35
Ömər Faiq Nemanzadə “Dəvət” adlı bədii publisistik əsərində İsmayıl
Qaspralının əsasən Rusiya müsəlmanları və türkləri üçün nəşr etdirdiyi, “Əkinçi”
ənənələrindən bəhrələnən “Tərcüman” (1882-1916) qəzeti barədə yazırdı:
“Qəzetlərimizin millətə ən xeyirlisi və nəfisi hamıya məlum olam möhtərəm
“Tərcüman”dır. Lakin bir “Tərcüman” ilə otuz milyon xalqın ehtiyacı görülə
bilməz...bizə beş-on deyil, yüz mətbəə, bir-iki deyil, on beş-iyirmi qəzet, jurnal
lazımdır” (62.səh.80). “Qonşularımızın bizə görə tərəqqilərini zikr etməkdən
məqsədim onlara həsəd etmək, çox görmək deyil, qəsdim budur ki, qonşularımızla
bərabər biz də rahət və insanca yaşamaq üçün mərifət və mədəniyyətdə mütləq
onlarla bərabər olmalıyıq” (62.səh.82) fikirlərində Ö.F.Nemanzadə maarifçiliyə
tələbatı bir daha göstərməklə yanaşı, “Şərqi-Rus” qəzetinin probleminə də toxunur:
“Hərçənd Rusiya hökuməti Rusiyanı müsəlmanlara bildirmək və Şərq ilə daha
ziyada kəsb-münasibət etmək üçün türk dilində bir qəzetin vücudunu vacib bilib
“Şərqi-Rus” adında bir qəzet ehdas və mühərrirliyini məlum olan şəxsə həvalə
elədisə də, o da hər nədənsə çox davam edə bilməyib əcaib bir yuxuya tutulmuşdur.
Heyf bizlərə ki, təzədən nəşr edilməyinə dua ilə məşğuluq” (62.səh.83).
Mirzə Cəlilin yazdığı kimi Əhməd bəy Ağaoğlunun maddi çətinliklərlə
üzləşən qəzetə şərik olması və tezliklə onu Bakıya köçürmək iddiası qəzetin
süqutuna səbəb olan amillərdən biri idi. Bununla belə maarifçilik yolunda öz tarixi
missiyasını yerinə yetirmiş “Şərqi-Rus” qəzeti ictimai fikir tariximizdə vacib rol
oynadı. Sovet hakimiyyəti illərində Dövlət Universitetimizin ilk milli professoru
olmuş, 1931-ci ilin dekabrında 85 yaşında vəfat etmiş və çox təəssüf ki, məzarı
itirilmiş bu nəhəng jurnalist Məhəmməd ağa Şahtaxtlı sonrakı jurnalist nəsilləri
üçün örnək oldu.
Milli maarifçiliyimizin formalaşmasında müstəsna rol oynayan Ömər Faiq
Nemanzadənin “İrşad” qəzetinin 10 dekabr 1906-cı il 282-ci sayında çap etdirdiyi
“Millətpərəstlik zamanıdır” məqaləsini nəzərdən keçirək: “Bir Tağıyevdən savayı
hansı bir dövlətlimiz öz başına bir məktəb, bir mədrəsə, bir kitabxanə vücuda
gətirib? (...) Hər yana baxsan, dövlətlilərimiz, bəylərimiz öz kef və
mənfəətlərindən savayı heç bir şeyi fikir etmirlər. Qarabağ və Zəngəzur aclarının
ahu-fəryadları istər göylərə çıxsın, yetim çılpaq balaların göz yaşları istər çaylar
təşkil etsin, sahibsiz, hamisiz qalan anaların, bacıların irzi-namusları, istərsə
düşmənlərin təcavüzünə düçar olsun, heç kəsdə birtəəsübi-milliyyə, bir qeyrəti-
diniyyə oyandırmır” (62.səh.153).
“İrşad” qəzetinin 26 dekabr 1906-cı il 293-cü sayındakı “çinovniklərimiz”
məqaləsində Ömər Faiq Nemanzadənin “Ha deyirik ki, filankəs on beş ildən bəri
qazıdır, pristavdır və ya baş strajnikdir, bu müddət ərzində bəlkə on beş min dilsiz
müsəlmanı döyüb həbslərə salıblar. Müsəlmanların arasında partiyabazlığı,
quldurluğu, avamlığı çoxaldıb, qədim milli maarifimizi belə kökündən kəsiblər,
36
müstəbid hökumətə ən müstəbidanə, zalimanə köməkçi olublar” (62.səh.160)
sözlərinin uzun dövrdən sonra belə aktual səslənməsi bir tərəfdən müəllifin yüksək
peşəkarlığına dərin hörmət hissi yaratsa da, digər tərəfdən tərəqqinin bizdən yan
keçməsi kimi pessimist fikirlər oyadır.
Onun “Yeni iqbal” qəzetinin 2 iyul 1915-ci il 57-ci sayında çap etdirdiyi
“Eşq və məhəbbət” məqaləsindəki vətən yanğısı qaynar sözlərlə ifadə olunaraq
torpaq azadlığı kimi müqəddəs missiyanı həyata keçirməli olan cəmiyyətimizdə ən
vacib ideyanın formalaşmasına birbaşa xidmət edir: “Mən inanmıram ki,
məhəbbətlə can qıyılan yerdə dünyalar əmələ gəlməyə. Eşidirik ki, bir yaponiyalı
dənizdə üzən qorxulu bir düşmən minası partladıb, öz vücudu ilə bərabər
darmadağın edir. Eşidirik ki, bir avropalı on min metrdən aeroplan ilə bərabər aşağı
fırlanıb düşmənin əhəmiyyətli bir flotunu özü ilə bərabər parça-tikə edir. Eşidirik
ki, bir şəxs Vətən uğrunda düşmən qalasının barıt anbarını odlayıb özü ilə bərabər
havaya sovurur. Bəli, məhəbbət nələr, nələr elətdirməz” ( 62.səh.228).
“Azərbaycan” qəzetinin 9 iyul 1919-cu il 220-ci sayında çap olunmuş
“İşlərimizdə hərcmərclik” məqaləsində Ömər Faiq Nemanzadə müstəqilliyini
qazanmış gənc respublikanın dövlət xəzinəsinə əl uzadan rüşvətxor məmurları
qamçılayır: “Mayda Quliyev İrandan 16 vaqon düyü tranzit üsulu ilə gətirib
Novorosiyskiyə götürürdü. Quliyev bu düyüləri burada dayandırmayıb düz
götürməli idi. Lakin böylə etmədi. Burada günlərcə əylədib, germankada
təmizlənib tranzit nizamını pozdu. O halda bu mallardan gömrük idarəsi gərək
yarım milyondan artıq xərc alaydı. Lakin işi hacı-bacı oyununa çevirdilər”
(62.səh.274).
Vətənpərvərlik kimi ülvi hissi uca tutan N.Vəzirov isə “Nalə” adlı
qeydlərində təxəllüs kimi istifadə etdiyi “Dərviş”in adından yazır: “Berne adlı bir
nəfər vətənsiz yəhudi öz kitabında bu sözləri yazmış: “Özümü sevirəm, külfətimi
özümdən artıq sevirəm, külfətimdən artıq vətənimi sevirəm”. Bu vətənsiz cənab
yalnız anadan olduğu şəhəri özünə vətən hesab edib, onu külfətimdən artıq sevirəm
demiş. Hərgah onun vətəni Azərbaycan kimi gözəl, dağlı, çəmənli, varlı olsaydı, o
vaxt o görəsən o, nə dil ilə, necə sözlərlə öz məhəbbətini ona bildirərdi? Yəqindir
ki, yazardı: “Gözəl Azərbaycan, uca dağlarına canım qurban, laləli, çiçəkli
çəmənlərinə malım qurban, soyuq bulaqlarına, meyvəli bağlarına balalarım qurban!
Hansı millətin Muğan çölü kimi, Mil düzü kimi, Şirvan səhrası kimi, Abşeron
yarımadası kimi yeri, torpağı var? Heç bir millətin!... Yaşa vətənim, çox yaşa!”
Bəs indi biz azərbaycanlılar öz vətənimizin haqqında necə rəftar edirik? Biz
bədbəxtlər ancaq vətənimizi tar-mar edən quzğunluq yaratmışıq!... Vətənin pərişan
halı, işlərimizin hərc-mərc olması, daxili-xarici düşmənlərin varlığı məni, mən
qoca Dərvişi o qədər yandırmır, o qədər dərdə salmır, nə qədər ki, hal-hazırda
içimizdə olan quzğunluq!... Gecə-gündüz, vaxtlı-vaxtsız hər dəqiqə vətənin qanın
Dostları ilə paylaş: |