978
Bu vəhşətli xəbərləri Buxarada eşidən Pirməhəmməd xan
tərəfdarları narahat olub öz əskər və təbəələrini toplayaraq xanı
cəzalandırmaq fikrinə düşdülər, Bəlxə-Əbdüləmin xanın və oranın
əmirlərinin yanına adam yollayıb, onları Baqi xanın hücumundan
xəbərdar edərək, kömək istədilər. Bəlxin atalıqları və ağsaqqalları
Baqi xanın işğal və iqtidarı nəticəsində öz dövlətlərinin əldən
gedəcəyini bildiklərindən və əvvəllər onun padşahlığından agah
olduqlarından, [bir-birləri ilə] məsləhət və kənqaş etdikdən sonra
Pirməhəmməd xana kömək etmək qərarına gəldilər, o vilayətin ali
dərəcəli seyidlərindən olan Şah Xacə Nəqibin sərkərdəliyi və başqa
etibarlı sərdarların köməyi ilə on min nəfərə yaxın süvari və piyada
topladılar və onları [irəliyə] rəvan etdilər. Pirməhəmməd xan, sayları
qırx min, bəlkə də, ondan da çox əskər topladıqdan sonra tam
hamiliklə (eztezhar) Səmərqənd üzərinə ləşkər çəkdi. O, həmin
şəhərə yaxınlaşan vaxt Baqi xan yenə əvvəlki kimi üzrxahlıq və
alçaqlıq məqamına gəldi, hiyləgərlik və yaltaqlıqla bu hadisənin
qarşısını almaq istədisə də, faydası olmadı. Pirməhəmməd xan və
dövlət başçıları Baqi xanın öz sözü üstündə durmadığını
bildiklərindən, onun əhd və şərtinə etibar etmədilər və xanı
cəzalandırmaq fikrindən daşınmadılar. Sülhün baş tutmamasından
məyus olan Baqi xan özündə səhra cəngi* etməkdən ötrü qüvvət və
qüdrət görmədi, çarəsiz qalaraq qaladarlıq etmək, bürc və barıları
möhkəmləndirmək üçün hərb ləvazimatı hazırlamağa başladı. Bəlx
və Buxara əskərləri Səmərqəndin ətrafına gəlib çatdılar, qalanın hər
tərəfini mühasirəyə aldılar və hərb hazırlığı gördülər. Bəlx əskərləri
Pirməhəmməd xana kömək etməkdən ötrü gəldiklərinə baxmayaraq,
amma onların əmirləri Buxara əmirlərindən qorxduqlarından,
ləşkərə qoşulmadılar, əlahiddə bir yerdə toplaşdılar. Səmərqənd
camaatı darvazadan çıxaraq, arxalarını qalaya çevirib hərb alətlərinə
əl atdı və o gün tərəflər arasında böyük döyüşlər baş verdi. Ertəsi
gün Baqi xan böyük bir qoşun dəstəsini "Dərbe-Boxara" ("Buxara
qapısı" - Ş.F.) adlanan darvazadan çölə göndərdi və onlar Bəlx
ləşkərinin müqabilində döyüş səfi bəzədilər, cəsurluqla savaşdılar.
Pirməhəmməd xan da öz ordu səfini döyüşə hazırladı və onun
əskərləri səmərqəndliləri dəf etməkdən ötrü Buxara darvazası
tərəfinə getdilər. O gün, Abdulla xanın böyük mirlərindən olan
Dostum Ərğun haramnəməklik edərək Pirməhəmməd xandan üz
döndərdi, Baqi xana birləşdi, belə hərəkəti ilə Baqi xanın qüvvəsini
artırdı və onun adamları hərbdə öz səbat ayaqlarını möhkəm ataraq
979
qələbə əldə etdilər, igidlik və mərdanəlik göstərdilər. Buxara və
bütün Bəlx ləşkəri biri-digərinin köməyinə bel bağlayıb savaşmağa
başladı. Get-gedə o ləşkər əskərlərinin əksəriyyəti düşmənləri
qırmaqdan ötrü Pirməhəmməd xanın qol cinahından döyüşə
qoşuldu, ehtiyatkarlıqdan qafil oldular.
Bu əsnada Baqi xan yanındakı bütün əskərlərlə birlikdə
əmisi Rəhmanqulu Sultanı çərxçi təyin etdi, özü isə bir qolda min,
ikinci qolda isə beş yüz nəfər fədaisi olan döyüşçülərlə şimal
darvazasından
çıxaraq
gözqamaşdıran
(lame)
işiq
kimi
Pirməhəmməd xanın qoluna tərəf yollandı. Dostum Ərğunun fərar
etməsindən sonra Pirməhəmməd xanın ləşkərinə bərk qorxu üz
vermişdi. Rəhmanqulu Sultanın etdiyi ilk həmlə nəticəsində qol
ləşkəri bir-birinə dəydi, müdafiə fürsəti tapmadı, məğlub olub
dağılışdı. [Bu vaxt], Pirməhəmməd xanın döyüşçüsü olan məchul bir
adam gələrək, xanı tanımadan bərk yaraladı, tanıdıqdan sonra onu
Baqi xanın yanına apardı və elə həmin ləhzə də xan qətl olundu.
Pirməhəmməd xanın öldürülməsi və qol döyüşçülərinin fərar
etmələri xəbəri döyüş meydanına çatdıqda bütün döyüşçülər pərt
olaraq, yanlarında olan mal və başqa şeylərdən əl çəkib məğlubiyyət
yoluna üz tutdular.
Bəlx camaatı Buxara ləşkərindən ayrıldı, onlara bir o qədər
də xəsarət dəymədi, meydandan çıxıb Qərşiyə gəldilər,
Pirməhəmməd xanın azyaşlı oğlu olan və Qərşidə yaşayan
Məhəmməd Səlim Sultanı özləri ilə götürüb Bəlxə gətirdilər. Baqi
xan isə zəfər və qalibiyyətlə ağır qoşunla yubanmadan Buxaraya
tərəf üz tutdu. Meydandan qaçmaqla canlarını qurtaran bəzi Buxara
əmirləri, xüsusən o tayfanın mötəbər adamlarından olan Xudaynəzər
bəy Buxaraya gəlib çatdı. Onların padşahları olmadığından və
qaladarlıq etməkdə özlərində qüvvə görmədiklərindən, elə həmin
gecə özləri ilə heç nə götürmədən şəhərdən çıxdılar. Xudaynəzər
bəy Çəharcu keçidindən keçərək Mərvə - Nurməhəmməd xanın
yanına gəldi. Baqi xan isə üçüncü gün Buxara darüssəltənəsinə gəlib
çatdı, şəhərin əyan-əşrafı onun istiqbalına tələsib kurneş və təbrik
rəsminə əməl etdilər. Xanın özü isə əzəmət və kamranlıqla Buxara
şəhərinə qədəm basaraq, Abdulla xanın cahangirlik taxtında cülus
etdi, özbək tayfaları ayaqlarını onun tabeçilik dairəsinə atdılar. Baqi
xan Pirməhəmməd xanın ələ keçən və özünə xilaf olan adamlarının
hamısını, o cümlədən Kukəltaşı və qardaşını, Çöhrə ağası olan
Dustu və başqalarını qətlə yetirsə də, başqa adamlarla barışıq yolu