Göründüyü kimi, Siz adı çəkilən icarə müqaviləsində
göstərilmiş ata adının Sizə məxsus olması faktının müəyyən
edilməsi
haqqında ərizə ilə yaşadığınız (qeydiyyatda
olduğunuz) yerin məhkəməsinə müraciət etməlisiniz.
Sual 2. Mən rayon məhkəməsinin qətnaməsindən
apellyasiya şikayəti vermək istəyirəm. Bilmək istərdim ki,
narazı qaldığım məhkəmə qətnaməsinin surətindən başqa
hansı yeni sənədləri həmin şikayətə əlavə etmək lazımdır?
Cavab: Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 361.1-ci maddəsinə görə apellyasiya şikayətində
aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı
və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri,
yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti;
barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi,
nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; şikayəti
verən şəxsin tələbi və işin materiallarına istinad etməklə
ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; şikayətə
əlavə edilən sənədlərin siyahısı.
Göründüyü kimi, Siz Mülki Prosessual Məcəllənin 361.1-
ci maddəsində nəzərdə tutulmuş məlumatları apellyasiya
şikayətində göstərməlisiniz. Bundan başqa, apellyasiya şikayəti
tərəfinizdən (nümayəndəniz tərəfindən də imzalana bilər)
imzalanmalı və ona dövlət rüsumunun ödənilməsini təsdiq edən
sənəd əlavə edilməlidir. Birinci instansiya məhkəməsinin
qətnaməsinin surətini apellyasiya şikayətinə əlavə etməyinizə
ehtiyac yoxdur, çünki birinci instansiya məhkəməsi tərəfinizdən
verilmiş apellyasiya şikayətinin bu Məcəllənin 361-ci
maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb həmin şikayəti
ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya
instansiyası məhkəməsinə göndərəcəkdir.
Siz birinci instansiya məhkəməsində təqdim edilməyən
yeni sübutlara o halda istinad edə bilərsiniz ki, apellyasiya
şikayətində həmin sübutların birinci instansiya məhkəməsinə
təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırasınız
(Mülki Prosessual Məcəllənin 361.4-cü və 371-ci maddələrinin
tələbinə əsasən).
Sual 3. İddiaçının ərizəsi ilə mənə məxsus mənzilin
üzərinə həbs qoyulmuşdur. İddiaçının iddia tələbi təmin
edilməmişdir. Mən mənzilimin üzərinə qoyulmuş həbsi necə
götürə bilərəm?
Cavab: Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 162.1-ci maddəsinə görə iddianın təmin edilməsi
məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin
məhkəmənin özü tərəfindən ləğv oluna bilər.
Mülki Prosessual Məcəllənin 162.3-cü maddəsinə görə
iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin
etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər
saxlanılır. Lakin məhkəmə qətnamə ilə eyni zamanda və ya
qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv
etmək haqqında qərardad çıxara bilər.
Göründüyü kimi, Siz iddianın təmin olunmasını ləğv
etmək haqqında ərizə ilə mənzilinizin üzərinə həbs qoyulması
barədə qərardad qəbul etmiş məhkəməyə müraciət edə
bilərsiniz.
Sual 4. Mən tərəf olduğum məhkəmə iclası zalında
proses iştirakçılarından başqa kənar şəxslərin olmamasını
istəyirəm. Bu baxımdan bilmək istərdim, məhkəmə iclasının
qapalı keçirilməsi mümkündürmü?
Cavab: Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 10.1-ci maddəsinə müvafiq olaraq məhkəmələrdə
işlərə aşkarlıq prinsipi əsasında baxılır.
Lakin Siz Mülki Prosessual Məcəllənin 10.4-cü maddəsini
rəhbər tutmaqla məhkəmə baxışını qapalı keçirməyi tələb edə
bilərsiniz. Həmin maddəyə əsasən məhkəmə baxışında iştirak
edən şəxs övladlığa götürmə, vərəsəlik, kommersiya, ixtira və
ya vergi sirrinin, eləcə də qanunla qorunan digər sirlərlə yanaşı,
həmçinin şəxsi və ailə həyatının intim məsələlərinin qorunması
məqsədilə məhkəmə baxışını qapalı keçirməyi tələb edə bilər.
Məhkəmə Sizin xahişinizi əsaslı hesab edərsə, onda işə
qapalı məhkəmə iclasında baxılması barədə qərardad qəbul
edəcəkdir.
Sual 5. Məhkəmə iclasının protokolu iş üzrə sübut kimi
qəbul edilə bilərmi?
Cavab: Məhkəmə iclasının protokolu özü-özlüyündə
ayrıca sübut növü kimi çıxış etmir, lakin həmin protokolda öz
əksini tapmış şahid ifadələri, tərəf və üçüncü şəxslərin izahatları
sübut kimi qəbul edilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını
əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti
olan başqa halların mövcud olduğunu və ya olmadığını
məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda
müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar
hesab olunur.
Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə görə bu
məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə,
yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin
ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən
edilir.
Sual 6. Mağazadan aldığım mal qüsurlu olduğundan
təyinatı üzrə istifadə edə bilmirəm. Dəfələrlə satıcıya müraciət
etsəm də, bunun heç bir nəticəsi olmamışdır. Buna görə də
məhkəmədə iddia qaldırmaq niyyətindəyəm. Bilmək istərdim,
hansı məhkəməyə müraciət etməli və nə qədər dövlət rüsumu
ödəməliyəm?
Cavab: Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 36.9-cu maddəsinə görə istehlakçının hüququnun
müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə,
yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə
verilə bilər.
Göründüyü kimi, Siz seçiminizdən asılı olaraq ya
yaşadığınız yerin məhkəməsinə, ya da malı aldığınız mağazanın
yerləşdiyi (bu halda müqavilənin bağlandığı və icra edildiyi yer
mağaza olduğu üçün) yerin məhkəməsinə müraciət edə
bilərsiniz.
Dostları ilə paylaş: |