Xəzərin qabarıq köksündə fəcrin qızıllı-çəhrayı parıltısı göz qamaşdırırdı. Üfüqlə



Yüklə 161,87 Kb.
Pdf görüntüsü
tarix14.01.2018
ölçüsü161,87 Kb.
#20673


Ülkər-Aytəkin

Xəzərin qabarıq köksündə fəcrin qızıllı-çəhrayı parıltısı göz qamaşdırırdı. Üfüqlə 

dənizin sərhədini sezmək olmurdu. Sahil kimsəsiz və sakit idi. Kəhrəba 

ovuntusuna oxşar qumsallıq dalğa-dalğa uzanırdı. Təkəm-seyrək uçuşan 

qağayılar, uşaqların kağızdan düzəldib havaya tulladıqları cansız quşları 

xatırladırdı. Onlar, ləpədöyəndə qara-boz qayaların arasında oturmuş qırmızı 

geyimli Ülkərin ətrafında qanad çalmadan səssiz-səmirsiz süzürdülər. Qız, 

bayaqdan tamaşa etdiyi bu mənzərənin seyrindən doymuş kimi birdən ayağa 

qalxdı. Çala-çuxur yaş daşların üstündə sürüşüb yıxılmamaq üçün qollarını yana 

açaraq müvazinət saxladı; tələsmədən, ehtiyatla sahilə addımladı.

Qarşıda sərin yaşıllıq içində gizlənmiş çoxmərtəbəli istirahət evinin pəncərələri 

günəş işığında sanki alovlanıb yanırdı. Bir qədər irəlidə ucalan möhtəşəm 

Mərdəkan qalasının daşları közərmiş kimi görünürdü. Hər yanda ürək 

fərəhləndirən, göz oxşayan təravət, gözəllik duyulurdu. 

Ülkər Bakının yaxınlığında bu cür səfalı guşənin olduğunu təsəvvürünə 

gətirməmişdi. İstirahət eləməyə bura gəldiyindən razı idi. Lakin işlədiyi fabrikdəki 

doğma qızlardan ayrıldıqdan sonra tanımadığı adamlar arasında 

qəribsiyəcəyindən qorxurdu. Həmsöhbət kimi tapacaqdı bilmirdi.

Dünən birinci gecəni ikinəfərlik otaqda tək qalmışdı. Qonşu çarpayının sahibi 

axşamdan harasa getmişdi, səhərəcən qayıtmadı. Onun üçün də Ülkər səksəkəli 

yatmışdı. Sübhün gözü açılmamış yerindən qalxmışdı. Geniş pəncərənin tül 

pərdəsi arxasından əlvan güllü bağ-bağça, yaşıllıq, sahil, dəniz adamın üzünə 

gülümsəyirdi. Xəzərin, üfüqün heç zaman belə füsunkar rənglərə, çalarlara 

boyandığını görməmişdi. Qız otaqda qərar tutmamışdı. Geyinib əvvəlcə eyvana 

çıxmışdı. Sonra isə aşağı enərək sahilə qaçmışdı.

İndi istirahət evinə qayıdanda içəridə tovuz quşu kimi bəzənmiş ucaboylu, 

nisbətən dolubədənli, qəşəng bir qadın ayna qabağında dayanıb saçlarını 

darayırdı. 

- Salam!   - deyə Ülkər qəribsinərək ona yanaşdı. – Tanış olaq. Mən sizinlə bir 

otaqda yaşayacağam. 

Əl tutdular. Qadın adını ”Elvira” söylədi. Ləkəsiz, qırışsız, ətli ağ sifəti, göy, sürməli

gözləri, balaca zərif burnu, gərilmiş nazik qaşları və çiyinlərinə tökülmüş qızılı ipək 

saçları vardı onun. Qadın dodaqlarını qızartdığından bir az da gözəlləşmişdi.

-Haçan gəlmisiz? – deyə qadın o tərəf-bu tərəfə fırlanaraq aynada özünə baxdı.

- Dünən. Qaş qaralanda. 

- Gecəni tək qalmağa qorxmadınız?

- Xeyr.

- Məni soruşan olmadı?



- Yox.


Elvira ətirlənib saatına baxdı.

- Gedək? Yeməyin vaxtıdır...

O, cavab gözləmədən əl çantasını götürüb otaqdan çıxdı. 

Bu ilk tanışlıq Ülkərə nəsə soyuq təsir bağışladı. Elvira onun görmək istədiyi 

adamlardan deyildi. Elə bil istirahət bəhanə idi, bura başqa məqsədlə gəlmişdi...

İkinci gün Elvira daha da Ülkərin gözündən düşdü. 

- Mən burada cavan bir rəssamla görüşürəm, - deyə yatmağa hazırlaşanda 

qadın sirrini ona açdı.  – Çox yaxşı oğlandır. Mərdəkanda əla villası var. 

Ailəsini Kislovodska göndərib. Dünən də... gecəni onlarda qalmışdım.

Ülkər təəccübləndi.

- Əriniz yoxdur?

Qadın istehza ilə gülümsəyərək bir siqaret yandırıb sümürdü. 

- Niyə yoxdur? Var. Ərim Odessada, mən burda. Nə qədər ki, istirahətdəyəm, 

təkəm, ixtiyarım özümdədir.

Çox etinasızlıqla deyilən bu sözlərdən Ülkər dəhşətə gəldi. Elvira nə danışırdı? 

Onlar necə ər-arvad idilər?

Daha söhbəti uzatmağı lazım bilmədi. Arxasını qadına tərəf çevirib işığı 

söndürdü. 

O gündən sonra Ülkər Elvira ilə bir otaqda yanaşı çarpayıda yatsa da, özünü 

qəlbən ondan çox uzaqda sandı. 

* * *

Qızmar avqust günəşi Mərdəkan qalasının arxasına əyilirdi. Çimərlikdə adam 



əlindən tərpənmək olmurdu. Çətirlərin kölgəliyində boş yer yox idi. Zarafat, 

gülüş, çığırtı, musiqi səsləri bir-birinə qarışmışdı.

Ülkər sahilə çatınca xalatını soyunub suya atıldı. Bir qədər dərinə getdikdən 

sonra arxası üstdə çevrilib beləcə hərəkətsiz qaldı. Şəffaf mavi səmada pəmbə 

buludlar üzürdü. Kağız qağayılar bu gün görünmürdü. Yəqin qələbəlikdən ürküb

uzaqlara çəkilmişdilər.

İlıq suda çimməkdən Ülkər olmazın ləzzət alırdı. Sanki dəniz, əzalarına çökən 

bütün yorğunluğu canından sorub çıxarırdı. 

- O, sahilə üzəndə otaq qonşusunu lap yaxından daz bir kişi ilə gördü. 

Qurşağa qədər suyun içində üz-üzə dayanmışdılar. Göy rezin başlıq taxmış 

Elvira sürməli gözlərini süzdürərək yanındakına nəsə pıçıldayırdı. Qız srağa 

gün onun dediyi sözləri xatırladı: «Ərim Odessada, mən burda. Nə qədər ki, 

istirahətdəyəm, təkəm, ixtiyarım özümdədir».



Ülkər gətirdiyi mələfəni qum üstdə sərdi. Xalatını qatlayıb başının altına qoydu. 

Qaraşüşəli eynəyini taxaraq üzü günəşə uzandı. Və gözlərini yumunca keçmişə 

- beş il əvvəlki çağlara qayıtdı.

... Orta məktəbi qurtardıqdan sonra o həkim olmaq arzusu ilə sənədlərini 

instituta verdi. Lakin çətin imtahanladan çıxsa da, istəyi ürəyində qaldı. 

Müsabiqədən keçmədi. Həyatda rastlaşdığı bu ilk uğursuzluq onu oxumaq 

həvəsindən saldı. Anası neçə illərdi toxuculuq fabrikində çalışırdı. Ülkəri də 

aparıb orada işə düzəltdi. 

- Evdə bekar oturmaqdan nə çıxar, qızım. İnstituta gələn il girərsən, həm də o

vaxtacan staj qazanarsan, bu da sənin xeyirin.

Əvvəllər fabrikə candərdi, könülsüz gedən Ülkər, özünə təzə rəfiqələr 

tapdıqdan sonra işə alışmışdı. Çox keçmədən sexdəki qaynar həyat – 

dəzgahların ahəngdar səsi, sapların arası ilə o tərəf-bu tərəfə qaçan məkiklərin 

şaqqıltısı onun üçün doğmalaşdı. Ülkər günlərin, ayların necə sürətlə ötdüyünü 

hiss etmədi. İnstituta növbəti qəbul vaxtı gəldi. Lakin... indi ona neçə-neçə 

dəzgahın taleyi tapşırılmışdı. Qızlarla yarışırdı. Fabrikdən ayrılmaq çətindi.

Yengidə də belə oldu...

Üçüncü il Ülkər anasının təkidi ilə sənədlərini yenidən ali məktəbə verdi. Ancaq 

bu dəfə artıq həkimlik fikri başından çıxmışdı. O, sənətinə uyğun yüngül sənaye

ixtisasını seçdi. Həm də qiyabi şöbəyə girdi...

- Bağışlayın, xanım qız, sizin yanınızda məskən salmaq olar?

Səsə düşüncülərdən ayrılan Ülkər gözlərini açdı.

Böyründə ucaboy bir oğlan dayanmışdı. Çimməyə təzəcə gəldiyindən hələ 

soyunmamışdı. Ayaqyalın, idmançı paltarında idi. Ovcunda tutduğu kiçik 

radio cihazında Robertino oxuyurdu. Ülkər nə cavab verəcəyini bilmədi. 

Dikəlib oturdu və qəzəbli bir hərəkətlə eynəyi gözündən çıxardı.

- O tərəflərdə boş yer çoxdur! – dedi və qaşlarını çatdı. – Gedin, orada məskən

salın!


Oğlan dinmədi. Xəfifcə gülümsəyib peşman addımlarla uzaqlaşdı. 

Robertinonu da özü ilə apardı. Ülkər onun getdiyinə sevinsə də müğənniyə 

heyifsiləndi...

* * *


Axşam yeməkxanadan çıxanda Ülkər həmin oğlanla bir də rastlaşdı. O, boza çalan

məxmərdən tikilmiş dar şalvar, yaxası, qolları açıq yaşıl-qırmızı damalı şotlandka 

köynək geymişdi. Biləyinə iri yapon saatı taxmışdı. Qara gözləri, enli qaşları və 

ucları çənəsinin üstünə əyilmiş sarımtıl topa bığları sifətinə ciddi bir görkəm 

verirdi. Elə bil Ülkərin bayaqkı sərt cavabından hələ də qaş-qabağı açılmamışdı.

Astanada qarşılaşanda o, centlmencəsinə bir addım geri çəkilib, əvvəlcə qızı 

qapıdan buraxdı. Sonra özü içəri girdi. Lakin başını qaldırıb baxmadı. 

Ülkər evləri ilə danışmaq istəyirdi. Ancaq telefon köşkündə adam vardı. Bayırda da

iki nəfər növbə gözləyirdi. Onun üçün uzağa getmədi, keçib vestibüldə yumşaq 



kürsülərdən birində əyləşdi. Qoltuğunda gəzdirdiyi kitabı açdı. Təzə oxumağa 

başlamışdı ki, Elvira uzaqdan onu səslədi. Qız qulaqlarına inanmadı:

- Məni çağırdınız? – deyə əli ilə sinəsinə işarə etdi.

Qadın tez-tez kirpiklərini  qırparaq başını tərpətdi:

- Sizi.

Ülkər könülsüz qalxıb Elviraya yaxınlaşdı. Otaq qonşusu sözlü adama oxşayırdı. 



Ərkyanalıqla qızın qoluna girib onu yarımqaranlıq həyətə çıxardı. 

- Görünmürsüz, - dedi. – Yoxsa məndən qaçırsız? 

 Ülkər dodaqlarını büzüb , çiyinlərini çəkdi. Dinmədi.

- Gəzirsiz tək, çimirsiz tək. Elə niyə? Tutaq məni bəyənmirsiz. Bu boyda 

istirahət evində ürəyinizə yatan bir adam tapmırsız?

- Anlamıram, siz nə demək istəyirsiz?

- Demək istəyirəm ki, ildə bir yol əlinizə belə fürsət düşür. Vaxtınızı mənasız 

neyçün keçirirsiz?

- Məna deyəndə, siz nəyi nəzərdə tutursuz?

Elvira çantasını çiynindən asıb ayaq saxladı. 

- Bu dəqiqə deyim sizə. Adam həyatda bir dəfə yaşayır. Gərək hər günün, hər 

saatın qədrini bilsin. Geyinsin, gəzsin, yesin, içsin... Biz hansı zamanda 

yaşayırıq?.. Qəzet-jurnal oxumursuz? Görmürsüz Avropada camaat nələr 

eləyir?..

- Mən avropalı deyiləm, azərbaycanlıyam. Özümün də hələ 24 yaşım var. Ərə 

getməmişəm...

- Nə olsun! Mən üç kərə gedib çıxmışam! İndi də pələng kimi bir kişinin 

arvadıyam. Xətrimi dünyalarcan istəyir. Mən aktrisayam. Ərim üçün şəxsi 

mülkiyyət deyiləm. Azadam... Başa düşürsüz məni?

Elviranın söhbətindən əsəbiləşən Ülkər bezikmiş tərzdə sir-sifətini turşutdu:

- Mənə nə sözünüz vardı, tələsirəm...

- Hə... dediyim odur ki, əgər özünüz bacarmırsızsa, xoşunuza gələn oğlanla 

mən sizi tanış eləyim. İstəmirəm darıxasız.  Yox, əgər adam tapmırsızsa, onu

da öhdəmə götürüm. Mənə nə var ey... çalışdığım sizin üçündür.

Ülkər dözə bilməyib Elviranın üzünə bozardı:

- Təşəkkür edirəm! Siz mənə yaxınlaşmaqda yanılırsınız!

Bu vaxt xiyabanla onlara sarı bir qaraltı irəlilədi.

- Bağışlayın... Ülkər xanım, söhbətinizə mane oldum... Sizi Bakıdan telefona 

çağırırlar. 

Bu səs qıza tanış idi. Elviradan ayrılıb uzaqlaşmaq istəyəndə duruxdu. Onun 

dalınca gələn yenə həmin oğlan idi.



- Çox sağ olun, - deyə Ülkər adını bilməyən bu gəncə minnətdarlıq elədi. 

Və nə üçünsə birdən- birə eyni açıldı. Əgər telefona tələsməsəydi, çimərlikdəki 

sərt cavabına görə bəlkə də ondan üzr istəyəcəkdi. Lakin buna imkan tapmadı. 

Qaça-qaça getdi. Qapıdan içəri girəndə sövqi-təbii ilə qanrılıb geri baxdı...

Dişarı çıxanda oğlan asta addımlarla ona yanaşdı. 

- Xeyirdimi? – deyə ehtiyatla xəbər aldı. Bu dəfə Ülkər dilinə şirinlik qatmağa 

çalışdı:

- Siz zəhmət çəkdiniz.. Elə bir şey yoxdur. Mamam idi. Məndən nigaran qalıb. 

Deyir, üç gündür getmisən, zəng vurmursan. 

Sözünü deyəndən sonra qız bilmədi nəzakət xətrinə yubansın yoxsa uzaqlaşsın.

Yaxşı ki, oğlan ikinci bir sualla onu saxladı:

- Bağışlayın, siz məni tanımırsız?

 Ülkər kirpiklərini qaldırıb, iri, ala gözlərini onun üzünə zillədi.

- Xeyr...

- Yəqin çox dəyişmişəm. – O bir an susub əlavə etdi. – Amma siz mənim 

yadımda yaxşı qalmısınız. Əsl adınız da Ülkər Aytəkindir. Elə deyilmi?

- Bəli.

- Beş il əvvəl biz ikimiz də tibb institutuna imtahan verirdik. Mən stomatoloji, 



sizsə müalicəvi-profilaktika fakültəsinə.

Qız məyus tərzdə onun sözünü tamamladı:

- Mən müsabiqədən keçmədim, arzum ürəyimdə qaldı, gəldim evdə o var ki, 

ağladım.


Xatirələr təzələnmişdi. Xırda addımlarla xiyaban boyu gəzə-gəzə söhbətə 

başladılar.

- O zaman mən həmişə fikirləşirdim, bu qıza belə qoşa ad qoymaqda nəsə bir 

sirr var. Soruşmağa utanırdım.

- Bununla çoxları maraqlanıb, - deyə Ülkər oğlanı nigaran qoymaq istəmədi. – 

Kədərli bir əhvalatla əlaqədar da olsa, sizə danışacağam. Mənim özümdən 

iki yaş böyük Aytəkin adlı bacım varmış. Təzəcə dil açıbmış. Mən anadan 

olandan bir neçə gün sonra qızcığaz xəstələnib ölüb. Atam şəhadətnamə 

çıxaranda təskinlik üçün onun da adını mənimkinə qoşub. Ülkər Aytəkin 

olmuşam.


Oğlan fikirli-fikirli başını tərpətdi.

- Maraqlıdır. Sizin adınızda iki bacı yaşayır.

- Bilirsinizmi, bu da çətindir. Bəzən qəribə hallar keçirirəm. Təsəvvür edin: 

mənim xətrimə dəyəndə, elə bilirəm bacımın da könlünü sındırırlar. Evdə 

təsadüfən bıçaqla barmağımı kəsəndə, elə bilirəm onun da həmin barmağı 

ağrıdır. – Ülkər qəhərlənən təki oldu. – Atamdan, anamdan kim soruşursa, 

həmişə iki qızımız var, deyirlər.



Oğlan söhbəti dəyişmək məqsədilə özünü təqdim etdi:

- Əgər sizi maraqlandırırsa, mənim də adım Rəşaddır. 

- Çox gözəl.

- Demək, siz işləyirsiniz...

- Bəli. Toxucuyam. Elə o vaxtdan... həm də politexnik institutunda qiyabi 

təhsil alıram. Bu il üçüncü kursu bitirirəm... Bəs siz? 

- Mən Moskvada aspiranturadayam. Dissertasiya üçün mövzu da 

götürmüşəm. 

Ülkər bu tanışlıqdan sevincini gizlədə bilmədi. Dərindən köks ötürdü. 

- Qibtə eləyirəm sizə. 

Xiyabanın qurtaracağında qoyulmuş uzun skamyaya çatanda dayandılar.

- Yorulmusunuzsa, əyləşin, - deyə Rəşad ona yer göstərdi.

Yanaşı oturdular.

Yarpaqlar arasından süzülən ay işığında oğlan gözaltı Ülkəri süzdü. Nazik 

bədəninə biçimli qırmızı ipək paltarı onun uca boyuna çox yaraşırdı. Qollarını 

sinəsində çarpazlamışdı. Məhzun gözləri yol çəkirdi. Zərif qaşları, ətli dodaqları,

əsmər yanaqları boyasız idi. Qıvırcaq qara saçları çiyinlərinə tökülmüşdü. Elə 

beş il bundan əvvəlki Ülkər Aytəkinə oxşayırdı. Ancaq bir qədər düşüncəli, 

qayğılı görünürdü.

- Sizdə maraqlı söhbətlər olar, - deyə qız araya çökən ani sükutu pozdu. – 

Moskvada yaşayırsız...

- Orası elədir... Ancaq inanın ki, bu saat dünyadan bixəbərəm. Heç yerə gedə 

bilmirəm.

- Niyə?


- Vaxt olmur. Günüm poliklinikalarda, kitabxanalarda keçir. Desəm, 

güləcəksiniz. Adam dissertasiya yazanda çox savadsızlaşır.

- Neyçün?

- Ona görə ki, ancaq səni düşündürən bircə mövzu dairəsində 

məhdudlaşırsan. Ondan kənara çıxmırsan. Başqa kitab, jurnal oxumursan. 

Kino-teatr tamaşalarına baxmırsan, dost-tanışlardan uzaqlaşırsan. Bir vaxt 

ayılıb görürsən ki, neçə ildir öz qınına qapanıb qalmısan. Dissertasiya 

mövzusundan savayı heç nə bilmirsən. Axı həyat bir yerdə durmur, 

inkişafdadır...

Bu quru mühakimələri ilə Ülkəri darıxdıracağından qorxan Rəşad söhbətə 

yekun vurdu.

- Nə yaxşı ki, burada təsadüfən rastlaşdıq!

- Yoxsa...

- Yoxsa sizi bilmirəm, mən yaman darıxacağdım, - deyə o, bir az da qıza yaxın

oturdu. 



Sonra Rəşad uşaqlıq illərinin məzəli əhvalatlarından danışdı. Gülüşdülər. Ülkər 

də həvəsləndi, öz həyatından xatırladığı bir macəranı ona nəql etdi.

-... Altı yaşım ancaq olardı. Hələ məktəbə getmirdim. Bir dəfə evdə anamdan 

şokolad istədim. Dedi, yoxumuzdur. Mən ağlamağa başladım. Atam çıxarıb pul 

verdi. «Get özünə şokolad al» - dedi. Binamızın alt mərtəbəsində böyük qastronom

vardı. Mən sevincək ora qaçdım. Bir azdan əlimdə yarım kilo ət evə qalxdım. 

Atam, anam təəccübləndi:

- Bu nədir? Sən nə almısan? – soruşdular.

Dedim, şokolad yox idi. Mən qastronomdan əliboş çıxanda gördüm bu tərəfdə 

ətsatan kişi müştərilərə deyir:

- Alın, ay camaat! Vallah lap şokolad kimi ətdir. Pulumu verdim, yarım kilo da 

mənim üçün çəkdi. 

Yenə güldülər...

İstirahət evinin işıqları bir-bir sönürdü. Ülkər qalxıb ayrılmaq istəyəndə Rəşad 

xahiş elədi:

- Gedək sahilə, mən bircə dəfə suya baş vurum, sonra qayıdaq.

- Gecənin bu vaxtında? Sizə soyuq olmaz?

- Yox, canım... Yatmazdan qabaq çimməyin ləzzəti başqadır.

Qız etiraz etməyə lüzum görmədi. Rəşad tələsik otağına qalxıb mələfə gətirdi. 

Ensiz cığırla bərabər sahilə endilər. Xırda-xırda cilvələnən ayna dənizə 

buludların, ayın, min-min  ulduzların əksi düşmüşdü. Aydın gecə idi. Rəşad 

ləpədöyənə çatınca tez soyunub , qayaların üstünə qalxdı. Qollarını yana 

açaraq bir an heykəl kimi hərəkətsiz dayandı. Sonra qəfildən başıaşağı suya 

hoppandı. Buludlar parçalandı, ay doğrandı, ulduzlar dağıldı... Elə bil Rəşad 

kosmos gəmisindən fəzaya çıxmış kosmonavt idi, maye ənginliklərin çəkisizlik 

şəraitində planetlərin arasından üzürdü. Ülkər sahildə dayanıb baxırdı. Ürəyi 

çırpınırdı...

Doğrudanmı bu oğlan həmişəlik olaraq taleyini onunla bağlayacaqdı? İnana 

bilmirdi...

* * *


Sabahısı yeməkxanada Ülkərin stol qonşularından biri getmişdi. Rəşad icazə 

alıb həmin yeri tutdu. İşıqlı pəncərə qabağında yanaşı oturdular.

Sonra isə... hər gün səhərdən axşamacan qoşa gəzdilər... danışdılar... açılışdılar.

İndi daha Rəşad ürəyindən keçənləri ona deməkdən çəkinmirdi.

«Sən mənim Aytəkin Ülkərimsən».

«Əvvəl axır bir qız bir oğlanındır. Mənim də bəxtimə sən düşmüsən».

«Sənə baxanda sağ gözümü sola, sol gözümü sağa qısqanıram». 



«Sənin dodaqlarında Cokonda təbəssümü var».

«Son günlər sənin gözlərində bir fərəh qığılcımı parlayır. Elə bil hara baxırsansa 

bahar, gül, çiçək görürsən...».

Ülkər heç vaxt eşitmədiyi bu xoş sözlərdən xumarlanırdı. Bir yol Rəşad:

- Sən mənim günəşimsən – deyəndə qız gerçəkliyə oxşar şıltaqlıqla qaşqabaq 

sallayıb gileyləndi:

- Heç gözləməzdim! Demək məni özündən yüz əlli milyon kilometr 

uzaqlaşdırırsan?

Elvira onların tez-tez qayaların kölgəsində daldey yerlərdə mehribanlıq 

elədiklərini görəndə yanlarından qeyzlə ötürdü. Lakin rəftarında, hərəkətlərində

açıqlığa yol verməyən Ülkər qadından əsla çəkinmirdi. Əksinə, Rəşad kimi bir 

oğlanla dost olduğu üçün qürrələnirdi. 

İstirahət günləri əriyib vaxt sona çatdıqca qız təəssüflənirdi. Həyatda ilk dəfə 

könül verdiyi oğlandan ayrılacağına necə dözəcəkdi? Hələ bu hicran 

həmişəlikmi, müvəqqətimi olacaqdı – bilmirdi. Rəşad ona heç nə deməmişdi.

Bir axşam Elvira da yığışıb getdi. Ülkər gecəni tək qaldı. Qaranlıqda nəzərlərini 

tavana zilləyib çox şeylər fikirləşdi. O, yalqız otaqda Rəşadın səsini eşidən kimi 

olurdu: «Son günlər sənin gözlərində bir fərəh qığılcımı parlayır. Elə bil hara 

baxırsansa bahar, gül, çiçək görürsən...». Ülkər oğlanın dediklərindən ən çox bu

sözlərə inanırdı. Yəqin sevincini gizlədə bilmirdi. Rəşad gözlərindən 

ürəyindəkiləri oxumuşdu. Axı Ülkər başqa qızlar kimi məhəbbətlə oynamağı 

bacarmırdı. Bir də onun belə fərəhlənməsinin başqa səbəbi vardı. Düşünürdü ki,

tək özünün deyil, adını adında yaşatdığı bacısının qəlbini şadlandırmışdır.

* * *


Ülkərgil Bakıda toxucular üçün tikilmiş böyük binada olurdu. Yaşadıqları 

üçotaqlı mənzili fabrikdən anasına vermişdilər. Buradakı qızları, qadınları o 

yaxından tanıyırdı. Bəziləri onunla bir sexdə, yanaşı dəzgahlarda işləyirdi. 

Qəribə də olsa bu həqiqət idi. Qonşuluqdakı başıaşağı, ismətli qızların çoxu ərə 

getməyə gecikmişdi. Özlərini gündə bir rəngə salıb açıq-saçıq gəzənlərə, 

yüngül təbiətli olanlarına cavanlar daha tez meyl edirdilər. Elə bir dövr gəlib 

çatmışdı ki, Ülkər həyatla ayaqlaşa bilmirdi. Yaşı iyirmi dördü haqlamışdı. Lakin 

hələ mehrini heç kəsə salmamışdı. Oğlanları isə görürdü. Neçəsi ilə gəzib-

dolanandan sonra bəyəndikləri qızı seçirdilər. Ülkər kimi ismətliləri diqqətdən 

kənarda qalırdı. 

Onlarla bir binada yaşayan balacaboylu Gülşadı qonşuluqda hamı yaxşı 

tanıyırdı. O qədər də gözəl, cazibədar deyildi. Arıqsifət, fındıqburun, xırdagöz 

qız idi. Qabarıq sinəsi, nazik beli və yaraşıqlı dolu qıçları vardı. Həmişə başını 

dik tutub şux yeriyirdi. Ancaq yastı çənəsi boğazına qarışdığından , sifətinə 

baxanda balığı xatırladırdı. Bunun üçün həyət adamları öz aralarında onun 

adını «Delfin» qoymuşdular. Bu sözdə bir qədər kinayə, istehza var idi. 

Qonşuları Gülşadı sevmirdilər. Çox açıq-saçıq, gəzəyən qızdı. Delfin saçlarını 

gah uzadıb həftədə, ayda bir rəngə salar, gah da paltarına münasib parik 




qoyardı. Arxası, dizi sürtülmüş cins şalvarlarının, uzun, qısa tumanların, 

gözqamaşdıran əlvan köynəklərin, qalındaban taxta ayaqqabıların ən 

qəribələrini geyməklə oğlanların diqqətindən yayınmazdı.

Delfinin atası şəhərin məşhur dərzilərindən biri idi. Gəliri başından aşırdı. O, 

qazandığının çoxunu qızına xərcləməklə onu kiçik yaşlarından təmtəraq içində 

böyütmüşdü. Ülkər fikirləşirdi: «Belə valideynlər öz övladlarının xoşbəxtliyinə 

yox, bədbəxtliyinə səbəb olurlar. Hələ ata evində modalar arxasınca qaçan, 

həftədə bir qiymətli paltar dəyişən, qızıl-brilyantla bəzənən bu qızlar sabah ərə 

gedəndən sonra necə keçinəcəklər? Alın tərilə, halal zəhmətilə dolanan 

namuslu bir kişi belə qadının tələbini hansı yolla ödəyəcək? Əlbəttə, Gülşad 

kimilər istədiyini ərinə aldıra bilməyəndə ailədə mütləq inciklik, dava-dalaş 

düşəcək. Əsl faciə də bundan sonra başlayacaq. Tələbkar qadını razı salmağa 

çalışan kişilərdən maymaqları, söz yox ki, rüşvətə, oğurluğa əl atacaq, bəziləri 

isə biryolluq ayrılmağa məcbur olacaqlar...».

Əvvəllər Delfin Ülkərgilə tez-tez gələrdi. Şəhərdə gördüklərini, eşitdiklərini 

danışardı. Sonralar ata-anası tərəfindən bir soyuqluq, etinasıqlıq hiss 

etdiyindən yavaş-yavaş ayağını onlardan çəkmişdi. İndi ancaq küçədə, 

həyətdə, fabrikdə Ülkərlə rastlaşanda fürsət tapıb ürəyini boşaldırdı. Delfinin 

müştərisi çox idi. Dalınca sürünən, vüsalına yetən oğlanları pəncərədən baxan 

bütün qonşular görürdülər. Qız, məşuqlarının birini buraxıb digəri ilə gəzməyi 

adi məşğuliyyətə çevirmişdi. Axşamlar küçədə, həyətdə ulayan cürbəcür maşın

siqnalları onu görüşə səsləyirdi. Bu ağlını itirmiş oğlanlara Delfini sevdirən nə 

idi – Ülkər baş aça bilmirdi. 

İstirahət evində Elviranın iç üzünə bələd olunca onun timsalında iyirmi yaşlı 

Gülşadın taleyini görmüşdü. Belə hərcayı qızların, qadınların ərlərilə evdəki 

rəftarını, mətbəxdə kartof-soğan soyub xörək bişirəcəyini, uşaq doğub tərbiyə 

edəcəyini Ülkər təsəvvürünə sığışdırmırdı. 

Delfin orta məktəbi güc-bəla qurtardıqdan sonra təhsilin daşını həmişəlik 

atmışdı. O da Ülkər kimi anasının işlədiyi fabrikə getmişdi. Ancaq... sexdə 

gurultusu qulaq batıran dəzgahların arxasında toxucu olmağı arzulamamışdı. 

Özünə yüngül, rahat, təmiz bir peşə seçmişdi – katibəlik.

* * *


Sahil qayalarının kölgəsində, narın qum üstdə yan-yana iki mələfə sərilmişdi. 

Birində Ülkər uzanmışdı, birində Rəşad. Üz-üzə, göz-gözə dinməzcə baxışırdılar.

İkisi də çimərlik paltarında idi. Oğlan – göy, qız – qırmızı geymişdi. Ortada 

qoyduqları balaca radio cihazında həzin səsli müğənni bağrı yana-yana 

oxuyurdu:

Bir könüldə iki sevda olamaz, olamaz...

Biri Şirin, biri Leyli olamaz, olamaz...

Ülkər hüznlü görünürdü. Bu gün onu heç nə maraqlandırmırdı. Dəniz... sahil... 

səma... qağayılar.. hər şey nəzərində adiləşmişdi.



Rəşadın istirahət müddəti qurtarmışdı. Axşam ayrılacaqdılar. O, Moskvaya 

uçacaqdı. Bir də qışda qayıdacaqdı.

İndi Rəşad qıza təsəlli verirdi:

- Sən mənə özün kimi inan, Ülkərcan. Sağlıq olsun, yanvarda Bakıdayam.

- Mənə məktub yazacaqsan?

- Bu nə sözdür, əzizim. Görünür biz hələ bir-birimizə yaxşı bələd deyilik. Mən 

sədaqətli adamam. Heç səni unuda bilərəmmi...

Ülkəri çox şey maraqlandırırdı. Ancaq soruşmağa dili gəlmirdi, utanırdı. Bir də 

qız ləyaqətini endirmək istəmirdi.

Radiodakı müğənni bayaqdan elə oxuyur... nəqarətdə  «olamaz... olamaz...» 

nidalarını ürək dələn bir şövq ilə ucadan söyləyirdi.

Rəşad ehmalca əlini uzadıb Ülkərin üzünə tökülmüş yaş tellərini yana 

hamarladı.

- Sən necə, mənim yolumu gözləyəcəksən? – deyə qayğılı tərzdə xəbər aldı. 

Qız daha da kədərləndi:

- Mən səninlə tanış olmaqda ağılsızlıq elədim.

- Niyə?

- Özüm öz rahatlığımı pozdum.



Bu dəfə Rəşad onun yanaqlarını tumarladı. 

- Elə demə, Ülkər. Xətrimə dəyər... İstəyirsən, arada bir-iki günlüyə Bakıya 

gəlib sənə baş çəkim, yenə qayıdım, hə?

- İnanmıram.

- Neyçün? Mən yalançıyam?

- Nə bilim... Deməyə nə var ki. – Ülkər dikəlib oturdu. – Sözdə hər şey asandır.

Rəşad gözaltı onu süzdü. Qızın mütənasib əsməri bədəni ipək parça kimi hamar

və şəffaf idi. 

- Doğrudan, səndən ayrılmaq heç rəva deyil, Ülkər. – Oğlanın səsində bir 

təəssüf, həsrət duyulurdu. – Dur gedək, şokolad qız.

Bu onun yanıb qaraldığına işarə idi. 

Qalxdılar. Geyinib üzüyuxarı, istirahət evinə sarı yollandılar.

Axşam Rəşad Ülkəri yaxındakı restorana apardı. Onu dilə tutub dostluq xətrinə 

bir qədəh şampan şərabı da içirtdi. İncik könlünü ələ almaq üçün qızı rəqsə 

dəvət etdi.

Lakin bunların heç biri Ülkərin qaş-qabağını açmadı. O, Rəşaddan ayrılacağına 

özünü laqeyd göstərməyə çox çalışırdı. Ancaq, neyləsin ki, bacarmırdı. İndi 

danışanda dili-dodağı əsirdi.

- Səndən bir xahiş eləmək istəyirəm, Rəşad.



- Buyur, Ülkərcan. Mən sənin qulluğunda hazır.

- Əgər məktubu ancaq nəzakət xətrinə yazacaqsansa, özünə əziyyət vermə. 

Yaxşımı?

- Səni başa düşmürəm. Axı niyə belə fikirləşirsən?

- Deyirəm də... Sonralar məktubun arasını kəsəcəksənsə heç əvvəlcədən 

zəhmət çəkib yazma. Qoy mən də birdəfəlik öz işimi bilim. Çalışım səni 

unudum.

Rəşad Ülkərin balaca əlini ovcuna alıb sıxdı. 



- Gəl bu söhbəti qurtaraq, əzizim. Yaxşımı? Məni gülərüzlə yola sal, arxayın 

gedim. Başa düşmürəm, birdən-birə bu şübhələr hardan sənin beyninə 

doldu.

Ülkər giley-güzar eləməkdə haqlımı, haqsızmı idi, özü də bilmirdi. Ancaq 



başqasının nəzərində aldanmaq istəmirdi. Şirin yalana uyaraq 

xumarlanmaqdansa, acı həqiqəti tamsınıb zəhərlənməyi daha üstün tuturdu.

Rəşad and-aman edərək onu bu fikirlərdən daşındırmağa çalışdı:

- Ülkər, canım-ciyərim, gözümün işığı! Yəni sən məni belə etibarsız sanırsan?

O qədər dediyim sözləri havaya sovurursan? Axı mən insanam...

Oğlan az qala ağlamsandı. Qədəhini ağzınacan şərabla doldurub birnəfəsə 

başına çəkdi. Ondakı bu haləti görən Ülkər öz rəftarından peşman oldu:

- Bağışla məni, Rəşad, - dedi. – Neyləyim, hərənin bir təbiəti var. Mən də belə 

yaranmışam. Hər şeydə saflıq, təmizlik axtarıram. Bəlkə sənin barəndə səhv

edirəm. Amma mən öz sevincimi, kədərimi, şübhəmi gizlədə bilmirəm.

Restorandan çıxanda Rəşad nə gördüsə geri qayıdıb bufetə sarı döndü. Çox 

çəkmədən əlində kağıza bükülü balaca bir qutu Ülkərə yanaşdı.

- Bunu sənin üçün aldım. Mənim ən çox xoşladığım «Min bir gecə» konfetidir, -

dedi, - hərdən birini yeyərsən, ağzını şirin eləyib məni yada salarsan.

Ülkər bu dəfə onun ürəyini sındırmaq istəmədi. Başını tərpədərək təşəkkürünü 

bildirdi:

- Payın artıq olsun.

Həmin axşam Rəşad getdi.

İkinci günü təyyarə meydanından istirahət evinə zəng vurdu. Ülkəri telefona 

çağırtdırdı:

- Salamat qal, əzizim, - dedi. – Bir saatdan sonra uçuram. Məni unutma! 

Məktublarını gözləyəcəyəm. Mən də yazacağam. Sonra da özüm gələcəyəm.

Sağ ol... üzündən, gözündən, dodaqlarından öpürəm. Bərk-bərk. 

Eşidirsən:bərk-bərk...

- Yaxşı yol, Rəşad. Tez-tez yaz. Məni darıxmağa qoyma...



Ülkər ağzını dəstəyə yaxınlaşdırdı. İlk dəfə, həm də dilinə, dodaqlarına yad 

kəlmələr dedi: - mən də öpürəm...

* * *

Həyat yenə əvvəlki yeknəsəqliklə öz qaydasında davam edirdi. 



Əyninə göy bezdən köynək və aşırmalı şalvar geyib, başına sarı yaylıq bağlamış

Ülkər səs-küylü sexdə o tərəf bu tərəfə gedərək dəzgahların sazlığını yoxlayır, 

barabanlarda qırılan sapları düyünləyir, boşalan məkikləri dəyişirdi. 

İstirahətdən sonra onu birinci dəfə görən qızlar hal-əhval tuturdular:

- Aaa... xoş gəlmisən.

- Sağ ol, Çimnaz.

- Məzuniyyətini necə keçirdin?

- Belə də... Pis olmadı.

- Darıxmışdıq səninçün.

Çarxların gurultusunda ona yaxınlaşan qızlar ağız-qulağa dayanıb ya lap 

ucadan danışır, ya da əl hərəkətləri ilə bir-birini başa salırdılar.

- Ülkər, salam.

- Salam, Haykanuş.

- Hara getmişdin?

- Mərdəkandaydım.

- Qaralmısan. Çimirdin?

- Hər gün.

- Yaxşı oğlanlar çox idi orda?

- Vardı...

İstirahət evində keçirdiyi günləri Ülkər elə bil yuxuda görmüşdü. Yatmışdı, 

dəzgahların səsinə oyandı... Mavi dəniz... qara-boz qayalar... təmiz səma... 

kağız qağayılar... kəhrəba sahil... Rəşad... hamısı, hamısı röyada qaldı. Yaxşı ki, 

sevib ayrıldığı oğlandan hədiyyə aldığı bir qutu konfet evdə stolun yeşiyində 

dururdu. Yoxsa Ülkər o gördüklərinin, eşitdiklərinin gerçəkliyinə inanmayacaqdı.

“Hərdən birini yeyərsən, ağzını şirin eləyib məni yada salarsan...». Çox da 

Rəşad belə demişdi. Heç o qutuya toxunmaq olardımı?

Məhəbbətlə bıçaq yarası arasında bir oxşarlıq var. Hər ikisi öz təsirinin gücünü 

sonra göstərir. Qızcığaz sevginin ürəyini necə incitdiyini indi, ayrıldıqdan sonra 

daha artıq hiss edirdi.

Dünən Rəşaddan birinci məktubu almışdı. «... Mən hər dəqiqə sənsiz 

səninləyəm...» yazırdı. Ülkər də eynən o cür idi!

Bir axşam fabrikdən çıxıb evə gedəndə Delfinlə rastlaşdı. Avtobusda yanaşı 

oturdular. Bu dəfə həmişəkindən fərqli olaraq Ülkər ona mehribanlıq göstərdi. 

Ərkyanalıqla zarafat elədi:

- Necəsən, ay Allahın bəlası? Gəzməkdən nə vaxt yorulub yerində 

oturacaqsan?




Delfinin dərdi açıldı. Oğlanların vəfasızlığından, özünə layiq bir adam tapa 

bilmədiyindən, bəyəndiklərinin isə qüsurlarından evə çatıncaya qədər danışdı. 

Axırda Ülkəri imtahana çəkdi.

- Bax, indi mən də səndən xəbər alıram. – Bu gün-sabah iyirmi beş yaşın 

tamam olur. Məndən neçə il böyüksən. Əgər yaxşı oğlanlar çoxdu şəhərdə, 

niyə birini sevmirsən, hə? Deyinən də...

- Nə bilirsən sevmirəm?

- Hə?.. – Delfinin gözləri həlqələndi. – Təbriklər... təbriklər... Kimdir o 

bəxtəvər?

- Tanımazsan, Gülşad. Bakıda olan deyil.

- Rayonlu balasıdır?

- Yox ey... nə isə...

Delfin məyuslaşdı:

- Məni qınama, Ülkər, - deyə bəlkə də özünü təmizliyə çıxarmaq üçün bu dəfə 

bayaqkı sözlərinin əksinə danışdı: - Təqsirlərin hamısı papamdadır. 

Bəyəndiyim oğlana getməyə qoymur. Mamamın da ixtiyarını əlindən alıb. 

Arvad ağzını açanda, evdə qiyamət qoparır: «Mənə lütkom kürəkən lazım 

deyil!». Bilmirəm, Bakıda Rokfeller kimi milyarder oğlunu hardan tapım 

onunçün...

Ülkər anasına Rəşad barədə sirrini açmamışdı. Ancaq ürəyində səngər salan 

sevgi duyğusu onu rahat qoymurdu. Gah sevindirir, gah kədərləndirirdi. Rəşad 

məktubların arasını kəsməmişdi. Gödək də olsa yazırdı. Ülkər isə ona çox 

xəsisliklə cavab verirdi. Qəlbindən keçən ən şirin, əzizləyici sözü kağıza 

köçürməyə əli gəlmirdi. Danışığında, münasibətində olduğu kimi məktublarında

da həya, ismət həddini aşmamağa çalışırdı.

Günlər, həftələr beləcə ötürdü. Artıq Rəşaddan ayrıldığı vaxtdan iki ay 

keçmişdi. 

* * *


Hicranın ömrü əridikcə vüsal yaxınlaşırdı. Ülkərin Rəşadı görmək həsrəti anbaan 

artırdı. İndi qızcığaz əvvəlkindən qat-qat artıq darıxırdı onunçun. Yenə 

ürəyindəkiləri sirdaş bir rəfiqəsinə danışmış olsaydı, yüngülləşərdi, təskinlik 

tapardı. Ancaq o, xislətinə rəğmən hərəkət edə bilmirdi. Məhəbbəti köksündə 

kəpənək kimi çırpınırdı. 

Ülkər institutda növbəti imtahanlarını vermişdi. Dördüncü kursa keçmişdi. Fabrikdə

işləri də yaxşı gedirdi. Bircə nigarançılığı Moskvadan idi – ondan!

Bu gün Ülkər istirahət edirdi. Evdən çıxmamışdı. Haradansa ürəyinə dammışdı ki, 

Rəşad mütləq zəng vurmalıdır. Telefondan gözlərini çəkmirdi, qulağı səsdə idi. 

Divanda oturub oxuduğu kitabdan başına heç nə girmirdi. Xəyalən gah Mərdəkan 

istirahət evinin sakit xiyabanlarında, gah da Moskvanın izdihamlı küçələrində 

Rəşadla yanaşı addımlayırdı. Bu hal axşamacan davam etdi. Ülkərin səbri tükəndi. 

Əlindəki kitabı bir kənara qoyub özünə başqa əyləncə axtardı. Elə bu vaxt otağı 



cingiltili səs bürüdü. Qız bir an çaş-baş qaldı. Qət edə bilmədi ki, bu qapının 

səsidir, yoxsa telefondur. Cumub dəstəyi qaldırdı. 

- Bəli! – deyə özünə yad, həyəcanlı bir səslə cavab verdi.  – Eşidirəm. Kimdir?

O dəqiqə tanıdı. Rəşad idi. 

- Ülkər?

- Bəli... bəli...

- Necəsən? Mənəm. Evdə başqa adam yoxdur ki?

- Yox, Rəşad, təkəm. Səhərdən sənin zəngini gözləyirdim. Bilirdim bu gün 

danışacaqsan...

- Ürəklərimiz birdir... Darıxmırsan, quzum?

- Yaman darıxıram, Rəşad. Daha çarəm nədir, dözürəm.

- Az qalıb. Qoy yanvar gəlsin, görüşəcəyik.

Ülkər kövrəldi:

- Mən yanvarın gəlməsini neyləyirəm ey... Sən gəl!   - Və öz sözlərindən 

təsirlənib ağladı. – İnsaf...sız...

Rəşad ona ürək verdi:

- Bir az da döz, Ülkərcan!

- Yüz on altı gündür dözürəm, bəs deyil?!

- Nə yaxşı yaddaşın var. Bunu necə hesablamısan?

- Ayrıldığımız günü mənə verdiyin «Min bir gecə» qutusunun üstündə 

yazmışam: 12 avqust 1975-ci il...

- Konfetləri yemisən?

- Heç bircəciyini də.

- Niyə?


- Qutunu açmağa əlim qalxmır. Saxlamışam sən gələndə süfrəyə 

qoyacağam.Bir yerdə çay içəcəyik.

Rəşad güldü:

- Sağlıq olsun. Yaxşı arzudur... Avtomatdan danışıram, Ülkər.On beş qəpiklərim

qurtarır. Mənə başqa sözün... sifarişin...

- Tez gəl! Tez gəl! Tez gəl! Sözüm də, sifarişim də budur!

- Baş üstə! İşlərimi qurtaran kimi Bakıya uçacağam! Salamat qal, öpürəm, 

Ülkər!


- ...

- Bəs sən?

- Mən gələndən sonra.

- Onda heç bir gün də artıq yubanmayacağam!

Dud...dud...dud...

Otaq elə bil Rəşadın isti nəfəsi ilə doldu. Ülkər dəstəyi qoyandan sonra uşaq 

kimi qollarını yana açıb şadlıqla yerində fırlandı. Saçları sifətinə dağıldı... O 

Rəşadın məktublarından, telefon danışığından heç bugünkü qədər 

fərəhlənməmişdi. Məhəbbətinə inamı artmışdı.



Sabahısı dəzgahların arasında gəzəndə Ülkər sevincini gizlədə bilmirdi, 

oxuyurdu. Həyat gözündə başqalaşmışdı. Hara baxırdısa yenilik, təravət, 

məna görürdü. Bu gözəllikləri ona bəxş edən yalnız onun – Rəşadın sevgisi 

idi!


* * *

Şəhərə süd kimi ağappağ qar səpələnmişdi. Göydən yerə sanki fərəh 

yağmışdı. Küçələrə, damlara, ağaclara baxanda gümüşü parıltıdan göz 

qamaşırdı, ürək sevinirdi.

Rəşadın gəlməyinə az qalırdı. Son günlər, nədənsə, məktubun arası 

kəsilmişdi, zəng də vurmurdu. Bəlkə də bunu qəsdən edirdi. Ülkəri 

şadlandırmaq üçün Bakıda olduğunu qəfildən xəbər vermək istəyirdi.

Qız axşamlar fabrikdən çıxıb evə gedəndə qeyri-ixtiyari ətrafa nəzər 

yetirirdi. Elə bilirdi, bu dəqiqə haradasa Rəşadın dayanıb onu gözləyəcəyini 

görəcəkdir.

Nəhayət... bir gün anasından şad xəbər eşitdi:

- Qızım, tanımadım kim idi, dünən telefonda biri səni soruşurdu. Dedim, ay 

bala, bu gün o ikinci növbədə işləyir. Gec gələcək. Sabah zəng elə.

Qız maraqlandı:

- Bəs sonra?

- Sonra ünvanımızı istədi – verdim. Adını elə dürüst deyirdi ki: Ülkər Aytəkin...

- Mama, olmaya Moskvadan danışırdı?

- Yox, qızım, Bakıdan... Lap yaxından gəlirdi səsi. Yaman da şirindil oğlandı.

Ülkərə elə bu kifayət idi!

Tələm-tələsik xalasıgilə yollandı. Məsələni ona agah elədi.

- Anamı-atamı başa sal, bugünlərdə oğlan tərəfdən evimizə gəlsələr, onları 

yaxşı qarşılasınlar. Biz Rəşadla keçən yay istirahət evində tanış olmuşuq. 

Mən ona öz razılığımı vermişəm.

- Demək, istəyirsiz bir-birinizi... Lap əcəb! – Xalası xoşhallandı. – Daha getməli

vaxtındır, bala. Nə qədər evdə oturacaqsan...

Sabahısı Ülkərin valideynlərinə, yaxın qohumlarına xəbər çatdı ki, «Qıza elçi 

gələcək».

Lakin iki gün... üç gün... beş gün ötdü. Rəşaddan soraq çıxmadı. Heç kəs baş 

açmadı bu nə əhvalatdır. Ülkər sirrini bəyan etdiyinə peşman oldu. İndi 

qabaqkından daha artıq nigarançılıq başlandı. «Bəlkə evimizə zəng vuran ayrı 

adamdır? Mən niyə ancaq onu düşünürəm? Rəşad Moskvadan gəlsə, məni 

hökmən axtarıb tapardı...» - deyə qız özünə təsəlli vetməyə çalışdı. Ancaq ürəyi

sakitləşmədi.

Bir həftə ötdü...

Narahatlığı lap çoxaldı. Neyləməli idi. Ülkər bilmirdi. Atasının, anasının yanında 

günah bir iş görmüş kimi üzlərinə baxmağa xəcalət çəkirdi. Evlərinə gələn 

qohumlardan utanırdı. Xalasının Rəşad barəsində verdiyi sorğu-suallara cavab 



tapmaqda aciz qalıdı. Həmişə hamının yanında vüqarlı gəzən, Elvira kimilərinə 

rişxənd eləyən ismətli bir qız üçün bundan ağır ola bilərdimi?!

On gün ötdü... 

«Yox, Rəşad yəqin ki, Moskvadan hələ gəlməyib. Ya xəstədir, ya da başında bir 

iş var», - deyə Ülkər cürbəcür fikirlərə düşdü. Tərəddüd, şübhə, narahatlıq onu 

boğurdu. Qəlbində məhəbbətlə nifrət, qayğı ilə ikrah bir-birinə qarışmışdı. 

Ancaq bu həqiqət idi ki,  Rəşadı görməyə böyük ehtiyac duyurdu. Onsuz 

iztirablarına son qoyulmayacaqdı!..

Bu səhər Ülkər işə yenə dalğın gəlmişdi. Məyus idi. Dodaqları sanki 

kilidlənmişdi.Həyəcanı gözlərindən oxunurdu. Toxucu qızlarla çox soyuq 

danışırdı. Başını qaldırıb ərtafa baxmadan, könülsüz dəzgahdan dəzgaha 

keçirdi. Bir neçə gün əvvəl sexdə fərəhindən oxumaq, oynamaq istəyən Ülkər 

bu gün qaradinməz olmuşdu. Arada rəfiqələrindən neçəsi yaxınlaşıb dərdini 

soruşdu, demədi.

İş növbəsinin qurtarmasına yarımca saat qalmış... hamını heyrətə salan bir 

çığırtı qopdu. Qızlar, qadınlar səs gələn səmtə cumdular. Qışqıran Ülkər idi! Sol 

əli dəzgahın çarxlarına ilişdiyindən möhkəm əzilmişdi. Barmaqlarından gildir-

gildir qan damırdı.

* * *

Fabrikdə işlədiyi altı il ərzində Ülkərlə birinci bədbəxt hadisə idi baş vermişdi. 



Yaxşı ki, salamat qurtarmışdı. Qəza ağır da ola bilərdi. İki gün qızdırma içində 

yatdıqdan sonra qız ayağa qalxmışdı. İndi sarğılı əlini boynundan asıb evdə 

gəzirdi. İş yoldaşları dəstə-dəstə onu yoluxmağa gəlib-gedirdilər. Bütün çəkdiyi 

ağrılara, əziyyətlərə baxmayaraq Ülkər hələ də Rəşadın intizarında idi. Heç 

olmasa bir parça kağızını alsaydı, yaxud telefonda səsini eşitsəydi, nisbətən 

sakitləşərdi. Ancaq o kimyaya dönüb yoxa çıxmışdı.

Evdə oturmaqdan bezikmiş Ülkər geyinib təmiz havaya çıxmağa hazırlaşırdı. 

Qapının zəngi çalındı. Gələn Delfin idi. O dəhlizə gircək bildirçin kimi dil-dil 

ötməyə başladı:

- Bax... papamın, mamamın əziz cını üçün, bu gün qızlardan eşidəndə ki, 

dəzgahda barmaqlarını əzmisən... vaxsey... üstümə elə bil bir qazan qaynar 

su əndərdilər. Ürəyim «gurp» eləyib yerindən qopdu. Bu nə işdir, aaz 

tutmusan?.. Ehtiyatlı olaydın da... Bərk ağrıdı əlin?.. Caan! İndi necəsən?

- Yaxşıyam.

Ülkər qonşu qızı içəri dəvət etdi. Gülşad, qoyun dərisindən olan ağ tüklü uzun 

kürkünü və ona həmrəng xəz papağını çıxarıb qonaq otağına keçdi. Dəyirmi 

stolun arxasında üz-üzə əyləşdilər.

- Aaz... eşitmişdim sənə elçi gələcək, bəs nə oldu, – deyə Delfin soruşdu.

- Eh... sözdür danışırlar da... Çay gətirim sənə?

 Ülkər söhbəti yayındırmaq istədi, o isə əl çəkmədi.




- Məndən gizlədirsən? Canın sağ olsun... Əvvəl-axır hər şey aşkara çıxacaq. 

Ancaq mən elə deyiləm, ürəyiaçıq adamam.

Ülkər xəfifcə gülümsədi:

- Neyləyək. Sən eləsən, mən belə...

Bu gün Delfini tanımaq çətin idi. Saçlarını bozartmışdı. Yuxarı qaldırılmış nazik 

qaşları zil qara idi. Gözlərinin üstünə göy sürmə çəkmişdi. Çiyinlərinədək 

sallanan qəndilə oxşar iri sırğaları kirşanlanmış yanaqlarına işıq saçırdı. 

Boynuna saldığı qızıl zəncir qırmızı güllü sarı köynəyinin açıq yaxasından 

döşlərinin arasından sallanmışdı. Qiymətli bilərziyinin , qaş-daşlı üzüklərinin 

parıltısından sanki şölə qalxırdı.

- Xeyir ola, Gülşad, olmaya gedən yerin var? Yamanca bəzənmisən, – deyə 

Ülkər özünü saxlaya bilməyib söz atdı.

Delfin çantasını stulun söykənəcəyindən asdı. Çiyinlərini əsdirərək fərəhlə 

gözlərini süzdü.

- Aaz... bəs bəzənməyim, neyləyim ey... Axırı ölüb gedəcəyəm. Bunlar kimə 

qalacaq? Sonra ... səndən nə gizlin, təzəliklə qəşəng bir oğlan tapmışam. 

Görsən, ağzının suyu axar.  – Qonşu qız qəhqəhə çəkib şadlıqla güldü.  – 

Daha doğrusu mən onu yox ey... o məni tapıb. Deyir, alacağam səni.

Ülkər də sevindi:

- Təbrik eləyirəm, Gülşad. Evdə necə, razıdırlar? Deyirdin atan hər adamı 

bəyənən deyil...

- Bu oğlan papamın da ürəyincədir, mamamın da. Axı niyə də olmasın?! 

Cavan, yaraşıqlı, sənəti, pulu, maşını... Ev-eşiyi şəhərin mərkəzində. Adama 

daha nə lazımdır?!

- Təki ağıllı, sədaqətli olsun, Gülşad, - deyə Ülkər öz fikrini söyləməkdən 

çəkinmədi. – Arada təmiz məhəbbət varsa, elə hər şeydir!

Delfin oturduğu yerdə silkələndi:

- Var!.. Lap xətrin istəyən məhəbbətimiz var! Bəzən bir gündə iki dəfə 

görüşürük. Bu azdır?

- Bəs işə getmirsən?

- Otpuskadayam. Aaz... elə ona görə çıxmışam da...

Yoxsa mən qışın bu qarında, soyuğunda hara gedəcəkdim? Özü də çox qəribə 

tapışdıq ey... – deyə Gülşad tanış olmalarının tarixçəsini danışmağa başladı: - 

Axşam işdən evə gəlirdim, gördüm qəşəng bir oğlan blokumuzdan çıxır. 

Mənimlə rastlaşanda soruşdu: «Bağışlayın, xanım qız, siz burada yaşayansız?» 

Dedim: «Bəli, kim lazımdır?» Güldü. Mənə elə baxdı ki, özümü itirdim. Sonra 

sözündən belə başa düşdüm ki, o sizin bloku axtarır, səhvən gəlib bizimkinə 

qalxıb...

Ülkər diksindi. Qaşlarını çataraq fikrə getdi.



- Hə... – deyə Delfin davam etdi. – Yaman dilli oğlandı. Bilmirəm, yalan-doğru, 

başladı ki «Məm bir neçə dəfə sizi buralarda görmüşəm, olduqca xoşuma 

gəlmisiz. İndi də bloklarda rastıma çıxandan sizi soruşacaqdım. Bəxtim 

gətirdi ki, elə özünüzlə qarşılaşdım...». Həmin axşam birinci görüşə çıxdıq. 

Gecəyəcən gəzdik, şəhəri ayaqdan saldıq. Sabahısı restorana getmişdik. 

Ürəyini açdı mənə... İnteresnı oğlandır ey... Elə şirin sözlər danışır ki... Mən 

çox güləyənəm axı... Artist kimi deyir: «Sənin dodaqlarında Cokonda 

təbəssümü var». Daha özümü saxlaya bilmirəm.

Elə bil otağın tavanı sökülüb Ülkərin başına endi! Divarlar dörd tərəfdən daralıb 

onu məngənə kimi sıxdı. Gözləri qaranlıq gətirdi. Qarşısındakı əşyalar hərəkətə 

gəlib baş-ayaq oldu. Ürəyi çırpındı, az qala köksündən qopmaq istədi. Paltarı 

qızmar dəmir təki bədənini yandırdı. Onu isti tər basdı...

Ülkərin halından bixəbər Gülşad isə ara vermədən məhəbbət macərasını 

ləzzətlə nəql edirdi:

- ... O mənə Güluşa deyir, mən ona Raşka. Ancaq o vaxtdan cəmisi iki dəfə 

küçəmizdə görüş təyin eləmişik. Sonralar ayrı yerdə. daha buralara gəlmək 

istəmir. Yaxşı da eləyir. Niyə qonşular bilsin axı... Birdən ağzıgöyçəklər 

mənim barəmdə ona pis söz deyərlər, araya inciklik düşər. Milçək bir şey 

deyil, ürək bulandırar. Keçən həftə gətirib evdə papamla, mamamla tanış 

elədim Raşkanı.

Delfin, birdən Ülkərin ikiəlli başını tutduğunu görüb heyrətləndi:

- Aaz... Sənə nə oldu?!

- Heç... Yaram sancdı.

- Dur... dur uzan, - deyə Gülşad qalxıb onun qolundan yapışdı.  – Mən də 

getməliyəm ey... Bir azdan Raşka bizə gələcək. Evdə təkəm də, neyləyim, 

darıxıram. Oturub laqqırtı vurarıq özümüzçün. Gərək hələ qonşu maqazinə 

dəyim, karamel konfeti alım çay içməyə. Raşka  şokoladlısını sevmir...

Ülkər qəflətən toxtamış kimi dik ayağa qalxdı. Saçlarını hamarlayıb özünü ələ 

aldı.

- Ağrı keçdi?- deyə qonşu qız mərhəmətlə soruşdu. Ülkər dərindən köks 



ötürdü:

- Keçdi!.. Dayan, bu dəqiqə sənə yaxşı bir konfet verəcəyəm!..

Delfin etiraz elədi:

- Aaz.. Lazım deyil. Evimizdə çoxdur ey... Ancaq...

Ülkər onu eşitmədi. O biri otağa getdi. İstirahət evində ayrılıq gecəsi Rəşadın 

onun üçün aldığı «Min bir gecə» konfet qutusunu gətirib əli əsə-əsə Gülşada 

uzatdı:

- Xahiş edirəm, sözümü yerə salma. Al! Bunu çay içəndə süfrəyə qoyarsan.



- A... mənə xəcalət verirsən ey...

- Xəcalətli düşmənin olsun.




Delfin qutunun üstündəki əlvan şəkillərə baxıb qoltuğuna vurdu.

Bu lap yerinə düşdü. Ülkərcan, istəyirsən, Raşka gələndə səni də çağırtdırım. 

Bax, gör necə oğlan sevmişəm.

- Sağ ol... Mən sənin zövqünə şübhə eləmirəm... – deyə Ülkər xəstə səslə 

inildədi. – Xoşbəxt olasınız.

Gülşad çantasını götürərək danışa-danışa dəhlizə çıxdı. Kürkünü geydi, 

papağını qoydu. Sonra bir an ayaq saxladı:

- Aaz... gör mənim xətrimi nə qədər istəyir ki... Raşkanı deyirəm ey... Bilet 

almışdım bu axşam ikicə günlüyə Lvova uçam, qoymadı. «Mən burda 

darıxaram sənin üçün» deyir. Papam bir az pul vermişdi, bazarlıq 

eləyəcəkdim, o da pozuldu. Deyəsən, heç vaxt tapıb bileti də qaytara 

bilməyəcəyəm. Əşi, cəhənnəmə ki!

Delfin qapının dəstəyindən yapışıb çıxmağa hazırlaşanda Ülkər nə fikirləşdisə, 

qızı yubatdı.

- Bura bax... o aldığın bileti ver mənə.

- Neyləyirsən?

- Kassaya qaytaracağam. Onsuz da axşam yolum o tərəfədir.

Ülkərin həyəcandan vücudu əsirdi. Bənizi saralmışdı. Elə bil boğulurdu. Özünə 

yad, titrək bir səslə danışırdı.

Delfin isə:

- Aaz... Sənə zəhmət olar ey... – deyə saçaqlı dəri çantasını açanda dəhlizi ətir

bürüdü. Bileti, sonra da pasportunu çıxarıb Ülkərə verdi.

- Al, bunsuz qəbul eləməzlər. Yaxşı... mən gedim də... Görüşərik. Amma konfet

lap göydəndüşmə oldu ha... Özü də «Min bir gecə»!

Delfin Ülkəri öpüb sürətlə pilləkəni endi...

* * *


... Avtobus təyyarə meydanına yaxınlaşdıqca, arxa cərgədə oturmuş Ülkər 

təlaş içində çırpınırdı. Köksü sanki anbaan daralırdı. Qız ağlını itirmişdi. Nə 

etdiyini bilmirdi. Evdən xəbərsiz-ətərsiz çıxmışdı. Bu axşam o, Bakıdan 

mütləq gedəcəkdi! Heysiyyəti tapdalanmışdı. Ülkər istər-istəməz o vaxt 

sahildə Rəşadın əl radiosundan eşitdiyi mahnının sözlərini xatırladı:

Bir könüldə iki sevgi olamaz... olamaz..

Biri Şirin, biri Leyli olamaz... olamaz..

Aylarla gecə-gündüz yolunu gözlədiyi Rəşad indi Delfinin yelbeyin 

məşuqlarından birinə çevrilmişdi. Hökmü qəti idi! Geri dönməyəcəkdi. 

Gedəcəkdi! Onun heç kəsi, heç kəsin də onu tanımadığı uzaq şəhərin yad 

küçələrində tək-tənha dolaşacaqdı. Delfinin bileti, pasportu onda idi. Özü də 



bu gündən Gülşad olacaqdı. İndi həyat dəyışmişdi. Yaxşıları atıb, pisləri 

tuturlar...

Təsəvvüründə Rəşad eyni vaxtda iki qıza – Ülkərə də, Aytəkinə də 

rəzilcəsinə xəyanət etmişdi.

Beynindəki fikirlər bir-birinə elə qarışmışdı ki, o, vaxtın necə ötdüyünü 

bilmədi. Başını qaldıranda özünü təyyarə meydanında, adamların 

əhatəsində gördü.

... Ertədən Delfinin evlərinə gəlişi yadına düşdü... «O mənə Güluşa deyir, 

mən ona Raşka».

... Burada motorun gurultusunu Ülkər fabrikdəki dəzgahların səsinə oxşatdı.

... Rəşad yəqin ki, süfrəyə qoyulan «Min bir gecə» konfetini görəndə 

diksinəcək. Bu ona ən yaxşı cavabdır! Sözsüz və eyni zamanda çox sözlü!..

... İndi sexdə axşam növbəsinin toxucu qızları işləyirdi. Təkcə Ülkər onların 

arasında yox idi.

«... Cəmisi iki dəfə küçəmizdə görüş təyin eləmişik. Sonralar ayrı yerdə. 

Daha buralara gəlmək istəmir. Niyə qonşular görsün axı...»

... Ülkər təsəvvürünə gətirdi ki, bu dəqiqə dəzgahları hərəkətsiz 

dayanmışdır. Barabanlar hərlənmir. Məkiklər bomboş, saplar qırıq-qırıqdır...

O, bu qarma-qarışıq düşüncələr içində təyyarənin qapısına dikələn pilləkənə 

qalxanda... birdən yer-göy başına fırlandı, ətraf qaraldı, müvazinətini itirdi 

və...

Sonra nələr oldu... Ülkər heç nə xatırlamır.



Tanımadığı bir oğlanın minik maşınında, avtobusdakı kimi, yenə arxada 

küncdə əyləşmişdi. Çiyninə ikinci bir palto atmışdılar. O, pəncərənin tərli 

şüşəsini silib yuxulu gözləri ilə bayıra baxdı. Qaranlıq çöllərdə təkəm-seyrək 

işıqlar közərirdi.

- Bağışlayın... biz hara gedirik?  - deyə nigarançılıqla soruşdu.

Sükan arxasında başıaçıq pəncəkdə oturmuş cavan oğlan geri dönmədən cavab

verdi:

- Şəhərə.



- Lvova?

Oğlan bu dəfə qarşısındakı balaca aynada Ülkəri görməyə boylanaraq qımışdı:

- Ora niyə, Bakıya gedirik.

- İndi saat neçədir?

- On ikiyə az qalır, Gülşad xanım.

Qız təəccübləndi: «Bu nə deyir?! Olmaya mən yuxudayam? Gülşad xanım?!» 

Ülkər gözlərini döyərək kimin maşınına, harada, nə üçün mindiyini xatırlamağa 

çalışdı. Lakin dərk edə bilmədi. Bir anlığa elə düşündü ki, o həqiqətən Gülşad, 

sükanın arxasında oturan isə Rəşaddır.

- Üzr istəyirəm... Siz kimsiniz? Adınız nədir? 

- Tanış olaq – adım Cavid. Peşəm – həkim.



- Ancaq mən Gülşad deyiləm!

Oğlan arxaya qanrılıb Ülkərə ani bir nəzər fırlatdı:

- Pasportunuzda özüm oxumuşam. Ünvanınızı da ordan götürmüşəm.

Qız onun üzünü ötəri gördü. Dolusifət, qarışın oğlandı. İri gözləri, çatma qaşları 

vardı. 

Maşının salonu isti idi. Ülkər ikinci paltonu çiynindən böyrünə atdı. 



- Onda bəs kimsiniz? Adınız nədir? – deyə Cavid marağını gizlədə bilmədi. – 

Düzü, bizim qəribə tanışlıqdan mən heç nə anlamadım. 

- Madam ki, siz mənə bu yaxşılığı edirsiz, həqiqəti deməmək hörmətsizlik 

olardı. Mənim əsl adım Ülkər Aytəkindir.

Araya sükut çökdü. Cavid maşının sürətini azaltdı. Qabaqda şəhərin işıqları 

sayrışırdı. 

- Ülkər Aytəkin?

- Bəli. Ancaq xahiş edirəm sizdən, soruşmayın adım niyə belədir... Bircə deyin,

təyyarə meydanında mənə nə olmuşdu?

Həkim, ehtimal ki, bu suala cavab verməyi lazım bilmədi. Əgər əhvalatı qıza 

danışsaydı, ona yaxşı təsir bağışlamayacaqdı. Əksinə, əhvalı təzədən 

korlanacaqdı. 

- Sizə heç nə olmamışdı, - deyə Cavid Ülkərə təskinlik verdi.  – Bir balaca 

başınız gicəllənmişdi, vəssalam... Əlinizi niyə sarımısınız?

- Fabrikdə dəzgahda əzmişdim.

- Yəqin qan da itirmisiz.

- Bəli. 

- Aydındır. Hamısı onun nəticəsidir. – Həkim oğlan vəziyyətdən çıxıb qızı 

inandırdığı üçün özündən razı qaldı.  – Sizə bir həftə, on gün dincəlmək 

lazımdır. Paltonu da çiyninizə salın, soyuqlarsız. 

Cavidin qayğılı sözləri Ülkərə sanki şəfa verirdi. Onun dərdini dağıdırdı. 

Fikirləşirdi ki, «Dünyada nəcib insanlar da çoxdur».

- Bilmirəm, sizə necə təşəkkür edim...

- Bu mənim həkimlik borcumdur.

Ülkər bu dəfə işıqda onun  sifətini apaydın gördü. Qaş-gözü, saçları zil qara idi 

Cavidin. Mehriban, qayğılı baxışları vardı.

Dəmiryol vağzalına yaxınlaşanda qız dikəldi.

- Doktor, bəlkə burada saxlayasız, mən düşüm? Metroya minib gedərəm. Siz 

də evinizə dönün, gecdir...

Oğlan dinmədi.

- Siz ha tərəfdə olursuz, – deyə Ülkər xəbər aldı.



- Mən Buzovnada yaşayıram. 

- Necə? Yəni geri qayıdacaqsınız?

- Nə olar ki...

- Siz mənə lap xəcalət verdiniz... Evinizdəkilər nigaran qalacaqlar...

Maşın sola, sonra sağa buruldu.

Şəhərin qarı ərimişdi.

- Evimizdəkilər deyəndə ki... bir qoca anamdır. Ona da çıxanda zəng vurdum. 

Tapşırdım ki, gec gələcəyəm. – Cavid Ülkərə məhrəm bir adam kimi sözünə 

əlavə etdi. – Mənim beş qardaşım, üç bacım var. Hamısı evlənib... hərə öz 

ailəsilə bir tərəfə dağılışıb. Ən kiçikləri mənəm.

- Bəs siz niyə...

- Evlənməmişəm?

- Bəli.

- Əvvəla, cəmisi iki ildir institutu bitirmişəm. Sonra... anam demişkən, zamana



başqadır. Hər qıza etibar eləmək olmur.

Söhbət şirindi. Ancaq evə çatmışdılar.

- Baxın, o hündür binanın qabağında saxlayacaqsız, doktor, - deyə qız evlərini

nişan verdi.

Pəncərələrindən işıq gəlirdi. 

Yəqin ata-anası nigarançılıqla yolunu gözləyirdi. Maşın dayandı. Cavid düşüb 

Ülkər səmtin qapısını açdı.

- Buyurun. – O qızın qolundan tutaraq aşağı endirdi. – İstəyirsiz, evə qədər 

ötürüm sizi.

- Yox... Zəhmət çəkməyin, özüm gedərəm. Ancaq bilmirəm sizə...

Ülkərin sözü ağzında qaldı. Küçənin o başından qolboyun iki nəfər gəlirdi. Qız 

Delfin idi – bu şübhəsizdi. Bəs oğlan? Olmaya o da...Bəli! Səhv etməmişdi! 

Rəşaddı!! Rəşaddı!!! Gəzməkdən qayıdırdılar. Gülşadı evlərinə ötürürdü...

Ülkər özünü zorla saxladı. Üzünü Cavidə çevirərək dinməzcə dayandı. İçəridən 

od tutub qaynayırdı. Ancaq sakit, laqeyd görünməyə çalışdı. Rəşad da uzaqdan 

onu tanımışdı. Heyrətlə bu tərəfə baxırdı. Yanındakını unutmuşdu. Qolu 

ixtiyarsız olaraq Delfinin boynundan haçan sürüşüb düşdü, bilmədi.

Ülkər dəli kimi, həm də çılğınlıqla Cavidin boynuna sarılıb onu bərk-bərk , bir 

neçə dəfə öpdü.

- Sağ olun! – dedi. – Məni yaddan çıxarmayın... Zənginizi gözləyəcəyəm...

Və cəld dönərək evlərinə qaçdı. Həkim oğlan yerində quruyub qaldı.

Qızın bu qeyri-adi, müəmmalı hərəkəti Cavidə hörmətdənmi, Rəşada 

nifrətdənmi, yoxsa intiqam hissindənmi doğdu – aydın deyildi. Sevincdənmi, 

həyəcandanmı – demək çətindi!




Cavid maşına oturub lüzumsuz bir siqnal verdi və gəldiyi yolları geri qayıtdı. O, 

bugünkü xəstəsindən də, öz qayğıkeşliyindən də çox razı idi. Düşünürdü ki, 

«Yaxşılıq qapı açar, məhəbbət içəri girər... Sabah mən, telefonunu bilmədiyim 

Ülkər Aytəkinə necə zəng vuracağam?.. Ona nə deyəcəyəm?..»

Ülkər isə pilləkəni sürətlə qalxdıqca beynində qəribə bir fikir dolaşırdı:

«Görəsən, sabah Rəşad Gülşadı da aldatsa, atsa, ağlatsa mənmi 

günahkaram?.. Axı bu dəfə o qız ayrı cür sevmişdi...»

İndi özündən çox Ülkər Delfinin halına yanırdı. Neyləsin, onun da ürəyi belə 



idi...

Yüklə 161,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə