Yeni informasiya texnologiyalarının öyrənmə prosesinə tətbiqində müəllimin rolu



Yüklə 38,99 Kb.
tarix26.09.2017
ölçüsü38,99 Kb.
#1561


Yeni informasiya texnologiyalarının öyrənmə prosesinə tətbiqində müəllimin rolu
XXI əsrdə insan və cəmiyyətin inkişafının əsas resursunu informasiya təşkil etdiyi bir dövrdə təhsildə informasiya texnologiyalarının tətbiqi təhsilverənlərin və təhsilalanların insan kapitalı kimi inkişafı üçün əsas istiqamətlərindən biridir. Məlumdur ki, İKT-dən istifadə etməklə müasir və interaktiv təhsil modelinin həyata keçirilməsi məktəbin və müəllim heyətinin qarşısına yeni tələblər qoyur. Pedaqoji heyətin İKT savadlılığını artırmadan, təlim-tədris prosesinə innovativ yanaşmasını formalaşdırmadan İKT-nin təhsil sisteminə səmərəli tətbiqinə nail olmaq qeyri- mümkündür. Bütün müasir dövrün tələblərindən irəli gələn dəyişikliklərin məktəblərdə uğurla və səmərəli tətbiq edilməsi avtomatik olaraq müəllimin də tədris prosesinə fərqli yanaşmasını zəruri edir. Bu səbəbdən də müəllimlərin İKT bacarıqlarına yiyələnməsi, tədris prosesində İKT bacarıqlarından pedaqoji alət kimi istifadə etməsi artıq zəruri prosesdir.

Müasir müəllim:



  1. şagirdə öyrənmə yollarını öyrətməli, onlarda sərbəst olaraq onun üçün lazım olan informasiyanı düzgün mənbələrdən və vaxt itkisinə yol vermədən axtarmaq, tapılmış informasiyanı sistemləşdirmək və özü üçün daha yararlı informasiyaları seçmək, seçilmiş informasiyaları analiz etmək və əldə edilmiş informasiyanı özününküləşdirərək məsələyə şəxsi münasibətini bildirmək bacarığı formalaşdırmalıdır;

  2. şagirdə özünə inam hissini aşılamalı və auditoriya qarşısında öz fikirlərini sərbəst təqdimetmə bacarığı formalaşdırmalıdır;

  3. istənilən fənnin tədrisində yuxarıda sadalananların həyata keçməsi üçün şagirdləri daim yeni informasiya texnologiyalarından istifadəyə yönəltməlidir.

Yeni informasiya texnologiyaları olduqca geniş anlayışdır. Qısaca desək, informasiya texnologiyaları texniki və proqram təminatlarından istifadə etməklə (film, təqdimat, səsyazısı, kompüter, telekommunikasiya vasitələri, internet və s.) informasiya ilə iş bacarıqlarını özündə əks etdirən pedaqoji texnologiyadır. (Sitat: V.İ. Zaqyavinski - pedaqoji elmlər doktoru, Rusiya Elmlər Akademiyasının üzvü). Ümumiyyətlə, təhsilin informasiyalaşdırılmasının əsas məqsədi, nəinki şagird və pedaqoqlar, eyni zamanda cəmiyyətin bütün üzvləri üçün bütün elmi, mədəni, tarixi məlumatlara və tədris materiallarına sərbəst çıxışı təmin etmək, insanlara istənilən mövzuda saysız hesabsız informasiya mənbələri və öyrənmə metodları təklif etməklə onlarda sərbəst və fasiləsiz öyrənmə bacarıqları aşılamaqdır.

Deməli, müəllimin yeni rolu bilavasitə şagirdin öyrənmə prosesinə nəzarət etmək və onu düzgün istiqamətləndirməkdir. Bu mexanizmi səmərəli şəkildə icra etmək, şagirdlərə müxtəlif informasiya mənbələri və öyrənmə metodları təklif etmək üçün müxtəlif fənn müəllimlərinin özləri İKT-dən istifadə bacarıqlarına malik olmalı və şagirdlərdə də informasiya texnologiyalarından təlim-tədris prosesində istifadə vərdişi yaratmalı, informasiya texnologiyalarını tədris alətinə çevirməlidirlər.



İndi isə gəlin İKT-dən istifadənin pedaqoji məqsədlərinə daha diqqətli nəzər salaq:

  • Öyrənənin (öyrənən dedikdə şagird, müəllim və ya öyrənmə prosesinə cəlb olunan istənilən şəxs nəzərdə tutulur) informasiya cəmiyyətində faydalı fəaliyyətə cəlb olunması üçün fərdi inkişafını təmin edir.

  • Düşünmə qabiliyyətini, tənqidi, məntiqi və yaradıcı təfəkkürü inkişaf etdirir;

  • Öyrənənin müxtəlif psixologiyalı insanlarla ünsiyyətini təmin edərək, onun ünsiyyət-kommunikativ bacarıqlarını daha da inkişaf etdirir və ünsiyyət zamanı qarşıya çıxan müəyyən komplekslərdən azad olmaq üçün şərait yaradır;

  • Müxtəlif sahələr üzrə elmi axtarış və tədqiqat bacarığını inkişaf etdirir;

  • Çətin və problemli situasiyalarda vəziyyəti analiz edərək çevik qərar qəbul etmək bacarığına yiyələndirir;

  • İnformasiya mədəniyyətini formalaşdırır.

  • Öyrənən informasiya cəmiyyətinin tələblərinə cavab verir.

  • Öyrənəni sərbəst idrak fəaliyyətinə cəlb edir;

  • Öyrənəni sağlam rəqabətə hazırlayır;

  • İKT-dən məqsədli surətdə istifadə edən mütəxəssislər hazırlayır.

  • Təlim və tədris prosesini daha da dərinləşdirir və intensivləşdirir.

  • İdrak fəaliyyətini aktivləşdirərək biliklərin öyrənilmə və mənimsənilməsi üçün müxtəlif metodlar təklif etməklə öyrənəndə öyrənmə prosesinə qarşı maraq yaradır. (Amerika psixoloqu Harvard Gardner “Çoxşaxəli İntellekt nəzəriyyəsi”nə görə biliklərin öyrənilmə və mənimsənilmə yolları mərhələlərə bölünür. Hal-hazırda Amerika və Kanadanın təhsil sistemi bu sxemin müddəalarını şagirdlərin bilik və bacarıqlara yiyələnməsi və tam bir şəxsiyyət kimi yetişməsi üçün kurikulumun tətbiqinin tərkib hissələrindən biri kimi qəbul edir. Dərs proqramları və planları bu yolla hazırlanır və hər bir şagirdin bilik və bacarığı nəzərə alınaraq tətbiq edilir. Bu işin əsas məsuliyyəti əlbəttə ki, əsasən müəllimin üzərinə düşür. Müəllim təlim prosesi zamanı hər bir şagirdlə fərdi iş aparır, onun fərdi öyrənmə mexanizmini nəzərə alaraq ona müxtəlif öyrənmə vasitələri təqdim edir. Hətta eyni öyrənmə mexanizminə malik şagirdləri müəyyənləşdirərək onlara kiçik və böyük qruplarla da iş təklif edir.);

  • İKT-ni tədris aləti kimi istifadə etməklə tədris prosesinin səmərəliliyi və keyfiyyəti artırılır. İnformasiya daha əlçatan və cəlbedici olur. Bu zaman informasiyanı nəinki oxumaq, eyni zamanda vizual olaraq görmək, səsini eşitmək və ya hər hansı simulyativ proqramlar vasitəsi ilə hətta yerini dəyişmək və idarə etmək mümkün olur;

  • Fənlərarası inteqrasiya imkanları yaradır, fənlərin vəhdət halında əlaqəli şəkildə öyrənilməsini təmin edir.

Məlumdur ki, şagirdlərin İKT-dən faydalı və məqsədyönlü istifadəsini təmin etmək üçün müəllimlər tədris prosesində İKT-dən səmərəli istifadə bacarığına yiyələnməlidirlər. Bəs tədris prosesində İKT-dən səmərəli istifadə üçün müəllimlər hansı İKT kompetensiyalara (səriştəliliyə) malik olmalıdırlar?

İlk olaraq İKT kompetensiyalar dedikdə nələrin nəzərdə tutulduğuna diqqət yetirək. Ümumilikdə, kompetensiya - XXI əsrin tələbinə uyğun şəxsiyyət yetişdirmək üçün tələb olunan bilik, bacarıq, vərdiş, dəyər və keyfiyyətlərin siyahısı olaraq başa düşülür. İKT kompetensiyaları – tədris prosesində və ya tədris prosesindən kənar İKT-dən istifadə etməklə öyrənmənin təşkili üçün qarşıya çıxan texniki və metodiki problemləri peşəkarcasına həll etmə bacarığıdır.

İKT kompetensiyaları xarakterinə görə iki istiqamətdə qruplaşdırmaq olar:


  • İKT üzrə ümumi kompetensiyalar;

  • İKT üzrə peşəkar kompetensiyalar

Bəs görəsən İKT üzrə ümumi və peşəkar kompetensiyalar dedikdə nə başa düşülür? Bu kompetensiyalara malik müəllimlər hansı bacarıqlara malik olmalıdırlar? Aşağıdakı cədvəldə bu mexanizmi şərh edək:



Xarakterinə görə İKT kompetensiyalar



İKT üzrə ümumi kompetensiyalar


  • Fərdi kompüterlərin əsas və əlavə qurğularından iş prosesində istifadə edir;

  • Kompüter proqramından istifadə etməklə hazırladığı mətnə cədvəllər, diaqramlar, şəkillər əlavə edir və əlavə etdiyi cədvəl üzərində müəyyən formatlaşdırma işləri aparır;

  • İnformasiyaların axtarışında internetdən səmərəli istifadə edir;

  • Kompüter proqramlarından istifadə etməklə müxtəlif cədvəllər hazırlayır, hazırladığı cədvəllərə düsturlar, funksiyalar tətbiq edir və daxil etdiyi məlumatın diaqramını çıxarır;

  • Sadə məlumat bazası və müxtəlif elektron sorğular, hesabatlar hazırlayır.


İKT üzrə peşəkar kompetensiyalar


  • Məktəblilərin tədris prosesinə cəlbi və tədris prosesindən kənar öyrənmə prosesinin təşkili üçün İnternetdən müxtəlif resurslar tapır;

  • Metodiki və didaktik materialların hazırlanmasında mətn prosessorundan istifadə edir;

  • Elektron tədris resurslarının hazırlanmasında müxtəlif kompüter proqramlarından istifadə edir;

  • Cədvəl prosessorundan istifadə etməklə avtomatik hesablamaları özündə əks etdirən şagirdlərin qiymətləndirmə cədvəlini hazırlayır;

  • Cədvəl prosessorundan istifadə etməklə şagird nailiyyətlərinin reytinqlərinin izlənməsi üçün cədvəl və diaqram hazırlayır;

  • Tədrisə yararlı müxtəlif kompüter proqramlarından istifadə etməklə şagirdlərin nailiyyət səviyyəsini müəyyən etmək üçün müxtəlif interaktiv testlər hazırlayır;

  • İnternetdən istifadə edərək öz şəxsi resursunu hazırlayır və internet icmalarda paylaşır.

Sürətlə dəyişən informasiya cəmiyyətinin tələbinə uyğun olaraq nəzərdə tutulan bu kompetensiyalar təbii ki, zaman keçdikcə daha da təkmilləşə, müəyyən dəyişikliklərə uğraya bilərlər.

İKT üzrə ümumi və peşəkar kompetensiyaları müəyyənləşdirdik. Bəs pedaqoji təyinatına görə bu kompetensiyalar necə xarakterizə olunur? İKT üzrə kompetensiyaları məzmun və pedaqoji təyinatına görə də iki istiqamətdə qruplaşdırmaq olar:


  • Ümumi pedaqoji təyinatına görə İKT kompetensiyalar - tədris və tərbiyə prosesində informasiya texnologiyalarından ümumi istifadə bacarıqlarını özündə əks etdirir.

  • Fənn üzrə təyinatına görə İKT kompetensiyalar - fənnin xüsusiyyətlərini (fizika, riyaziyyat, biologiya, kimya, ədəbiyyat, xarici dil, tarix və s.) özündə birləşdirərək xüsusi istiqamət üzrə informasiya texnologiyalarından istifadə bacarıqlarını əks etdirir.

İnformasiya texnologiyalarının təhsildə səmərəli tətbiqində müəllimin rolu həlledici amildir. İKT-dən istifadə edən müəllim daim yeni təlim və informasiya texnologiyalarını öyrənməyə, beynəlxalq təcrübələrdən yararlanmağa həvəsli olur. Dolayısı ilə, belə müəllim fasiləsiz öyrənmə vərdişlərinə yiyələnir ki, bu vərdişləri və öyrənməyə prosesində şəxsi əldə etdiyi təcrübələri şagirdlərə tövsiyə etməyə, onlarda da fasiləsiz öyrənmə bacarıqları formalaşdırmağa maraqlı olur. Təlim-tədris prosesinin mükəmməlliyi birbaşa müəllimin mükəmməllik yolunda atdığı addımlardan, pedaqoji innovasiyalar üzrə təkmilləşməsindən ibarətdir. Jan Piaje (psixoloq və filosof) və Brunerin (psixoloq) fikrincə, alınan məlumatın qavranılma səviyyəsi öyrənmə prosesinin özünün maraqlı və cəlbedici olmasından asılıdır. Şagirdin öyrənmə prosesi – təkcə informasiyanın alınmasından yox, əsasən alınan informasiyanın həyatda necə istifadə olunması haqqında fikirlər və bu istiqamətdə bacarıqlar formalaşdırılmasından asılıdır. Öyrənmə prosesinin maraqlı və cəlbedici olmasında isə İKT-dən istifadənin rolu əvəzsizdir.

İndi isə İKT-dən istifadənin pedaqoji təyinatı və istifadə istiqamətləri haqqında araşdırma aparaq. Aparılan müşahidələrə əsasən müəllimlər İKT-ni tədris prosesində əsasən aşağıdakı istiqamətlərdə tətbiq edirlər:


  • Tədris prosesində və tədris prosesindən kənar təlim-tərbiyə prosesində;

  • Şagirdlərin müstəqil idrak fəaliyyətinin və araşdırma bacarıqlarının formalaşdırılmasında;

  • Didaktik materiallar (yaradıcı tətbiqetmə, təqdimatlar, tapşırıqlar) hazırlamaq üçün yardımçı vasitələrdən biri kimi;

  • Şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesində;

  • Məktəbdaxili və məktəbdənkənar icmalarla ünsiyyətin formalaşdırılmasında.


Sxemdə qeyd edilən istiqamətlər üzrə metodik-didaktik materialların hazırlanmasında və istifadəsində informasiya texnologiyalarının müəyyən texniki təyinatlarından istifadə olunur.

Metodik-didaktik materialların hazırlanmasında istifadə olunan informasiya texnologiyalarının müəyyən texniki təyinatları ilə növbəti yazılarımızda tanış ola bilərsiniz.

Unutmaq lazım deyil ki, İKT tədris prosesinin maraqlı və cəlbedici olması, öyrətmə və öyrənmənin daha da effektivliyi, peşəkar inkişaf imkanlarının bütün müəllimlər üçün əlçatan olması və innovativ pedaqoji ideyalar vasitəsilə təlim tədris prosesinin səmərəliliyinin artırılması üçün köməkçi bir vasitədir, bu vasitədən məqsədyönlü və ehtiyaca uyğun istifadə hər müəllimin vəzifəsidir.


Hazırladı: Fazilova İlahə Rəfail qızı

Göyçay rayon 3 №-li tam orta məktəbin Riyaziyyat – İnformatika müəllimi (2004-2015),

«Elektron Təhsil Müsabiqəsi»nin qalibi (2011-2012),

Ən yaxşı müəllim” müsabiqəsinin qalibi (2012-2013),



İTE - Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzinin proqram üzrə koordinatoru (2015-hazırda).
İstifadə olunan ədəbiyyatlar:

  1. New computer Technology in Education 2012

  2. British Columbia Digital Learning 2010 (version 3)

  3. International Society for Technology in Education (ISTE) Standards for Teachers 2015

  4. e-Journal of New World Sciences Academy Engineering Sciences, 1A0018, 4, (2), 176-185. Bayhan, S. ve Demirtaş, Ş.

  5. Z. Veysova “Fəal təlim”



Yüklə 38,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə