Xx əsr. I hissə. 1900-1945-ci illər Tarix elmləri doktoru, professor Musa Qasımovun ümumi redaktəsi ilə



Yüklə 1,49 Mb.
səhifə1/13
tarix19.11.2017
ölçüsü1,49 Mb.
#11153
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   13

Musa Qasımov

Mahir Abdullayev

Beynəlxalq Münasibətlər Tarixi



(XX əsr. I hissə. 1900-1945-ci illər)

Tarix elmləri doktoru, professor

Musa Qasımovun ümumi redaktəsi ilə

DƏRS VƏSAİTİ

Azərbaycan Respublikası

Təhsil nazirliyi Elmi-metodik

şurası tarix bölməsinin

1998-ci il 7 sentyabr tarixli

7 saylı iclas protokolu ilə

təsdiq edilmişdir

BAKI - 1998

Mündəricat

Ön söz ____________________ 3-4

Birinci bölüm 1898-1914 -cü illərdə

beynəlxalq münasibətlər ______ 5-28



İkinci bölüm Birinci dünya müharibəsi

illərində beynəlxalq

münasibətlər _______________ 29-55

Üçüncü bölüm 1918-1920 -ci illərdə

beynəlxalq münasibətlər_______ 56-67



Dördüncü bölüm Azərbaycan Xalq Cümhuriyyəti

beynəlxalq münasibətlərdə_____ 68-95



Beşinci bölüm 1921-1923 -cü illərdə beynəlxalq

münasibətlərin səciyyəvi

cəhətləri ___________________ 96-114

Altıncı bölüm Azərbaycan 1920-1922-ci illərdə

beynəlxalq münasibətlərdə____ 115-201



Yeddinci bölüm 1924-1929-cu illərdə

beynəlxalq münasibətlər______ 202-212



Səkkizinci bölüm 30-cu illərdə beynəlxalq

münasibətlərin inkişaf

xüsusiyyətləri_______________ 213-228

Doqquzuncu bölüm İkinci dünya müharibəsi

illərində beynəlxalq

münasibətlər________________ 229-253

Onuncu bölüm 1941-1946-cı illərdə

beynəlxalq münasibətlərdə

Güney Azərbaycan

məsələsi___________________ 254-282



Tövsiyə olunan minimum mənbə

və ədəbiyyat _________________ 283-294

ÖN SÖZ

Xalqımızın dövlət müstəqilliyini bərpa etməsi, demokratik və azad cəmiyyət quruculuğu ictimai həyatın müxtəlif sahələrində olduğu kimi təhsil sistemində də qarşıda mühüm və təxirəsalınmaz vəzifələr qoyur. Belə vəzifələrdən biri ali təhsil ocaqlarımız üçün ana dilimizdə dərslik və dərs vəsaitlərinin yaradılmasıdır. Etiraf etmək lazımdır ki, uzun illər boyu bir sıra, o cümlədən “Beynəlxalq münasibətlər tarixi” fənni üzrə ana dilimizdə dərslik və dərs vəsaiti olmamışdır. Ümumiyyətlə, müstəqilliyin qazanılmasına qədər respublikamızın ali məktəblərində belə bir fənn tədris olunmamışdır. Ölkəmizin müstəqil olması ilə bərabər yaranmış yeni tarixi şəraitdə ali məktəblərimizdə müvafiq fakültələr yaradılmış və bu fənn tədris olunmağa başlanmışdır. Lakin ölkəmizin ali məktəblərində ana dilimizdə belə bir dərsliyin və ya dərs vəsaitinin olmaması müəllimlər, aspirantlar və tələbələr üçün ciddi çətinlik yaradır. Vəziyyətdən çıxış yolu kimi Vətən tariximizdə ilk dəfə cəhd edilərək bu dərs vəsaiti yazılmışdır.

Əlbəttə, beynəlxalq münasibətlər tarixinə dair ana dilində dərslik və dərs vəsaitinin yazılmasının bir sıra obyektiv və subyektiv çətinlikləri vardır. İndiyədək mövcud olan kitablar əsasən rus dilində yazılmışdır və onların birtərəfli və qərəzli olduğu kimsədə şübhə doğurmamalıdır. İngilis, türk və digər dillərdə yazılan kitablardan isə istifadə etməyin bir sıra çətinlikləri vardır. Digər tərəfdən beynəlxalq münasibətlər tarixinə dair çoxlu sənəd və materialların bir qismi ölkəmizdə yoxdur. Başqa dövlətlərin arxivlərində saxlanılan qiymətli sənədlərin əksəriyyəti də ölkəmizdə elmi dövriyyəyə yenicə daxil olur. Əlbəttə, bu çətinlikləri görərək oturub gözləmək və passivlik göstərmək qətiyyən yolverilməzdir. Ona görə də müəlliflər uzun illər boyu ali məktəb sistemindəki müəllimlik təcrübələrindən istifadə edərək bu dərs vəsaitini yazmışlar. Dərs vəsaiti yazılarkən rus, türk və ingilis dillərində olan ilkin mənbələrdən, müxtəlif monoqrafiyalardan, dərslik və dərs vəsaitlərindən geniş istifadə edilmişdir.

İki hissədən ibarət yazılması nəzərdə tutulmuş dərs vəsaiti XX əsrin beynəlxalq münasibətlər tarixinə həsr edilmişdir. 1900-1945-ci illəri əhatə edən birinci hissədə 1898-1914-cü illərdə, birinci dünya müharibəsi illərində, 1918-1920, 1920-1923, 1924-1929, 30-cu illərdə, ikinci dünya müharibəsi illərində beynəlxalq münasibətlər tarixi verilmişdir. Başqa dillərdə mövcud olan dərslik və dərs vəsaitlərinin təcrübəsinə uyğun olaraq dərs vəsaitinin bu hissəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu yer məsələləri də işıqlandırılmışdır. Xüsusilə, Azərbaycanın 1918-1920, 1920-1922-ci illərdə beynəlxalq münasibətlər sistemində tutduğu yer və ikinci dünya müharibəsindən sonrakı ilk illərdə Güney Azərbaycan məsələsinin beynəlxalq münasibətlərdə müzakirəsinə ayrıca bölümlər həsr edilmişdir.

Müəlliflər yersiz akademizmdən yan qaçaraq məsələləri sadə və anlaşıqlı dildə izah etməyə çalışmışlar. Onlar 1900-1945-ci illərdə beynəlxalq münasibətlər tarixinin bütün tərəflərini dərs vəsaitində tamamilə və hərtərəfli işıqlandırdıqlarını iddia etmirlər. Ali təhsil sistemimizdəki dərslik və dərs vəsaitinə olan kəskin ehtiyacı nəzərə alan müəlliflər bu boşluğu doldurmağa səy göstərmişlər. Heç şübhəsiz, gələcəkdə bu fənnə dair yeni dərsliklər yazılacaq və dərs vəsaitində əks olunan bəzi müddəalardan hətta imtina olunacaqdır. Müəlliflər buna təbii baxırlar.

Dərs vəsaitinin müəllim, tələbə və aspirantlar üçün əhəmiyyətli olacağı şəksizdir. Vəsait barədə xeyirxah qeydlərini söyləyəcək şəxslərə öncədən təşəkkür edirik.



B İ R İ N C İ BÖ L Ü M

1898-1914 -cü illərdə beynəlxalq münasibətlər

XIX əsrin sonu - XX əsrin əvvəllərində beynəlxalq münasibətlərin əsas səciyyəvi cəhəti maliyyə və sənaye inhisarlarının dünyanı xammal və bazarlar cəhətdən bölmək uğrunda mübarizəsi ilə səciyyələnir.

Äöíéàíûí böyük þëêÿëÿðèíèí èãòèñàäè âÿ ñèéàñè cÿùÿòäÿí áÿðàáÿð olmayan èíêèøàôû îíëàðûí àðàñûíäà ãöââÿëÿð íèñáÿòèíè və tarazlığı ïîçäó. Íÿòècÿäÿ àéðû-àéðû äþâëÿòëÿð âÿ äþâëÿòëÿð ãðóïó àðàñûíäà äöíéàíû ìöñòÿìëÿêÿëÿðə, áàçàðëàða âÿ íöôóç äàèðÿëÿðèíÿ áþëìÿê óüðóíäà çèääèééÿòëÿð êÿñêèíëÿøäè. Áåëÿ øÿðàèòäÿ äþâëÿòëÿð ñöðÿòëÿ ñèëàùëàíìàéà âÿ ìÿãñÿäëÿðèíè ñèëàù ýöcöíÿ ùÿéàòà êå÷èðìÿéÿ öñòöíëöê âåðìÿéÿ áàøëàäûëàð. XX ÿñðèí áåéíÿëõàëã ìöíàñèáÿòëÿðèíèí èíêèøàôû ö÷öí ñÿcèééÿâè olan cÿùÿòëÿðèí áàøëàíüûcûíû XIX ÿñðèí ñîíóíäà áàø âåðÿí Èñïàíèéà-Àìåðèêà ìöùàðèáÿñè ãîéäó.


İspaniya-Amerika



müharibəsi(1898-ci il)
XIX əsrin son onilliyi dünya siyasətində ABŞ-ın rolunun artması ilə səciyyələnir. Bu dövrdə ABŞ-ın xarici siyasət fəaliyyəti əsasən, iki istiqamətdə inkişaf edirdi: 1. Uzaq Şərq. 2. Latın Amerikası.

ABŞ 1893-cü ildə Sakit okeandakı Havay adalarını tutdu. Həmin adalar Birləşmiş Ştatların okeanda əsas dayaq məntəqəsinə çevrildi. Bundan sonra ABŞ -ın qərb sahillərindən Çinə qədər olan xarici siyasət niyyətlərini həyata keçirmək asanlaşdı.

ABŞ 1898-ci ildə İspaniyaya qarşı müharibəyə başladı və onun üzərində qələbə çaldı. Məğlubiyyətə uğrayan İspaniya Filippin adalarını, Puerto-Rikonu və Kubanı ABŞ -a verməyə məcbur oldu. İspaniya-Amerika müharibəsi müstəmləkələr uğrunda iki böyük dövlətin, eyni zamanda dünyanı bölüşdürmək uğrunda ilk imperialist müharibəsi idi.


Açıq qapılar”



doktrinası
XIX əsrin sonu - XX əsrin əvvəllərindən ABŞ -ın Uzaq Şərq siyasətində Çin mərkəzi obyekt oldu. Amerika diplomatiyası Çinə gələcəkdə kapital qoymaqda mühüm bazar kimi baxırdı. Lakin Çin artıq digər böyük dövlətlər tərəfindən bölüşdürülüb qurtardığından belə vəziyyət ABŞ-ı təmin edə bilməzdi. Amerika diplomatiyası Çini bölüşdürən dövlətlərlə diplomatik mübarizəyə başladı. 1899-cu ildə ABŞ dövlət katibi Aleksandr Heyq Çin barəsində öz dövlətinin siyasətini açıqladı. Bu siyasət “açıq qapılar” doktrinası adını aldı. Doktrinaya görə Çində bütün millətlərin kapitalının fəaliyyəti üçün bərabər imkanlar və bərabər şərtlər yaradılmalı və Çində azad iqtisadi fəaliyyət prinsipi gözlənilməli idi. Amerika diplomatiyasının bu addımının ciddi siyasi və iqtisadi səbəbləri var idi. ABŞ özünün iqtisadi qüdrətinə arxalanaraq kapitalının köməyi ilə bütün rəqiblərini Çindən vurub çıxarmağa ümid edirdi. ABŞ höküməti özünün əsas rəqibi kimi Çində Rusiyanı görürdü. Rusiyanı Çindən sıxışdırmaqdan ötrü Amerika diplomatiyası ingilis diplomatiyası ilə birlikdə Yaponiyaya müttəfiq kimi baxırdılar.


Böyük dövlətlər

arasında ziddiyyətlərin

kəskinləşməsi
XIX əsrdə böyük dövlətlər arasında mövcud olan ziddiyyətlər yeni əsrdə nəinki aradan qalxmadı, əksinə daha da kəskinləşdi və yeniləri əlavə olundu. Avropada belə ziddiyyət başlıca olaraq, Elzas və Lotaringiya məsələləri üstündə fransız-alman ziddiyyəti idi. Alman kapitalının Reyn-Rur inhisarları Lotaringiya dəmir filizi üstündə fransız ağır sənayesinə qarşı mübarizə aparırdı. Alman hakim dairələri işğal etdiyi ərazilərlə kifayətlənməyərək hələ də Fransada qalan Brie və Lonqvi hövzələrini ələ keçirmək istəyirdilər. Alman diplomatiyasına qarşı mübarizə aparan fransız diplomatiyası 1871-ci ildə Almaniyanın işğal etdiyi torpaqları geri almaq istəyirdi.

İngilis-fransız ziddiyyətləri təkcə iki ölkə arasında ziddiyyət deyildi, bu, Almaniya ilə Fransa arasında Avropada hegemonluq uğrunda barışmaz mübarizə idi.

Böyük dövlətlər arasında mübarizədə rus-alman və rus-avstriya ziddiyyətləri mühüm yer tuturdu. Bu ziddiyyətlər beynəlxalq münasibətlərə özünəməxsus təsir göstərirdi.

Eyni zamanda ingilis-rus və ingilis-fransız ziddiyyətləri mövcud idi. Lakin əsrin əvvəllərindən başlayaraq bu ziddiyyətlər özlərinin əvvəlki kəskinliyini itirdilər. Bunun əvəzində köhnə beynəlxalq ziddiyyətlərə yeniləri, xüsusən ingilis-alman ziddiyyəti əlavə olundu. Həmçinin ABŞ və Yaponiya arasında da ziddiyyətlər kəskinləşdi.

1873-cü il iqtisadi böhranınıdan sonra İngiltərə alman ticarət rəqabətini daha ağrılı qəbul etməyə başladı. Bununla birlikdə Almaniya imperiyasının yüksəlməsi qitədə alman hegemonluğunun qurulması qarşısında İngiltərəni təhlükəyə saldı. Növbəti on ildə ingilis-alman ziddiyyətlərini kəskinləşdirən amillər sırasına müstəmləkələr uğrunda mübarizə də əlavə olundu. 90-cı illərin ortalarında geniş müstəmləkə imperiyası yaratmaq alman xarici siyasətinin əsas vəzifəsinə çevrildi. Bu dövrdən başlayaraq ingilis-alman ziddiyyətləri dünya siyasətində fövqəladə dərəcədə kəskinləşdi. Ziddiyyətlərin xüsusi ilə kəskin olması onun sənayecə inkişaf etmiş iki böyük dövlət arasında getməsi və yalnız “azad əraziləri” bölüşdürmək uğrunda mübarizə ilə deyil, eyni zamanda İngiltərənin və digər ölkələrin əvvəllər tutduğu ərazilərin bölüşdürülməsi uğrunda barışmaz mübarizə ilə izah olunur. Gənc alman imperializmi dünyanın köklü şəkildə yenidən bölüşdürülməsini israr edirdi. Bu dövrə qədər münasibətləri nisbətən mehriban olan İngiltərə ilə Almaniya arasındakı ziddiyyətlərin mürəkkəbləşməsi 90-cı illərin ortalarında daha da kəskinləşdi. Almaniya hər yerdə mümkün vasitələrlə ingilis müstəmləkə siyasətinə mane olmağa çalışırdı. İki ölkə arasında rəqabət sahələrindən biri Cənubi Afrika idi. Burada Almaniya İngiltərəyə və bur respublikalarında onun nüfuzuna qarşı mübarizəyə başladı.

İngiltərə ilə Almaniya arasında barışmaz ziddiyyət eyni zamanda Yaxın və Orta Şərqdə də gedirdi. 1898-ci ildə Almaniya imperatoru II Vilhelmin İstanbula səfəri zamanı Türkiyə sultanı Bağdad dəmir yolunu alman kapitalistlərinə konsessiyaya verməyi vəd etdi. İngilis hakim dairələri Almaniyanın Türkiyəyə nüfuz etməsinə Şərq ölkələrində özlərinin təsir dairələrinə zərbə kimi baxırdılar.

Lakin 1898-ci ildə Almaniya güclü hərbi - dəniz donanması yaradılmasına girişdikdə İngiltərə özünü daha böyük təhlükə qarşısında hiss etdi. Donanmanı yaratmağa başlayan Almaniya İngiltərənin hərbi-dəniz üstünlüyünə son qoymaq istəyirdi.

İngiltərənin Uzaq Şərqdə Rusiyaya qarşı mübarizə aparması, Afrikada isə Fransa ilə mövcud olan ziddiyyətləri onu Almaniya ilə münaqişədən uzaqlaşmağa sövq edirdi. İki böyük dövlətə qarşı mübarizə aparmaq İngiltərə üçün çox ağır idi. Lakin Rusiya Uzaq Şərqdə Port-Arturu işğal etdikdən sonra 1898-ci ilin martında İngiltərənin müstəmləkələr naziri Cozef Çemberlen Rusiyaya qarşı ingilis-alman ittifaqını yaratmaq haqqında təklif etdi. Bu dövrdə ingilis diplomatiyasının Almaniya ilə münasibətləri normallaşdırmağa can atmasının başqa bir səbəbi də var idi. İngiltərənin silahlı qüvvələrinin xeyli hissəsi 1899-1902-ci illərdə bur respublikaları ilə aparılan müharibəyə cəlb edilmişdi. Bir neçə cəbhədə hərbi və diplomatik-siyasi mübarizə aparmaq İngiltərə üçün çətin olduğundan o, daha az zərərli variantlar axtarmağa başladı.


1900-1904-cü illərdə

Uzaq Şərq məsələsi

XIX əsrin sonu - XX əsrin əvvəllərində dünyada müstəmləkə zülmü əleyhinə kütləvi xalq hərəkatı başlandı. 1900-cü ildə Çində xalq üsyanı baş verdi. Üsyançılar Pekini tutaraq və xarici dövlətlərin səfirliklərinin yerləşdikləri məhəlləni mühasirəyə aldılar. Üsyanı yatırtmaqdan ötrü Çinə beynəlxalq cəza dəstələri göndərildi. Bu dəstələrin tərkibində müxtəlif ölkələrin silahlı qüvvələri var idi. 1900-cü il avqustun 15-də beynəlxalq qüvvələr Pekini tutdular. Üsyan görülməmiş qəddarlıqla yatırıldı, Pekin sarayları və ehramları xarici zabitlər tərəfindən qarət edildi. Çin hökuməti xarici ölkələrin hökumətləri ilə danışıqlara başlamağa məcbur oldu. Danışıqlar nəticəsində 1901-ci ildə yekun protokolu imzalandı. Protokola görə, Çin bir sıra şərtləri yerinə yetirməyə məcbur oldu: üsyan nəticəsində xaricilərə dəyən zərəri ödəməkdən ötrü Çin hökuməti təzminat verməli idi; Çinə xaricdən silah gətirilməsi qadağan edilirdi və s.

Üsyanın yatırılmasından istifadə edən Rusiya orduları Mancuriyanın bir hissəsini, İngiltərə isə xarici kapitalın fəal mərkəzi hesab edilən Şanxayı işğal etdi. Şanxayın işğalı ilə kifayətlənməyən ingilislər Rusiyanı Mancuriyadan vurub çıxarmağa çalışırdılar. Bundan ötrü ingilis diplomatiyası Almaniyadan istifadə etmək istəyirdi. Lakin Rusiyaya qarşı ingilis-alman ittifaqını yaratmaq cəhdləri uğursuzluqla nəticələndi. Bunun əvəzində isə ingilis diplomatiyası Koreya və Mancuriyanı özünə tabe etmək istəyən Yaponiyanı müttəfiqi kimi görməyə başladı. İngiltərə ilə Yaponiya arasında başlanan danışıqlar 1902-ci ildə müttəfiqlik haqqında müqavilənin bağlanması ilə başa çatdı. Müqaviləyə görə, tərəflərdən biri üçüncü dövlətlə müharibə vəziyyətində olardısa, digər dövlət bitərəfliyi gözləməli idi. Tərəflərdən biri başqa iki dövlətlə müharibə aparardısa, onda digər tərəf bitərəf olmamalı, müqavilə imzaladığı dövlətə hərbi yardım göstərməli idi. Müttəfiqlik haqqında müqavilənin bağlanması ilə yanaşı İngiltərə Yaponiyaya maliyyə yardımı da göstərdi.

Yaponiyaya maliyyə və diplomatik yardımlar göstərən ölkələrdən biri də ABŞ idi. Yaponiyaya göstərilən bu yardımlar Uzaq Şərqdə onun fəallığını artırdı. 1904-cü ilin yanvarında Yaponiya Rusiya ilə müharibəyə başladı. Rus hərbi-dəniz donanması darmadağın edildi. Rusiya acınacaqlı məğlubiyyətə uğradı. Rusiyanın məğlubiyyətinin əsas səbəbləri çarizmin çürüklüyündə, iqtisadi, siyasi, hərbi, diplomatik və mənəvi cəhətdən müharibəyə hazır olmamasında idi. Rusiya 1905-ci ilin sentyabrında ABŞ-ın Portsmut şəhərində sülh müqaviləsi imzalamağa məcbur oldu. Sülh müqaviləsinin şərtlərinə görə Rusiya Lyaodun yarımadasını və Port-Arturu, Cənubi Mancuriya dəmir yolunu, onunla birlikdə isə bütün Cənubi Mancuriyanı, Saxalin adasının cənub hissəsini Yaponiyaya verdi və Koreyada Yaponiyanın üstün nüfuzunu qəbul etdi.




Latın Amerikasında

beynəlxalq

münasibətlər
XX əsrin əvvəllərində Latın Amerika-sında beynəlxalq münasibətlərin səciy-yəvi cəhəti ABŞ-ın bu regionda nüfuzu-nun artması və öz ətrafında region dövlətlərini birləşdirməsi cəhdləri ilə bağlıdır. ABŞ hökuməti bu illərdə həm Panama kanalının tikintisini, həm də açılışdan sonra onun üzərində nəzarəti əlində cəmləşdirdi. 1901-ci ildə ABŞ-la İngiltərə arasında kanalın tikilməsi qaydası və onun gələcək rejimi haqqında müqavilə imzalandı. Müqaviləyə görə, kanalı ABŞ hökuməti və ya onun istəyinə uyğun olaraq xüsusi şirkətlər tikə bilərdilər. Bundan başqa, müqavilə hələ 1850-ci ildə iki ölkə arasında imzalanmış Kleyton-Bulver müqaviləsində nəzərdə tutulan gələcək kanalın bitərəfləşdirilməsi haqqında prinsipi təsdiq etdi. Panama kanalı bərabər hüquq əsasında bütün millətlərin hərbi və ticarət gəmilərinin üzməsi üçün azad elan edildi. Kanal üzərində bitərəfliyə və azad üzməyə nəzarəti ABŞ təmin etməli idi. Bu məqsədlə ABŞ hökuməti kanal zonasında silahlı mühafizə dəstələri saxlaya bilərdi.

1902-ci ildə ABŞ hökuməti kanalın tikilməsinə dair konsessiya hüququnu fransız şirkətindən satın aldı. 1903-cü ilin yanvarında ABŞ və Kolumbiya hökumətləri müvafiq müqavilə bağladılar. Müqaviləyə görə, Kolumbiya hökuməti öz ərazisində Sakit okeandan Atlantik okeana qədər ərazidən çəkilən zolağı 99 il müddətinə ABŞ hökumətinə icarəyə verməli idi. Lakin Kolumbiya konqresi bu müqaviləni rədd etdi. Belə olduqda ABŞ Kolumbiyaya öz təzyiqlərini gücləndirdi. 1903-cü ilin noyabrında Birləşmiş Ştatların yardımı ilə yeni dövlət olan Panama Respublikası yaradıldı. ABŞ yeni yaradılan bu dövləti dərhal tanıyaraq onunla münasibətlər qurdu. Kanalın tikintisi 1914-cü ildə başa çatdı.

XX əsrin əvvəllərində Latın Amerikasında ABŞ-ın nüfuzunun genişləndiyi ölkələr Karib dənizi hövzəsi ölkələri idi. ABŞ hökuməti bu ölkələrin iqtisadi, siyasi və hərbi inkişafından ötrü onlara kreditlər ayırdı. ABŞ-ın bu siyasəti “dollar diplomatiyası” adını aldı.

Latın Amerikasında beynəlxalq münasibətlərin səciy-yəvi cəhətlərindən biri ABŞ və İngiltərə arasında bu regionda nüfuz dairəsi uğrunda kəskin mübarizə idi. ABŞ diplomatiyası İngiltərəni Latın Amerikasından vurub çıxartmaq və onun nüfuzunu sarsıtmaq istəyirdi. Almaniya ilə kəskin ziddiyyətləri və rəqabəti olan İngiltərə isə ABŞ ilə münaqişədən qaçmağa can atırdı. İngilis diplomatiyası ABŞ-la ziddiyyətləri dinc yolla nizama salmağa çalışırdı. Belə şəraitdə ABŞ bazarlarında alman ticarət rəqabətinin artması Vaşinqtonu narahat etdiyindən o da İngiltərə ilə birbaşa münaqişədən qaçmağa, təhlükəli rəqib olan Almaniyanı sıxışdırmağa çalışırdı. ABŞ Almaniya və İngiltərəyə qarşı diplomatik mübarizədə Latın Amerikası ölkələrindən istifadə etmək istəyirdi.


Antantanın

yaradılması
1902 - ci ildə İngiltərə özünün xarici siyasətində olan çətinlikləri aradan qaldırdı. Almaniya ilə danışıqların uğursuzluqla nəticələnməsi ingilis diplomatiyasının qəti istiqamət götürməsinə təsir göstərdi. İngilis-yapon müqaviləsinin bağlanması ilə İngiltərə yaponların əli ilə Çində öz mənafelərini qorudu. Eyni zamanda 1902-ci ildə ingilis-bur müharibəsi başa çatdı. Bundan sonra İngiltərə ilə Fransa arasında müstəmləkə mübahisələrini tənzimləmək üçün danışıqlar başlandı. Gənc alman imperializminin iddiaları, müstəmləkələrdən İngiltərə və Fransanı vurub çıxartmaq, Avropada hegemon rol oynamaq istəkləri ingilis və fransız diplomatiyasını daha da yaxınlaşdırdı. Hər iki qocaman müstəmləkə dövləti qarşılıqlı razılığa gəlməyi vacib hesab etdilər. Almaniyanın müstəmləkə iddiaları İngiltərənin ardınca müstəmləkələrinin həcminə görə dünyada ikinci olan Fransa üçün də təhlükəli idi.

XX əsrin əvvəllərində beynəlxalq münasibətlərdəki mövcud şərait də Fransanı İngiltərə ilə yaxınlaşmağa məcbur edirdi. XIX əsrin 90-cı illərinin sonunda Fransanın müttəfiqi olan Rusiyanın hərbi qüvvələrinin və maliyyə vəsaitlərinin xeyli hissəsi Uzaq Şərqdə cəmlənmişdi. Burada Almaniya rus ekspansiyasına şərait yaradırdı. Alman diplomatiyası rus ekspansiyasını genişləndirməyə rəvac verərək, ondan Yaponiyaya, İngiltərəyə və ABŞ-a qarşı istifadə etmək istəyirdi. Belə şəraitdə fransız diplomatiyası Rusiyanın diqqətini Uzaq Şərqdən ayırıb Avropaya cəlb etməyə çalışırdı. O, Avropada alman hegemonluğuna qarşı dura biləcək rus-fransız müttəfiqliyi yaratmaq istəyirdi. Fransanın İtaliya ilə yaxınlaşması fransız diplomatiyasının mövqelərinin möhkəmlənməsinə kömək etdi. Lakin 1898-ci ildə fransız-italiyan ticarət müqaviləsinin imzalanması ilə Fransa-İtaliya kömrük münaqişələrinə son qoyuldu. 1900-cü ildə iqtisadi böhran zamanı İtaliya lazım olan krediti Paris birjasından aldı. İqtisadi cəhətdən yaxınlaşmanın ardınca Fransa və İtaliya arasında iki mühüm siyasi saziş imzalandı. 1900-cü ildə imzalanmış birinci sazişə görə, Fransa Tripolitaniyada, İtaliya isə Mərakeşdə maraqları olmadıqlarını bildirdilər. Fransa Mərakeşi tutardısa, İtaliya da Tripolitaniyanı tuta bilərdi. 1902-ci il sazişinə görə tərəflərdən biri başqa dövlət və ya dövlətlər qrupu tərəfindən təcavüzə məruz qalardısa, digər tərəf qəti şəkildə bitərəf olmalı idi. Eyni zamanda, tərəflərdən biri öz şərəfini və təhlükəsizliyini qorumaq məcburiyyətində qalıb müharibə elan edərdisə, digər tərəf yenə də bitərəf qalmalı idi.

Lakin İtaliyanın bitərəfliyinin təmin edilməsi Fransanı tam qane etmirdi. Fransa İngiltərə ilə yaxınlaşmağa can atırdı. Belə şərait ingilis-fransız danışıqlarının başlanması üçün imkanları artırırdı. Aparılan danışıqlar 1904-cü ilin aprelində İngiltərə ilə Fransa arasında əsas müstəmləkə məsələlərinə dair sazişin imzalanmasına gətirib çıxartdı. Sazişə görə Fransa İngiltərənin Misirdəki fəaliyyətlərinə mane olmamağı öhdəsinə götürürdü. Əslində fransız diplomatiyası on illər boyu iki ölkə arasında Misirdə davam edən ixtilaflardan İngiltərənin xeyrinə imtina edirdi. Beləliklə, Fransa Misiri İngiltərənin nüfuz dairəsi kimi tanıyırdı. Buna cavab olaraq İngiltərə Mərakeşdə Fransanın hərəkətlərinə mane olmamağı öz üzərinə götürürdü. İmzalanmış xüsusi məxfi sazişdə göstərilirdi ki, Mərakeş sultanı öz hakimiyyətini həyata keçirə bilmədiyi təqdirdə Mərakeş ərazisinin Cəbəllütariq boğazına qədərki zolağı İspaniyanın əlinə keçməli idi. Belə olduqda Mərakeşin bütün digər ərazilərini Fransa tutmalı idi. İngilis hökuməti Cəbəllütariq boğazı sahilində güclü Fransanı deyil, zəif və İngiltərə üçün təhlükəsiz olan İspaniyanı görmək istəyirdi.


1905-1906-cı illərdə

beynəlxalq böhran.

Birinci Mərakeş böhranı
Fransanın Almaniya təcavü-zündən qorxması əbəs deyildi. Alman hökuməti 1904-ci ilin sonunda rus hökuməti ilə ticarət müqaviləsi bağladı. Müqavilə daha çox Almaniyanın xeyrinə idi. Bununla kifayətlənməyən Almaniya imperatoru II Vilhelm Rusiya çarı II Nikolayla Rusiya ilə Almaniya arasında ittifaq bağlamaq haqqında şəxsi danışıqlara başladı. Belə bir müqavilənin bağlanması fransız-rus müttəfiqliyinin sonu və Rusiyanın Fransaya qarşı istifadə olunması demək idi. Lakin o vaxt Rusiya ilə ittifaq bağlamaq mümkün olmadı. Yalnız 1905-ci ildə Finlandiyada Byörkö adası yaxınlığında görüş zamanı II Vilhelm və II Nikolay müttəfiqlik haqqında saziş bağladılar. II Nikolay Sankt-Peterburqa qayıtdıqdan sonra nazirlərin tələbi ilə öz imzasından imtina etdi. Rus-alman müttəfiqliyi haqqında danışıqların uğursuz nəticələnməsi Fransa üçün olan təhlükəni aradan qaldırmadı. Çünki Yaponiya ilə müharibədə biabırcasına məğlub olan və xeyli dərəcədə zəifləyən Rusiya inqilab girdabına düşmüşdü. Belə şəraitdə Rusiya Fransaya heç cür yardım edə bilməzdi.

Bunu görən alman diplomatiyası ingilis-fransız Antantasının əleyhinə çıxdı. Almaniya kansleri Bülöv Fransanı qorxutmaq, İngiltərə ilə əməkdaşlıqdan çəkindirmək və Mərakeşdə möhkəmlənməsinə imkan verməmək istəyirdi. Bülöv Mərakeşin müstəqilliyini qorumaq adı ilə onu Almaniyanın təsiri altına salmağa çalışırdı. Almaniya diplomatiyası iftira və qorxutmaq metodlarından istifadə edirdi. 1905-ci il martın 31-də II Vilhelm Mərakeşin Tancer limanına gələrək, orada etdiyi çıxışında Mərakeşin müstəqil olduğunu bildirdi. Eyni zamanda o, digər dövlətlərlə bərabər Almaniyanın da Mərakeşdə hüququnun olduğunu göstərdi. Bunun ardınca Almaniya hökuməti Mərakeşə dair beynəlxalq konfrans çağırmaq tələbi ilə çıxış etdi. Alman diplomatiyası konfransdan istifadə edərək Mərakeşə dair ingilis-fransız sövdələşməsini ləğv etmək istəyirdi. Almaniyanın tələbini yerinə yetirmək istəmədikdə Fransa müharibə təhlükəsi qarşısında qalırdı.

Britaniya höküməti belə vəziyyətdə Fransaya hərbi yardım göstərməyə hazır olduğunu bildirdi. İngilis diplomatiyası bununla hələ də İngiltərədən zəif olan alman hərbi-dəniz donanmasını Fransanın əli ilə ləğv etməyə çalışırdı.

Fransanın xarici işlər naziri Delkasse alman təklifinin əleyhinə cavab vermək tərəfdarı idi. Lakin Nazirlər Şurasının sədri Ruvye və respublikanın prezidenti Lube onunla razılaşmadılar. Nəticədə Delkasse istefaya getdi. Ruvye isə Mərakeş məsələsinə dair Almaniya ilə danışıqlara başladı. Fransa Mərakeş haqqında məsələnin beynəlxalq konfransda müzakirə edilməsinə razı oldu.

Mərakeş məsələsinə dair beynəlxalq konfrans 1906-cı ilin əvvəlində İspaniyanın Əlhəsiras şəhərində toplandı. Mərakeş məsələsinə dair konfransın çağırılması faktı alman diplomatiyasının qələbəsi olsa da ingilis - fransız diplomatiya-sının məğlubiyyəti demək deyildi. Konfransda Almaniya təcrid olunmuş vəziyyətə düşdü. İngiltərə, Rusiya və hətta formal olaraq Almaniya ilə müttəfiq olan İtaliya da konfransda Fransanı müdafiə etdi. ABŞ diplomatiyası da eyni mövqeni tutdu. Konfransın qəbul etdiyi qərarlara görə Mərakeş müstəqil və suveren dövlət elan edildi. Bununla belə, konfransın digər qərarları Mərakeşin müstəqillik və suverenlik hüquqlarını pozurdu. Belə ki, Mərakeş polisinin yaradılması Fransa və İspaniyanın əlində cəmləşdirildi. Bu isə daha çox Fransanı qane edirdi. Fransız hökuməti qayda-qanunu qorumaq adı altında Mərakeşdə öz nüfuzunu gücləndirməyə imkan qazanırdı.

Konfransda Almaniyanın xeyrinə də bəzi güzəştlər edildi. Mərakeşin dövlət bankı alman, ingilis, fransız və ispan banklarının iştirak etdiyi konsorsium əsasında qurulurdu.

Bütövlükdə konfransın qərarlarından razı olmayan alman diplomatiyası Mərakeşin bölüşdürülməsindən az da olsa pay almaq istəyirdi. Beləliklə, Mərakeşdə nüfuz dairələri uğrunda mübarizə hərbi təhlükənin mənbələrindən biri idi.

Mərakeş böhranının ciddi beynəlxalq nəticələri oldu. O, dövlətlər arasındakı ixtilafları nəinki həll etmədi, əksinə onları yeni mərhələyə qaldırdı. Bundan sonra dövlətlər silahlanmaya və ordu quruculuğuna xüsusi diqqət yetirməyə başladılar. Belə ki, ingilis hökuməti təkcə müstəmləkələrə deyil, eyni zamanda böyük Avropa müharibəsi olacağı təqdirdə Fransa və Belçikaya göndərilmək üçün quru qoşunlar yaratmaq haqqında qərar qəbul etdi.


İngilis-alman

dəniz rəqabəti
XX əsrin əvvəllərində ingilis-alman dəniz rəqabəti daha da kəskinləşdi. 1905-ci ildə İngiltərədə yeni tipli zirehli gəmi yaradıldı. O, əvvəlki gəmiləri həm artilleriyasının gücünə, həm də sürətinə görə ötüb keçirdi. Britaniya Hərbi dəniz nazirliyi yaxın bir neçə ildə Almaniyanın belə bir silaha sahib olmayacağını güman edirdi. Lakin o, yanılmışdı. Almaniya tezliklə belə zirehli gəminin yaradılmasına başladı. Artıq 1908-ci ildə İngiltərədə 12, Almaniyada isə 9 drednout (böyük zirehli hərb gəmisi) var idi. Köhnə zirehli gəmilərin nisbəti İngiltərənin xeyrinə 63:26 idi. Drednoutların meydana çıxması ilə köhnə gəmilər qiymətdən düşdü və dəniz rəqabəti yeni startdan başlandı. Bununla da İngiltərənin dəniz üstünlüyü böyük təhlükə altına düşdü. Drednoutların meydana çıxması ilə bir xətt gəmisinin qurulması xərcləri ikiqat artdı və sürətlə silahlanma gücləndi. 1908-1912-ci illərdə Almaniyada hər il 4 drednout hazırlanması nəzərdə tutulmuşdu.

İngilis hökuməti yeni hərb gəmilərinin qurulmasını məhdudlaşdırmaq haqqında saziş imzalamağı Almaniyaya bir neçə dəfə təklif etdi. Lakin belə sazişin imzalanması yalnız İngiltərəyə sərfəli olduğundan və İngiltərənin dəniz üstünlüyünü saxladığından Almaniya bu təklifləri rədd edərək, bütövlükdə hər iki ölkə donanmasının nisbəti haqqında müqavilə bağlamağı irəli sürdü. Lakin aparılan danışıqlar heç bir nəticə vermədi. Belə olduqda ingilis hökuməti Almaniyada qurulan hər bir drednoutun əvəzinə ikisini qurmaq barədə qərar qəbul etdi. Beləliklə, iki ölkə arasında sürətlə silahlanma və qarşıdurma yüksək həddə çatdı.




Birinci rus inqilabının

beynəlxalq münasibətlərə təsiri.

Rus-alman ziddiyyətləri
1905 - 1907 - ci illər rus inqilabı müstəmləkə və yarımmüstəmləkələrdə milli-azadlıq hərəkatını gücləndirdi. 1906-cı ildə İranda, 1908-ci ildə Türkiyədə, 1911-ci ildə isə Çində baş verən inqilablar beynəlxalq münasibətlərə ciddi təsir göstərdi. Müstəmləkələrlə metropoliyalar arasında ziddiyyətlər kəskinləşdi. Müstəmləkələrdə nüfuz dairələri uğrunda mənafeləri toqquşan dövlətlər belə şəraitdə xalqların milli-azadlıq mübarizəsini boğmaq üçün səylərini birləşdirdilər.

1895-1905-ci illər ərzində Rusiyanın Uzaq Şərqdə yeritdiyi siyasətin uğursuzluqla nəticələnməsi onu Almaniyadan asılı vəziyyətə saldı. Bu, özünü rus-yapon müharibəsindən sonra daha aydın şəkildə göstərdi. Rusiya qərb sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Almaniya ilə münasibətlərini bütün vasitələrlə normallaşdırmağa çalışırdı. Uzaq Şərq avantürasından çıxan və inqilabı yatıran Rusiya hökuməti yenidən Balkanlara və Uzaq Şərqə xüsusi diqqət yetirməyə başladı. Xarici siyasətinin bu istiqamətində Rusiya iki yeni amillə üzləşdi: birincisi, Türkiyədə alman təsirinin güclənməsi; ikincisi, Balkanlarda Almaniyanın dəstək verdiyi Avstriya-Macarıstanın güclənməsi.

Beləliklə, Rusiyanın Yaxın Şərqdə rəqibi XIX əsrdə olduğu kimi İngiltərə deyil, yeni şəraitdə Almaniya oldu.

Rus-alman ziddiyyətlərinin kəskinləşməsinin bir sıra səbəbləri var idi. Birincisi, Bağdad dəmir yolunun çəkilməsinə dair Almaniyanın konsessiya alması Rusiyanı narahat edirdi. Türkiyənin Almaniya təsiri dairəsinə düşməsinə Rusiya təhlükəli meyl kimi baxırdı. Almaniya ilə müttəfiqə çevrilən Türkiyə Bosfor və Dardanel boğazlarında tam hakim ola və Rusiyanı Qara dənizdən vurub çıxara bilərdi. İkincisi, 1904-cü ildə imzalanan rus-alman ticarət müqaviləsi ziddiyyətli idi və əsasən, Almaniyanın mənafelərinə cavab verirdi. Bu müqavilə Rusiyanın daxili bazarlarında rus kapitalının alman kapitalına qarşı mübarizəsini kəskinləşdirirdi.


İngilis-rus

sazişi
XX əsrin əvvəllərində ingilis-rus yaxınlaşması baş verdi. Bu yaxınlaşmanı bir sıra amillər şərtləndirirdi. 1904-cü ildə baş verən ingilis-fransız yaxınlaşması və fransız-rus müttəfiqliyi haqqında sənədin imzalanması həmçinin Rusiya ilə İngiltərə arasında yaxınlaşmağa kömək etdi. Yaponiya ilə müharibə və birinci rus inqilabının yatırılması Rusiyanın Fransadan maliyyə asılılığını gücləndirdi. Rusiya hökumətinə yeni istiqrazlar lazım idi. Rusiyaya istiqrazların verilməsində fransız kapitalı ilə yanaşı, ilk dəfə olaraq ingilis kapitalı da iştirak etdi. Bütün bu amillər ingilis-rus yaxınlaşmasının iqtisadi təməlini yaratdı.

İngilis-rus yaxınlaşması təkcə Rusiyanın mənafeyinə cavab vermirdi, eyni zamanda İngiltərənin istəklərindən doğurdu. İngiltərə XIX əsrin sonuna və rus-yapon müharibəsində məğlubiyyətə qədər Rusiyaya Asiyada öz rəqibi kimi baxırdı. Lakin Rusiya rus-yapon müharibəsində məğlub olduqdan və birinci rus inqilabı məğlubiyyətə uğradıqdan sonra ingilis diplomatiyasının mövqelərində dəyişikliklər əmələ gəldi. Məğlubiyyət Rusiyanın beynəlxalq nüfuzunu sarsıtdı və onu zəiflətdi. Belə olduqda ingilis hökuməti Asiyada öz rəqibi kimi zəifləmiş Rusiyanı deyil, güclənməkdə olan Almaniyanı görməyə başladı.

İngilis-rus yaxınlaşmasını şərtləndirən başqa bir amil də var idi. Birinci rus inqilabından sonra müstəmləkələrində inqilabi hərəkatın yüksəlməsindən qorxan İngiltərə onları yatırtmaqda Rusiyaya öz müttəfiqi kimi baxırdı. Doğrudan da, İranda-Güney Azərbaycanda inqilab baş verərkən Rusiya və İngiltərə onu yatırtmaqda birgə fəaliyyət göstərdilər.

İki ölkə arasında baş verən bütün bu dəyişikliklər 1907-ci ildə ingilis-rus sazişinin bağlanmasına gətirib çıxartdı. İmzalanan saziş iki ölkə arasında, Şərqdə olan ixtilafları tənzimləmək məqsədi güdürdü. Sazişə görə, İran üç zonaya bölünürdü: birincisi, İranın şimalı - ölkənin ən çox əhalisi və zəngin təbii sərvətləri olan Güney Azərbaycan Rusiyanın nüfuz dairəsi kimi qəbul edilirdi; ikincisi, Mərkəzi İran bitərəf zona elan edilirdi; üçüncüsü, zəngin neft mənbələri, Hind okeanına və İran körfəzinə çıxışı olan Cənubi və ya Cənub-Şərqi İran İngiltərənin nüfuz dairəsi hesab olunurdu.

İngilis-rus sazişi, eyni zamanda, başqa ölkələrə də toxunurdu. Əfqanıstan İngiltərənin nüfuz dairəsinə verilirdi. Tibet üzərində Çinin hakimiyyəti qəbul edilsə də, bu ərazi İngiltərənin maraq obyekti sayılırdı.

İngilis-rus sazişinin imzalanmasının mühüm nəticələri oldu. Saziş Rusiya ilə İngiltərə arasında çoxlu mübahisəli məsələləri qaydaya salaraq onları Almaniyaya qarşı ittifaqda birləşdirdi. Fransız-rus ittifaqının və ingilis-fransız sazişinin mövcud olduğu şəraitdə İngiltərə ilə Rusiya arasında sazişin imzalanması Almaniyaya qarşı ingilis-rus-fransız blokunun yaradılmasını başa çatdırdı.

Beləliklə, 1907-ci ildə Antantanın formalaşması başa çatdırıldı. Onu Üçlər sazişi kimi adlandırdılar. Nəticədə XX əsrin əvvəllərində beynəlxalq şərait kifayət qədər dəyişdi. İngiltərə özünün keçmiş rəqibləri olan Fransa və Rusiyanı Almaniyaya qarşı diplomatik-siyasi mübarizəsinə cəlb etdi.


1908-1909-cu illər



Bosna böhranı
XX əsrin əvvəlləri müxtəlif böhran-larla səciyələnir. 1908-ci ildə yeni beynəlxalq böhran yarandı. XX əsrin əvvəllərindən başlayaraq Avstriya maliyyə kapitalı Balkanlarda işğalçılıq siyasətinin yeridilməsini, Salonikə gedən yolu - Egey dənizinə çıxışı tutmağı tələb etməyə başladı. Əvvəllər Avstriya-Macarıstan meylli olan serb hökuməti onun siyasətinə kömək edirdi. Serbistan iqtisadi cəhətdən də Avstriya-Macarıstandan asılı vəziyyətdə idi. Lakin 1903-cü ildə Serbistanda baş verən dövlət çevrilişindən sonra Balkanlarda vəziyyət kəskin şəkidə dəyişdi. Serb hökuməti etnik yaxınlığı əsas götürərək, rusiyapərəst xətt yeritməyə başladı. Ölkədə Avstriya-Macarıstanın iqtisadi ağalığından qurtulmaq uğrunda hərəkat gücləndi. Avstriya-Serbistan kömrük müharibəsi baş verdi. Rusiya eyni zamanda cənubi slavyan əhalisini Tür-kiyənin əleyhinə qiyamçılığa və terrorçuluğa qaldırdı. Belə şəraitdə Avstriya-Macarıstan hakim dairələri Balkanlarda hərəkatı yatırtmaq üçün radikal addımlar atdılar. İlk addım kimi Avstriya-Macarıstan Osmanlı imperiyasının ərazisi sayılan Bosna və Hersoqovinanı özünə birləşdirdiyini elan etdi. Bu ərazilərin birləşdirilməsi serb hökumətinin narazılığına səbəb oldu. Rus hökuməti Serbistanı müdafiə etdi.

1909-cu ilin martında Avstriya-Macarıstan səfərbərlik elan edərək qoşunlarını Serbistan ilə sərhəddə yığdı. Öz müttəfiqini müdafiə edən Almaniya münaqişəyə qoşuldu. Kansler Bülöv 1909-cu il martın 21-də Sankt-Peterburqa ultimatum göndərdi. O, ultimatumda Bosna və Hersoqovinanın Avstriya-Macarıstana birləşdirilməsinin tanınmasını Rusiyadan kəskin şəkildə tələb etdi. Tələb yerinə yetirilmədikdə Almaniya müharibəyə başlayacağı ilə hədələdi. 1904-1905-ci illər rus-yapon müharibəsindən sonra özünə gələ bilməyən Rusiya Serbistana kömək etməyə hazır deyildi. İngiltərə və Fransa da Rusiyanı müdafiə etmədi. Belə olduqda Rusiya və Serbistan diplomatik-siyasi məğlubiyyətə uğradılar. Lakin Serbistan Balkanlarda türklərin və başqa millətlərin yaşadıqları əraziləri işğal etmək, Rusiya isə ona kömək göstərmək, Bosfor və Dardanel boğazlarına sahib olmaq istəklərindən əl çəkmədi.

Yaranmış belə şəraiti görən Rusiya öz silahı qüvvələrini bərpa etmək işinə girişdi. Rusiyada böyük hərbi proqram qəbul edildi. Bu proqram ordunun sayının artırılmasını, maddi təc-hizatının gücləndirilməsini, strateji dəmir yollarının tikilməsini, rus-yapon müharibəsi zamanı, demək olar ki, tamamilə itirilmiş hərbi-dəniz donanmasının bərpa etdirilməsini nəzərdə tuturdu. Proqram 1917-ci ildə başa çatdırılmalı idi.

Bosna və Hersoqovinanı özünə birləşdirən Avstriya-Macarıstan isə bununla kifayətlənmək istəmirdi. O, Salonik istiqamətində ərazilər ələ keçirməyə çalışırdı. Avstriya-Macarıstanın bu hərəkətləri Almaniya tərəfindən rəğbətlə qarşılansa da onun Türkiyə ilə iqtisadi və siyasi cəhətdən yaxınlaşması cəhdlərindən narahat idi.

Bosna böhranı Rusiyanın Avstriya-Macarıstanla və Almaniya ilə ziddiyyətlərini daha da kəskinləşdirdi.


İkinci Mərakeş



böhranı
1911-ci ilin mayında Fransa orduları fransız təbəələrini müdafiə etmək və çıxışları yatırtmaq adı altında Mərakeşin paytaxtı Fes şəhərini işğal etdilər. Əslində fransızlar bütün Mərakeşi tutdular.

Fransanın bu hərəkətinə mane olmaq iqtidarında olmayan Almaniya bunun əvəzində özü üçün nə isə almaq qərarına gəldi. İyulun 1-də Mərakeşin Atlantik okeanı sahillərindəki Aqadir şəhərinin limanında alman hərb gəmisi “Bəbir” göründü. Aqadirin coğrafi mövqeyi onu strateji cəhətdən əhəmiyyətli edirdi. Aqadiri tutan Almaniya Fransanı güzəştə getməyə məcbur etmək istəyirdi. Almaniya Mərakeşdə torpaq almaq istəklərini həyata keçirə bilməsə də Ekvatorial Afrikada fransız mülklərindən almağa ümid bəsləyirdi. Ona görə də alman diplompatiyası əvvəlcə bütün fransız Konqosunu tələb etdi. Almaniyanın belə tələbi Fransa tərəfindən qəbul edilmədi.

Mərakeş üstündə Fransa-Almaniya münaqişəsinə İngiltərə də qoşuldu. Burada mənafeləri olan İngiltərə güzəştə getmək istəmirdi. 1911-ci il iyulun 21-də İngiltərə hökumətinin tapşırığı ilə Lloyd Corc birmənalı şəkildə bildirdi ki, Mərakeş məsələsində İngiltərə Almaniyaya qarşı müharibədən imtina etməyəcəkdir. İngiltərə nazirinin bu sözləri Almaniyanı geri çəkilməyə məcbur etdi. 1911-ci ilin payızında Almaniya Fransa ilə saziş bağlamağa məcbur oldu. Almaniya Mərakeşin fransız protektoratlığında olduğunu qəbul etdi. Fransa da öz növbəsində Almaniyaya güzəştə getdi: fransız hökuməti Konqodakı mülklərinin kiçik bir hissəsini Almaniyaya verdi.

Bununla belə, alman diplomatiyası sazişin nəticələrindən razı qalmadı. O, belə “kiçik hədiyyə” ilə kifayətlənmək istəmirdi. Bir sıra alman rəsmi dairələri II Vilhelmi hədsiz güzəştə getməkdə təqsirləndirdilər. Aqadir münaqişəsindən sonra alman diplomatiyası dünyanın yenidən bölüşdürülməsini daha qətiyyətlə tələb etməyə başladı.


1911-ci il İtaliya -Türkiyə müharibəsi
Aqadir böhranı başa çatmamış İtaliya-Türkiyə müharibəsi başlandı. İtaliya üç qitədə yerləşmiş Osmanlı imperi-yasının ərazisi olan Tripolitaniyanı işğal etməyə can atırdı. 1900-cü il Fransa-İtaliya müqaviləsinə görə Fransa İtaliyanın Tripolitaniyanı işğal etməsinə razılıq vermişdi.

İtaliya orduları Tripoltianiyadakı kiçik türk qarnizonuna qalib gəldi. Lakin ərəb tayfaları işğalçılara ciddi müqavimət göstərdilər. Türk hökuməti uzun müddət bu işğalı tanımadı. Lakin Balkanlarda müharibənin başlanması 1912-ci ildə Türkiyəni İtaliya ilə sülh müqaviləsi bağlamağa məcbur etdi. Türkiyə Tripolitaniyanı İtaliyaya güzəştə getdi.


Birinci Balkan

müharibəsi
Uzun illər boyu bir-biri ilə düşmənçilik edən Bolqarıstan və Serbistan 1912-ci ildə Rusiyanın, həmçinin digər Antanta dövlətlərinin yardımı ilə müttəfiqlik haqqında müqavilə bağladılar. Tezliklə Bolqarıstana və Serbistana Yunanıstan və Qaradağ da qoşuldu. Rusiya onların hamısını Osmanlı imperiyasına qarşı qiyamlara və terrorçuluq hərəkətələrinə sövq etdi. Antanta dövlətləri Balkan ittifaqına Avropa müharibəsi baş verəcəyi təqdirdə müttəfiq kimi baxırdılar. Rusiyanın və digər Antanta ölkələrinin bu hərəkətlərinə qarşı Almaniya və Avstriya-Macarıstan çıxdı.

1912-ci ilin oktyabrında Balkan dövlətləri Türkiyəyə qarşı mübarizəyə başladılar. Qısa müddətdə Türkiyə orduları məğlub edildi. Bolqar orduları İstanbula daxil oldular, yunanlar Saloniki, serblər isə Makedoniyanın böyük bir hissəsini, Şimali Albaniyanı və Yeni Bazar sancağını tutdular.

1912-ci ilin noyabrında gələcək sülhün şərtləri haqqında danışıqlıqlar başlandı. Danışıqlıqlar çox uzun sürdü və çətin gedirdi. Onun kəsilməsi ilə yeni Balkan və hətta Avropa müharibəsinin başlanması təhlükəsi yarandı. Qalib dövlətlərin hər birinin böyük iddiaları var idi. Serbistan dənizə çıxışı əldə etməkdən ötrü Şimali Albaniyanı almağa çalışırdı. Bu məsələdə Serbistan Avstriya-Macarıstanın qəti müqavimətinə rast gəldi. Avstriya-Macarıstan Serbistandan bu iddialarından əl çəkməyi tələb edərək onu müharibə ilə hədələdi, hətta orduya qismən səfərbərlik də keçirdi. Bosna böhranı dövründə olduğu kimi, rus hökuməti qorxaraq yenə də Avstriya-Macarıstanla münaqişədə Serbistanı müdafiə etmədi. Serbistan geri çəkildi. Lakin dənizə çıxmaq iddialarını həyata keçirtmək üçün etdiyi cəhdlər 1913-cü ilin payızında Avstriya-Macarıstanla və Almaniya ilə yeni münaqişəyə gətirib çıxartdı. Serbistanın iddialarına qarşı çıxan və Almaniyanın köməyinə ümid bəsləyən Avstriya-Macarıstan onu yeni müharibə ilə hədələdi. Bu dəfə də Rusiya və Serbistan geri çəkilməyə məcbur oldu. Rusiya üçüncü dəfə diplomatik-siyasi məğlubiyyətə uğradı.

Balkanlarda sülhün qurulması uzun çəkdi. Türkiyə ərazilərinin itirilməsi ilə barışmadı. Balkan ittifaqının üzvləri Türkiyənin ərazisini Avropada yalnız İstanbulla məhdud-laşdırmaq, Bosfor və Dardanel boğazlarının sahilində ona kiçik bir zolaq vermək istəyirdilər. Türkiyə hökuməti bu şərtləri qətiyyətlə rədd edirdi. Nəticədə 1913-cü ilin yanvarında hərbi əməliyyatlar başlandı. Lakin Osmanlı orduları məğlub oldu və Türkiyə sülh istədi.


İkinci Balkan

müharibəsi
Albaniyanı ala bilməyən serb hökuməti Yunanıstanın dəstəyi ilə Makedoniya bölüş-dürülərkən Serbistanın payının artırılmasını bolqar hökumətindən tələb etdi. Serbistan və Yunanıstan Bolqarıstana qarşı ittifaq bağladılar. Böyük dövlətlərin Balkan işlərinə qarışması vəziyyəti daha da ağırlaşdırdı. Almaniya və Avstriya-Macarıstan Balkan ittifaqını dağıtmaq, Serbistanı və Yunanıstanı Bolqarıstana qarşı qaldırmaq, Rusiya isə Balkan ittifaqından Almaniya, Avstriya-Macarıstan və Türkiyəyə qarşı istifadə etmək niyyəıtində idi.

1913-cü il iyunun 29 -da Bolqarıstan Serbistana qarşı hərbi əməliyyatlara başladı. Beləliklə, ikinci Balkan müharibəsi başlandı. Yunanıstandan başqa, Rumıniya da Serbistana qo-şuldu. Rumın hökuməti Balkan yarımadasında Bolqarıstanın güclənməsindən qorxurdu. Antibolqar koalisiyasına Türkiyə də qoşuldu. Türkiyə itirmiş olduğu əraziləri geri qaytarmağa ümid edirdi.

Müharibədə Bolqarıstan məğlubiyyətə uğradı. 1913-cü il avqustun 10-da Buxarestdə sülh müqaviləsi bağlandı. Sülh müqaviləsinin şərtlərinə görə, Bolqarıstan Rumıniyaya Dobrucanı, Serbistana Makedoniyanın böyük hissəsini güzəştə getdi, Türkiyəyə isə Ədirnəpolu qaytardı. Yunanıstan Balkan müharibələri nəticəsində Egey dənizindəki bütün adaları, Cənubi Makedoniyanı, Saloniki və Epiri aldı.

Balkan müharibəsinin ciddi beynəlxalq nəticələri oldu. Albaniya Osmanlı imperiyasının tərkibindən çıxdı. Onun ərazisində nüfuz dairələri uğrunda İtaliya ilə Avstriya-Macarıstan arasında mübarizə kəskinləşdi. Balkan müharibələri Osmanlı imperiyasının bu regionda mövqelərini zəiflətdi. Osmanlı imperiyası ilə paralel olaraq, Avstriya-Macarıstanın da zəifləməsi prosesi getdi.


Hərbi təhlükənin

artması
1911-ci ildən başlayaraq beynəlxalq münasibətlərdə müharibə təhlükəsi daha da artdı. Bu təhlükə bir neçə istiqamətdə gücləndi: böyük dövlətlər arasında dünyanı bölmək uğrunda mübarizə son həddə çatdı; dövlətlərin daxili vəziyyəti kəskinləşdi; müstəmləkələrdə milli-azadlıq hərəkatı gücləndi. Bəzi dairələr daxili problemləri həll etməyin yolu kimi xaricdə uğurlu hərbi əməliyyatlar aparmağa üstünlük verdilər.

Belə gərgin vəziyyətdə Üçlər ittifaqı və Antanta dövlətləri sürətlə müharibəyə hazırlaşırdılar. Hər iki hərbi blok güclü şəkildə silahlanırdı. 1905-1914-cü illərdə beş böyük dölətin - İngiltərə, Rusiya, Fransa, İtaliya və Avstriya-Macarıstanın (Almaniya nəzərə alınmadan) hərbi büdcəsi 73% artmışdı.

1913-cü ildən alman ordusu maddi və insan ehtiyatlarından maksimum dərəcədə istifadə edərək nəhəng qüdrətə çatdı. Fransa baş qərargahından fərqli olaraq almanlar müharibə olacağı təqdirdə ehtiyat birləşmələr üçün kadr və silahlar hazırlamışdı. Alman ordusu Avropada ən çox saylı zabit heyətinə malik idi. Onun maddi-texniki üstünlüyü şəksiz idi. Alman hərbi sənayesi öz istehsal gücünə görə birlikdə fransız və rus hərbi sənayesindən üstün idi. Nəhayət, Almaniyanın dəmir yolları Fransa və Rusiyadan daha yaxşı idi və hərbi məqsədlərə kifayət qədər yaxşı tabe etdirilmişdi. Antanta ölkələrinə nisbətən Almaniya səfərbərliyi daha sürətlə həyata keçirə bilərdi. Almaniya istənilən cəbhə nöqtəsinə zaman etibarilə rəqiblərindən daha tez qoşun çıxara bilərdi. Almaniya hökumətinin tələbi ilə Reyxstaq yeni hərb gəmilərinin qurulması üçün ayrılan vəsaitə 1912-ci ildə növbəti beş ildə daha üç drednout qurulması üçün yeni vəsait əlavə etdi.

Almaniyanın düşmənləri ləng də olsa silahlanırdılar. 1913-cü ildə Fransa ikiilik hərbi xidmətdən üçillik hərbi xidmətə keçməklə dinc şəraitdə ordusunun tərkibini 30% artırdı. Rusiya öz ordusunu fransız istiqrazlarının köməyi ilə silahlandırdı. Rus hökuməti böyük hərbi proqramını 1917-ci ildə qurtarmağı nəzərdə tuturdu.

Almaniyanın müttəfiqi olan Avstriya-Macarıstan isə milli-azadlıq hərəkatının təsiri ilə daxildən parçalanmağa doğru gedirdi.

Hər iki blok dövlətləri müharibəyə başlamaqdan ötrü kicicik bəhanə axtarırdılar.


1912-1914-cü illərdə

İngiltərənin siyasəti
Almaniya dünyanı yenidən bölmək məsələsini qəti şəkildə qoyduqca ingilis-alman ziddiyyətləri daha da kəskinləşdi. 1912-ci ildə ingilis diplomatiyasının fəaliyyətində taktiki dönüş yarandı. İngilis diplomatiyası Almaniya ilə ziddiyyətləri yumşaltmaq xətti götürdü. İngilis hökuməti qitədəki qruplaşmalar arasındakı ziddiyyətlərdən hakim rolunu oynamaq və mənfəət götürmək istəyirdi. 1912-ci ilin əvvəlində ingilis hökuməti hərbi nazir lord Holdeni xüsusi tapşırıqla Berlinə göndərdi. İngilis diplomatiyasının əsas məqsədi yeni hərbi dəniz silahlarının məhdudlaşdırılmasına nail olmaq idi. Lakin ingilis diplomatiyasının bu cəhdlərindən heç bir nəticə alınmadı. Bununla belə, alman diplomatiyası ingilislərin Almaniya ilə münaqişədən qaçmaq istəklərinə əmin oldu. İngiltərə Bağdad dəmir yolu haqqında danışıqlara başladıqda bu təəssürat daha da gücləndi. İngilislər yolun çəkilişinə bir neçə il mane olduqdan sonra onun başa çatdırılmasına bir şərtlə razılıq verdilər: Bağdaddan İran körfəzinə qədər olan yolun son hissəsi İngiltərəyə veriləcəkdir.

İngiltərənin Almaniya ilə münasibətləri korlamaq istəməməsi haqqındakı təəssürat Berlində belə bir yanlış fikir yaratdı: Üçlər ittifaqının üzvü olan dövlətlər Fransa və Rusiyaya qarşı müharibəyə başladıqda guya İngiltərə bitərəf qalacaqdır və Almaniya qitədəki düşmənlərini məhv edəcəkdir. Lakin İngiltərənin bitərəf qalacağı haqqında ümidlərin heç bir ciddi əsası yox idi. İngilis diplomatiyası Almaniyanın qələbəsinə və güclənməsinə yol verə bilməzdi. İngiltərənin pasifist hərəkətləri Almaniyanı aldadaraq müharibəyə şirnikləşdirdi.


Sarayevo qətli.

1914-cü il iyul

böhranı
Gərgin beynəlxalq şəraitdə istənilən münaqişə müharibəyə çevrilə bilərdi. 1911, 1912 və 1913-cü illər böhranı ümumi müharibəyə gətirə bilərdi. Lakin bu illərdə dünya müharibəsi başlanmadı. 1914-cü ildə baş verən böhran isə dünya müharibəsinə gətirib çıxartdı. İyulun 28-də Sarayevoda serb millətçilərinin “Gənc Bosna” təşkilatının üzvü 18 yaşlı Qavrilo Prinsip Avstriya-Macarıstan taxt-tacının vəliəhdi, hərbi təlimləri müşahidə etmək üçün Bosna paytaxtına gələn Frans-Ferdinantı qətlə yetirdi. Avstriya-Macarıstan diplomatiyası bundan istifadə edərək Serbistanı darmadağın etmək qərarına gəldi. Avstriya-Macarıstanda başa düşürdülər ki, Serbistanla müharibəyə Rusiya qoşula bilər. Rusiyanın müharibəyə girməsi isə Almaniyanı müharibəyə qoşardı. Almaniyanın müharibəyə qoşulması isə Fransanın hərbi əməliyyatlara girməsinə gətirib çıxaracaqdı. Bu şəraitdə Avropa dövlətlərinin diplomatiyası qarşısında belə bir sual yarandı: Almaniya Avstriya-Macarıstanın Serbistana qarşı müharibəyə başlamasına və Avropa müharibəsinin törədilməsinə hazırdırmı? Almaniya diplomatiyası bu suala müsbət cavab verdi. İyulun 5-də Potsdamda II Vilhelm Avstriya-Macarıstan imperatorunun xüsusi nümayəndəsini qəbul etdi. O, Avstriya-Macarıstanın Serbistana qarşı olan hərəkətlərini bəyəndi. Bunun ardınca II Vilhelm silahlı qüvvələrin rəhbərlərini çağırıb müharibə başlanacağı ehtimalı barədə onlara məlumat verdi. Alman diplomatiyası Avstriya-Macarıstanı nəinki müharibəyə təşviq etdi eyni zamanda onu hərbi əməliyyatlara başlamağa tələsdirdi.

Almaniya hökumətinin bu mövqeyini görən Avstriya-Macarıstan Serbistana ultimatum verdi. Ultimatum iyulun 23-də serb hökumətinə təqdim edildi. Ultimatumda antiavstriya təbliğatına qarşı mübarizə aparmaq üçün Serbistanın daxili işlərinə qarışmaq, qətli araşdırmaq üçün nümayəndələrin Bosnaya gəlməsi, Serbistanın təzminat ödəməsi və s. məsələlər irəli sürülürdü. Ultimatuma 48 saat müddətində cavab verilməli idi. İyulun 25-də Serbistanın baş naziri Paşiç Avstriya-Macarıstan elçisinə cavab verdi. Paşiç serb hökumətinin ultimatumun bütün şərtlərini ( yalnız Serbistana komissiyanın gəlməsindən başqa) qəbul etdiyini bildirdi. Qəbul edilməyən şərti isə Serbistan üçün təhqiredici hesab etdi. Avstriya-Macarıstan səfiri dərhal iki ölkə arasında diplomatik münasibətlərin kəsildiyini bildirdi.

Bu münaqişədə Rusiya prinsipial mövqe tutmaq və Serbistanı müdafiə etmək qərarına gəldi. Fransız diplomatiyası da Rusiyanı müdafiə etdi.

Avstriya-Macarıstan bəzi silahlı qüvvələrinə səfərbərliyi həyata keçirib iyulun 28 -də Serbistana müharibə elan etdi. İyulun 29-da rus hökuməti qismən hərbi səfərbərlik elan etdi.

İyulun 29-a qədər alman diplomatiyası İngiltərənin bitərəf qalacağına ümid bəsləyirdi. Lakin iyulun 29-da İngiltərənin xarici işlər naziri Qrey Almaniyanın Londondakı səfirinə birmənalı şəkildə bildirdi: “əgər qitədə müharibə olarsa və ona Almaniya ilə Fransa qoşularsa, İngiltərə də müharibəyə Fransa tərəfindən qoşulacaqdır”. İngiltərənin bu mövqeyini görən alman diplomatiyası Avstriya-Macarıstana Serbistanla kompromis tapmağı təklif etdi. Lakin Almaniya Baş qərargahının rəisi Kiçik Möltke kompromisin əleyhinə çıxaraq hərbi əməliyyatların başlanmasını israr etdi.

İyulun 29-da alman hökuməti Rusiyadan hərbi hazırlığı dayandırmağı tələb etdi. Almaniyanın tələbinin yerinə yetirmədiyi təqdirdə alman hökuməti səfərbərlik keçirəcəyini bildirdi. İyulun 30-da rus və Avstriya-Macarıstan hökumətləri ümumi səfərbərlik elan etdilər. İyulun 31-də alman hökuməti Rusiyadan hərbi hazırlığı dayandırmağı tələb edən yeni ultimatum verdi. Rus hökuməti ona rədd cavabı verdi. Bundan sonra avqustun 1-də Almaniya Rusiyaya müharibə elan etdi.

Avqustun 3-də isə alman hökuməti Fransaya müharibə elan etdi. Şliffen planına uyğun olaraq alman orduları Belçikanın bitərəfliyini pozaraq onun ərazisindən keçib Fransaya soxuldular.

Avqustun 4-də İngiltərənin xarici işlər naziri Qrey Almaniyaya ultimatum verərək Belçikanın bitərəfliyinə hörmət göstərilməsini tələb etdi. Cavabı almayan İngiltərə avqustun 4-dən 5-nə keçən gecə Almaniyaya qarşı müharibəyə başladı. Beləliklə, birinci dünya müharibəsi başlandı.



Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə