Xoşbəxt ailənin sirləri



Yüklə 473,99 Kb.
səhifə1/9
tarix17.09.2017
ölçüsü473,99 Kb.
#580
  1   2   3   4   5   6   7   8   9

Xoşbəxt ailənin sirləri Yelena Q. Uayt
Mündəricat
Fəsil 1. Ailədə yaradılmış mühit

Fəsil 2. Ilk ailənin yaranmasi

Fəsil 3. Evdəki rahatlıq

Fəsil 4. Vacib qərar

Fəsil 5. Məhəbbət və əməkdaşlıq

Fəsil 6. Ev

Fəsil 7. Evin quruluşu

Fəsil 8. Valideyn olmaq

Fəsil 9. Ailədə birliyi necə qorumalı

Fəsil 10. Ilk məktəb

Fəsil 11. Ailədə dostluq

Fəsil 12. Məhəbbətin gücü

Fəsil 13. Ürəklərin tarlasi

Fəsil 14. Valideynlər üçün əhdlər

Fəsil 15. Atanın mövqeyi və vəzifələri

Fəsil 16. Bir-birinə kömək edərək

Fəsil 17. Kişi necə olmamalıdır

Fəsil 18. Ata və övladları

Fəsil 19. Ananin vəzifəsi

Fəsil 20. Ananın təsiri

Fəsil 21. Çətinlikləri dəf edərkən

Fəsil 22. Ananın sağlamlıği və xarici görünüşü

Fəsil 23. Övlad dünyaya gələnə qədər

Fəsil 24. Kiçik yaslı uşaqlara qayğı

Fəsil 25. Ananın başlıca vəzifəsi

Fəsil 26. Kiçik köməkçilər

Fəsil 27. Valideynlərə münasibət

Fəsil 28. Ailə tərbiyəsinin prinsipləri

Fəsil 29. Ailədə dindarlıq

Fəsil 30. Əxlaqi normalar

Fəsil 31. Ailə təsərrüfatı

Fəsil 32. Işdə düzgünlük

Fəsil 33. Qəlbin sağlamlığı

Fəsil 34. Nəzakət və xeyirxahlıq

Fəsil 35. Nitq

Fəsil 36. Sosial tələbatlar

Fəsil 37. Istirahət vacibdir

Fəsil 38. Bu gün və gələcək üçün hədiyyə

Fəsil 39. Yeni həyat

1. Ailədə yaradılmış mühit
"Yaxşı münasibətlər üzərində qurulmuş ailə - həm gənclər, həm də yaşlı nəsil üçün ən gözəl məktəbdir". Samuel Smaylz
Cəmiyyət ayrı-ayrı ailələrdən təşkil edilmişdir və ailə quran tərəflərin onu necə saxlamasından asılıdır. Ailə millətin ürəyidir. Ölkənin gələcək rifahı yaxud tənəzzülü yeni nəslin xarakteri və mənəvi siması ilə şərtlənir. Əgər gənclər əxlaq, özünüidarə və təmkinlilik kimi xüsusiyyətlərə uşaq yaşlarından vərdiş edirlərsə, gələcəkdə cəmiyyətə müsbət təsir göstərirlər. Əgər gənclər tərbiyə və intizamdan kənarda qalsalar, onda onlar özbaşına və ədəbsiz böyürəcəklər, nəticədə isə acınacaqlı hal yaranacaq. Bu gün gənclərdə formalaşan vərdiş və prinsiplər gələcək cəmiyyətin xarakterini əks etdirir. Düzgün təşkil olunmamış ailənin təsiri hər tərəfə yayılır və bütünlüklə cəmiyyətə məhvedici yara vurur. O, ailəni, cəmiyyəti və dövləti öz şər selinin qoynuna alaraq məhvə doğru aparır.

Qaydaların vacibliyi

Bu dünyanın şərindən və səhv yollarından qorunmaq üçün hər bir insanın hələ uşaq yaşlarından etibarlı istehkama ehtiyacı var. Hər bir ailənin öz qayda-qanunları olmalıdır və valideynlər bir-birlərinə münasibətdə övladları üçün canlı nümunə olmalıdırlar. Bununla onlar övladlarını necə görmək istədiklərini büruzə verməlidirlər. Daim nitqin təmizliyinə fikir vermək və nəzakətlə davranmaq vacibdir. Uşaq və gəncləri özünəhörmətə, Allaha münasibətdə səmimi olmağa öyrədin. Onlara həyatlarını idarə edəcək və ətrafdakılarla münasibətdə özünü büruzə verəcək prinsiplərə sadiq qalmağı öyrədin. Bu cür tərbiyə almış uşaqlar öz hərəkətləri üçün cavabdehlik daşımağa hazır olacaqlar. öz xeyirxah nümunələri və məsləhətləri ilə daim başqalarına da ədalətli olmaqda kömək edə biləcəklər. Onlar təbiətin bəxş etdiyi istedadları düzgün qiymətləndirəcək, fiziki, əqli və mənəvi qüvvələrindən istifadə etməyin ən yaxşı yolunu tapa biləcəklər. Ailədə mövcud olan ab-hava valideynlərin qarşılıqlı münasibətindən əhəmiyyətli dərəcədə asılıdır. Əgər ata ilə ana arasında fikir ayrılığı mövcuddursa, bu ruh uşaqlara da keçir. Buna görə də evinizdə qarşılıqlı nəvaziş atmosferi yaratmağa çalışın. Sizin eviniz çox sadə ola bilər, lakin bu ev daim ruhlandırıcı kəlmələrin səsləndiyi, xeyirxah işlərin görüldüyü, məhəbbət və nəvazişin yuva saldığı bir yer olmalıdır.



Ən başlıcası məhəbbətdir Evdəki problemləri dəmir çubuqla deyil, müdriklik və məhəbbətlə yoluna qoyun. Uşaqlar məhəbbət qanunlarına tabe olmağa həmişə hazırdırlar. Fürsət yaranan kimi, onların işlərini tərifləyin. Bacardığınız qədər onların xoşbəxtliyi üçün çalışın. Məhəbbət və bağlılıq nümayiş etdirin, ürəklərinizi həqiqət toxumları üçün hazırlayaraq, mülayimliyinizi qoruyun. Yadınızda saxlayın ki, Allah yerə təkcə bulud və yağış göndərmir, O, həm də gözəl günəş şüalarını bəxş edir. Unutmayın ki, uşaqların təkcə məzəmmət və düzəlişlərə deyil, təsəlliyə və tərifə, mehriban, xeyirxah kəlmələrə də ehtiyacı var.

Biz əlimizdən gələni etməliyik ki, bizim evimiz sözün əsl mənasında ailə ocağına çevrilsin. Ailə - səmanın yerdəki bir hissəsi - elə bir yer olmalıdır ki, burada biz kobudluğa məruz qalmaqdan ehtiyat etmədən öz hisslərimizi aydın şəkildə ifadə edə bilək. Bizim xoşbəxtliyimiz bir-birimizə bələdiyimiz məhəbbət və rəğbətdən asılıdır. Ailə bağları yer üzündə ən sıx, ən incə və ən müqəddəs bağlardır. Onlar bəşəriyyətə xeyir-dua kimi verilmişdir; müdrikliklə, Allahın iradəsinə uyğun şəkildə və hər iki tərəfin qarşılıqlı məsuliyyəti ilə qurulan ailə ittifaqı cəmiyyət üçün həqiqi xeyir-duadır. Məhəbbət, rəğbət və nəvazişin hökm sürdüyü ailə mələklərin sevimli məkanı və Allahın izzətləndiyi yerdir. Ailə Allah qarşısında səmimi olmalıdır. Valideynlər və uşaqlar Onunla əməkdaşlıq etməyi öyrənməlidirlər. Onlar öz vərdişlərini və xasiyyətlərini Allahın planına uyğun şəkildə tərbiyə etməli, insani məhəbbətin təmizliyini və nəcibliyini qoruya bilən yeganə Şəxsə məhəbbətlə qulluq etmək üçün birləşməlidirlər.



Ailənin təsiri Tərbiyəli və nəzakətli üzvləri olan ailə ətrafdakılara müsbət təsir göstərir, yaxşı nümunəyə əsasən hərəkət etməkdə və mənfi təsirlərdən qorunmaqda onlara kömək edirlər. Allahın iradəsinə uyğun yaşayan ailə həmişə mələklərin müşayiətində olacaqdır.

Yer üzündə bizə çox az vaxt verilmişdir. Bizim hər birimizin bu dünyada yalnız bir həyat yolumuz var, ona görə də əlimizdən gələni etməyə çalışmalıyıq. Dəvət olunduğumuz iş var-dövlət, cəmiyyətdə xüsusi mövqe və ya qeyri-adi istedad tələb etmir. Bu iş könüllülük, qurban vermə ruhu və möhkəm iradə tələb edir. Əgər ürəklərimizin və evlərimizin qapısını İlahi prinsiplər üçün açsaq, həyatverici qüvvənin axdığı kanala çevrilərik. Bizim heç birimiz bu dünyada yaşaya-yaşaya ona təsir göstərməyə bilmərik. Ailədə heç kim özünə o dərəcədə qapıla bilməz ki, ətrafdakılar onun təsirini və əhval-ruhiyyəsini hiss etməmiş olsunlar. Onun simasındakı ifadənin özü ya müsbət, ya da mənfi təsir bağışlayır. İnsanın sözləri, əməlləri, başqalarına münasibəti onun haqqında danışır. Əgər insan eqoist həyat sürürsə, öz ətrafında çox ağır, üzüntülü ab-hava yaradır. Lakin əgər insanın ürəyi məhəbbətlə doludursa, o, çox nəzakətli, xeyirxah, başqalarına qarşı nəvazişli olur, öz işinə qayğı və sevinclə yanaşır, ətrafa xoşbəxtlik ruhu yayır. Qoy gülərüz insanların sayı daha çox olsun. Biz həddindən çox özümüzə qapılırıq. Həddindən çox övladlarımızı və ətrafımızdakıları xoş, ruhlandırıcı kəlmələrdən, nəvazişli təbəssümdən məhrum edirik.

Ən əsası odur ki, ailədə mehribançılıq hökm sürsün. Onda bizim təsirimiz ətrafımızdakılarda da iz buraxacaq və get-gedə daha da uzaqlara yayılacaq. Dünyanın böyük istedadlara deyil, ailələri üçün böyük xeyir-dua olan yaxşı insanlara daha çox ehtiyacı var.

2. İlk ailənin yaranması

Ailə səmanın yer özündəki kiçik hissəsi olmalıdır. İlk valideynlərimizin yaşadıqları Eden bağını Allah özü onlar üçün hazırlamışdı. Allah insanın arzulaya biləcəyi hər şeyi o bağda yerləşdirərək dedi: "öz surətimizə və bənzərimizə görə insanı yaradaq" (Yar. 1:26). Allah özünün ən axırıncı və ən gözəl yaratdığından məmnun qalmışdı və istəyirdi ki, insan kamil dünyanın kamil sakini olsun. Lakin O, insanın tək yaşamasını istəmirdi. Allah dedi: "İnsanın tək olması yaxşı deyil; Mən ona münasib olan bir köməkçi yaradacağam" (Yar. 2:18).Allah özü Adəmə onunla eyni hüquqlu həyat yoldaşı verdi; o, Adəm üçün dost ola, onun məhəbbətinə cavab verə və dərdinə şərik ola bilərdi. Həvva Adəmin qabırğasından yaradılmışdı; bu o demək idi ki, o, ailə başçısı kimi ərinin Üzərində ağalıq edə bilməzdi, lakin aşağı səviyyəli birisi kimi Adəmə baş əyməli də deyildi, Həvva Adəmlə eyni səviyyədə yaradılmışdı ki, əri onu sevsin və qorusun. Kişinin bir hissəsi, əti ətindən, sümüyü sümüyündən olduğuna görə, o, Adəmlə sıx ittifaq yaradaraq, aralarındakı münasibətlərə xas olan incə bağlılıqla onun ikinci "mən"inə çevrilmişdi. "Buna görə kişi öz ata-anasını tərk edib arvadına qovuşacaq və onlar bir bədən olacaqlar" (Yar. 2:24).

Allah ilk nikahı xeyir-dualadı. Beləliklə, bu ittifaqın müəllifi dünyanın Yaradıcısıdır. Nikah - Allahın insana bəxş etdiyi ilk hədiyyələrdən biri və günaha batdıqdan sonra Adəm Cənnət bağını tərk edərkən özüylə götürə bildiyi iki imkandan biri idi. İnsanlar nikahla bağlı İlahi prinsipləri bilib, onlara əməl edən zaman, bu nikah onlar üçün xeyir-duaya çevrilir; O, əxlaq təmizliyini və bəşər nəslinin xoşbəxtliyini qorumağa kömək edir, ümumi qanunlara uyğun gəlir və insanı bütün münasibətlərdə ucaldır.

Adəm ürəyinin istədiyi hər şeylə əhatə olunmuşdu. Onun bütün ehtiyacları ödənilirdi. Gözəl Edendə günah və xəstəlikdən əsər-əlamət yox idi. Rəbbin mələkləri sərbəst şəkildə və böyük nəvazişlə müqəddəs cütlüklə ünsiyyət edirdilər. İnsan Yaradanın yaratdıqlarının ən gözəli idi.

Adəmə bağın qayğısına qalmaq tapşırılmışdı. Əgər insanın xoşbəxtliyi fəaliyyətsizlikdə olsaydı, onda o, öz müqəddəs günahsızlığında işsiz qalardı. Lakin insanı Yaradan bilirdi ki, onun xoşbəxtliyinin açarı əməkdədir.



Allah birinci yerdədir Adəm və Həvvanın Allahla ünsiyyətinə heç nə mane olmurdu. Onlar Onu mərhəmətli Ata kimi tanıyırdılar və onların iradələri Allahın iradəsi ilə üst-üstə düşürdü. Allahın xarakteri Adəmin xarakterində əks olunurdu. Allahın izzəti təbiətdəki bütün yaradılmışlarda izhar olunurdu. öz ailələrində birinci yeri Allaha verən və övladlarını Onu sevməyə öyrədənlər mələklər və insanlar qarşısında Rəbbi izzətləndirirlər və dünyaya yaxşı təşkil olunmuş, intizamlı ailə nümunəsi verirlər. Belə ailələrdə Məsih yad kimi qəbul edilmir. Rəbbin rəhbərlik etdiyi və uşaqların dinə, Müqəddəs Kitaba və öz Yaradanlarına hörmət etməyə öyrədildiyi evdə mələklər şadlanırlar.

Yalnız Məsihin hüzuru insanları xoşbəxt edə bilər. Məsih həyat suyunu səma şərbətinə çevirə bilər. Onda həmin ev cənnətə, ailə isə səmavi ailənin gözəl simvoluna çevrilir.



Sizin nikahıniz məhəbbət və çiçəklərlə doludurmu?

Bu sualların ətrafında düşünün. Səmimi cavablarınız ailə həyatınızdakı real vəziyyəti aydınlaşdırmağa kömək edəcək.

1. Həyat yoldaşınız həqiqətənmi sizin ən yaxşı dostunuzdur?

2. Ünsiyyət zamanı aranızı kəsən sədlərin mövcudluğuna yol verirsinizmi?

* Həyat yoldaşım öz hissləri haqqında danışarkən, onu diqqətlə dinləyir və gözlərinə baxırammı?

* Onun fikirlərinə maraq göstərirəmmi?

* öz mülahizələrimdə anlama və razılıq əlamətlərini nümayiş etdirirəmmi?

* özümü yaxşı dinləyici hesab edirəmmi?

3. öz həyat yoldaşınıza kifayət qədər diqqət yetirirsinizmi?

* Həyat yoldaşınızı sevdiyinizi hamı bilirmi?

* Həyat yoldaşınızı tez-tez qucaqlayıb öpürsünüzmü?

* Həyat yoldaşınız hisslərini hansı formada çatdırmağa üstünlük verdiyini bilirsinizmi?

4. Uşaqların tərbiyə edilməsində fikirləriniz üst-üstə düşürmü?

* İstifadə edilən intizam qaydaları ilə razılaşırsınızmı?

* Hər ikiniz uşaqların tərbiyəsi üçün daşıdığınız cavabdehliyi dərk edirsinizmi?

* Qışqırıq və əsəbilikdən uzaqlaşaraq, öz səs tonunuzu idarə edə bilirsinizmi?

* Uşaqların yanında mübahisə etməkdən uzaq durursunuzmu?

* Həftədə bir gününüzü ailənizlə ünsiyyət üçün ayırırsınızmı?


3. Evdəki rahatlıq

"Xoşbəxt ailə - həmişə qısa görünən uzun söhbətdir". Andre Mauroyz

Valideynlər öz övladlarının gələcək xoşbəxtliyinin və maraqlarının qayğısına qalmaqla bərabər, həm də öz ailə ocaqlarını mümkün qədər cəlbedici bir yerə çevirməlidirlər. Bu, hansısa ev əşyalarının alınmasından və ya pul yığmaqdan daha vacibdir. Ailədə sevinc kasadlığı hiss olunmamalıdır. Ailə ilə bağlı hisslər uşaqların ürəklərində həmişə qorunub saxlanmalıdır ki, onlar uşaqlıq vaxtlarının keçdiyi evi səmada olduğu kimi - sülh və xoşbəxtliyin hökm sürdüyü bir yer kimi xatırlasınlar. Onda onlar yetkin yaşa çatanda valideynlərinə dəstək və təsəlli olacaqlar.

Yer üzündə ən rahat yer

Ev övladlar üçün yer üzündə ən rahat yerə çevrilməli və bu yerdə ən çox cəlb edən şey ananın varlığı olmalıdır. Uşaqlar həssas, sevən təbiətə malikdirlər. Onları sevindirmək asan olduğu qədər, qəlblərinə toxunmaq da asandır. Analar mülayim rəftarla, sözlərlə və əməllərlə öz sevgilərini nümayiş etdirərək, övladlarının ürəklərini ələ ala bilərlər.

Ev işlərinin öhdəsindən müvəffəqiyyətlə gəlmək üçün təmizlik, səliqə və intizamın olması əsas şərtdir. Lakin əgər ana intizam yaratmağı ən vacib vəzifəyə çevirərək və özünü bütünlüklə rahatlığın yaradılması işinə həsr edərək, övladlarının fiziki inkişafına, əqli və əxlaqi tərbiyəsinə lazımi diqqət yetirə bilmirsə, çox böyük səhvə yol verir.

Lazımsız bəzək əşyalarından və zahiri olan bir çox şeydən imtina etmək o demək deyil ki, biz öz xarici görünüşümüzə diqqətsiz və etinasız qalmalıyıq. Bizim zahiri görünüşümüzə və yaşadığımız yerə aidiyyət kəsb edən hər bir şey səliqəli və cazibədar olmalıdır.



Evdəki intizam

Allah intizamsızlığı və etinasızlığı sevmir; cəhdlərimizin yox dərəcədə olması Onun xoşuna gəlmir. Əgər kişi qadından fərqli olaraq səliqə-səhmanı, intizamlı uşaqları və yaxşı təşkil olunmuş evi sevirsə, onda yuxarıda sadaladığımız çatışmazlıqlar ərlə arvadın ayrılması kimi ciddi məsələnin ortaya çıxmasına şərait yaradır. Səliqə-səhmanı saxlaya bilməyən, özünü layiqincə aparmayan və evi düzgün idarə etməyi bacarmayan qadın və ana heç vaxt ailəsinə razılıq və xoşbəxtlik bəxş edə bilməz; ona görə də, bu cəhətlər baxımından büdrəyənlər, öz zəif cəhətlərini inkişaf etdirməlidirlər.



Şərəfli iş

Bir çox ailələrdə qadın oxumaq, lazımi məlumatları əldə etmək, həyat yoldaşı ilə ünsiyyət etmək və uşaqların böyüməsinə nəzarət etmək üçün vaxt tapa bilmir. Onun bütün gücü, vaxtı və maraqları daim ağır ev işlərinə həsr olunur. Ailədə artıq yad bir insana çevrildiyini çox gec başa düşür. Sevdiyi insanlara təsir göstərmək və onların həyatını daha yüksək səviyyəyə qaldırmaq üçün nə vaxtsa əlində olan qiymətli imkanlar istifadəsiz qalır və əbədi olaraq itirilirlər.

Qoy ailə ocağını qoruyan qadınlar daha müdrik plana əsasən hərəkət etməyə qərar versinlər. öz evinizi ən xoşagələn yerə çevirmək sizin üçün ən başlıca məqsəd olsun. Əməyi yüngülləşdirmək və sağlamlığı qorumaq üçün vasitələrdən istifadə edin.
Etməli olduğumuz bütün işlər - qab yumaq, xəstələrə qulluq etmək, yemək hazırlamaq və ya paltar yumaq - tərbiyəvi mənaya malikdir. İlk baxışdan sadə görünən işi də kimsə yerinə yetirməlidir; onu yerinə yetirən şəxs bilməlidir ki, bu iş vacib və şərəflidir.

Evimin xoşagələn və cəlbedici olması üçün nə etməliyəm?



4. Vacib qərar

"Ailə - bizim sığınacağımız və tramplinimizdir. Ondan təkan alaraq, biz yeni zirvələri fəth edə bilərik". Aleks Xaley

Əgər nikahınızın toydan sonra acınacaqlı vəziyyətə düşməsini istəmirsinizsə, onda bu məsələ haqqında yubanmadan ciddi və ətraflı şəkildə düşünməlisiniz. Qadının əri kimi heç bir kəs onun xoşbəxtliyini əlindən ala və həyatını dözülməz edə bilməz; öz qadını kimi heç bir qadın kişinin ümid və arzularını heçə endirə, qüvvəsini əlindən ala və onun nüfuzunu və nailiyyətlərini yox dərəcəsinə endirə bilməz. Bir çox qadınlar və kişilər bütün müvəffəqiyyətlərinin və uğursuzluqlarının başlanğıcını nikah günündən başlayaraq hesablayırlar, gələcəyə ümidlərini bu günlə bağlayırlar. Nikah - sizin indiki və gələcək həyatınıza böyük təsir göstərən qeyri-adi bir mövhumdur.

Allah qadını yaratdı ki, o, öz əri üçün həyat yoldaşı və köməkçi olsun, onunla bir bədən olsun, ona ruh və xeyir-dua versin; ər isə öz növbəsində qadınının etibarlı dayağı olsun. Müqəddəs məramla nikaha girənlər - ər, qadının ürəyinin təmiz rəğbətini qazanmaq üçün, qadın, ərinin xasiyyətini yumşaltmaq və yaxşılaşdırmaq üçün - Allahın onlar üçün nəzərdə tutduğu məqsədləri yerinə yetirirlər.



Məsih və nikah

Məsih nikahı məhv etmək üçün deyil, onu ilkin müqəddəsliyinə və ucalığına qaytarmaq üçün gəldi. O, Allahın əxlaqi obrazını insanda bərpa etmək üçün gəldi və öz işini nikah münasibətlərini təqdir etməkdən başladı.

Məsihdə izhar olunan İlahi məhəbbət heç vaxt insani məhəbbətə zərər toxundura bilməz, əksinə onu daha da genişləndirir. Bunun sayəsində insani məhəbbət incəlir və saflaşır, ucalır və nəcibləşir. Əgər insani məhəbbət İlahi məhəbbətlə birləşməzsə, heç vaxt qiymətli bəhrə verə bilməyəcək və Səmaya ucalmaq üçün yüksələ bilməyəcəkdir. Allah xoşbəxt nikahlar, xoşbəxt ailələr görmək arzusundadır.

Allahın insanlara bəxş etdiyi bütün digər ənamlar kimi, nikah da günahla ləkələndi, lakin Müjdənin məqsədi onun saflığını və gözəlliyini bərpa etməkdir. Rəbbimiz çox istəyir ki, ailə yer üzündə ən xoşbəxt yer, səmavi ailənin simvolu olsun.



Həyat məktəbi

Birgə həyatın ilk ili - təcrübə toplamaq ilidir, uşaqlar məktəbdə yeni şeylər öyrəndikləri kimi, ərlə arvad da bir-birinin xasiyyətinin müxtəlif tərəflərini öyrənirlər. Qoy sizin ailə həyatınızın bu ilk fəslində elə səhifələr olmasın ki, gələcək xoşbəxtliyinizin üstünə kölgə düşməsin.

Ömürlük bağladığınız ittifaqda həm kişi, həm də qadının meylləri hər ikinizin xoşbəxtliyinə qulluq etməlidir. Hər biriniz qarşı tərəfin xoşbəxtliyi üçün əlindən gələni etməlidir. Bu, Allahın sizinlə bağlı iradəsidir. Lakin bir bədəndə birləşərkən, hər kəs öz fərdiyyətini qoruyub saxlamalıdır. Sizin fərdiyyətiniz Allaha məxsusdur. Yaradılışınızın əsasında duran məqsədi hansı yolla daha yaxşı həyata keçirə biləcəyinizi yalnız Ondan soruşmalısınız.

Nikah münasibətlərinin məğzini başa düşmək üçün bütöv bir həyat yaşamaq lazımdır. Nikaha daxil olanlar elə bir məktəbə daxil olurlar ki, bu həyatda onu bitirə bilməyəcəklər. Nikah nə qədər ehtiyatlı və müdrik şəkildə başlasa da, yalnız nadir hallarda elə bir cütlüyə rast gəlmək olar ki, nikah mərasiminin yenicə başa çatdığı bir vaxtda heç bir şeydə fikir ayrılığı olmasın. Nikahda birləşmiş iki insanın həqiqi ittifaqı qarşıda duran illər ərzində formalaşır.

Gənc ailə həyat çətinlikləri və uğursuzluqlarla qarşılaşan zaman, ailədə hökm sürən romantika get-gedə itirilir. Ər və arvad bir-birinin xasiyyətini əvvəllər öyrənə bilmədikləri bir şəkildə öyrənirlər. Bu, onların birgə həyatının böhranlı dövrüdür. Onların bütün gələcək həyatının xoşbəxtliyi və uğuru indi düzgün yolu seçə bilmələrindən asılıdır. çox vaxt onlar öz yoldaşlarında əvvəllər görmədikləri zəif cəhətləri və çatışmazlıqları görürlər, lakin məhəbbətlə birləşən ürəklər əvvəllər görə bilmədikləri müsbət keyfiyyətləri də ayırd edə bilərlər. Qoy həyat yoldaşları bir-birinin mənfi cəhətlərini deyil, müsbət cəhətlərini görməyə çalışsınlar. çox vaxt bizim şəxsi münasibətimiz, ətrafımızda yaratdığımız ab-hava başqaları haqqında nə düşündüyümüzü təyin etməyə imkan verir.

Nikah - məhəbbətin başlanğıcı

İlk vaxtlarda çətinliklər, anlaşılmazlıqlar və maneələr yaranmasına baxmayaraq, nə ər, nə də arvad nikahlarının səhv və məyusluq olduğu fikrini özlərinə yaxın buraxmalıdırlar. Qərar verin ki, bir-biriniz üçün edə biləcəyiniz hər şeyi edəcəksiniz. Yenə də bir-birinizə əvvəllər olduğu qədər diqqət yetirməkdə davam edin. Həyat mübarizəsində bir-birinizə dəstək verin. Qoy qarşılıqlı məhəbbət və güzəşt sizi sevindirsin. O zaman sizin nikahınız məhəbbətin sonu deyil, əvvəllər olduğu kimi onun başlanğıcı olacaqdır. Xoş xasiyyət və təmkin göstərməklə, qəlbi isidən həqiqi məhəbbəti qorumaq mümkündür.

Öz nitqinizə diqqət yetirin, çünki o, həm xeyirə, həm də şərə böyük təsir göstərir. Dodaqlarınızdan kəskin kəlmələrin çıxmasına yol verməyin.

Məhəbbətin izhar olunması

Bir çoxları məhəbbətin izharını zəiflik hesab edirlər və başqalarının rəğbətini tapdalayan və onları özündən uzaqlaşdıran davranışlarında davam edirlər. Əgər səmimi nəcib hisslər gizli saxlanılarsa, onlar zaman keçdikcə tamamilə itəcəklər və qəlbiniz boş və soyuq olacaq. Bu səhvə yol verməkdən özümüzü gözləməliyik. Əgər məhəbbətimizi heç cür izhar edə bilmiriksə, o, öz mövcudluğunu uzun müddət saxlaya bilməz. Qoy nikah telləri ilə bağlandığınız şəxsin ürəyi xeyirxahlıq və rəğbət kasadlığından əziyyət çəkməsin.

Qoy hər kəs tələb olunandan çox məhəbbət bəsləsin. özünüzdə ən nəcib xasiyyətləri inkişaf etdirin və bir-birinizin müsbət cəhətlərini etiraf etməyə tələsin.

Layiqincə qiymətləndirildiyini dərk etmək çox gözəl stimul yaradır və məmnunluq bəxş edir. Rəğbət və hörmət kamilliyə canatmaya təkan verir.

Dünyamızda bu qədər amansız insanların mövcudluğunun əsas səbəbi odur ki, səmimi bağlılıq zəiflik kimi qiymətləndirilir və insan çaşqınlıq və təzyiq hiss edir.

Qarşılıqlı qayğı

Həddindən çox qayğılar ailələrimizi ağuşuna alır və təbii sadəlik, sülh və xoşbəxtlik çox az hiss olunur. Dünyəvi qayğılar haqqında düşünməkdən daha çox yaxınlarımızın qayğısına qalmağa diqqət yetirmək lazımdır. Ailə üzvləri yalançı, zahiri nəzakət göstərmək əvəzinə, bir-birinə daha çox nəvaziş və məhəbbət bəsləməlidirlər. Bir çoxları evi daha cəlbedici və sevincli yerə çevirməyin yolunu öyrənməlidirlər. Minnətdar ürək və nəvazişli baxış, var-dövlət və cah-calaldan daha qiymətlidir. Əgər ailədə məhəbbət hökm sürürsə, adi şeylərdən məmnunluq, xoşbəxtlik bəxş edir. Biz öz məhəbbətimizi baxışımızda, davranışımızda, yaxınlarımızla danışıq tərzimizdə nümayiş etdirməliyik.



Allahın ailədə mövcudluğu

Qarşılıqlı güzəşt və məhəbbət olmadan heç bir dünyəvi qüvvə qadınla kişini birgə həyat telləri ilə bağlaya bilməz. Sizin nikah münasibətləriniz yaxın, incə və uca, həyatınızı ruhlu qida ilə doldura biləcək şəkildə olmalıdır, çünki Müqəddəs Yazılar belə tələb edir. Allahın sizin üçün nəzərdə tutduğu səviyyəyə çatanda, özünüzü səmadakı kimi hiss edəcək və Allahın həyatınızda mövcudluğunu duyacaqsınız. İnsanlar Allahı öz Köməkçilərinə çevirsələr, Onun qabaqcadan onlar üçün təyin etdiyi ideala çata bilərlər. Məhəbbətlə Rəbbə güvənənlər üçün Onun lütfü insan ağlının edə bilmədiklərini edəcəkdir. Rəbbin uzaqgörənlisi ürəkləri səmavi tellərlə bağlaya bilər. Səmavi dəzgahlar yerdəki dəzgahlardan daha incə və möhkəm özül yaradır, bütün imtahanlara və çətinliklərə dözə biləcək örtüklə örtür. Ürəklər ucu-bucağı bilinməyən qızıl bağlarla birləşəcək.



Üç məsləhət öz qadınına necə sevinc bəxş etməli

* Gül-çiçək mağazasına girin və bir buket qızılgül yaxud başqa çiçəklərdən alın. Çiçəklərin arasına "Səni düşündüm və ürəyimdən keçdi ki, səni nə qədər çox sevdiyimi söyləyim" sözləri yazılmış açıqca qoyun və buketi qapının kandarında və ya nahar vaxtı təqdim edin.


* Həftə ərzində bir neçə dəfə telefonla zəng edin. Bunu heç bir səbəbi olmadan, yalnız bu sözləri demək üçün edin: "Mən səni sevirəm və səninlə olduğum üçün özümü dünyanın ən xoşbəxt kişisi hesab edirəm".
* öz əllərinizlə açıqca hazırlayın və həyat yoldaşınızı ad günü və ya evlənmənizin ildönümü münasibətilə təbrik edin. Düzəltdiyiniz açıqcanı sənət əsəri hesab etmək mümkün olmasa da, inanın ki, bu hədiyyəniz onun üçün daha yaddaqalan olacaq.Öz ərinə məhəbbətini necə izhar etməli.
* Ailə seçkiləri aparın. Ərinizə söyləyin ki, uşaqlarla birgə onu ilin ən yaxşı əri və atası seçmisiniz. Fəxri qramota hazırlayın və görünən yerdən asın.
* Açıqca alın və ya özünüz hazırlayın. Öz hisslərinizi ona çatdırın və onu nə qədər sevdiyinizi, onun sizin əriniz və uşaqlarınızın atası olmasından məmnun olduğunuzu söyləyin. Bu açıqcanı xüsusi hazırlanmış nahar zamanı təqdim edin, yaxud da poçt vasitəsilə göndərin.
* Tez-tez onu tərifləyin. Onun müsbət cəhətlərini qeyd etməyi unutmayın: uşaqların tərbiyəsində göstərdiyi səbri, ağıllı olmasını, işdə qazandığı uğurları, fiziki qüvvəsini və s.

Yüklə 473,99 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə