Yeni Yazarlar vɎ SɎnɎtçilɎf Qurumu mayın 26-da M



Yüklə 101,64 Kb.
Pdf görüntüsü
tarix02.10.2017
ölçüsü101,64 Kb.
#2775


«Qarapapaqlar».-2010.-№10(40).-S.39-45.

Şərq təfəkkürü ilə Qərb düşüncə tərzinin fərqi

KARL QUSTAV YUNQ, filosof

"Dr. Evans Vens Şərq «psixologiyasının» vacib müddəalarından ibarət  mətnin şərhi vəzifəsini  mənə  həvalə

etdi. Dırnaq işarəsi belə bir ifadənin işlədilməsinin şübhə doğurduğunu göstərir. Qeyd etmək yerinə düşərdi ki, Şərq

Avropa psixologiyasına bənzər bir şeydən daha çox fəlsəfə və ya metafizika yaratmışdır. Orta əsrlər Avropası kimi,

Şərqə də müasir psixologiyanın anası - tənqidi fəlsəfə yaddır. Şərqdə «idrak» anlayışı metafizikaya aiddir, Qərbdə

isə o artıq orta əsrlər dövründən metafizik mənasını itirmiş, «psixi funksiya» mənasını əldə etmişdir.

Buna uyğun olaraq psixologiya istənilən metafizik iddiaları və mülahizələri psixi fenomenlər kimi şərh edir,

bunlar da son nəticədə şüuraltı meyllərdən yaranan idrak və onun strukturu haqqında məlumatlar görür. Psixologiya

baxımından  bu  mülahizələr  şəksiz  dəyərə  malik  deyillər  və  özlüyündə  heç  bir  (hətta  metafizik)  həqiqətin  ifadəsi

deyillər. Elə bir intellektual «gediş» yoxdur ki, onun köməyi ilə belə bir mövqeyin nə dərəcədə  düzgün  olduğunu

aydınlaşdırmaq  mümkün  olsun.  Həmçinin  o  da  aşkardır  ki,  Universal  İdrakın  mövcudluğu  haqqında  metafizik

postulatı qənaətbəxş  şəkildə  əsaslandırmaq  qeyri-mümkündür.  Ümumiyyətlə,  onu  əsaslandırmaq  mümkündürmü?

İnsanın idrakı Universal İdrakın mövcudluğunu fərz edə bilər, lakin bununla o hələ sonuncunu gerçəkdən mövcud

olan kimi təsdiq etmir və biz bunu yalnız fərziyyə saymaqda haqlıyıq.  Bu fərz etmənin özü və bizim onu fərziyyə

kimi  müəyyən  etməyimiz  eyni  dərəcədə  sübut  edilməzdir.  Başqa  sözlə,  eyni  dərəcədə  ehtimal  var  ki,  bizim

idrakımız Dünya İdrakının nümayişidir. Lakin insan əsl həqiqəti bilmir və bilə də bilməz. Buna görə də psixologiya

onun  hüdudlarından  kənarda  olan  hər  hansı  bir  şeyin  mövcudluğunu  əsaslandırmağa  və  ya  təsdiq  etməyə  qadir

deyil.


Sağlam  düşüncə  bizi  bu  məhdudiyyətləri  qəbul  etməyə  məcbur  edir,  bu  zaman  verilən  qurbanlar  -  nağıl

dünyası və orada yaşayan idrakın yaratdıqları ilə vidalaşma da qaçılmazdır. İbtidai insanın dünyası belə idi; orada

hətta cansız əşyalar da canlı, şəfaverici, magik qüvvəyə malik idilər, bunun sayəsində əşyalar və insanlar qarşılıqlı

əlaqə şəraitində mövcud idilər. Bir gün insan başa düşür ki, əşyaların qüdrəti onun özündən gəlirdi, bunların mənası

isə  onun  proyeksiyası  idi.  İdrak  nəzəriyyəsi  bəşəriyyətin  uşaqlığından  -  səmalarında  və  cəhənnəmində  idrakın

yaratdığı fiqurların  məskən  saldığı  metafizik  Kainatdan  sonuncu  addım  atır.  Bu  qaçılmaz  epistemoloji  tənqidilik

insanın  inanmaq  qabiliyyətinin  Tanrını  dərk  etməyə  imkan  verdiyi  dini  baxışına  qəti  tərəfdar  olmağa  maneçilik

törətmir.  Buradan  da  Qərbin  yeni  bəlası  -  elm  və  din  arasında  ziddiyyət  meydana  çıxır.  Elmin  tənqidi  fəlsəfəsi

(neqativ metafizika, başqa sözlə, materializm olaraq) belə bir məntiqi səhv, ehtimal üzərində qurulub ki, materiya

yalnız  qeyri-tənqidi  idrakın  hipostazirə  etdiyi  hipotez,  sırf  metafizik  anlayış  deyil,  hiss  olunan,  dərk  edilən

reallıqdır. Əslində isə «materiya» sözü «ruh» və ya hətta «Tanrı» sözü kimi bilinməyənin rəmzidir. Digər tərəfdən,

dini inam özünün tənqidəqədərki dünyagörüşündən imtina edə bilmir. İsanın çağırışına baxmayaraq, inananlar uşaq

kimi  deyil,  uşaq  olaraq  qalmaq  istəyirlər.  Bir  məşhur  müasir  ilahiyyatçı  öz  tərcümeyi-halında  etiraf  edir  ki,

«uşaqlığından bu günə qədər» İsa onun mehriban dostudur. İsa - təlimi atalarının dini ilə prinsipial ziddiyyət təşkil

edən təbliğçinin parlaq nümunəsidir. Lakin İsanın təqlidi, göründüyü kimi, ardıcıllardan öz yolunun başlanğıcında

onun verdiyi psixi və mənəvi qurbanı tələb etmir - Bu qurban olmasaydı, o heç bir zaman xilaskar olmazdı.

Əslində  elm  və  din  arasındakı ixtilaf  hər  iki  tərəfdən  anlaşılmazlığa  əsaslanır.  Yeni  hypostasis  tətbiq  edən

elmi  materializm  intellektə  qarşı günah  etmişdir.  Çünki  bu  dəfə  gerçəkliyin  ali  prinsipi  necə  adlanırsa  adlansın  -

materiya, Tanrı və ya enerji - özlüyündə  ad  dəyişdirmə  heç  nəyi  məhv etmir  və  yaratmır, yalnız rəmzi dəyişdirir.

Buna görə də materialist məcburən metafizik olur. Hər bir vicdanlı mütəfəkkir metafizik mövqelərinin (xüsusilə də

dinlərin)  səbatsızlığını,  istənilən  metafizik  postulatın  sübutedilməzliyini,  idrakın  «özünü  öz  saçlarından  tutub

bataqlıqdan çıxarmağa», başqa sözlə, transsendent bir şey yaratmağa aşkar qadir olmadığını etiraf etməli olur.

Materializm  insan  tərəfindən  birdən-birə  onun  dərkinə  metafizik  reaksiyadır  ki,  idrak  psixikanın

təzahürlərindən biridir və insandan kənara çıxarıldıqda proyeksiyadır. Bu reaksiya metafizik idi, çünki orta fəlsəfi

təhsil «materiyanın» hipostazirə edilməsinin arxasında gizlənən gerçəkliyin ali prinsipini görməyə imkan vermirdi.

Eyni  zamanda,  dini  istiqamət  adamların  fəlsəfi  tənqidlə,  uşaqlıqdan  imtina  edərək  insana  laqeyd  olan  qüvvələrin

hökm sürdüyü yad, naməlum dünyaya düşməklə necə könülsüz razılaşdıqlarını üzə çıxarır. Əlbəttə, istənilən halda

insan  və  onun  ətrafı  dəyişmir,  əvvəlki  kimi  qalır.  Lakin  indi  aydın  oldu  ki,  insan  idrakın  divarları  arasında

qapanmışdır, hətta dəlilik zamanı belə oradan çıxmaq mümkün deyil, onun tanrılarının siması və dünyasının surəti

xeyli dərəcədə onun öz psixikası ilə şərtlənmişdir.

Biz  doğrudan  da  belə  bir  fikrə  öyrəşmişik  ki,  idrak  özünün  universal  xarakterini  itirmişdir,  onun  əvvəlki,

kosmik  əhəmiyyətindən  əsər-əlamət  qalmamışdır.  Bu  gün  idrak  az  və  ya  çox  dərəcədə  şəxsi  iş,  subyektiv,  hətta

ixtiyari  fenomen  olub.  İndi  hətta  əvvəllər  hipostazirə  edilmiş  «universal  ideyalar»  psixi  qanunlar  olmuşlar,  insan

bizim  gerçəklik  təcrübəmizin  nə  dərəcədə  psixi  təbiətə  malik  olduğunu  başa  düşmüşdür;  əslində  düşündüyümüz,

hiss etdiyimiz və qavradığımız hər bir şey psixi obrazdır  və  dünyanın özü  biz  onu  «təşkil edə» biləcəyimiz  qədər

mövcuddur. İnsanın öz psixikasında qapanması və onun hüdudlarından  çıxa bilməməsi həqiqətinin aşkar edilməsi

ona elə güclü təsir edib ki, indi biz hətta «qeyri-şüuri» adını verdiyimiz özümüzdəki bilinməyənin mövcudluğunu da



qəbul etməyə hazırıq.

Beləliklə,  universal  və  metafizik  görünən  idrakın  dairəsi  özünün  sonsuz  subyektivliyini  və  düşüncəsiz

proyeksiya  və  illüziyalara  infantil-arxaik  meylini  tamamilə  başa  düşən  fərdin  şüuruna  qədər  sıxılmışdır.  Bir  çox

ssienistik  düşünən  adamlar  nəzarətsiz  subyektivizmdən  qorxaraq  hətta  dini  və  fəlsəfi  simpatiyalarını belə  qurban

vermişlər. Nəfəsimizlə canlanan, ürəyində qanımızın cərəyan  etdiyi  itirilmiş  dünyanın əvəzinə  biz  faktlar  - ayrıca

adamın  mənimsəmə  imkanlarından  müqayisəedilməz  dərəcədə  çox  olan  faktlar  yığını  qarşısında  heyran  olmağa

başladıq. Biz belə bir mömin inamla yaşayırıq ki, təsadüfən yığılmış parçalar dərk edilmiş  bütöv təşkil edəcəklər,

lakin heç kim sona qədər buna inanmır - çünki kollektiv biliyin hamısını yerləşdirə biləcək baş yoxdur. Biz sadəcə

faktlar  qalağı altında  qalmışıq  və  bunları dərkə  cəsarət  edən  vicdanına  qarşı  xəyanət  etməli  olacaq,  çünki  faktlar

istənilən nəzəri mühakiməni alt-üst edə bilər.

Qərb psixologiyası idrak dedikdə psixikanın fəaliyyətinin mental tərəfini, fərdin «mentallığını» nəzərdə tutur.

Fəlsəfə sahəsində hələ də, insanın ilkin «qəlbinin» rudimenti kimi şəxssiz Universal İdraka rast gəlmək olar. Qərb

dünyagörüşünün belə şərhi bir az şişirdilmiş  görünə bilər, lakin hər halda bu çətin ki, həqiqətdən bir o qədər uzaq

olsun. Hər halda mentallığın Şərq tipi ilə müqayisədə qeyd etdiklərimizə yaxın cəhətlər aydın nəzərə çarpır. Şərqdə

əql-kosmik  qüvvədir,  varlığın  mahiyyətidir,  Qərbdə  isə  yalnız  yaxın  vaxtlarda  əqli  idrakın  (və  deməli  dünyanın

koqnitiv mövcudluğunun) mahiyyətə aid şərti kimi şərh etməyə başlamışlar. Şərqdə elm və din arasında ziddiyyət

ola bilməz, çünki faktlara qarşı ehtirasa əsaslanan elm və yalnız inam üzərində dayanan din yoxdur: Şərq idrakı -

dinidir,  Şərq  dini  -  dərk  edəndir.  Avropalı üçün  Tanrının  neməti  hüdudsuzdur,  insan  isə  son  dərəcədə  miskindir;

Şərqdə insan özü öz tanrısı və xilaskarıdır. Tibetin buddist tanrıları xəyali fərqləndirmə (separateness) səltənətində,

proyeksiyalar  sahəsində  yaşayırlar  -  hər  halda  onlar  mövcuddurlar.  Bizim  üçün  xəyal  həmişə  xəyaldır,  daha

doğrusu, heç nədir; hətta əsl fikri biz  ifadə  etdiyi  mühakimənin  müəyyən  faktlara  istinad  etdiyi  dərəcədə  mövcud

hesab edirik.  Öz-özlüyündə  fikrin  reallığının  mümkün hesab  edilməsi  bizə  tamamilə  absurd  gəlir,  baxmayaraq  ki,

atom bombası kimi real şey həm də «faktiki» mövcud olmayan fikirlərin yardımı ilə yaradılıb.

Şərq fikri ilə hətta səthi tanışlıq Şərqlə Qərb arasındakı fundamental fərqi üzə çıxarmağa  imkan verir. Şərq

varlığın əsas  və  unikal  xüsusiyyəti  kimi  psixinin  reallığından  çıxış  edir.  Elə  görünə  bilər  ki,  bu  müddəasına  görə

Şərq  fəlsəfəsi  təfəkkür  spesifikasından  daha  çox  özünün  temperamentinin  və  psixologiyasının  xüsusiyyətlərinə

borcludur. Bu tipik introvertirə edilmiş  meyl Qərbin bir o qədər tipik ekstravertirə edilmiş  mövqeyindən prinsipial

fərqlidir. İntrovertlik və ekstravertlik, məlum olduğu kimi, insanın dünyaya qarşı münasibətinin temperamenti və ya

hətta  konstitusiyası  ilə  müəyyən  olunur  və  bir  qayda  olaraq  subyekt  tərəfindən  sərbəst  olaraq  seçilə  bilməz.

Ayrı-ayrı hallarda  onları iradi  səylə  meydana  çıxarmaq  olar,  lakin  bu  imkan  tamamilə  xüsusi  şəraitlərdə  təzahür

edir. Ekstravertliyi Qərbin «stili» hesab etmək olar. Qərb introvertliyi normadan kənara çıxma, patologiya, qəbahət

hesab  edir.  Freyd  introvertliyi  əqlin  avtoerotik,  «narsistik»  meyli  sayır.  Bu  neqativ  dəyərləndirmə  ilə  o

introvertlikdə  kollektiv  hissinin  təhqir  edilməsini  görən  müasir  Almaniyanın  nasional  -  sosialist  fəlsəfəsinə  şərik

olur.  Şərq  öz  növbəsində  bizim  nikbin  ekstravertliyimizi  etinasızcasına  sansaradal  mövcud  olan  xəyali  istəklər

səltənəti  (ən  yüksək  nöqtəsi  dünya  iztirablarının  məcmusu  olan  nidana  zəncirinin  mahiyyəti,  cövhəri)  adlandırır.

Şərq  və  Qərb  mövqeləri  arasındakı  emosional  ziddiyyətin  mənası  həyatında  introvertlə  ekstravertin  toqquşması

zamanı  baş  verən  dəyərlərin  ikitərəfli  devalvasiyası  ilə  rastlaşana  aydındır.  Avropa  fəlsəfəsi  tarixi  ilə  müəyyən

qədər tanış olanlara isə hələ Platondan gələn universalilərin təbiəti barədə qızğın mübahisə əyani nümunə ola bilər.

İntrovertlər  və  ekstravertlər  arasındakı ziddiyyətin  incəliklərinə  müdaxilə  etmədən  yalnız  dini  aspektlər  üzərində

dayanacağam. Xristian Qərbi belə hesab edir ki, insanın taleyi tamamilə İlahi Nemətdən və ya hər halda Kilsədən -

yuxarıdan  insanın  yer  üzündə  xilası  üçün  təsdiq  edilmiş  xüsusi  təşkilatdan  asılıdır.  İnsanın  «özünün  xilasına»

inanan Şərq isə, əksinə, güman edir ki, insan öz kamilləşməsi yolunu özü müəyyən edir.

Dini  dünyagörüşü  həmişə,  hətta  özünün  dini  ənənəsini  unutmuş  və  ya  bu  barədə  heç  bir  şey  eşitməmiş

adamların  belə  mahiyyətə  dair  psixoloji  mövqeyini  ifadə  edir  və  formalaşdırır.  Qərb  psixoloji  cəhətdən  tamamilə

xristian ənənəsi məcrasındadır. Tertullianın xristian qəlbinin təbiiliyi ifadəsi Qərb üçün həqiqət olaraq qalır - Lakin

onun  nəzərdə  tutduğu  kimi  dini  deyil,  psixoloji  mənada.  Nemət  yuxarılardan  enir,  hər  halda  kənardan  gəlir.

İstənilən  digər  nöqteyi-nəzər  əsl  küfrdür.  Buradan  aydın  olur  ki,  nə  üçün  bizdə  insan  psixikasına  lazımi  dəyər

verilmir. Psixi ilə Tanrı ideyası arasında əlaqə yaratmaq istəyən dərhal «psixologizmdə» və ya zərərli mistisizmdə

ittiham  olunur.  Digər  tərəfdən,  Şərq  mərhəmət  göstərərək  bu  «aşağı»  mənəvi  mərhələlərə  qarşı  dözüm  nümayiş

etdirir:  Burada  karmadan  kor  kimi  xəbərsiz  insan  hələ  də  günahkarlıq  qayğısına  qalır  və  öz  təxəyyülünə  mütləq

tanrıların mövcudluğuna inamla əzab verir ki, onlar da diqqətlə nəzərdən keçirdikdə onun qaranlıq idrakmı bürümüş

maya  örtüyündən  başqa  bir  şey  olmurlar.  Beləliklə,  yalnız  psixi  və  ya  hər  yerdə  mövcud  olan  Prana  (Ruh),

Buddanın mahiyyəti; Budda - İdrak, Yeganə, Dharma kaua (Əsl təlim) şəksiz dəyərə malikdir. Bütün mövcud olan

ondan törəyir, bütün ayrıca mövcud formalar onda birləşir. Mövcudluğun hər bir məqamında Şərq insanın şüurunda

kök salan, onun bütün fikir, hiss, əməllərinə nüfuz edən və dini etiqadından asılı olmayan əsas psixoloji mühakimə

budur.


Elə həmin mənada istənilən Qərb insanı dinindən asılı olmayaraq xristiandır. Xristianlığa  görə insan daxilən

kiçikdir, heç nəyə yaxındır; Kyerkyeqor isə demişdir ki, «insan həmişə Tanrı qarşısında haqsızdır». Qorxu, tövbə,

and,  itaət,  özünü  alçaltma,  xeyirxah  işlər  və  duaların  köməyi  ilə  o,  özündə  deyil,  Totaliter  Aliterdə,  Tamamilə

Başqada (kamil və dəyişməz), yeganə realda olan böyük qüvvəni rəhmə gətirə bilər. «Tanrını» hər hansı bir başqa




qüvvə ilə (məsələn, «dünyayla», «pulla») əvəz etməklə çalışqan, qorxaq, mömin, özünü alçaldan, işgüzar, tamahkar,

dünya  nemətləri  (mülkiyyət,  sağlamlıq, bilik,  texniki  ustalıq,  ictimai  firavanlıq,  siyasi  hakimiyyət,  nailiyyətlər  və

s.)  uğrunda  coşğun  mübarizə  aparan  Qərb  insanının  tam  xarakteristikasını  əldə  edə  bilərik.  Dövrümüzün  böyük

kütləvi  hərəkatlarını  nə  təşkil  edir?  Bu,  başqasının  mülkiyyətinin  mənimsənilməsi  və  ya  özününkünün  müdafiə

edilməsi  cəhdlərindən  ibarətdir.  İdrak  əsasən  daha  böyük  tikə  əldə  etmək  üçün  özünün  əsl  motivlərini  gizlətmək

məqsədi  ilə  əlverişli  «izmin»  kəşf  edilməsi  üçün  istifadə  edilir.  Qərb  mövqeyi  üstünlüklərinin  şübhəli

ehtimallarından  qaçmaq  üçün  əgər  özünün  Buddaya  bənzər  (budha-essense)  idealını  yaddan  çıxararsa,  Şərq

insanının  başına  nə  gələcəyini  təsvirə  girişmək  istəmirəm.  Lakin  mən  başqasının  nöqteyi-nəzərinin  təqlidinin

mümkün və ya hətta arzuolunan olub-olmaması sualmı verməyə bilmirəm. Onlar arasındakı fərq o qədər böyükdür

ki, belə bir imkan yoxdur, bununla bərabər, bu arzuedilən də deyil.

Odla suyu qarışdırmaq olmaz. Şərqin mövqeyi Qərbinkini, Qərbin mövqeyi isə Şərqinkini istisna edir. Özünü

azad  etməklə  məşğul  olaraq  yaxşı  xristian;  Tanrıya  ibadət  edərək  Budda  olmaq  mümkün  deyil.  Ziddiyyətin

mövcudluğu  ilə  barışmaq  daha  yaxşıdır,  çünki  onun  həlli,  əgər  ümumiyyətlə  mümkündürsə,  yalnız  qeyri-rasional

ola bilər.

Taleyin hökmü ilə Qərb Şərqin mənəviyyatının bəzi təzahürləri ilə tanış olmağa başlayır. Bunun əhəmiyyətini

azaltmaq  da,  aşkar  görünən  uçurum  üzərindən  etibarsız  körpü  tikmək  də  eyni  dərəcədə  mənasızdır.  Şərq  mənəvi

texnikası məşqlərini  əzbərləyib  özünü  təbii  ki,  zorlayaraq  təqlid  etmək  əvəzinə  belə  bir  məsələni  aydınlaşdırmaq

daha  ağıllı hərəkət  olardı: bizim  qeyri-şüuri  introvert  meylimizdə  Şərqin  rəhbər  mənəvi  prinsipinə  bənzər  bir  şey

mövcuddurmu. Onda biz öz torpağımızda, öz əllərimizlə tikə bilərdik. Bilavasitə Şərq variantının mənimsənilməsi

isə  sadəcə  bizim  Qərb  işgüzarlığımızdan  başqa  bir  şey  olmazdı,  bir  daha  sübut  edərdi  ki,  bütün  yaxşı  şeylər

kənardadır, onları əldə edib bizim boş  qəlblərimizə doldurmaq lazımdır.  Mənə elə  gəlir  ki,  biz  hər  halda  Şərqdən

öyrənmiş,  başa  düşmüşük  ki,  psixika  başqalarından  alınmalara  ehtiyac  olmayacaq  qədər  kifayət  dərəcədə

məzmunludur, hiss etmişik ki, biz ilahi mərhəmətin köməyi ilə və ya onsuz da özümüzün yaradıcılarımız ola bilərik.

Lakin nə qədər ki, mənəvi qürurumuzla və küfr özünütəsdiqimizlə rəftar etməyi öyrənməmişik, belə bir təkəbbürlü

işə  girişməməliyik.  Şərq  münasibəti  spesifik  xristian  dəyərlərini  pozur  və  bunu  görməmək  yanlışlıq  olardı.  Yeni

mövqeyimizin həqiqiliyi, daha doğrusu, öz tarixində möhkəmliyi yalnız xristian dəyərləri və introvert Şərq mövqeyi

arasındakı ziddiyyətin aydın başa düşülməsi ilə təmin oluna bilər. Biz Şərq dəyərlərini xaricdən deyil. daxildən dərk

etməliyik,  onları  özümüzdə,  qeyri-şüuri  sahədə  tapmalıyıq.  Bu  zaman  aydın  olacaq  ki,  qeyri-şüuri  qarşısındakı

qorxumuz  nə  qədər  böyükdür,  müqavimətimiz  nə  qədər  ciddidir.  Buna  görə  biz  Şərq  üçün  bu  qədər  aşkar  olan

introvert idrakın özünü azad edən qüvvəsini şübhə altına alırıq.

Qərb  üçün  bu  qüvvə  qeyri-şüurinin vacib  tərkibini  təşkil etsə  də,  praktiki  surətdə  məlum  deyil.  Bir  çoxları

qeyri-şüurinin  mövcudluğunu  qətiyyətlə  inkar  edir  və  ya  güman  edirlər  ki,  bu  istisnasız  olaraq  instinktlərdən,  bir

zamanlar  şüura  məxsus  olub  sıxışdırılmış  və  ya  unudulmuş  məzmunlardan  ibarətdir.  Belə  hesab  etmək  daha

təhlükəsizdir  ki,  «idrak»  bizim  başa  düşdüyümüz  kimi  idraka  (bu  və  ya  digər  dərəcədə  şüura  aid  edilən)  deyil,

Şərqdə başa düşüldüyü kimi, qeyri-şüuriyə aiddir. Bizim üçün eqosuz şüur ağlasığmazdır; şüur şüurlu məzmunların

eqoya münasibətinə bərabər tutulur. Əgər eqo yoxdursa, dərk edən də yoxdur. Beləliklə, eqo dərketmə prosesindən

ayrılmazdır.  Şərq  isə  eqosuz  şüuru  qəbul  etməkdə  çətinlik  çəkmir,  belə  hesab  edir  ki,  şüur  eqonun  hüdudları ilə

məhdudlaşmaya  bilər  (eqo  «yüksək  mərhələlərdə»  ümumiyyətlə  yox  olur).  Bizim  üçün  «məni»  istisna  edən  belə

psixi vəziyyət o səbəbdən yalnız qeyri-şüuri hesab edilə bilər ki, dərk edənin instansiyasının özü reduksiyaya məruz

qalır.  Mən  heç  də  şüura  transsendent  olan  mental  vəziyyətlərin  mövcudluğunu  şübhə  altına  almıram.  Lakin  bu

zaman şüur tam «dəf edildiyi» dərəcədə qurban verilir. Mən şüurlu mental vəziyyəti subyektlə, daha doğrusu, eqo

ilə əlaqədən kənarda təsəvvür edə bilmərəm.

Eqo «zəifiəyə» (depotentiated) - məsələn, cismi dərketmədən məhrum ola bilər, - lakin nəyinsə dərki qalıbsa,

dərk  edən  də  qalmalıdır.  Eqo  qeyri-şüurini  dərk  edə  bilmir.  Qeyri-şüurinin  mövcudluğunu  biz  yalnız  dolayı

əlamətlər  əsasında  anlaya  bilərik.  Tədqiqatçı  psixi  xəstəlikləri  araşdırdığı  zaman  pasiyentdə  qeyri-şüurinin

təzahürlərini müşahidə edə bilər, lakin qeyri-şüurinin məzmununun eqoya analoji olan vahid mərkəzdən gəlməsinin

sübutu yoxdur. Belə güman etməyə ciddi əsas vardır ki, qeyri-şüuridə ümumiyyətlə belə bir mərkəz yoxdur.

Şərqin eqodan belə asanlıqla imtina edə bilməsi, görünür ki, idrakın Qərbdən fərqli başadüşülməsini nəzərdə

tutur. Aydındır ki, Şərq təfəkkürü üçün eqo bizim üçün olduğu qədər əhəmiyyətə malik deyil. Şərq idrakı daha az

dərəcədə «eqo-sentrik»dir, onun məzmunları ilə subyekt arasındakı əlaqə daha zəifdir, eqonun ikinci plana keçdiyi

mental  vəziyyətlər  yüksək  qiymətləndirilir.  Eqonun  şiddətli  coşğunluqlarının  idarə  edilməsinin  müstəsna  effektiv

vasitəsi  xatxa-yoqadır.  Şübhəsiz,  samadxaya  nail  olmağa  can  atan  yoqanın  ən  yüksək  formaları eqonun  praktiki

surətdə  silindiyi  mental  vəziyyətə  istiqamətlənmişlər.  Şüur  onun  Avropa  mənasında  aşağı  mərhələ  (avidaya  -

«xəbərsizlik») sayılır, şüurun «qaranlıq fonu» (background) adlandırdığımız isə yüksək mərhələ kimi başa düşülür.

Beləliklə, bizim kollektiv qeyri-şüuri anlayışımız buddhanın («aydın ağıl») Avropa ekvivalenti ola bilər.

Mən  şüurun  «arxa  planı»nı  (background)  -  qeyri-şüurini  nəzərdə  tuturam.  Bütövlükdə  introtvertlik  üçün

qavrayış məlumatlarının apriorluğuna aksent xarakterikdir. Məlumdur ki, appersensiya aktı iki məqamdan ibarətdir:

1) obyektin bilavasitə qavrayışı; 2) obyekti dərk etməyə imkan verən öncə mövcud olan (pre-existing) model və ya

anlayışların köməyi ilə qavranılanın assimilyasiyası. Psixi - hər hansı bir keyfiyyətdən məhrum olan fiksiya deyil, o

aydın surətdə formalaşmış və spesifik reaksiya verən sistemdir. İstər qavrayış, istər spontan fikir olsun, hər hansı bir




yeni  təsəvvür  yaddaş  xəzinəsindən  gələn  assosiasiyaların  meydana  gəlməsinə  səbəb  olur.  Onlar  dərhal  əslində

interpretasiyanın  bir  növü  olan  mürəkkəb  «təəssürat»  mənzərəsini  təşkil  edərək  şüura  nüfuz  edirlər.  Təəssüratın

ondan  asılı  olduğu  qeyri-şüurinin  istiqamətini  (disposition)  «subyektiv  amil»  adlandırıram.  O  «subyektiv»  kimi

dəyərləndirilməlidir,  ilkin  təəssürat  əsasında  çətin  ki,  obyektivliyə  nail  olunsun,  adətən  «subyektiv  amil»in

bilavasitə  reaksiyasının  dəyişdirilməsi  və  uyğunlaşdırılması  üçün  kifayət  qədər  zəhmət  tələb  edən  verifikasiya,

müqayisə və analiz prosesləri tələb olunur.

Subyektiv  amili  «yalnız»  subyektiv  sayan  ekstravertlərin  meylinə  baxmayaraq  onun  əhəmiyyətinin  etiraf

edilməsi  əsla  şəxsi  subyektivliyə  aparmır.  Psixika  öz  strukturları  ilə  -  kifayət  qədər  real  quruluşlardır.  Onlar,

deyildiyi kimi, maddi obyektləri psixi obrazlara transformasiya etməyə qadirdirlər, onların köməyi ilə biz dalğaları

deyil,  səsləri,  müəyyən  tezlikli  elektromaqnit  rəqslərini  deyil,  bu  və  ya  digər  rəngləri  qavrayırıq.  Bir  çox  şeylər

vardır  ki,  onları  sonsuz  sayda  müxtəlif  üsullarla  görmək,  hiss  etmək,  anlamaq  olar.  Psixika  xarici  dünyanın

məlumatlarını özünəməxsus şəkildə, şəxsi meyldən tamamilə asılı olmayaraq, son hesabda appersepsiyanın qanun

və  ya  modellərinə  əsaslanaraq  assimilyasiya  edir.  Müxtəlif  dövr  və  ölkələrin  onlara  müxtəlif  adlar  verməsinə

baxmayaraq  bu  qanunlar  dəyişməz qalırlar.  Keçmişdə  insanlar  cadugərlərdən  qorxurdular,  kabusların, əcinnələrin

mövcudluğuna  inanırdılar  -  müasir  insan  mikroblardan  ehtiyat  edir,  vitaminlərin  mütləq  hakimiyyətinə,  iddialara

inanır...

Subyektiv  amilin  əsasında  psixi  fəaliyyətin  aprior  modelləri  durur.  Əgər  subyektiv  amili  qəbul  ediriksə,

beləliklə,  psixi  qanunauyğunluqların  reallığından  çıxış  edirik,  bununlada  subyektivizmdə  mümkün  ittihamın

qarşısını  alırıq.  Biz  bu  yolla  gedərək  şüurun  aşağı  təbəqələrinə  enə,  psixi  həyatın  əsas  qanunlarına  toxuna  və

qeyri-psixi  qüvvələrin  fatal  müdaxiləsi  (xarici  dünyanın  təsiri)  olmasaydı,  mütləq  psixikadan  törəyəcək  həqiqətə

yiyələnəndə  başlaya  bilərdik.  Bu  həqiqət,  şübhəsiz,  bizim  xarici  dünya  haqqında  biliklər  toplumuzu  tarazlaşdıra

bilərdi.  Qərbdə  yalnız  faktlarla  təsdiq  edilmiş  bilik  qənaətbəxş  hesab  olunur.  Biz  müşahidənin  və  təbiətin

araşdırılmasının  dəqiqliyinə  inanırıq:  bizim  həqiqət  xarici  gerçəkliyə  uyğun  gəlməlidir  -  əks  təqdirdə  o  yalnız

«subyektiv»  olacaq.  Şərq  praktitil  rəqsindən  (fyusis)  və  mayanın  saysız  illüzor  formalarından  üz  çevirdiyi  kimi,

Qərb boş fantaziyaları ilə qeyri-şüuridən yan keçir. Lakin introvert Şərq xarici dünyayla rəftar etməyi gözəl bacarır,

ekstrovert Qərb isə psixi və onun tələbləri ilə yola gedə bilmir: kilsə kimi institut dərk edilməyən psixini ayinlərdə

ifadə etmək imkanı verir. Təbiət elmləri və müasir texnologiya da həmçinin Qərbin monopol ixtirası deyil. Onların

şərqli  yoldaşları köhnəlmiş  və  hətta  primitiv  görünürlər.  Lakin  mənəvi  intuisiya  və  psixotexnika  sahəsində  malik

olduqlarımız  yoqa  ilə  müqayisədə  Şərq  astrologiya  və  tibbinin  Qərb  elmi  ilə  müqayisəsində  olduğu  qədər  geridə

qalmış  görünə  bilər.  Xristian  kilsəsinin  rolunu  azaltmaq  istəməsəm  də,  hər  halda,  öz  fikrimi  İqnatius  Loyolanın

Exercitiyası ilə müqayisədə izah edəcəyəm. Bu səviyyədən birdən-birə yoqa səviyyəsinə sıçrayış Asiya xalqlarının

bir  anda  yarımçıq  avropalılara  çevrilməsi  qədər  arzuedilməzdir.  Mənim  Qərb  sivilizasiyasının  Tanrı  tərəfindən

seçilmiş  olduğundan  və  Qərbin  Şərq  mənəviyyatını  uyğunlaşdırma  imkanlarından  şübhələnməyə  ciddi  əsaslarım

var.  Lakin  qarşı  duran  iki  dünyanın  görüşü  artıq  baş  verib.  Şərq  çox  ciddi  transformasiyaya  məruz  qalır,  onun

bütövlüyü  tamamilə  və  birdəfəlik  pozulmuşdur.  Şərq  müharibə  aparılmasının  ən  mükəmməl  Avropa  üsullarını

uğurla təqlid edir. Qərbdə bədbəxtlik, görünür ki, daha dərin qatlara nüfuz edib. Bizim fəlakətimiz - ideologiyaların

çiçəklənməsidir; çoxdan gözlənilən Antixrist elə onlardır. Nasional-sosializm müsəlmanlıq meydana çıxandan bəri

hər hansı bir kütləvi hərəkatdan daha çox dinə çevrilməyə yaxındır. Kommunizm itirilmiş  cənnəti geri qaytarmağa

iddia  edir.  Biz,  göründüyü  kimi,  mənəvi  epidemiyalara  qarşı  müqavimətə  az  uyğunlaşmış  ruhumuzun  kədərli

natamamlığından  daha  çox  məhsulun  məhvindən,  daşqınlardan,  epidemiyalardan,  türklərin  basqınından  müdafiə

olunuruq.

Qərbin  dini  istiqaməti  ekstravertdir.  Bizim  dövrümüzdə  xristianlığın  dünyaya  və  bədənə  qarşı  münasibətdə

düşmənçilikdə  və  ya  laqeydlikdə  ittihamı  əsassız  təhqir  kimi  səslənir.  Əksinə,  yaxşı  xristian  gülərüzlü  vətəndaş,

bacarıqlı biznesmen, əla əsgərdir; hər işdə o ən yaxşıdır. Bu dünyanın nemətləri tez-tez xristian həyat tərzinə görə

mükafat forması kimi şərh edilir və «Bizim atamız» duasında supersubstantialis (mahiyyətdən uca, ən mühüm) sifəti

artıq  çoxdandır  ki,  çıxarılmışdır,  çünki  real  çörək  qayğısına  qalmaq  daha  böyük  əhəmiyyətə  malikdir.  Belə

dərinliklərə işləmiş  ekstravertlik, əlbəttə ki, insanın öyrənməsi və ya tanrı neməti  sayəsində əldə edilmiş  olmayan

heç olmasa nə isə bir şeydən ibarət psixika verməyə qadir deyil. Bu nöqteyi-nəzərdən insanın psixi təbiətinin onun

azadlığının  vasitəsi  olmasını  güman  etmək  əsl  kafirlik  olardı.  İdrakın  özünü  azad  edən  gücü  ideyası  bizim

möminliyimizdə  əsasını  tapmır.  Buna  baxmayaraq,  psixologiyada  ən  yeni  cərəyan  olan  «analitik  psixologiya»

(«komplekslər  psixologiyası»)  özünün  simvolik  xarakteri  sayəsində  şüurun  nöqsanlarını  və  onun  dolaşıqlarını

kompensasiya  edə  bilən  qeyri-şüuri  proseslərin  mövcudluğunu  mümkün  hesab  edir.  Psixoanalizin  gedişi  zamanı

qeyri-şüuri proseslər dərk edilərkən, onlar şüuru o dərəcədə dəyişdirir ki, biz artıq şüurluluğun yeni səviyyəsindən

danışa  bilərik.  Lakin  psixoanalitik  metod  bilavasitə  qeyri-şüuri  kompensasiya  prosesini  doğura  bilməz  -  biz

tamamilə qeyri-şüuridən və ya «Tanrmın mərhəmətindən» asılıyıq, buna hansı adın verilməsinin əhəmiyyəti yoxdur.

Lakin  qeyri-şüuri  proses  də  çox  nadir  hallarda  müstəqil  olaraq,  texniki  yardım  olmadan  şüurun  sərhədlərinə

yaxınlaşır.  Üzə çıxmış qeyri-şüuri məzmunlar şüur üçün adi olan təfəkkür və hissetmə üsulları ilə aşkar ziddiyyət

təşkil edirlər, axı digər halda onlar kompensator xarakterə malik olmazdılar. Hər halda ilk reaksiya şüurun onunla

bu  dərəcədə  uyuşmaz  olan  kənar  təsirlərin,  hisslərin,  fikirlərin  və  s.  müdaxiləsinə  müqavimətindən  yaranan

ziddiyyət  olur.  Şizofreniya  belə  tamamilə  yad  və  qeyri-məqbul  məzmunların  müdaxiləsinə  ən  parlaq  nümunədir.




Təbii  ki,  şizofreniya  patoloji  təhriflərin  və  mübaliğələrin  nəticəsidir,  lakin  normal  psixikanın  fəaliyyəti  ilə  az  da

olsa tanış olan adam əsas sxemlərin eyniliyini asanlıqla görə bilər. Eyni modelləri biz mifologiyada və təfəkkürün

digər arxaik formalarında görürük.

Adi  şəraitdə  istənilən  konflikt  idrakı  onun  həll  edilməsinin  yeni  üsullarını  axtarmağa  vadar  edir.  Adətən

(Qərbdə)  şüur  qeyri-şüuriyə  qələbə  çalır,  çünki  şüura  kənardan  gələn  hər  şey  lap  əvvəldən  natamam,  hansı

mənadasa  yalançı hesab  edilə  bilər.  Lakin  nəzərdən  keçirdiyimiz  hallarda  biz  dinməz-söyləməz  güman  edirik  ki,

şüurla  aşkar  uyğun  gəlməyən  məzmunlar  sıxışdırılmayacaq,  ziddiyyət  qəbul  olunacaq  və  ona  «icazə  veriləcək».

Öncə onun həll  edilməsi tamamilə qeyri-mümkün görünür, lakin bu  müvəqqəti  vəziyyətə  səbrlə  dözmək lazımdır.

Belə  fasilə  -  qeyri-şüuri  üçün  tənəffüs  dövrüdür  və  ya  başqa  cür  desək,  şüurlu  şərait  -  qeyri-şüuridə  yeni,

kompensator reaksiyası yaradır. Adətən röyalarda olan bu reaksiya da öz növbəsində idraka çatdırılır. Şüur beləliklə

yeni  problemləri  qaldıran  və  ya  gözlənilməz  şəkildə  köhnələrini  transformasiya  edən  psixinin  yeni  hərəkəti  ilə

toqquşur. Konfliktin qənaətbəxş həllinə qədər təkrar edilən belə prosedura transsendental funksiya adını daşıyır. Bu

eyni zamanda həm metod, həm də prosesdir. Qeyri-şüuri kompensasiyaların həyata  keçirilməsi  spontan  prosesdir,

onun  dərk  edilməsi  isə  metoddur.  «Transsendental»  sözü  ziddiyyətlərin  qarşılıqlı  konfrontasiyası vasitəsi  ilə  bir

psixi vəziyyətdən digərinə keçidi göstərir.

Transsendental  funksiyanın bu  təsviri  çox  sxematikdir  və  təfərrüatları öyrənmək  üçün  oxucu  digər  əsərlərə

müraciət etməlidir. Lakin nəzərə almaq lazımdır ki, burada təsvir edilən psixoloji müşahidə və metodlar mənim bu

mətndə  işlətdiyim  «idrak»  anlayışının  mənasını  izah  edə  bilər.  Bu  -  obrazlar  -  qeyri-şüuriyə  immanent,  onun

struktur elementi olan qavrayış modelləri nümunələri yaradan idrakdır.  Yalnız onların mövcudluğu hətta mümkün

keçmə vasitəsi kimi miqrasiyanın tamamilə istisna edildiyi bölgələrdə belə mifoloji motivlərin ümumiliyini izah edə

bilər.  Röyalar,  fantaziyalar,  psixozlar  bütün  cəhətləri  ilə  mifoloji  motivlərə  bənzəyən  obrazlar  yaradır;  insan  bu

sonuncular  barədə  hətta  dolayısilə  belə  (Bibliyanın  iddiaları  və  ya  simvolikası)  heç  bir  təsəvvürə  malik  olmaya

bilər.  Qeyri-şüurinin  psixologiyasında  olduğu  kimi,  şizofreniyanın  psixologiyasında  da,  şübhəsiz  ki,  məhz  arxaik

material  təmsil  olunub.  Qeyri-şüurinin  strukturunun  necəliyindən  asılı  olmayaraq  bir  məsələ  aydındır:  burada

müəyyən  miqdarda  mifologiya  invariantları  ilə  identik  və  mifoloji  təfəkkür  formalarına  bənzər  arxaik  modellər

vardır.


Şüurun  matritsası  qeyri-şüuridə  kök  salıb  və  burada  göstərdiyimiz  Universal  İdrak  kimi  fikir  formaları

meydana  çıxır.  Qeyri-şüuri  müəyyən  bir  sabit  formaya  malik  olmadığından,  özünün  də  forması  olmayan,  lakin

bütün  formaların  forması olan  Universal  İdrak  haqqında  Şərq  təsəvv03ürü,  görünür  ki,  psixoloji  cəhətdən  özünü

dərindən  doğruldur.  Qeyri-şüurinin  forma  və  modelləri  hər  hansı  bir  konkret  zaman  kəsiyinə  aid  deyillər,  onlar

«əbədidirlər» və şüur dairəsinə düşdükdə spesifik zamandan xariclik hissi doğururlar.

Röyalarda  və  xüsusilə  ruhi  xəstələrin  psixikasının  məhsullarında  obrazların,  demək  olar  ki,  qeyri-məhdud

kontaminasiyası  bu  obrazların  qeyri-şüuri  mənşəyini  sübut  edir.  Şüur  sahəsindəki  formaların  dəqiq

müəyyənliyindən  və  ayrıcalığından  fərqli  olaraq  qeyri-şüuri  məzmunlar  həddindən  artıq  qeyri-müəyyəndirlər  və

buna  görə  də  müxtəlif  cür  kontaminasiyalara  məruz  qalırlar.  Heç  bir  şeyin  müəyyən  bir  formaya  malik  olmadığı

vəziyyəti  təsəvvür  etsək,  bütövlüyü  bir  vahid  kimi  hiss  edəcəyik.  Buna  görə  də  güman  etmək  olar  ki,  spesifik

«Vahid» hissi bütün formaların qeyri-şüuridə şüuraltı hiss edilən qarışmasından doğur.

«Transsendental funksiyanın» vasitəsi ilə biz yalnız Universal İdraka yolu tapmayacağıq, bizə həm də özünü

azadetmə  imkanına  Şərq  inamı  aydın  olacaqdır.  Əgər  introspeksiya  və  qeyri-şüurinin  kompensator  funksiyasının

dərki yolu ilə öz psixi vəziyyətini dəyişdirmək və ağrılı ziddiyyətin həllinə nail olmaq mümkündürsə, bizim, təbi ki,

özünü azadetmədən danışmağa  haqqımız var.  Lakin  artıq işarə  etdiyim  kimi,  özünü  azadetməyə  bu  məğrur  meylə

mane  olan  odur  ki,  insan  bu  qeyri-şüuri  kompensasiyaları sərbəst  olaraq  yarada  bilməz.  İnsan  kompensasiyanın

spesifik  xarakterini  də  dəyişdirə  bilməz:  o  necədirsə  elədir,  əks  təqdirdə  ümumiyyətlə  yoxdur.  Maraqlıdır  ki,  bu

müstəsna  dərəcədə  vacib  vəziyyəti  Şərq  fəlsəfəsi  tamamilə  dərk  etmir,  əslində  isə  Qərb  mövqeyinin  psixoloji

əsaslandırılmasını elə o təmin edir. Məhz Qərb təfəkkürü insanın hansısa bir qaranlıq qüvvədən fatal asılılığına dair

çox vacib intuisiyanı yaratmışdır, bütün işlərin yaxşı getməsi üçün bu qüvvə ilə əməkdaşlıq zəruridir. Doğrudan da,

qeyri-şüurinin  «əməkdaşlıqdan»  imtina  etdiyi  yerdə  insan  hətta  gündəlik  fəaliyyətində  belə  çaşqınlıq  hiss  edir.

Yaddaş imtina edə, hərəkətlərin koordinasiyası pozula, diqqəti mərkəzləşdirməyə maraq və ya qabiliyyət itə bilər və

hər bir belə pozulma ciddi nevroza, bədbəxt təsadüfə, professional və ya mənəvi iflasa səbəb olmağa qadirdir.

Keçmişdə  adamlar  tanrıların  onlardan  üz  çevirdiklərindən  şikayət  edirdilər,  indi  biz  belə  vəziyyəti  nevroz

adlandırırıq  və bunun səbəbini vitamin çatışmazlığında,  endokrin  dəyişikliklərdə,  həddindən  artıq yorğunluqda və

ya seksual disharmoniyada görürük. Haqqında heç bir zaman düşünmədiyimiz və təbii bir şey kimi qəbul etdiyimiz

qeyri-şüurinin fövqəladə vacibliyinin bütün əhəmiyyətini biz yalnız ondan məhrum olduqda dərk edirik.

Digər  irqlərlə,  məsələn,  çinlilərlə  müqayisədə  ağ  adamın  psixi  balansı və  ya  daha  sərt  desək,  onun  beyni,

görünür  ki,  zəif  yerdir.  Özünün  zəif  cəhətlərinə  göz  yummaq  qabiliyyəti  ilə  ətrafdakılara  hakim  olmaq  yoluyla

özünün  təhlükəsizliyini  təmin  etməyə  can  atan  ekstravertlik  növü  izah  edilir.  Ekstravertlik  «daxili  insana»  (əgər

onun  iştirakı  ümumiyyətlə  dərk  edilirsə)  inamsızlıqla  çiyin-çiyinə  gedir.  Ümumiyyətlə,  hamımız  bizdə  qorxu

aşılayan  şeyi  lazımi  qədər  qiymətləndirməməyə  meylliyik.  Görünür,  bu  səbəblər  Qərb  sivilizasiyası  üçün  çox

xarakterik olan belə bir əminlik yaratmışdır  ki, idrakda əvvəlcə hisslərdə verilmiş  heç bir şey yoxdur. Lakin artıq

qeyd edildiyi kimi, bu ekstravert meyl o şəraitdə psixoloji təsdiqini tapır ki, qeyri-şüuri kompensasiya iradi nəzarətə




məruz  qalmır.  Məlumdur  ki,  yoqanın  xidməti  qeyri-şüuri  prosesləri  nəzarət  altında  saxlamaq  qabiliyyətindədir;

buna görə də bir tam kimi yoqanın psixikasında şüurun ən yüksək təbəqələrinin nəzarəti altında olmayan heç bir şey

olmur.  Belə  bir  vəziyyətə  potensial  nail  olmaq  imkanına  heç  bir  şübhə  etməyərək  hesab  edirəm  ki,  bu  vəziyyətə

özünün  qeyri-şüurisi  ilə  eyniləşdirmə  nəticəsində  nail  olmaq  olar.  Belə  eyniyyət  -  «mütləq  obyektivlik»  Qərb

fetişinin, daxili həyatın tam yoxluğu şəraitində özünü vahid məqsədə, ideyaya, işə mexaniki tabe etdirmənin Şərq

variantıdır.  Şərq  nöqteyi-nəzərindən  belə  «tam  obyektivlik»  dəhşətdir,  çünki  o  insanı «sansaranın»  hakimiyyətinə

verir.  Qərb  üçün  isə  o  insanı «samadxanın»  -  mənasız  yuxu  vəziyyəti  kimi  bir  şeyin  ixtiyarına  verir.  Şərqdə  öz

kökündən  ayrılmağa  imkan  verməyən  daxili  insan  həmişə  xaricini  özünə  tabe  etdirir;  Qərbdə  daxilini  sıxışdıran

xarici  insan  özünü  daxili  varlıqdan  get-gedə  daha  da  uzaqlaşdırır.  Vahid  İdrak,  Vahid,  formaların  seçilməzliyi,

əbədiyyət yalnız təkcə Tanrıya məxsusdur; insan isə artıq özünün təbiətinə görə miskin və haqsızdır.

Düşündüyümə  görə,  mülahizələrindən  aydındır  ki,  hər  iki  zidd  mövqeyin  özünün  psixoloji  əsası  var.

Bunlardan  hər  biri  öz  tərəfindən  çərçivələrindən  kənara  çıxan  vəziyyətlə  hesablaşmağa  qadir  deyil.  Biri  şüur

dünyasını,  digəri  Vahid  İdrak  dünyasını lazımi  qədər  qiymətləndirmir.  Nəticədə  bu  da,  o  da  öz  ekstremizmində

dünyanın yarısını itirirlər;  onların varlığın tamlığından ayrılmış həyatı süniliyə və  dehumanizasiyaya məhkumdur.

Qərbdə  biz  obyektivlik  maniyasını, ideal  (və  ya  qeyri-ideal)  məqsəd  naminə  gözəlliyi  və  həyatın  tamlığını inkar

edən  mövhumatla  mübarizə  aparan  amilin  asketizmini  görürük.  Şərqdə  -  müdriklik,  sakitlik,  özünün  dumanlı

əsaslarına müraciət edən, həyatdakı kədər və sevinci arxada qoyan psixikanın həyatdan üz çevirməsi və süstlüyü var

və bu, göründüyü kimi, belə də olmalıdır. Təəccüblü deyil ki, birtərəflilik rahibliyin çox bənzər formalarını yaradır,

həm bu, həm də digər halda tərki-dünyanın, müqəddəsin, rahibin və ya alimin vahid məqsədini təmin edir. Mənim

özlüyündə bitərəfliyə qarşı heç bir etirazım yoxdur. Əgər gücü çatacaqsa, təbiətin möhtəşəm eksperimenti - insanın

belə tədbirlərə haqqı var. Həmin bu birtərəflilik olmasaydı, insan ruhunun özü bütün əzəməti ilə üzə çıxmazdı.  Və

hər halda düşünürəm ki, həm bu, həm də digər tərəfdən başa düşməyə cəhd etmək lazımdır.

Qərbin  ekstravert  və  Şərqin  introvert  meylləri  bir  məsələdə  eynidirlər:  hər  ikisi  həyatın  «təbiiliyini»  idraka

tabe  etdirmək  üçün  böyük  cəhdlər  edirlər.  İdrakın  materiya  üzərində  bu  üstünlüyü,  təbiətə  zidd  hərəkət  bütün

zamanlar ərzində yaradılan özünün ən qüdrətli silahına - dərk edən ağıla sevinməkdən hələ də yorulmamış insanın

gəncliyinin  əlamətidir.  Ola  bilər  ki,  uzaq  gələcəkdə,  bəşəriyyətin  günortasında  tamamilə  başqa  bir  ideal  bərqərar



olacaq və zaman ötdükcə insan qələbə çalmağı arzulamayacaq.

Tərcümə edəni: Paşa ƏLİOĞLU

Yüklə 101,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə