“Analitik baxış”.-2010.-№1.-S.13-16.
XOCALI FACİƏSİ KOLLEKTİV SARSINTI. KOLLEKTİV (j^
YADDAŞ VƏ MİLLİ İDENTİKLİK AMİLİ KİMİ
Rauf QARAGÖZOV
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin əməkdaşı, psixologiya elmləri namizədi.
Xocalı faciəsinin müxtəlif aspektləri (siyasi, hüquqi, sosial və s.) mövcuddur. Mən bu faciənin bəzi
psixoloji və sosio-mədəni aspektlərini vurğulayaraq, əsas 3 mövzuya aydınlıq gətirmək istərdim: 1. Xocalı faciəsi
kollektiv sarsıntı kimi; 2. Kollektiv sarsıntıya yanaşma növləri; 3. Kollektiv sarsıntının öhdəsindən necə gəlməli.
Mətləbə keçməzdən əvvəl sizlərə hafizənizi yoxlayan bir eksperiment təklif edirəm. Oxuculardan xahiş
edirəm ki, bir dəqiqəlik diqqətlərini cəmləyərək yada salmağa çalışsınlar: ilk dəfə Xocalı hadisələri haqqında
eşidəndə harada idilər və nə edirdilər?
Əminəm ki, azərbaycanlıların əksəriyyəti üçün o gün elə bil "canlı şəkil" kimi gözlərinin önündə durur. Nə
üçün hadisədən 18 il keçməsinə baxmayaraq o gün bizim yaddaşımızda belə təfərrüatı ilə həkk olunub? Psixoloqlar
bu hafizə növünə flashbulb memory, yəni fotoiştq hafizə adı vermişlər. Bu cür hafizə insanları şoka salan
məlumatlara cavab reaksiyası olaraq meydana gəlir. Erməni silahlı dəstələrinin Xocalı şəhərini məhv etməsi barədə
səslənən xəbər bizim üçün məhz belə bir sarsıdıcı məlumat olmuşdur.
Mən xüsusilə vurğulayıram: bu hadisə yalnız Xocalıda zorakılığa məruz qalmış insanlar üçün deyil, həm də
bu faciənin bilavasitə şahidi, yaxud iştirakçısı olmayan bütün azərbaycanlılar üçün psixi sarsıntı törətmişdir.
Psixoloqlar bu növ sarsıntını kollektiv sarsıntı adlandırırlar. Bu cür sarsıntı hansısa bir toplum üzvlərinə xas olan
kollektiv kimliyə (identikliyə) təhlükə hiss olunanda törənir. 1990-cı ilin "Qara Yanvar" hadisələrindən sonra
Xocalı azərbaycanlıların bu cür iri miqyasda ikinci kollektiv sarsıntısı idi. Kollektiv sarsıntıya məruz qalmış
cəmiyyətin emosional əhvalında, davranışında, dünyaya münasibətində müxtəlif dəyişikliklər müşahidə edilir.
Məsələn, şok vəziyyətində olan cəmiyyət öz təhlükəsizliyinə əmin ola bilmir və öz siyasi rəhbərlərinə inamını
kəskin şəkildə itirir. Bu isə öz növbəsində siyasi böhran vəziyyətini yarada bilər. Nəticədə, cəmiyyət, yaxud dövlət
iflasa uğramaq təhlükəsi ilə üzləşir. Digər tərəfdən kollektiv sarsıntı geniş kütlə arasında çaxnaşma və təşviş hissləri
törədə bilir. O dövrdə hər iki fəsad bizdə yaşadıldı: həm dərin siyasi böhran müşahidə edildi, həm də kütlə
çaxnaşma və təşviş içində idi. Bu nöqteyi-nəzərdən ermənilərin dinc əhalini xüsusi qəddarlıqla qətlə yetirməsi bir
sıra məqsədlər güdürdü: azərbaycanlılar arasında təşviş yaradıb ermənilərin hücumlarına qarşı müqaviməti
zəiflətmək, ümumiyyətlə isə Azərbaycan cəmiyyətini iflic vəziyyətinə salmaq və mümkün qədər çox ərazini işğal
etmək. Bu barədə o zaman Xocalıya basqın edən səhra komandiri, hazırda isə Ermənistanın prezidenti Serj
Sərkisyan özü etiraf edir: "Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə zarafat etmək olar. Onlar elə
bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmağı bacarmırlar. Biz bu stereotipi qırdıq". Onda həmin o Sərkisyanın
bu yaxınlarda Böyük Britaniyanın Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı "Biz, ermənilər soyqırım
keçirmiş xalq kimi bəşəriyyət və tarix qarşısında soyqırımların qabağını almaq məsələsində mənəvi məsuliyyət
daşıyırıq" deməsi istehza və hətta dünya ictimaiyyətini məsxərəyə qoymaq deyilsə, bəs nədir? Xocalı qətliamında
birbaşa məsuliyyət daşıyan keçmiş səhra komandirinin dilində səsləndirilən "soyqırım və mənəvi məsuliyyət" kimi
sözlər təkcə riyakarlığın zirvəsi deyil, bu həm də simvolik bir məna kəsb edir. Necə deyərlər: "Quzu cildində
canavar". Bu həm də Avro-pa qitəsinin mərkəzində sahə komandiri və Bosniya serblərinin keçmiş prezidenti
Radovan Karaciçin məhkəməsini təşkil edən və eyni zamanda, həmin qəbildən olan cinayətləri törədən Sərkisyanın
Avropanın digər bir mərkəzində mötəbər tribunadan çıxışına imkan verən beynəlxalq qurumların
qeyri-mükəmməlliyinin və zəifliyinin rəmzidir. Nəyə görə bunlar baş verir? Səbəb nədir? Qərb dünyası nə dərəcədə
baş verən hadisələri qərəzsiz, yekdil nöqteyi-nəzərdən, stereotiplərdən azad olaraq qiymətləndirməyə hazırdır?
Bunlar mürəkkəb suallardır və cavab tapmaq üçün bir çox məqamlara aydınlıq gətirmək lazımdır. Burada isə mən
yalnız kollektiv yaddaş və identiklik ilə əlaqəsi olan səbəblərə toxunacağam.
Kollektiv sarsıntı və kollektiv yaddaş
Yəqin ki, hər bir xalqın tarixində kollektiv sarsıntı törədən hadisələr tapmaq olar. Lakin xalqlar məruz
qaldıqları kollektiv sarsıntıya yanaşma tərzində fərqli ola bilirlər. Prinsip etibarilə sarsıntıya müxtəlif yanaşma tərzi
mümkündür. Bəzən cəmiyyət hansısa səbəblərə görə aldığı sarsıntını "unudur". Məsələn, azərbaycanlıların
əksəriyyəti erməni quldur dəstələrinin XX əsrin əvvəllərində Bakıda, Şamaxıda, Qarabağda, Zəngəzurda və digər
yerlərdə yerli əhaliyə qarşı həyata keçirdikləri qətliamları sovet dövründə, demək olar ki, unutmuşdular. O qanlı
günlər haqqında yaddaş yalnız yaşlı nəslin hafizəsində və nağıl etdikləri xatirələrində cəmlənirdi. Maraqlısı bu idi
ki, o zorakılığın hətta canlı şahidi olan insanlar baş vermiş əhvalatları öz uşaq və nəvələrinə danışmaqdan
çəkinərdilər. Ona görə çəkinərdilər ki, bu əhvalatlar sovet məktəblərində tədris olunan rəsmi tarixlə ziddiyyət təşkil
edirdi. Yəni bu əhvalatlar, sosioloqların dili ilə desək, cəmiyyətdə qəbul edilmiş "sosial çərçivəyə" yerləşmirdi.
Sosial çərçivələr dövlət, dini və digər ictimai qurumlar tərəfindən aparılan "yaddaş siyasəti" nəticəsində cəmiyyətə
bəzən zorla qəbul etdirilir. Sovetlərin "pantürkizm" və "panislamizm" şüarları altında yeritdikləri "yaddaş siyasəti"
azərbaycanlıların (həm türk, həm də müsəlman oduqları üçün) mədəni yaddaşına və tarixi-ədəbi irsinə xüsusilə
amansız olmuşdur. Nəticədə, XX əsrin sonunda yeni qəddarlıqla tüğyan edən, ölüm və kin-küdurət səpən erməni
millətçiliyi və separatizmi bizim üçün gözlənilməz oldu. Hal-hazırda ermənilərin azərbaycanlılara qarşı yenidən
alışan düşmənçiliyi, torpaqlarımıza təcavüzü, törətdikləri zorakılıq, ilk növbədə Xocalı qətliamı bizi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində agah olmağa və onu kollektiv yaddaşda saxlamağa məcbur
edir. Xocalının yaddaşımızda qorunub saxlanılmasına artıq əmin ola bilsək də, bizim üçün vacib olan onun hansı
şəkildə saxlanılmasından ibarətdir. Bu, müəyyən mənada həm bizim milli identikliyimizin inkişaf perspektivlərini,
həm də dünya ictimaiyyətinin Xocalı faciəsinə münasibətini müəyyən edir. Sarsıdıcı hadisənin yadda saxlanılması
iki formada baş verə bilər. Psixoloqların dili ilə desək: "təsirə impulsiv cavab vermə" («импульсивное
отреагирование» (acting out)) və "sarsıdıcı təcrübənin üzərində çalışma" («проработка (work through)
травмирующего опыта») formasında.
Götürək "təsirə impulsiv cavab vermə" variantını: bu halda yaşanmış sarsıntı yaddan çıxmır. Əksinə,
sarsıntı törətmiş hadisə bir növ bəslənir (daim xatırlanır, yaddaşlara həkk edilir), əbədiləşir. Ancaq, bununla yanaşı,
icma arasında sarsıdıcı hadisəni törətmiş səbəblərin, onun nəticələrinin sərbəst, azad şəkildə, müxtəlif mövqelərdən
çıxış edərək müzakirəsi qadağan olunur və hər vasitə ilə bundan boyun qaçırılır. Sarsıntı törətmiş hadisə hansısa
siyasi məqsədlərə nail ol-maq üçün məqsədli şəkildə istifadə olunur. Sarsıdıcı hadisələri dərindən dərk etmə imkanı
qapanır, bloklanır. Nəticədə, hadisəyə düzgün qiymət verə bilməyən toplumun, xalqın gələcəkdə yenidən bu cür
sarsıdıcı hadisələrlə qarşılaşması təhlükəsi aradan götürülür. Erməni kollektiv yaddaşının təhlili mənə tam əminliklə
iddia etməyə əsas verir ki, bu topluma kollektiv sarsıntıya yanaşma tərzinin məhz bu variantı xasdır. Tarixən belə
olmuşdur ki, ermənilərin kollektiv yaddaşının sosial çərçivələri erməni kilsəsi tərəfindən cızılmış və ruhanilər
tərəfindən ilk tarixi rəvayətlər tərtib edilmişdir. Mənim burada bu rəvayətləri geniş şəkildə təhlil etmək imkanım
yoxdur (bunu başqa yerdə artıq qeyd etmişəm). Lakin deyə bilərəm ki, bu rəvayətlərin əsas ideyasını "ermənilərin
daima düşmənlərin əhatəsində yaşayıb incidilən xalq olması" təşkil edir. Əgər onların tarixi rəvayətlərini oxusanız,
orada digər xalq və konfessiyaların nümayəndələrinə qarşı nə qədər kin və nifrət dolu mətnlərin olduğunu
görərsiniz. Nəticədə, erməni kollektiv yaddaşının formaları kollektiv sarsıntını produktiv şəkildə dəf etməyə deyil,
daha çox özlərinin real və uydurulmuş məşəqqətlərini yadda saxlamağa, kultlaşdırmağa və hətta onlardan həzz
almağa yönəlmişdir. Kollektiv yaddaşın digər konfessiyaların nümayəndələrinə qarşı nifrət hissi oyadan məhz bu
xüsusiyyətləri ermənilər arasında sonradan onlar üçün acı nəticələrə gətirib çıxarmış türkəfobiyanın geniş intişarına
səbəb olmuşdur. Vaxt ötdükcə özlərinin qurban obrazını təbliğ edən rəvayətlərin hazırlanması üzrə geniş şəbəkə
yaradaraq, siyasi məqsədlərinə çatmaq üçün erməni təşkilatları Qərb auditoriyasının stereotipləri və
zehniyyətlərindən bacarıqla istifadə edərək qurbanlara təbii mərhəmət hissini istismar etməyə müvəffəq olmuşlar.
Tarixi detallardan xəbərsiz Qərb ictimai fikrinin özü çox zaman ermənilərin fakt və obrazlarla manipulyasiyasının
qurbanı olur. Misal üçün, "Nyu-York Tayms"ın ("New York Times") 3 mart 1992-ci il və "Taym"ın ("Time") 16
mart 1992-ci il tarixli saylarında dərc olunmuş informasiyaya nəzər yetirmək kifayətdir. Həmin yazılarda Xocalı
faciəsindən bəhs olunarkən "xristian Ermənistan" və "müsəlman Azərbaycan" kimi epitetlərdən istifadə olunmuş və
belə təəssürat yaranmışdır ki, guya müharibə universal bəşəri qanunların pozulması ilə müşayiət edilmir və dini
xarakter daşıyır. İqtibas gətirə bilmədiyim digər yazılarda isə hadisələr elə təsvir olunur ki, sankı reportyorlar
ermənilərin bu cür vəhşilik törədə biləcəyinə inanmırlar.
Qurban obrazı - uduşlu obrazdır. Buna görə də bu obraza uyğun gəlməyən bütün fakt və hadisələr erməni
identikliyinin mühafizəkarları tərəfindən müqavimət və aqressivliklə qarşılanır. Onlar hər vəchlə bu fakt və
hadisələri gizlətməyə, yaxud diskreditasiya etməyə çalışırlar. Təsadüfü deyil ki, erməni quldur dəstələri tərəfindən
Xocalıda törədilmiş cinayətləri ermənilər inkar edir, cinayətkarları müdafiə etmək və onların hərəkətlərinə bəraət
qazandırmaq məqsədilə hər cür saxtakarlığa və uydurmalara yol verir, hətta azərbaycanlıların özlərini belə
xocalıların qətliamını təşkil etməkdə ittiham edirlər. İnanmıram ki, Sərkisyanın Böyük Britaniyanın Beynəlxalq
Münasibətlər İnstitutunda söylədiyi fikirlərlə təhlükəsizliyə bu cür nail olmaq olar. Əslində, ermənilər bu cinayəti
törətməklə nəinki azərbaycanlıların, hətta bütün qafqazlıların nifrətini qazanaraq, yenidən özlərini həyəcanla qisas
gününü gözləməyə məhkum etdilər.
Nəhayət, "sarsıdıcı təcrübənin üzərində çalışma" variantı. Burada kollektiv sarsıntı yaddaşda qorunur. Ən
önəmlisi odur ki, bu variantda cəmiyyətin özü aldığı sarsıntı ilə işləməyə hazırlıq nümayiş etdirir. Bunun üçün
cəmiyyətdə sarsıdıcı hadisələrin baş vermə səbəblərinin aşkarlanmasına, buna gətirib çıxarmış amillərin və
hadisələrin nəticələrinin dərk edilərək, baş vermişlərə görə mənəvi məsuliyyəti müəyyən etməyə istiqamətlənmiş
geniş və hərtərəfli müzakirələrə şərait yaradılır. Bu cür yanaşma nəticəsində gələcəkdə belə hadisələrin
təkrarlanmaması üçün cəmiyyət öz təcrübəsindən dərs almaq, onu anlamaq imkanı qazanır. Bu, sarsıntının bu cür
produktiv çalışması nəticəsində onun sosial qazanca çevrilməsi variantıdır. Yuxarıda dediklərimizin əsasında hansı
nəticəyə gəlmək olar?
Əgər biz kollektiv sarsıntının öhdəsindən səmərəli şəkildə gəlmək istəyiriksə, onda insanda - onun
emosiyaları, hissləri və düşüncələrində cəmlənmiş, fokuslaşdırılmış səmimiyyəti və həqiqəti əks etdirəcək, insanın
vicdanını oyada biləcək təəssüratların yeni, daha da düşünülmüş izahının və şərhinin yaradılması üçün Xocalı
hadisələrinin geniş və azad ictimai müzakirələrinin keçirilməsinə nail olmalıyıq.
Bizdə, təəssüf ki, hələ belə məzmunlu izahlar çox azdır. Xocalı hadisələrinin əsasən, belə deyək, "formal"
və "emosional" formada işıqlandırılması mövcuddur. Halbuki, şəxsi, fərdiləşdirilmiş sənədli və ya bədii hekayələr
oxucunun duyğularına toxunar, analitik materiallar isə məntiqi düşünməyə və hadisələrin əsl mahiyyətini dərk
etməyə xidmət edə bilər. Beləliklə:
1. Biz gərək öz tariximizi həm özümüzə, həm də dünya ictimaiyyətinə düzgün danışmağı öyrənək. "Quzu
cildində canavar" olan erməni millətçiliyinin ifşa olunması üçün biz məsuliyyət daşıyırıq; 2. Siyasi hakimiyyətin
beynəlxalq strukturları ənənəvi stereotiplərin, zehniyyətlərin, geosiyasi və iqtisadi maraqların təzahürünə daha
həssas yanaşmalıdırlar. Heç bir geosiyasət insan vicdanı ilə tənzimlənən qanun və mənəvi dəyərləri ləğv etməli
deyil. Cinayətlər cəzasız qalmamalı, cinayətkarlar isə mühakimə olunmalıdırlar. Əks təqdirdə nüfuzlu təşkilatların
tribunalarından onların çıxışlarına qulaq asmaq kimi biabırçı məcburiyyətlə üzləşə bilərik.