Yazılmışdır: 1906 1909 Yenidən işlənmişdir: 1917 1920 İlk nəşri: 1969 İlk səhnə quruluşu: 1922 ƏŞxas



Yüklə 284,53 Kb.
səhifə1/3
tarix11.04.2018
ölçüsü284,53 Kb.
#36913
növüYazı
  1   2   3

AFƏT 

Faciə - 4 pərdə 


Yazılmışdır: 1906 - 1909 
Yenidən işlənmişdir: 1917 - 1920 
İlk nəşri: 1969 
İlk səhnə quruluşu: 1922 

ƏŞXAS 


Afət — 33 yaşında, şux, füsunkar bir qadın. 
Özdəmir — 45 yaşında, Afətin əri, mühərrir. 
Alagöz — 18 yaşında, onun qızı, narin vücudlu və solğun. 
Ərtoğrul — 30 yaşında, sadə qiyafətli, pərişan saçlı mühərrir. 
Yavuz — 30 yaşında, Ərtoğrulun arxadaşı, müəllim. 
İlcay — 50 yaşında, Ərtoğrulun anası. 
Xandəmir — 53 yaşında, Ərtoğrulun dayısı, pensneli, çatal saqqallı, maarif müdiri. 
Altunsaç — 22 yaşında, Xandəmirin qızı, şıq, xudkam və məğrur. 
Doktor Qaratay - 35 yaşında, gözəl və qurnaz. 
Oqtay — 28 yaşında, ciddi və səmimi, doktor 
Qaplan — 30 yaşında 
Qorxmaz — 22 yaşında 
Xidmətçi və sairə... 

BİRİNCİ PƏRDƏ 

Süslü bir salon... Sağ və soldakı odalara açılır birər qapı, qarşıda iki böyük pəncərə, gözəl mənzərələr, ilk bahar, məhtablı gecə... 
Pərdə açıldıqda bağçadan gələn incə və həzin bir kaman səsi iki-üç dəqiqə samiələri oxşar. 

Xandəmir (sağdakı odadan çıxar, bağça tərəfindən gələn Afətə). Sizi bəkliyoruz, əfəndim. Nerədə qaldınız? Qızlar nə oldu? 


Afət. Hənuz bağçadan doymamışlar, qonuşub əylənirlər. 
Xandəmir. Bağçamızı nasıl buldunuz? 
Afət. Çox gözəl, çox şairanə... Sizdəki bədii zövqə heç bir deyəcək yox... 
Özdəmir (içəridən bağırır). Xandəmir, Xandəmir!.. 
Xandəmir. Gəldim, əfəndim, gəldim. 
Afət. Yenə Özdəmir nə istəyir? 
Xandəmir. Bir şüşə konyak bitdi, imdi ikincisini istəyirlər. 
Afət. O bu axşam çıldıracaq, ah, kaş ki gəlməyəydim. 
Xandəmir. Zərər yox, dost evidir; nə yaparsa xoşdur. 
Afət. Çox xoş, doktor Qaratay nə oldu? Hənuz gəlmədimi? 
Xandəmir. Klubda imiş, bu saat gəlir. 
Afət. Amma, o da çox nazlanır ha... 
Xandəmir. Əvət, sanki mənim evim klubdan əskik imiş!.. 

(Dışarıdın pəncərə önündən keçib gəlməkdə olan 


doktoru görür.) 

İştə doktor!.. Doktor Qaratay. 


Afət (baxar). Əvət, nəhayət gəldi çıxdı. 
Doktor (yarımsərxoş, şad və məmnun daxil olur). Axşamlar xeyir, əfəndim. 

(Afətin əlini öpər, Xandəmirlə əl verir.) 

Xandəmir. Xoş gəldiniz... (Yarım qəhqəhəylə.) Fəqət mən söz saxlayamam, gecikdiyiniz üçün sevgili Afəti çox darıltmışsınız... Bilməm, sizdə nə görmüş ki, əsla ayrılığınıza dayanamayır. 
Doktor. Təbii, mən nə qədər pərəstişkar isəm, o da o qədər lütfkardır. 
Xandəmir. Hər halda, üzr istəməlisiniz. 
Doktor. Şübhəsiz, əfv edərlər... Əcəba, müsafirlərdən kim var? 
Afət. Sizdən başqa hər kəs... 
Özdəmir (içəridən bağırır). Xandəmir, Xandəmir!.. (Qəhqəhə.) 
Xandəmir. Gəlirəm, gəlirəm. (Afətə.) Mənə müsaidə (sol odaya keçər.) 
Afət. Xandəmir gerçəkdən çox yaxşı, çox sıcaqqanlı adam... Azacıq abdal isə də yenə özünü sevdirə bilir. 
Doktor. Şaka deyil a! Hərif bir şey bilmədiyi halda maarif müdiri... Gənc olmadığı halda xovarda, az bir maaşla çox zəngin... Daha nə istərsən. Bütün arxadaşları arasında “Müsyo Fırıldaq” deyə şöhrət bulmuşdur (Sərxoşca qəhqəhəylə). Məncə, ona “Cahil bilgic” denirsə, daha xoşdur. 
Afət. Aman, sus! Görünür azacıq sərxoşsan. 
Doktor (yarım qəhqəhəylə). Sərxoş idim, fəqət ayıldım. 
Özdəmir (içəridən şiddətli qəhqəhəylə). Xandəmir!.. 
Doktor. İştə onun səsini eşitdim də ayıldım. Əvət, kölgəndən ayrılmaz ərinin səsi, Özdəmir bəyin nərəsi məni ayıltdı. 
Afət (süzgün baxışla). Qaratay!.. 
Doktor (onun əllərini yaxalar). Afət!.. 

Bu sırada Afətin əlindəki ufaq bir mənəkşə dəmətciyi yerə düşər. Doktor dərhal alıb təqdim edər. 

Afət. Bu mənəkşələr heç sənin əyilmənə dəyərmi? 
Doktor. Ah, mən mənəkşəyi çox sevərəm. Çünki, o çox mənalı, çox müəmmalı bir çiçək... Hələ sənin nurdan tökülmüş əllərini, lətif köksünü öpdükləri üçün pərəstiş edərəm. 
Afət (incə qəhqəhəylə). Bu gün səndə, sənin hər halında dəlicə bir həyəcan görürəm. 
Doktor. Zatən, sənin könlünü bulmaq, sənin məhəbbətinə nail olmaq hər məcnunu aqil, hər aqili məcnun edə bilər. 
Afət (şux qəhqəhələrlə). Ah, bu yalan nəvazişlər, bu yaldızlı pərəstişlər!.. (Sükut.) Haydı, gəl bağçaya enəlim. Özdəmir bizi bir yerdə görərsə, haman çıldırıb durar. 

Bağçaya doğru getmək istərlər, Altunsaç ilə Alagöz qarşılarına çıxar. 


Birincinin əlində kaman, ikincinin əlində isə bir şer məcmuəsi bulunur. 

Doktor. İştə Altunsaç ilə Alagöz! 


Afət. Əvət, iki gövərçin, iki mələkciyəz! 
Doktor. Biri musiqi pərisi, digəri şer ilahəsi!.. 
Afət. Həm də bir-birindən gözəl, bir-birindən dilbər!.. 
Doktor (qızlara). Haydı, bir daha bizimlə bərabər bağçaya enəlim, olmazmı? 
Altunsaç. Siz buyurun, biz də sonra gələriz. 

Bu sırada Özdəmirlə Qaplan sağ tərəfdəki odadan çıxarlar. Özdəmir son dərəcə sərxoş, səndələyərək Qaplanın qoluna taxılmış. 

Afət (bağçanı göstərir). Xayır, imdicə bərabər gedəlim. 
Xandəmir (əlində iki şüşə konyak gəlir, Afətə). Nerəyə, canım, bu olur şeymi ya?! Qadınsız bir məclis gülsüz bahara, bülbülsüz çəmənzarə bənzər. 
Doktor. Gerçəkdən, qadın — həyat, həyat isə qadın deməkdir. 
Özdəmir (sürəkli və istehzalı qəhqəhələrlə gülər, dürlü hərəkətlər və əl işarətlərilə). Əvət, qadın hər şeydir. O gah bir çiçək... gah bir kələbəkdir. O həm bir mələk, həm də... bir ördəkdir. 

Hər kəsdə böyük nifrət və şaşqınlıq... 

Xandəmir. Özdəmir! Nə söylədiyini düşünürmüsən? 
Özdəmir (təkrar laübali qəhqəhələrlə). Əvət, düşünürəm. Qadın çox körpə ikən tazə bir çiçək, sonra şətarətli bir kələbək, daha sonra füsunkar bir mələkdir. Yalnız bəziləri, əvət, bəziləri isə çamurlarda gəzən bir ördək, azğın və hərcayi bir ördəkdir. 
Afət. Ah! (Deyə mütəəssir bir halda geri çəkilir. Doktor Qaratay düşəcək zənnilə onun qolunu tutar.) 
Özdəmir (acı qəhqəhələrlə). Ah, bəxtiyar doktor! Sənə, sənin gözəl taleyinə qibtə edirəm. 

Xandəmir. Gəl, canım, gəl!.. Sən artıq saçmalayırsan. Gəl, gedəlim bir az şahmat oynayalım. 


Özdəmir (Afəti yarım baxışla süzər, mənalı bir qəhqəhəylə). Mən çoxdan mat olmuşam. 
Xandəmir. Gəl baxalım, gəl bir daha qədəh-qədəhə vuralım. 

Sağda odaya keçərlər. Qaplan ilə Altunsaç da onları izlər. 

Alagöz. Ah, zavallı babacığım!.. 

(Mütəəssir və müştəki baxışlarla Afəti süzərək 


içəri girər.) 

Afət (acı təbəssümlə doktora). Görürmüsən? Alagöz belə bu miskin hərifə acıyır. Fəqət məni, mənim talesizliyimi əsla düşünməyir. 


Doktor. Əgər birisi özünü düşünməz, özünə acımazsa, başqalarından nə uma bilər? Məncə, əsl qəbahət səndə... Əvət, siz qadınlar ayaqlarınıza qapananları təhqir edərsiniz, sizi təhqir edənlərin ayaqlarına qapanarsınız. 
Afət. Çəkdiyim üzüntülər yetişir, rica edərəm, sus!.. 
Doktor. Xeyr, bu işə bir nəhayət verməli... Ya o, ya mən!.. Başqa dürlü olamaz. 
Afət. Səndən, səndəki eşqin əbədiyyətindən əmin ola bilsəm... 
Doktor (onun əlini yaxalar). Afət! Nə demək istəyirsən? 
Afət. Mən bütün mənliyimi, bütün həyat və səadətimi yoluna fəda etməyə hazıram. Hətta, sənin uğrunda cinayətdən belə çəkinməm. Ancaq bu qədər var ki, aldadılmaq istəməm, aldandığımı duysam, məhv olaram. Həm də çox kinliyəm, anlayırmısan? Məni aldatmaq istəyənləri əsla əfv etməm. İki gözüm olsa belə, intiqam alıram, intiqam!.. Əvət, mən çox kinliyəm. Məni təhqir edənlər Əzrailin qucağına atılmış olurlar. 
Özdəmir (içəridən bağırır). Afət! Gözəl mələyim!.. Afət, nazlı ördəyim... (Şiddətli qəhqəhə.) 
Doktor. Ah, rəzil!.. Dəmin əxlaqsız qadınları çamurlarda sürünən ördəyə bənzətmişdi, imdi də səni o adla çağırır. 
Afət (doktora sarılaraq). Aman, mənə mərhəmət... Mərhəmət eylə də məni qurtar. Of! Bir çarə, bir əlac, bir zəhr, bir atəş bul ki, özümü məhv edəm də, bu qaba və çirkin səsi bir daha eşitməyim. 
Doktor (cibindən ufacıq bir şüşə çıxarır, mənalı bir tərzdə). Əlac hazır... Fəqət xanımlar üçün deyil, yalnız erkəklərə məxsusdur. 
Afət (şüşəni alıb cibinə qoyur). Zərər yox ki, ilk öncə onu məhv eləyərəm. Sonra duyulursa, özüm də o yolu izlərəm. 
Doktor. Heç təlaş etmə! Bu öylə bir əlac ki, ancaq on dəqiqə sonra icrai-təsir edər. Həm də kimsə bir şey duymaz. Yalnız burada hər acıya dayanmalı və bu ilacı evinizdə içirməlisən. 
Alagöz (sarsılmış bir halda gəlir, Afətə sarılaraq). Ah, annəciyim! Gedəlim, evimizə gedəlim. 
Afət. Neçin, Alagöz? Nə olmuş? 
Alagöz. Babamın halı çox fəna!.. Ayaqda duramır, söylədiyini bilmir. 
Afət. Yaxşı, yavrum, gedəlim. O səni də məhv edəcək, məni də. 

Sağdakı odaya keçərlər. Bu sırada Ərtoğrul ilə Yavuz sol tərəfdən çıxar. 



Ərtoğrul. Ah, bu Alagöz nə qədər lətif, nə qədər məsum bir sima! 
Yavuz. O nə qədər məsum isə, Afət də, bu işvəkar qadın da bir o qədər təhlükəlidir. 
Ərtoğrul. Təhlükəli olsa da, ləkəli deyil... 
Yavuz. Əmin ol ki, Özdəmiri səfil edən həp Afətdir, həp onun oynaqlığıdır. 
Ərtoğrul. Fəqət Afəti uçurum qarşısında bulunduran da Özdəmirin sərxoşluğu, Özdəmirin sərsəriliyi olsa gərək... 
Yavuz. Sən Afəti eyicə tanımırsan? 
Ərtoğrul. O bu şəhərə gələni çox deyil... Eşitdiyimə görə, kübar və alafranqa bir ailəyə mənsub imiş. Fəqət böyük bir fəlakət birdən-birə evlərini söndürmüş, var-yoxları əldən çıxmış, babası fəqir düşüncə qızını Özdəmirə vermiş... Bu hərif də gündən-günə puslayı şaşıraraq ailəsini düşünməz olmuş... İmdi hər gün bir oteldə sərxoşca vaxt keçirir. Evə gəldiyi zamanlarda Afəti çox qabaca təhqir edirmiş... Təbii, Afət də bu qabalığa dayanmıyaraq, ondan soyuyacaq və get-gedə Qaratay kimi macəraçılara isinməyə məcbur olacaq... 
Yavuz. Ah, bu qadın öylə bir atəş ki, öylə bir alov ki, yalnız qocasını, qızını deyil, (özünə işarətlə) hətta bu talesiz Yavuzu da yaxır, məni də qəhr edib bitirir. 
Ərtoğrul. Yaxşı, səni neçin? 
Yavuz. Çünki Alagözü sevirəm, həm də həyatım qədər sevirəm. Halbuki, anası bütün ümidlərimi qırır, bütün düşüncələrimi alt-üst edir. 
Ərtoğrul. Mənə qalırsa, Afət ilə Alagöz, ana ilə qız olmaqdan ziyadə iki həmşirəyi andırır. Daha doğrusu, həmşirə də deyillər... Çünki aralarındakı fərq yaşca nə qədər kiçiksə, sima və təbiətcə bir o qədər böyükdür. Hər halda, bu məsələdə anlaşılmaz bir nöqtə var. 
Yavuz (sağ qapıya baxar, təbəssümlə). İmdilik mən çəkilim. 
Ərtoğrul. Neçin, nə oldu? 
Yavuz. Çünki nişanlın gəlir. Həm də nə qədər əzəmətli, nə qədər məğrur!.. 
Ərtoğrul (baxar). Altunsaçmı?.. Çox xoş, onun nişanlım olduğunu kimdən eşitdin? 
Yavuz. Səndən başqa hər kəsdən. 
Ərtoğrul. Fəqət hənuz ortada rəsmi bir şey yox. 
Yavuz. Bu gün olmasa da, yarın olar. (Sol qapıdan çıxır.) 
Altunsaç (gəlir). Ərtoğrul! İmdiyə qədər nerdə idin? 
Ərtoğrul. Bağçada səni arayırdım, bir kələbək kimi səni güllərə, çiçəklərə sorurdum. 
Altunsaç (incə qəhqəhələrlə). Xeyr, sən məni güllərə, çiçəklərə deyil, yalnız bitməz-tükənməz fəzalara, fəzalardakı ulduzlara sormalısan. Daha açıq söyləyimmi?.. (İstehzalı təbəssümlə.) Sən məni fəzalara sığmayan qəlbində aramalı, dühalar izləyən ruhunda bulmalısan. 
Ərtoğrul. Altunsaç, mən sənin hər sözünü yuxarıdan enən xitablar kimi müəmmalı deyil, yalnız çocuqca təbəssümlər kimi sadə və məsumanə görmək istəyirəm. 
Altunsaç (yarım qəhqəhədən sonra sərt və qartalca bir baxışla). Sənin əlbisə və qiyafətin kimi sadə, deyilmi? 
Ərtoğrul. Altunsaç, ah, Altunsaç! Sən mənə gülürsən, mənim qiyafətimlə əylənirsən. 
Altunsaç. Xeyr, mən sənə gülmək üçün deyil, yalnız gülməkdən zövq aldığım üçün gülürəm. 
Ərtoğrul. Fəqət sən bu gülüşlərdən zövq alırkən, başqalarını zəhərlərsən. 
Altunsaç (şux qəhqəhələrlə). Açıq söyləyimmi? Əzizim, sən... çocuqsan. 
Ərtoğrul. Bu söz lətifə olsa belə, bir həqiqətdir. Çünki çocuq olmasaydım, bu qiyafətlə sənin kimi bir əzəmət və ehtişam heykəlinə uymazdım. 
Altunsaç. Fəqət səndə, sənin alovlu gözlərində, kəskin baxışlarında öylə bir əzəmət var ki, yalnız mən deyil, hər kəs o qüvvətə qarşı kiçilir, kiçilməyə məcbur olur. 
Ərtoğrul. Ah, sənin kiçilməndə də bir böyüklük var. 
Altunsaç. Əvət, böyüklər kiçikləri böyük görmək istər, kiçiklər isə böyükləri kiçiltməklə təsəlli bulur. 
Qaplan (nəşəli və yarımsərxoş bir halda sağ odadan çıxar). Dram, ram, ram... dara, ra, ram, ram... (Deyə əlindəki kamanın tellərini səsləndirir və Altunsaça təqdim edər.) Müsaidənizlə, bu sarı tellər çırpınaraq, inləyərək, sızlayaraq sizə yalvarır... Pənbə, lətif barmaqlarınızı öpmək istəyir. 
Altunsaç (kamanı alıb bir tərəfə buraxır). Bağışlarsınız, çox yorğunam. 
Qaplan. İştə yorğunluğu çıxaran şeylərdən biri də musiqidir. 
Altunsaç. Fəqət o təsəlli çalanlar üçün deyil, dinləyənlər üçündür. 
Qaplan (kamanı alaraq). Aman, rica edirəm. 
Altunsaç. Bir az sonra olmazmı? 
Qaplan. Xeyr, bəkləməyə imkan yox... Of, mən musiqiyə pərəstiş edirəm. (Altunsaçın barmaqlarını göstərir.) Hələ bu sehirli barmaqların rəqsini seyr ilə keçirdiyim dəmlər, ən xoş dəmlərdir. Xoş dəmlər isə bir an fövt edilməməlidir. 

Bu sırada Yavuz da gəlir. 

Altunsaç. Fəqət sən də şərqi söyləmək şərtilə... 
Qaplan (sağ qapıya doğru yürür). Çox gözəl, haydı baxalım. 
Altunsaç. Xeyr, mən qalabalıqdan xoşlanmam. Burası daha eyi deyilmi ya? 
Ərtoğrul (kinayəli təbəssümlə). Məncə, bağça həpsindən şairanə və asudə bir yer. Həm də təbiət sizin musiqi və şərqilərinizi öpərkən, siz də akasiya çiçəklərinin xəfif və gözəl qoxularını əmərsiniz. 
Altunsaç. Çox əla! (Yavuzla Ərtoğrula.) Siz getmirsiniz? 
Ərtoğrul. Xeyr... 
Altunsaç. Bizi rədd edirsiniz, öyləmi? 
Ərtoğrul. Buradan dinləriz, olmazmı? 
Qaplan (məmnun bir tövrilə). Əvət, musiqi və şərqi uzaqdan daha xoş gəlir. (Altunsaç ilə bərabər bağçaya gedərlər.) 
Yavuz (Ərtoğrula). Mənə bax, sən Altunsaçla əylənərsən; fəqət bu xoş bir iş deyil, doğru gediş deyil və bu yolun sonu uçurumdur. 
Ərtoğrul. Nə olursa-olsun, artıq usandım. Bu çocuqca nazlar, bu mənasız ədalar insanı bıqdırır. 
Yavuz. İştə bu da aranızdakı sevginin böyüklük və kəskinliyinə bir əlamət!.. Sən çox qısqanc və sinirlisən; eyni zamanda soyuqqanlı görünürsən, yaxud öylə görünmək istəyirsən. Halbuki, çox sürməz də bir gün quşu uçurmuş, ovu qaçırmış olursan. Əvət, arslanların saymazlığı şikarı tülkülərə qapdırır. 

Bu sırada kamanın səsi, Qaplanın şərqisi ətrafa dalğınlıq saçar. 

Şərqi: 

Dün sıtmalı ruhum anıyorkən səni, birdən 


Xülyalərə, sevdalərə daldım, gözəlim, mən. 
Pürnəşə könül aləmi-lahutə uçarkən, 
Gördüm səni röyadə ipək tüllər içində... 

Bir şeri-səmavi kimi ağuşuma gəldin, 


Gülbusələr ithaf ediyordun mənə... Lakin 
Röya kimi nagah süzülüb cismi-lətifin 
Qeyb oldu bəyaz, pənbə, qızılgüllər içində... 

Yavuz. Dinləyirmisən? 

Ərtoğrul. Əvət, dinləyirəm. 
Yavuz (istehzalı təbəssümlə). İştə gülbusələr, ipəkli röyalər, xülyalər və sevdalərdən bəhs edilir. 
Ərtoğrul (sinirli). Anlayıram, əvət, anlayıram. 
Yavuz. Yalnız anlamaq yetişməz, anlatmaq da lazım... 
Ərtoğrul. Kimə anlatım, kimə?! Qaplan sayğısız bir odun parçası, Altunsaç da məğrur bir qaraquş yavrusu... 
Yavuz. Çox xoş o halda? 
Ərtoğrul (son dərəcə sinirli). Burax, allah eşqinə, yetişir... 

Sükut... Altunsaçla Qaplan gəlir. 

Xandəmir (çıxar, Altunsaça). Nerdəsən, qızım? Heç bu olurmu ya? Alagöz sənə müsafir gəlmiş, halbuki, sən onu yalnız buraxırsan. 
Altunsaç (gülərək babasilə sağ odaya keçər). Məndə qüsur yox, babaciyim, bu xüsusda Qaplan çox qəbahətli... 
Qaplan (Yavuzla Ərtoğrula). Yenə nə olmuş? Çox qəsvətli görünürsünüz. 
Ərtoğrul (sarsılmış bir halda). Mənə bax, sən nə yapırsan? Nə yapmaq istəyirsən? 
Qaplan. Sözlərini anlamıram. 
Ərtoğrul (acı təbəssümlə). Burada anlaşılmaz bir şey yox... 
Qaplan. Nə demək istədiyini bilsəydim... 
Ərtoğrul (birdən-birə hiddətlə). Ah, sən çox sapğın, çox azğın bir hərifsən, sən xain bir xırsızsan, sən cani və qatilsən... 
Qaplan. Xırsızmı, qatilmi? (İstehzalı qəhqəhələrlə.) Qaliba, çıldırırsan. 
Ərtoğrul (daha qızğın). Əvət, xırsız, həm də xain bir xırsızsan. Çünki mənim qayei-əməlimi, müqəddəs heykəlimi kirli əllərinlə qırıb parçalayırsan, çünki Altunsaçın könlünü çalırsan. Əvət, sən qatil, həm də ən vəhşi bir qatilsən; çünki canavarca hərəkətlərinlə hər an qəlbimin birər parçasını gəmirirsən; beynimi yaxıb da, köksümü didməyə çalışırsan. 

Bu gurultuya içəridəkilər salona keçərlər. 

Qaplan (istehzalı təbəssümlə). Mən yenə təkrar edirəm, sən çıldırırsan. (Cibindən revolverini çıxarır, gurultulu bir ahənglə.) İştə sənə ən parlaq və kəskin bir cavab!.. (Nişan almaq istər.) 
Yavuz (silahı əlindən alır). Nə yapırsan? 
Ərtoğrul. Məni qorxutmaqmı? (Qızğın və acı qəhqəhəylə.) Nə böyük cəsarət! 
Altunsaç. Nə var yenə, nə olmuş? 
Ərtoğrul. Heç, Altunsaç, heç!.. 
Altunsaç (şux qəhqəhələrlə). Fəqət bu nasıl heç? 
Ərtoğrul. Ah, o öylə bir heç ki, mənim bütün mənliyim, bütün səadət və diriliyim o heçdən, o mövhum teldən asılıdır. İştə Qaplan o teli gəmirir, sən də qəhqəhələrlə seyr edirsən. 
Qaplan (heyrətlə). Fahiş bir iftira, müdhiş bir iftira... 
Altunsaç. Ərtoğrul! Sən hər şeyi qüruni-vüstada yaşar kimi düşünürsən... Halbuki, darülfünun gördün! 
Ərtoğrul. Nə yapım ki, mən darülfünundan yalnız bir qasırğa kimi keçdim. Onun üçün qüruni-vüstada yaşar kimi düşünürəm. Hala, əski qafa ilə düşünürəm, hənuz bir dürlü yeniləşmədim. 
Özdəmir (sərxoşca istehzalı qəhqəhələrlə). Fəqət mən... mən isə yeniləşdim; əski qafamla bərabər yeniləşdim; daha doğrusu, məni yeniləşdirdilər. Sevgili rəfiqəm, bu gözəl Afət məni yeniləşdirdi. İştə onu da bu doktor, doktor Qaratay yeniləşdirmiş!.. (Qəhqəhə.) Əvət, o yeniləşdirmiş... 
Ərtoğrul. Sən abdalsan. 
Özdəmir. Fəqət sən!.. Sən də... dəlisən (qəhqəhə). 
Afət. Özdəmir! Nə söyləyirsən? 
İlcay. Oğlum, nə yapırsan? 
Xandəmir (Özdəmirə işarətlə, yarım sərxoş). Onda spirto sərsəmliyi, (Ərtoğrula) səndə də gənclik sərxoşluğu var. O söylədiyini bilməz, sən də bilmədiyini söylərsən. İştə Amerika şairlərindən məşhur Lev Tolstoy deyir ki: “Məhəbbət bir bəla şeydir, giriftar olmayan bilməz” (Hər kəsdə qəhqəhə.) Demək ki, Özdəmir Afətə, sən də Altunsaça o qədər vurulmuşsunuz ki, hər sözdən bir məna, hər heçdən bir müəmma çıxarırsınız. 
Özdəmir (istehzalı və laübali qəhqəhələrlə). Çox doğru, əfəndim, çox doğru!.. (Qəhqəhə). Əvət, Amerika şairi Lev Tolstoy!.. Maarif müdiri Xandəmir... (Qəhqəhə.) 
İlcay (Xandəmirə). Aman, qardaşım, sən söylə, yoxsa bunlar qızışsa, keyfimizə su qatarlar. 
Xandəmir. Hətta məhəbbət öylə bir alov ki, bir kərrə insanın qəlbini sardımı, ölüncəyə qədər sızladıb durur... Fars tarixşünaslarından Əbu Əli Sina deyir ki: “Mən hər, hər dərdə əlac buldum da, yalnız eşqə, məhəbbətə bir çarə bulmadım”. 
Özdəmir (kinayəli qəhqəhə ilə). Əvət, eşq, məhəbbət... Fars tarixşünaslarından Əbu Əli Sina!.. Maarif müdiri Xandəmir!.. (Qəhqəhə). 
Alagöz (yarım səslə Afətə). Mən gedirəm, annəciyim! 
Afət. Neçin, yavrum? 
Alagöz. Heç özüm də bilmirəm. 
Afət. Azacıq bəklə, bərabər gedəlim. 
Alagöz. Xeyr, bəkləməm. 
Afət. Çox gözəl, sən get, mən də imdi gəlirəm. 

Alagöz məhzun addımlarla çıxar; Ərtoğrul da sinirli baxışlarla onu 


izləmək istər. 

İlcay. Nerəyə, oğlum? 


Ərtoğrul. Dəlixanəyə. 
İlcay. Nə demək, dəlixanə buradan eyimi? 
Ərtoğrul (İlcaya xüsusi). Əlbəttə... özləri bilməsə belə, ordakıları hər kəs dəli tanıyır. Fəqət bunlar, bu zəncirsiz divanələr isə, nə özləri kim olduğunu bilirlər, nə də ətrafdakılar. 
İlcay. Bir az daha bəklə, nə olur. (Xandəmirə işarətlə.) Başın üçün, dayın darılır. 
Ərtoğrul (sinirli). Darılsa da, gedəcəyəm, darılmasa da... Məndə kiralıq qulaq yox... Hər saçmayı dinliyəməm. 

(Salonu tərk edər.) 

Xandəmir. Yahu, bunlar nə olur? Həp birər-birər sovuşub qaçırlar. 
Özdəmir. Çünki bu məclisdəki zövqü duyamayırlar, bu söhbətlərdəki incəliyi anlayamırlar... (Müstəhzi qəhqəhə.) Alagöz mənim qaba hallarımdan ürküb qaçdı; Ərtoğrul da sənin dərin fəlsəfələrindən (Qəhqəhə.) 
Xandəmir. Ah, bu gənclər, bu dəliqanlılar həp böylə... həpsi xırçın və sinirli! Halbuki bu hallar bizim kimi tərbiyəli və münəvvər ailələrə əsla yaraşmaz. 
İlcay. Çocuqluq, həp çocuqluq... 
Xandəmir (qafasını oynadaraq). Nə isə, buyurun, kefimizə baxalım. 
Özdəmir. Mən buracıqda bir qədəh şərab içmədikcə getməm. 
Xandəmir. Bu saət, söyləyim, gətirsinlər. 
Özdəmir (Afəti süzər, məmnun bir qəhqəhəylə.) Xayır, mən fəqət gözəl Afətin, sevgili Afətin əllərindən içmək istərim. 
Afət. Çox yaxşı, qalx, gedəlim də, içəlim. 
Özdəmir. Xayır, burada, yalnız buracıqda... 
Altunsaç. Mən gətirsəm, olmazmı? 
Özdəmir. Əsla! Sən yalnız Ərtoğrula içirməliydin. (Qəhqəhə.) 
Altunsaç. Əfsus ki, o, spirtolu içkiləri və içənləri görmək belə istəmir. 
Özdəmir (qəhqəhə). İştə o da bir növ sofuluq, o da bir növ dəlilik (Afətə.) Haydı, gözəlim, bir qədəh şərab... 
Afət. Yaxşı, gətirəlim, sən inadından vaz keçmiyəcəksən. 

(Sağ odaya keçər.) 

Özdəmir (laübali qəhqəhələrlə). Dəmin söylədim ya, mən yeniləşdim; hər xüsusda yeniləşdim; fəqət iki şeydə deyil: biri əski şərab, biri də əski əhbab!.. (Qəhqəhə.) Doktor Qaratay yenilərdənsə də, şübhəsiz, bir gün o da əskiləşər, o da öz qiymətini bular. (Qəhqəhə.) 
Afət (bir qədəh şərab gətirir). Buyurun, əfəndim! 
Özdəmir (qalxıb qədəhi alır). Nasıl! Əfəndimi?.. (Qəhqəhə.) Halbuki, mən sənin ən aciz qullarından, ən dəyərsiz kölələrindən biriyəm. 
Xandəmir. Baxalım, kimin şərəfinə içəcək. 
Özdəmir. Mən bu mümtaz qədəhi yalnız qaranlıqlar və işıqların, yerlər və göylərin, bütün mühit və kainatın şərəfinə içirəm. Çünki onlar, onların cümləsi həmahəng olaraq (Afəti göstərir) bu fövqəladə, bu müstəsna vücudu bəsləyir. Əvət, bu gözəl və füsunkar Afətə qarşı əyilir. Hər kəs onu sevir və alqışlayır. (İçir, məclisdəkilər əl çalır.) 
Xandəmir. Yaşasın gözəllik! Var olsun Afət... 
Özdəmir (məmnun bir tövr ilə Afətə). Ah, bu şərab əvvəlkilərə heç bənzəmir, iştə sənin əlini öpər-öpməz dadı dəyişir, o da başqalaşır, o da gözəlləşir. (Hər kəs sağ odaya keçər). 
Afət (ən arxada qalan doktora). Sən get, daha durma!.. 
Doktor. Neçin? 
Afət. Çünki zəhri içirdim. (Müsafirləri izlər.) 
Doktor (təlaş ilə). Ah, neçin əcələ etdin... (Saatına baxır.) 
Xandəmir (geri dönər). Neçin gəlmirsən? 
Doktor (onun əlini sıxır). Müsaidənizlə, getmək istəyirəm. 
Xandəmir. Gəl, canım, şaşırdınmı? 
Doktor. Çox mühüm işim var. 
Özdəmir (içəridən). Doktor!.. Doktor Qaratay!.. 
Xandəmir. Bax, iştə səni arayırlar. 
Doktor. Xeyr, əfəndim, getməliyim. 
Özdəmir (əlində konyak dolu böyücük bir qədəh gəlir). Doktor! Doktor Qaratay!.. İştə bu da sənin şərəfinə... 
Doktor. Aman, nə yapırsan? Heç bu qədəhlə konyak içilirmi? (Mane olmaq istər.) 

Özdəmir (zəif və acı qəhqəhə ilə). İçilir, əvət, içilir... var ol! (İçər və qədəhi bir tərəfə ataraq.) Ah!.. (Deyə düşü verir.) 


Xandəmir (içəriyə). Limon gətirin, limon!.. 
Doktor (köksünü dinlər). Heç bir şey lazım deyil, artıq keçmiş. İştə qəlb xəstəliyi zavallını bitirdi... 
Afət (əlində bir parça limon gəlir). Nə oldu? Bayıldımı? 
Doktor. Əvət, bayıldı, fəqət bir daha ayılmamaq üzrə bayıldı. 

Sükut... 

PƏRDƏ 

İKİNCİ PƏRDƏ 



Ərtoğrulun evi. Hovuzlu, ağaclı, çiçəkli bir bağça... İlk baharın son 
günləri, gündüz. 

İlcay (balkona çıxar, çiçəkləri sulamaqda olan xidmətçiyə). Mənə bax, Ərtoğrul nerdə? 


Xidmətçi. İmdi bağçaya doğru getdi. 
İlcay. Soyuq alar da yenə xəstələnər; haydı, qoş da onu çağır. 
Xidmətçi. Yaxşı, baş üstə... 

Gedər, bu sırada Yavuz gəlir. 

İlcay. Söylərsən ki, Yavuz da gəlmiş, onu bəkləyir. 
Yavuz. Kimi çağırır, Ərtoğrulumu? 
İlcay. Əvət. 
Yavuz (İlcay ilə əl verir və hovuz kənarındakı sıraya oturur). Görünür ki, bu gün əhvalı daha eyi... 
İlcay. Xeyr, biləks, daha qorxunc, daha bərbad... 
Yavuz. Neçin böylə söyləyirsiniz? 
İlcay. Neçinmi, imdi gəlir də görərsiniz. Kaş ki Xandəmirin evinə, o mənhus ziyafətə getmiyəydik. Kaş ki o uğursuz gecəni görməyəydik. İştə tam bir aydır ki, onun bəlasını çəkirik. Hələ Altunsaçın hərəkətini, Özdəmirin fəlakətini, mümkün deyil, bir dürlü unudammır. Ah, bəzən də unudur, hər şeyi unudur, hətta, özünü də unudur. 


Yüklə 284,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə