Yazıçı və zaman Mir Cəlal 100 Nərgiz paşayeva



Yüklə 176,76 Kb.
Pdf görüntüsü
tarix19.07.2018
ölçüsü176,76 Kb.
#57342
növüYazı


«Qarapapaqlar».-2010.-№2(32).-S.16-20.

Yazıçı və zaman 

Mir Cəlal - 100

Nərgiz PAŞAYEVA, 

filologiya elmləri doktoru, professor Moskva Dövlət Universitetinin Bakı filialının rektoru

XX  əsr  uzaq  qədimlərdən  başlanan  ümumazərbaycan  tarixinin  və  mədəniyyətinin  məhz  Azərbaycan

mahiyyətini  müəyyənləşdirən  çox  mühüm  və  möhtəşəm  bir  dövrdür.  Tarixən  humanist  ideallarla  zəngin  olan

Azərbaycan  ədəbiyyatı  XX  əsrin  əvvəllərindən  yeni  təkamül  mərhələsinə  qədəm  qoydu.  1900-1920-ci  illər

Azərbaycan xalqının həyatında sözün əsl mənasında milli intibah dövrü kimi səciyyələndirilir. Elə bu zaman böyük

milli  idealların  bədii  təcəssümünə  və  ümumən  mədəniyyətin  vüsətli  inkişafına  münbit  zəmin  yarandı.  Ədəbiyyat,

musiqi,  teatr,  publisistika,  naşirlik,  cəmi  15-20  il  ərzində  zənginlik  baxımından  bir  əsrə  bərabər  inkişaf  yolunu

keçdi.


Bu  inkişaf  ictimai-tarixi,  siyasi,  psixoloji,  sosial-mədəni  təzadlar  və  dəyişikliklər  üzərində  yarandı.

Avropadan  və  Rusiyadan  gələn,  sənətə  və  ədəbiyyata  təkanverici  qüvvə  kimi  müəyyənləşən  mədəni  yeniliklər,

maarifçilik  ideyaları,  həmçinin  neft  sənayesinin  uğurları  ilə  bağlı  olan  iqtisadi  dirçəliş  də  XX  əsr  Azərbaycan

mədəniyyətinin  bütün  sahələrində  böyük  sıçrayışa, inkişafa  şərait  yaratdı.  Azərbaycan  Xalq  Cümhuriyyəti  (AXC)

dövründə Azərbaycan ədəbiyyatı və mədəniyyəti dünya ədəbiyyatı və mədəniyyəti sırasında layiqli yerini tapmağa

tam  qadir  idi.  Lakin  məlum  səbəblərdən  Azərbaycan  Xalq  Cümhuriyyəti  süqut  etdi.  Yeni  sosial-iqtisadi  quruluş,

yeni ictimai münasibətlər formalaşdı və sosializm diktaturası "mədəni inqilab" proqramı elan etdi. Məhz bu dövrdə

sonralar Azərbaycan sovet ədəbiyyatının baniləri  sayılan cavan yazıçılar və şairlər nəsli  yetişirdi. Bu böyük nəslə

mənsub olanlardan biri də Mir Cəlal Əli oğlu Paşayev idi.

M. Paşayev 1908-ci ildə Cənubi  Azərbaycanda  doğulmuşdu.  O,  Əndəbil  kəndinin  ən  möhtərəm və  hörmətli

sakini  olan  Mir  Paşa  bəyin  nəvəsi  idi.  Atası  Mir  Əli  Mir  Əşrəfi  -  çoxlu  mülkiyyət  sahibi  olduğundan  böyük

oğullarına, Mir Cəlalın özündən böyük dörd qardaşına Əndəbil kəndinin işlərini idarə etməyi tapşırardı. O, ən kiçik,

beşinci oğlu Mir Cəlalı isə bu işlərdən uzaqlaşdırıb təhsil dalınca Şimali Azərbaycana, Gəncəyə gətirir. Burada acı

tale kiçik yaşlı Mir Cəlalı erkən atasız qoyur. Vəfat etməmişdən bir qədər əvvəl Mir Əli böyük oğullarına kiçik Mir

Cəlalı tapşıraraq  deyir:  "Bu  uşağı oxudun,  onun  mükəmməl  təhsili  olsun".  Beləliklə,  Mir  Cəlal  Gəncə  şəhərində

qalıb təhsilini davam etdirir, uşaqlıq və gənclik illərini burada keçirir.

Çoxəsrlik  ədəbi  ənənələri  olan  Gəncədə  o  zaman  beynəlmiləl  tərkibli  seminariya,  şəhər  teatrı,  sənət

texnikumu, sanballı kitabxana, gözəl mətbəə, "Qızıl qələmlər" Cəmiyyətinin Gəncə filialı fəaliyyət göstərir, "Qızıl

Gəncə"  jurnalı çap  olunurdu.  S.Vurğun, H.Araslı, N.Rəfibəyli,  Əli  Razi,  Əli  Məhzun,  Mikayıl Rzaquluzadə  kimi

gələcəyin  görkəmli  şəxsiyyətləri  orada  keçirilən  ədəbiyyat  tədbirlərinin  təşkilatçıları  və  fəal  iştirakçıları  idilər.

Uşaqlıq  və  gənclik  illərini  belə  bir  mühitdə  keçirən  Mir  Cəlalın  yazıçı  taleyi  onu  lazımi  vaxtda  lazımi  yerə

gətirmişdi.

Görünür,  Mir  Əlinin  öz  oğlunu  məhz  Gəncə  şəhərinə  gətirməyi  təsadüfi  deyildi.  Aydındır  ki,  İranda

mülkiyyət  sahibi  olan  Mir  Əli  Paşayev  o  taydan  bu  taya  qazanc  və  çörək  dalınca  yox,  Mir  Cəlala  doğma  dilində

təhsil  vermək  arzusu  ilə  gəlmişdir.  O,  bilmirdi  ki,  oğlu -  balaca  Mir  Cəlal  onun  bu  son  arzusunu,  istəyini  həyata

keçirməklə  kifayətlənməyəcək,  artıq  dərəcədə  ümidləri  doğruldaraq  mənsub  olduğu  xalqın  mənəvi  dəyərlərinin

daşıyıcısına və qoruyucusuna çevriləcək, böyük yazıçı, alim və böyük insan adını qazanacaqdır. Gəncə mühiti həm

də  müəllimlik  peşəsinin  müstəsna  rolunu  Mir  Cəlalın  gələcək  həyatında  və  yaradıcılığında  bu  zamandan  etibarən

sona qədər müəyyən etdi. Beləliklə, bu mərhələdə zaman və məkan amilləri öz işini görmüş oldu.

Bədii  sənətin  inkişafında  zaman  faktoru  və  mövcud  mühit  çox  mühüm  rol  oynayır.  Sovet  hökuməti

qurulduqdan  sonra  "fəhlə-kəndli-əməkçi"  birliyi  o  dövr  ədəbiyyatının  başlıca  mövzularından  birinə  çevrilir.

Azərbaycan  yazıçıları  da  ideoloji  sifariş  olan  bu  mövzuları  bu  və  ya  digər  dərəcədə  öz  yaradıcılıqlarında  əks

etdirməli idilər. Bunun nəticəsi olaraq bədii əsərlərdə mövzunun aktuallığı birinci dərəcəli, məzmun rəngarəngliyi,

sənətkarlıq, bədiilik kimi mühüm estetik meyarlar isə bir növ ikinci dərəcəli  məsələlər sayılır, insan şəxsiyyətinin

əsl  mahiyyəti  və  onun  bədii  ifadəsi  çox  vaxt  arxa  planda  qalırdı.  Professor  Mir  Cəlal  hələ  o  zaman  diqqəti  bu

məsələyə cəlb edərək yazırdı: "Bir çox əsərlərimizdə təsvir olunan adamlar real, təbii çıxmır. Nə üçün? Ona görə ki,

yazıçı  onları  maraqlı,  mürəkkəb  həyatı  olan  canlı  adamlar  kimi  yox,  ancaq  bir  peşə  sahibi  kimi,  sədr,  katib,

traktorçu, buruq ustası, müəllim və sair kimi təsvir edir. Meşin pencəyi əynindən çıxaran raykom katibi öz obrazını

itirmiş olur".

Bu dövrdə içində anlamaq dərdi yaşayan S.Vurğun, Mir Cəlal, S.Rüstəm, M.Hüseyn, S.Rəhimov, R.Rza kimi

sənətkarlar  kor-koranə  ideoloji  tabeçiliyi  insan  təbiətinə,  azad  və  həqiqi  sənət  qanunlarına  tamamilə  zidd  olan

qaçılmaz ağır zərurət kimi qiymətləndirirdilər. Nə yaxşı ki, bu tabeçiliklə yanaşı onlar həm də öz dünya duyumuna,

təxəyyülünə, istedadına, vətəndaş  mövqeyinə, fikirlərinin və qənaətlərinin bilavasitəliyinə tabe idilər. Çünki  onlar

əsl  sənət  adamları idi.  Sosializm  realizmi  metodunun  banisi  sayılan  Maksim  Qorki  yüksək  sənəti  hətta  despotik

rejimdə belə istedadın gücü ilə yaranan gözəllik adlandırırdı. Qorkinin bu fikri ən azından ədəbi-estetik düşüncənin,



mövcud  ideologiyanın  nəsihət  və  dərslərindən  boyun  qaçırmaq  cəhdlərindən  xəbər  verirdi.  Lakin  dözmək  və

susmaq  gərək  idi.  Ötən  əsrin  30-cu  illərinin  repressiyaları,  o  amansız  və  dəhşətli  illər  ədəbi  və  çox  vaxt  insani

prinsiplərin ancaq insan və həyatı bahasına mümkünlüyünü həmişəlik o nəslin hafizəsinə və beyninə həkk etmişdi.

Belə ki, Mir Cəlal hekayələrinin birində yazır: "Qışqırıram ki, xəyal uzaqlaşsın, unudum, bəlkə özümə gəlim.

Heyhat! Unutmaq nə böyük nemət, nə yüksək istedad imiş. Tale məni bundan məhrum etmişdir".

"Kölgədə  bitən  ağacın  kölgəsi  olmaz"  fikrini  sənət  devizi  seçən  Mir  Cəlal  böyük  fikirlərin  lakonik  bədii

təcəssümünə  meydan  açan  hekayə  janrına  xüsusi  maraq  göstərir.  Bu  hekayələrdə  ədibin  şəxsi  müşahidələri,

tükənməz  vətənsevərlik,  psixoloji  hal-vəziyyət,  dərin  lirizm  çox  qabarıq  şəkildə  nəzərə  çarpır.  "Gölgəsiz  ağac"

dedikdə  isə  bu  hekayələrdə  qələmə  aldığı bir  çox  yazıq, həm də  çox  hiyləgər  və  riyakar  təbiətli  insan  obrazlarım

nəzərdə tuturdu.

Məlumdur  ki,  Mir  Cəlal  böyük  gülüş  ustadları  C.Məmmədquluzadə  və  Ə.Haqverdiyevin  layiqli  davamçısı

olaraq  Azərbaycan  ədəbiyyatında  satirik  nəsrin  görkəmli  nümayəndələrindən  biri  kimi  böyük  şöhrət  qazanmışdır.

Lakin Mir Cəlalın, necə deyərlər, öz gülüşü vardır. Bu gülüş ilk növbədə Mir Cəlalın bənzərsiz fərdi təbiəti, şəxsi

xarakteri ilə əlaqədardır, onun təzahürüdür. Bu gülüşdə Mir Cəlalın ədibliyi də, alimliyi də, müəllimliyi də "iştirak

edir".  Yəni,  o,  bəzən  bir  yazıçı  kimi  oxucularını  həyatın  qüsurlarından,  eybəcərliklərindən  uzaq  olmağa  çağırır,

bəzən alim müdrikliyi ilə həyatın həqiqət yolunu nişan verir, bəzən də müəllim təmkini ilə nəsihətlərini çatdırmış

olur.  Təsadüfi  deyildir  ki,  Mir  Cəlal  yaradıcılığında  son  dərəcədə  səmimi,  müdrik  yumor  aparıcıdır,  əsasdır.

Yumorlu  kinayələrinin  isə  misli  yoxdur!  Əsərlərdəki  ideyanın,  əsas  mətləbin  məğzi,  mahiyyəti  çox  vaxt  elə  bu

kinayələrdə açılır, aşkar olur. 1964-cü ildə qələmə aldığı "Hərənin öz işi var" hekayəsindən bir parçaya diqqət edək:

"Günah bizim rayon ispolkomunda oldu. Elə ki, Əhmədovun hər yerdə adı hörmətlə çəkildi, ispolkom da hər

işi onunla, ancaq onunla məsləhətləşməyə başladı...

...  Şair  Füzuliyə  rayon  mərkəzində  heykəl  qoyulurdu.  Bizim  rayonda  bu  layihənin  müzakirəsi  keçəndə

ispolkom birinci Mədəd Əhmədovu çağırdı:

- Yoldaş Mədəd, nə deyirsən, Füzulinin başında papaq olsa yaxşıdır, ya olmasa? Heykəltəraşlara göstərin, qoy

işləsinlər...

Mədəd Əhmədov da o yan-bu yana baxıb dedi:

- İstidir, papaqsız yaxşı olar..."

Başqa  bir  hekayəsində  ədib  yazıçılığı  asan  bilib  özünə  mütləq  peşə  kimi  seçən  istedadsız  müəllifdən  və  o

dövr ədəbi tənqidinin gülüş doğuran xüsusiyyətlərindən danışır. "Keçiyev dramanı çətin, tənqidi xatalı, şairləri çox

görüb nəsrə keçdi. İlk hekayəsini gəlib-gedənə oxudu. Eşidənlər yorulsa da, o yorulmadı...  Birinci yazısı aşpazdan

şikayət oldu. Görünür aşpaz onun iştahasının tələblərini ödəyə bilmir, yaradıcılığına mane olurdu. Bu gənc nasirin

şikayətini nəzərə alıb aşpazın məsələsinə baxanda, yazıçının özünün aşpazlıq işindəki məharəti meydana çıxdı... O

gündən bəri sanatoriyanın xörəkləri Həpirin zövqündən, Həpirin hekayələri də mətbəx səliqəsindən kamilləşirdi.

Bütün bunların nəticəsində mətbəx işləri ilə ədəbiyyat işlərinin vəhdəti möhkəmləndi. Həpirin təcrübəsindən

bəziləri istifadə etməyə, ədəbiyyatı zənginləşdirməyə başladılar".

Lakin onu da qeyd etməliyik ki, Mir Cəlal lirik-romantik, lirik-psixoloji, lirik-dramatik hekayənin də böyük

ustası idi. Buna misal olaraq "Niyə ovdan ayaq çəkdim", "Radio qabağında", "Baldan əvvəl", "Ata", "Gülbəsləyən

qız", "Çıraqlar yandı", "Titrək bir səs" və başqa hekayələrin adını çəkə bilərik.

40-cı  illər  nəsrində  başlıca  mövzular  Böyük  Vətən  müharibəsi  ilə  əlaqədar  idi.  Mir  Cəlalın  1942-ci  ildə

yazdığı  "Odlu  mahnılar"  hekayəsi  Azərbaycan  ədəbiyyatında  müharibənin  dəhşətlərini  əks  etdirən  ən  dəyərli

əsərlərdən biri kimi qiymətləndirilə bilər.

Yazıçı  bütün  yaradıcılığı  boyu  300-ə  yaxın  hekayə  qələmə  almışdır.  Bu  hekayələrdə  o,  20-ci  illərin

axırlarında  rayondan  köçüb  Bakıda,  Kiçik  Qala  küçəsi  16  nömrəli  evdə  yaşadığı vaxtdan  ömrünün  sonuna  qədər

həyatının  müxtəlif  mərhələlərində  rast  gəldiyi  insan  xarakterlərinin,  üzləşdiyi  həyat  hadisələrinin,  təzadlı  və

mürəkkəb gerçəkliyin dolğun bədii təsvirini vermişdir.

Bu  əsərlərdə  zaman  və  məkan  obrazı  aydın  nəzərə  çarpır.  Bakı şəhəri  və  onun  sakinləri,  şəhər  ab-havası,

insani münasibətlər, bu münasibətlərdə zamanın tələbindən, obyektiv şəraitdən gələn həm mənfi, həm müsbət olan

çalarlar, dünəni bu günə bağlayan həyat sürəti, siyasi-ictimai quruluşun olduğundan daha gözəl və üstün görünmək

təşnəsi və cəhdləri özünəməxsus,  maraqlı detalları ilə  Mir  Cəlal  nəsrində  yüksək bədiiliklə  ifadə  olunmuşdur.  Bu

isə bir epoxanın, bir dövrün bədii portreti idi.

Bədii ədəbiyyatın ən mükəmməl və mürəkkəb janrlarından olan roman janrında da Mir Cəlal böyük uğurlar

qazanmışdır.  Mir  Cəlal  altı  romanın  müəllifidir.  Bunlar  "Dirilən  adam  ,  "Bir  gəncin  manifesti",  "Açıq  kitab",

"Yaşıdlar",  "Təzə  şəhər",  "Yolumuz  hayanadır"  əsərləridir.  Gənc  ikən  qələmə  aldığı  ilk  "Dirilən  adam"  romanı

yazıçının təkcə hekayələr deyil, həmçinin roman yaratmaq qabiliyyətini və məharətini də sübut etdi. Dediyimiz kimi

sənətin  inkişafında  zaman  faktoru  mühüm  rol  oynayır.  Lakin  sənətin  özünün  də  tarixin  hər  hansı bir  məqamında

zamanla  nə  dərəcədə  səsləşib-səsləşməyəcəyi  zərurəti  var.  "Dirilən  adam"ın  yazıldığı  dövr  ədəbiyyatı  üçün

(unutmayaq  ki,  söhbət  30-cu  illərdən  gedir)  tənqidolunmaz,  toxunulmaz  mövzular,  obrazlar  və  bunun  əksi  olaraq

mütləq təbliğ və təsdiq edilən mövzular və obrazlar sistemi mövcud idi. Sovet ədəbiyyatının bir çox dövrləri üçün

klişe olaraq şablon vahid qəhrəman tipi müəyyən edilmişdi. Bu sosializmin təntənəsini ifadə edən müsbət qəhrəman

obrazı  idi.  Ümumittifaq  sosialist  ruhlu,  partiyalı  ədəbiyyata  qovuşmaq  Azərbaycan  yazıçılarının  mənəvi  və




professional borcu kimi təqdim olunurdu. Azərbaycan ədəbiyyatı da SSRİ civarlarında baş verən "gözəl və müasir"

həyatı  tərənnüm  etməli,  müasir  mövzuları  əsas  götürməli  idi.  Lakin  o  dövr  sovet  ədəbiyyatını  və  həmçinin

Azərbaycan ədəbiyyatını bütövlükdə ancaq bu tipli ədəbiyyatdan ibarət hesab etmək heç də düzgün olmazdı. Çünki

o vaxt əsl ədəbiyyatı və sənəti yaratmaq və yaşatmaq istedadına malik olan yazıçılar, şairlər Azərbaycan ədəbiyyatı

tarixini  zənginləşdirən  bədii  əsərlər  yaradırdılar.  Mir  Cəlalın  da  elə  ilk  romanında  sevdiyi  mövzu,  toxunduğu

problem, ifadə etdiyi bədii-estetik fikir və qənaətləri konyunkturaya yox, əsl ədəbiyyata köklənmişdi. İndiki zaman

prizmasından adi və təbii görünən bu mövqe o dövr ədəbiyyatı üçün heç də adi və ən başlıcası isə təqdir olunan hal

deyildi. Mir Cəlal yazdığı bütün romanlarda bu prinsipə sadiq qalmışdır.

Sovet dövrü ədəbiyyatımızın bir çox əsərlərində zaman və məkan konteksti müxtəlif taleli xoşbəxt və bədbəxt

insanların  qüdrətli,  canlı,  cazibədar  obrazlarını yaratmaq  üçün,  onların  psixoloji  təbəddülatlarını,  səadət  və  faciə

yaşantılarını  təhlil  etmək  üçün  əslində  bir  növ  bədii  zəmin,  şərti  fon,  vasitə  mövqeyində  görünə  bilər.  Dünya

klassikasının  ən  məşhur  bədii  qəhrəmanları  göstərildiyi  ictimai  mühitin,  tarixin,  hətta  zəmanələrinin  ən  güclü

ideologiyalarını  belə  adlayaraq  ümumbəşəri,  ümumtarixi  "status"  qazanmışlar.  Bu  əsərləri  yaşadan  nə  oradakı

həmin  vaxtların  "qabaqcıl"  ideologiyasıdır,  nə  mühitin  diktə  etdiyi  metod  və  metodologiyadır,  nə  də  etnoqrafik

təfərrüatlarıdır. Onları yaşadan və yaşadacaq əsas amil oradakı əsl sənət qüdrətilə canlandırılmış insan xarakterləri

və taleləridir! Bu gün Mir Cəlal əsərlərini müasir oxucular üçün müasir edən də elə budur.

Tək  ədəbiyyatın  deyil,  elmin  də  elə  sahələri  var  ki,  orada  ictimai  məzmun  və  bu  məzmunun  bilavasitə

zamanla  bağlılığı  çox  aşkar  və  inkaredilməz  olur.  Mir  Cəlalın  sözləri  ilə  desək  "zamana  boyun  əymək"  meyli

ədəbiyyatşünaslıq  elminə  də  yad  olmamış  və  sovet  ədəbiyyatşünaslığını  bütövlükdə  götürsək,  bu  cəhətin  mənfi

təsirini etiraf etmək məcburiyyətindəyik. Lakin elə elmi əsərlər də yaranmışdır ki, onların uğurlu taleyi ilk gündən

müəyyənləşmişdir.  Buna  ən  başlıca  səbəb  o  idi  ki,  dövründən  və  zamanından  asılı olmayaraq  müəllif  sözü,  fikri,

nəzəri  qənaətləri,  elmi  nəticələri  yarandığı  vaxtdan  bu  günə  kimi  orijinallığını,  elmi  dürüstlüyünü  və  dəyərini

qoruyub saxlaya bilmişdir.

Mir  Cəlalın  yüksək  professionallığa  malik  alim  qələminin  məhsulu  olan  "Azərbaycanda  ədəbi  məktəblər"

monoqrafiyası XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı tarixi, mədəniyyəti, elmi,  ictimai  həyatı haqqında  ən

sanballı elmi əsərdir. Bu kitab o dövrün ədəbiyyatının  tək faktoloji icmalı yox, həm də bədii-estetik, ideya-estetik

ictimai prinsiplərinin və ideallarının sistemli şəkildə elmi-nəzəri təhlili kimi çox qiymətlidir.

Mir  Cəlal  firidun  bəy  Köçərlidən  sonra  Azərbaycan  ədəbiyyatı  tarixini  yazanlardan  biri,  professional

Azərbaycan  ədəbiyyatı  nəzəriyyəsinin  ilk  yaradıcısıdır.  O,  ədəbiyyat  nəzəriyyəsinin  əsaslarının  və  mühüm

mərhələlərinin elmi izahını və təsnifatını verən ilk ədəbiyyatşünas alimdir. Mir Cəlalın elmi əsərləri təsviri məzmun

daşımır.  Onlar  dərin,  mükəmməl,  nəzəri  təhlil  xarakterlidir,  həm  də  lakonik,  aydın  və  sadə  üslubda  yazılmışdır.

Qəliz izahlar, ağır, pafoslu cümlələr, dolaşıq mülahizələr Mir Cəlal elminə yaddır. Bu isə gözəl bir ədəbi nümunə,

sadəlik  və  müdrikliyin  vəhdəti  demək  idi.  fikrimizcə,  bugünkü  ədəbiyyatşünaslıq  üçün  bu  cəhət  də  bir  örnək  ola

bilər.


Altı elmi  monoqrafiyanın  müəllifi  olan  Mir  Cəlalın  alim  kimi  əvəzsiz  xidmətlərindən  bəhs  etdikdə  iki  əsas

məqamı  qeyd  etməliyik.  Məhz  Mir  Cəlal  1940-cı  ildə  füzulişünaslığın  təməlini  qoydu,  ilk  dəfə  Füzuli

yaradıcılığının elmi-nəzəri şərhini verdi. Bu əsəri ədibin böyük ustada - Hüseyn Cavidə olan ithafı da adlandırmaq

olar.  Maraqlıdır  ki,  Mir  Cəlalın  ilk  elmi  yazısı  da  məhz  romantizmdən  bəhs  edir.  İkinci  məqam  Mirzə  Cəlil

yaradıcılığı  ilə  bağlıdır.  "Sizi  deyib  gəlmişəm,  ey  müsəlman  qardaşlarım"  -  çağıran  Mirzə  Cəlili  Yaxın  Şərqə

tanıtmağı Mir  Cəlal  özünə  borc  bilirdi.  Mirzə  Cəlil  yaradıcılığından  bəhrələnmək isə  onda  daxili  bir  tələb  idi.  O,

ömrünün son günlərinə qədər, ümumiyyətlə, ədəbiyyatdan söz düşəndə qarşısındakına ancaq bir sual verirdi: Mirzə

Cəlili oxumusan, ya yox?

Məlumdur  ki,  böyük  və  qızıl dövrləri  bir  hadisə  və  yaxud  bir  insan  deyil,  məhz  kompleks  şəkildə  yaranan

mədəni hadisələr və böyük şəxsiyyətlər toplusu meydana gətirir. Mir Cəlal Paşayev də XX əsr Azərbaycan tarixinin

böyük və zirvə şəxsiyyətlərindən biridir.

100 il bundan əvvəl  dünyaya  göz  açmış Mir  Cəlalın  bütün  ömrü  boyu  gizlətməyə  məcbur  olduğu əsli  onun

nəcabətindən görünürdü. Bu gün yazıçı, alim, müəllim, böyük insan qarşısında mənəvi borc kimi etiraf edəcəyimiz

bir  acı həqiqət  də  ondan  ibarətdir  ki,  Mir  Cəlal  müəllim  sağlığında  öz  haqqını almamış,  bir  çox  məqamlarda  və

şəraitlərdə  öz  prinsipiallığı  və  dönməz  əqidəsi  bahasına  tam  layiq  olduğu  adlardan,  titullardan  qəsdən  məhrum

edilmişdir.  Amma  o  dövrdə  bunu  edənlərin,  Mir  Cəlalı  kiçiltmək  istəyənlərin  və  ömürlərində  rəsmi  partiya

sənədlərindən savayı bir şey oxumayan yüksək rütbəli məmurların heç xəbəri belə yox idi ki, Mir Cəlal əsərlərinin

birinə belə bir epiqraf yazmışdı: "Bəzi ulduzlar kiçik olduqları üçün yox, yüksəkdə olduqları üçün görünmürlər".

Mir Cəlal heç vaxt olduğu yüksəklikdən enib, haqqı da olsa, heç kəsdən heç nəyi tələb etmədi. Çünki o, yaxşı

bilirdi  ki,  əsl  yüksəklik  kağızların,  sənədlərin,  möhürlərin,  qərarların,  iclasların  hökmü  ilə  deyil,  ləyaqətli  insan

ömrü və bu ömrün zamandan-zamana təsdiqi və təntənəsi ilə ölçülür. O da sirr deyil ki, daxilində bir ilahi qığılcım

yaşayan hər bir yazıçı, alim, ümumiyyətlə, hər bir istedad zaman çərçivəsini yararaq əbədiyyətə qovuşur. Beləliklə,

yazıçı  və  zaman  qarşıdurması həmişə  olduğu  kimi,  bu  dəfə  də  yazıçı qalibiyyəti  ilə  nəticələnir.  Bu  qalibiyyətin

mənəvi  tutumu  bu  gün  100  illiyini  qeyd  etdiyimiz  Mir  Cəlalın  həyatı  və  yaradıcılığı,  fiziki  inikası  isə  onun

qohumları, tələbələri, saysız-hesabsız oxucuları və nəvələrindən ən gözəli, ən yaraşıqlısı olan Mir Cəlal Aqil oğlu

Paşayevdir.



Yüklə 176,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə