Xürrəmilər hərəkatı



Yüklə 223,17 Kb.
tarix14.03.2018
ölçüsü223,17 Kb.
#31362

13 Nömrə li tam orta mə ktə b

Xürrəmilər hərəkatı



https://upload.wikimedia.org/wikipedia/az/thumb/2/23/khurramides_%e2%80%93_x%c3%bcrr%c9%99mil%c9%99r_%c3%bcsyan%c4%b1_1.jpg/400px-khurramides_%e2%80%93_x%c3%bcrr%c9%99mil%c9%99r_%c3%bcsyan%c4%b1_1.jpg

Hərəkatın başladığı, əhatə etdiyi əraziləri və əsas döyüş yerlərini göstərən xəritə



Xürrəmilər hərəkatı – Azərbaycanın Ərəb Xilafətinin tərkibində olduğu dövrdə ərəblərə qarşı Azərbaycandabaşlamış, sonra GilanMazandaranLuristan və İrana yayılmış xalq hərəkatı.

Üsyanın I mərhələsi

Xürrəmilər hərəkatının birinci mərhələsi üsyanın başlamasından Babəkin üsyana rəhbərlik etməyə başladığı zamana qədərki dövrü əhatə edir. I mərhələdə üsyanın əsas rəhbəri və aparıcı fiqur Azərbaycanın Ərdəbilşəhərindən olan Cavidan Səhrək oğlu olmuşdur. Xürrəmilər hərəkatının I mərhələsində baş verən hadisələr və döyüşlər əsasən Azərbaycan ərazisində olmuş və geniş yayılmamış, üsyan Ərəb Xilafəti üçün o qədər də böyük təhlükə törətməmişdir.

Xürrəmilərin ilk çıxışları

755-ci ildə baş verən və sözsüz ki, xürrəmdinilərin də iştirak etdikləri Sunbad üsyanı nəzərə alınmazsa, mənbələrdə "əl-müxəmmirə" – "qırmızı geyinmişlər" adı ilə məşhur olan xürrəmilərin ilk məlum çıxışı 162/778-ci ilə aid edilir.

Üsyanın başında "Əbd əl-Qəhhar adlı birisinin" durduğu haqqında xəbər verən ət-Təbəridən fərqli olaraq Nizamülmülk üsyan başçısının Əbu Müslimin oğlu Əbu əl-Qərra olduğunu, üsyançıların "[Ə]bu Müslim sağdır. Məmləkəti tutaq!" şüarı ilə çıxış etdiklərini dəqiqləşdirir. Nizamülmülk üsyançıları "qırmızı geyinmişlər" əvəzinə, "xürrəmdinilərlə birləşmiş" "qırmızı bayraq (sorxələm) batinilər" adlandırır.

Müvəffəqiyyətsizliyə uğrayan bu üsyandan keçən az qala iyirmi illik nisbi sükutdan sonra mənbələr "qırmızı geyinmişlər"in 180/796 – 797-ci ildə baş verən yeni çıxışı haqqında xəbər verir. Ət-Təbəriyə görə, həmin il Curcanda "zındıq" Əmr ibn Məhəmməd əl-Əmrakinin başçılığı ilə baş vermiş üsyan da müvəffəqiyyətsizliklə nəticələnmiş, xəlifə Harun ər-Rəşidin əmri ilə üsyan başçısı öldürülmüşdü. 181/797 – 798-ci il hadisələrindən bəhs edən ət-Təbəri həmin il "qırmızı geyinmişlər"in Curcanı tutmaları haqqında məlumat verir.

Xürrəmilərin yeni çıxışını ət-Təbəri 192/808-809-cu ilə aid edir. Nizamülmülk üsyanın "Harun ər-Rəşidin Xorasanda olduğu vaxta" təsadüf etdiyini qeyd edir. Bu dəfə İsfahanRey,Həmədan və b. yerləri əhatə edən üsyan, ət-Təbərinin məlumatına görə, Azərbaycanda başlanmış, hər yerdən gələn yüz mindən artıq adam üsyana qoşulmuşdu. Lakin Abbasi üsuli-idarəsinə qarşı yönəldilmiş bu çıxış da uğursuzluqla nəticələnmiş, "saysız adam öldürülmüş", çoxlu əsir tutularaq, Harunun Karmisindəki qərargahına gətirilmiş, onların bir hissəsi məhv edilmiş, qalanları isə Bağdad bazarında satılmışdılar.

Bu hadisədən sonra xürrəmilərin Xilafətə qarşı çıxışları ara verdi. Mənbələrdən məlum olur ki, xürrəmilərin rəhbərləri olan Cavidan və Əbu İmran bu zaman ədavətə başlamış, aralarındakı münasibətləri aydınlaşdırmaqla məşğul olmuşdular. Başçılar arasında günü-gündən artan bu çəkişmə onları, habelə onların ardıcıllarını Xilafətə qarşı mübarizədən yayındırırdı. 816-cı ilə qədər xürrəmilər mərkəzi hakimiyyəti yalnız adda-budda çıxışlarla narahat edirdilər.

816-cı ildə Cavidan və Əbu İmran açıq döyüşdə bir-birini öldürdülər: Əbu İmran döyüş meydanında, Cavidan isə aldığı ağır yaradan üç gün sonra həlak oldu. Cavidanın ölümündən sonra xürrəmilərə rəhbərlik etməyə başlayan Babək hərəkatın məcrasını tamamilə Xilafətə qarşı yönəltdi.

Cavidanın Babəklə ilk tanışlığı

Azərbaycanda xürrəmilərin üsyanı öz başlanğıc mərhələsində Cavidan ibn Səhl və ya ibn Sührak adı ilə bağlı idi. İbn ən-Nədimin qismən sitat gətirdiyi Baqid ibn Əmr ət- Təmiminin itirilmiş "Babəkin tarixi" əsərində xürrəmilər hərəkatının meydana gəlməsindən bəhs edilən çox maraqlı və mötəbər sayıla biləcək təfərrüat vardır, hərçənd ki, bütünlükdə "Babəkin tarixi" əsəri-hadisə və şəxsləri təhrif edən mövqedən yazılmışdır, xürrəmilərə və Babəkə pis meyil və niyyətlər isnad verir, habelə Xilafət düşmənlərindən bəhs edildikdə tamamilə yanlış məlumat verir.

"Babəkin tarixi" əsərindən İbn ən-Nədimin gətirdiyi sitatda deyilir:



Cavidan Ərdəbil mahalında yaşayırdı, onun böyük qoyun sürüləri var idi və o, qoyunları Zəncan bazarında satırdı. Yağ gəzdirib satan Abdullah adlı1 bir şəxsMədaindən köçüb bu yerlərə, daha doğrusu, Meymad rustakının Bilalabad kəndinə gəlmişdi. O, yağını satarkən bir kənddən digərinə gedərdi, nəhayət, kəndlərdən birində özünə Bərumənd adlı birgözlü məşuqə tapır ki, o da yerli hakim ibn ər-Rəvvadın qulluqçusu idi. Bir ildən sonra Abdullah ölür, Bərumənd isə oğlu Babək iləSəraba köçür. Burada Babək əvvəlcə çobanlıq edir, sonra isə Təbrizə gedib, şəhər hakimi Məhəmməd ibn ər-Rəvvad əl-Əzdinin yanında qulluq etməyə başlayır. Bundan sonra o, anasının yanına qayıdır.

Bir dəfə Cavidan Zəncanda bir qədər mal-qara satıb öz yerinə, Bəzzə qayıdanda hava pis olduğuna görə təsadüfən Babəkin anasının evində qalır. Görür ki, onun müxtəlif tapşırığını yerinə yetirən Babək çox bacarıqlı və zirək oğlandır. O, Cavidanın xoşuna gəlir, bu da gənc Babəkin gələcək müqəddəratını həll edir. Cavidan Babəkin anasına təklif edir ki, oğlunu ona qulluq etməyə versin, bunun müqabilində Cavidan onun anasına hər ay müəyyən məbləğ pul ödəsin. Bərumənd razılaşır, Babək də Bəzzə gedib, Cavidanın malikanəsini idarə etməyə başlayır. Az sonra Cavidan öz daimi rəqibi Əbu İmranla vuruşmada ölümcül yaralanır və üç gündən sonra ölür. Cavidanın Babəkə gözü düşən cavan arvadı, ərinin ölümündən sonra tez Babəklə danışır ki, Cavidanın tərəfdarlarına rəhbərliyi öz öhdəsinə götürsün. Arvad onları ölən rəhbərin yanına toplayıb deyir ki, onların ağası Cavidan ölümqabağı ona aşağıdakı vəsiyyəti etmişdir: "Mən bu gecə öləcəyəm. Mənim ruhum bədənimdən çıxıb Babəkin bədəninə keçəcək və onun ruhu ilə birləşəcəkdir... Mən onu öz yerimə öz ardıcıllarıma rəhbər təyin edirəm"

Cavidanın tərəfdarları onun dul arvadının sözünə inanıb, şərtlərini danışıqsız qəbul etdilər, bundan sonra isə Babəkin icma rəhbərliyini qəbul etməsi mərasimi başlandı. Arvad əmr etdi bir inək gətirdilər, onu kəsdilər, dərisini soyub yerə sərdilər. Sonra dərinin ortasında bir şərab qədəhi qoyuldu, arvad da onun içərisinə çörək doğradı. Bu hazırlıq görüldükdən sonra, arvad Cavidanın hər bir tərəfdarını adı ilə çağırmağa başladı və ona əmr etdi ki, dərinin üstünə çıxsın, qədəhdən bir tikə çörək götürüb yesin və onun ardınca bu sözləri təkrar etsin: "Mən Cavidanın ruhuna inandığım kimi, sənə də inanıram, ey Babəkin ruhu!" Bundan sonra hər biri Babəkin əlindən tutub öpür və ona baş əyirdi. Sonra kef məclisi quruldu, bu ziyafətdə dul arvad Babəki öz yanında oturtdu və ona bir budaq reyhan verdi, ki, bu daAzərbaycanda qədimdən kəbin mərasiminin simvolu idi. Mənbələrin məlumatına görə, bu əhvalat hicri 201 (b.e. 816)-ci ildə olmuşdur.

Üsyanın II mərhələsi


Üsyanın II dövrü 816 – 817-ci ildən, yəni Babəkin üsyana rəhbərliyi öhdəsinə götürdüyü tarixdən başlanır və Bəzzin süqutuna qədər davam edir. Birinci mərhələdə olduğu kimi üsyanın ikinci mərhələsində də əsas hərbi əməliyyatlar (Həmədan və Həşdadsər döyüşləri kimi) Azərbaycan ərazisində aparılsa da bu dövrdə artıq üsyan əhatə dairəsini genişləndirir və ətraf vilayətlərin (Gilan, Mazandaran və s.) əhalisi də üsyana qoşulur. Babəkin rəhbərliyi ilə üsyan iyirmi ilə yaxın davam edir və Xürrəmilər bu dövrdə Ərəb Xilafətinin altı nəhəng ordusunu darmadağın edirlər.

Babəkin üsyana rəhbərliyə başlaması

Babək xürrəmilərə rəhbərliyi qəbul etdikdən sonra onların mübarizəsi tamamilə Xilafətə qarşı çevrildi. Bəzi mənbələrin verdiyi məlumata görə, Babək bir vaxt islamı qəbul edibmiş və onun müsəlman adı Həsən imiş.

Xürrəmilərin əksəriyyəti Azərbaycanın və qonşu vilayətlərin kəndlilərindən ibarət idi. Cavidanın rəhbərlik etdiyi xürrəmilər 816- cı ilədək Xilafəti yalnız hərdənbir narahat edirdilərsə, Cavidanın ölümündən sonra Xilafət üçün dəhşətli bir qüvvə oldular. Babək Xilafətə qarşı üsyan qaldırmaq vaxtını yaxşı seçdi. O, Əmin və Məmun qardaşlarının Xilafət taxtı üstündəki daxili mübarizələrindən istifadə etdi, çünki bu zaman ərəblərin yuxarı təbəqələrinin diqqəti Bağdaddan uzaqdakı şimal vilayətlərindən yayınmışdı. Dinəvərininverdiyi məlumata görə, "Babək (Xilafətdə) arası kəsilməyən qarışıqlıq və çətinliklər dövründə püxtələşmişdi". iki ərəb tarixçisi – Bağdadi və Məsudi onun haqqında eyni fikri ifadə edir:



"O, Azərbaycan vilayətinin Bəzzeyn dağında meydana çıxdı. Orada onun tərəfdarlarının sayı artdı"

— Əl-Bağdadi, səh. 251; əl-Məsudi. Tənbeh, səh. 352.



Əbu Dulaf qeyd edir ki, Bəzzdə "əl-xürrəmiyyə adı ilə məşhur olan əlmühəmmirə bayraqları təntənəli surətdə təqdis edildi. Babək buradan çıxmışdır".

İbn Kəsir isə xürrəmilər haqqda bunu qeyd edir:



"Əl-xürrəmiyyə və əl-babəkiyyənin mənşəyi Babək əl Xürrəmidir; o, Mötəsimin vaxtında meydana gəlmişdir, onları ona görə əl-mühəmmirə adlandırdılar ki, Abbasilər öz bayraqlarını qara rəngə boyadıqları kimi onlar da qırmızı [rəngə] boyayırdılar"

— İbn Kəsir, səh. 62.

Orta əsr mənbələrində bildirildiyi kimi, əvvəlcə Cavidanın, sonra isə iyirmi ildən artıq Babəkin başçılıq etdiyi xürrəmilərinAzərbaycandakı mərkəzi və ya paytaxtı qala şəhəri olan Bəzz idi. Ət-Təbəri deyir ki, Bəzz "Babəkin vilayəti və şəhəri idi".

Əl-Məsudi yazır:



"Babək Azərbaycan ölkəsində olan Bəzzeyn dağlarında üsyan qaldırmışdı."

— Əl-Məsudi, BGA, VIII, səh. 353

Məsudinin əsərində deyilir ki, "Babəkin ölkəsi Bəzzeyn – AzərbaycanArran və Beyləqandadır", Bəzzeyndə Arranda, "Babəkin ölkəsində" olan dağdır.

Yaquta Həməvi yazır:



"Bəzz – Azərbaycanla Arran arasında bir vilayətdir"

— ƏI-Yaqut, I, səh, 529.

Əl-Biruni yazır ki, "Bəzz Babək əl-Xürrəminin ölkəsidir".

Üsyanın inkişafı və genişlənməsi

Babək Bəzzdə xürrəmilər icmasının rəhbərliyini qəbul edən zaman, onun tərəfdarlarının sayı nisbətən çox deyildi. Bir mənbədə bildirilir ki, Babək onlara qılınc və xəncər payladı və əmr etdi ki, öz kəndlərinə gedib çıxış üçün onun xəbərdarlıq işarəsini gözləsinlər. Xəbərdarlıq işarəsi veriləndə, Babəkin ardıcılları kəndlərdə ərəblərin və onların ətrafındakı adamların üstünə atıldılar və hamısını qırdılar. Bundan sonra Babək öz adamlarını Bəzzdən uzaq mahallara göndərdi, orada da bütün ərəblər və onların yerli əhalidən olan tərəfdarları məhv edildi. İbn ən-Nədim yazır ki, Babəkdən əvvəl "xürrəmilərin dini etiqadında qətl, əzab və müharibə yox idi, xürrəmilər bütün bunların nə olduğunu bilmirdilər".

Babək xürrəmilərə başçılıq edərək, onun tərəfdarlarının sayı artan kimi, üsyançıların qarşısında duran məqsədlərə uyğun olaraq, icmanın quruluşunda böyük dəyişiklik əmələ gəldi. Azərbaycan və Arranın hər tərəfindən ərəblərdən narazı olan kəndlilər kütlə halında Babəkin yanına gəlməyə başladılar, "onun qoşun dəstələrinin sayı o qədər artmışdı ki, piyada hesaba alınmadan təkcə atlılar 20 min nəfər idi".

Əbu Hənifə Dinəvəri Babəkin rəhbərliyi ilə xürrəmilər üsyanının başlanması haqqında belə məlumat verir:

"Babək [Xilafətdə] baş verən fasiləsiz qarışıqlıq və çətinliklər dövründə meydana çıxdı . O öz işinə Bəzzdə onu əhatə edən adamları öldürməklə başladı, öz dövrəsindəki yer və kəndləri dağıtdı ki, ölkəni ələ keçirsin, [ərəblər tərəfindən] həm özünün, həm də ona yaxınlaşma yollarnıın təqib olunmasını çətinləşdirsin. Onun qüdrəti doğrudan da artdı və hərəkatı böyük vüsət aldı"

— Əd-Dinəvəri, səh. 397.



Məsudi bildirir ki, "Babək əl-Xürrəminin işi ər-Ran ölkəsindəki Beyləqanda yayılmışdır və həmin ölkədə onun qoşunu çoxalmışdır. O öz qoşunlarını o şəhərlərə tərəf göndərmiş və onları hər tərəfə yola salmışdır".

Üsyan habelə ErmənistanXorasan və s. vilayətlərə irayət etdi. Az sonra CibalHəmədan, İsfahan, Masabzan və digər şəhərlərin əhalisi üsyançıların tərəfınə keçdi. Onların əhalisi "Həmədan vilayətində toplanır və silahlanırdı".

Məsudinin məlumatına görə, Babək "onun işi adamların ürəyində çox yer tutan vaxt" Taif ibn Əlini Xorasan şəhərlərinin başçısı təyin etdi. Sonra üsyan Təbəristan və Corcanı bürüdü, burada, "mühəmmirə dinini qəbul etmiş" Məzyərin ardıcılları olan məzyəriyyə təriqəti iş görürdü.

Deyləm əyaləti əhalisinin çox hissəsi də xürrəmilərə qoşuldu. Bağdadinin məlumatına görə, təkcə Azərbaycanda və Deyləmdə Babək tərəfdarlarının ümumi sayı 300 min nəfər idi.

Xilafətin bəzi görkəmli xadimləri (hakimləri) və əmirləri də özlərinə tabe olanlarla birlikdə ərəblərə qarşı üsyanlarda iştirak etdilər. Bunların arasında Təbəristan hakimi Məzyər də var idi; Babək onunla yazışır və hər vasitə ilə onu şirnikləndirirdi. Həmçinin Mingicavr əl-Fərqani də Babək tərəfdarlarının köməyindən faydalanırdı. Afşini Babəkə kömək etməkdə təqsirləndirirdilər, ərəblər onu Babəklə əlbir hesab edirdilər.

Xürrəmilər üsyanının bürüdüyü bütün vilayətlərdə Babək öz ardıcıllarına əmr edirdi ki, "[ərəblərin] mülk və malikanələrinə hücum etsinlər və onların əmlakını ələ keçirsinlər".

Üsyançıların böyük müvəffəqiyyətləri və Xilafətin geniş ərazisini tutmaları xəlifə Məmunu məcbur etdi ki, qarşıda duran təhlükəyə ciddi fikir versin. 819-cu ilədək xəlifə qoşunlarının xürrəmilərlə böyük vuruşmaları olmayıb, iş yalnız yerli toqquşmalarla məhdud olurdusa, 819-cu ildə xəlifə Yəhya ibn Müaz ibn Müslimin başçılığı ilə Babəkə qarşı ilk nizami ordu göndərdi.

Baş verən vuruşmada tərəflərdən heç biri məğlub edilmədi. Sonrakı vuruşmalarda da gah bu, gah da müqabil tərəf müvəffəqiyyət qazanırdı. 820-ci ildə Məmun Yəhya ibn Müazı ordu başçısı vəzifəsindən götürdü və İsa ibn Məhəmməd ibn Əbu Xalidi Ermənistan və Azərbaycana hakim və ordu başçısı təyin edərək, ona əmr etdi ki, qoşunları öz hesabına silahlandırsın və ərzaqla təchiz etsin. O, Babəklə müharibə üçün [ordu] toplayaraq 821/2-ci ildə bir dərə ilə hərəkət etdi, burada Babək onun qabağına çıxdı və onu qaçmağa vadar etdi.

Xürrəmilərin qələbəsi Məmunu məcbur etdi ki, yeni ordu başçısını təyin etsin. 823/4-cü ildə Züreyq ibn Əli ibn Sədəqə əl – Əzdi ordu başçısı oldu. Ona kömək olaraq Əhməd ibn Cüneyd əl Əskafinin başçılığı ilə qoşun dəstələri göndərildi, lakin Babək əl-Əskafini əsir aldı. Züreyq isə xürrəmilərə heç bir şey edə bilmədi.

Məmun Züreyqi qoşun komandanlığından kənar etdi və onun yerinə 'Məhəmməd ibn Hümeyd əl-Tusini' təyin etdi. O isə xürrəmilərlə müharibəyə girişməzdən əvvəl, Züreyqi əzməli oldu, çünki o, xəlifənin qərarından narazı olub üsyan etmişdi. Məhəmməd ibn Hümeyd Züreyqi və "təhlükəli ola biləcək" adamların hamısını sakitləşdirdikdən sonra,Babəklə müharibəyə ciddi surətdə hazırlaşmağa başladı. Məhəmməd 827-ci ildə onunla müharibəyə girişdi və iki il ərzində davam edən vuruşmalarda müvəffəqiyyət həmişə onun tərəfində idi. Nəhayət, 829-cu il 3 iyunda Həştadsər dağında ərəblərlə xürrəmilər arasında əsas vuruşma olmuşdur. Ərəblərin vəzifəsi xürrəmilərin qalası Bəzzi ələ keçirmək idi. Ət-Tusi öz ordusunun mərkəzinə Məhəmməd ibn Yusif ibn Əbd ər-Rəhman ət-Taini başçı təyin etdi, ordunun sağ cinahında isə Abbas ibn Əbd ül-Cəbbar ət-Təktinini qoydu. Lakin Babək ət-Tusinin qoşunları üçün pusqu düzəltdi, qanlı vuruşmadan sonra ərəblər məğlub edilib qaçmağa başladılar. Məhəmməd ət-Tusinin özü öldürüldü Vardan məhz Məhəmməd ət-Tusi ilə Babək arasındakı vuruşmanı nəzərdə tutaraq deyir ki, "bir vuruşmada o [Babək] 30 minə qədər İsmayıl övladını [ərəbləri] qırdı".

"Ağvan tarixi"nin rusca tərcüməsində deyilir: "İki ildən sonra [[[829]]-cu ildə] Baban [Babək] Tavusini dağıtdı və 150 min [adamı] qovdu". Ç.Dovsett "Ağvan tarixi"nin bir sıra əlyazmasında tapmışdır ki, Tavusin (Tosin) Tosi şəklində oxunmalıdır, yəni burada Tavusin adlı bir yaşayış məntəqəsinin Babək tərəfindən dağıdılmasından deyil, Məhəmməd ət-Tusi və onun 150 minlik ordusunun xürrəmilər tərəfindən darmadağın edilməsindən bəhs edilir. Xəlifə Məmun Məhəmməd ət-Tusinin həlak olmasından çox qəmgin olmuşdu, çünki o, çox bacarıqlı sərkərdə idi. Az sonra ərəb qoşunlarının komandanı İbrahim ibn əl-Leys ibn əl-Fəzl oldu, "onu da Babək sonrakı [[[829]]/30] ildə məğlub etdi".

Ərəb qoşunları bir də darmadağın ediləndən sonra, xəlifə Məmun qətiyyətli Abdullah ibn Tahiri ordu başçısı təyin etdi, lakin o, Babəklə vuruşmalı olmadı, çünki qardaşı öləndən sonra irsi olaraq Xorasan hakimi vəzifəsini tutmalı idi.

Həmin 829/30-cu ildə Məmun AzərbaycanCibal və İsfahana Əli ibn Hişamı hakim təyin edərək, onu xürrəmilərə qarşı vuruşmağa göndərdi. Lakin ibn Hişam əyalətlərdə özbaşınalıq etməyə və xalqı sıxışdırmağa başladığına görə xəlifə onu sakitləşdirmək üçün Yəmən hakimi Uceyf ibn Ənbası göndərdi. Bunu xəbər alan Əli ibn Hişam Uceyfə hücum edib onu öldürmək və Babəkin tərəfinə qaçmaq istədi, lakin tutuldu və 830/1-ci üdə Bağdadda edam edildi. Dinəvəri bildirir ki, bu zaman "Babəkin işi böyük vüsət aldı və ərəblər ondan qorxmağa başladılar. Onunla vuruşurdular, lakin ona qalib gələ bilmədilər. Babək onları dağıdır və onların sərkərdələrini öldürürdü". Xürrəmilərin Xilafət qoşunlarını qibtə ediləcək bir ardıcıllıqla darmadağın etməsi Abbasilər dövlətinin hakim dairələrini çaşqınlığa saldı.

Sünik hakimi Vasakın ölməsindən sonra Babək onun qızıyla evlənir və həmin ildən Sünik xürrəmilərin hakimiyyəti altına keçdi. Babəkin qoşunu Sünikdən sonra BeyləqanArtsakvə Uti vilayətlərini tutdu.

Bir tərəfdən xürrəmilər üsyanının müvəffəqiyyətləri, digər tərəfdən Xilafətin özündə Məmunun qarşılaşdığı daimi daxili çəkişmələr onunla nəticələnmişdi ki, Abbasilər Xilafəti öz varlığı üçün təhlükəli zaman keçirirdi. Cəzirədə Nəsr ibn Şəbsin, Suriyada ərəb tayfalarının, Misirdə Abdullah əs-Surinin (820-826), Misirdə 829-cu ildə yəmənilər və qeysilərin üsyanları, habelə Bizans ilə daimi müharibələr xəlifə Məmundan ağır xərc və böyük ordu tələb edirdi. Məmun bütün iyirmi illik hökmranlığı ərzində Xilafətdə yalnız çoxlu üsyanları yatırmalı olmuşdu. O, üsyanların öhdəsindən gələ bilmiş olsa da, öz hökmranlığının axırlarında çox böyük bir ərazi tutan xürrəmilərə qarşı heç bir iş görə bilmədi.

Məmun ölən ildə xürrəmilərin üsyanı daha böyük bir qüvvə ilə qızışdı. Nizam ül- Mülkün verdiyi məlumata görə, üsyan İsfahan, Fars vilayətlərini və bütün Kuhistanı bürüdü. Məmunun Bizans ilə müharibəyə başı qarışmasından istifadə edən üsyançılar "bir gecə vaxt təyin etdilər. Hazırlaşıb bütün mahal və vilayətlərdə üsyan qaldırdılar. Şəhərləri taladılar. Farsda çoxlu müsəlman qırdılar, arvad və uşaqları əsir apardılar. İsfahanda onların başçısı Əli ibn Məzdəkan adlı birisi idi. O şəhər darvazasında iyirmi min nəfərlik silahlı qüvvəni gözdən keçirtdi və qardaşı ilə birlikdə Kuha getdi. Əli Kuhu tutdu, qarət etdi, əlinə keçən müsəlmanı öldürdü... Qayıtdıqdan sonra o, Babəklə birləşmək üçünAzərbaycana getdi. Hər tərəfdən xürrəmidinlilər Babəkin yanına gedirdilər".

Xəlifə Məmun 833-cü il 7 avqustda öldü, öz qardaşı Mötəsimi (Əbu İshaq Məhəmməd ibn Harun ər-Rəşidi) taxta vəliəhd təyin edərək, ona vəsiyyətnamə qoydu. Bu vəsiyyətnamənin başlıca maddəsi xürrəmilərə qarşı müharibəyə başlıca diqqət vermək sərəncamı idi:



"Xürrəmilərə gəlincə, onlara qarşı müharibəyə qətiyyətli və rəhmsiz bir adam göndər, ona səbrlə pul, silah, atlı və piyada qoşunla kömək et. Əgər onların vaxtı uzun çəksə, sən özün öz tərəfdarların və yaxın adamların ilə onların üstünə get"

— Ət-Təbəri, III, 1163; İbn əl-Əsir, VI, səh. 158.



833-cü il, 10 avqustda Mötəsim xəlifə elan edildi. və bununla da xürrəmilərə qarşı mübarizənin yeni mərhələsi başladı.

Üsyanın son mərhələsi

Yeni xəlifə taxta çıxan kimi birinci növbədə öz sələfinin vəsiyyətinə əməl etməyi qərara aldı. O, xürrəmilərə qarşı müharibəyə ciddi hazırlıq görməyə başladı, zira, görürdü ki,Azərbaycanın və digər əyalətlərin xalq kütlələrinin bu təhlükəli hərəkatı qarşısında daha da zəiflik göstərilsə, Xilafətin öz varlığı üçün ciddi nəticələr doğura bilər. O, bu iş üçün heç bir şeyi əsirgəmədi. Buna görə xürrəmilərə qarşı onun qoşunlarının ilk hücumu müvəffəqiyyətlə nəticələndi.

Ət-Təbərinin verdiyi məlumata görə, 833-cü ildə "CibaldaHəmədanİsfahanMasabzan və Mehricanqazaq şəhərlərində olan çoxlu əhali xürrəmilərin dinini qəbul etdi. Onlar toplandılar və Həmədan tərəfdə düşərgə qurdular. Mötəsim onlara qarşı qoşun göndərdi; onun göndərdiyi axırıncı ordu İshaq ibn İbrahim ibn Müsəbin komandası altında idi ki, onu da (Mötəsim), həmin ilin şəvvalında (oktyabrın 20-si – noyabrın 17-si) Cibala hakim təyin etmişdi. O, zilqədə [ayında] (noyabrın 18-i – dekabrın 17-si) onlara getdi. Onun [xürrəmilər] üzərində çaldığı qələbə haqqındakı məlumat [Bağdadda] tərviyə günündə [[[833]]-cü il 25 dekabr] oxundu. O, Həmədan rayonunda [onlardan] 60 min adam qırdı, qalanları Rum ərazisinə qaçdılar.

M.Siriyets, məğlub edilən xürrəmilərin qalan hissəsinin Bizans ərazisinə qaçdığı haqqında belə deyir: "Həmin (833) ildə Babək tərəfdarlarının böyük bir hissəsi ərəblərin müharibəsindən cana gələrək baş komandan Nəsr ilə birlikdə Rum padşahı Feofili axtarmağa getdi və xristianlığı qəbul etdi".

İbn əl İbri həmin variantı daha qısa şəkildə verir; "onun (Babəkin) sərkərdəsi Nəsr öz həmqəbilələrindən bir çoxu ilə Feofilin yanına qaçdılar və xristian oldular".

Həmədan vuruşmasından sonra Bizansa gedən xürrəmilərin taleyi haqqında müxtəlif məlumat vardır. Bizans tarixçilərinin istinad etdikləri orta əsr yunan müəllifləri bildirirlər ki, qaçıb Bizansa sığınan xürrəmilər qrupu 14 min nəfərdən ibarət idi və onlara əsli iranlı olan Feofob adlı birisi başçılıq edirdi. İmperator Feofil onları femlerdə yerləşdirib turma adlanan ayrı-ayrı dəstələrə böldü; həmin dəstələr Ərəb Xilafətinin qoşunlarına qarşı hərbi əməliyyatda fəal iştirak edirdilər.

Xəlifə Mötəsim Həmədan yaxınlığındakı ilk müvəffəqiyyətdən sonra başa düşdü ki, qüvvələri parçalamaq və xürrəmilərlə hərdənbir vuruşmaq müharibənin gedişinə təsir göstərməyəcəkdir. Mötəsim görürdü ki, onun qardaşı və sələflərinin xürrəmilərlə etdiyi müharibə taktikası kökündən yanlış idi və Xilafətin bir neçə ordusu üçün fəlakətli olmuşdu.Babək kimi təhlükəli düşmənə qarşı Xilafətin bütün qüvvələrini toplamaq üçün Kiçik Asiyada Bizansla daimi müharibə meydanında hərbi əməliyyatı dayandırmaq lazım idi.

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4e/emperor_theophilos_chronicle_of_john_skylitzes.jpg/300px-emperor_theophilos_chronicle_of_john_skylitzes.jpg

Babəkin müttəfiqi Bizans imperatoru Feofil(829-842)

Bizans-Ərəb sərhədində dördillik (833-837) sakitlik Mötəsimə imkan verdi ki, əvvəllər Bizansla müharibədə olan qoşunları da Babəkə qarşı göndərsin. Mötəsim öz sələfindən fərqli olaraq Babəklə müharibənin strateji cəhətinə ciddi diqqət yetirdi. O, düşmənin qüvvəsi və gücünü bildiyindən uzun sürən müharibəyə hazırlaşdı və hər şeyi: qoşunun tərkibini və görkəmli sərkərdələri seçməkdən, köməkçi hissələrlə təmin etməkdən tutmuş Xilafətin bütün maliyyə, ərzaq və yem ehtiyatlarını səfərbər edincəyədək hər şeyi müharibə ehtiyaclarına tabe etdi.

Mötəsim xürrəmilərin üzərinə ümumi hücuma başlamazdan əvvəl əmirlərdən Əbu Səid Məhəmmədi gələcək vuruşma rayonuna göndərib ona əmr etdi ki, "Zəncanla Ərdəbil arasında Babəkin dağıtdığı istehkam məntəqələrini bərpa etsin və [Zəncan-Ərdəbil] yolunda qarnizonlar qoysun ki, heç kəs Ərdəbilin təchizi üçün təhlükə törətməsin". Qoşun qərargahı ilə Xilafətin paytaxtı Samarra arasındakı rabitə sisteminə böyük diqqət verilmişdi. Yollar pis olduğuna görə qasidlər məlumatı gec gətirirdilər, buna görə də xəlifə əmr etdi ki, Ərdəbildən paytaxta gedən yolun hər fərsəxində məlumat gətirməyə hazır olan bir atlı qoysunlar. Xəlifə bu məqsəd üçün əmr etdi ki, onun özünün Hulvan keçidi yaxınlığındakı Marc at ilxısında xüsusi çapar atlarından istifadə etsinlər. Təpələrdə qarovulxanalar düzəldildi; bu qarovulxanalar bir-birini yaxşı görürdü və məlumat gətirən atlıların hərəkəti haqqında bir-birinə səslə xəbər verirdilər.

Beləliklə, Ərdəbildəki (Bərzənddəki) baş komandan qərargahından göndərilən məlumat Samarraya dörd günə gəlib çatırdı ki, bu da o zaman üçün çox tez hesab olunurdu. Buna görə də xəlifə xürrəmilərə qarşı hərbi əməliyyat rayonunda baş verən hadisələrdən həmişə xəbərdar idi. Bu müharibədə, xilafət tarixində ilk dəfə olaraq məlumat göndərmək üçün poçt göyərçinlərindən istifadə olunmuşdu.

Xəlifə Mötəsim Misirdə Bizans qoşunları ilə vuruşmada öz hərbi məharətini göstərən istedadlı sərkərdə Afşin Heydər ibn Kavus835-ci il 3 iyunda xürrəmilərə qarşı müharibə edən bütün qoşunların baş komandanı təyin etdi. Xəlifə bu müharibə üçün vəsait əsirgəmirdi. Afşin ata minəndə yəni xürrəmilərlə vuruşmağa girəndə – gündə 10 min dirhəm, hərbi əməliyyat olmayanda isə 5 min dirhəm pul alırdı.

Əz – Zəhəbi bildirir ki, təkcə 837-ci ildə Mötəsim Babək ilə müharibəyə bir milyon dirhəm xərcləmişdi. Afşinin ordusu arası kəsilmədən ərzaq, sursat və silahla təchiz olunurdu. Afşin Ərdəbil qərargahına gələn kimi Əbu Səid Məhəmmədə əmr etdi ki, xürrəmilərin dağıtdığı qalaları bərpa etməyi sürətləndirsin. Qalalar bərpa edilib möhkəmləndikdən sonra Afşinin əmrilə bunların ətrafında xəndəklər qazıldı. O öz qərargahını xürrəmilərin istehkamlarına yaxın olan Bərzəndə köçürdü. Bərzənd ilə Ərdəbil arasındakı qalalar da bərpa edilib möhkəmləndirildi. Paytaxtdan Ərdəbil yolu ilə Bərzəndə gedən ərzaq və silah karvanlarının yanınca xüsusi mühafizə bölmələri gedirdi ki, bu da xürrəmilərin karvanlara qəflətən hücum etməsi təhlükəsini aradan qaldırmalı idi.

Afşin casus məlumatı toplamağa xüsusi diqqət verirdi. Afşin öz casuslarından başqa Babəkin casuslarını da öz tərəfinə çəkməyə cəhd edərək, xürrəmilərin yeri, istehkamları və manevrləri haqqındakı məlumat üçün onlara daha artıq pul verirdi.



835-ci il Afşin Bəzz yaxınlığında yeni istehkamlar tikdirdi. Ərəblərlə xürrəmilər arasında kəşfıyyat xarakterli vuruşmalar gedirdi. Bəzən bu, bəzən də o biri tərəf müvəffəqiyyət qazanırdı. Bu yerə yaxşı bələd olan xürrəmilər ərəb qoşunlarının təchizat yollarını tutur, ərzaq və silah karvanlarını ələ keçirməklə ərəbləri çətin vəziyyətdə qoyurdular, çünki"karvanda olanların hamısını məhv edirdilər". Nəticədə Afşinin qoşunları daim aclıq və susuzluqdan əzab çəkirdi, "cismən və ruhən məğlub olurdu". Həmin ildə xürrəmilərArtsak yaşayış məntəqəsi yaxınlığında ərəblərlə vuruşmada yeni bir məğlubiyyətə uğradılar. Babəkin kəşfiyyatçıları paytaxtdan Ərdəbilə pul gətirən böyük bir karvanı güdmüşdülər.

Lakin Babəkin adamları arasında bir nəfər xain varmış; bu xain Afşinə bildirir ki, Babəkin karvan haqqında xəbəri var. Afşin pusqu qurur, Qəflətən yaxalanan xürrəmilər məğlub olurlar. Adətən olduğu kimi, bu dəfə də vuruşan xürrəmilər arasında olan Babək birtəhər özünü xilas edir. Mənbələrin verdiyi məlumata görə, bu vuruşmada xürrəmilər min nəfərdən artıq tələfat verdilər. Lakin bir neçə gündən sonra Babəkin sərkərdələrindən Tarxan (və ya Adin) yenidən ərəblərin karvanına hücum edib mühafızələrini qırır və bütün yükü ələ keçirib ərəbləri çətin vəziyyətə salır.



836-cı ildə Həştadsər dağı yaxınlığında xürrəmilərlə Buğa əl-Kəbirin başçılığı altındakı ərəb ordusu arasında vuruşma olmuşdu. Təkəbbürlü Buğa, Afşinin əmrinə etina etməyərək, şəxsən xürrəmilərlə vuruşmaq qərarına gəlmiş və bunun cəzasını görmüşdü. Əvvəlcə Babək Buğanın min nəfərlik ərzaqdaşıyan dəstəsini məhv etdi, əsir aldığı ərəblərdən ikisini seçdi və baş vermiş əhvalatı Afşinə söyləməyə göndərdi. Buna baxmayaraq, Buğa öz ordusunu xürrəmilərə qarşı hərəkətə gətirdi; xürrəmilər isə ərəbləri izləyirdilər; dağ cığırlarından keçib gücdən düşən ərəblər təpələrdən birinə qalxmağa başlayanda xürrəmilər hücum edib onları mühasirəyə saldılar və ərəbləri onlar üçün əlverişli olmayan şəraitdə vuruşmağa məcbur etdilər. Buğanın ordusu məğlub edildi, bir neçə sərkərdə öldürüldü. Buğanın özü isə qaçdı. Xürrəmilər bütün ərəb ordugahını, pul və silahları ələ keçirtdilər. Bu məğlubiyyətdən sonra Afşin öz qoşunlarını Bərzəndə çəkdi.

836-cı ilin qışında xürrəmilər öz sərkərdələrindən Tarxanı da itirdilər. Bu igid türk ərəbləri lap təngə gətirirdi. Afşin tez başa düşmüşdü ki, Tarxan xürrəmilər ordusunun başında qalarsa, ərəblər onlara qarşı müharibədə çox çətinlik çəkəcəklər. Odur ki, Tarxanın hərəkətini daim izləyir və onu sıradan çıxartmaq üçün fürsət axtarırdı. Nəhayət, buna müvəffəq oldu. Tarxan adətən qış aylarını Həştadsər dağı yaxınlığında öz kəndində keçirirdi. Afşin casuslardan öyrənəndə ki, Tarxan Babəkdən icazə alıb kiçik bir dəstə ilə öz mülkünə yola düşmüşdür, türk olan bir casusunu onun ardınca göndərdi. Casus gecə vaxtı Tarxana hücum edib onu öldürdü və başını kəsib Afşinə göndərdi. Tarxanın ölümü Babək və xürrəmilər üçün böyük bir zərbə oldu. Xürrəmilərin belə igid sərkərdəsinin ölümündən sonra ərəblər daha cəsarətli hərəkət etməyə, xürrəmilər isə dalbadal məğlubiyyətə uğramağa başladılar. Ərəb xilafətinə qarşı illər boyu davam edən mübarizədə xürrəmilərin müvəffəqiyyət qazandığı axırıncı il – 837-ci il gəlib çatdı. Həmin ildə Afşin xəlifədən böyük bir qüvvə aldı; köməkçi qüvvələrə böyük türk sərkərdələrindən Cəfər ibn Dinar əl-Xəyyat və İtax başçılıq edirdilər. Xəlifə onlarla Afşinə qoşunun maaşı və təchizatı üçün 30 milyon dirhəm pul da göndərmişdi.

Köməkçi qüvvənin gəlmiş olmasına baxmayaraq, Afşin xürrəmilərlə müharibə taktikasını bütünlüklə dəyişdirdi. Müharibənin müvəffəqiyyətinə hələ də inanmayan xəlifə Mötəsim, Afşinə birbirinə zidd müxtəlif sərəncamlar verirdi. Afşin də bu sərəncamları elə yerinə yetirirdi ki, az sonra ərəb qoşunları arasında sərkərdəyə qarşı narazılıq başlandı. Doğrudan da, xürrəmilərin qalası Bəzzdən ərəbləri ayıran son dörd fərsəx (təxminən 30 kilometr) yolu ərəblər bir ilə keçmişdilər. Afşin əsgərlərin narazılığına baxmayaraq, verdiyi sərəncamlarında daim xəlifəyə istinad edirdi və xürrəmilərlə vuruşa girməyə icazə vermirdi. Yalnız xüsusi dəstələr istehkamlar tikir, və Bəzzə tərəf yol çəkməklə məşğul idi, çünki yolun olmaması ərəb qoşunlarının ərzaq, su və s. ilə təchiz edilməsini daim təhlükə qarşısında qoyurdu. Çox vaxt ərəblər bircə qurudulmuş çörəklə dolanırdılar. Bunu bilən Babək bir dəfə Afşinə bir adamla bir yük tərəvəz göndərdi. Afşin Babəkin bu hədiyyəsini məmnuniyyətlə qəbul etdi və onun göndərdiyi adama icazə verdi ki, ərəb düşərgəsindəki istehkamları baxıb görsün. Xürrəm ətraflı baxdından sonra, Afşin onu geriyə buraxdı və xahiş etdi ki, "qardaşı" Babəkə onun salamını yetirsin. Afşinin Babəkə bu cür münasibəti qoşunda və xüsusilə sərkərdələrdə şübhə doğurmaya bilməzdi. Buna görə islamın düşməninə qarşı müharibədə Afşinin hərəkətləri çox tez-tez, xüsusilə Cəfər əl-Xəyyat tərəfindən kəskin surətdə tənqid olunurdu.

Afşin Babəklə mübaribənin axırıncı ilində Təbəristan hakimi Məzyərlə olduğu kimi gizli danışıqlar aparırdı və məqsədi Xilafət hakimiyyətini məhv etmək idi. Lakin Afşinin Babəklə birlikdə qəsd düzəltməkdə iştirakı yalnız Məzyərin və Afşinin özünün mühakiməsində aşkara çıxdı. Belə bir qəsdin mövcud olduğunu ərəb mənbələri də təsdiq edir. Əbu Mənsur əl-Bağdadi bildirir ki, Afşin "Babək ilə gizli qəsd düzəltmişdi". Mötəsim Afşini Babəkə qarşı müharibəyə göndərəndə "belə düşünürdü ki, o müsəlmanlara səmimi münasibət bəsləyir. Gizlində isə o [Afşin] Babəklə əlbir idi və ona qarşı müharibəni uzadırdı və müsəlman qoşunlarında çatışmazlıq olduğunu ona hiss etdirirdi, o da [Babək də] düşmən qoşununun çoxunu məhv edirdi". Yalnız xürrəmilərlə müharibə qurtardıqdan sonra "xəlifə, Afşinin satqınlığını və Babəklə müharibə zamanı onun müsəlmanlara xəyanət etdiyini öyrəndi".

Babəklə Afşinin görüşü

Lakin Xilafətə qarşı əlbir əməliyyat keçirmək barəsində AfşinBabək və Məzyər arasında gedən gizli danışıq və yazışmalar bir nəticə vermədi, odur ki, Afşin də özünü tamamilə ifşa etməmək üçün Bəzzə hücum etmək əmrini verməyə məcbur oldu. Cəfər əl-Xəyyat, Əbu Səid və Buxaraxudatın sərkərdəliyi altındakı türk qoşunları və könüllülər qalanı mühasirə etdilər. Şəhər üçün uzun sürən vuruşma başlandı, bu zaman xürrəmilər qaladan çıxıb ərəbləri hiss ediləcək tələfat verməyə məcbur edirdilər. Ərəblər mancanaqları Bəzzin hasarlarına yaxınlaşdırdılar, işçi korpusu isə hasarları sökərək daşları çıxarmağa başladı. Xürrəmilərin bütün qəhrəmanlığı və igidliyinə baxmayaraq, ərəblərin üstün qüvvələrinin mühasirəsinə qalanın davam gətirə bilməyəcəyi Babəkə aydın olanda, o, Afşinlə şəxsi danışığa girdi. Bu danışıqlar zamanı Afşin"Babəkə aman təklif etdi, lakin o bir gün də gözləməyi xahiş edəndə Afşin elə dedi: "Sən istəyirsən öz şəhərini möhkəmlədəsən. Əgər amanda qalmaq istəyirsənsə, çayı keç" lakin o uzaqlaşdı".

Babəkin amanı qəbul etməkdən boyun qaçırmasına baxmayaraq, Afşin bir müddətdən sonra onun yanına adam göndərib xahiş etdi ki, barışıq haqqında danışıqlar üçün onun yanına etibarlı bir adam göndərsin. Babəkin elçisinə o dedi: "Babəkə (bunları) söylə: hər başlanğıcın bir axırı var. İnsanın başı soğan gövdəsi deyil ki, yenidən cücərə bilsin. Mənim adamlarımın çoxu qırılmışdır, on nəfərdən biri də qalmamışdır. Sənin vəziyyətin də yəqin belədir. Gəl sülh bağlayaq. Sənin əlində olan mülk səndə qalsın, sən burada qal, mən qayıdıb gedim, xəlifədən sənin üçün bir mülk daha alıb fərman göndərim".

Afşin şəhərə neftsatanlar dəstəsini gətirdi və bunların köməyi ilə şəhər 837-ci il 26 avqustda ərəb qoşunu tərəfindən alındı. Afşin əmr etdi ki, şəhərin qalalarını dağıtsınlar və şəhəri üç gün ərzində yandırsınlar. "Bircə ev, bircə qala salamat qalmadı – o, hər birini yandırdı və ya dağıtdı". Babəkin oğulları və onların ailə üzvləri şəhərdə tutuldular. Nizam əl-MüIkün verdiyi məlumata görə, Bəzz alınarkən 80 mindən artıq xürrəmi öldürülmüşdü.

Bu məğlubiyyətdən sonra 837-ci ildə Babək Sünik hakimi Səhl ibn Sunbatın mülkündə tutularaq Samirə şəhərinə gətirilir və 838-ci ildə həmin şəhərdə edam edilir.

Üsyanın sonrakı təsirləri

Xürrəmilər üsyanının darmadağın edilməsi, Babəkin və. onun tərəfdarlarının dəhşətli surətdə edamı heç də o demək deyildi ki, Azərbaycanda və Xilafətin digər vilayətlərində xalq kütlələrinin hərəkatı yatırılmışdı. Babək üsyanının alovları yenicə söndürülmüşdü ki, 838/9-cu ildə Təbəristanda Karinlər sülaləsindən olan son əmir Məzyərin, ya da Mahyədigə ibn Karin ibn Vanda-Hürmüzün rəhbərliyi ilə üsyan başlandı .


Məzyər kəndlilərə əmr etdi ki, öz feodallarına qarşı üsyan qaldırıb onların malikanələrini yandırsınlar. O, Babəklə yazışır və Xilafətə qarşı onun hərəkətlərini bəyənirdi. Məsudibildirir ki. Məzyər "Afşinə etiraf etdi ki, o, hər ikisini birləşdirən dini etiqad xatirinə, canlandırmaq istədikləri dualizm və atəşpərəstlik dini xatirinə onu (Babəki) üsyana təhrik edirdi".

Mənbələrdə bildirilir ki, Məzyər ərəblərin hakimiyyətinə və onlara bağlı olan ictimai quruluşa qarşı üsyan qaldıran xürrəmilərdən idi və islam dinini zahirdə qəbul etmişdi, çünkiBəlazurinin dediyinə görə, o, "allahsız və xain" idi. İbn İsfəndiyar bildirir ki, Məzyər Babəki tərifləyib göylərə qaldırırdı. Əl-Bağdadi deyir ki, Məzyər mühəmmirə təriqətindən olan xürrəmi idi.

Həmdullah Qəzvini yazır:

"Məzyərin ardıcılları, qırmızı paltar geyir və açıqca Babəkin ehkamlarını qəbul edirdilər"

— H.Qəzvini. Tarix-i qozide, I, səh. 320

Üsyandan sonra, Məzyər əmr etdirdi ki, iri mülkədarların torpağı tutulub kəndlilərə paylansın – bu isə xürrəmilərə xas olan əmlak bölgüsü idi.

Xəlifə Mötəsim Məzyərin qaldırdığı üsyanın bütün təhlükəsini yalnız Abdullah ibn Tahir Afşinin Məzyərə və Məzyərin Afşinə yazdığı məktubları ələ keçirəndən sonra başa düşdü.

Məzyər 840-cı ilin avqustunda öz adamlarının satqınlığı üzündən ovda Abdullah ibn Tahir tərəfindən tutuldu. Samarraya gətirildi və burada xəlifə onu istintaq etdi, Lakin ət-Təbərinin dediyinə görə, xəlifə yazışma məsələsini ondan soraşanda, Məzyər heç bir şeyi boynuna almadı. 840-cı il 24 sentyabrda onu Afşin ilə üzləşdirdilər, bu zaman Məzyər etiraf etdi ki, Afşin onu Xilafətə qarşı üsyana təhrik edirdi. Mötəsim əmr etdi, Məzyəri döyə-döyə öldürsünlər. Ona 450 çubuq vurduqdan sonra Məzyər öldü və Babəkinmeyiti yanında dara çəkildi.

Xürrəmilər və Babək təliminin göstərdiyi təsirin izi çox sonralar – XV əsrdə də qalmışdı. Ağqoyunlu dövlətinin varlığının son dövründə, Səfəvilər sülaləsi banilərindən biri olan Şeyx Heydərin üsyanı olmuşdu. Tarixçi Fəzlullah ibn Ruzbehxan bu üsyan haqqında belə məlumatverir:



"Həmin 893 (1488)-cü ilin hadisələrindən miskin şeytanın, yəni ərdəbilli Şeyx Heydərin üsyanını göstərmək olar; o qalxmaq istəyirdi, lakin məğlub edildi... O, vaxtının çox hissəsini öz əməliyyatı üçün qılınc və nizə hazırlamağa sərf etdi. Rum, Talış və Qaradağdan (IX əsrdə xürrəmilər hərəkatının vətəni) çoxlu adam onun yanına toplandı və deyirlər ki, onlar şeyxi özlərinə allah [məbud] hesab edir, dua və ümumi namaza fikir verməyib, ona qiblə kimi baxırdılar... Şeyx onların arasında ibahat etiqadını (yəni qadağan edilib haram sayılan əmələ icazə verilməsini) və Babəkin dini qayda-qanunlarını təbliğ edirdi."

— V.Minorsky. Persia un AD 1478-1490. An abridged translation of Fadlullah b.Ruzbihan Khunji's "Tarikh-i Alam-arayi Amini" London, 1957, p. 61, 67; O.A.Əfəndiyev. Azərbaycan Səfəvi dövlətinin əmələ gəlməsi, səh. 73."

Xürrəmilər və məzdəkilər

Abbasilərin qələbəsinə gətirib çıxaran 747-750-ci illər Əbu Müslim üsyanı müxtəlif dinlərə etiqad edən, lakin eyni məqsədə – Əməvi üsul-idarəsini devirməyə xidmət edənləri birləşdirmişdi; üsyançılar arasında müxtəlif şiə və sünni təriqətlərinə mənsub müsəlmanlar, eləcə də atəşpərəstlik ideyalarını təbliğ edən məzdəkilər və başqaları da vardı. Bütün bu qüvvələrdən istifadə edən Abbasilər hakimiyyətə gəldikdən sonra öz əvvəlki havadarlarından yaxa qurtarmağa çalışdılar. Yeni sülalə ilə əvvəlkində ciddi bir fərq görməyən, eləcə də heç bir imtiyaz qazanmayan sıravi üsyançıların səbr kasası Əbu Müslimin qətli ilə son həddini aşdı. Əməvilərə qarşı siyrilmiş qılıncın ağzı Abbasilərə tərəf çevrildi. Beləliklə, hakim sülalə ilə mübarizə səhnəsinə etiqadları ayrı da olsa, məqsədləri yaxın olan təriqətlər atıldılar. Elə buna görə də müsəlman müəllifləri ideya baxımından yaxınlaşmış bu təriqətləri sadəcə olaraq bir-birinə qarışdırır, onları gah xürrəmi, gah məzdəki adlandırır, ifrat şiə təriqətlərinə aid edirdilər.

İbn ən-Nədim (X əsr) xürrəmiləri atəşpərəst müxəmmirilərə – məzdəkilərə və müsəlman babəkilərə ayırır. Əl-Bağdadi də islamaqədərki xürrəmiləri məzdəkilər, islam dövrü xürrəmilərini isə xürrəmdinilər adlandıraraq, sonuncuların ümumi adları müxəmmirə olan babəkilərə və məzyərilərə ayrıldıqlarını bildirir.

Əş – Şəhrəstani ifrat şiəçi kimi xarakterizə etdiyi, eyni ehkamlara riayət edən bu təriqətçilərin İsfahanda xürrəmilər və kuzilər, Reydə məzdəkilər və sunbadilər, Azərbaycanda bir yerdə dakulilər, başqa yerdə müxəmmirilər, Mavarannəhrdə mübayyidilər kimi tanındıqlarını bildirir. İslam dövrü məzdəkilərinin tarixi ilə xüsusi məşğul olmuş İ. P. Petruşevskininfikrincə, burada söhbət yaxın ideologiyası və sosial proqramı olan qohum təriqətlər qrupundan gedir; buna görə də eyni təriqətlərin bəzən xürrəmi, bəzən məzdəki hesab edilməsi heç də təəccüb doğurmur. Onun rəyinə görə, burada erkən məzdəkilik inamları ilə "ifrat" şiə ideyalarının birləşməsindən yaranmış ümumi məzdəki-xürrəmi tipli təriqətlərdən danışmaq olar.

Qeyd edilməlidir ki, xürrəmiləri və xürrəmdiniləri ifrat şiə təriqətləri kimi qiymətləndirən müsəlman filosofları içərisində bu təriqətlərin ardıcıllarını "ifrat" şiə baxışlarına çox yaxın olan "batinilər" – ismaililər təriqətinə aid edənlər də vardı. XI əsrdə yaşamış məşhur filosof imam Əbu Hamid əl – Ğəzalı batinilərin səkkiz ləqəbləri sırasında ismaililər və qarmatlarla yanaşı, xürrəmiləri, babəkiləri, müxəmmiriləri də sadalayır. Elə oradaca batiniliyin mənası da açılır: "Quranda və hədislərdə bütün aşkar görünənlərin gizli (batini) mənası var; zahirdə olan yalnız simvoldur, gizlində qalan isə həqiqətə işarədir; gizlini dərk edənin üzərindən dini borclar götürülür."

Xürrəmilər və pavlikanlar



Babək üsyanın gedişində, o dövrdə Azərbaycanda, eləcə də qonşu bölgələrdə geniş yayılmış Pavlikanlar hərəkatının iştirakçılarından da istifadə etmək istəyir. Lakin pavlikanlarBabəkə tabe olmaq istəmirlər. Z. M. Bünyadov Alban ölkəsinin tarixinə istinadən yazır ki, "beyləqanlılar və ya pavlikianlar Babəkin hökmdarlığına tabe olmadılar, ya da ola bilər, öz üzərlərinə qoyulan bacın ağırlığına tab gətirməyib, 826-cı ildə Babəkin əleyhinə üsyan qaldırdılar. Albaniya knyazı Stepannos Ablasad Babəki Arrana çağırdı, o da Beyləqanvilayətinə girib üsyanı yatırtdı.

Lakin beyləqanlılar 830-cu ildən bir az əvvəl, yenidən üsyan qaldırıb, Bercor vilayətinə hücum etdilər. Ureas, Karnakaş, Həkəri və Tapat kəndlərini tutdular. Stepannos Ablasad təkrar Babəkə müraciət edib kömək istədi, xürrəmilər də gəlib üsyançıları darmadağın etdilər. 830/1-ci ildə beyləqanlıların rəhbərləri olan Davon və Şapux Babəkin müttəfıqi knyaz Ablasadı öldürdülər. Beyləqanlılar üçüncü dəfə üsyan qaldırdılar və bir mənbədə göstərildiyinə görə, Qoroz qalasında möhkəmləndilər. Üsyançılar Arranın aşağıdakı vilayətlərini bir il ərzində öz əllərində saxladılar: Yuxarı Vaykunik, Bercor, Sisakan (və Kotak), (Mivs) Haband, Amaras, Pazkank, Artsakda Mxank və Utidə Tri vilayətləri.

Öldürülən Ablasadın yerinə onun bacısı oğlu Yesai Əbu Musa Beyləqan vilayətinin hökmdarı oldu. O, Babəkin qoşunlarını köməyə çağırdı və onların yardımı ilə "həmin vilayətləri ələ keçirdi və hamıya hökmranlıq etdi". Yesai Əbu Musanın adamları knyaz Ablasadın qatilləri Davon və Şapuxu yaxalayıb əzabla öldürdülər. Mənbədən göründüyünə görə,Qoroz qalası üsyan etmiş beyləqanlıların əlində qalmışdı. Babəkin ordusu bu qalanı almaq üçün Arazdan keçib Amaras vilayətində düşərgə saldı. Qalanın alınmaz olduğunu və üsyançıların qətiyyətini görən Babək, üsyanı yatırtmaq üçün əvvəlcə işlətdiyi fürsətdən fərqli olaraq, üsyançıları təslim olmaq üçün dilə tutmağa başladı. "O, sülhdən danışmağa başlayıb çalışırdı ki, onları öz hakimiyyətinə tabe etsin. Bir çoxları bir müddət üçün tövbə edib ona tabe oldular, lakin sonradan aldadılmış olduğunu görərək yenidən qiyam qaldırdılar".

Babək şəhərin təslim olmasına müvəffəq olmadığından öz paytaxtına qayıtdı, qalanın yanında isə öz sərkərdələrindən Rostomu qoyub "ona əmr etdi ki, qaladakılarla vuruşmasın, onları xoşluqla itaətə cəlb etsin. Lakin Rostom Babəkin tapşırığına fikir verməyib, qalada möhkəm yer tutanlarla müharibə etməyə başladı. O zaman qalanın kişiləri İsanın gücünə pənah gətirərək, xaç və müqəddəslərin qurumuş sümüklərini qabaqlarında tutaraq Babəkin ordusunu məğlubiyyətə uğratdılar". Görünür, Babək Arran vilayətlərində qan tökülməsini davam etdirmək istəmirdi, çünki o öz arxasını təmin etmək fikrində idi.



Məhz buna görə o "sülhdən danışmağa başlamışdı". Yəqin məhz bu zaman Səhl ibn Sunbat və Yesai Əbu Musa ilə Babək arasında əlaqə pozuldu. Nəticədə Babək Arranvilayətlərində öz keçmiş müttəfiqləri içərisindəki dayağını və atlı qoşununun istifadə etdiyi gözəl qışlaqları itirdi. S.T.Yeremyan öz məqalələrindən birində yazır ki, zadəganların Babəkə qarşı münasibətinin dəyişilməsində başlıca rolu "Sünik və Artsak kəndlilərinin narazılığı oynamışdır, çünki onlar Babəki ərzaqla və birinci növbədə taxıl ilə təchiz etməli idilər. Kəndlilərin ehtiyatı qurtaranda, Babək taxılı feodallardan zorla aldı. Ermənilərdən və erməniləşmiş albanlardan ibarət iri zadəganlar Babəkin hərəkətlərindən qəzəblənərək ona qarşı üsyan qaldırdılar... Babəkin arxasında gedən bu mübarizələr nəticəsində onun qüvvəsi zəiflədi ki, bu da 837-ci ildə ərəblərin onu qəti məğlub etməsinə imkan verdi".

Z. M. Bübyadov ki, erməni knyazları arasında Babəkin müttəfiqi yox idi. Onun müttəfiqləri ancaq SünikArtsakŞəki , Beyləqan və digər vilayətlərin hakimləri olan alban knyazları idi. A.M.Utmazyan göstərir ki, bu knyazlar "Babəkin hərəkatında öz sinfi mənafeləri üçün ictimai təhlükə görüb Babəklə əlaqəni kəsir, "günahkar Babəkə" daha tabe olmur, onun "qanunlarını və əmrlərini" yerinə yetirmirlər".
Yüklə 223,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə