Yaziçinin yurd həSRƏTİ Elçinin "Qarabağ şikəstəsi"



Yüklə 119,64 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü119,64 Kb.
#76964
növüYazi


Elçin Mehrəliyev

 

 



 

YAZIÇININ YURD 

HƏSRƏTİ

 

 



 

(Elçinin "Qarabağ şikəstəsi" hekayəsi üzərində düşünərkən)

 

 



 

 

 



Məlumdur  ki,  hadisələrin  lakonik  tərzdə  inikası  və  insan-zaman, mühit-mənəviyyat 

problemləri ilə bağlı fikir və duyğuların canlı təsviri baxımından Elçin yaradıcılığı səciyyəvidir. 

Yazıçının  "Qaçqınlar"  silsiləsindən  "Bayraqdar"  povesti,  "Sarı  gəlin",  "Araba",  "Qarabağ 

şikəstəsi" kimi hekayələri  həm də bu yöndən diqqəti cəlb edir. Adı çəkilən əsərlərdə Qarabağ 

faciəsinin  dözülməz  məşəqqətlilik  ponoramı,  qaçqın  və  köçkünlərin  doğma  yurd-ocaq  təşnəsi 

incə psixoloji duyğu, cizgi və məqamlarla, nəinki sözün, ifadənin, hətta durğu işarələrinin verə 

biləcəyi imkanlardan özünəxas yaradıcılıq məharəti ilə istifadə edilməklə əks etdirilir.

 

 



 

"Qarabağ şikəstəsi" hekayəsi belə başlanır: "...sonra uzaqdan elektrik qatarının çarxlarının 

səsi eşidildi..."  Sonrakı sətirlərdən dərhal aydınlaşır ki, buradakı "qatar - hərəkət" detalı əslində, 

hekayə qəhrəmanı Cümünün qovğalı ömrünün davamına - əzablı qaçqınlıq taleyinə bir işarədir. 

Doğma  Şuşasından  ayrı  düşəndən  sonra  Buzovnadakı  fəhlə  yataqxanasında  "müvəqqəti 

məskunlaşmış" Cümü artıq on ildir ki, keçmiş xatirələrlə yaşayır. Çünki "Cümünün bu on ildəki 

həyatı  onun  üçün  ömür  deyildi,  bu  başqa  bir  şey  idi.  Nə  idi?  Nə  idisə  də,  Cümünün  yaşadığı 

ömür  - 


Şuşada, o Ağadədəli məhəlləsində qalmışdı" (Elçin. Bayraqdar. "Qapp-Poliqraf", Bakı, 

2004,  s.35).  İllah  da,  hələ  qatarın  uzaqdan  gələn  səsini  eşidincə,  həyatında  ilk  dəfə  səfərə 

çıxması,  avtobusla  Şuşadan  Yevlaxa,  oradan  da  qatarla  Bakıya,  universitetə  imtahan  verməyə 

gəlməyi yadına düşür və hər dəfə də Cümü bu qəmli-nisgilli xəyalatdan yaxa qurtarmaq üçün 

içmək, fikrini dağıtmaq istəyir - çünki onun bir vaxtlar romantik arzularla üz tutduğu gələcəkdən 

indi lax yumurta iyi-üfu

nəti gəlir.

 

 



 

Hekayənin  ekspozisiyasındakı  müəllif  təhkiyəsi  Cümü  haqqındakı  bu  qısa  qeydlərdən 

sonra qaçqın, köçkün insanların tale yaşantılarından doğan hiss və duyğular arasındakı oxşarlığı 

üzə çıxarmaq və epik təhlilə imkan yaratmaq məqsədilə tamam başqa bir istiqamətə - Ziba-İzabel 

xəttinə  yönəlir.  Buradan  belə  məlum  olur  ki,  İzabel  Zibanın  qızıdır.  Ziba  bir  vaxtlar 

Azərbaycanın  Quba  şəhərində  doğulub,  Qırmızı  Qəsəbədə  məktəb  bitirib,  orada  ərə  gedib, 

buradakı Azərbaycan dilli orta məktəbdə coğrafiya dərsi deyib... Sonradan qohumlarının dəvəti 

və ərinin təkidilə bütün ailəsilə İzrailə köçüb. Amma onun da ürəyi köhnə yurdda qalıb, "fikri-

zikri, hissləri heç cürə bu ölkəyə sığışmır, əcdadlarının diyarı  kimi İzrailə hörmət etsə də, hətta 

bu  ölkəni  sevsə  də,  düşüncəsi,  hissiyyatı,  xatirələri  ilə  bərabər  uçub  bu  yerlərdən  min 

kilometrlərlə  uzaqlarda  yerləşən  Azərbaycana...  qonur."  Və  onun  nisgilli  söhbətlərinin  hamısı 

İzabelin uşaqlıq xatirəsinə hopub, artıq anasının vəfatından on dörd illik bir müddət ötsə də, Ziba 

nostalgiyası İzabelin qəlbindən çıxmır; böyük qardaş və bacılarından fərqli olaraq, Azərbaycanı 

görməsə  də,  İzraildə  Eriha  deyilən  kiçik  bir  şəhərdə  anadan  olsa  da,  "Azərbaycan"  sözü  də  o 

Ziba nostalgiyasının içində İzabelin ürəyində yaşayır. Hətta nə vaxtsa ərə gedəndə, oğlu olanda 

ona  "Aydın"  adı  qoyacağını  düşünür,  çünki  anası  ona  oğlu  olanda  adını  "Aydın"  qoymağı 

tapşırmışdı. Elə bu yerdəcə İzabelin özünə qaçqınlarla bağlı iş seçməsinin - BMT-nin Qaçqınlar 

Üzrə Ali Komissarlığında işləməsinin təsadüfi yox, bilavasitə ana nostalgiyasının təsiri altında 

baş verməsi məntiqi üzə çıxır. Və günlərin bir günündə İzabel Xanukoff vəzifə xidmətinə uyğun 



olaraq Azərbaycana göndəriləcəyi xəbərini eşidəndə anası gözlərinin qabağına gəlir, ürəyindən 

bir sızıltı keçir...

 

 

 



Hekayənin giriş hissəsində süjet xəttinə daha bir obraz daxil edilir - bu, Xəzər sahilində, 

Buzovna ilə Zuğulba arasındakı sal qayalığın yaxınlığında yaşayan, hər yatanda elə yuxuda ikən 

o dəniz-qayalıq uğultusunu eşidən və bu uğultu səsinə gözünü açıb iş-gücünün dalınca yollanan 

avtobus sürücüsü Ağadadaşdır.

 

 

 



Beləliklə, ata-baba yurdundan zorla qovulmuş  Cümü, "vətən" deyib sevdiyi Azərbaycanı 

öz xoşuna tərk edib İzrailə köçmüş Zibanın qızı İzabel və Buzovnada özünəxas sakit həyat tərzi 

keçir

ən  Ağadadaş  obrazları  vasitəsilə  hadisələrin  müəyyən  xətt  üzrə  inkişaf  etdirilməsi, 



əlaqələndirilməsi, finalda başlıca qayənin açılması yüksək bədii-estetik səviyyədə təmin edilir. 

Yazıçı  insanlar-talelər  kontekstində  yurda  -  kökə  bağlı  üç  obrazın  həyat  tərzini  və  mənəvi 

dünyasını  açıb  ümumiləşdirməklə  Azərbaycanın  Qarabağ  ovqatlı  gerçəkliklərinə  nüfuz  edir. 

Göstərir  ki,  Azərbaycanda  həyat  İzabel  üçün  cazibəli  və  möcüzəli,  Ağadadaş  üçün  sadə  və 

yeknəsəqdirsə, Cümü üçün cəhənnəm əzabıdır, usandırıcıdır.

 

 



 

He

kayənin məzmunundan  belə  məlum  olur  ki, Cümü  universitetə  qəbul  imtahanında  "2" 



alandan sonra yenə cənnətməkan Şuşaya qayıdıb, taksi sürücüsü işləyib, özünə yaxşı həyət-baca 

düzəldib, ailə qurub - orada onu Qızıldiş Cümşüd kimi tanıyıb hörmət edirdilər, amma ermənilər 

Şuşanı  işğal  edəndən  sonra  qaçıb  gəlib  Buzovnadakı  bir  fəhlə  yataqxanasında  sığınacaq 

tapandan - 

anası Güllü, arvadı Sona, qızı Cəmilə, oğlu Qalib, baldızı kor Solmazla birlikdə cəmi 

on altı kvadratmetrlik bir otaqda yaşamaq, bu qədər külfəti "hay-hayı getmiş" üstü kuzovlu bir 

motorolle  ilə  dolandırmaq  məcburiyyətində  qalandan  sonra  dönüb  hamı  üçün  Cümü  olub.  Bir 

vaxtlar  Şuşada  "Gözlə-Gəlirəm  Məmməd"  adı  ilə tanınan çayçı  Məmməd  acınacaqlı  qaçqınlıq 

həyatında el-oba dərdi ilə havalanıb öz-özü ilə danışdığı və hər gün səhərin gözü açılandan yeddi 

nəfərin  yaşadığı  on  səkkiz  kvadratmetrlik  otaqdan  çıxıb  yataqxana  həyətindəki  sınıq-salxaq 

skamyada  əyləşib  bir  də  şər  qarışanda  o  otağa  qayıtdığı  kimi,  Cümü  də  "bu  dünyadan"  can 

qurtarmaq üçün sübhdən tır-tırını xodlayıb  harasa yollanır; hərdən sahildəki qayalığa çəkilib elə 

Gözlə-Gəlirəm Məmməd kimi öz-özü ilə danışır, ucuz və zəhərli içkiləri qəbul etməklə fikir və 

sıxıntıdan xilas olmağa çalışır.

 

 

 



İzabel  də  çox  yaxşı  bilir  ki,  Azərbaycanda  bir  milyondan  artıq  qaçqın  var.  Bu  insanlar 

Ermənistanın  işğal  etdiyi  torpaqlardan  qaçmış,  məcburi  köçkün  düşmüşlər.  Onlar  çox  ağır 

vəziyyətdə yaşayırlar. İzabell onu da yaxşı bilir ki, bu ölkənin cəmi səkkiz milyon əhalisi var, 

deməli, Azərbaycanda hər səkkiz nəfərdən biri qaçqındır, bu isə dünyada analoqu olmayan bir 

hadisədir.  Lakin  bütün  bunlar,  xüsusən  də  qaçqın  anaların  məişəti,  qaçqın  uşaqların  güzəranı 

ürəyini ağrıtsa da, İzabel üçün sadəcə vəzifə borcunu yerinə yetirmək qədər-qiymətincədir. Onu 

Azərbaycana gətirən yurd həsrəti, vətən dərdi yox, elə bu vəzifə borcudur - yurd dərdi təngnəfəs 

olanda sidq-

ürəkdən Qəçrəşin havasını arzulayan xəstə Zibanın qəlbində, şüurunda idi, onu da 

ölərkən  özü  ilə aparmışdır.  İzabelin  başlıca  fikri,  arzusu  da  qaçqınlarla  son  görüşü  tez  keçirib 

mütləq Qubaya, Qırmızı Qəsəbəyə getməkdi. İzabel o yerlərə getməsə, heç olmasa, bircə saat o 

yerlərə  anasının  gözləri  ilə  baxmasa,  Zibanın  ruhunun  ondan  inciyəcəyini  düşünür.  O  hətta 

qaçqın  dilindən  eşitdiyi  qəlbağrıdan,  ürəkgöynədən  giley-güzarın  da  o  qədər  fərqində  deyil  - 

çünki  bu  can  ağrısı,  yurd  təşnəsi  onun  yox,  Cümülərin,  Məmmədlərin,  Sürəyyaların, 

Sonalarındır.  İzabelin,  anasının  ruhu  şad  olsun  deyə  hansısa  bir  azərbaycanlı  qaçqın  qadına 

bağışlamaq  üçün  Cenevrədən  alıb  gətirdiyi  hədiyyəni  -  bir  şüşə  fransız  ətrini  Sonaya,  "bir 

kənarda dayanıb heç nə deməyən və iri, ala  gözləri lap dərinlərinəcən kədər içində olan cavan 



bir qadına" verməsi də anası ilə əlaqəlidir. Sonanın gözlərindəki kədər İzabelə anasını xatırladır 

və "o kədəri heç cürə qəbul etmək istəmir".

 

 

 



Bir sözlə, hekayədə Ziba-İzabel xətti ana ilə bala arasındakı sırf bioloji bağlılıq, doğmalıq 

hissiyyatı müstəvisində qurulub, anadan balaya ötürülmə informasiya, yaddaş elementi şəklində 

inkişaf etdirilirsə, Cümü - qaçqın xətti etnik kökə, etnik mənəvi mühitə ruhən, mənən bağlılıq 

telləri  üzərində  qurulub  həll  edilir.  Odur  ki,  İzabelin  mənən  yaşamadığı,  onun  üçün  sadəcə 

ötürülmə  olan  "yurd  həsrəti"  ana  nostalgiyasına  diqqət,  ana  xatirələrinin  oyatdığı  maraq 

səviyyəsindən  o  tərəfə  getmir  və  qaçqın  Cümünün  (Cümülərin)  yalnız  fiziki  deyil,  həm  də 

mənəvi  mənada  əzablı  yaşantısının  ayrılmaz  tərkib  hissəsinə  çevrilmiş  yurd  həsrəti  ilə 

müqayisəyə gəlməzdir.

 

 

 



Yurd  sahibi  Ağadadaşla  yurdsuz  Cümünün  tale  yaşantısındakı  kəskin  fərqlər  də  bədii 

detallarla  ümumiləşdirilir:  əgər  dəniz-qayalıq  uğultusu  sakit  həyat  tərzi  keçirən  Ağadadaşa  bir 

rahatlıq  və  özü  ilə  bərabər  yüngül  bir  sərinlik,  bir  yuxu  gətirirsə,  Cümünü  yatmağa  qoymur; 

Abşeron havası Ağadadaşa ata-babasını, onların da vaxtilə bu yerlərin sakini olduğunu xatırladıb 

qəlbində qürur hissi doğurursa, Cümü üçün nəm və istidir - onu darıxdırır, o, bu havada nəfəs ala 

bilmir, Ziba öz Qəçrəşini arzuladığı kimi, Cümü də öz səfalı Şuşasını, gül-çiçəkli həyət-bacasını 

xatırlayıb-arzulayır. Yazıçının insana həm təbiətin bir parçası, həm də sosial-mənəvi varlıq kimi 

baxışı elmi-məntiqi, sosial-psixoloji cəhətdən əsaslandırılmış qənaət doğurur: insanı insan edən 

və daim öz şirəsi ilə qidalandırmaqla mənən ucaldan, ruhən yaşadan etnik kök, ilkin mühit, yurd-

ocaq, el-oba sehri-

möcüzəsi,  doğma  təbiətin  torpağının,  suyunun,  havasının  həyat  cövhəridir  - 

insan bu sehr-

möcüzədən,  həyat  cövhərindən  aralı  düşüncə,  kökündən  qoparılmış  gül  kimi 

solmağa məhkumdur.

 

 

 



Lakin  Zibadan  fərqli  olaraq,  Cümünü  darıxdıran  yalnız  "hava  məsələsi"  deyil. Ziba 

Azərbaycanla  bərabər  azərbaycanlıları  da  xoş  xatirələrlə  anıb  öz  yurdu  üçün  darıxırdı,  "Ziba 

nostalgiyası" qızı İzabeldə azərbaycanlılar haqqında qəribə xoş hisslər, duyğular oyatmışdır və 

bu hisslər, duyğular hətta əsrarəngiz Qəçrəş gecəsində bir azərbaycanlı gənclə sevişmə həvəsi, 

marağı yaradır, onun Azərbaycana işgüzar səfəri məhəbbət macərası, sərgüzəşti ilə tamamlanır. 

Cümü isə indi onun həyət-bacasına sahib çıxmış, oradakı armud ağacından, bir dəfə dişləyəndə 

şirəsi  axıb  adamın  yaxasını  isladan  armud  dərib  Cümünün  dədə-babasının  goruna  söyə-söyə 

ləzzətlə yeyən erməniləri nifrət və qəzəblə yada salır - fikir-qaramatla daha çox yüklənir, nəfəsi 

daha  da  ağırlaşır.  "Cümü  nostalgiyası"  oğlu  Qalibin,  qızı  Cəmilənin  içində  işğalçı  ermənilərə 

qarşı  kin,  nifrət,  Şuşa  faciəsinə  biganə  münasibət  göstərənlərə  isə  inamsızlıq  hissləri 

göyərtməkdədir  -  onlar  çətin  ki,  yağı  düşməni  bağışlaya  bilələr,  çətin  ki,  buz  kimi  soyuq 

insanlara etibar edib arxa çevirələr...

 

 

 



Digər tərəfdən, yazıçı Ağadadaş obrazı vasitəsilə qaçqın dərdinə yalnız əcnəbilərin deyil, 

həm  də  Qarabağ  dərdli  Azərbaycanın  özündə,  hətta  artıq  on  ildir  ki,  Cümü  və  Cümülərlə  bir 

qəsəbədə  yaşayan  vətəndaşlarımızın  biganə  münasibət  göstərdiyini  açıqlayır.  Ağadadaş 

Cümünün əhvalını duymaqdan, anlamaqdan çox-çox uzaqdır, hətta büsbütün Qarabağ faciəsinin 

ona sanki heç  

bir dəxli yoxdur - iş günü avtobusunu sürür, istirahət günü nərd oynayır, futbola 

azarkeşlik  edir  və  gecələr  dəniz-qayalıq  uğultusunun  sədaları  altında  arvadının  yanında 

rahatca  

yatağına  uzanır,  onu  vaxtsız  banlayıb  şirin  yuxudan  elədiyinə  görə  Qırmızı  xoruzu 

hindən  çıxarıb  toyuq  qarışıq  həyətdən  qovur.  Cümü  də  insandır,  o  da  halalca  arvadı  ilə  bir 

yataqda yatmaq, gözəl Sonasını öpüb-oxşamaq istəyir, amma qaçqın məişəti buna imkan vermir. 

Hərdən  Sonanı  kimsəsiz  qayalığa  dartıb  gətirməyə,  xəlvəti  sevişməyə  məcbur  olur. Amma  bir 




dəfə  bir-birini  tanımayan  Ağadadaşla  Cümü  burada,  xoşagəlməz  bir  vəziyyətdə  qarşılaşırlar: 

"...Mayın axırları idi və Abşeronda hələ çimmək mövsümü başlamamışdı... axşam Cümü yenə 

Sonanı motorollerin kuzovuna mindirib qayalığa apardı və yenə də o qayalıqda Sonanın solub 

rəngi məlum olmayan donunun düymələrini aça-aça, Sonanı öpə-öpə növbəti dəfə söz verdi ki, 

hər şey yaxşı olacaq, arağı da atacaq, bir də heç vaxt Sonanı beləcə qayalığa gətirməyəcək və elə 

bu vaxt, göydən düşdü, ya qayanın içindən pıtlayıb zühur elədi, bir ağsaqqal kişi - kənd sakini 

düz onların üstünə çıxdı, əvvəlcə özünü itirdi, sonra toxtayıb:

 

 



 

Alə, - dedi, - it döyülsüz siz!...Pişik döyülsüz!.. Adamsuz axı!.. İnsansuz axı!..



 

 

 



Sona döşlərini donunun içinə dürtə-dürtə ayağa sıçrayıb motorollerə tərəf qaçdı və kuzova 

minib hönkürə-hönkürə çığırdı:

 

 

 



Biz insan deyilik, biz qaçqınıq!.. Qaçqınıq!.. Qaçqınıq!.."

 

 

 



Hekayədə  təsvir  edilən  həyati  epizodlarda  qaçqınlıq,  didərginlik  faciəsinin  böyüklüyü  və 

bu faciədən doğan hissi-psixoloji sarsıntıların dərinliyi məharətlə əks etdirilir. Məsələn, əsərdə 

yataqxana həyatının ağırlığı belə təsvir edilir: "Bu otağın da qapısı beşinci mərtəbədəki o biri 

otaqla


rın  qapısı  kimi  uzun  aralığa  açılırdı  və  o  uzun  aralıqda,  xüsusən  yay  vaxtı  xlor  iyindən 

dayanmaq olmurdu, çünki aralığın hər iki başında tualet var idi və mərtəbənin arvadları gecə-

gündüz  ora  xlor  tökürdülər  ki,  üfunət-çirkab  aləmi  başına  götürməsin.  Hər  halda, xlor iyi 

üfunətdən  yaxşı  idi  və  orası  da  yaxşı  idi  ki,  bu  yerlərdə  xlordan  ucuz  şey  yox  idi".  Yaxud 

epizodlardan  birində  Sona  ona  verilən  hədiyyənin  ətir  olduğunu  bilincə,  sadəcə  gülümsünür 

və  heç nə olmayıbmış kimi, çayniki götürüb krantdan su doldurmaq üçün həyətə düşür. Onun bu 

hərəkəti  gülümsəməyinin  "bu  günümdə  bircə  ətirim  əskik  idi!"  ironik  mənasını  da  ifadə  edir. 

Qadınların  ən  çox  sevdiyi  hədiyyələrdən  olan  ətir  indi  Sona  üçün  tamamilə  mənasızdır  -  o, 

həyatın bu kimi şirin dadlarından, ləzzətlərindən çoxdan məhrum olub, özünü də, öz dediyi kimi, 

bir  insan,  bir  qadın  kimi  deyil,  qaçqın  kimi  görüb  hiss  edir,  dəyərləndirir,  Gözlə-Gəlirəm 

Məmmədin arvadı Sürəyya xala kimi, öz qaynanası Güllü arvad kimi fikri-xəyalı, arzusu-istəyi 

bəzənib-düzənməkdə  yox,  öz  yurduna  qayıtmaqdadır.  Ona  görə  də  Güllü  arvadın:  "Ə, 

səninnəyəm... Al bunu, apar yarmakada sat, o qıza, - əli ilə pəncərəyə tərəf işarə etdi, yəni ki, 

Sonaya, - 

bir babat don al gətir..." - deməsi qaçqın ailənin maddi ehtiyacı ilə bağlı olduğu qədər 

belə  yaşanışın  mənasızlığı,  ömrün  puçluğu  haqqındakı  acı  təsəvvür  və  qənaətlə  əlaqəlidir. 

Sonanın  insanlıq  ləyaqətini  təhqir  edən,  onu  mənən  alçaldan,  gənc  ikən  soluxdurub  qocaldan 

erməni məkri, xəyanəti, qəddarlığıdır. Və yazıçı bu obraza qəsdən Sona adı verməklə bir vaxtlar 

Cəfər  Cabbarlının  "1905-ci  ildə"  pyesində  iki  qonşu  xalqın  gələcək  münasibətlərinə  böyük 

ümidlərlə yaratdığı gənc Sona obrazının sonrakı taleyinə işarə edir, faciəvi aqibətdən ibrət dərsi 

götürməyə çağırır.

 

 



 

Yazıçı  İzabelin  qaçqınlarla  görüşü  epizodu  vasitəsilə  xarici  ölkələrin,  beynəlxalq 

təşkilatların  azərbaycanlı  qaçqınlara  münasibəti  məsələsinə  də  aydınlıq  gətirir:  "Əslində,  daha 

belə  görüşlərə  qaçqınların  da  həvəsi  və  deməyə  bir  sözü  qalmamışdı,  çünki  nə  qədər  söz  var 

idisə, bu on-on bir ildə hamısını demişdilər, amma nə olsun? - xaricdən gəlirdilər, baxırdılar, hər 

şeyi öz gözləri ilə görürdülər, başlarını bulayırdılar, hətta, eləsi olurdu ki, bax, bu uzun, kürən qız 

kimi,  gözləri  dolurdu,  elə  bu  qız  kimi  də,  fotoaparatla  şəkil  çəkirdilər,  bloknotlarında  nəsə 

yazırdılar, sonra da çıxıb gedirdilər - nə dəyişirdi?". Odur ki, Məmməd kişinin arvadı Sürəyya 

xala Bakıya gəlib qaçqınların güzəranı ilə maraqlanan İzabel Xanukoffun qabağını kəsərək: "- 



Bura bax, - dedi. - 

Bizə heç nə lazım deyil! Bizə humanitar yardım da lazım deyil! Onu da aparın 

ermənilərə  verin!  Bizə  heç  nə  lazım  deyil!  A  tövbə!  Bizə  Şuşanı  qaytarın!  -  Sonra üzünü 

tərcüməçi qıza tutdu: - Az, tərcümə elə! Nətər deyirəm, elə də tərcümə elə! - Və tərcüməçi qız 

onun söz

lərini tərcümə etməyə başlayanda, beşinci mərtəbədən düşüb uşaqlarla birlikdə xaricdən 

gələn növbəti qonağa tamaşa edən Qalibin - Cümü ilə Sonanın oğlunun - qolundan yapışıb irəli 

çəkdi. - Bax, bu Şuşanı görməyib, burda anadan olub! Bunun vətəni bu yataqxanadı! Yataqxana 

adamın vətəni olar? Yataqxana adamın torpağı olar? - Sonra da aralığın açıq pəncərəsindən əlini 

uzadıb zeytun ağacının altındakı skamyada oturmuş Məmməd kişini göstərə-göstərə əməlli-başlı 

qışqırdı, elə bil, Şuşanı erməni yox, bu uzun, kürən qız onların əlindən almışdı - Odur, bax, - 

dedi,  - 

mənim  kişim  on  ildi  orda  oturub  öz-özü  ilə  danışır!  Nər  kimi  kişi  idi!  Top  atsaydın, 

yıxılmazdı! - Və daha da bərkdən qışqırdı: - Şuşanı qaytar bizə! Şuşanı!... Şuşanı...". Bir sözlə, 

Cümünün  (Cümülərin)  cəhənnəm  həyatı  mənəvi-psixoloji  sarsıntılarla  müşayiət  olunur,  yurd 

dərdi, həsrəti onu (onları) dirigözlü qəbrə sürükləyir.

 

 

 



Beləliklə,  Elçin  öz  hekayəsində  üç  tale  yaşantısı  arasındakı  oxşar  və  fərqli,  əlaqəli  və 

əlaqəsiz,  uyğun  və  ziddiyyətli  vəziyyətləri  üzə  çıxarmağa  imkan  verən  müxtəlif  hadisələri, 

əhvalatları, anları, məqamları təsvir yolu ilə yurd-yurddaş vəhdəti və asılılığına aydınlıq gətirir, 

vətəndaşlıq  problemini  qabardır,  işğalçı  siyasətin  acı  nəticələrini,  ağır  fəsadlarını  üzə  çıxarır, 

Azərbaycan  xalqının  öz  varlığı,  milli  mənliyi,  mənəvi-əxlaqi  dəyərləri  uğrunda  mübarizəsinin 

həyati zərurətini əks etdirir, sərhədsiz dünya birliyinə ümidin özünü doğruldub-doğrultmayacağı 

kimi  qlobal  məsələlər  üzərində  düşünməyə  sövq  edir.  Qarabağın  taleyinin  bu  problemlərdən, 

onların  həllindən  keçdiyini  göstərir  və  buradan  irəli  gələn  bədii  vüsət  əsərin  başlıca  ideya-

məzmun xüsusiyyətini müəyyən edir.

 

 



 

Mehr

əliyev, E. Yazıçının yurd həsrəti: (Elçinin "Qarabağ şikəstəsi" hekayəsi üzərində 

düşünərkən) / E.Mehrəliyev// Azərbaycan. - 2008.- № 5. -S.20-25.



 

Yüklə 119,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə