Yazıçı-publisist, fəlsəfə doktoru



Yüklə 33,21 Kb.
tarix14.03.2018
ölçüsü33,21 Kb.
#31406
növüYazı

Qələbələr tarixi

j:\depo\26-04-2016\akif ali++.jpg

Akif ƏLİ,

yazıçı-publisist,

fəlsəfə doktoru

------------------
Hər xalqın öz tarixi, öz mədəniyyəti. Və bu tarixi-mədəni dəyərlərin məcmusu ümumi bəşəriyyətin tərəqqi mənzərəsini yaradır.

Təbii ki, dünyanın bir parçası olan Azərbaycanın tarixi də uzun əsrlər boyu bu yurdda, bu torpaqda yaradılmış mənəvi-əxlaqi, mədəni dəyərləri ilə, şad-xürrəm günləri və zəfər yürüşləri ilə birgə ümumbəşər tarixinin mənzərəsinə daxil olur.

Bizim çoxəsrlik tariximizdə nə qədər ağrılı-acılı günlər, işğallar, təcavüzlər və talanlar olsa da, bəs qədər qalibiyyət məqamları da yaşanmış və yazılmışdır.

Müasir Azərbaycan dövlətinin qurucusu, fenomenal erudisiyaya və dərin biliklərə, müdrik təfəkkürə və geniş məlumatlara malik dahi Heydər Əliyev Azərbaycan tarixindən danışarkən indiki nəsli “nadir irsin varisləri” adlandırırdı: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.”

Bizə gəlib çatan yazılı mənbələr hələ b.e. çox əvvəllər də bu torpaqlarda

böyük tarixi hadisələrin yaşandığından xəbər verir. Azərbaycan xalqının mədəniyyət tarixi zamanın ən dərin qatlarından baş alıb gəlir, dövlətçilik tarixininsə ən azı 3-4 min illik yaşı vardır. Yəni hələ bəzi xalqların və etnosların tarix müstəvisində görünmədiyi vaxtlarda bu yurdun insanları artıq yüksək tərəqqi əlaməti olan dövlət yaradırdı. Təbii ki, zaman keçdikcə Azərbaycanın dövlətçilik mədəniyyəti də inkişaf edərək yüksəldi, ölkə ərazisində daha təkmil və daha güclü yeni-yeni dövlətlər yarandı - Atropatena, Albaniya, Atabəylər, Səfəvilər...

Zamanın müxtəlif dönəmlərində bu dövlətlər yarananda təbii ki, xalqın qarşısında onu qələbələrə aparan sərkərdələr, ulu öndərlər, mahir dövlət xadimləri olmuşdur. Atropat kimi, Alban hökmdarı cəsur Cavanşir kimi, Xürrəmi hökmdarı Babək kimi, Atabəy Eldəgiz kimi, Şah İsmayıl kimi...

Bu cəsur, eyni zamanda müdrik şəxsiyyətlər, uzaqgörən sərkərdələr böyük məharətlə dövləti idarə edib Vətəni yadellilərdən qorumaq üçün qılınc çalmışlar.

E.ə. Yaxın və Orta Şərqdə çox mühüm hərbi-siyasi qüvvə olan Atropatena dövləti ilə Roma imperiyası arasında geniş əlaqələr mövcud idi. Və Roma imperiyası, Aleksandr Makedonski şərq siyasətində Atropatenaya xüsusi əhəmiyyət verirdi...

Albaniya da müxtəlif dövlətlərlə geniş siyasi münasibətlər və ticarət əlaqələri qurur, elçiləri Roma imperatoru Oktavian Avqustla danışıqlara gedirdi. Alban hökmdarı igid Cavanşir ölkəni ələ keçirməyə çalışan Bizans, Sasani, Xilafət və Xəzər imperiyaları kimi güclü qonşulara qarşı müdrik, uzaqgörən və çevik siyasət yürüdür, öz sərkərdəlik məharəti və döyüş şücaəti ilə Vətənin müstəqilliyini qoruyub saxlamağa çalışırdı...

Yenə də dahi Heydər Əliyevin müdrik deyimi yada düşür: “Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlığı böyük vətənpərvərlik məktəbinə çevrilmiş, Vətənin bütövlüyü, xalqın birliyinin təcəssümü olmuşdur.”

Bəli, qurduğu Xürrəmi dövlətinə başçılıq edən ulu Babəkin Ərəb işğalçılarına qarşı amansız mübarizəsinin səs-sədası bütün ətraf ölkələrə yayılmışdı. O Azərbaycan əhalisini bir bayraq altında toplayaraq uzun illər boyu düşmənə layiqli cavablar verdi. Və yalnız 22 illik mübarizədən sonra xisləti satqınlıq olan mənfur tayfanın nümayəndəsi Səhl Smbatın xəyanəti nəticəsində əsir alınıb ən ağır cəzaya məhkum edildi (qəribədir, o dövrə xas vəhşi şaqqalama cəza metodu aradan min illər keçməsinə baxmayaraq, bu gün də İŞİD-ın cəza metodu kimi özünü büruzə verir). Ancaq ölməz ruh sahibi azman Babək Xürrəmi düşmən qarşısında əyilmədi, sınmadı, sızlamadı, aman diləmədi və öz ölümü ilə də məğlubedilməzlik rəmzi olaraq tarixdə qaldı...

Bütün bu sadalanan faktlar tariximizin qalibiyyət məqamlarıdır! Daim azadlıq yanğısı ilə yaşayan xalqımız nə qədər müharibə alovlarından keçsə də, nə qədər basqınlara, talanlara, işğallara məruz qalsa da, yenə ilk füsrət və imkan düşən kimi dirçəlib qalxmış, öz dövlətini qurmuş, azadlığına qovuşaraq tarixin səhifələrinə parlaq qələbələr yazmışdır.

Tanrının ərəb cahillərini islah edib Doğru Yola qaytarmaq məramı ilə göndərdiyi yeni dini qumsal səhralardan çox uzaqlarda şad-xürrəm yaşayan barlı-bərəkətli, bağçalı-bağlı, sulu-çeşməli qədim mədəniyyət diyarı gözəl yurdumuza qılınc üstündə gətirən Ərəb xilafətinin tənəzzülündən sonra – IX əsrin ortalarından başlayaraq Qafqazda, bütün Yaxın və Orta Şərqdə monqol-türk imperiyalarının rolu artmağa başladı. Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Səlcuqlar, Eldənizlər, Monqollar, Elxanilər-Hülakular, Çobanilər, Cəlayirlər, Teymurilər, Osmanlılar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, Qacarlar... Və başqa sülalələrin idarə etdikləri dövlətlər bütün Yaxın və Orta Şərqdə olduğu kimi Oğuz Yurdunun dövlətçilik tarixində də dərin izlər buraxmışdır.

Həmin dövrlərdə də xalqımız bəşər tarixinə Atabəy Eldəgiz, Xacə Nəsirəddin Tusi, Şah İsmayıl Xətayi, Uzun Həsən və b. kimi görkəmli dövlət xadimləri, qalib şəxsiyyətlər bəxş etmişdir.

Azərbaycan tarixinə ən acı və acınacaqlı səhifələrdən biri də XIX əsrdə yazıldı. Rus-İran müharibələrinin nəticəsi olaraq Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə o zamanadək bütöv olan böyük Azərbaycan ölkəsi iki əzazil imperiya arasında parçalandı. Bir dövlət iki sahildə qaldı: Arazın bir sahilində Şimali Azərbaycan, digər sahilində Cənubi Azərbaycan əbədi həsrət alovuna düçar oldu.

Ancaq bu məqamda da xalq şərə dərhal təslim olmadı. Cavad xan, Hüseynqulu xan, Fətəli xan, İbrahim xan, Çələbi xan və digər görkəmli Azərbaycan ərənləri qədimlərdə olduğu kimi xalqı təcavüzkarlara qarşı səfərbər etdilər. Nə yazıq ki, yenə əvvəlki zamanlarda olduğu kimi bu dəfə də imperiyanın silah-sursatı və ac-yalavac silahlısı bitib-tükənmək bilmədi... Rus çarı təkcə bizim dövlətçiliyimizi, torpaqlarımızı parçalamadı, üstəlik Türkiyə ilə həmsərhəd ərazilərimizdə – keçmiş İrəvan, Naxçıvan xanlıqlarının torpağından kəsib süni “Ermənistan” yaratdı. Və bununla Azərbaycan xalqının gələcək bütün dəhşətli müsibətlərinin əsası qoyuldu...

Tariximizin bu acı səhifəsindən sonra yenə də qısa qələbə sevinci gəldi. 1918-ci ildə Nuru paşanın komandanlığı altında qardaş Türkiyədən köməyə yetişən qüvvələr milləti soyqırımdan xilas etdi və Bakını ənənəvi “ikili standartlar” daşıyıcısı – eyni vaxtda həm Daşnaksütyun, həm də Bolşevik partiyalarının üzvü olan iblis S.Şaumyanın kommunar-daşnak tör-töküntülərindən təmizlədi. Xalqımızın çoxəsrlik tarix boyunca neçənci dəfə yaratdığı Milli hökumət Bakıda möhkəmləndi və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı paytaxtda dalğalandı. Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Məmməd Əmin Rəsulzadə, Nağı bəy Şeyxzamanlı, Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli və b. görkəmli şəxsiyyətlərin fədakarlığı sayəsində Şərqin tarixində ilk dəfə demokratik respublika yarandı.

Bolşeviklərin qan gölündə boğduqları Cümhuriyyətin süqutundan 70 il sonra qəhrəman Azərbaycan xalqı Şər İmperiyasından qurtulub yenə azad, müstəqil dövlətini dirçəltdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası yarandı. Və Cümhutiyyətin üçrəngli bayrağı yenə də paytaxtın ən uca nöqtəsində dalğalanmağa başladı. Bu dəfə isə əbədi...

Bu dönməzliyi və əbədiliyi təmin edən - 1993-cü ildə xalqın təkidli dəvəti ilə hakimiyyət sükanı arxasına keçən görkəmli dövlət xadimi Heydər Əliyev oldu. Tarixdə neçənci dəfə idi ki, Azərbaycan xalqının yetirdiyi tarixi şəxsiyyət, ümummilli lider dövlətçiliyimizi xilas edirdi.

Bəli, tarix çox dəfə şahidi olub ki, azadlığı, müstəqilliyi qoruyub saxlamaq onu elan etməkdən qat-qat çətindir. Bu dəfə də Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, dövlət rəhbərliyində olan səriştəsiz adamların səhv siyasəti, daxildə gedən kürsü çəkişmələri, etnik separatçılıq hərəkatı... Bütün  bunlar azadlığımıza qəsd, müstəqilliyimizə real təhlükə idi. Belə bir təhlükəli məqamda tarixin səhnəsinə növbəti müdrik sərkərdə, dahi Azərbaycan oğlu, ulu öndər Heydər Əliyev çıxdı və məhz o, yalnız o Azərbaycanın müstəqilliyini qoruya bildi, əbədi və dönməzliyini təmin etdi. Böyük Atatürk kimi Heydər Əliyev də müasir Azərbaycan dövlətini imperiyanın küllükləri içərisindən dirçəldib ucaltdı. Məhz o müasir demokratik dövlətin bütün zəruri strukturlarını qurdu, vacib institutlarını yaratdı, dövlətçilik binasını möhkəmləndirdi, onu gələcəyə gedən polad relslər üzərinə qoydu. Bu şücaət Azərbaycan tarixinin ən parlaq qələbələrindən biri kimi əbədiyyət üfüqlərinə yazıldı...

Xaqlın əsrlər boyu arzuladığı, zaman-zaman qurub yaratsa da, müxtəlif vəhşi imperiyaların hücumu nəticəsində süquta uğradılan müstəqil Azərbaycan dövləti bu gün artıq Heydər Əliyev zəkasının məhsulu kimi dünyada mövcud olan ən müasir hüquqi, demokratik, dünyəvi qurum olaraq öz yerini tutub. Son illərin siyasi-iqtisadi, sosial-mədəni uğurları bu dövləti daha da möhkəmləndirib, onu davamlı inkişaf yoluna çıxardıb...

Beləliklə, Azərbaycan tarixində xalqın yetirdiyi böyük insanlar – Atropat, Cavanşir, Babək Xürrəmi, Atabəy Eldəgiz, Şah İsmayıl Xətayi, Cavad xan, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Heydər Əliyev kimi görkəmli şəxsiyyətlər həmişə olub, olacaq və əminik ki, tariximizin şərəfli qalibiyyət günləri hələ bundan sonra çox davam edəcəkdir.

Xalqın əsrlər boyu mücadilə verərək ucaltdığı, nəsildən nəsilə ötürüb günümüzədək gətirdiyi azadlıq bayrağı bu gün də qələbə yürüşündədir. Və daha bir görkəmli Azərbaycan oğlu – Ali Baş Komandan, Prezident İlham Əliyev tarixi varisliyi əzmlə davam etdirərək Qələbə bayrağını daha yüksək zirvələrdə, Qarabağda, Şuşada ucaldacaqdır!

Buna hər bir Azərbaycanlı inanır...

--------------------------------



11.05.2016
Yüklə 33,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə