Yazıçı-publisist, fəlsəfə doktoru Rəssam Afər Mehdiyeva



Yüklə 105,6 Kb.
Pdf görüntüsü
tarix26.03.2018
ölçüsü105,6 Kb.
#34149
növüYazı


 

 

 

 

B

oz Cücələrlə  

Məşhur Oğrubaşı  

 Qara Pişiyin 

  ölüm-dirim savaşı 

(nağıl) 

 


 

 

Redaktor 



Şəfəq Nasir 

yazıçı-publisist, fəlsəfə doktoru 

Rəssam 

Afər Mehdiyeva 

 

 

 

 

 

Qəşəm İsabəyli 

Boz Cücələrlə Məşhur Oğrubaşı 

Qara Pişiyin  ölüm-dirim savaşı 

(nağıl) 

Bakı – Şirvannəşr – 2015 

32 səh. 

 

Ötən il yazıçı Q.İsabəyli “Cin” nağıl-povestinə görə İsveçrədə dünya-

nın 57 uşaq yazıçısı sırasında Beynəlxalq Andersen Fəxri Diplomuna layiq 

görülüb. Bizi Avropa ədəbi dəyərlərinə yaxınlaşdıran, Azərbaycan uşaq 

ədəbiyyatında hadisə sayılacaq bu uğurun sahibi hələ ötən əsrin doxsa-

nıncı  illərində  “Əkil-Bəkil”  poemasıyla  Azərbaycan  Yazıçılar  İttifaqı, 

“Dövlətnəşrkom” və Respublika Komsomolunun  birgə  təsis etdiyi “İlin 

ən yaxşı uşaq kitabı” mükafatını da almışdı. Həmin mükafatı şəhidlərin 

abidəsinə  yardım  fonduna  keçirən  müəllif  indi  sizin  görüşünüzə  “Boz 

Cücələrlə Məşhur Oğrubaşı Qara Pişiyin  ölüm-dirim savaşı” adlı son də-

rəcə maraqlı, orijinal və folklora yaxın bədii dillə yazılmış nağılıyla gəlib.  

 

ISBN – 978-9952-8176-9-0 

 

© Q.İsabəyli, 2015 

 



 

 

   


əyətin ağac-uğacı vardı, kol-kosu vardı, ot-əncəri  

vardı.  Ağac-uğaca  quşlar  düşürdü,  kol-kosa  kəpənəklər  qo-

nurdu, ot-əncər də üç xoruzla bir toyuğun idi.   

Xoruzların  üçü  də  bir  rəngdəydi  –  al  qırmızı.  Toyuğun 

isə  təkbaşına  üç  rəngi  vardı;  ağ-appağ,  qap-qara,  bom-boz. 

Ağ-appaq – tüklərinin rəngiydi, qap-qara – gözlərinin rəngiy-

di,  bom-boz  da  –  lap  aşağı  əzalarının,  yəni  ayaqlarının  rən-

giydi. Hələ başqa-başqa fərqləri də vardı toyuqla xoruzların.  

Xoruzlar  dən  yeməyi  bilirdi,  su  içməyi  bilirdi,  eşənək 

atmağı  bilirdi...  Bir  də  kefləri  duranda  qanadlarını  şappılda-

dıb,  banlamağı. Bu banlamağın da özlərindən başqa heç kimə 

faydası  olmazdı;  hirsləri,  acıqları  çıxırdı  canlarından.  Yoxsa 

bir-birini didib-dağıdıb, qızıl qana bulayardılar. 



 

Gəl ki, yumurtlayan da toyuq olardı, kürt düşən də to-

yuq olardı, bala çıxaran da. Bütün ili doğub-yağmaqla ömrü-

nü  üzən  toyuq,  yaz  yetişən  kimi,  bir  topa  yumurtanı  altına 

basıb, nə az, nə azacıq, düz 21 gün köksü üstə düşüb qalardı; 

ağzı dinib-danışmaqdan, qarnı yemək-içməkdən olar, səsi kal-

laşar, deyingən arvadlar kimi hirsə-hikkəyə dolardı. Beş gün-

dən  bir,  bir  həftədən  bir  çığıra-çığıra  atılıb  yerindən  qalxar, 

cumub  bir  qurtum  su  içər,  bir  dimdik  dən  götürər,  yenidən 

qayıdıb yıxılarda yumurtaların üstünə.  

Elə  bilirsiniz  ana  olmaq  asandı!  Dünyaya  bir  övlad 

gətirincə kirpikləriylə od götürür analar. Vay odur ki, min bir 

əzabla dünyaya gələn övlad özü öz qədrini bilməyə! 

Günlər  ötər,  bir  də  görərdin  toyuğun  kal  səsinə  nazik, 

cingiltili səslər qarışıb. Baxardın ki, ağ-appaq tüklərin yan-yö-

rəsində  sap-sarı,  qap-qara,  bom-boz  balaca-bapbalaca  başlar  

oynaşır.  Toyuq  da  həmin  gündən  hörmətə  minərdi;    adının 

baş hərfi böyüyər, qabağına da soyadı  düşərdi;  – “Anac To-

yuq”. 

 

 



 

 

 



 


 

 



 

 

nac Toyuq 11 bala çıxartmışdı; 4-ü tüklərinə ox-

şayırdı – ağ-appağ, 5-i gözlərinə oxşayırdı – qap-qara, 2-si də 

ayaqlarına  –  bom-boz.  Nə  qədər  ki,  cücələr  balacaydı, 

analarıyla  durub-oturar,  yeyib-içər,  gəzib-qayıdardılar.  Beş 

addım  aralı  düşsəydilər  Anac  Toyuq  tüklərini  pırpızladıb, 

dimdiyini yerə döyərdi: 

–Qırt... qırt... qırt... yəni, hansı cəhənnəmdəsiniz?! 

–Cik... cik... cik... yəni, nə cəhənnəm, ay ana, kolun altın-

dayıq! 


–Orda nə itiniz azıb?! 

–Ay ana, yaxşı-yaxşı bax, it nə gəzir burda?! 

–Ay axmaqlar, nə burnunuzun suyunu axıdırsınız orda, 

demək istəyirəm! 

–Cücü gəzirik!  

–Hansı cücəni gəzirsiniz? 




 

–“Cücə” yox ey, ay ana, qocalmısan, deyəsən, qulaqların 

da eşitmir,  “cücü” –  hopp... taq-taq...  – dimdiklərini bir-birinə  

döyərdilər. 

–Bura gəlin! 

O dəqiqə də cücələr sanılı qoz kimi çığırışa-çığırışa qaçıb 

gəlib Anac Toyuğun böyrünə sığınardılar.  

Cücələr saatba-saat böyüyürdülər. Böyüdükcə də dəcəl-

ləşirdilər. Dəcəllik də pis şey deyilmiş, demə. Məşhur davakar 

Heyratı Xoruzun sözüdü: “Cücəliyi dəcəl olmayanın qocalığı 

tənbəl olar!”.  

Dəcəllik dedim, qoy onda sözümü axıracan deyim; Anac 

Toyuğun doqquz balası bir yana idi, ikisi bir yana. Bu ikilər bir 

az  da  uzağa  gedib,  olmuşdular  özbaşına.  Analarını,  qardaş-

bacılarını  qoyub,  hırıldaşa-hırıldaşa,  dırıldaşa-dırıldaşa,  cırıl-

daşa-cırıldaşa qaçıb, ilim-ilim itərdilər; yem gəzərdilər, su gə-

zərdilər... hətta kəpənəyin dalıyca düşüb, qurd-quşun ağzına-

can  gedib  çıxmaları  da  vardı.  Anac  Toyuq  da  axtarıb  onları 

tapmayanda, hirslə dimdiyini yerə döyərdi:  

–Qırt... qırt... qırt...  

Handan-hana  “özbaşınalar”ın  həyətin    ayağından  səsi 

gələrdi:  

–Cik... cik... cik... 

–Uy da-a-a-d...  bunlar  hara  gedib!?  –  Doqquz bala baş- 

başa verib, analarına sığınardı. 



 

 



 

Anac Toyuq səsini atardı başına: 

–Qırt... qırt... qırt... Tez olun, yanıma gəlin! 

–Cik... cik... cik... Qoymazsan azad nəfəs alaq?! 

–Burda azad nəfəs yoxdu?! 

–Orda sən varsan! 

–Bıy, başıma xeyir! Nəfəsi əlinizdən almışam, ay balala-

rım?! 


–Almısan ki, deyirik də! 

–Bəs indiyəcən sizin ciyərlərinizə gedən nəfəs deyildi?! 

–Zəhər getsəydi ondan yaxşıydı! 

–Bıy, başıma xeyir! 

–Ay ana, axşam hinə girən kimi, alırsan bizi altına, bur-

numuzu çölə çıxarırıq ki, görək bu dünyada nə var, nə yox. O 

dəqiqə qanadlarının ucuyla basırsan başımızdan. Bəsdi! Biz də 

azad yaşamaq istəyirik. 

–Gəlin  çatın  mənim  yaşıma,  sonra  nə  qədər  istəyirsiniz 

azad yaşayın da! 

–Sənin yaşına çataq?! Deməzsən ki, aldatdım?! 

–Niyə aldadıram ki?! 

–Ay ana, maşallah, ayaqlarımız var? Var! Qanadlarımız 

var? Var! Dimdiyimiz də şiş kimi. Azadlıq üçün bunlardan da 

başqa şey lazımdı?! 

–Bəsdi,  “Azadlıq!  Azadlıq!”  cikkildədiniz!  Siz  nə  qanır-

sınız azadlıq nədi?! 



 

–Bizi qanadlarının altına alma, yanına çağırma, dənləmə, 

danlama! Budur azadlıq! 

–Hələ   dimdiyiniz   bərkiməyib,  dənlənməlisiniz.   Hələ 

ağlınız yerində deyil, danlanmalısınız, hələ ayaqlarınız zəifdi,  

yanımda olmalısınız. Güzgüdə baxmısınız özünüzə?!  

–Nə olub ki, bizə, ayıb olmasın?! 

–Baxın görün, nə boydasınız! 

–Cücə boyda?!  

–Ay cücə boyda olan cücələr, bilirsinizmi sizin nə qədər 

böyük-böyük düşmənləriniz var?! 

–“Böyük-böyük” düşmənlərimiz kimdi?! 

–Birincisi – Yağış! 

–Yağış?! Hinin içi sağ olsun!  

–İkincisi – Külək. 

–Külək?! Divarın dibi sağ olsun! 

–Üçüncüsü – Günəş. 

–Günəş?! Ağacın kölgəsi sağ olsun! 

–Dördüncüsü... Nə olsa yaxşıdı?! 

–Nə olsa yaxşıdı?! 

 – Soyuq. 

–Soyuq?!  Anamızın qanadları sağ olsun! 

–Ay sizin sarı dimdiklərinizə qurban olum! Nə durmu-

sunuz, gəlin də! 

–Hələ soyuq deyil axı! 



 

–Ay  balalarım,  sizin  bunlardan  da  qorxulu  düşməniniz 

var!  Demək istəmirdim ki, diksinərsiniz! 

–Kimdi?! 

–Kimdi?! Məşhur Oğrubaşı Qara Pişik! 

–Qara  Pişik?!  –  Cücələr  başladı  lovğalanmağa.  –  Qələt 

eləyir Qara Pişik, başını da daşa döyür! Atılıb gözlərini didə-

rik. 


–Yavaş atılın, birdən, ağzına girərsiniz. 

–Ağzına  girərik?!  Cik...  cik...  cik...    Girmərik  ha,  girmə-

rik!.. Girmərik ha, girmərik!.. Cik... cik... cik...  Nə qorxaq anadı 

bu! Nə qorxaq anadı bu! – Cücələrin səsi yavaş-yavaş uzaq-

laşıb, həyətin ayaq tərəfində itdi. 

Anac  Toyuq  başını  dik  tutub,  qanadlarını  qabardıb,  ha 

çağırdı, ha bağırdı, öz səsindən başqa səs eşitmədi...  

 

 



 

 

 



 

 

 



 

 



 

 

 

nac Toyuq qaranlıq düşənəcən gözlədi.  



–Allah iraq eləsin, Tülkü iyimizi alsa, gəlib bizi diri-diri 

yeyər, balalarım! Tərpəndik! – Qaça-qaça gedib girdilər hinə. 

Qapını da arxadan bərk-bərk bağladılar. – Açın görüm, televi-

zorda nə var. – Anac Toyuqla balaları təzəcə “Cırtdan” filminə 

baxırdılar, birdən ekran qaranlıqlaşdı. 

–Ay bala, dur gör xoruzların işığı yanır? 

Qara cücələr pəncərəyə tərəf qaçdılar: 

 –Cik...cik... yanır, ay ana, lap gur  yanır! 

Yenidən televizorun ekranı işıqlandı. Bu dəfə aparıcıydı: 

–Diqqət! Diqqət! Bu gün axşam, saat doqquzun yarısında 

Kür  çayının  qırağında,  Xəlsə  bağında  analarından  ayrı  düş-

müş bir cüt boz  cücə  axtarışda   olan məşhur  Oğrubaşı  Qara  

Pişiyə  rast gəlib...  



 

 



 

Anac Toyuq qanadlarını başına-gözünə çırpdı: 

 –Ay balalarım! Vay, balalarım! 

–Ay ana, sən Allah vay-şüvən salma, qoy görək nə deyir! 

– cücələr yer-yerdən civildəşdilər. 

–Qara Pişik, – diktor nəfəsini dərib yenidən başladı, – cü-

cələri  yemək  üçün  dişlərini  qıcırdır...  Əziz  tamaşaçılar,  yaxşı 

olar  kameramıza  düşən  bu  hadisəni  özünüz  müşahidə  edə-

siniz: “Qara Pişik sağ ayağını irəli, sol pəncəsini belinə qoyub, 

bığlarını oynatmağa başladı: 

 –Hə-ə-ə...  cənab  sarıdimdiklər!  İncimədiniz  ki,  sözüm-

dən?! 


–Nə söz?! 

–“Sarıdimdik” dedim axı sizə! 

–Biz  sarıdimdik-marıdimdik  deyilik,  aç  gözlərini,  yaxşı-

yaxşı  bax,  biz  boz  cücələrik!  Özü  də  heç  “cənab-mənab”  da 

olmaq istəmirik! 

–Aha-a... Nə  deyirəm  ki, siz deyən olsun!  Görürəm  ya-

man cırtqozsunuz!  

–Biz bilmərik cırtqoz nədi... 

–Yaxşı  şeydi... 

–Yaxşıdı, pisdi, bizə lazım deyil, özünə götür! 

–Myo...  myo...  myooo...  –  Qara  Pişik  başını  dala  atıb, 

bərk-bərk güldü. 

–Niyə hırıldayırsan dərsdən qaçan avara uşaqlar kimi?! 



 

–Oyununuz olsun, cənab boz cücələr! 

–Demədik ki, sənə “cənab-mənab” deyilik?! 

–Vallah,  sizin  üzünüzdə  şeytan  tükü  var!  Ha  çalışıram 

hirslənim, basım sizi diri-diri yeyim, hirsim tutmur ki, tutmur! 

–Xox! Qorxduq! 

–Myo... myo... myo...  

–Gənə də hırıldayır ey... A balam, çıxıb yolunla getsənə! 

Nə vermisən bizə, ala bilmirsən?! – Cücələr xorla ciyildəşdilər. 

–Heç nə verməmişəm, heç vermək fikrim də yoxdu! Am-

ma...  almaq iştahına düşmüşəm! 

–Qarğadili danışma! “Almaq” nədi, “iştah” nədi?! 

–“Almaq”,  “iştah”  o  deməkdi  ki,  əlim-ayağım  dəymə-

miş, qanadlarınızı bükün, asta-asta gəlin girin ağzıma, hərəni-

zi salım bir orduma, çeynəyim, çeynəyim, dilim-ağzım dada 

gəlsin! 


–Yavaş çeynə, tüklənmişik, ilişib boğazında qalarıq! 

–Aha-a-a! Mənim yazıq qulaqlarım nə eşidir?! 

–Nə lazımdırsa, onu da eşidir, heç yazıq-mazıq da deyil! 

–Nə igid cənablarsınız! 

–Demədik sənə biz “cənab-mənab” deyilik?! 

–Olmayın! Olmayın! Ey məndən qorxmayan boz cücələr! 

 –Biz heç anamızdan qorxmuruq, sən kimsən ki, səndən 

qorxaq?! 

–Ananız deməyib mən kiməm?! 



 

–Uzun danışma, kimsən, özün de! 

–Myo... myo... myo... cəsarətiniz xoşuma gəlir. Qorxuram 

adımı desəm, ürəyiniz gedə! 

–Bu boyda cəmdəyi var, qorxur, a! 

–Mən sizə görə qorxuram, ətcəbalalar! 

–Bizim dərdimiz sənə qalmayıb! 

–Onda deyəcəm, a... 

–Çərlətdi ey, bizi! Dilin tökülsün! 

–Myo... myo... myo... – Pişik bərk-bərk güldü. 

–Buna bax ey, gənə də sırtıq uşaqlar kimi hırıldayır! 

–Məşhur Oğrubaşı Qara Pişik haqqında eşitmisiniz?!  

–Lap tutaq ki, eşitmişik! 

–O, mənəm! 

–Qara Plişik sən-sə-ə-n?! 

Pişik əl atdı bığlarına: 

–Bəli, dünyalarca məşhur Oğrubaşı Qara Pişik sizin qar-

şınızda durub,   hazırlaşır ki, sümüklərinizi dişlərinin altında 

suxarı kimi xırt-xırt xırtıldatsın! 

–Ay  aman,  ürəyimiz  düşdü!  Bu,  nə  danışır?!  Deməli, 

məşhur  Oğrubaşı  Qara  Pişik  sənsən?!  –  Cücələr  dik-dik  ona 

baxdılar. 

–Bəlkə... elə bilirdiniz siçanam, hə; ciiiii?!... 

Cücələr birdən dala çəkilib, başlarını dik qaldırdılar: 

–Qara  Pişik  olmursan,  siçan  ol,  siçan  olmursan,  Qara  



 

 



 

Pişik ol! 

Qara Pişik belini dombaldıb, quyruğunu qabardıb,  dilini 

çıxarıb, Boz Cücələrin ətrafında dolandırdı: 

–Hə...ə...ə... kələm dolmaları, deyəsən qarnınıza ağrı dü-

şüb, əkilməyə hazırlaşırsınız?! Hoppadan udaram ha, sizi... 

–Demədik ki, yavaş ud, boğazında qalarıq! – Bayaq cücə-

lər irəli sıçrayıb  Qara Pişiyin göz bəbəyindən vurdular.  

–Oy, ana-a-a-a, gözüm töküldü!.. –Pişik pəncələrini göz-

lərinə aparanda əlinin yeli cücələri tutdu.  

–Ciii... ciii... – qol-qanadı qırılan cücələr ağzı üstə düşüb, 

çapalamağa başladılar. Bu vaxtı yaxınlıqdan keçən polis nəfər-

ləri hay-küyü eşidib, hadisə yerinə gəldilər. Cəld Qara Pişiyin 

qollarını  bağlayıb,  basdılar  maşına.  Cücələri  də  “Təcili  yar-

dım”la  xəstəxanaya  yolladılar.  İndi  boz  cücələrlə  Qara  Pişik  

reanimasiyada yatır. Həkimlərin dediyinə görə cücələr uzağı 

bir  həftəyə  evə  buraxılacaq.  Amma  Qara  Pişiyin  durumu 

yaxşı deyil. Əziz tamaşaçılar, bizi izləyin! Allah amanında!”. 

–Şükür  Allaha!  Şükür  Allaha!  –  Anac  Toyuq  yerindən 

durub, dən kisəsinin ağzını açdı. – Bura gəlin, balalarım, bura 

gəlin, hərəniz bir dimdik arpa götürün, aparıb atın eşiyə, sər-

çə-sığırçın gəlib yesin. 

–Niyə, ay ana, hayıfdı axı?! –Cücələr ağız-ağıza verdilər. 

–Boz cücələrimin başının sədəqəsi olsun, ay balalarım!  

 



 

 

əcəllər dəcəli Boz  Cücələr böyüyüb Boz Beçə ol-



muşdular.  Başa  düşmüşdülər  ki,  onlar  ətdi,  özü  də  yumşaq 

ətdi, yeməli ətdi, ləzzətli ətdi.  Kim istəməz ki, ağzı dada gəl-

məsin?! Allah da elə bil acıqla ət yeyənləri otyeyəndən çox ya-

radıb. Odur ki, Boz Beçələr hələm-hələm həyətdən uzaq düş-

məzdilər. Lakin bir dəfə qonşuları Çil Xoruzla Kəkilli Fərə on-

ları qonaq çağırmışdı. Təzəcə küçəyə çıxmışdılar ki, diksinib, 

bir-birinə sığınıb dayandılar. Qara Pişik el yolunun qırağında 

oturub, düz onlara tərəf baxırdı. Özü də gözlərində qara ey-

nək  vardı.  Amma  Qara  Pişik  onlara  bir  kəlmə  də  olsun  söz 

demirdi, elə baxa-baxa qalmışdı.  

Boz  Beçələr  bir  xeyli  gözlədilər,  gördülər  Pişiyin  səsi 

çıxmır. Dimdik-dimdiyə verib, başladılar  pıçıldaşmağa. Sonra 

boyunlarını şax tutub, üz çevirdilər Qara Pişiyə: 



 

 –Salam, dünyalarca Məşhur Oğrubaşı Qara Pişik! 

–Myooo...  myooo...    ooo...–  Qara  Pişik  acı-acı  güldü. 

Sonra da öz-özünə danışırmış kimi, – keçdi o günlər... alov ki-

mi  parlayıb  keçdi...  O  xoşbəxtlik  bir  də  qayıtmayacaq.  İndi 

mənim rəngimdən və adımdan başqa heç bir məşhurluğum 

qalmayıb. Vaxtı ilə rəngim cəsarətimdən xəbər verirdi, hünə-

rimdən  xəbər  verirdi,  amma  indi  uğursuzluq  nişanəsi  olub. 

Məni görənlər dolanıb kənardan keçir. Qorxurlar, onlara bəd-

bəxtlik gətirəm!  

–Sizə  nə  olub  ki,  cənab  Qara  Pişik?!  –  Boz  Beçələr  bir-

birinə baxdılar. 

–Məgər görmürsünüz?! 

–Nəyi?! 


–Artıq mən dünya işığına həsrət qalmışam! 

–Həəəə?! 

–Siz kimsiniz, ey mənə “salamatlıq” arzulayan xeyirxah-

lar?! 


–Biz sizə “salam” demişik, cənab Qara Pişik!  

–Salam elə “salamatlıq” deməkdi! 

–Hə-ə-ə... – Boz Beçələr çiyinlərini çəkdilər, – elə bilirdik, 

sözdü bu! 

–Əlbəttə sözdü! Amma Allahın adından deyilən sözdü. 

Kimsiniz, tanımadım axı sizi?! 

–Biz... biz... – Bir-birinə baxdılar. – Biz... Boz Beçələrik! 



 

–Boz Beçələr... Boz Be-çə-lər... Bo-oz... Be-çəə... Yox, yadı-

ma sala bilmirəm. Yəqin huşum-başım da korlanıb. 

–Ey məşhur Oğrubaşı... 

–Sizə demədim ki, bəs mən Qara Pişikdən başqa bir şey 

deyiləm  indi?! Dilənməkdən və  yeməkdən ayrı əlimdən  heç 

nə gəlmir?! 

–Siz boz cücələri tanıyırdınız?! 

–Əlbəttə... Əlbəttə... Elə igidləri tanımamaqmı olar?! Bax-

mayaraq  ki,  məni  onlar  kor  eləyib,  amma  üstümüzdə  Allah 

var,  gərək  haqqı  danışaq,  halal  olsun  onları  böyüdən  Anac 

Toyuğa! –Beçələr  dimdiklərini  aşağı salıb, bir xeyli dinmədi-

lər.–Niyə susursunuz?! Demədiniz axı kimsiniz?! 

–Günahkarıq,  cənab Qara Pişik! 

–“Günahkarıq”?!..  Bu, sizin adınızdı?!  

–Xeyr!  Xeyr!  Adımız  deyil,  özümüzdən  danışırıq  ki, 

günah eləmişik, taxsırımız böyükdü!! 

–Mən sizin adınızı soruşuram! Günahkarsınızsa, bunun  

adınıza nə dəxli?!  

–Həmin boz cücələr ki, siz tanıyırdınız, ha...  

–Siz-si-niz?! 

–Sən Allah, bağışlayın da bizi! 

–O döyüşkən, qorxmaz cücələr sizsiniz?! Maşallah! Ma-

şallah! Kaş sizi görə biləydim! Belə çıxır ki, atalar elə mənim 

korluğumu nəzərdə  tutub deyibmiş,  igidin adını  eşit,  üzünü  



 

görmə!  


–Böyümüşük, Qara Pişik,  böyümüşük,  cücəlikdən çıxıb,  

olmuşuq xoruz-beçə. İndi Boz Beçə deyirlər bizə.   

–Ah!  –  Qara  Pişik  əlini  alnına  apardı.  –  Gözlərim  kor 

olandan hər şeyi qaranlıq görürəm; elə bilirəm, hər şey sükut-

dadı, heç nə böyümür. 

–Bağışlayın  bizi,  Qara  Pişik,  Allah  xatirinə,  bizi  bağışla-

yın! 

–Bağışlayın?! Nə bağışlayın?! Sizi onsuz da Allah bağış-



layıb.  Məni  kor  etməsəydiniz,  mən  sizi  yeyəcəkdim!  Qurba-

nolduğum sizə qıymadı! 

–Necə dolanırsınız?! Axı heç kim öz ayağı ilə gəlib sizə 

yem olmaq istəməz! 

–Papağımı qoymuşam qabağıma, kim nə atır, onunla da 

günümü keçirirəm. Həftələrlə ac qaldığım da olur. 

–Bir yerə getmirsiniz ki?! 

–Haram var, hara gedəm?! 

–Bu dəqiqə! Bu dəqiqə!– Boz Beçələr cəld geri dönüb, qa-

ça-qaça  gedib  girdilər  həyətə.  Yeriyə-yüyürə  atılıb  düşdülər  

mətbəxə. Nənə tavada ət qızardırdı. – Bizə də ver! 

–Bıy, dən qurtarıb, nədi?! 

–Qara Pişiyə aparacağıq. Bilirsən də, o indi kordu, gün-

lərlə ac qalır! 

Nənə boşqaba bir tikə çörək, iki parça da bişmiş ət qoyub, 



 

 

 




 

verdi onlara. Ətin xoş qoxusu Boz Beçələri iştaha saldı;  burun-

larını qırışdırıb, göz-gözə durdular: 

–Bəlkə bir-iki dimdik vuraq! 

Sonra da özlərini danladılar: 

–Qarnımıza şiş batsın, doymur da yeməkdən! Getdik. – 

Boz Beçələr əllərində  boşqab  geri  qayıdanda  o  dəqiqə  Qara  

Pişik burnunu dik tutub, dərindən nəfəs aldı: 

–Oxx-ayy! Bu, nə bişmişdi, bu, nə ətdi, bu, nə ətrdi?! Xoş 

halına! Xoş halına! 

–Kimə alqış eləyirsiniz, Qara Pişik?! 

–Heç...  ət  qoxusu  dəydi  burnuma.  Yəqin  aclıqdan  qara 

basır məni! 

–Bu, qaraqbasma deyil! 

–Bəs nədi?! 

–Həqiqət. 

–Həqiqət nə deməkdi?! 

–Sənə ət gətirmişik. 

–Hə-ə-ə?!..  

–Buyurun! 

–Allah  sizin  gözlərinizi  işıqdan  qoymasın!  Bura  verin! 

Lap ağzımın suyu axıb qoynuma-qoltuğuma dolmuşdu. 

Boz Beçələr ehtiyatı da əldən vermədilər; uzun bir ağac 

tapıb, boşqabı basıb düz Qara Pişiyin pəncəsinə dəyənə qədər  

itələdilər.  Sonra da xorla banladılar: 



 

–Nuş olsun, cənab Qara Pişik, nuş olsun! 

Qara Pişik sağ pəncəsini qoydu boşqabın üstünə: 

–İndi bilirsiniz, mənim əzizlərim, yadıma nə düşdü? 

–Nə? 

–İlk görüşümüzdə mən sizi tez-tez hirsləndirirdim, xatı-



rınıza gəlirmi?! 

–Əlbəttə!  Əlbəttə!  Kəlməbaşı  bizə  “cənab”  deyirdiniz?! 

Biz də etiraz eləyirdik! 

–Əhsən yaddaşınıza, əhsən! İndi isə mən sizə etiraz elə-

mək istəyirəm... 

–Nə etiraz?! 

–Day mənə “cənab” deməyin! 

–Niyə?! Axı siz “cənab” olmağa daha çox layiqsiniz!  

–Bəlkə də siz deyəndi, amma artıq mən “cənab” sözünü 

üstümə  götürə  bilmirəm!  Onun  yükü  çox  ağırdı.  Hər  kəs  o 

yükə çiyin verə bilməz! O cümlədən mən! 

–Niyə?! 


–Xahiş edirəm, mənə hörmətiniz varsa, bu sözü dilinizə 

almayın! – Sonra Qara Pişik bir əliylə qabdan yapışıb, o biriylə 

əti götürüb, atdı ağzına. Bir xeyli diliylə astarını üzünə, üzünü 

astarına çevirib, başladı çeynəməyə; çeynədi-çeynədi, handan-

hana uddu. – Oxx-ayy... ağzım dada gəldi! Allah sizin gözləri-

nizi işıqdan qoymasın! 

Boz  Beçələr  yazıq-yazıq  bir-birinə   baxıb,  dimdiklərini  



 

yerə dikdilər. 

Qara Pişik xırda tikələrlə əti dişləyir, çeynəyib-çeynəyib, 

udur,  xeyli  vaxt  diliylə  dodaqlarını  yalayır,  yenidən  bir  diş-

dəm alırdı. 

–Niyə tez-tez yemirsiniz, Qara Pişik?! 

–Onda ki, gözlərim görürdü, hər addımbaşı əlimə ət dü-

şürdü, ağına-bozuna baxmadan təpişdirirdim qarnıma. Açığı 

deyirəm, nə dadını bilirdim, nə ləzzətini, amma o qədər yeyir-

dim ki, gəlib dirənib dururdu boğaımda. Düz səhərəcən nısıl-

dayırdım. Korluq mənə çox şeyi öyrətdi. Demə, heç nədə, xü-

susən də yeməkdə tələsimək lazım deyilmiş.  Yemək, alimlər 

deyir, yaşamaq üçündü. Biz qarnımızla yarışa girməməliyik! 

Amma indi ayda-ildə bir dəfə yesəm, aldığım ləzzət günlərlə 

bəs edir mənə. Ona görə asta yeyirəm ki, dadını bilim. – Qara 

Pişik  hər  tikəni  udandan  sonra  Boz  Beçələrə  dua  eləyirdi: 

“Allah sizin gözlərinizi işıqdan qoymasın!”.  

Bu  yandan  da  Boz  Beçələr  içlərini  çəkir,  çiyinləri  atılıb-

düşür,  yanaqları  boyu  göz  yaşları  axıb  tökülürdü.  Ağlayıb, 

ürəklərini  boşaldandan  sonra  dimdiklərini  qanadlarına  silib, 

bir qədər pıçıldaşıb, üz çevirdilər  Qara Pişiyə: 

 –Qara Pişik! – Pişik özündə-sözündə deyildi; mızıldaya-

mızıldaya ət tikəsini yalayır, didir, çeynəyirdi. Boz Beçələr isə 

inadla onu çağırırdı.– Ay Qara Pişik! Ay Qara Pişik! – Bir xeyli 

vaxtdan   sonra   Pişik   udqunub,   başını   Boz   Beçələrə   tərəf  



 

çevirdi. – Qara Pişik! 

–Buyurun! 

–Səhərdən sizi çağırırıq! 

–Allah ehtiyacın üzünü qara eləsin! Korluq zamanımdan 

ilk dəfədi ki, rahat yemək düşüb əlimə. Bütün hissim-həyəca-

nım dişimdə-dodağımda cəmlənib, kar olmuşam. Bağışlayın, 

siz Allah! 

–Allah bağışlasın! 

–Eşidirəm. 

–Olar bir söz soruşaq?! 

–Əlbəttə olar. 

–Nə əcəb həkimə getmirsiniz?! 

–Yaralı yerimə toxundunuz. Bayaq demədim axı. Siz mə-

nim  gözlərimdən  vuranda,  apardılar  xəstəxanaya,  sağaldıb, 

sonra həbs edəcəkdilər. Oğru dostlarım xəbər tutub, gecəylə 

məni qaçırtdılar. Özüm də başısoyuqluq elədim, aylarla həki-

mə getmədim!  

–Niyə?! 

–Mənim  də,  Allahdan  gizli  deyil,  sizdən  niyə  gizlin  ol-

sun, beş-on minim vardı, kor olandan sonra arvadım götürüb  

qaçdı, qaldım tək-tənha!  

–Bəs uşaqlarınız?! 

–Eh! Dərdimi təzələdiniz! Ay Allahın xeyirxah bəndələri,  

nanəcib arvaddan nəcib uşaqmı doğular?! Onlar da məni atıb,  



 

analarını tutdular! 

–Fikir eləmə, Qara Pişik, nə qədər ki, canımız sağdı, səni 

ac qoymayacağıq! Ümüdsiz olma! 

–Allah  sizin  gözlərinizi  işıqdan  qoymasın!  Elə  məni 

ümiddi saxlayan! Bir də ki, siz cavansınız, həyatın isti-soyuğu-

na düşməmisiniz, inamlı olun, ancaq hamıya inanmayın.  

–Çox sağ olun məsləhətinizə görə! – Boz Beçələr qığıldaş-

dılar. 

–Əzizlərim, elə bir zamana yetişmişik ki, heç kimə etibar 



eləməli deyil! Mən də gizlində bir qədər pul vermişdim kiçik 

bacıma, dar günümə saxlasın! Gənə də bacı! O günü həkimə 

aparmışdı məni... 

Boz Beçələr səbrsizliklə qanadlarını bir-birinə çırpdılar: 

–Nə dedi həkim, Qara Pişik, nə dedi həkim?! 

–Sağ olsun, düz bir saat məni müayinə elədi. Dedi, düz-

dü, gecikmisən, amma hələ də gec deyil, ey məşhur Oğrubaşı 

Qara Pişik... İnanın, belə də dedi, sənin gözlərin açılacaq!  

–Ura! Ura! Ura! Allaha şükür! Allaha şükür! Az qala ürə-

yimiz partlayırdı, ay Qara Pişik, sənin fikrindən! – Boz Beçələr 

qanadlarını bir-birinə çırpa-çırpa banlayıb, bir xeyli atılıb düş-

dülər.  


–Az qalıb, inşallah, gələn ay əməliyyata girəcəm!  –  Qara  

Pişik gülümsəyib,  yenidən  tikəni  ağzına  apardı;  mızıldaya- 

mızıldaya əti didişdirir, bir parça qoparıb dişinə salır, asta-asta 



 

 



 

çeynəyir, sonra udurdu. 

–Qara Pişik, ay Qara Pişik, deyirik, bu dünyada ətyeyən 

olmasaydı, nə yaxşı olardı! 

Qara Pişiyin isə başı yeməyə qarışdığından Boz Beçələri 

eşitmirdi; dişləriylə yağlı ətin dadını çıxarırdı. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 


 

 

 

 

 

 

Çapa imzalanıb 20.01.2015 

Formatı 60 x 90 1/16 

Fiziki çap vərəqi 2 

Sayı 1000 

---------------------------------------- 

Bakı-1021, Badamdar qəs.  

Seyran Məmmədov küç. 6, mən. 8 

Tel: 492-92-27, 050 316 23 40 

------------------------------------ 

 

Qəşəm İsabəyli 

Boz Cücələrlə Məşhur Oğrubaşı 

Qara Pişiyin  ölüm-dirim savaşı 

(nağıl). 

Bakı – Şirvannəşr – 2015 


 

 

Yüklə 105,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə