dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninləşdirilməsinə dair digər əqd
əsasında əldə edilə bilər. Fiziki şəxs öldükdə, ona mənsub olmuş əmlaka mülkiyyət hüququ
onun vərəsələrinə, hüquqi şəxs yenidən təşkil edildikdə isə yenidən təşkil edilmiş hüquqi
şəxsin hüquq varisi olan hüquqi şəxsə keçir.
Mülki qanunvericilik daşınmaz əşyalara mülkiyyət hüququnun əldə edilməsində bir
sıra qaydalar müəyyən etmişdir. Həmin qaydalardan biri də daşınmaz əmlakın satılmasına
(verilməsinə) dair əqdlərin dövlət reyestrində qeydə alınmasıdır. Belə ki, bu cür əmlaka
mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı
andan əldə edənə keçir. Əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış
mülkiyyətçi qeydə alınanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə 10 il ərzində
fasiləsiz və etirazsız sahiblik etmişsə, daha həmin sahə barəsində ona etiraz edilə bilməz.
Mülkiyyətçisi olmayan daşınmaz əmlakın əldə edilməsində isə mühüm tələb
qanunvericiliklə müəyyən edilmiş əldəetmə müddətinin şərtlərinə riayət edilməsidir.
Konstitusiya və mülki qanunvericiliyin mülkiyyət hüququnun toxunulmazlığını təsbit
etməsi, bu və ya digər əmlak üzərində bütün hallarda fiziki və hüquqi şəxslərin mülkiyyət
hüququnun təsdiq olunmasını təmin etməsi demək deyildir.
Biz, bir şəxsdə mülkiyyət hüququna xitam verilməsinin digər şəxsdə mülkiyyət
hüququnun əldə edilməsi ilə nəticələnməsi barədə çoxlu misallar gətirmişik. Lakin ola bilər
ki, mülkiyyət hüququna xitam verilməsi onun digər şəxsdə əmələ gəlməsi ilə nəticələnməsin.
Bu əşyanın mülkiyyətçi tərəfindən istifadə olunması hallarından başqa, mülkiyyətçinin onu
məhv etməsi zamanı da baş verə bilər. Məsələn, ona lazım olmadıqda və ya səlahiyyətli
dövlət orqanının tapşırığı ilə xəstə mal-qaranın məhv edilməsi və s.
Deyilən səbəblər bəzən, ümumiyyətlə, hüquqi cəhətdən tənzimlənmə tələb etmir
(mülkiyyətçi öz əmlakmı məhv edərkən, əgər bu hərəkət başqalarının maraqlarına
toxunmursa), bəzən də bu səbəblər təkcə mülkiyyət hüququ normalarının deyil, digər hüquq
normalarının təsirinə düşmüş olur. Məsələn, sığorta, zərərvurma nəticəsində yaranan
öhdəliklər və s.
Mülki qanunvericiliyə əsasən, mülkiyyət hüququnun itirilməsinin (xitamının) aşağıdakı
növləri fərqləndirilir:
1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının ləğv edilməsi, habelə
daşınmaz əmlakın tamamilə məhv olması;
2. Daşınar əşyanın mülkiyyətçisinin mülkiyyət hüququndan imtina etməsi, əşyanın
məhv olması və ya sonralar hər hansı başqa şəxsin bu əşyaya mülkiyyət hüququnu əldə
etməsi;
3. Öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi;
4. Qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakım özgəninkiləşdirilməsi;
5. Sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi;
6. Təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması;
7. Rekvizisiya;
8. Müsadirə.
Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə
tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir.
Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin
ehtiyacları üçün özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək
şərtilə yol verilə bilər.
4. Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi.
Mülkiyyət hüququnun müdafiəsi mülki, cinayət və digər hüquq elmlərinin ən mühüm
problemlərindən biridir. Məlumdur ki, hüquqi dövlət quruluşu olan cəmiyyətlərdə mülkiyyət-
iqtisadi münasibətləri həmişə hüquqi təminata bağlıdır. Bu öz əksini respublikanın yeni qəbul
edilmiş Konstitusiyasında da tapmışdır. Mülkiyyət toxunulmazlığı, vətəndaşların şəxsi
işlərinə özbaşına müdaxilənin yolverilməzliyi, mülki hüquqların maneəsiz həyata keçirilməsi,
mülkiyyət hüququnun bütün formalarının bərabərliyi və s. prinsipləri təsbit etməklə
Konstitusiya mülkiyyət hüququnun müdafiəsini dövlətimizin ən mühüm vəzifələrindən biri
hesab edir.
Mülkiyyət hüququnun və digər əşya hüquqlarının müdafiəsi dedikdə, bu hüquqların
pozulmasının aradan qaldırılmasına, mülkiyyətçinin pozulmuş hüquqlarının bərpasına və
onun hüquqlarının müdafiəsinə yönəldilmiş, mülki qanunvericilikdə nəzərdə tutulan
vasitələrin məcmusu başa düşülməlidir. Göstərilən vasitələr özünün hüquqi təbiətinə görə bir
neçə qrupa bölünür.
Mülkiyyət hüququnun müdafiəsi vasitələri içərisində hər şeydən əvvəl əşya hüquqi
iddiaları qeyd etmək lazımdır. O vasitələri ki, onlar konkret vəzifələrlə bağlı deyildir,
vəzifələri ya mülkiyyətçinin əşya üzərində sahiblik, ondan istifadə və barəsində sərəncamını
bərpa etmək, ya da bu səlahiyyətlərin mülkiyyətçi tərəfindən həyata keçirilməsində maneələri
və ya şübhələri yox etməkdir. Müvafiq olaraq əşya-hüquqi iddialara başqasının qanunsuz
sahib olduğu əmlakın mülkiyyətçi tərəfindən tələb edilməsi (vindikasiya iddiası), pozulmuş
hüquqlar sahiblikdən məhrumedilmə ilə əlaqədar olmadıqda da öz hüquqlarının bərpa
edilməsi (neqator iddia) və nəhayət, mülkiyyət hüququnun etiraf edilməsi haqqında
iddialardır. Daha dəqiq desək, konkret subyektiv hüquq kimi mülkiyyət hüququ qeyd
etdiyimiz iddialarla müdafiə olunur.
Mülkiyyət hüququnun müdafiəsinin ikinci, mülki-hüquqi vasitələr qrupu öhdəlik-
hüquq xarakterli vasitələrdir. Onlara, məsələn, mülkiyyətçiyə dəymiş zərərin ödənilməsi,
əsassız olaraq əldə edilmiş əmlakın alınması iddiaları və s. aiddir. Bütün bunlar üçün
xarakterik cəhət odur ki, onları təşkil edən tələblər mülkiyyət hüququndan deyil, digər hüquq
institutlarından və bu institutlara uyğun olan subyektiv hüquqlardan irəli gəlir. Məsələn,
mülkiyyətçi əmlakı icarəyə verdikdə öz hüquqlarını müqavilə hüququ normaları ilə müdafiə
edir.
Mülkiyyət hüququnun müdafiəsinin mülki-hüquqi vasitələrinin üçüncü qrupunu onlar
təşkil edir ki, onlar, nə əşya-hüquq, nə də öhdəlik-hüquq xarakterli vasitələr deyildir, mülki
hüququn müxtəlif institutlarından irəli gəlir. Məsələn, xəbərsiz itkin düşmüş şəxsin əmlakının
mühafizəsi, qanunun tələblərinə müvafiq olmayan bağlanan əqdlərdə tərəflərin mənafelərinin
müdafiəsi belələrindəndir.
Nəhayət, xüsusi, mülki-hüquqi vasitələrin dördüncü qrupuna qanunla müəyyən
olunmuş qaydada mülkiyyət hüququna xitam verilməsi zamanı mülkiyyətçinin mənafelərinin
müdafiəsinə yönələn vasitələr daxildir.
Azərbaycan Respublikası və ya Naxçıvan Muxtar Respublikası mülkiyyət hüququna
xitam verən qanunvericilik aktları qəbul etdikdə həmin aktların qəbul olunması nəticəsində
mülkiyyətçiyə dəyən zərərin əvəzi məhkəmənin qərarı ilə Azərbaycan Respublikası
tərəfindən tam həcmdə ödənilir.
Dövlət idarəetmə orqanları və ya yerli orqanlar tərəfindən qanuna uyğun gəlməyən
aktın qəbul edilməsi nəticəsində mülkiyyətçinin və başqa şəxslərin onlara məxsus əmlaka
sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüquqları pozularsa, həmin akt
mülkiyyətçinin və ya hüquqları pozulan şəxsin iddiasına əsasən, məhkəmə tərəfindən
etibarsız sayıla bilər.
Dövlət orqanının mülkiyyətçidən əmlakın bilavasitə alınmasına yönəldilən qərarı ilə
əlaqədar olaraq mülkiyyət hüququna xitam verilməsinə yalnız Azərbaycan Respublikasının
qanunvericilik aktları ilə müəyyən olunmuş hallarda və qaydada yol verilir. Bu zaman
mülkiyyətçiyə eyni dəyərə malik əmlak verilir və ya dəymiş zərərin əvəzi tam həcmdə
ödənilir.
Mülkiyyətçi, mülkiyyət hüququna xitam verən qərarla razılaşmadıqda, məhkəmə
mübahisəni həll edənədək həmin qərar icra edilə bilməz.
Mülkiyyət hüququnun müdafiə olunmasının mülki-hüquqi vasitələrindən biri kimi
başqasının qanunsuz sahib olduğu əmlakın mülkiyyətçi tərəfindən tələb edilməsi - vindikasiya
iddiasını göstərmək olar.
Dostları ilə paylaş: |