Yerin planet kimi geoekoloji rolu



Yüklə 48,05 Kb.
tarix10.11.2017
ölçüsü48,05 Kb.
#9585

Yerin planet kimi geoekoloji rolu

Yerin geoekoloji cəhətdən mühüm xüsusiyyətləri aşağıdakılardır:

- Yer nisbətən kiçik planetdir. Onun səthinin sahəsi 510 milyon km2 –dir, bundan 149 milyon km2-quru, buzlaqlardan azad olan quru-133 milyon km2-dir. Bəşəriyyətin həm hazırda, həm də gələcəkdə sonrakı artımı və inkişafı üçün ixtiyarında olan məkan budur. Bu məkanda olan ərazinin və ehtiyatların məhdudluğu dünya əhəlisinin sayının artan və onun tələbatının yüksələn şəraitlərində, gec və ya tez qlobal ekoloji böhranın yaranmasına gətirib çıxarır.

- Ekosferin fəaliyyəti üçün vacib olan başlıca mənbə Günəşdir. Yerin Günəşə nisbətdə mövqeyi başqa planetlərlə müqayisədə optimaldır. Bizim planet biosferdə demək olar ki, bütün əsas prosesləri müəyyən edən vacib enerji miqdarını almaq üçün günəşə kifayət qədər yaxındır. Həm də yer günəşə o qədər yaxınlaşmayıb ki, artıq enerji miqdarı əldə etsin;

- Yerin fırlanma oxu, yerin günəş ətrafında hərəkət müstəvisinə (ekliptika müstəvisinə) 66033/ bucaq altında mailidir. Bu hal yer səthində günəş radiasiyasının il ərzində qeyri-bərabər paylanmasının dəyişməsini beləliklə də, ilin fəsillərinin növbələşməsini şərtləndirir. O, həmçinin işıqlı günün müxtəlif davamiyyətini və en dairəsindən asılı olaraq, onun il ərzində daxili dəyişməsini təmin edir.

Yerin qlobal sıxılması və genişlənməsi

XX əsrin I yarısında geologiyada uzun müddət “ kontraksiya” (latınca- sıxılma) hipotezi hökm sürmüşdür. Bu hipotezə görə ilkin bərk qızmış Yer, soyuyaraq həcmi azalmışdır. Bərkimiş xarici örtük- yer qabığı, kiçilən nüvəyə uyğunlaşaraq, ağırlıq qüvvəsinin təsiri altında dağılırmış.Yer qabığının sahəsi azalır, onu təşkil edən süxurlar sıxılmaya məruz qalırdılar. Qabıq bürüşməyə başlamış, onun üzərində qırışlar-qırışıqlıq dağ zəncirləri və qırılmalarla bölünmüş çökəkliklər yaranırdı. Qırılmalardan yer səthinə hava axınları gəlirdi. Son illərdə bu fikirlər yenidən alimlərin diqqətini cəlb etməyə başlamışdır.

Nisbətən sonrakı hipotezə görə Yer kürəsinin ilkin radiusu (3500-4000 km) müasirdən (6356.9-6378.2 km) çox azdır. Yer səthi də iki dəfə az olmuşdur. Okeanlar yox idi, materik qabığı bütöv örtüklə bütün planeti örtürdü. Sonralar yerin radiusu ildə orta hesabla 0.6 mm çoxalmağa başladı.Bunun nəticəsində əvvəllər vahid olan materik qabığı çatlamış, ayrı-ayrı kontinentlərə parçalanmışdır. Yerin get-gedə daha çox genişlənməsi ilə kontinentlər bir-birindən daha çox uzaqlaşmışdır. Materiklər arasında yaranan qırılmalara mantiya maddəsi dolmuş və okean tipli yeni qabığı formalaşdırmısdır.

- Bir sıra alimlərin fikrincə, Yer “döyünür” (pulsasiya edir) ; onun genişlənmə epoxaları sıxılma epoxaları ilə növbələşir. Döyünən yer hipotezi bir sıra yeni faktlarla təsdiq olunur. Bununla belə bu pulsasiyaların səbəbi hələ də aydın deyildir. Bu faktlara yerin öz oxu ətrafında fırlanmasının bucaq sürətini, sutka davamiyyətinin dəyişməsini göstərmək olar.

1873-cü ildə Amerika geoloqu Ceyms Dena tərəfindən irəli sürülən geosinklinal hipotez 100 ilədək mövcud olmuş və öz sadəliyi ilə bir çox geoloqları indi də cəlb edir. Yerin geoloji tarixini bu hipotez mövqeyindən qısaca belə izah etmək olar. 3.5 milyard il bundan əvvəl mantiyadan bazalt axınları hesabına yer qabığının ilkin – qranit yer qabığı formalaşmağa başlayıb. Arxey erasının sonuna onun daxilində ilk geosinklinal çökəkliklər yarandı. Onları “protogeosinklinal” (yunanca “protos – birinci, ilkin) adlandırırdılar. Bu çökəkliklərə ilkin bazalt və yer qabığının dik hissələrindən qırıntı materialları daşınmağa başladı. Arxey və proterozoy eralarının sərhəddində (1,9 mlrd il əvvəl) ən qədim qarışıqlıq epoxaları yarandı.

Yerin sonrakı tarixində 5 iri qarışıqlıq dövrləri baş verib: Gec proterozoy (baykal), ilkin paleozoy (kaledon), gec paleozoy (hersin), mezozoy (alp). Bunların hər biri dağ-qarışıqlıq qurşaqlarının əmələ gəlməsi ilə başa çatmışdır. Onları uyğun qarışıqlıqların adı ilə baykalid, kaledonid, hersinid, mezozoidalpidlər adlandırırlar.



Yerin qlobal dinamikası

“Yeni qlobal tektonika” (“plitələr tektonikası”) tərəfdarlarına görə bir neçə bərk litosfer plitələri Yerin mantiyasının üst hissəsində yerləşən astenosfer səthində dreyfə (yerdəyişmə) məruz qalır. Dreyf edən okean plitələrinin sərhədləri aralıq okean silsilələrinin rift yarıqları dərin novlar və kontinentlərin kənarlari üzrə cavan qarışıqlı dağlardır. Rift yarıqlarına mantiyadan qalxan bazalt lavalar keçir və okeanların yeni diblərini formalaşdırır. Yarıqlarda soyuyaraq, onlar okean plitələrini əks tərəflərə aralayır, onların əks yanları dərinlik novlərinin maili səthləri boyunca mantiyaya batır. Kontinentlərin sərhəddində plitələr toqquşaraq dağ-qırışıqlıq qurşaqlarını əmələ gətirirlər. Bu hipotezin tərəfdarları hesab edir ki, məsələn, Alp-Himalay dağ qırışıqlıq qurşağı belə yaranıb, yeni Avrasiya şimal materikinin Qondvana ilə və Hindistan plitəsinin Asiya plitəsi ilə toqquşması nəticəsində.

Müasir müşahidələrlə müəyyən edilmişdir ki, litosferin ayrı-ayrı plitələrinin nisbi hərəkəti həqiqətən mövcuddur. Yaponiya dəniz təhlükəsizliyi agentliyinin peyk müşahidələrinə əsaslanan məlumatlarına görə, 1983-1987-ci illərdə Avstraliya Yaponiyaya tərəf - 38 sm, Şimali Amerika – 11 sm, Havay adaları – 39 sm yaxınlaşmışdır. Əgər belə hərəkət tempi saxlanılarsa, onda Havay adaları 100 milyon ildən sonra Yapon adaları ilə birləşə bilər.

Zəlzələrin geoekoloji nəticələri

Yer kürəsi əhaləsinin yarıya qədəri seysmik cəhətdən təhlükəli ərazilərdə yaşayır.Yeri hər il M7 maqnitudalı 8-10 seysmik zəlzələlər titrədir. 300-ə qədər zəlzələlərin maqnitudası 5-ə bərabərdir. Dünyada hər il 10-15 min insan zəlzələlərin qurbanı olur. Təxmini hesablamalara görə axırıncı 4 min ildə zəlzələlər 13 milyon insanın həyatına son qoyub. Çin alimləri 2750-ci il üçün zəlzələlərin siyahısını tərtib etmişlər. Onlar 1000-dən artıq dağıdıcı zəlzələlərin olacağını göstərirlər. Maddi dəyərlərin dağılması ilə əlaqədar itkilər milyard dollarla hesablanır. Zəlzələ ocağında seysmik təkanların intensivliyi haqqında obyektiv təsəvvür əldə etmək üçün zəlzələni yaradan seysmik ehtirazların (vibrasiyanın) ümumi enerjisini səciyyələndirən maqnitudaların şkalası yaradılmışdır.Onu yunan alimi T.Vadati təklif etmiş və amerikan seysmoloqu Ç.Rixter təkmilləşdirmişdir.Sonuncunun adı ilə o “Rixter şkalası” adlanır.

Zəlzələlərin dağıdıcı nəticələri qruntun yumşalması, qırılmalar, sürüşmələr, uçqunlar və s. proseslərlə güclənir.

Qırılmalarla əlaqədar Şimali Çində (1976), Qvatemalada (1976), Baykal gölündə (1999) sürüşmə və uçqunlarla əlaqədar isə (Anqanikada 1850), Pamirdə (1911), Çində (1920), Yaponiyada (1923), Peruda (1970) güclü zəlzələlər olmuşdur.



Vulkanizmin geoekoloji nəticələri

Vulkan fəaliyyəti Yerin bütün geoloji tarixini müşayiət etmişdir. O, yer qabığının, hidrosferin və atmosferin yaranmasına kömək etmişdir. Yer kürəsində 850 fəaliyyətdə olan vulkan vardır. Onların çoxu sualtı vulkanlardır. Hər il dünyada yüzlərlə vulkan püskürməsi baş verir. 4.5 milyard il ərzində vulkanlar yer səthinə 13.5ּ 1018 ton dərinlik maddəsi çıxarmışdır.

Qədim geoloji dövrlərdə bazalt lavalarının püskürmələri geniş yayılmışdır. Belə ki, Krasnoyarski vilayətində 1.5 milyon km2 ərazi mezozoy yaşlı bazalt örtükləri ilə tutulmuşdur.

Hazırda bazaltlar okean dibinin çox böyük sahələrini örtür.Vulkanlar böyük miqdarda lava, kül, xırda və iri süxur parçaları, müxtəlif qazlar püskürməklə, geoloji mühitə və insanların həyatına çox güclü təsir göstərir.



Palçıq vulkanları. Azərbaycanda palçıq vulkanları geniş yayılmışdır. Palçıq vulkanı brekçiyası üçün xarekterik elementlər bunlardır:B,Hg, Mn, Ba, Sr, Cu, Mo, Li, Pb.

Belə bir fikir formalaşır ki, Abşeron yarımadasında ekoloji gərginliyin yaranmasında palçıq vulkanları da müəyyən rol oynayır. Onların fəaliyyəti nəticəsində ətraf mühitə zəhərli kimyəvi elementlər daxil olur. Ən böyük vulkanlardan olan Lökbatan, Leyrəki, Bozdağ, Güzdək və s. Püskürmə zamanı yer səthinə külli miqdar müxtəlif duzlar və mikroelementlər çıxarır. Əsasən bor, qurğuşun, molibden, xrom və s. Torpağa və qrunt sularına nüfuz edərək onların kimyəvi tərkibini və xassələrini pisləşdirir, bitkiləri zəhərləyərək, onların növ tərkibini dəyişir, seyrəkləşdirir, məhv edir.



Neft çıxışları. Litosferin həmçinin hidrosferin təbii yolla çirklənməsində neft-qaz çıxışları da müəyyən rol oynayır. Abşeron yarımadasında geoekoloji vəziyyəti gərginləşdirən amillərdən biri də geniş ərazidə neft-qaz çıxışlarının olmasıdır. Yasamal dərəsində Məhsuldar Qatın klassik kəsilişində neft ilə doymuş çoxlu layları müşahidə etmək olar. Binəqədidə Bitum yatağı, IV dövr fauna və florası ilə zəngin olan “heyvanlar qəbiristanlığı” mövcudddur.

Atəşgahda neftin kustar üsulla hasilatı sahələri, qaz çıxışları, neftlə doymuş sahələr müşahidə olunur. Binəqədidə, Qırməki Dərəsində üzə çıxan neftli laylar geniş əraziləri neft ilə hopdurmuşdur.

Ümumiyyətlə, dənizdə neft hasilatı olan sahələrdə dəniz dibində neft-qaz sızmaları (qrifonlar) qetdə alınır. Onların sayı Xəzərdə yüzdən çoxdur və mənşə etibarilə tektonik qırılmalarla əlaqədardır.



Texnogen birləşmələr. “Texnogenez” termini akademik A.Fersmanın tədqiqatlarından sonra (1922) tətbiq olunmağa başlayıb, lakin insanların fəaliyyətinin geokimyəvi nəticələri bir neçə yüzilliklər bundan əvvəl təzahür etmişdir. Ancaq bu nəticələrin mənası yalnız XX əsrdə kəskin surətdə yüksəlmişdir. Antik dünyada insanlar cəmi 19 elementdən istifadə edirdilər. XXIII əsrdə - 28, XIX əsrdə - 50, XX əsrin əvvəllərində - 60. Son onilliklərdə, nəinki yer qabığında mövcud olan 89 məlum kimyəvi elementdən hətta süni radioaktiv elementlərdən istifadə etməyə başlamışlar.

Mineral xammal hasilatı, kaustobiolitlər daxil olmaqla, 100 milyard ton təşkil edir. Mineral xammal emal məhsullarının əksəriyyəti kimyəvi elementlərin birləşmələrindən ibarətdir. Onlar təbii proseslər nəticəsində yaranmır və biosferdə rast gəlinmir, yalnız antropogen fəaliyyət nəticəsində bura düşürlər. Bununla əlaqədar onların biosferdə davranışı təbii birləşmələrin davranışından fərqlənir. Bu texnogen mənşəli birləşmələr, təbii metallar texnogen yolla biosferə keçərək sonradan burada fəaliyyət göstərən miqrasiya və koufentrasiyanın əsas qanunlarına tabe olmağa başlayır. Texnogen birləşmələr biosferə daxil olduqdan sonra canlı orqanizmlərə xüsusi şəkildə təsir etməyə başlayır.

Belə birləşmələrin istehsalı, həm ümumi kütlə üzrə həm də müxtəlifliyinə görə fasiləsiz surətdə və tez artdığından, orqanizmlərə təsirdə də get-gedə güclənir. Artıq texnogen birləşmələrin biogeokimyəvi rolunu nəzərə almamaq mümkün deyildir.

Texnogen birləşmələrin istehsalı üçün enerji lazımdır. Əksər hallarda onun mənbəyi təzələnməyən ehtiyatlar olan kömür, neft, və qazdır. Neft üzvi sintez üçün də xammal kimi xidmət edir: Bu məqsəd üçün bütün xammalın 90%-i neftdən alınır. Beləliklə, bir o qiymətli, təzələnməyən ehtiyatlardan istifadə edirik ki, onlar milyon illər ərzində toplanmışlar və təkcə bizə deyil, gələcək nəsillərə də məxsusdur.



Texnosferə çirkləndirici maddələrin daxil olma həcmləri

Texnogen ehtiyat dövrləri ətraf mühitin çirklənməsilə əlaqədardır. Çirklənmə hər hansı mühitə yəni onun üçün xarekterik olmayan fiziki, kimyəvi, bioloji maddələrin, agentlərin gətirilməsi, mühitdə saydığımız bu maddələrin insana, floraya və faunaya zərərli təsir etməklə təbii orta səviyyəsinin müəyyən vaxtda yüksəlməsidir.

Hazırda texnogenezin sənaye çirklənməsinin miqyası bəzən insanin yerdə yaşaması üçün böhran vəziyyətləri yaratmaqla təhlükəli ölçülər almışdır:


  1. Hər il Dünya okeanına 10 milyon ton neft daxil olur:

  2. Hər il sənaye müəssisələri və nəqliyyat vasitəsilə atmosfer havasına 1 mlrd.m3 hiss (qurum) ayrılır:

  3. Hər il daxili hövzələrə və su cərəyanlarına 500 milyon ton sənaye-məişət axınları daxil olur:

  4. Hər il 19 mld. ton şərti yanacağın yandırılması zamanı 150 mln. ton kükürd anhidridi və 30 mlrd. m3 CO2 ayrılır ki, bu da parnik effektinin yaranmasına səbəb olur:

  5. Məişət və sənaye tullantılarının həcmi artır:

  6. Suların çirklənməsi güclənir, çirklənmiş suların həcmi dünyada hər il 700 km3 artır:

Texnosferin çirklənməsində əsas rolu sənaye, energetika və nəqliyyat oynayır.

Litosferin sənaye müəssisələri tərəfindən çirklənməsi

Sənaye və məişət tullantılarının böyük miqdarı torpağa düşərək onun kimyəvi tərkibini və keyfiyyətini əhəmiyyətli dərəcədə dəyişir, özünütəmizləmə işi ya yavaş gedir ya da heç getmir. Torpağın ağır metallarla yanaşı kükürdlü çirklənmə ocaqları ilə çirklənməsi texnogen səhraların yaranmasına gətirib çıxarır, çünki dəmirin kükürdlə qarşılıqlı əlaqəsi zamanı güclü zəhər kükürdlü dəmir yaranır. Nəticədə torpağda mikroflora məhv olur, bu da münbitliyin itməsinə, geokimyəvi mühit və canlı orqanizm vəhdətinin pozulmasına səbəb olur.

Sənayenin bərk tullantıları iki əsas növə ayrılır: zəhərli və zəhərli olmayan. Bundan başqa onlar metallik və qetri- metallik və konbinəli olmaqla da təsnif edilir. Qeyri-metal tullantıları inert (boş süxur atmaları, kül və s.) və kimyəvi fəal (rezin,plastmass və s.) olmaqla da ayrılır.

Torpaqların sənaye müəssisələri tərəfindən kimyəvi çirklənməsinin əsas yayılmış maddələr qrupuna daxil etmək olar:



  • Qazlar (CO2 ;CO ;SO2 ;NO2 ;H2S ) ;

  • Ağır metallar və onların birləşmələri (Hg,Pb,Cd )

  • Tsiklik karbohidrogenlər

  • Radioaktiv maddələr

Kosmik tədqiqatların geoekoloji nəticələri

Kosmik aparatın qarşısında qoyulan məqsədən asılı olaraq, onu kosmik fazanın müxtəlif rayonlarına istiqamətləndirirlər.Bu rayonların öyrənilməsi göstərir ki, raket-kosmik texnikanın istimarı, həm yerin biosferi ( litosfer, atmosfer, hidrosfer ), həm də Təbii mühitə təsirlə əlaqədardır. Bu məsələ də local və qlobal təsirləri artırır.

Raket-Kosmik texnikanın Yerin təbiətinə qlobal təsirinin mümkünlüyü onunla göstərilir ki, birincisi, kosmik aparatın kosmosa çıxarılması zamanı daşıyıcıların hərəkət trayektoriyası yerindən xeyli aralı olan region əraziləri üzərində olan atmosferin bütün təbəqələrindən keçir, ikincisi, orbitə çıxarılan kosmik aparatlar və raketlərin sonuncu pilləri atmosferin üst təbəqələrində tormozlanma və onların natamam yanmaları zamanı

Yer səthində çox nəhəng əraziləri üçün təhlükə kəsb edir, onların yerətrafı kosmik fəzada uzun müddət mövcud ola bilənləri isə öz aktiv mövcudluğunu sona çatdırdıqdan sonra fəzanı zibilləyir və yeni göndərilən aparatlar üçün təhlükəli olur.Ekoloji təsirin qlobal amillərinə bunlar aiddir:

-daşıyıcı raketlərin aktiv sahədə iş zamanı atmosferə yanma məhsullarının atılması (o cümlədən canlı təbiət üçün zəhərli maddələrin);

-daşıyıcı raketlərin və kosmik aparatın işlənmiş pilləsinin atmosferdə yanması;

-yeraltı fəzanın işlənmiş məmulatların fraqmentləri ilə (kosmik apparat, daşıyıcıların son pillələri, qurğunun ayrı-ayrı elementləri) zibillənməsi;

-qəza hallarında həm daşıyıcı raketlərin, həm də kosmik aparatın konstruksiyalarının işlənmiş elementlərinin nəzərdə tutulmayaraq Yerə düşməsi;



Təsirin “lokal amilləri” bunlardır:

-yanacaqdoldurma yerlərinə aparılan zaman və bilavasitə yanacaqdoldurma zamanı yanacaq komponentlərinin dağılması ( bu zəhərli komponentlərə aiddir)

-daşıyıcı raketlərin işlənmiş pillələrinin Yerə düşməsi;

-daşıyıcı raketlərin hərəkəti zamanı səs tezyiqinin və dalğasının yayılması;

-Kosmik fəaliyyəti zamanı ozon, yanma məhsullarında olan su buxarlarının, həmçinin azot oksidlərinin təsiri ilə parçalanır. Təcrübi olaraq, hər hansı daşıyıcı raketin uçuşu zamanı ozon təbəqəsində “pəncərə” əmələ gəlir. Raketin iri boyu bir neçə yüz metrlik diametrdə ozon, bütün yüksəkliklərdə ani olaraq tam dağılır və sonra 2-3 saatdan sonra bərpa olunmağa başlıyır.

Energetikanın geoekoloji nəticələri
Axtarış və kəşfiyyat işlərində ekoloji problemlər.Ümumi müddəalar

Ölkənin xalq təsarrüfatında neft-qaz kompleksinin rolu danılmazdır.Bununla belə, bu kompleks ətraf mühitin çirklənməsində və müxtəlif işlər görülən zaman, ekoloji tədbirlər görülmədikdə, potensial qorxu mənbəyidir. Ətraf mühitin əsas komponentlərinə (hava, su, bitki və heyvan aləmi, insanlar) neftin və qazın mənfi təsiri, karbohidrogenlərin və kükürdlü birləşmələrin toksik təsiri, texnoloji proseslərdə istifadə olunan kimyəvi maddələrin müxtəlifliyi ilə və həmçinin neft-qaz quyularının qazılması, mədənlərdə neftin və qazın çıxarılması və sonrakı nəqli, saxlanılması, email şəraiti ilə sıx əlaqədardır.

Bütün texnoloji proseslər (kəşfiyyat, qazıma, neft-qaz çıxarma, yığılma, nəql, saxlanılma, emal) müəyyən şəraitdə ekoloji mühiti poza bilər.

Müxtəlif kimyəvi birləşmələrdən ibarət olan neft, qazma məhlulu, şlam və çirkab sular hava, torpaq, bitki və heyvanlar aləminə, insanlara pis təsir göstərə bilər.

Neft-qaz kompleksində qəzaların nəticələrinin təhlili, çox hallarda onların insan amilinin təsirindən baş verdiyini deməyə imkan verir (təbii və texnogen amillər istisna edilməklə-dənizdə tufan, boru kəmərlərinin korroziyası və s.)

Buna görə də quyuların qazılması , yataqların axtarışı, kəşfiyyatı, işlənməsi və həmçinin neftin və qazın nəqli, saxlanılması, email, istehsalatda çalıçan mütəxəssis və texniki personaldan çox asılıdır.



Quruda quyuların qazılması zamanı əsas çirklənmələr neftin və neft məhsullarının (dizel yanacağı, yağlar və s.) və həmçinin qazıma zamanı istifadə olunan kimyəvi reagentlərin dağılması ilə əlaqədardır.

Dənizdə qazıma zamanı çirklənmələrin əsas mənbəyi isə suya axıdılan üzvi maddələrdir. Bunlara qrafit, neft, sulfidli-spirtli birləşmələr, karboksitli sellüloza və s. və qeyri-üzvi maddələr (barit, akustik soda və s.)aiddir. Bu maddələr dəniz suyuna düşdükdə çirklənmə ocaqlarının yaranmasına və fauna və floranın məhvinə gətirib çıxarır.
Yüklə 48,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə