Yazıçı-publisist



Yüklə 17,45 Kb.
tarix29.09.2017
ölçüsü17,45 Kb.
#2344
növüYazı

Multikulturalizm- alternativi olmayan həyat tərzi

j:\depo\26-04-2016\akif ali++.jpg
Akif ƏLİ,

Fəlsəfə doktoru,

yazıçı-publisist.

------------------------


...Müasir dünyada dəyərlər sistemi dəyişir, sosial və mədəni proseslər sürətlənir, həyatın bütün sahələrində stereotiplər dağılır, əvvəlki tarixi dövrlərdə təşəkkül tapmış təsəvvürlərdə yeniliklər baş verir... Son vaxtlar həm də və daha çox sivilizasiyalararası, dinlərarası anlaşılmazlıq, inamsızlıq, toqquşmalar müşahidə edilir. Zorakı ekstremizm, dini dözümsüzlük və radikallaşmanın dəhşətli dərəcədə artmasının şahidi oluruq. Cəmiyyətə dini dözümsüzlük təlqin edən müraciətlər yayılır. Dünyanın bir çox regionunda yaşanan böyük problemlər böyük də insan tələfatına, miqrant və qaçqın axınına səbəb olur...

Belə bir məqamda humanitar əməkdaşlıq xüsusi sabitləşdirici rol oynayan amildir. O, ölkələrarası münasibətlərə müsbət təsir edir. Belə əməkdaşlıq insanları multikultural dəyərlər əsasında, ədalət, tolerantlıq, həmrəylik, qarşılıqlı hörmət əsasında birləşdirir, normal dialoqa zəmin yaradır.

Azərbaycan ölkəsi yerləşdiyi coğrafi-siaysi məkana görə əsrlər boyu çoxmədəniyyətlilik, tolerantlıq, qarşılıqlı anlaşma və dözüm şəraitində yaşayıb. Çünki müxtəlif etnosların, xalqların, millətlərin, etnik qrupların yaşadığı bu məkanda multikulturalizmin alternativi özünü təcrid ola bilərdi ki, bu hal da təbii, məkana uyğunlaşmaq baxımından məqbul deyil. Multikulturalizm isə başqa xalqın nümayəndəsinə, başqa dinlərə hörmət hissi aşılayır. Ayrı-seçkiliyə yol vermir, əksinə birliyə xidmət edir. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkə olduğundan multikulturalizm bu diyarda normal yaşayış tərzidir...

O da təsadüfi deyil ki, Azərbaycanın paytaxtı dünyanın ən gözəl şəhərlərindən biri olmaqla yanaşı, həm də anoloji mövzularda keçirilən beynəlxalq tədbirlərin, müxtəlif humanitar forumların və konfransların, dünya miqyaslı yarışların, müsabiqələrin keçirildiyi mərkəz kimi tanınır.

Elə bu yaxınlarda Bakıda keçirilən mötəbər beynəlxalq tədbir - Sivilizasiyalar Alyansının Qlobal Forumu buna əyani misaldır. Məlum olduğu kimi, Azərbaycan Prezident 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan edilməsi barədə xüsusi Sərəncam imzalamışdır. Həmin Sərəncamda deyildiyi kimi, tarixi “İpək yolu”nun üstündə yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilib.

Bu kontekstdə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun digər qonşu ölkələrdə yox, məhz Bakıda keçirilməsi məntiqi haldır. Bakı Konqres Mərkəzində və Heydər Əliyev Mərkəzində keçirilən Qlobal Forumun yüksək səviyyədə təşkili də seçimin uğurundan xəbər verirdi. Dövlət və hökumət başçıları, yüksək səviyyəli dövlət xadimləri, nazirlər, nüfuzlu beynəlxalq qurumların rəhbərləri, dünyada tanınmış beyin mərkəzlərinin rəhbərləri, diplomatlar, elm adamlardan iki min nəfərədək şəxsin qatıldığı tədbirin yüksək təşkilati səviyyəsi dövlətimizin beynəlxalq nüfuzunun daha da artmasına, Azərbaycan xalqının tarixi-mədəni irsinin bir daha geniş miqyasda tanıdılmasına xidmət etdi. Artıq tarixə çevrilmiş Forum çərçivəsində çoxsaylı müxtəlif əlaqədar tədbir keçirildi. Ekstermizmə və terrora qarşı mübarizə, qlobal miqrasiya, vətəndaşılıq, təhsil, din, idman və gənclərin rolu, Bakı prosesi, inkluziv cəmiyyətlərin qurulması, multikulturalizm və digər məsələlərin müzakirəsi böyük maraq doğurdu. Bu tədbirlərin işıqlandırılmasında Forumun rəsmi media tərəfdaşları AzTV və AZƏRTAC-la yanaşı, digər Azərbaycan kiv-ləri yüksək peşəkarlıq göstərməklə son illər dövlət qayğısı nəticəsində mətbuatımızın beynəlxalq media səviyyəsində inkişafa nail olduğunu nümayiş etdirdi.

Bütün dünya gördü və şahidi oldu ki, Azərbaycanda millətlər və dinlərarası münasibətlərin tənzimlənməsində dövlətin xüsusi əməyi vardır. Müasir dövrdə dünyada dinlərarası münasibətlərdə yaşanan böhran - islamafobiya, ksenofobiya, antisemitizm meyilləri olsa da, Azərbaycanda məhz multikultural dəyərlər əsasında dinc həyat, normal birgəyaşayış qurulub.

Konstitusiyaya görə ölkəmizdə din dövlətdən ayrıdır və dini etiqad azadlığı mövcuddur. Burada yaşayan etnik qruplar sərbəst şəkildə müxtəlif din və məzhəblərə inanc bəsləyirlər. Bütün dini azlıqların hüquqlarına hörmətlə yanaşılır. Azərbaycanda məscidlərlə yanaşı pravoslav kilsələri, yəhudi, gürcü, malakan, protestant, atəşpərəstlik, krişnaid və b. dini cəmiyyətlər fəaliyyət göstərir, məscidlər, kilsələr, sinaqoqlar, digər ziyarətgahlar inanclı insanlara asudə xidmət edir. Hətta paytaxtın mərkəzində erməni kilsəsi belə toxunulmaz qalır. Bu əlbəttə, ilk növbədə xalqımızın yüksək mədəniyyətindən xəbər verir. Azərbaycanda dini etiqad azadlığı qanunla tənzimlənir və yalnız zəruri hallarda ictimai təhlükəsizlik mənafeləri naminə, asayişin təmin edilməsi, sağlam mənəvi mühitin qorunması üçün məhdudlaşdırıla bilər. Qalan bütün hallarda dinlər və dini qurumlar sərbəst olaraq fəaliyyətini davam etdirir.



Bütün bu hallar heç şübhəsiz həm dövlətin Multikulturalizm sahəsində apardığı uğurlu siyasətin nəticəsində, həm də xalqımızın özünün əsrlər boyu bu dəyərləri öz həyatında yaşatması sayəsində mümkün olmuşdur. Təsadüfi deyil ki, Azərbaycan xalqınına məxsus yüzlərlə ədəbi-bədii qaynaqlarda da multikulturalizmin həyat tərzi olduğuna dair misallar var. Qədim dastanlarımızda, folklorda, dahi mütəfəkkir şair və yazıçılar Nizami Gəncəvinin, M.F.Axundzadənin, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, Mirzə Cəlilin, Hüseyn Cavidin yaradıcılığında cəmiyyətimizə xas nə qədər multikultural dəyərlər mövzusu yer alıb.

Dolayısı ilə, çağdaş dünyaya təklif edilən multikulturalizm dəyərləri min illərdir bizim ölkədə həyat tərzi kimi sınaqdan çıxaraq, özünü doğrultduğu səbəbindən onun dinc, əmin-amanlıq içində yaşamaq norması kimi qəbulu təkcə gəlişi gözəl sözlər deyil. Bu sahədə Azərbaycan nümunəsi həqiqətən müasir sivilizasiyalar arasında birgəyaşayış üçün məqbul modeldir.



--------------------------------

21-05-2016.
Yüklə 17,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə