Abġd tahġRLĠ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/176
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23877
1   ...   44   45   46   47   48   49   50   51   ...   176

 
97 
Sonradan  ədəbiyyat  tarixinə  «60-cılar»  kimi  düşəcək  şair  və  yazıçılar  bir 
tərəfdən  həmin  dövrdə  baş  verən  ictimai-siyasi  proseslərin  nəticəsi  kimi  yetişir, 
meydana çıxırdılarsa, digər tərəfdənsə, özləri həmin dəyişikliklərin qidalandırıcısı, 
sürətləndiricisi qismində iştirak edirdilər. Ədəbiyyat ideoloji silahdan, cəmiyyətin 
siyasi  taleyini  həll  edən  alətdən  fərdin  xarakter,  hiss,  fikir  və  duyğularının  bədii 
tərənnümü olan söz sənətinə çevrildikcə sətirlər cəmiyyətə nüfuz edən, ona hakim 
kəsilən təbii gücə, qüvvəyə dönür. Milli nəyi varsa, hamısının – dili, adət-ənənəsi, 
həyat və düşüncə tərzi, psixologiyası üzərinə kölgə salınmış oxucu, sovet rejiminin 
əsarət  və  inhisarından  çıxmaq  üçün  çapalayan  ədəbiyyatı  narahatlıqla  izləyir, 
kitabları sətiraltı, yaxud məcazi məna tapmaq eşqi, həvəsi ilə vərəqləyir. 
Ədəbi anlamda «60-cılar» riyazi onluqda nəzərdə tutulan çərçivəyə sığmır. 
Azərbaycanda  «60-cı  illər  ədəbiyyatı»  istilahı  adı  altında  anlaşılan  yeni  ədəbi 
mərhələnin  rüşeymləri  50-ci  illərin  sonunda  əmələ  gəlmiş,  60-cı  illərdə 
formalaşmağa başlamış, 70-ci illərdə ən məhsuldar dövrünü yaşamış, 80-ci illərin 
ikinci  yarısınadək  –  yenidənqurma  və  aşkarlıq  siyasətinin  elan  edildiyi  dövrədək 
davam  etmişdir.  Bu,  Azərbaycan  sovet  və  ümumiyyətlə  Azərbaycan  ədəbiyyatı 
tarixində  mövzusu,  forması,  ideyası,  dili,  üslubi  sənətkarlığı  ilə  fərqli  bir 
mərhələdir, onun spesifik xarakteristikası var. 
Bu dövr ədəbiyyatının yaradıcılarından və aparıcılarından biri Xalq yazıçısı 
Elçindir. Elçin tarixi baxımdan 60-cı illərin əvvəllərindən ilk yaradıcılığa başladığı 
üçün yox (həmin vaxt yazanların, yaxud yazmağa başlayanların hamısı «60-cılar» 
ədəbi  nəslinə  mənsub  deyil  ki!),  yeni  ədəbi  hərəkatın  və  həyatın  öndərlərindən 
olduğuna  görə,  60-cılardan  sayılır.  60-cılar  əslində  inqilabçı  yox,  islahatçı,  bir 
qədər  obrazlı  desək,  körpüsalanlardır.  Onlar  sovet  dövründə  (!!!)  rejimin  ötən 
illərində  qırılmış  milli  ədəbi  rabitəni,  eybəcər  hala  salınmış,  təftiş  olunmuş 
ənənələri bərpa etdilər. Ədəbiyyatı sənətə çevirdilər. 
Elçinin  qəhrəmanları  yaradıldığı  tarix  baxımından  ehkamçı  və  totalitar 
sosialist realizmin ərsəyə gətirdiyi obrazlarla çox yaxındır. Amma bu qəhrəmanlar 
milli xarakter, düşüncə tərzi, hiss və duyğuları, davranış və danışığı ilə daha çox 
M.F.Axundzadə,  N.Vəzirov,  Ə.Haqverdiyev,  Mirzə  Cəlil  personajları  ilə 
qohumdurlar.  Sovet  dövründə  qələmə  alınmış  Baladadaş  (Baladadaşın  ilk 
məhəbbəti)  sovet  ədəbiyyatının  kolxozçu,  komsomol,  kommunist,  qırmızı  papaq 
qəhrəmanlarından  ruhən  və  mənən  Novruzəliyə  (Poçt  qutusu)  daha  doğmadır. 
Xatırlanan  hekayələrin  mövzu,  məzmun,  süjet,  kompozisiya,  obrazların  reallığı, 
dinamikliyi,  elə  lap  dil,  üslub  fərqlərindən  xeyli  danışmaq  olar,  lakin  kamil  bədii 
sənət  nümunəsi  olan  bu  hekayələri  birləşdirən  tellərin  təbii  və  möhkəm  olduğu 
fikrinə  yəqin  ki,  etiraz  edən  olmaz.  60-cı  illər  ədəbi  nəslinin  bu  xidməti  –  milli 
klassik  ədəbiyyatla  varisliyin  bərpası  probleminin  araşdırılması, dəyərləndirilməsi 
müasir ədəbiyyatşünaslığın yeni, həm də aktual vəzifələrindəndir… 
Sosialist  realizminin  ehkam  və  çərçivələrini  darmadağın  edən  Elçin  və 
qələmdaşları  yeni  tip  əsərləri  ilə,  belə  demək  mümkünsə,  ədəbiyyatı  öz  işi  ilə 
məşğul  olmağa  vadar  etmiş,  milli  ənənələrlə  çağdaş  mədəniyyətin  vəhdətindən, 
sintezindən parlaq sənət nümunələri yaratmışdır. 
Üç il əvvəl Elçin ilk yaradıcılığından ötən 32 il ərzində qələmə aldığı 40-a 
yaxın  hekayəni  «Baladadaşın  ilk  məhəbbəti»  adı  altında  nəşr  etdirmişdir  (Bakı, 


 
98 
QAPP  –  Poliqraf,  2000-ci  il,  480  səh.).  Müəllif  kitaba  yazdığı  «Mənlə  mən 
arasında»  adlı ön  sözdə toplunu  niyə  «Baladadaşın ilk  məhəbbəti»  adlandırdığını 
açıqlayır:  «Yəqin  daha  çox  ona  görə  ki,  Baladadaşın  varlığı,  onun  təmizliyi, 
iddiasızlığı,  səmimiyyəti  mənim  üçün bu 32  ilin daşınan  yükün  müqabilində  çox 
əhəmiyyətli bir şeydir». Səmimi olduğu qədər də təvazökar bir etirafdır. «Daşınan 
yük»ün  arxasında  yuxusuz  gecələr,  saysız-hesabsız  mütaliələr,  yaradıcılıq 
axtarışlarından  yaranan  hiss-həyəcanlarla  bərabər,  mübarizələrlə  dolu  bir  səhnə, 
həyat 
göz 
önünə 
gəlir. 
Partiya-sovet 
aparatının 
proqramlaşdırdığı, 
təlimatlandırdığı,  istiqamətləndirdiyi  sosialist  realizmi,  onun  keşiyində  və 
qulluğunda  duran  mühafizəkar,  ehkamçı  tənqid  həqiqi  sənətin  buxovuna 
çevrilmişdi. 
Qələminin  qüdrəti,  istedadının  gücü  sayəsində  Elçin,  yaradıcılığının  45, 
anadan olmasının 60 illiyini zəngin ədəbi irslə qarşılayır. «Mahmud və Məryəm», 
«Ağ  dəvə»,  «Ölüm  hökmü»  adlı  romanları,  «Bir  görüşün  tarixçəsi»,  «Dolça», 
«Toyuğun diri qalması» və başqa povestləri, onlarca hekayə və səhnə əsərləri ilə 
Elçin Azərbaycan ədəbiyyat tarixində silinməz iz buraxmışdır. 
Elçinin  yaradıcılıq  fəaliyyəti  bədii  əsərlərlə  məhdudlanmır.  Filoloji 
araşdırmalar  sahəsində  ciddi,  sanballı  elmi-nəzəri  əsərlərin  müəllifi  prof. 
E.Əfəndiyev  Azərbaycan  ədəbiyyatşünasları,  tənqidçiləri  sırasında  nüfuzlu, 
mötəbər  simalardandır.  Elçinin  tənqidi  üçün  obyektivlik,  cəsarətli  elmi-nəzəri 
mülahizələr,  şablon,  ehkamçı  fikirlərlə  barışmazlıq,  aydın,  səlis  dil  xarakterikdir. 
Sovet  dövründə  Kommunist  Partiyasının  ədəbiyyat  və  incəsənətə  dair  çox  sayda 
qərarlarında  söz  sənəti  qarşısında  partiyalılıq,  tarixi  hadisələr  və  xadimlərə  sinfi 
mövqedən münasibət bildirilməsi əsas tələb kimi irəli sürülürdü. Elçin isə öz yolu 
ilə  gedir,  bir  tərəfdən  sənətin  aktual  problemlərini  müasir  tələblər  baxımından 
dəyərləndirir,  digər  tərəfdən  isə  saxta,  qərəzli,  ideologiyaya  qulluq  göstərən 
tənqidin  tənqidi  ilə  məşğul  olurdu.  Söz  sənətinə  məsuliyyətli,  prinsipial 
münasibətin  nəticəsidir  ki,  Elçin  yazdıqlarına,  söylədiklərinə  həmişə  sahib 
çıxmışdır. Qələmə alındığı vaxtdan düz otuz il (1979), ilk nəşrindən (1981) 20 ilə 
yaxın  müddət  keçdikdən  sonra  1999-cu  ildə  Elçin  «Tənqid  və  nəsr»  adlı  əsərini 
«vaxtıyla necə yazılmışdırsa, eləcə də bu gün onu həmin oxucuya təqdim edirəm» 
qeydi ilə təkrar çap etdirir (Bakı, «Günəş» nəşriyyatı, 1999). Həmin kitaba yazdığı 
«Bir  neçə söz»də  Elçin  yaşadığı və  yaratdığı  çətin dövrün  sınaqlarından  şərəf və 
ləyaqətlə çıxdığının sevincini oxucusundan gizlətmir: 
«Qürurlanıram ona görə ki, hakim və hikkəli partiya ideologiyasının fironluq 
etdiyi  dövrdə,  estetikanı,  sənəti,  o  cümlədən  ədəbiyyatı  «sosializm  realizmi»nin 
cansıxıcı, boz və şablon qəliblərinə pərçim etməyə çalışan (və əsas etibarilə buna 
nail  olan!)  nəzəriyyəçiliyin  hökmranlıq  sürdüyü  bir  zamanda  bu  əsəri  yazarkən, 
ədəbiyyat haqqında mülahizələr irəli sürərkən, təhlil aparıb bədii qiymət verərkən, 
əslində  mütləq  mahiyyətli  bir  konyunkturadan  nəinki  uzaq  olmuşam,  hətta  əsas 
götürüb  dirsəkləndiyim  prinsiplər  o  konyunkturaya  qarşı  tam  müxalifətdə 
durubdur». 
Elçin  həmişə  ədəbiyyatşünaslığın  çətin,  lakin  prinsipial  və  həlledici 
məsələlərinə  toxunmuşdur.  O,  dövrün  ədəbi  tənqidinin  Azərbaycan  bədii  nəsrinin 
müxtəlif  problemlərinə  –  müasirlik,  xarakter,  sənətkarlıqla  bağlı  ortaya  çıxardığı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə