39
inciyib kənara çəkilmiş mühərrirlərimiz yenə də qəzet başına toplandılar.
Dərdlərimiz müzakirə olunur, halımızı təsair edirlər” (15.səh.182).
Maarifçiliyi əldə dəstəvuz tutaraq xalq yolunda min bir zəhmət çəkmiş
görkəmli publisistlərimiz arasında dahi bəstəkarımız Üzeyir bəy Hacıbəyovun da
xüsusi yeri vardır. Ü.Hacıbəyov “İrşad” qəzetinin 23 fevral 1907-ci il 32-ci
sayındakı “Təəssüflər olsun” məqaləsində yazır: “Lənət olsun o günə ki, maarif və
mədəniyyət qapıları bizim üzümüzə bağlanıb bizi cəhalət və vəhşaniyyət vadisində
sərgərdan qoydu. Və lənət olsun bu uzun zamana ki, bu tulani mürurilə bizim
içimizdən millət, camaat qəhrəmanı olacaq bir dahi çıxara bilmədi. Bir dahi ki,
həqiqi ömür sürmək üçün, qabağımızı kəsib duran sədləri nisü nabüd eədəcək
qədər qüvvəti mənəviyyəyə və cismaniyyəyə malik olub bizi zülami-cəhalətdən
nuri-maarifə tuş edə biləydi!” (24.səh.69).
27 noyabr 1907-ci ildə M.F.Axundovun qoyduğu bünövrə üzərində
maarifçiliyin binasını ucaltmış H.Zərdabinin ölümü onun davamçılarını qüssəyə
qərq etdi. Həsən bəyin dəfn mərasimində özünün natiqlik məharətini də nümayiş
etdirən Əhməd bəy Ağaoğlunun çıxışını nəzərdən keçirək: “Ey ali ruh! Şimdi sən
gedirsən ata-babalarımızın, əcdadlarımızın hüzuruna! Onlara bizdən salam yetirib
də bizim bu şikayətimizi de: ey əcdad, ey babalar! Bizə nə gün qoydunuz?! Bizə nə
növ irs qoydunuz getdiniz? Məmləkətimiz xərabə, vilayətlərimiz viranə! Cümlə
millətlər arasında xar, zəlil, məzlum, əhvalımız pozğun! Gündən-günə tənəzzül
edib, günü-gündən puç və zay olmaqdayız. Əlan işimiz, sənətimiz oğurluq,
quldurluq, bir-birimizin canına, malına, irzi-namusuna qəsd etmək imiş! Eh kaş nə
biz olaydıq, nə böylə irs” (32.səh.225). Həsən bəyin digər davamçısı, sonralar dini
mahiyyətli “İttihad” partiyasından parlament üzvü olarkən sovetlərin gəlişinə səs
vermiş doktor Qarabəy Qarabəyovun: “Həsən bəyin Bakıda qəzetə çıxardığı
zamanlar öylə bir vaxt idi ki, onda yerin sacınını üç qəpiyə almaq mümkün idi.
Neft yerləri demək olar ki, müftə paylanırdı. Həsən bəy istəsəydi indi Bakının
kapitalistlərindən ola bilərdi. Lakin o, bunu eləmədi. Dünya malına göz dikmədi.
Ancaq camaət dərdinə qaldı. Axırda da quru taxta üstə vəfat edib öz əhli-əyalına
heç bir şey qoymadı” (32.səh.227) – sözləri bu böyük maarifçinin ictimai
mövqeyinin portretini yaradır.
Görkəmli maarifçimiz Həsən bəy Zərdabinin vəfatı bütün ziyalılarımızı eyni
dərəcədə sarsıtmışdı. H.Vəzirov 29 noyabr 1907-ci il “Tazə həyat” qəzetinin 1-ci
sayında bir gün əvvəl vəfat etmiş Həsən bəy Zərdabiyə həsr etdiyi nekroloqda
yazır: “Bizi düşündürən, bizi ağladan, bu növ ürəgi, dili, əfalı, məsli bir, qorxusuz,
açıq-açığına deyən millət mücahidinin qaib olmasıdır” (86.səh.199).
“İrşad” qəzetinin 2 dekabr 1907-ci il 122-ci sayında çap olunmuş
Məhəmməd Əmin Rəsulzadənin dəfn mərasimində çıxışındakı “Bizdə rəis yoxdur.
Bizim rəislərimiz camaəti bu cəlladların əlindən qurtarmalıdır. Bu xilaslıq da
40
camaətin öz əli ilə gərək olsun. Başqa yol yoxdur. Camaət özü öz azadlığına gərək
çalışsın. Rəislərə yalvarmaq, onlardan mərhəmət istəməklə onun halına heç bir
fayda olmaz. Çün həmişə qoyun nə qədər xırıldasa, nə qədər nalə iltica etsə də,
qəssab onun bu naləsinə baxmaz (...). Dəyərki, camaət öz haqq və ixtiyarını, öz
bacarıq və gücünü bilsin. O zaman heç kəs onu sıxıntı altında saxlaya bilməz.
Camaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? - maarif, maarif,
maarif!” (70.səh.151) – cümlələri “parçalanmış və talan olan millət” yolunda məşəl
kimi yanan müəllifin inqilabi coşğunluğunu, siyasi səviyyəsini və maarifçilik
yanğısını nümayiş etdirir. “İrşad” qəzetində Ə.Ağaoğlunun yaratdığı sağlam
mühitdə, ideyası uğrunda varından-yoxundan keçməyə hazır olan M.Ə.Rəsulzadə
ilə yanaşı, digər maarifçilərimiz də xalqın mənafeyi üçün yorulmadan çalışırdılar.
Təəssüflə qeyd edək ki, 17 dekabr 1905-ci ildən başlayaraq Ə.Hüseynzadə,
N.Nərimanov, Ü.Hacıbəyov, Ö.F.Nemanzadə, Q.Qarabəyov, S.S.Axundov kimi
qələm sahiblərinin çıxış etdikləri “İrşad” qəzeti özünün rəhbəri Ə.Ağaoğlunun
bütün səylərinə baxmayaraq 20 iyun 1907-ci ildə fəaliyyətini dayandırmalı oldu.
29 aprel 1907-ci il “İrşad”ın 79-cu sayında qəzeti qorumaq naminə çar məmurları
ilə dil tapmaq istəyən Ə.Ağaoğlu yazırdı: “ “İrşad” nə istəyir? “İrşad”ın xahişi
budurmu ki, müsəlmanlar da hökumət əleyhinə qiyam edib bomba, güllə istemal
etsinlər! ...Xeyir, bizim qəsdimiz bu deyil. Bizim məsləkimizdə bomba, güllə
yoxdur” (3).
Tədqiqatçı Mir Abbas Aslanovun yazdığı kimi: “Təqribən dörd aylıq
fasilədən sonra noyabrın 17-də “İrşad”ın 116-cı nömrəsi çıxdı və qəzet nəşrini
davam etdirdi. Ancaq indi “İrşad” daha həmin qəzet deyildi; ədəbi qüvvələri də,
ideya məzmunu da dəyişmişdi” (10.səh.25). 1908-ci ildə baş redaktor kimi
“İrşad”ın son 46-57-ci saylarını özünün müavini və məsul katibi Ü.Hacıbəyov ilə
birgə nəşr etmiş M.Ə.Rəsulzadə, irticanın təzyiqi ilə bu demokratik nəşrin
fəaliyyətini dayandırdıqdan sonra peşəkar siyasətə keçərək “Müsavat” partiyasını
ərsəyə gətirməyə başladı.
Hələ 1904-cü ilin sonunda əqidə dostları M.H.Hacınski və Mirhəsən
Mövsümovla RSDFP Bakı komitəsi nəzdində “Hümmət” müsəlman sosial-
demokrat təşkilatını yaradan və eyni adlı qəzet nəşr edən M.Ə.Rəsulzadə bu
ideyaları “İrşad”a gətirərək həmin dövrdə sosial fikirlərlə yanaşı, Ə.Hüseynzadənin
yaratdığı türkçülük zəminində milli özünüdərketmə prinsiplərini də önə çəkdi.
Onun 5 dekabr 1908-ci ildə tamaşaya qoyulan, müstəqillik amallarına
xidmət edən “Qaranlıqda işıqlar” pyesi milli dirçəliş ideyalarının istiqlal hərəkatına
tətbiqini əks etdirirdi. Çarizm irticasına qarşı yönəlmiş sosial plakat janrında olan
bu əsər müstəqillik mövzusunun ilk qaranquşu oldu. Həmin il müəllifin yazdığı
“Nagəhan bəla” pyesi də melodrama janrında olub sosial problemləri əks etdirsə də,
məğzində müstəqillik ideyası dayanırdı.
Dostları ilə paylaş: |