Aydın Mədətoğlu (Qasımlı) TÜRKÇÜLƏR (Tarixi – siyasi-ideoloji oçerklər)


Böyük Türk mütəfəkkiri Mir Əlişir Nəvayi



Yüklə 2,55 Mb.
səhifə25/67
tarix30.12.2023
ölçüsü2,55 Mb.
#165082
1   ...   21   22   23   24   25   26   27   28   ...   67
A Mədətoğlu-Turkculər

Mir Əlişir Nəvayi


2.4. Böyük Türk mütəfəkkiri Mir Əlişir Nəvayi

Böyük Türk mütəfəkkiri, alimi, şairi, bacarıqlı dövlət xadimi və mədəniyyət hamisi olan Mir Əlişir Nəvayi bütün həyatını mənsub olduğu Türk millətinin səadəti və xoşbəxtliyi uğrunda mübarizəyə sərf etmiş, XV əsrdə çiçəklənməkdə olan Türk mədəniyyətinin ən əzəmətli abidələrini yaratmışdı.


Əlişir Nəvayinin Türk dilini üstün tutması, Türkcə yazan şairləri müdafiə etməsi sayəsində bu dövr Türk ədəbiyyatının "Altun dövrü" olmuş, əli qələm tutanların əksəriyyəti əsərlərini Türkcə yazmışlar. Bu böyük Türkçü Türk millətini, onun kəndlisindən bəyinə, alimindən xaqanına, sarayından çadırına qədər bir bütün olaraq sevmiş və bu sevgisini bütün əsərlərində əks etdirmiş, bütün Türk ellərini öz vətəni saymışdır:

"İstər bir, istərsə də min olsun


Bütün Türk elləri mənim yurdumdur.
...Şiraz da, Təbriz də mənim elimdir
Orda şöhrətlənən söz şəkərimdir.
Hansı bir diyara fərman apardım
Onu almaq üçün "Divan" apardım.
Xataydan başlayıb Xorasanadək
Ellər fərmanımla ömür sürəcək".
(Əlişir Nəvayi. Fərhad və Şirin. Bakı, 1968, səh. 6).

Əlişir Nəvayi 9 fevral 1441-ci ildə Xorasanın paytaxtı Herat şəhərində anadan olmuşdur. Atası Qiyasəddin Kiçkinə Bahadır Uyğur oymağından olub Əbülqasim Babur şahın bəylərindən biri kimi bir müddət Səbzəvar hakimi olmuşdur. Qiyasəddin Kiçkinə Bahadır hökmdar Hüseyn Baykaranın atası Mənsur Mirzənin süd qardaşı olduğundan Əlişir Nəvayinin uşaqlığı və gəncliyi Hüseyn Baykara ilə birlikdə keçmiş, bir müddət onunla bir məktəbdə oxumuş, o dövr Türk ədəbiyyatının inkişafında böyük xidmətləri olmuş Həsən Ərdəşir və Lütfidən dərs almışdır. Kiçik yaşlarından bir çox mühüm siyasi hadisələrin şahidi olan Nəvayi uşaqlıq dostu Hüseyn Baykaranın hakimiyyəti dövründə yüksək dövlət vəzifəsində çalışarkən bütün imkanlarından istifadə edərək mənsub olduğu xalqın mənafeyi üçün çalışmış, bütün şəxsi gəlirlərini belə elm və mədəniyyətin inkişafına, məktəb və mədrəsələrin tikintisinə və ehtiyacına sərf etmiş, bir sıra elmi əsərlərin yazılmasına şərait yaratmış, öz xeyirxah əməlləri ilə ölkənin və dövlətin siyasi qüdrətinin möhkəmlənməsinə səy göstərmişdir. Dəfələrlə həyatı təhlükədə olsa da, yenə əzmindən dönməyən bu alovlu milliyətçi, vətənpərvər sənətkar Türk millətinin yüksəlməsi, Türk ədəbi dilinin təkmilləşməsi uğrunda ciddi mübarzə aparmış və sonda Türk yazılı ədəbi dilini Yaxın Şərqdə ən görkəmli dil səviyyəsinə qaldırmışdı.


Tarixdə səhv olaraq "Cığatay dili", "Cığatay ədəbiyyatı" adlandırılan bu Türk dili və ədəbiyyatının təməlləri Qızıl Orda və onun bir vilayəti sayılan Xarəzmdə atılmışdır. Qızıl Orda və Xarəzmdə yaranan bu ədəbiyyat bütün Türk dünyasına, o cümlədən də Misirdə hakim olan Türklərə də öz təsirini göstərmiş, Misirdə də Türk ədəbi dili ilə dini, bədii və hüquqi əsərlər yazılmışdır. Bütün bunları nəzərə alan Əlişir Nəvayi yazmışdır ki: "Türk ədəbiyyatı və musiqisinin vətəni Xarəzmdir". Əlişir Nəvayi bütün əsərlərində "Cığatay" və ya "Özbək" dili və ədəbiyyatından deyil, Türk dili və ədəbiyyatından bəhs etmişdir.
Ümumiyyətlə, "Cığatay ədəbiyyatı" dar mənada Əmir Teymur və ümumən Teymuroğulları dövründə yaradılan ədəbiyyata deyilmişdir. Bəlli olduğu kimi, Teymur və Teymuroğulları sarayında aparıcı dil Türkcə olmuşdur. Ordu tamamilə Türklərdən ibarət olduğundan bir çox əmirlər Türkcədən başqa bir dil bilməmişlər. Bu vəziyyət Şeybanilər dövründə də davam etmişdir.
Teymurlular dövrünün ən parlaq mədəni dövrü Baysunqur Uluğ Bəy zamanında olmuşdur. Onun dövründə Türküstan və Xorasan bütün İslam dünyasının elm, texnika, ədəbiyyat və incəsənət mərkəzi olmuşdur. Ümumiyyətlə, Teymurlular dövrü Türk dünyasına Mir Heydər Xarəzmli, Yusif Əmiri, Ətayi, Şəkkaki, Lütfi, Seyid Əhməd Mirzə, Gədayi, Əbülqasim Babur, Yəqini, Əhmədi, Durbək, Əlişir Nəvayi və b. kimi sənətkarlar bəxş etmişdir. Bu sənətkarların ən böyük xidmətlərindən biri və birincisi Türk-Uyğur mədəniyyəti ilə Türk-İslam mədəniyyətlərinin sintezini yaratmaq və Türk dilini İslam dünyasının üç mühüm dilindən biri səviyyəsinə qaldırmaları olmuşdur ki, bu işdə ən böyük xidməti hökmdar Hüseyn Baykara və onun Türk milliyətçi vəziri Mir Əlişir Nəvayi göstərmişdir.
Nəvayi "Bulaq sənətkar" olmuş, bulaq kimi çağlayıb-daşmışdır. Türk ruhunu, Türk milli qürurunu yüksəltmək, Türk dilini yüksək sənət dili səviyyəsinə qaldırmaq Əlişir Nəvayinin ən böyük amalı olmuşdur. O, doğma ana dili olan Türkcə ilə "Xəzanül-məani" adlı 4 "Divan", Xəmsəyə daxil olan əxlaq və təsəvvüf fəlsəfəsinə aid "Heyrətül-əbrar" və məsnəvi tərzində yazdığı "Fərhad və Şirin", "Leyli və Məcnun", "Səbayi-səyyarə" və "Səddi-İskəndər" adlı 5 poema, "Məhbubil-Qülub" adlı nəsr əsəri, "Məcalisin-nəfais" adlı dövrün şairlərindən bəhs edən təzkirə, "Divani-Farsi" adlı farsca qəzəllər toplusu, "Lisanüt-teyr" adlı təsəvvüfi əsərlərlə yanaşı, "Mühakimətül-Lüğəteyn" adlı Farsca-Türkcə sözlük yaratmış, özünəqədərki bir neçə Şərq dahisinin, o cümlədən Mahmud Kaşğarlının, Əhməd Yəsəvinin, Nizami Gəncəvinin, Əttarın və b. gördükləri işi təkbaşına görmüşdü. O, sonsuz bir məhəbbətlə sevdiyi Türk dilini himayə edərək bu dilin digər dillərdən, xüsusilə, fars dilindən üstün cəhətlərini özünün məşhur "Mühakimətül-Lüğəteyn" adlı əsərində elmi dəlillərlə sübut etmişdir.
Nəvayidən bəhs edən tədqiqatçılar haqlı olaraq göstərirlər ki: "Nəvayidən öncə də, sonra da Türk dili və ədəbiyytanı yüksəltmək üçün çalışan Yəsəvi dərvişləri, Əmir Teymurun böyük əmirlərindən olan Əmir Seyfəddin Nüküz, Əmir Arslan Xacə Tarxan, Heydər Xarəzmi, Lütfi, Səkkari, Ətayi, Baysunqur, İskəndər Mirzə və b. kimi sənətkarlar olmuşdur. Lakin Əlişir Nəvayinin Türk dili, Türk ədəbiyyatı və Türk mədəniyyəti üçün gördüyü işlər nə ondan öncə, nə də sonra görülmüşdür. Əlişir Nəvayiyə qədər Türk ədəbiyyatı Qızıl Orda Xarəzm ləhcələri ilə qarışıq, dil baxımından da sabit olmayan, istiqrarsız bir durumda idi. Nəvayinin qüdrətli dühası bu qarışıq ədəbi dili böyük və geniş bir ərazidə yayılmış olan Türk boylarının - Özbəklərin, Qazax-Qırğızların, Orta Asiya Türkmənlərinin, İdil-Ural Türklərinin, Kaşğarların müştərək bir ədəbi dili halına gətirmişdi". "Türk milli məfkurəsinin ondan daha qüdrətldi bir təmisilçisini tanımırıq. Əlişir Nəvayi Hüseyn Mirzənin (Baykaranın - A.M.) naziri, mahir siyasət adamı və komandanı idi". (Seçmələr bizimdir - A.M. Bax: Əbdülkadir İnan. Çağatay edebiyatı. Türk dünyası, III cild. Ankara, 1992, səh 89; Prof. Dr. Laszlo Rasonyi. Tarihte Türklük. Ankara, 1971, səh. 189).
Əlişir Nəvayidən bəhs edən və onun məşhur "Mühakimətül-Lüğəteyn" əsərini Qərb dünyasında tanıtdıran görkəmli Şərqşünas alim Vamberi əsərdən götürdüyü aşağıdakı cümlələri diqqətə çəkməkdədir: "Ümumiyyətlə, Farslar Türkcə bilməzlər. Bilsələr belə, yaza bilməzlər. Türklər isə həm Farsca öyrənirlər və həm də bu dildə şeirlər belə yazarlar. Halbuki, kəlimə bolluğu, ifadə tərzi, ictimai və ahəng baxımından Türkcə Farscadan çox üstündür". Müəllif daha sonra yazır: "Mir Əlişir bu fikrini yüzlərlə misalla isbat etməkdədir. Türk dilinin tam özəlliyini beləcə böyük ölçüdə ortaya qoyduqdan sonra Türk yazarlarının başqa dil yerinə öz dillərinin şöhrətini əbədiləşdirmələri gərəkir". (İqtibas Prof. Dr. Laszlo Rasonyinin göstərilən əsərindən götürülmüşdür. Bax: səh. 189).
Nəvayi Türkcənin Farscadan üstün olduğunu göstərərkən artıq Türk dilinin yüksək səviyyəli bir ədəbi dil olduğuna inanırdı. Həqiqətən də, məşhur alim Maks Müllerin yazdığı kimi: "Türk dili o qədər mükəmməl və qaydaları o qədər nizamlı və gözəldir ki, bu dili (Türk dilini - A.M.), sanki, dilçi alimlərdən ibarət bir heyət şüurlu şəkildə vücuda gətirmişdir". (Max Müller).
Əlişir Nəvayinin Türkcə-Farsca lüğətinə yüksək qiymət verən Vamberi və Jozef Thury göstərmişlər ki: "Əlişir Nəvayinin şeirləri, bədii əsərləri ədəbiyyat tarixi və sosiologiya sahəsindəki əsərlərinin içərisində, xüsusilə "Mühakimətül-Lüğəteyn" adlı dil estetikasından bəhs edən əsəri çox önəmlidir. (İqtibas Prof. Dr. Laszlo Rasonyinin göstərilən əsərindən götürülmüşdür, bax: səh. 189).
Ümumiyyətlə, Əlişir Nəvayi nəzəri şəkildə irəli sürdüyü fikirlərini əməli surətdə də yerinə yetirmiş, Türk dilinin Farscadan daha zəngin bir yazılı ədəbi dil olduğunu Türkcə yazdığı cahanşümal mükəmməl əsərləri ilə ortaya qoymuşdur. Beləliklə, Nəvayidən sonra Fars dilli poeziyanın parlaq dövrü sona çatmış, bütün Yaxın və Orta Şərqdə Türk dilli poeziya önə çıxmışdır. Artıq Nəvayidən sonra Fars ədəbiyyatı bu günə qədər Nəvayi və onun davamçısı olan Məhəmməd Füzuli səviyyəsində bir ədəbi şəxsiyyət ortaya çıxara bilməmişdi.
Əlişir Nəvayi Türk aristokratiyasının zövqünü oxşayan təmtəraqlı nəsr və nəzm əsərləri ilə yanaşı, sadə həyat yaşayan Türklərin də zövqünə uyğun əsərlər yaratmışdır. Nəvayi öz "Xəmsə"sinə Türk ruhunu gətirmiş, öz qəhrəmanı Fərhadı Türk hökmdarlarından birinin oğlu kimi təsvir etmiş, Makedoniyalı İskəndərlə döyüşən orduların tərkibində Fars, Kalmık və Moğollarla yanaşı, Türk boylarından olan Konqrat və Manqıtların da olduğunu söyləməklə qədim dünya tarixində Türklərin rolunu göstərmişdir. Əsərlərində Türk qövmlərinin folklor və etnoqrafiyasından, Özbək, Manqıt, Konqrat, Qıpçaq, Kıyat, Belgüt və b. kimi Türk boylarından, Türk övliya və vəlilərinin həyatından bəhs edərkən Türk adət-ənənələrindən, mifologiyasından da söz açmış, Türklərin yağış yağdıran məşhur Türküstan "Yada Daşı"ndan belə bəhs etmişdir.
Heratda hökmdarlıq edən Hüseyn Baykara və onun vəziri Əlişir Nəvayi dövründə böyük bir mədəniyyət həmləsi olmuş, Türküstan və Xorasanda böyük memarlıq abidələri yaradılmış, ədəbiyyat, astronomiya, matematika, rəssamlıq sahəsində və suvarma kanalları çəkilişində böyük irəliləyişlər baş vermişdir.
Böyük dövlət xadimi, filosof, alim və sənətkar olan Nəvayinin bütün ömrünü Türk ədəbiyyatı və mədəniyyətinə sərf etməsi onu özündən sonrakı bütün müsəlman Türk yazarların sevimlisi və sələfi etmiş, əsərləri Qansudan Volqaya, Xorasandan Sibirə, Azərbaycandan İraq, Misir və Anadoluya qədər yayılmış, Oğuz zümrəsinə daxil olan Türküstan Türkmənlərinin də yazılı ədəbi dili Nəvayi dili əsasında formalaşmışdı. Bütün orta əsr təzkirəçiləri yerindən və ləhcəsindən asılı olmayaraq Türkcə əsər yazan bütün şairlərdən bəhs edərkən "Nəvayi tərzində əsər yazan" ifadəsini işlətmişlər. Sanki, bu böyük mütəfəkkir "Türk" adı ilə sinonimləşmişdi.
Ruhu şad olsun. Amin.





Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə