Yeni texnoparkların salınması prosesi gedir



Yüklə 14,95 Kb.
tarix17.04.2018
ölçüsü14,95 Kb.
#38879

Yeni texnoparkların salınması prosesi gedir
“Texnoparkların fəaliyyəti üçün yenə də dövlət tərəfindən builki investisiya proqramında kifayət qədər böyük vəsait nəzərdə tutulur”

Azərbaycanın informasiya texnologiyaları bazarına cəlb olunması, yeni iş yerlərinin açılması və bu kimi məqsədlərin reallaşması üçün texnoparkların yaradılması keçid iqtisadiyyatlı ölkələr üçün alternativsiz vasitədir. Azərbaycan Respublikasında da bu istiqamətdə məqsədyönlü işlər aparılır. Xatırladaq ki, ilk texnopark XX əsrin 50-ci illərində ABŞ-da "Silikon vadisi" adı altında yaradılıb. Hazırda ABŞ-da 700-dən çox belə zonalar mövcuddur. Avropada ən böyük texnopark Fransadadır (Sophia Antipolis).

Onun 30 ildən çox tarixi var və yalnız son 10 ildə 11 min yeni iş yerləri yaradıb. İtaliyada ən məşhur texnopark AREA Elmi Parkıdır. Onun 55 hektar ərazisi var. Orada 70-ə yaxın milli və beynəlxalq şirkət fəaliyyət göstərir. Burada 1600 mütəxəssis çalışır. Türkiyədə texnoparklar inkişaf etməkdədir. Burada texnoparkların əhatə etdiyi regionların sayı 20-yə çatıb. Bu texnoparklarda 500-dən artıq yerli və xarici şirkət fəaliyyət göstərir. Bu şirkətlərdə beş minə yaxın mütəxəssis çalışır. Bu texnoparklarda əsasən informasiya texnologiyaları, mikroelektronika, optik elektronika və lazer texnologiyaları, müasir tullantısız texnologiyalar, diaqnostik və müalicəvi tibbi avadanlıqlar üzrə texnologiyalar hazırlanması istiqamətində innovasiya layihələri həyata keçirilir. Texnoparkda fəaliyyət göstərən firmalar və personal 2013-cü ilədək vergi, gömrük və sosial imtiyazlara malik olublar. Bunun nəticəsidir ki, “Microsoft” İstanbulda dünyada ikinci olacaq Silikon vadisi - informasiya texnologiyaları mərkəzini tikməyə qərar verib.

Artıq Azərbaycanda neft strategiyası üzrə estafetin yüksək texnologiyalara verilməsi kimi iqtisadi tezisin həyata keçirilməsi üçün başlanğıc qoyulub. Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirəsində Prezident İlham Əliyev çıxış edərək bu məsələylə bağlı ciddi tapşırıqlar verib: “Hesab edirəm ki, 2013-cü ildə sənaye istehsalı ilə bağlı, çox ciddi addımlar atılacaqdır. Bütün hazırlıq işləri görülüb. Nəinki hazırlıq işləri görülüb, eyni zamanda, artıq burada qeyd olundu ki, böyük sənaye müəssisələri işə düşüb. Onların bir hissəsi dövlət, böyük hissəsi isə özəl sektor tərəfindən icra edilib. Əvvəlki illərdə qeyd etdiyim kimi, Azərbaycanda bir neçə sənaye mərkəzi yaradılır. Gəncədə, Sumqayıtda, Bakının Qaradağ rayonunda, digər yerlərdə böyük sənaye obyektləri tikilir və 2013-cü ildə bu istiqamətdə daha da böyük işlər görüləcək. Xüsusilə, sənaye istehsalının təşviqi üçün yeni qaydaların tətbiq edilməsi, texnoparkların fəaliyyətinin gücləndirilməsi və bu fəaliyyəti gücləndirmək üçün əlavə tədbirlərin görülməsi, güzəştlərin verilməsi məsələləri nəzərdə tutulub”.

Sənayeləşmə siyasətinin

uğurları

Dövlət başçısının sözlərinə görə, texnoparkların fəaliyyəti üçün yenə də dövlət tərəfindən builki investisiya proqramında kifayət qədər böyük vəsait nəzərdə tutulur ki, o ərazilər təmizlənsin, orada bütün infrastruktur, kommunikasiyalar, dəmir yolu xətləri yaradılsın: “Yerlər artıq müəyyən edilib, təmizlik işləri gedir. Yenə də deyirəm, qaldı ki, sahibkarlar, investorlar gəlsinlər, şirkətlər qursunlar və biz ölkəmizə lazım olan sənaye məhsulunun istehsalına böyük həcmdə nail olaq. Sənayeləşmə siyasətimiz imkan verəcək ki, biz bundan sonrakı illərdə də iqtisadi inkişafa nail olaq”.

Texnoparkların yaradılması istiqamətində çox ciddi addımlar atılıb. Artıq Sumqayıt Texnoparkı buna çox gözəl təcrübədir. Hazırda Sumqayıt Texnoparkında zavodlar genişləndirilir. 17 zavoddan ibarət olan STP-də respublika əhəmiyyətli müxtəlif çeşidli məhsullar, o cümlədən kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıq, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular, texniki qazlar istehsal edilir. Bu sənaye nəhənginin istifadəyə verilməsi nəticəsində yüzlərlə yeni iş yeri açılıb.

2009-cu ildə zavod istehsala başlayan zaman burada cəmi beş xətt var idi. Genişləndirmə işlərindən sonra bu xətlərin sayı artırılaraq, ümumilikdə 25-ə çatdırılıb. Müxtəlif təyinatlı boruların istehsalı üzrə ixtisaslaşan zavod hazırda nəinki respublikamızın, o cümlədən regionun ən perspektivli müəssisələrindəndir. Peşəkar kadrların çalışdığı bu müəssisədə ölkəmizdə və beynəlxalq bazarda kəskin ehtiyac duyulan qaz, su, kanalizasiya və digər məqsədlər üçün istifadə olunan alüminium təbəqəli çoxqatlı polietilen və polipropilen borular istehsal edilir.

STP kabel zavodunun tikintisinin üçün

cü mərhələsi çərçivəsində yüksək gərginlikli kabellərin izolyasiya xətlərinin qülləsi quraşdırılacaq. Burada 500 kilovoltluq güc kabellərinin iki izolyasiya xətti yerləşəcək. Bu layihə MDB məkanı və Yaxın Şərqdə yalnız Azərbaycanda reallaşdırılır. Qüllənin yeraltı hissəsi 40 metr dərinlikdədir. Ümumi uzunluğu 124,5 metr olan qüllənin tikintisinə 2009-cu ilin sonunda başlanıb. Tikinti işləri və avadanlığın quraşdırılması 2012-ci ilin sonunda başa çatdırılıb.

Yeni texnoparkların

yaradılmasına özəl sektorun da dəstəyi gözlənilir

Tikintisinə 2010-cu ildə başlanan STP-nin ağır maşınqayırma zavodu isə xammalı Rusiya, Türkiyə və digər ölkələrdən alır. Ümumi sahəsi 4,5 hektar olan zavodda dünyanın bir sıra aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Zavodda 900 nəfər işlə təmin olunub.

Burada elektrik stansiyalarının inşası üçün metal konstruksiyalar və müxtəlif hissələr istehsal edilir. Zavodda həmçinin 10, 110, 220 və 330 kilovoltluq elektrik ötürücü xətlərin dayaqları hazırlanır. Burada həmçinin energetika avadanlığının təmiri həyata keçiriləcək.

Zavodun illik istehsal gücü 50 min tondur. Bu cür gücə malik zavod Cənubi Qafqazda yalnız Azərbaycandadır. Gələcəkdə müəssisənin fəaliyyətinin daha da genişləndirilməsi nəzərdə tutulur. Zavod məhsullarını xarici bazarlara çıxarmağı da planlaşdırır.

STP-nin dəqiq emal mərkəzləri zavodu isə maşın və mexanizmlərin işlək detallarının dəqiq emalı və hazırlanması sexindən və bu sexin tərkibində olan pəstah, xüsusi təyinatlı avadanlığın işlək hissələrinin emalından və avadanlığın işlək detallarının dəqiq emalı sahələrindən ibarətdir. Pəstah sahəsində detalların hazırlanması üçün lazım olan materiallar universal frez və torna dəzgahları vasitəsilə müvafiq ölçülərə gətirilir.

Nəzərə çatdıraq ki, Sumqayıtda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin də Yüksək Texnologiyalar Parkı yaradılacaq. Ümumilikdə parkın ərazisində alternativ və bərpa olunan enerji və enerjidən səmərəli istifadə texnologiyasına əsaslanan 15 zavodun inşası planlaşdırılır. Parkın ərazisində yaradılacaq optik linzalar, şüşə və bazalt liflər, akkumulyator istehsalı və digər zavodlar alternativ enerjinin əldə edilməsində və istifadəsində lazım olan avadanlığın ölkəmizdə istehsalına şərait yaradacaqdır. Bu həm tələb olunan avadanlığın daha ucuz başa gəlməsinə, həm də onların tətbiqinin xeyli asanlaşmasına imkan verəcəkdir. Alternativ enerjinin tətbiqi zamanı istifadə olunan əsas materiallardan biri də LED lampalarıdır. Hazırda sürətlə yayılan və yeni nəsil işıqlandırma sistemi hesab olunan LED lampaları enerjiyə qənaəti və uzun müddət istifadəyə yararlılığı ilə seçilir. Bu məqsədlə parkın ərazisində lampa zavodunun inşası da nəzərdə tutulur.



Onu da deyək ki, hazırda Gəncədə və Balaxanıda yeni texnoparkların salınması prosesi gedir. Bu texnoparkların yaradılmasına özəl sektorun da dəstəyi gözlənilir.
FUAD

Palitra.-2013.-23 yanvar.-S.10.
Kataloq: down -> meqale -> palitra
palitra -> Qərb dövlətləri müasir cəmiyyətə malik olmalarına baxmayaraq qərbli insan çökür”
meqale -> Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti Kİtabxanaçiliq-informasiya faküLTƏSİ KİtabxanaşÜnasliq
meqale -> Magistrant yeniyetməLƏRİn bəDİİ ZÖVQÜNÜn formalaşmasinda kitabxanalarin rolu
meqale -> Rübabə RÜSTƏmova kitabxanaçılıq-informasiya fakültəsinin dissertantı
meqale -> []
meqale -> İctimai Televiziya və Radio Yayımları Şirkəti qazanxananın yenidən qurulması üçün layihə smeta sənədlərinin hazırlanması məqsədilə
palitra -> Qarabağın azad edilməsi bizim fəaliyyətimizin ana xətti olub və olacaq
palitra -> Qərb dövlətləri müasir cəmiyyətə malik olmalarına baxmayaraq qərbli insan çökür”

Yüklə 14,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə