№3 2013 sevda əliyeva



Yüklə 45,44 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü45,44 Kb.
#42439


Müasir dövr                                                                       239 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

 



SEVDA ƏLIYEVA 

AMEA-nın İnsan Hüquqları İnstitutunun doktorantı 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

MƏDƏNİYYƏTLƏRİN DİALOQUNDA TURİZMİN ROLU 

 

Açar sözlər: sivilizasiya, mədəniyyət, turizm, dialoq 

Ключевые слова: цивилизация, культура,туризм, диалог 

Key words: Civilization, culture, tourism, dialogue 

 

Bəşər  sivilizasiyasının  bütün  təkamül  mərhələlərin  qitələrarası,  regionlararası,  xalqlar-



arası  əlaqələrin  genişlənməsi  və  dərinləşməsi  ilə  səciyyələnir.  Qlobalizasiya  şəraitində  isə 

çoxlu  sayda  yeni  kommunikasiya  formaları:  miqrasiya,  üfüqi  təmaslar  (xalq  diplomatiyası), 

mütəxəssislərin, tələbələrin mübadiləsi və s. əmələ gəlir. Kütləvi turizm də mədəniyyətlərarası 

əlaqələrin,  xalqlar  arasındakı  dialoqun  əsas  faktorlarından  birinə  çevrilir.  Müasir  beynəlxalq 

miqrasiya  proseslərini  (o  cümlədən,  beynəlxalq  turizmi  miqyasına  görə)  dünya  xalqlarının 

birinci  böyük  köçü  ilə  müqayisə  edirlər.  Bu  gün  “miqrasiya  axını”na  1  mlrd.-dan  çox  insan 

cəlb olunmuşdur. Azərbaycan Respublikası da müasir dövrümüzün ən dinamik prosesləri olan 

miqrasiya və turizmin mühüm aktorlarından birinə çevrilməkdədir. 

Azərbaycanın  turizm  məkanı  kimi  cəlbediciliyinin  artması  ölkədə  turizm  sənayesinin 

inkişafına,  infrastruktur  və  informasiya-kommunikasiya  sisteminin  genişlənməsinə  şərait  ya-

ratmaqla  yanaşı,  onun  beynəlxalq  arenada  nüfuzunun  və  imicinin  artmasına  da  müsbət  təsir 

göstərir. 

Turizm  bizim  dövrümüzdə  müxtəlif  mədəniyyətləri  və  xalqları  birləşdirən  ən  asan  və 

səmərəli yollardan biridir. 

Müasir  siyasi  və  sosial-iqtisadi  münasibətlər  əvvəlki  dövrlərlə  müqayisədə  turizmin 

inkişafı üçün daha əlverişli şərait yaradır. Müxtəlif xalqların tarixi, mədəni, milli, dini ənənə-

lərinin özünəməxsusluğu, tarixi və mədəni abidələr başqa mədəniyyətlərin və xalqların nüma-

yəndələri üçün mühüm cəlbedici amil olaraq qalmaqdadır. Əlbəttə, səyahətlər, turizm səfərləri 

mədəniyyətlər arasında dialoqun yaranmasının heç də yeganə üsulu deyildir. Başqa xalqların 

tarixi və ənənələri, mədəni nailiyyətləri, milli özünəməxsusluğu ilə tanış olmaq üçün müxtəlif 

forma və üsullar mövcuddur.  

Belə  formalardan  biri  beynəlxalq  idman  yarışları,  olimpiadalardır.  Mədəni  əlaqələrin 

inkişafında  elmi  yaradıcılıq  əməkdaşlığının  müxtəlif  formaları,  elmi  konfranslar,  seminarlar 

da  mühüm  rol  oynayır.  Mədəni  əlaqələrin  vacib  formalarından  olan  beynəlxalq  kinofilmlər, 

kitab  yarmarkaları,  sərgilər  və  s.  milli  mədəni  özünəməxsusluğun  tanıdılmasında  əhəmiyyəti 

əvəzsizdir. Lakin,  müasir şəraitdə  mədəni turizm xüsusi əhəmiyyət  kəsb etməyə başlayır. O, 

təkcə bu və ya digər xalqın tarixi və mədəni abidələri ilə tanış olmaq məqsədi güdmür, həm də 

etnik  dostluq  əlaqələrinin  inkişafı  üçün  stimul  yaradır.  Bütün  bu  mədəni  proqramlar  turizm 

şirkətləri qarşısında ciddi tələblər qoyur. Onlar turizmin təkcə təşkilati tərəfləri ilə deyil, həm 

də  ölkələrin  maddi-mənəvi  sərvətlərinin  təbliğatçısı,  mədəniyyətlərarası  dialoqun  vacib 

həlqəsi kimi fəaliyyət göstərməlidirlər.  

Müasir turizm industriyasının inkişafının  mühüm hərəkətverici qüvvəsi  kimi reklamın 

mədəniyyətlərin  təbliğində  xüsusi  rolunu  qeyd  etmək  lazımdır,  çünki  reklam  turizminin 

inkişafına  ciddi  təsir  göstərməklə  yanaşı  müxtəlif  turizm  sahələrində  vətəndaşların  istehlak 




240                                                                          Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

fəallığının  ciddi  stimuluna  çevrilir.  Bütövlükdə  turizm  müxtəlif  xalqlarla  görüşlərin  daha 



müntəzəm, mədəni və mənəvi biliklərin mübadiləsinin daha geniş olmasına imkan verir ki, bu 

da  turizmin  müxtəlif  mədəni-tarixi  sistemlərə  mənsub  olan  xalqların  qarşılıqlı  əlaqələrində, 

qarşılıqlı anlaşmasında çox böyük əhəmiyyət kəsb etdiyini sübut edir. 

Şəxsiyyət  səviyyəsində  sivilizasyon  dialoqun  inkişaf  etdirilməsinin  ən  səmərəli  vasi-

tələrindən  biri,  müxtəlif  ölkələrdə  on  milyonlarla  insanı  əhatə  edən  sivilizasyon  turizmi  ola 

bilər.  Onun  əsas  üstünlüyü  ondadır  ki,  o  turizmin  bir  sıra  növlərinin  (tarixi,  mədəni,  etno-

qrafik,  ekoloji,  dini  və  s.)  özündə  sintezləşdirməklə  bu  və  ya  digər  sivilizasiyaların  xüsusiy-

yətləri,  mədəniyyəti,  tarixi,  dəyərlər  sistemi,  təbii  şəraiti,  dini  inancları  haqqında  müfəssəl 

təsəvvür  yaratmağa  imkan  verir.  Bu  həm  təhsil  prosesi,  həm  də  digər  sivilizasiyaları  başa 

düşmək,  onlara  hörmət  hissi  aşılamaq,  müxtəlif  ölkələri  və  sivilizasiyaların  nümayəndələri 

arasında tolerantlıq, sülh mədəniyyəti, qarşılıqlı anlaşma və dostluq kimi keyfiyyətləri inkişaf 

etdirmək baxımından zəruridir. 

Hazırda  turizm  planetar  miqyasda  sürətlə  inkişaf  edən  sahələrdəndir.  Dünya  üzrə 

ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən 

xidmətlərin  təqribən  üçdə  biri  beynəlxalq  turizm  vasitəsilə  həyata  keçirilir.  Dünyada  əmək 

qabiliyyəti əhalinin 8,1 faizi turizm sənayesində və onunla bağlı sahələrdə məşğuldur. 

Zəngin tarixi-mədəni irsə və əlverişli tarixi şəraitə malik olan Azərbaycan turizm sahə-

sində  böyük  inkişaf  perspektivlərinə  malikdir.  Ölkəmizdə  turizmin  əksər  növlərinin  (kənd, 

müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini, xüsusi maraq kəsb edən 

və s.) inkişaf üçün geniş imkanlar vardır. 

Azərbaycan  Respublikasında  2002-2005-ci  illərdə  turizm  inkişafına  dair  Dövlət  Proq-

ramını həyata keçirilməsi nəşəsində turizm inkişafı üçün münbit şərait yaradılmış, beynəlxalq 

turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulmuş, milli turizm kompleksinin 

rəqabətə  davamlılığı  yüksəlmişdir.  2002-2010-cu  illər  ərzində  mehmanxana  və  mehmanxana 

tipli  müəssisələrin  sayı  4  dəfə  artaraq  94-dən  370-ə  çatmış,  bu  obyektlərdə  ümumi  yerlərin 

sayı 3 dəfə çoxalmışdır (2). 

2002-ci  ildən  başlayaraq  hər  il  Azərbaycanda  beynəlxalq  turizm  sərgisi  təşkil  olunur. 

Ölkədə turizmin əhəmiyyətini artırmaq, turizm potensialını təbliğ etmək, yerli adət-ənənələri, 

milli  mətbəxi,  mədəni  və  tarixi  irsi  tanıtmaq  məqsədilə  tematik  nəşr  məhsulları  (kitabçalar, 

bukletlər,  CD  və  DVD-lər  və  s.)  hazırlanır  və  yayılır,  dünyanın  müxtəlif  televiziya  kanalla-

rında reklam çarxı nümayiş etdirilir, həyata keçirilən yeni layihələr barədə reklam və elanlar 

verilir, bu məqsədlə internetin imkanlarından və digər elektron daşıyıcı vasitələrindən istifadə 

olunur. 

Müstəqillik dövründə ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanı-

dılması,  Azərbaycana  çoxsaylı  turist  səfərlərinin  təşkili,  turizmin  müxtəlif  növlərinin  inkişaf 

etdirilməsi,  normativ-hüquqi  aktların  qəbulu,  turizm  sahəsində  kiçik  və  orta  sahibkarlığın  in-

kişafı,  müasir  turizm  infrastrukturunun  yaradılması  və  ixtisaslı  kadrların  hazırlanması  sahə-

sində  bir  çox  mühüm  tədbirlər  həyata  keçirilmişdir.  2002-ci  ildə  “Azərbaycan  Respublika-

sında turizmin inkişafına dair 2002-2005-ci illər üçün Dövlət Proqramının” Azərbaycan Res-

publikasının Prezidenti tərəfindən təsdiq edilməsi nəticəsində beynəlxalq arenada Azərbaycan 

turizminin təşviqi istiqamətində müəyyən nailiyyətlər qazanılmışdır. 

Çoxtərəfli  əməkdaşlıq  münasibətlərinin  qurulması  və  inkişaf  etdirilməsinin  turizm 

siyasətinin  prioritet  istiqamətlərindən  biri  olduğunu  nəzərə  alaraq:  Azərbaycan  dövləti 

dünyanın aparıcı təşkilatları ilə əməkdaşlıq əlaqələrini qurmuş, fəal surətdə turizm sahəsində 

həyata  keçirilən  beynəlxalq  proqramlara  qoşulmuşdur.  Bunun  nəticəsi  olaraq  Azərbaycan  29 



Müasir dövr                                                                       241 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

ölkə  ilə  turizm  sahəsində  əməkdaşlıq  haqqında  hökumətlərarası  saziş  bağlamış,  ölkəmizin 



turizm  potensialının  beynəlxalq  arenada  tanınmasında  mühüm  irəliləyişə  nail  olmuş,  iştirak 

etdiyimiz beynəlxalq turizm sərgilərinin sayı artmış və coğrafiyası genişlənmişdir. 

Son 5 il ərzində Azərbaycan müxtəlif ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində 

iştirak etmiş, respublikamızın turizm potensialı 66 beynəlxalq sərgidə nümayiş olunmuşdur. 

Hər  il  Bakı  “AITF”  beynəlxalq  turizm  sərgisi  keçirilir.  Bu  sərgidə  iştirak  edən  xarici 

ölkələrin coğrafiyası genişlənir və turizm şirkətlərinin sayı ildən-ilə artır. 2010-cu ildə iştirakçı 

ölkələrin sayı 32-yə; şirkətlərin sayı isə 120-yə çatmışdır.  

2006-cı  ildən  başlayaraq  dünyanın  beynəlxalq  televiziya  kanallarında  respublikanın 

turizm potensialını əks etdirən reklam çarxları yayımlanır. 

Mehmanxana biznesində çalışan sahibkarların maraqlarının müdafiə edilməsi və səmə-

rəli  idarəetmə  sisteminin  yaradılması  məqsədilə  2006-cı  ildə  Azərbaycan  Mehmanxanalar 

Assosiasiyası, 2008-ci ildə Azərbaycan Turizm Assosiasiyası yaradılmışdır. 2010-cu ildə turizm 

sahəsində özəl sektorun işinin səmərəli təşkil olunması üçün adıçəkilən hər iki təşkilat birləşərək 

AZTA kimi fəaliyyət göstərməkdədir. 

2010-cu  ilin  yekunlarına  görə  ölkədə  fəaliyyət  göstərən  turizm  şirkətinin  sayı  214-ə, 

mehmanxana  və  mehmanxana  tipli  obyektlərin  sayı  477-yə  çatmışdır  və  80  faizi  regionlarda 

yerləşir. Bütün bunların nəticəsi olaraq Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 2010-cu 

ildə 2005-ci illə müqayisədə 1,6 dəfə artaraq 2 milyon nəfərə yaxın olmuşdur (3). 

Azərbaycanın turizm inkişafı sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən biri də qış 

turizm növlərinin inkişaf etdirilməsi məqsədilə Qusar rayonunda dağlıq ərazidə, dəniz səviy-

yəsindən  1400-2500  metr  yüksəklikdə  ən  müasir  standartlara  cavab  verən  “Şahdağ  Qış-Yay 

İdman Turizm Kompleksi” inşa edilmişdir. 

Ölkə rəhbərliyinin turizmə göstərdiyi xüsusi diqqətin başqa bir məntiqi nəticəsi 2011-ci 

ilin Azərbaycanda turizm ili elan edilməsi ilə bağlıdır. 

Lakin turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən 

birinə çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Son illər ölkə-

də  əldə  olunmuş  sosial-iqtisadi  irəliləyişlər  bu  vəzifələrin  yeni  imkanlara  adekvat  səviyyədə 

həllinə şərait yaradır. 

Azərbaycan  Respublikasında  turizm  sektorunun  dayanaqlı  inkişafını  təmin  etmək  və 

turizmin  ölkə  iqtisadiyyatının  aparıcı  sahələrindən  birinə  çevrilməsinə  nail  olmaq  məqsədilə 

Azərbaycan  Respublikasına  2010-2014-cü  illərdə  turizm  inkişafına  dair  Dövlət  Proqramı 

qəbul edilmişdir. 

Proqramda  qarşıda  qoyulan  əsas  vəzifələrin  sırasında  ölkədə  turizm  infrastrukturunun 

beynəlxalq  tələblər  səviyyəsinə  qaldırılması,  investisiyaların  turizm  sahəsinə  cəlb  edilməsi, 

turizm xidmətlərinin beynəlxalq səviyyəyə uyğunlaşdırılması ölkə turizminin rəqabət qabiliy-

yətinin  artırılmışdır.  Dövlət  proqramının  nəzərdə  tutduğu  tədbirlərin  istiqamətləri  arasında 

Azərbaycanın  milli-tarixi,  mədəni  və  mənəvi  irsini,  milli  adət-ənənələrini  dünyada  təbliğ, 

eləcə  də,  turizmin  inkişafı  sahəsində  beynəlxalq  əməkdaşlığı  genişləndirməsi  də  xüsusi  yer 

tutur. 

ƏDƏBİYYAT: 

 

1.

 



Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Döv-

lət Proqramı. Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 27 avqust tarixli, 1029 

nömrəli sərəncamı ilə təsdiq edilmişdir. (Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 

2005-ci il,  №2, maddə 69) 




242                                                                          Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

2. 



Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair 

Dövlət Proqramı. Azərbaycan Respublikasının Prezidentinin 2010-cu il 6 aprel tarixli 

sərəncamı ilə təsdiq edilmişdir. 

3. QarayevƏ. Mədəniyyət və turizm davamlı inkişaf dövrünü yaşayır. “Azərbaycan” 

qəzeti, 2011, 15 oktyabr. 

 

СЕВДА АЛИЕВА 

 

РОЛЬ ТУРИЗМА В ДИАЛОГЕ КУЛЬТУР 

 

В  представленной  статье  рассматривается  вопрос  о  роли  и  значении  туризма  в 

развитии  межцивилизационного  и  межкультурного  диалога.  Отмечается,  что  туризм 

является  одним  из  самых  простых  и  эффективных  путей,  соединяющие  различные 

культуры и народы. 

Подробно освещается шаги, предпринятые в последнее время в Азербайджане по 

развитию различных видов туризма, успехи, достигнутые в этой сфере. 

 

ALIYEVA SEVDA 

 

THE ROLE OF TOURISM IN THE DIALOGUE OF CULTURES 

 

The article deals with the role and importance of tourism in the development of inter-



civilizational  and  inter-cultural  dialogue.  It  is  noted  that  tourism  is  one  of  the  simplest  and 

most effective ways to connecting the different cultures and peoples. 

Details the steps taken recently in Azerbaijan  to develop  various types of tourism, the 

progress made in this area. 



 

Rəyçilər: s.e.d.G.İbrahimova, t.e.d.R.C.Süleymanov 

Bakı Dövlət Universiteti “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının 

25.04.2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr. №07). 

 

Yüklə 45,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə