“Mədəni-maarif”.-2011.-№2.-S.20-23.
XIX əsrdə Azərbaycanda mədəni-maarifin inkişafı
Şimali Azərbaycan Rusiya tərəfindən işğal edildikdən sonra çar hökuməti ölkədə öz siyasi və iqtisadi
mövqelərinin möhkəmlənməsinə yardım etməyə qadir olan məmurlar ordusu hazırlamağı təmin edən yeni
xalq təhsili sisteminin tətbiq edilməsi zərurəti ilə qarşılaş dı.
Çarizmin Azərbaycandakı məktəb siyasəti ona məxsus bütün mənfi xüsusiyyətləri ilə birlikdə
Rusiyanın milli müstəmləkə siyasətinin bir hissəsi idi. Bununla belə o, obyektiv olaraq, gələcəkdə
Azərbaycan əhalisinin yeni, mütərəqqi yolla təhsil alması üçün zəmin hazırladı. Bu dövr Azərbaycan
xalqının maarifçilik tarixində ibtidai rus məktəblərinin təşkili ilə yanaşı, ənənəvi təhsil formalarının inkiş afı
ilə xarakterizə olunur.
Şimali Azərbaycanın işğalından sonra da ibtidai təhsil bütövlükdə müsəlman ruhanilərinin ixtiyarında olan,
buna görə də dini dünyagörüşünün mənbəyinə çevrilən məktəblərdə-mollaxanalarda cəmləşmişdi. Bir çox
məktəblər çoxillik tarixə malik idi. Məsələn, Şuşadakı İbrahim xan məscidi nəzdində əsası 1801-ci ildə qoyulmuş
məktəb XIX yüzilliyin ikinci yarısında da fəaliyyət göstərmişdi.
XIX yüzilliyin birinci yarısında Azərbaycan mədəniyyətinin qabaqcıl nümayəndələri maarifin yayılmasının
vacibliyini bütün kəskinliyi ilə başa düşür, onu xalqın əsrlər boyu davam edən geriliyini aradan qaldırmağın başlıca
vasitəsi hesab edirdilər.
1832-ci ildə A.Bakıxanov Bakıda pansionlu dünyəvi məktəbin layihəsini işləyib hazırladı. Layihədə ana dili
və fars dili ilə yanaşı, rus dili, tarix, coğrafiya, hesab fənlərinin tədrisi nəzərdə tutulurdu. Lakin layihə həyata
keçmədi. Bu zaman artıq ölkədə rus ibtidai məktəblərinin yeni şəbəkəsi yaranmağa başlamışdı (1, s. 127-128).
Azərbaycanda rus dövlət məktəbləri Zaqafqaziya məktəbləri haqqında 1829-cu il "Əsasnamə"silə meydana
gəlmişdi və ümumrusiya xalq maarifi sisteminin bir hissəsi sayılırdı. Bununla belə, diyarda mövcud ictimai-siyasi
şəraitlə əlaqədar onlar özlərinə məxsus bəzi xüsusiyyətlərə də malik idi.
Məktəblərin təşkili və proqramların tərtibi zamanı çar məmurları çoxəsrlik milli mədəniyyəti və dini
amilləri nəzərə almaya bilməzdilər. Çar hökumətinin maarif sahəsindəki siyasətinin həyata keçirilməsi müəllimlərin
üzərinə qoyulurdu. Rusiya üçün xarakterik olan savadlı və qabiliyyətli müəllimlərin çatışmazlığı Qafqazda, o
cümlədən Azərbaycanda xüsusilə kəskin hiss edilirdi.
Bu çatışmazlıq müəllimlərin maddi təminatının pis olması, ağır sosial vəziyyətləri ilə izah edilirdi. 1835-ci
il "Əsasnaməsi"nə görə, müəllimlərin illik əmək haqqı gümüş pulla cəmisi 280-300 manat idi. Məktəb
nəzarətçilərinin maaşı isə bundan 80 manat artıq idi. Bu, məhəllə nəzarətçilərinin əmək haqqından (455 manat)
xeyli az idi. Müəllimlərin siyasi cəhətdən etibarlı olmasına çox mühüm əhəmiyyət verilirdi.
İşə qəbul edilərkən müəllimlər sədaqətlə xidmət edəcəkləri və gizli cəmiyyətlərlə əlaqələri olmayacaqları
haqqında "sədaqət andı" içməli idilər. Rus dili müəllimlərinin çoxmillətli diyarın ruslaşdırılmasında, müstəmləkə
siyasətinin həyata keçirilməsində fəallıq göstərmələrinə böyük əhəmiyyət verilirdi (1, s. 130).
Bütövlükdə Azərbaycandakı rus məktəblərinin proqramı tamamilə müstəmləkə siyasəti mənafeyinə tabe
edilmişdi ki, onların içərisində də məmur kadrları hazırlamaq ən vacib vəzifə idi. Çar hökumətinin maarif
sahəsindəki siyasəti rus təhsil müəssisələrində olan kitabxanaların tərkibində özünü daha aydın göstərirdi.
Kitabxanalar yalnız xalq maarif nazirliyinin məsləhət gördüyü kitablardan təşkil olunurdu. Müsəlman
məktəbləri əhalinin vəsaiti hesabına saxlanılırdı. Yalnız rus dili müəllimləri istisna təşkil edirdilər, onlara ildə
dövlət xəzinəsindən 200 man. verilirdi. Ölkənin sosial və iqtisadi inkişafı ilə meydana gələn maddi və mənəvi
tələbat Azərbaycanın savadlı adamlarının elmi, ədəbi, fəlsəfi maraq dairələrini xeyli dərəcədə yeniləşdirir və
genişləndirirdi.
Dünyəvi təlim və tərbiyə ocaqlarının, xüsusilə qəza məktəblərinin, dövrü mətbuatın və milli teatrın
rüşeymlərinin meydana gəlməsi xidmətdə olan köhnə ziyalıların mənəvi cəhətdən yeniləşməsinə, yeni, müasir tipli
ziyalıların yaranmasına yardım göstərirdi. Qabaqcıl zadəgan ziyalıları Avropa maarifi ilə tanış olmağa başlayırdılar.
Bunun nəticəsində Azərbaycanda elmi təfəkkürün fəlsəfə, filologiya, coğrafiya, astronomiya kimi ənənəvi sahələri
nəzərə çarpacaq dərəcədə canlanır və inkişaf edirdi.
Faktlara və şəxsi təcrübəyə əsaslanan dəqiq və əsaslandırılmış konkret elmi tədqiqatlar meydana gəlirdi.
Belə bir şəraitdə Azərbaycan alimləri, hər şeydən əvvəl, doğma diyarın tarixi keçmişini dərk etməyə daxili tələbat
hiss edirdilər. Vətən tarixini bilmək həvəsi öz əsərləri ilə Azərbaycanda gerçək tarixi bilikləri yayan və inkişaf
etdirən vətənpərvər ruhlu tarixçilərin və salnaməçilərin bütöv bir nəslinin meydana gəlməsinə yardım göstərdi (1, s.
136).
XIX əsrdən etibarən Azərbaycan müstəmləkə vəziyyətində olmasına baxmayaraq, maarifçilik sahəsində
əsaslı işlər görülmüşdür. Bu dövrdə bir çox xadimlərimiz müxtəlif maarifçilik ideyaları yaymış, mətbu orqanların
açılmasına təşəbbüs göstərmişlər. Xeyriyyəçilikdə xüsusi rol oynamış Hacı Zeynalabdin Tağıyev - "Kaspi", "Molla
Nəsrəddin", "Füyuzat" və s. mətbu orqanların sərmayələşdirilməsində, "Qızlar məktəbi", "Ünasiyyə" məktəbinin
təsisində xüsusi rol oynamışdır (2).
"Kaspi" qəzetinin 1901-ci ildə dərc olunmuş "İlk rus-müsəlman qadın məktəbinin açılması" başlıqlı
məqalədə deyilirdi: "Bakı şəhərinin baş keşişi A.Yunitski təbrik çıxışında demişdi: Hacı! Siz həyatda çox xeyirxah
işlər görmüsünüz, onlardan alnınıza çoxdan gözəl bir çələng toxumusunuz. Lakin sizin Bakıda tikdiyiniz qadın
rus-müsəlman məktəbi bu çələngin ən qiymətli brilyantı kimi parlayacaqdır". Bütün Rusiya müsəlmanları arasında
ilk müsəlman qız məktəbinin açılması Azərbaycan tarixində misilsiz hadisə idi. Ö.F.Nemanzadə: "Burada
Tağıyevin açdığı qız məktəbini görməsəydim türk maarifinin üzərinə qara bir cız çəkərdim" (3, s. 179).
Maarifçilikdə xüsusi rol oynamış xadimlərdən biri - Abbasqulu ağa Bakıxanov Rusiya-Türkiyə
müharibəsindən sonra özünü demək olar ki, bütünlükdə elm, maarif və bədii yaradıcılıq işinə həsr etdi. O, hələ
1829-cu ildən "Tiflisskiye vedomosti" qəzetində iştirak etməyə başlamışdı. Qəzetin Azərbaycan həyatından bəhs
edən maraqlı yazıları azərbaycanlı müəllifləri də bu qəzetdə iştirak etməyə həvəsləndirirdi. Qəzet rus və gürcü
ədəbi ictimaiyyəti ilə daha yaxın əlaqə saxladığından onun səhifələrində Azərbaycan həyatına aid materiallar
nisbətən az dərc edilirdi.
A.A.Bakıxanov rus və gürcü nəşrlərinin redaktorlarını yaxşı tanıyırdı. Qəzetin ətrafına toplanmış dövrün
mütərəqqi fikirli adamları ilə sıx əlaqə saxlayırdı. "Tiflisskiye vedomosti" qəzetində müxtəlif original məqalələr və
tərcümələrlə çıxış edən A.A.Bakıxanov öz yazılarında Azərbaycan ədəbiyyatını, Şərq şairlərinin əsərlərini təbliğ
etməyə çalışırdı.
"Tiflisskiye vedomosti" qəzeti A.Bakıxanov şəxsiyyətinə və yaradıcılığına böyük maraq göstərirdi. Bu da,
əlbəttə, Bakıxanovun özünün ictimaiyyət arasında layiqli nüfuz qazanması ilə əlaqədar idi. Tədqiqatçılar haqlı
olaraq göstərirdilər ki, A.A.Bakıxanov bu qəzetin təkcə məhsuldar müəlliflərindən biri yox, həm də onun rəngarəng
çıxması üçün çalışanlardan biri olmuşdur (6, s 276)
XIX əsrin I yarısında Zaqafqaziyada ilk mətbu nəşr hesab olunan "Tiflisskiye vedomosti"də A.A.Bakıxanov
ilk azərbaycanlı idi ki, həm qəzetin buraxılmasında, həm də onun səhifələrində çıxış və iştirak edirdi. Bu böyük
mütəfəkkirdən başlanan yol sonrakı illərdə daha da genişləndi və işıq üzü görən yeni mətbuat səhifələrində
azərbaycanlı müəlliflərin imzaları artmağa başladı.
Bakıxanov yaxşı başa düşürdü ki, xalqın tarixi taleyindən, ədəbiyyatından, dilindən, məişətindən söz açmaq
üçün ilk növbədə mətbuata malik olmaq lazımdır. Əlbəttə, əgər bu mətbuat millidirsə, yazıçının müraciət etdiyi
xalqın öz ana dilində çıxırsa, şübhəsiz, o, doğma şəraitdə mədəni tərəqqi üçün daha geniş imkanlar açır. Lakin əgər
hələlik obyektiv tarixi səbəblər üzündən milli mətbuat yoxdursa, onda Qafqazdakı başqa xalqların, ilk növbədə isə
rusdilli mətbuatın verdiyi tribunadan bacarıqla istifadə etmək lazımdır.
Bu həqiqəti birincilər sırasında başa düşən Bakıxanov öz əməli fəaliyyəti ilə sonrakı Azərbaycan yazıçı və
ictimai xadimlərinin böyük bir qrupu üçün nümunə oldu. İstər Bakıxanov, istərsə də ondan sonra gələn yazıçı və
jurnalistlər öz əsərlərini Qafqazın rusdilli mətbuat orqanlarında çap etdirərkən ilk növbədə milli nailiyyətləri daha
geniş miqyasda təbliğ etmək məqsədi izləyir, digər tərəfdən isə bu vasitə ilə Ümumqafqaz ədəbi-ictimai həyatında
yaxından iştirak edirdilər (4, s. 121).
A.A.Bakıxanov dünyəvi təhsil məktəbi açmağın müfəssəl bir layihəsini tərtib edib, Qafqazın o zamankı baş
hakimi Baron Rozene vermişdi. Həmin layihə belə adlanır: "Mayor Abbasqulu ağa Bakıxanov 1832-ci il fevralın
20-də tərtib etdiyi müsəlman məktəbinin təsis edilməsi layihəsidir"(5). Həmin dövrdə A.A.Bakıxanov məktəb və
maarifçilik baxışlarını tədqiq etmək baxımından bu layihənin böyük əhəmiyyəti vardır.
A.A.Bakıxanov yerli xalqlar arasında maarifin geniş yayılmasına mühüm ictimai məna verərək göstərir ki,
maarifin inkişafı, məktəblərin açılması dövlətdə sağlam fikirli adamların artmasına böyük təsir edə bilər. Belə
adamlar isə təbiidir ki, dövlətin gördüyü tədbirlərin xalq arasında geniş yayılmasına təsir göstərər.
A.A.Bakıxanovun layihəsində göstərdiyi fikirlər bizi tam yəqin edir ki, görkəmli maarifçi vətəninə, xalqına
xidmət etməyi, bu məqsədlə maarifi inkişaf etdirməyi, milli-dünyəvi məktəblər yaratmağı öz fəaliyyətinin başlıca
işi hesab edirdi. Onun "mən həmvətənlərimin faydası üçün bütün qabiliyyətimi bu işə həsr edirəm" deməsi ömrünün
sonuna kimi xalqının maariflənməsi, tərəqqisi işinə xidmət etmişdir.
Təxminən 15 il sonra çar üsul-idarəsi bu tipli məktəblərin zərurətini dərk etdi. Çarizmin müstəmləkəçilik
siyasətinin bir növ davamı kimi məktəblər vasitəsilə müsəlmanların məişətinə, maarifinə və təhsilinə rus təsiri daxil
etmək məqsədilə bir sıra iri şəhərlərdə məktəblər açılmasına icazə verildi.
Görkəmli dramaturq, yazıçı, filosof, ictimai xadim Mirzə Fətəli Axundov (1812-1878) Azərbaycanın
ictimai-siyasi tarixində, tərəqqipərvər elmi-estetik məfkurəsində yeni səhifələr açmış, milli ədəbiyyat və
mədəniyyətimizin gələcək inkişaf yollarını müəyyənləşdirmişdir.
Müstəmləkə üsul-idarəsi şəraitində inqilabi-demokratik ideyaların ardıcıllıqla təbliğindən çəkinməyən,
insanların xoşbəxtliyi kimi son dərəcə xeyirxah bir məqsəd uğrunda mətanətlə çarpışan fədakar maarifçi yazırdı ki,
mən xalq yolunda hər şeyi qurban verməyə hazıram... Mən ancaq öz xalqının dostuyam...
Bizim məqsədimiz ondan ibarətdir ki, azadlığın, ədalətin bayrağını yüksəklərə qaldıraraq, xalq üçün öz
həyatını rahat qurmaq, xoşbəxtliyə çatmaq imkanı yaradaq. M.F.Axundovun sözlərinə görə, məhz Mirzə Şəfi Vazeh
ilk dəfə onu "maarifçilik ideyaları" ilə tanış etmiş, gözləri önündən "qəflət pərdəsini" qaldırmışdır. Alimin yeni
əlifba ilə bağlı layihələri, məşhur fəlsəfi traktatı, ictimaiyyət, estetika, siyasi iqtisad, xalq maarifi haqqındakı
əsərləri eləcə arxivində qalmış, mahiyyətcə inqilabi-demokratik ideyalar yaydığı üçün sağlığında işıq üzü
görməmişdir.
Ədibin inqilabi-demokratik ideyaları keçən əsrin 60-70-ci illərində İrana, Türkiyəyə də nüfuz etmiş, Yaxın
Şərq ölkələrinin ədəbiyyat və incəsənətində tərəqqipərvər cərəyanların formalaşmasına əhəmiyyətli təsir
göstərmişdir.
Həsən bəy Məlikov (Zərdabi) (1837-1907) - Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetini
namizədlik diplomu ilə bitirən ilk müsəlman, Azərbaycanın ilk universitet təhsilli alim və müəllimi, müsəlman
dünyasının ilk təbiətşünas alimi, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869-cu il), təkcə Azərbaycanda
deyil, bütün müsəlman Şərqində müsəlman xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), öz
şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi (1873-cü il),
Rusiyada ilk türkdilli qəzetin - "Əkinçi"nin naşiri, Azərbaycan mətbuatının banisi (22 iyul 1875-ci il),
Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı, təşkilatçısı, Azərbaycan müəllimlərinin birinci
qurultayının təşkilatçısı və qurultayın sədri(1906) olmuşdur (6).
1877-ci il sentyabrın 29-da "Əkinçi" öz nəşrini dayandırmağa məcbur oldu. Milli mətbuatımızın ilk
qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol
oynadı. Maarifçisi və demokratik ideyaların carçısı olan "Əkinçi" realist ədəbiyyatımızın inkişafında müstəsna
xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox
yaşaya bilmədi.
Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə (1869 - 1932), yazıçı, dramaturq, jurnalist, ictimai xadim
olmuşdur. İlk nömrəsi 1906-cı il aprelin 7-də (20-də) çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o,
Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoydu. Həmin vaxtdan o
"Molla Nəsrəddin" adı ilə tanındı.
Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər
Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar kimi yazıçı və jurnalistlərlə möhkəm ideya-yaradıcılıq əlaqəsi
yarandı. C.Məmmədquluzadənin təbliğ etdiyi dərin demokratizm və azadlıq ideyaları jurnala ümumxalq məhəbbəti,
beynəlxalq aləmdə böyük nüfuz qazandırdı. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edir, "Qeyrət"
mətbəəsində axtarışlar aparır, bəzən də "Molla Nəsrəddin"in nəşrini dayandırırdı (7).
XIX əsrdə mədəni-maarifin inkiş afında böyük xidmətləri olmuş, xalqın oyanmasında böyük yerə,
rola malik mütəfəkkirlərdən M.K. Kazımbəy, M.Camal, M.Ş.Vazeh, M.C.Topcubaşov, S.Şirvaninin və
baş qalarının xidmətləri danılmazdır.
Rəna BAYRAMOVA,
Azərbaycan Respublikasının Prezidenti
yanında DİA-nın baş müəllimi,
tarix elmləri namizədi
ƏDƏBİYYAT
1.
Azərbaycan tarixi. IV cild. Bakı - 2000.
2.
Vikipedia.az.orq.
3.
S.Süleymanova. Azərbaycanda ictimai-siyasi hərəkat. Bakı - 1999.
4.
A.Bakıxanov - Maarifə doğru ilk addım. Bakı - 1992.
5.
A.Bakıxanov. Rus çarizminin ilk siması. Bakı - 1992.
6.
http: Vikipedia.orq Həsənbəy Zərdabi
7.
http: Vikipedia.orq Cəlil Məmmədquluzadə
Резюме
Рена Байрамова.
Главный преподаватель Государственной Академии Управления при Президенте
Азербайджанской Республики. Кандидат исторических наук.
В этой статье речь идет об уровне культорно-посвятительской работы, о народном образовании, о
проблемах, которые перед школами, и о решениях этих проблем. В решениях этих задач сыграли большую
роль А.Бакыханов, М.'Гопчубашов, М.Ш.Вазех, М.Ф.Ахундов, Х.Зердаби, З.Тагиев и другие.
Summary
Rena Bayramov.
National Academy of Management under the President of the Republic
of Azerbaijan. Candidate of historical sciences, lecturer.
This article is about the level of kultorno-postvyatitclskoy work on public education, the problems that
faced the schools and, the solutions to these problems. In solving these problems played a large role Bakyhanov
A.M. Topchubashov, M.Sh. Vazeh, M.F.Akhundov, H. Zеrdabi, H.Z. Tagiyev and others.
Dostları ilə paylaş: |