"Azərbaycan". 015. aprel. N 66. S 1918-1920-ci illərdə İrəvan quberniyasında azərbaycanlıların soyqırımı



Yüklə 68,96 Kb.

tarix21.03.2018
ölçüsü68,96 Kb.


“Azərbaycan”.-2015.-1 aprel.-N 66.-S.5. 

1918-1920-ci illərdə İrəvan quberniyasında azərbaycanlıların soyqırımı 

Nazim MUSTAFA,  

AMEA Tarix İnstitutunun elmi işçisi,  

Dövlət mükafatı laureatı 

 

Ermənilərin  1918-1920-ci  illərdə  azərbaycanlılara  qarşı  həyata  keçirdikləri  soyqırımı, 

azərbaycanlıların yaşayış məntəqələrinin silah gücünə darmadağın edilməsi bərədə o dövrün arxiv 

sənədlərində və dövri mətbuatında kifayət qədər materiallar öz əksini tapmışdır. 

 

1917-ci  ilin  noyabrında  Rusiyada  hakimiyyət  dəyişikliyindən  sonra  Şərqi  Anadoludan  və  Qafqaz 

cəbhəsindən  geri  çəkilən  rus  qoşunlarının  silahlarını  ələ  keçirən  ermənilər  türklərə  və  azərbaycanlılara 

qarşı  soyqırımları  həyata  keçirdilər.  İrəvan  quberniyasında  azərbaycanlılara  qarşı  erməni  silahlı 

dəstələrinin törətdikləri kütləvi qırğınların ilk mərhələsi 1918-ci ilin əvvəlindən başlamışdır. 1918-ci ilin 

mart  ayınadək  erməni  silahlı  dəstələri  təkcə  İrəvan  quberniyasının  İrəvan  qəzasında  32,  Eçmiədzin 

qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi - üst-üstə 198 kəndi darmadağın 

etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımızı soyqırımına məruz qoymuşdu. 

Türkiyə  kəşfiyyatının  18  mart  1918-ci  ildə  Qafqaz  cəbhəsindəki  vəziyyətlə  bağlı  əldə  etdiyi 

məlumatda bildirilirdi ki, ermənilərin Qafqazdakı silahlı qüvvələrinin tərkibi 50 min nəfərdən ibarətdir və 

bu qüvvələrin formalaşması üçün 20-yə qədər ingilis zabiti fəal surətdə məşğul olur. 

1918-ci  ilin  aprelində  türk  qoşunlarının  Qarsı  erməni  işğalından  azad  etməsindən  sonra  Andronikin 

qoşunu  geri  çəkilərək  Gümrü  şəhərinə  daxil  olmuş,  sonra  isə  Axılkələk  istiqamətində  hərəkət  etmişdi. 

Həmin qoşun Ağbaba nahiyəsinin Arpaçay boyunca yerləşən Böyük Şiştəpə, İlanlı, Düzkənd, Qaranamaz, 

Təzəkənd kəndlərini viran etdikdən sonra qonşu Xocabəy (sonralar Boqdanovka rayonu) nahiyəsinin türk 

kəndlərini xaraba qoymuşdu. Axılkələkdə türk qoşunlarına məğlub olan Andronikin silahlı dəstələri may 

ayının  14-dən  18-dək  İrəvan  quberniyasına  bitişik  ərazilərdə  Voronsovka  (sonralar  Kalinin  rayonu)  və 

Cəlaloğlu (sonralar Stepanavan rayonu) nahiyələrinin azərbaycanlı kəndlərini viran qoymuşdu. Mayın 21-

22-də  Voronsovka  və  Cəlaloğluda  türk  qoşunlarına  məğlub  olan  Andronikin  qoşunu  Loru  bölgəsindən 

Dilicana  keçmiş,  oradan  Qaraqoyunlu  dərəsi  ilə  irəliləyərək  iyunun  12-də  Göyçə  gölünün  sahilindəki 

Axta nahiyəsinin azərbaycanlı kəndlərini darmadağın etmiş və sonra isə Novo-Bəyazid (Kəvər) qəzasını, 

daha  sonra  isə  Dərələyəz  mahalının  kəndlərini  viran  qoymuşdu.  1918-ci  il  iyunun  20-də  Dərələyəz 

istiqamətindən  Naxçıvana  daxil  olan  Andronikin  qoşunu  orada  da  qırğınlar  törədərək,  Culfa 

istiqamətindən  Cənubi  Azərbaycana  daxil  olmuşdu.  İyunun  24-də  Xoy  şəhərində  soyqırımı  törədən 

Andronikin  qoşunu  Urmiya  üzərinə  hücum  etmişdi.  Aparılan  tədqiqatlar  göstərir  ki,  həmin  dövrdə 

ermənilər  türk  qoşunları  ilə  qarşılaşmaqdan  qorxaraq  yenidən  Naxçıvana  qayıtmış,  avqustun  əvvəlində 

Oxçu vadisi ilə Zəngəzura daxil olmuşdu. 1919-cu ilin aprel ayınadək Andronikin qoşunu Ərzurumdan 

Zəngəzuradək hərəkət trayektoriyası üzərində yerləşən 500-dən artıq türk-müsəlman yaşayış məntəqəsini 

viran  qoymuşdu.  Zəngəzuru  ələ  keçirməklə  Andronik  Qərb  dövlətlərinin  Türkiyə  ilə  türk  dünyasının 

əlaqəsini  kəsmək  niyyətlərini  reallaşdırmışdı.  Sovet  Rusiyası  isə  Zəngəzurun  Ermənistana  verilməsini 

rəsmiləşdirmişdi, Naxçıvan Azərbaycandan ayrı salınmışdı. 

Erməni  silahlı  dəstələri  1918-ci  ilin  Novruz  bayramı  günlərində  İrəvan  quberniyasının  Pəmbək 

mahalının  azərbaycanlılar  yaşayan  kəndlərinə  basqınlar  etmiş,  əhalisini  kütləvi  qırğınlara  məruz 

qoymuşdu.  Pəmbək  nahiyəsinin  9  kəndində  1000-dən  çox  soydaşımız  vəhşicəsinə  qətlə  yetirilmişdi. 

Arcut  kəndində  60  nəfər  qətlə  yetirilmiş,  Vartanlı  kəndində  isə  13  yaşından  yuxarı  411  kişini  tövləyə 

dolduraraq yandırmışdılar. Həmin kənddən yalnız bir nəfər qaçaraq canını qurtara bilmişdi. Erməni silahlı 

dəstələri  həmçinin  1918-ci  ilin  Novruz  bayramı  günlərində  Əştərək  yaxınlığındakı  Gözəldərə  kəndinə 

basqın  etmiş,  600  nəfərdən  çox  sakini  qətlə  yetirmiş,  bütün  tikililəri  yandırmışdılar.  Həmin  kənddən 

yalnız üç nəfər gənc qaçaraq canlarını qurtara bilmişdi. 

Türkiyə  arxivlərində  saxlanılan  sənədlərdə  qeyd  edilir  ki,  1918-ci  il  aprelin  29-da  Gümrüdən  500 

araba ilə Axılkələyə götürülməkdə olan 3000-ə qədər qadın, qoca, uşaq və kişi öldürülmüşdü. 

Qaçqınlar  problemi  ilə  məşğul  olmaq  üçün  hələ  1918-ci  ilin  martında  Cənubi  Qafqaz  Seymi 

nəzdindəki Müsəlman  fraksiyasının  qaçqınlar  şöbəsi yaradılmışdı. Müsəlman  fraksiyası  Seym  hökuməti 

qarşısında məsələ qaldırmış, İrəvan quberniyasında müsəlmanlara qarşı edilən qırğınlara son qoyulması 

məqsədilə  nümayəndə  heyəti  göndərilmiş,  araşdırmaların  nəticələri  Seymin  iclasında  müzakirə  edilmiş, 

qaçqınların vəziyyəti müəyyən dərəcədə yüngülləşmişsə də, qırğınları dayandırmaq mümkün olmamışdı. 




İrəvan quberniyasında erməni vəhşiliklərinin qarşısını almaq məqsədilə İrəvan Müsəlman Milli Şurası 

yaradılmışdı.  Milli  Şuranın  sədri  Əli  xan  Makinski,  katibi  isə  Cabbar  Məmmədzadə  idi.  İrəvan  Milli 

Şurasının  ermənilərin  törətdikləri  qırğınlar  barəsində  Bəyaziddəki  türk  qoşunlarının  komandanlığına 

göndərdiyi  məktubda  qeyd  edilirdi  ki,  may  ayına  qədər  iki  yüz  kənd  məhv  edilmiş,  zülmdən  qurtula 

bilənlər  dağlara  qaçmış,  onların  da  bir  qismi  aclıqdan  və  soyuqdan  ölmüşdür.  İrəvan  şəhərinin  18  min 

nəfərlik müsəlman əhalisi iki aydır ki, mühasirə altındadır. 

Bütün  bu  qırğınları  ermənilər  Cənubi  Qafqazda  üç  müstəqil  dövlət  yarananadək  törətmişdilər. 

Müsəlman  Milli  Şurasının  1918-ci  il  mayın  29-da  keçirilən  iclasında  İrəvanın  siyasi  mərkəz  kimi 

Ermənistana güzəşt edilməsindən sonra vəziyyət daha da ağırlaşmışdı. 

İyunun  4-də  Türkiyə  ilə  Ermənistan  arasında  Batumda  sülh  və  dostluq  haqqında  imzalanan 

müqaviləyə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 10 min kvadratkilometr təşkil edirdi. Bu 

respublikanın  ərazisinə  Novo-Bəyazid  qəzası,  İrəvan  qəzasının  beşdə  üçü,  Eçmiədzin  qəzasının  dörddə 

biri,  Aleksandropol  qəzasının  dörddə  biri  daxil  idi.  Lakin  ermənilər  bununla  kifayətlənməyib,  silah 

gücünə  azərbaycanlılara  qarşı  etnik  təmizləmə  siyasətini  davam  etdirməklə  yeni-yeni  əraziləri  ələ 

keçirirdilər. 

Azərbaycan  Milli  Şurasının  iyunun  13-də  keçirilən  iclasında  ermənilərin  müsəlmanlara  qarşı 

törətdikləri  qırğınlar  barədə  İrəvandan  gələn  həyəcanlı  xəbərlər  müzakirə  edilmişdi.  İrəvan  quberniyası 

ərazisində  ev-eşiklərindən  didərgin  salınan  və  ac-yalavac  dolanan  qaçqınların  sayının  150  min  nəfərə 

çatdığı,  ermənilərin  206  kəndi  dağıtdığı  bildirilirdi.  Milli  Şura  İrəvan  quberniyasında  qaçqınlara  maddi 

yardım göstərilməsi üçün nümayəndə göndərməyi qərara almışdı. Azərbaycan hökumətinin 15 iyul 1918-

ci  il  tarixli  qərarı  ilə  Xarici  İşlər  Nazirliyinə  tapşırılmışdı  ki,  bütün  Cənubi  Qafqazda  ermənilərin 

müsəlmanlara  və  onların  əmlakına  qarşı  törətdikləri  zorakılıqları  təhqiq  etmək  üçün  Fövqəladə  İstintaq 

Komissiyası yaratsın. 

Azərbaycan  hökumətinin  başçısı  Fətəli  xan  Xoyski  Gürcüstandakı  daimi  nümayəndəyə  1918-ci  il 

iyulun  28-də  göndərdiyi  teleqramda  Novo-Bəyazid  qəzasının  azərbaycanlı  kəndlərində  ermənilərin 

törətdikləri  vəhşiliklərlə  bağlı  Ermənistan  hökumətinə  etiraz  göndərilməsini  tapşırmışdı.  Ermənistan 

hökuməti 1918-ci ilin sentyabr-oktyabr aylarında silahlı müdaxilə yolu ilə Yelizavetpol (Gəncə) qəzasının 

Novo-Bəyazid qəzasına bitişik 9-cu sahəsini ələ keçirmək, orada Qarsdan və Gümrüdən olan qaçqınları 

məskunlaşdırmaq istəyirdi. 

30 oktyabr 1918-ci ildə imzalanan Mudros sazişinə əsasən türk qoşunları 1914-cü il sərhədlərinə geri 

çəkilmək  məcburiyyətində  qalmışdı.  Bundan  sonra  Ermənistan  ordusu  İrəvan  quberniyasının  və  Qars 

vilayətinin ərazilərində türk-müsəlman əhalini tamamilə məhv etməyə başlamışdı. 1918-ci ilin dekabrında 

türk  qoşunlarının  sonuncu  hissələrinin  İrəvan  quberniyasını  tərk  etməsindən  sonra  yerli  müsəlman 

əhalinin  müdafiəsi  yerli  milli  şuraların  özünümüdafiə  dəstələrinin  ümidinə  qalmışdı.  Geri  çəkilməzdən 

öncə  türk  ordusunun  komandanlığı  həmin  özünümüdafiə  dəstələrinin  silah-sursatla  təmin  edilməsində 

əlindən gələn köməyi əsirgəməmişdi.  

1919-cu il yanvar ayının əvvəlində Azərbaycan xarici işlər nazirinin müavini Adil xan Ziyadxanovun 

imzası  ilə  Ermənistanın  xarici  işlər  nazirinə  göndərilən  notada  qeyd  edilirdi  ki,  İrəvan  quberniyasında 

çoxsaylı erməni silahlı qüvvələri tərəfindən müsəlmanlar zorakılığa məruz qalır, şəhərlərdə və kəndlərdə 

tərksilah  olunur,  öldürülür  və  qarət  edilir,  zor  gücünə  onları  özlərinə  tabe  etdirməyə  çalışırlar,  təkcə 

ermənilərin  təqibindən  yaxa  qurtarmaq  üçün  Araz  çayını  keçmək  istəyərkən  boğulan  azərbaycanlıların 

sayı 300 nəfərə çatır. 

İrəvan  quberniyasından  gələn  xəbərlər  o  qədər  ciddi  və  həyəcanlı  idi  ki,  Azərbaycan  parlamenti  8 

yanvar 1919-cu il tarixli iclasında İrəvan quberniyası müsəlmanlarının əhvalı haqqında məsələ müzakirə 

etmişdi.  Yanvar  ayında  İrəvan  quberniyası  müsəlmanlarının  nümayəndələri  adından  Mir  Hidayət 

Seyidovun Azərbaycan hökumətinin başçısına ünvanlanmış müraciətində isə qeyd edilirdi ki, Ermənistan 

hökuməti  silah  gücünə  erməni  qaçqınlarını  müsəlmanların  məskun  olduqları  ərazilərdə  məskunlaşdırır, 

məqsəd  ondan  ibarətdir  ki,  mümkün  olan  qədər  müsəlmanları  məhv  edərək  bütün  qəzalardan  onları 

təmizləsinlər ki, Paris konfransında həmin ərazilərin ermənilərə məxsusluğunu sübut edə bilsinlər. 

1919-cu il fevralın 24-də Azərbaycan xarici işlər nazirinin müavini A.Ziyadxanov ermənilərin Novo-

Bəyazid  qəzasında  müsəlmanlara  qarşı  törətdikləri  vəhşiliklər  barədə  müttəfiq  dövlətlərin  birləşmiş 

qüvvələrinin komandanı general V.Tomsona məlumat vermişdi. Novo-Bəyazid qəzasının 26 azərbaycanlı 

kəndinin sakinlərinin 1919-cu il martın 29-da keçirdikləri icma yığıncağında Azərbaycan hökumətinə və 

xalqına  qəbul  olunmuş  müraciətdə  qeyd  edilirdi:  “Ararat  Respublikasının  qoşunları,  erməni  şovinist  və 

quldur  dəstələri  tərəfindən  dəfələrlə  dinc  müsəlman  kəndlərinə  hücumlar  edilərək  kəndlər  dağıdılır, 

sakinlərin başlarına görünməmiş müsibətlər açılır və qeyri-insani hərəkətlərlə təhqir edilirlər. 270-dən çox 




müsəlman kəndi dağıdılmışdır ki, bundan başlıca məqsəd İrəvan quberniyasında qalan müsəlman əhalini 

sıxışdırıb tamamilə qovmaqdan ibarətdir. 

Azərbaycan  xarici  işlər  nazirinin  müavini  A.Ziyadxanovun  17  iyun  1919-cu  ildə  Nəsib  bəy 

Usubbəyova  göndərdiyi  məlumatda  bildirilirdi  ki,  türk  qoşunlarının  təxliyyəsindən  sonra  əhalisinin, 

demək  olar  ki,  hamısının  müsəlmanlardan  ibarət  olan  İrəvan  quberniyasının  bir  hissəsində  Araz 

Respublikası  (Araz-Türk  Respublikası)  və  onun  müvəqqəti  hökuməti  yaradılmışdır.  Müvəqqəti 

hökumətin  qurulmasında  məqsəd  Ermənistanın  iddia  etdiyi  həmin  əraziyə  erməni  qoşunlarını 

buraxmamaqdan  və  ilk  imkanda  öz  üzvi  orqanizmi  ilə  -  Azərbaycanla  yenidən  birləşməkdən  ibarətdi. 

İyunun  21-də  Azərbaycanın  Ermənistandakı  diplomatik  nümayəndəsi  Məhəmməd  xan  Təkinski  xarici 

işlər  naziri  Məmməd  Yusif  Cəfərova  göndərdiyi  şifrəli  teleqramda  bildirirdi  ki,  Naxçıvan,  Şərur, 

Vedibasar,  Şahtaxtı  rayonları  erməni  qoşunları  tərəfindən  tutulmuşdur  və  artıq  orada  erməni 

administrasiyası yaradılmışdır. 

“Azərbaycan” qəzeti (rusca) 19 iyul tarixli sayında yazırdı ki, 1919-cu ilin yay ayları ərzində erməni 

quldur birləşmələri 300 azərbaycanlı kəndini yandırmışlar. On minlərlə adam - kişilər, qadınlar və uşaqlar 

həlak edilmişdir. 

Azərbaycan  parlamenti  17  iyul  1919-cu  il  tarixli  iclasında  Zəngəzur  qəzasında  və  İrəvan 

quberniyasında  qaçqınların  vəziyyəti  ilə  bağlı  məsələni  müzakirə  edib.  Bağır  bəy  Rzayev  çıxış  edərək 

bildirib  ki, bir  il  əvvəl  İrəvanda  22  min  müsəlman  yaşayırdı  və  əlavə  edib  ki,  şəhərə  tək-tək  qayıdanlar 

evlərini  və  əşyalarını  dağıdılmış  görürlər.  Qarabəy  Qarabəyov  deyib  ki,  müsəlman  kəndlərindən 

müsəlmanları  çıxarıblar,  qəbiristanlıqların  daşlarını  belə  çıxarıb  dağıtmışlar,  məscidlərin  qapısını, 

pəncərəsini  aparıblar,  damını  uçurub  orada  rəzalətlər  törədirlər.  Sultan  Məcid  Qənizadə  isə  Ermənistan 

hökumətinin  əsl  simasını  açaraq  deyib:  “Orada  qardaşlarımızı  kəsirlər,  öldürürlər.  Məqsədləri  odur  ki, 

müsəlmanlardan bir dənə qalmasın. Ata-baba yerlərindən tərk olsunlar”. 

Avqustun  əvvəlindən  etibarən  İqdır  və  Eçmiədzin  qəzalarının  müsəlman  kəndlərində  qırğınlar 

başlanmışdı. Həmin bölgələrdə ermənilər 60 kəndi darmadağın etmişdilər. 

Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.Təkinski 1 avqust 1919-cu ildə xarici işlər 

naziri M.Y.Cəfərova göndərdiyi teleqramda qeyd edirdi ki, erməni qoşunları iyulun 4-də Böyük Vediyə 

çatmışlar və danışıqlar zamanı ilk atəş ermənilər tərəfindən açılmış, Böyük Vedidən olan nümayəndələr 

Zeynalabdin Şıxəli oğlu və Nəsrulla bəy Bəşir bəy oğlu öldürülmüşlər. Bundan sonra böyük vedililər də 

atəş  açmış,  atışma  axşamadək  davam  etmişdir.  Axşamüstü  ermənilər  Böyük  Vedi  müsəlmanlarının 

hücumuna tab gətirməyərək döyüş meydanında pulemyotlar, mərmilər buraxaraq geri çəkilmişlər. Daha 

sonra M.Təkinski qeyd edir ki, böyük vedililər İrəvan quberniyasında 300-dən artıq müsəlman kəndinin 

ermənilər tərəfindən dağıdılmasını və on minlərlə kişilərin, qadınların və uşaqların öldürüldüklərini görüb 

mübarizə aparırlar.  

Ermənistan  ordusunun  İrəvan  quberniyasının  azərbaycanlılar  yaşayan  bölgələrində  silah  gücünə 

həyata  keçirdiyi  etnik  təmizləmə  siyasətinə  qarşı  aparılan  bütün  diplomatik  yazışmalar  heç  bir  nəticə 

verməmişdi.  Azərbaycanın  xarici  işlər  naziri  M.Y.Cəfərovun  Ermənistandakı  həmkarına  22  sentyabr 

1919-cu  ildə  göndərdiyi  notada  1918-ci  ilin  yanvarından  etibarən  ermənilərin  İrəvan  quberniyası 

ərazisində törətdikləri vəhşiliklər xronoloji ardıcıllıqla öz əksini tapmışdır. Notada qeyd edilirdi ki, 1918-

ci  ilin  dekabrında  İrəvan  quberniyasından  türklərin  çəkilməsindən  sonra  Sasun  polku  İrəvan  qəzasının 

Qaraxaç  (Qaraarxac)  və  Vediçay  kənd  icmalarının  müsəlmanlarını  tərksilah  etmiş,  Qədili,  Şahablı, 

Qaraxaç, Dəhnəz, Qarabağlar, Ağasıbəyli və s. kəndlərini darmadağın etmiş, demək olar ki, adları çəkilən 

kəndlərin  sakinlərinin  hamısını  öldürmüşlər.  Eyni  aqibətlə  Milli  Dərəsi  rayonunun  bəzi  kəndləri  də 

üzləşmişlər.  Daha  sonra  notada  qeyd  edilirdi  ki,  təqribən  həmin  vaxt  erməni  ordusu  Novo-Bəyazid 

qəzasının  Basarkeçər  rayonunun  kəndlərini  mühasirəyə  almış,  Qızılvəng,  Subatan,  Zağalı  kəndlərinin 

əhalisini qırmışdır... Şahab kəndində uşaqları təndirə atıb yandırmışlar. 

Himayədarlıq Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinskinin 11 noyabr 1919-cu il 

tarixli  məruzəsində  Ermənistan  hökumətinin  əsl  siması  açılırdı:  “1918-ci  ilin  fevralından  davam  edən 

qırğınlar  nəticəsində  yarım  milyon  əhali  dilənçi  vəziyyətinə  düşüb  (Naxçıvan  qəzasından,  Şərur 

məntəqəsindən,  Sürməli  məntəqəsinin  2-3-cü  polis  sahələrindən  və  Zəngibasar  rayonundan  başqa). 

Həmin  ərazilərdə  müsəlman  əhali  hər  şeyini  itirib.  Dağıntıya  məruz  qoyulan  rayonlarda  əhali  200  min 

nəfərdən  artıqdır.  Onlar  xəstəlikdən  və  aclıqdan  məhv  olurlar,  dəfələrlə  talanlara  və  qırğınlara  məruz 

qalıblar. Bu kateqoriyaya İrəvan şəhərinin müsəlmanları, Zəngibasarın Göykümbət, Arbat, Ağcaqışlaq və 

Çarbax  kəndləri  aiddir.  Qəti  demək  olar  ki,  ölənlərin  sayı  100-120  min  nəfərdir.  50  min  nəfər 

Azərbaycana qaçqın kimi gəlib. Təqribən bir o qədər İrəvanda, Zəngibasar rayonunda, Sürməli qəzasının 

2  məntəqəsində  və  Eçmiədzində  yaşayırlar.  Qalan  qaçqınlar  Naxçıvan  qəzasına,  Şərur  məntəqəsinə, 




Sürməli  qəzasının  3-cü  sahəsinə  və  Qars  vilayətinin  Qağızman  dairəsinə  sığınıblar.  Bəziləri  Maku 

xanlığına və Türkiyə ərazisinə köçüblər... İrəvan şəhərində aclıq keçirən əhalinin sayı 8 min nəfərdir”. 

1919-cu  il  dekabrın  16-da  Ermənistan  Nazirlər  Soveti  Zəngibasara  hücum  məsələsini  müzakirə  edir. 

Dekabrın  21-də  Ermənistan  ordusu  Zəngibasar  rayonunun  müsəlmanlarına  qarşı  hərbi  əməliyyatlara 

başlayır. İrəvan quberniyasının Zəngibasar rayonunun müsəlmanlarının müvəkkillərinin 3 yanvar 1920-ci 

ildə  Azərbaycanın  Gürcüstandakı  diplomatik  nümayəndəliyinə  göndərdikləri  məktubda  müttəfiq 

dövlətlərin  ali  komissarı  ilə  görüşə  bilmədiklərindən,  onların  Zəngibasar  müsəlmanlarının  vəziyyətinə 

dair  məruzələrini  ali  komissara  çatdırmağı  xahiş  edirdilər.  Onlar  hər  bir  gecikilən  saatın  minlərlə 

müsəlman ailəsinin məhvinin demək olduğunu öz müraciətlərində ifadə edirdilər. 

Azərbaycanın  Ermənistandakı  diplomatik  nümayəndəliyindən  Mir  Mahmud  Mirbabayev  25  yanvar 

1920-ci  ildə  Azərbaycan  XİN-ə  göndərdiyi  məxfi  məktubunda  göstərirdi  ki,  erməni  silahlı  birləşmələri 

Zəngəzuru  müsəlmanlardan  tamamilə  təmizləməklə  Paris  Sülh  Konfransını  fakt  qarşısında  qoymaq 

istəyirlər.  M.M.Mirbabayev  sonra  yazır  ki,  İran  tərəfi  ingilislər  və  ermənilərlə  əlaqəyə  girərək,  böyük 

şirnikləndirici  vədlər  verməklə  naxçıvanlıları  İrana  köçürməyə  təşviq  edir  ki,  Naxçıvan  zəifləsin  və 

ermənilər oraya soxulmaq imkanı qazansınlar. Naxçıvan təşkilatının fəaliyyəti (Milli Şura və yaxud Araz-

Türk hökuməti nəzərdə tutulur) Böyük Vedi və Aralıq rayonlarını əhatə edir, Zəngibasarla əlaqə qurulub. 

Sürməli  və  Eçmiədzində  törədilən  qırğınlardan  sonra  Zəngibasar  əhalisi  silahlanmaq  məcburiyyətində 

qalmış və hərbi təlimlər keçirmək üçün təlimatçılar dəvət etmişdir. M.M.Mirbabayev daha sonra yazır ki, 

Zəngibasarda 12 kənddə tamamilə müsəlmanlar yaşayır və İrəvandan 8-12 verst məsafədə yerləşirlər və 

bir ucu Araz çayına çatır. 

Azərbaycan  parlamenti  5  yanvar  1920-ci  ildə  keçirilən  iclasında  qaçqınların  məsələsini  müzakirə 

etmiş, Ermənistandan 300 min qaçqının gəldiyi qeyd olunmuşdur. 

Azərbaycanın  Ermənistandakı  diplomatik  nümayəndəsi  Əbdürrəhim  bəy  Haqverdiyev  martın  7-də 

Tiflis-İrəvan  qatarında  İrəvana  gedərkən  erməni  quldurları  onu  silahla  hədələyərək  qarət  etmiş,  onun 

diplomatik missiya üçün apardığı 2 milyon Cənubi Qafqaz bonunu və 3,4 milyon Azərbaycan bonunu, 40 

min  manatlıq  şəxsi  vəsaitini  əlindən  alıb  aparmışdılar.  Ə.Haqverdiyev  bu  hadisədən  bir  müddət  sonra 

Ermənistanda  daimi  nümayəndə  vəzifəsindən  istefa  vermişdi.  Martın  16-da  onun  yerinə  Himayədarlıq 

Nazirliyinin Ermənistandakı müvəkkili Teymur bəy Makinski təyin edilmişdi.  

Azərbaycanda  bolşeviklərin  hakimiyyəti  ələ  almasından  sonra  yaranmış  fürsətdən  istifadə  edən 

ermənilər  azərbaycanlı  yaşayış  məntəqələrinə  hərbi  təcavüzü  daha  da  genişləndirmişdilər. T.Makinski  2 

may  1920-ci  ildə  yazdığı  hesabatında  fəaliyyətə  başladığı  gündən  yüzlərlə  soydaşımızın  onun  yanına 

gəlib  ermənilərin  onlara  qarşı  törətdikləri  vəhşiliklərdən  şikayətləndiklərini  qeyd  edir.  O  yazırdı: 

“Ermənilər dinc əhalinin evlərinə hücum edib çox zaman onları öldürür, həbs edir, əmlaklarını müsadirə 

edirlər.  İndiyədək  zorakılığa  görə  kimsə  cəzalandırılmayıb.  Martın  21-də  müsəlman  əhalinin  vəziyyəti 

barədə  Ermənistan  XİN-ə  məlumat  vermişəm.  Bundan  bir  neçə  gün  sonra  Eçmiədzin  qəzasının  Təkiyə, 

Üşü,  Nəzravan  və  digər  kəndlərin  darmadağın  edilməsi  barədə  məlumat  aldım...  Martın  19-da  erməni 

silahlı qüvvələrinin Vedibasara hücumu başlandı. Mən dəfələrlə bu barədə notalar verdim. Lakin nəticəsi 

olmadı.  Əksinə,  yenidən  başladı.  Bütün  bunlar  onu  göstərir  ki,  Ermənistan  hökumətindən  müsəlman 

əhaliyə  qarşı  xoş  münasibət  gözləmək  mümkün  deyil”.  T.Makinski  həmçinin  hesabatında  diplomatik 

nümayəndəliyin əməkdaşlarının qarşılaşdıqları zorakılıqlardan da bəhs edirdi. 

İyunun  15-də  Ermənistan  XİN  Azərbaycanda  bolşevik  hakimiyyətinin  qurulmasını  səbəb  göstərərək 

İrəvandakı diplomatik nümayəndəliyin fəaliyyətinə xitam verildiyini bildirir.  

Ermənistan  ordusunun  Vedibasara  1919-cu  ilin  iyulunda  ikinci  hücumundan  sonra  Abbasqulu  bəy 

Şadlinskinin başçılıq etdiyi “Qırmızı tabor” döyüşə-döyüşə İran sərhədinə çəkilmişdi və sağ qalan əhali 

də İrana keçmişdi. Bununla da ermənilər Vedibasarı tamamilə ələ almışdılar.  

Fransanın  Qafqaz  üzrə  ali  komissarı  Damien  de  Martel  tərəfindən  20  iyul  1920-ci  ildə  Fransanın 

Xarici  İşlər  Nazirliyinə  göndərilən  məktubda  ermənilərin  xalqımıza  qarşı  törətdiyi  cinayətləri  sübuta 

yetirən  faktlar  öz  əksini  tapmışdır.  Hazırda  Fransa  XİN-in  arxivində  saxlanılan  həmin  məktubda  ali 

komissar  Ermənistanın  paytaxtı  İrəvan  ətrafında  yaşayan  qadın  və  uşaqlar  da  daxil  olmaqla,  4.000 

azərbaycanlının  1920-ci  ilin  iyun  ayında  erməni  ordusu  tərəfindən  necə  kütləvi  qırğına  məruz  qaldığı 

göstərilir.  Həmin  sənəddə  erməni  əsgərlər  tərəfindən  qadın  və  uşaqlar  da  daxil  olmaqla  4.000  nəfərin 

Araz çayına tökülərək öldürüldüyü də xüsusi qeyd edilir. 

Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli nümayəndəsinin Ermənistan XİN-ə göndərdiyi 

5  iyul  1920-ci  il  tarixli  teleqramda  bildirilirdi  ki,  Ermənistanın  hərbi  hissələri  Zəngibasarı  darmadağın 

etdikdən  və  bölgəni  müsəlman  kəndlilərindən  təmizlədikdən  sonra  Naxçıvan-Şərur  rayonuna  hücuma 

keçib.  Həmçinin  bildirilirdi  ki,  iyulun  5-də  səhər  saat  4-də  Ermənistan  hərbi  hissələri  Qazax  qəzasına 




irəliləyib.  Azərbaycan  hökuməti  bunu  iyulun  2-də  əldə  edilmiş  razılığın  pozulması  və  Sovet 

Azərbaycanına qarşı açıq hücum kimi qiymətləndirmişdi. 

Ermənilərin  Zəngibasarda  törətdikləri  qırğınlar  Türkiyə  Böyük  Millət  Məclisinin  də  müzakirəsinə 

çıxarılmışdı.  1920-ci  il  avqustun  14-də  Ərzurumdan  olan  millət  vəkillərinin  sorğusuna  cavab  olaraq 

Mustafa  Kamal  Atatürkün  verdiyi  izahatdan  aydın  olur  ki,  onun  Ermənistanda  soydaşlarımıza  qarşı 

törədilən  qırğınlar  haqqında  müfəssəl  məlumatı  olmuşdur.  Atatürk  ermənilərin  hücumuna  qarşı  türk 

ordusunun  bəzi  önləmlər  almaq  məcburiyyətində  qaldığını  söyləyir  və  əlavə  edir  ki,  Bəyazid 

istiqamətindən  gərəkli  qədər  qüvvəni  Zəngibasar  Milli  Şurasının  silahlı  qüvvələri  daxilinə  keçirmişlər. 

Arazın güneyinə çəkilmiş Milli Şura qüvvələri ilə Türkiyədən göndərilən qüvvələrin birləşməsindən sonra 

həm Zəngibasara, həm də Oltuya qarşı hücuma keçən erməni qüvvələri durdurulmuşdur.  

Məhz  türk  ordusunun  hərbi  yardımı  sayəsində  Zəngibasar  Milli  Şurasının  silahlı  dəstələri  bölgə 

əhalisinin bir qismini ermənilərin qırğınlarından xilas edə bilmişdi. 

1916-cı  ildə  İrəvan  quberniyasında  373.582  nəfər  azərbaycanlı  qeydə  alındığı  halda,  1920-ci  ilin 

noyabrında Ermənistan SSR-də cəmisi 12 min nəfər azərbaycanlı qeydə alınmışdı. Ümumiyyətlə, təkcə 

1905-1920-ci  illərdə  indiki  Ermənistan  ərazisində  500-ə  yaxın  azərbaycanlı  kəndlərinin  əhalisi 

soyqırımına  məruz  qoyulmuşdur.  Etnik  təmizləmə  həyata  keçirildikdən  sonra  həmin  kəndlərin 

əksəriyyətində xaricdən gələn ermənilər məskunlaşdırılmışdı.  

1918-1920-ci illərdə indiki Ermənistan ərazisində azəbaycanlıların yaşadıqları 130 kənd erməni silahlı 



dəstələri tərəfindən dağıdıldıqdan sonra həmişəlik olaraq xarabalığa çevrilmişdir. 

 

: docs -> qazet
qazet -> Azərbaycan. 012. yanvar.№ S tolerantlıq Azərbaycan xalqının bəşər sivilizasiyasına töhfəsidir
qazet -> “Xalq qəzeti”. 013. 22 dekabr; 16 yanvar. N 283 S. Modernləşmə və ictimai şüur
qazet -> “Respublika”. 2014. 16 yanvar. N s ədəbiyyatşünaslıq elm məbədi
qazet -> •œAzÉŽrbaycanâ•š
qazet -> Bəşəriyyətə, insanlığa qarşı törədilən cinayət Müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar
qazet -> Milli mənlik şüuru: Vətənpərvərlik hisslərinin tərbiyəsi Heydər Əliyev: “Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir, lakin
qazet -> “Azərbaycan”. 013. yanvar. N s görkəmli dövlət xadimi, böyük alim və ziyalı
qazet -> Xalq Cəbhəsi. 011. yanvar.№ S. 10-11. Dini tolerantlıq dərsi… Bəhmən Faziloğlu
qazet -> •œAzÉŽrbaycanâ•š


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə