçün məzuniyyət almaq hüququ varsa, onda sanatoriya-kurort müalicəsi üçün xəstəlik vərəqəsi verilərkən, lazım olan məzuniyyətlərin ümumi davamiyyəti hesablanır.

Əgər işçi sanatoriya və ya kurorta gedənə qədər məzuniyyətdən istifadə etmişdirsə, lazımi putyovka və müalicə həkiminin rəyi barədə arayış olarsa, onda müdiriyyət həmkarlar ittifaqı komitəsi ilə birlikdə onun növbəti və ya əlavə məzuniyyət günlərinə bərabər əmək haqqı saxlanılmamaq şərtilə məzuniyyətin verilməsi məsələsini həll edir. Bu halda xəstəlik vərəqəsi, növbəti və əlavə məzuniyyət günlərini çıxmaqla verilir.

25. Vərəm sanatoriyasında müalicə müstəsna edilməklə, sanatoriya-kurort müalicəsi üçün xəstəlik vərəqəsi həkim-məsləhət komissiyası tərəfindən, belə komissiya olmadıqda isə müalicə edən həkim tərəfindən baş həkimlə birlikdə, yalnız sanatoriyaya gedənədək verilir.

Xəstəlik vərəqəsi almaq üçün müraciət etdikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

a) putyovka;

b) növbəti və əlavə məzuniyyətlərin müddəti haqqında müdiriyyətin verdiyi arayış;

v) sanatoriya-kurort kartası.

Müalicə-profilaktika idarələrinin stasionarından birbaşa sanatoriyaya müalicə olunmaq üçün göndərilmiş xəstələrə, xəstəlik vərəqəsi müalicə-profilaktika idarələri tərəfindən stasionardakı müalicə müddətinə verilərək, sanatoriyada tam müalicə dövrü üçün uzadılır.

26. Vərəm sanatoriyasında müalicə zamanı xəstəlik vərəqələri sanatoriyanın müalicə həkimi və baş həkimi tərəfindən verilir.

Vərəm sanatoriyasında xəstəlik vərəqələri alan şəxslər, sanatoriyaya göndərilmə vərəqəsini, növbəti və əlavə məzuniyyətlərin müddəti haqqında arayış təqdim etməlidirlər.

27. Sanatoriyada putyovkada göstərilən vaxtdan artıq qalmağa, yalnız işçinin sanatoriyada qalma müddəti qurtardığı zaman kəskin xəstələnməsi və ya əsas xəstəliyin ağırlaşması nəticəsində əmək qabliyyətini itirdiyi, sanatoriyadan yazılması və xəstəxanaya köçürülməsi mümkün olmadığı hallarda icazə verilir.

Sanatoriyada qalma müddətinin uzadılması və bununla əlaqədar olaraq xəstəlik vərəqəsi:

a) həmkarlar ittifaqlarının, səhiyyə nazirliyi sisteminin sanatoriyalarında sanatoriyanın baş həkimindən (sədr) müalicə edən həkimdən və müvafiq ixtisas üzrə sanatoriyanın məsləhətçisindən (əgər varsa) ibarət olan komissiya tərəfindən verilir.

b) digər sanatoriyalarda yerli müalicə idarələrindəki həkim-məsləhət komissiyası tərəfindən sanatoriyanın müalicə həkiminin iştirakı ilə, belə komissiya olmadıqda isə yerli müalicə idarəsinin (poliklinikanın, xəstəxananın və i.a.) baş həkimi tərəfindən verilir.

28. Sanatoriyada başlayan, növbəti və ya əlavə məzuniyyət vaxtına təsadüf edən əmək qabiliyyətini (tamamilə və ya qismən) itirmə hallarında xəstəlik vərəqəsi 27-ci bənddə göstərilən komissiyalar tərəfindən, sanatoriyadan yazıldığı zaman verilir.

İşçiyə növbəti və əlavə məzuniyyətinə təsadüf edən əmək qabiliyyətinin itirildiyi bütün günlər üçün xəstəlik vərəqəsi həmin sanatoriyaya göndərilməklə əlaqədar verilmiş xəstəlik vərəqəsi günləri çıxmaq şərtilə verilir.

Əmək haqqı saxlanılmaqla verilən məzuniyyətə təsadüf edən günlər üçün xəstəlik vərəqəsi verilmir.

 

VI. Xəstəlik vərəqələrinin qeydiyyatı, saxlanılması və verilməsinə dair ümumi qaydalar

 

29. Müalicə-profilaktika idarələri xəstəlik vərəqələrinin blanklarının sayının, mədaxil və məxaricinin dəqiq hesabını aparmalıdırlar.



Müalicə-profilaktika idarələrində xəstəlik vərəqələrinin blanklarının saxlanılması xüsusi yerlərdə, odadavamlı şkaflarda təşkil olunmalıdır.

Xəstəlik vərəqələri blanklarının alınması, saxlanması, bölünməsi və hesabatı üçün müalicə-profilaktika idarələrinin müdiriyyəti və baş (böyük) mühasibləri məsuliyyət daşıyır.

30. Xəstəlik vərəqələri müəssisələrin nəzdində olan, yaxud müəssisələrin təhkim olduğu müalicə idarələri, həmçinin işçinin yaşayış yerindəki müalicə idarələri tərəfindən verilir.

İşdən azad olanlara xəstəlik vərəqələri verilmir.

Müstəsna olaraq xəstəlik vərəqəsi sahə həmkarlar ittifaqları birliklərinin göstərişi ilə işçiyə müvəqqəti əmək qabliyyətini itirməsi bir aydan çox çəkdikdə, yaxud hamiləliyə və doğuma görə məzuniyyət işdən azad edildiyi gündən etibarən iki ay ərzində baş verdikdə, sabiq hərbi qulluqçulara həqiqi xidmətdən təxris edildikdən sonra üç ay ərzində xəstələndikdə verilə bilər.

Xəstəlik vərəqələri itirilən zaman onun surəti, iş yerindən həmin vaxt müavinətin ödənilməməsi barəsində arayış təqdim etdikdən sonra həmin vərəqəni vermiş orqan tərəfindən verilir.

31. Sığorta haqqı ödəyən şəxslərin əmək qabiliyyətini müvəqqəti olaraq itirməsi daimi yaşayış və iş yerindən kənarda (məs. ezamiyyət zamanı, istirahət evində və i.a.) müvəqqəti olduqları yerdə müalicə idarəsinin baş həkiminin təsdiqi ilə verilir.

32. Yaşayış və ya iş yerindən kənarda ilk xəstəlik vərəqəsi alan xəstələrin xəstəlik vərəqələrinin müddətləri onların digər yerlərə getməyinin mümkünlüyünü nəzərə alaraq başqa yerdə müalicə idarəsinin rəyi əsasında uzadılır.

33. Xəstəlik vərəqələri stasionar müalicəsindən başqa əmək qabiliyyətinin itirilməsi təyin olunduğu gündən verilir.

34. Əmək qabiliyyətinin itirilməsi, növbəti əmək haqqı verildiyi vaxtdan davam edərsə, bu halda müalicə həkimi sığorta edilmiş şəxsə xəstəlik vərəqəsinin «davamını» verir. Birinci xəstəlik vərəqəsində isə «işə başlamalı» qrafasında xəstəlik vərəqəsinin «davamını» verməsi haqqında qeyd edir.

35. Sığorta haqqı ödəyənlərə müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa və təcili müalicəyə ehtiyac yoxdursa, həmin sənədlər yaşayış və ya iş yeri üzrə müalicə-profilaktika idarələrinin HMK-sı tərəfindən xəstəlik vərəqələri ilə əvəz olunur.

 

VII. Əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar qeyri-müəyyən formalı arayışların verilməsi qaydaları

 

36. Əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar qeyri-müəyyən formalı arayışlar aşağıdakı hallarda verilir:



müəssisədə, idarədə işləyən zaman axşam və ya gecə vaxtı xəstənin xəstəliyi və zədəsi ağırlaşdıqda, səhiyyə məntəqəsində isə yalnız tibb bacısı və ya feldşer növbə çəkdikdə;

zərərli və əlverişsiz iş şəraitində çalışan zəhmətkeşlər mövcud qaydada dövri tibbi müayinələri keçdikdə;

ambulatoriya və stasionar şəraitdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göndərişilə tibbi müayinədən keçən hərbi qulluqçular və hərbi xidmətə çağırılmış şəxslərə, eləcə də müayinə olunduğu yerə getdiyi və qayıtdığı müddətdə; [9]

tibbi-məhkəmə ekspertizasının (məhkəmə psixiatriyasının) eyni zamanda stasionar şəraitində ekspertizanın keçirildiyi hallarda;

xalq məhkəməsinin qərarı ilə məcburi müalicə keçdikdə;

sağlam uşaqlara xidmət üçün, məs., ana xəstələndiyi halda, məktəbəqədər uşaq müəssisələrinə və ya həmin uşağa karantin qoyulduqda (körpələr evi, uşaq bağçası). Ana xəstə olduğu halda, ataya və ya ailənin digər üzvünə sağlam uşağa xidmət üçün arayış, ananın müalicə həkimi tərəfindən, karantinlə əlaqədar xidmət üçün isə həkim-epidemioloqun rəyi əsasında verilir. Müalicə həkimi özü arayışı 6 təqvim günü müddətinə verir, bu müddətdən sonra şöbə ilə (o olmadıqda baş həkimlə) birlikdə verir.

işdən azad olmuş şəxslər əgər fasiləsiz iş stajının saxlanılması şərti ilə təzə iş yerinə daxil olduğu müddət üçün xəstə ailə üzvünə qulluqla əlaqədar əmək qabiliyyətini itirdikdə (xəstəlik vərəqəsinin verildiyi müddətdən çox olmayaraq). Göstərilən arayışlar müalicə həkimi və müalicə idarəsinin baş həkimi tərəfindən verilərək dəyirmi möhürlə təsdiq olunur.

yaşlılara qulluq üçün mövcud qanunvericilik əsasında xəstəlik vərəqələrinin ambulator müalicəsində verilmə müddətləri qurtardıqdan sonra xəstənin xəstəliyinin ağırlığını, xəstəxanaya yerləşdirmək mümkün olmadığını, ailə vəziyyətini nəzərə alaraq (göstərilən hallarda arayış qeyri-müəyyən formada müalicə idarəsinin baş həkiminin razılığı ilə verilir).

Yaşlılara stasionar müalicəsi zamanı onlara qulluq etmək vacib olduqda (xəstənin yanında qalan qohumlarından birinə qulluq lazım olan müddət üçün xəstəlik vərəqəsinin verilməsini stasionarın baş həkimi, tibb hissəsi üzrə baş həkimin müavini ilə həll edir və bu haqda xəstənin tibb kartasında müalicə həkimi və şöbə müdiri tərəfindən qeydiyyat aparılır).

 

VIII. Həkimlərin məsuliyyəti və onların hərəkətlərindən şikayət edilməsi

 

37. Xəstəlik vərəqəsinin və arayışının əsassız verilməsi və ya səhv doldurulması üçün həkimlər inzibati və ya cinayət məsuliyyəti daşıyırlar.



Əmək qabiliyyətinin ekspertizası üzrə işlərin qoyulması, xəstəlik vərəqələrini və arayışların verilməsi, onların saxlanılması, qeydiyyatının aparılması məsuliyyəti baş həkimə tapşırılır.

38. Sığorta haqqı ödəyən şəxslərə xəstəlik vərəqələrinin və arayışların verilməsi, sənədləşdirilməsinə dair həkimlərin düzgün olmayan hərəkətləri barədə şikayətlər baş həkim və ya həmin müalicə idarəsindəki həkim-məsləhət komissiyası (əgər bu cür komissiya olarsa) tərəfindən həll edilir.

Əgər sığorta haqqı ödəyən xəstə müalicə idarəsi tərəfindən şikayətinin həlli ilə razı deyilsə, yuxarı səhiyyə idarələri həmin şikayətə baxıb, onun səbəbini aradan qaldırmaq üçün ölçü götürürlər.

39. Əvvəl qəbul edilmiş, hazırki təlimata zidd olan bütün qaydalar və qanunlar ləğv olunur.

40. Bu təlimat 1993-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

 



 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin


1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarına
3 №-li əlavə [10]

 

//çıxarılıb//



//çıxarılıb//

 

 



 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       19 fevral 1994-cü il tarixli 70 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı



2.       3 iyul 1995-ci il tarixli 158 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

3.       21 oktyabr 1997-ci il tarixli 122 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 338)

4.       19 yanvar 1998-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 1, maddə 50)

5.       15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 9, maddə 596)

6.       22 fevral 2008-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 130)

7.       2 oktyabr 2013-cü il tarixli 274 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 oktyabr 2013-cü il, № 219; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1195)

 

 
Yüklə 81,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə